Məhkəmə qərarları › İş №1(100)-396/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-396/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-396/2024 23.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 və kiçik ədliyyə müşaviri X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Yuxarı Yaycı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, təhsilsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Yuxarı Yaycı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi tərəfindən aparılmış ibtidai istintaq başa çatdıqdan və ittiham aktı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Sözügedən cinayət işi xx.xx.2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Dövlət ittihamçısı X7 məhkəmənin hazırlıq iclasında şifahi vəsatət verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyətinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olmadığını, Azərbaycan Respublikası CPM-in 74-cü maddəsinə əsasən cinayət işinin aidiyyəti üzrə cinayətin törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə göndərilməsini, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin aidiyyəti üzrə ağır cinayətlər məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Vəsatət onunla əsalandırılmışdır ki, iş materiallarında olan sənədlərə əasən təqsirləndirilən şəxs Əliyeva X4 Muxtar Respublikasının Şərur rayonu, Yuxarı Yaycı kəndində qeydiyyatda olmaqla yaşamış, bundan başqa da Təqsirləndirilən şəxs verilmiş sonuncu epizod üzrə ittihama görə o, insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törətmişdir. Belə olan halda məhkəmə aidiyyəti ilə bağlı məsələ, yəni cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.3-cü və ya 74.1-ci maddəsinə əsasən hansı birinci instansiya məhkəməsində baxılması cinayət-prosessual qanunvericiliyin tələbinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək və cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmadığı üçün dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməli və bu cinayət işinə cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən birinci epizod üzrə Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, 2018-ci ilin dekabr ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində olan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının Tokat vilayətindən mobil telefon vasitəsilə əlaqə saxlayıb zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 2018-ci ilin dekabr ayının ortalarında Türkiyə Respublikasının Tokat vilayətinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 2018-ci ilin dekabr ayının ortalarından 2019-cu il yanvar ayının sonlarınadək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Göründüyü kimi, birinci epizod üzrə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini tam olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi üçün onun əməli Azərbaycan Respublikasının CPM-in 74.3-cü maddəsində göstərilən xaricdə törədilməsi ehtimal olunan cinayətlərin anlayışına daxildir. Azərbaycan Respublikasının CPM-in 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Bununla belə, Təqsirləndirilən şəxs sonuncu, yəni Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə verilmiş ittihamdan görünür ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs2 ilə Türkiyə Respublikasının Tokat vilayətindən mobil telefon vasitəsilə əlaqə saxlayıb ona həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edərək aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün sonuncunu cəlb etmiş, Zərərçəkmiş şəxs2 da razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək sonuncunu 12 dekabr 2020-ci il tarixdə saat 07:22-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçirməklə Türkiyə Respublikasının Tokat vilayətinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 28 dekabr 2020-ci il tarixdən 07 mart 2021-ci tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Göründüyü kimi, ikinci epizod üzrə Əliyeva X6 Respublikasının Tokat vilayətində olan zaman həmin vaxtı Azərbaycan Respublikasında olan zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsi ilə əlaqə quraraq aldatmanın məzmununu təşkil edən ifadələri sonuncuya çatdırmış və nəticədə razılığını almışdır. Azərbaycan Respublikası CM-in 144-1.1-ci maddəsinin dispozisiyasında (əsas tərkib) təsbit edilmiş “şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi”ndə ifadə olunan insan alveri cinayəti formal tərkibli cinayət olmaqla zərərçəkmiş şəxs cəlb edildiyi andan başa çatmış hesab edilir. Bu cinayətdən zərər çəkən şəxsin bilavasitə istismar edilməsi isə (istismarın nədə ifadə olunmasından asılı olmayaraq) CM-in 144-1.1-ci maddəsində göstərilən cinayətin obyektiv cəhətində daxil deyil (başa çatmış cinayətin tərkibinin yaranması şəxsin faktiki istismar edilməsi ilə şərtləndirilmir). CM-in 144-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin həmin Məcəllənin 144- 1.2.4-1-ci maddəsində göstərilən “insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə” kimi cinayətin obyektiv cəhətinə aid olub cinayəti ağırlaşdıran əlamətlə törədilməsi (nə qədər ki, ittiham aktında bu əlamət CM-in 144-1.1-ci maddəsində alternativ cinayət tərkibləri kimi təsbit edilmiş cinayətlərdən birinə - Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan “şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi” əməlinə şamil edilmişdir) onu tələb edir ki, “şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi” cinayətinin başa çatma anının və yerinin müəyyən edilməsi zamanı həm də bu əlamətin nə vaxt və harada baş verdiyi də nəzərə alınsın. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Cümşüd qızının telefon vasitəsi ilə aldatma məzmunlu müraciəti Yevlax şəhərində olan Zərərçəkmiş şəxs2 çatdırıldıqda, bunun təsiri ilə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə razılaşmış, həmin anda onun istismar edilməsi məqsədi ilə cəlb edilməsi cinayəti (Təqsirləndirilən şəxs əməlinə şamil edilmiş CM-in 144-1.2.4-1-ci maddəsində göstərilən əlamət nəzərə alınmadıqda) müvafiq olaraq Yevlax şəhərində başa çatmışdır. Lakin CM-in 144-1.2.4-1-ci maddəsində göstərilən “insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə” əlamətinin meydana gəldiyi vaxt nəzərə alındıqda zərərçəkmiş şəxsə qarşı törədilmiş “şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi” cinayətinin başa çatma anı kimi onun Azərbaycan Respublikasının dövlət sərhədindən Türkiyə Respublikasına keçirildiyi an götürülməlidir. Zərərçəkmiş isə ittiham aktına əsasən məhz Bakı Beynəlxalq Hava Limanından Azərbaycan Respublikasının dövlət sərhədini keçib Türkiyə Respublikasına getmişdir. Bu isə o deməkdir ki, digər əlamətlərlə yanaşı, CM-in 144-1.2.4-1-ci maddəsində göstərilən əlamətlə müşayiət edilən “zərərçəkmiş şəxslərin istismar edilməsi məqsədi ilə cəlb edilməsi” cinayəti Bakı şəhəri ərazisində başa çatmışdır. Ehtimal olunan həmin cinayətin Azərbaycan Respublikasının ərazisində törədilməsi artıq Təqsirləndirilən şəxs Cümşüd qızına istinad edilən CM-in 144-3.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər cinayətin xaricdə törədilməsinə və yaxud CM-in 144-1-ci maddəsinin obyektiv cəhətinə daxil olmayan cinsi istismarın xaricdə baş verməsinə görə ərazi aidiyyəti məsələsinin CPM-in 74.3-cü maddəsinə müvafiq surətdə həll olunmasını istisna edir. Çünki CPM-in 74.3-cü maddəsində nəzərdə tutulmuş qayda şəxs yalnız xaricdə törədilən əməllərə görə ittiham olunduqda, yəni onun təqsirləndirildiyi əməllər sırasında Azərbaycan Respublikasının ərazisində törədilmiş əməl olmadıqda tətbiq olunur. Odur ki, ərazi üzrə məhkəmə aidiyyəti məsələsi qeyd olunan hallar (o cümlədən CM-in 144-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin Bakı şəhəri ərazisində başa çatması) nəzərə alınmaqla, yəni cinayətlərin törədildiyi yerə görə CPM-in 74.1-ci maddəsinə əsasən həll olunmalı və Təqsirləndirilən şəxs Cümşüd qızının Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, alternativ əlamətli cinayət tərkiblərinə gəldikdə isə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsində belə obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır. “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Bakı Beynəlxalq Hava Limanının yerləşdiyi Bakı şəhəri Xəzər rayonu Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə uyğun olaraq, cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, ittiham olunduğu Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini Bakı şəhəri Xəzər rayonu ərazisində törətdiyi üçün onun barəsində olan cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.1-ci maddəsinə əsasən cinayətin törədildiyi yerin, yəni Bakı şəhəri Xəzər rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulduğu vaxtdan hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, X8 həmin tarixdə saat 10:00-da Türkiyə Respublikasından Azərbaycan Respublikasına daxil olarkən X9 Aeroportunda saxlanılaraq istintaq orqanına təhvil verilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair qərarla tanış olmuşdur. X12 Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel 2008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və 299.3.5-ci maddələrinə, X12 Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb iş üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 12 may 2024-cü il tarixdə bitdiyini, məhkəmənin bugünki hazırlıq iclasında cinayət işinin baxılması üçün cinayətin törədildiyi yerin, Bakı şəhəri Xəzər rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi nəticəsinə gəlindiyini, bu səbəbdən gələcəkdə qeyd edilən ağır cinayətlər məhkəməsində hazırlıq iclasının keçirilməli olduğunu, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin ictimai təhlükəliliyini, xarakterini və törədilmə şəraitini, ağır cinayətlər kateqoriyasına aid olmasını, azadlıqda qalarsa, cinayət prosesini həyata keçirən orqandan gizlənməsi barədə Azərbaycan Respublikası CPM-in 155.1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkəti etməsinə dair ehtimalın kifayət qədər əsaslı və real olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 74, 75, 77, 155 və 299cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı dövlət ittihamçısı X2 vəsatəti əsaslı olduğundan təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası CPM-in 74.1-ci maddəsinə əsasən cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti məlumat üçün cinayət prosesinin tərəflərinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar