Məhkəmə qərarları › İş №1(100)-397/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-397/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-397/2025 08.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu, Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri; Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Xəzər Konsaltinq Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli olmaqla himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində tanışı, Gürcüstan vətəndaşı Mustafaev Mushvik (Müşfiq Mustafayev) və qabaqcadan əlbir olan bir qrup qeyri şəxslə xeyli miqdarda xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının gömrük sərhədindən və nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyətə uyğun olaraq cinayətkar qrupun üzvü qeyri şəxsin tapşırığı ilə 710 ədəd 5000-lik, 100 ədəd 2000-lik, 198 ədəd 1000-lik, 92 ədəd 500-lük, 8 ədəd 200-lük, 37 ədəd 100-lük və 14 ədəd 50-lik əskinaslarda ******* (dörd milyon) Rusiya rublu məbləğində xarici valyuta vəsaitləri məlum olan şəxs tərəfindən 4 şəffaf bağlamada qablaşdırılaraq 20 oktyabr 2024-cü ildə saat 18:00 radələrində Qazax rayonu ərazisində ona təhvil verilmiş, o isə əvvəlcədən planlaşdırdıqları kimi xeyli miqdarda – 70400 Azərbaycan manatı ekvivalentində olan həmin pul vəsaitlərini Azərbaycan Respublikasından Gürcüstana aparıb qeyri şəxsə çatdırmaqdan ötrü malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “DAF” markalı, 35BK575/35ZB622 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda yataq yerinin solundakı kabina divarının örtüyünün arxasındakı boşluqda gizlədərək 22 oktyabr 2024-cü il tarixdə saat 02:00 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş əməliyyat məlumatı əsasında gömrük postunda nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı qeyd olunan valyuta vəsaitləri gizlədildikləri yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hadisə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına keçən zaman baş vermişdir. X3 Gürcüstan Respublikasında olan evinin satılmasını bildirmişdir. Yollar bağlı olduğundan, Müşfiq ona “onu versinlər gətir, burada ev alaq” demişdir. O həmin pulları götürdükdən sonra gizlətmişdir. O pulu götürən zaman onlar 5 avtomobil olmuşlar, lakin ona söz vermiş digər sürücülər sərhədə yaxınlaşan zaman, həmin pul vəsaitinin keçirilməsindən imtina etmişlər. O həmin pulu hissə-hissə bölərək keçirtmək istəmişdir. Müşfiq Mustafayev gömrüyü keçən kimi pulları ondan götürəcəkdi. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, «….. Evdə olan zaman, təxminən 2024-cü ilin oktyabr ayının 19-20-si saat 18:00 radələrində Gürcüstan vətəndaşı Mustafaev Mushvik adlı tanışı ona ***-***-**-** mobil telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsilə zəng etmiş və Azərbaycanda ona məxsus pul vəsaitlərini Gürcüstana aparmağı ondan xahiş etmiş və pulun 4 milyon Rusiya Rublu məbləğində olduğunu və həmin pul vəsaitlərini Gürcüstana apara bilib-bilməyəcəyini soruşmuşdur.O da Müşfiqə Yevlax şəhərindən eyni vaxtda 5 maşının yük götürdüyünü və ondan başqa 4 maşının olduğunu bildirib, pulu hissələrə bölərək digər sürücülərə də verəcəyini və açıq şəkildə bir problem olmadan gömrük postundan keçirəcəyini demişdir. O da bunun yaxşı fikir olduğunu bildirmişdir. Bundan sonra Mustafaev Mushvik ondan harada olduğunu soruşmuş və o da Qazax rayonunun 1-ci Şıxlı kəndində yerləşən evində olduğunu bildirmişdir. Müşfiq də ona həmin pul vəsaitlərini gətirib çatdıracaqlarını demişdir. Mushvik ilə danışdıqdan təxminən yarım saat sonra ona tanımadığı +7 925 ***-**-** mobil telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsilə zəng gəlmiş və o, zəngi açan zaman ondan Əmiraslan olub-olmadığını soruşmuş və o da Əmiraslan olduğunu demişdir. Bundan sonra həmin şəxs onda Müşfiqin əmanəti var və onunla harada, nə vaxt görüşə biləcəklərini soruşmuşdur. O da Qazax rayonunun 1-ci Şıxlı kəndində olduğunu və həmin kənddə olan “Lalə” şadlıq sarayının yaxınlığındakı döngədə görüşə biləcəklərini bildirmişdir. Bundan təxminən 2-3 saat sonra həmin şəxs ona yenidən zəng edərək dediyi yerdə olduğunu və onu gözlədiyini bildirmişdir. O, həmin yerə getmiş və orada həmin şəxslə görüşmüşdür. Həmin şəxs oraya ağ rəngli “VAZ 2107” markalı minik nəqliyyat vasitəsilə gəlmişdir. Qaranlıq olduğuna görə, həmçinin o, maşını yolun digər tərəfində saxladığından həmin nəqliyyat vasitəsinin dövlət nömrə nişanını görə bilməmişdir. O maşından düşərək ona yaxınlaşmış və onlar salamlaşdıqdan sonra həmin şəxs “Whatsapp” proqramı vasitəsilə Müşfiqə (Mushvik) videozəng etmiş və onu Müşfiqə göstərərək dediyi şəxsin o, olub-olmadığını dəqiqləşdirmişdir. Müşfiq də ona bildirmişdir ki, o, dediyi adamdır və pulu həmin şəxsə verməsini demişdir. Orada bir daha Mushvik ona problem olmasın deyə pulu açıq şəkildə gətirməsini ,pulu gömrük postundan gizlin keçirəcəyi təqdirdə yoxlama zamanı tutulacağını və pulun müsadirə ediləcəyini bildirmişdir. O, həmin şəxsdən pulu 4 bağlamada götürmüş, pulu ona verən şəxsin deməsinə görə hər bağlamada 1 milyon Rusiya Rublu olmuş, lakin həmin vaxt orada bağlamaları açıb pulu saymamışdır. Heç evə gəldikdən sonra da bağlamaları açıb pulu saymamışdır. Bundan bir gün sonra yükünü apardığı şirkətdən ona zəng gəlmiş və sənədlərin hazır olduğunu və Yevlax şəhərinə gedib maşını götürməyini bildirmişlər. O, Yevlax şəhərinə gedərək maşını və yükü oradan götürüb “Qırmızı Körpü” gömrük postu istiqamətində yola düşmüşdür. Gömrük postuna az qalmış digər 4 maşına çatmışdır. Orada yanacaq doldurma məntəqəsində sürücülərdən 2-sinə demişdir ki, onda bir miqdar pul var və həmin pulu bölüb bir hissəsini sürücülərə verməyi və onlar vasitəsilə gömrük postundan keçirtməyi təklif etmiş, lakin sürücülər onun bu təklifi ilə razılaşmamışdırlar. Bundan sonra gömrük postuna çatmağa az qalmış digər sürücüyə də pulun bir hissəsini keçirtməyi təklif etmiş, lakin həmin sürücü də onun bu təklifi ilə razılaşmamışdır. Beləki, sözügedən pul vəsaitləri 4 bağlamada olmuşdur, 1 bağlamanı özü götürəcəkmiş, qalan 3 bağlamanı da hərəyə 1 ədədini verməklə 3 nəfər sürücüyə verəcəkmiş. Onların heç biri onun bu təklifi ilə razılaşmadığı üçün, həmçinin artiq Müşfiqə (Mushvik) söz verdiyi üçün pulun hamısını özü keçirtmək qərarına gəlmişdir. Buna görə də qeyd olunan pul vəsaitlərinin olduğu 4 ədəd bağlamanı nəqliyyat vasitəsinin kabinasının salonunda yataq yerinin sol tərəfində kabina divarının örtüyünü çıxardaraq arxasındakı boşluqda gizlətmişdir. Düşünürdü ki, Müşfiq gömrüyün çıxışında özü gəlib pulları götürəcəkdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. Postun ixrac gömrük nəzarəti xəttinə daxil olduqdan sonra burada gömrük əməkdaşı ona yaxınlaşaraq üzərində və nəqliyyat vasitəsində olan malları gömrük nəzarətinə bəyan etməyini təklif etmişdir. O da gömrük əməkdaşına hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı ona bildirmişdir ki, nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçiriləcəkdir. Daha sonra nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilmiş və gömrük əməkdaşı ona bildirmişdir ki, şübhəli cizgilər müşahidə olunur, buna görə də nəqliyyat vasitəsinə ətraflı gömrük yoxlaması həyata keçiriləcəkdir. Daha sonra maşınına gömrük əməkdaşı tərəfindən gömrük yoxlaması keçirilmiş və nəqliyyat vasitəsində gizlətdiyi sözügedən pul vəsaitləri gömrük əməkdaşı tərəfindən aşkar edilmiş və həmin bağlamalara baxış keçirən zaman bağlamalarda ümumilikdə 4 milyon Rusiya Rublu məbləğində pul vəsaitləri olduğu müəyyən edilmişdir. Bundan sonra gömrük əməkdaşı tərəfindən müəyyən sənədlər tərtib edilərək götürülmüşdür.Həmin gün təxminən 17 radələrində +7 925 ***-**-** mobil telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsilə zəng gəlmiş və həmin şəxs, yəni sonradan adını öyrəndiyi Samir Rəsulov pulu gömrük postundan keçirə bilib-bilmədiyini soruşmuşdur. O da ona gömrük əməkdaşları tərəfindən saxlanıldığını və pul vəsaitlərinin aşkar edilərək götürüldüyünü bildirmişdir. Həmin pul vəsaitlərinin haradan əldə edilməsi və Gürcüstana hansı məqsədlə aparılmasından onun xəbəri olmamışdır. Mustafaev Mushvik (Mustafayev Müşfiq) tərəfindən onun sözügedən pul vəsaitlərini gizlətməklə gömrük postundan keçirtməsi barədə hər hansı bir söz deyilməmişdir və ya məsləhət verilməmişdir. Mustafaev Mushvik və Rəsulov Samir sözügedən pul vəsaitlərini Gürcüstana aparmaq müqabilində ona hər hansı bir məbləğdə pul və ya digər maddi nemət verməmiş, həmçinin verməyi vəd etməmişdir. Mushviklə aralarında olan yoldaşlıq münasibətinə, dostluq xatirinə görə aparmışdır. Hər hansı bir gözləntisi olmamışdır. Müşfiq və Samir onunla ***-***-**-** mobil telefon nömrəsində olan Whatsapp proqramı vasitəsilə əlaqə saxlamışlar. Qeyd etdiyi nömrəsi uzun müddət işləməmişdir. Şəbəkəsi olmamışdır. Lakin Whatsapp proqramı işləmişdir. Həmin şəxslər də onunla bu cür əlaqə saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Dövlət gömrük komitəsində sürücü vəzifəsində işləmişdir. Həmin vaxt ona avtomobilin yoxlanılması bildirilmişdir. Gömrük əməkdaşları ondan yaxınlaşmasını istəmişlər. Həmin vaxt avtomobilin salonundan 4 bağlama rus pulu aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, avtomobil gəlmişdir, avtomobil rentgendən çıxandan sonra sükan arxasında Əmiraslan olmuşdur. O Əmiraslanı oradan tanımışdır. Avtomobilin yuxarı hissəsindəki bağlamalarda rus pulu aşkar edilmişdir. Məhkəmədə (şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Şahid5 məhkəmədə istintaqda verdiyi ifadəsi elan olunmuş şahid həmin ifadəsində göstərmişdir ki, « …Azərbaycan dilində sərbəst danışa, oxuyub yaza bilir, mütəxəssisin və ya tərcüməçinin köməyinə ehtiyacı yoxdur, ifadəsinin müstəntiq tərəfindən kompüter vasitəsi ilə yazılmasına etiraz etmir. Ailəsi ilə birlikdə Qazax rayonunun 1-ci Şıxlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsinin dolanışığını təmin etmək məqsədi ilə “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən dayanacaq terminalında fəhləlik edir. Terminalda yükləmə və boşaltma işləri sutkanın bütün vaxtlarında həyata keçirildiyi üçün növbəli şəkildə, bəzən gündüz, bəzən də gecə saatlarında işləyir. 22 oktyabr 2024-cü il tarixdə terminalda yük boşaltma işləri görərkən gecə saat 02 radələrində bir nəfər mülki geyimdə olan şəxs ona və onun kimi terminalda fəhləlik edən Şahid4 yaxınlaşaraq özünü təqdim etmiş və gömrük əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxs Tovuz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid2 olmuşdur. Bundan sonra onlardan Qırmızı Körpü gömrük postunun ixrac gömrük nəzarəti xəttində olan bir yük nəqliyyat vasitəsinə keçiriləcək gömrük yoxlamasında hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar da həmin gömrük əməkdaşına etiraz etməmiş və onunla birlikdə gömrük postunun ixrac gömrük nəzarəti xəttinə getmişlər. Oraya çatdıqdan sonra adı ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 35BK575/35ZB622 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilən gömrük yoxlamasında iştirak etmişdir. Yoxlamaya başlamazdan əvvəl Şahid2 Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində gizlədilmiş və ya bəyan olunmayan malların olub-olmadığını soruşmuş, sonuncu da maşında heçnə olmadığını bildirmişdir. Bundan sonra Şahid2 onun və Şahid4, həmçinin digər gömrük əməkdaşının iştirakı ilə nəqliyyat vasitəsinə gömrük yoxlamasını həyata keçirtmişdir. Yoxlama zamanı, nəqliyyat vasitəsinin kabinasının salonunda yataq yerinin sol tərəfinin yuxarı hissəsində olan kabina divarının plastmas örtüyünün arxasında olan boşluqdan 4 ədəd şəffaf bağlama aşkar edildiyinin şahidi olmuşdur. Bundan sonra gömrük əməkdaşı tərəfindən həmin bağlamalar açılaraq içərilərinə baxış keçirilmişdir. Bu zaman bağlamaların içərisində çoxlu sayla müxtəlif nominallı Rusiya Rublu əskinasları olduğu müəyyən edilmişdir. Həmin əskinasların nominalları dəqiq olaraq yadında qalmasa da pulun hamısı sayıldıqdan sonra ümumilikdə məbləğinin ******* (dörd milyon) Rusiya rublu olduğu məlum olmuşdur. 28 yanvar 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir. 22 oktyabr 2024-cü il tarixli “gömrük yoxlaması və götürmə haqqında” protokoldan görünür ki, “DAF” markalı, 35BK575/35ZB622 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan edilməli hər hansı bir əşya və ya predmet olmamasını bildirmişdir. Nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı, Təqsirləndirilən şəxs idarə etdiyi yuxarıda qeyd olunan yük nəqliyyat vasitəsinin salonunda yataq yerinin sol divarının üzlük qatının arxasından 4 (dörd) ədəd şəffaf bağlama aşkar edilmiş, həmin bağlamalar açılaraq içərisinə baxış keçirilmiş və 710 ədəd 5000-lik, 100 ədəd 2000-lik, 198 ədəd 1000-lik, 92 ədəd 500-lük, 8 ədəd 200-lük, 37 ədəd 100-lük və 14 ədəd 50-lik əskinaslar olmaqla ümumilikdə ******* (dörd milyon) Rus rublu aşkar olunaraq götürülmüşdür. 30 noyabr 2024-cü il tarixli “valyuta məzənnəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 22 oktyabr 2024-cü il tarixdə 1 Rusiya rublu 0,0176 Azərbaycan manatı, 1 ABŞ dolları isə 1,70 Azərbaycan manatı təşkil etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsTanrıverdi oğlunun idarə etdiyi “DAF” markalı, 35BK575/35ZB622 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, aşkar edilən gömrük nəzarətindən gizlədilmiş ******* Rusiya rublu məbləğində valyuta vəsaitlərinin Azərbaycan manatı ekvivalenti 70400 manat, ABŞ dolları ekvivalenti isə 41411,76 dollar təşkil etmişdir. Anket və sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında 08 noyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsTanrıverdi oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1987-ci il tarixdə Gürcüstanın Rustavi şəhərində anadan olmuş və Qazax rayonu, 1-ci Şıxlı kəndində qeydiyyatdadır. O, Qırmızı Körpü DSBM vasitəsilə mütəmadi olaraq Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə gedib-gəlmiş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə saat 02:53-də Qırmızı Körpü DSBM vasitəsilə Azərbaycan Respublikasından Gürcüstana gedərkən gömrük orqanı tərəfindən saxlanıldığı üçün dövlət sərhəddindən buraxılmayaraq geri qaytarılmışdır. Mobil telefona baxış keçirilməsi haqqında 22 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi Note 7” markalı mobil telefonda iş üçün aşağıdakı əhəmiyyətli məlumatlar aşkar edilmişdir. Telefonda mövcud olan “WhatsApp” tətbiqində ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. “WhatsApp” tətbiqinin mesajlar bölməsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir yazışma mətni aşkar edilməmişdir. Zəng jurnalında isə Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi +7 925 ***-**-** mobil telefon nömrəsindən ona 22 oktyabr 2024-cü il tarixdə saat 17:11-də, 20 noyabr 2024-cü il tarixdə saat 14:40 və 14:43-də, həmçinin 21 noyabr 2024cü il tarixdə saat 18:01-də zənglər gəldiyi müəyyən olunmuşdur. Bundan başqa Müşfiq adlı şəxsin mobil telefon nömrələrinin “Ado. - ***-***-**-**”, “Ado - ***-***-**-**” və “Ado Mustafayev - ***-***-**-**” kimi qeyd olunduğu, Nəsib Nəbiyevin mobil telefon nömrəsinin isə “Nesif Qardaş - +995 57 755-71-88” kimi qeyd edildiyi, “Ado.” adı ilə qeyd edilmiş ***- ***-**-** mobil telefon nömrəsi ilə 23 oktyabr 2024-cü il tarixdə başlayaraq 22 noyabr 2024cü il tarixədək mütəmadi zənglərin olduğu, “Nesif Qardaş” adı ilə qeyd edilmiş +995 57 ***- **-** mobil telefon nömrəsi ilə 14 aprel 2024 – 07 iyun 2024 tarixləri arasında zənglər edildiyi, lakin həmin zənglərin zəng siyahısından silindiyi müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsinin Hədəf və Koordinasiya Mərkəzindən əldə olunan videogörüntülərə baxış keçirilməsi haqqında 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 35BK575/35ZB622 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından Gürcüstana gedən zaman Qırmızı Körpü gömrük postunun giriş qapısından başlayaraq ixrac gömrük nəzarəti xəttində olduğu bütün müddət ərzində qeydə alınmış video görüntülər Dövlət Gömrük Komitəsinin Hədəf və Koordinasiya Mərkərzindən əldə edilmiş, həmin görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 35BK575/35ZB622 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olur və burada bir qədər qaldıqdan sonra ixrac gömrük nəzarəti xəttindən çıxaraq stasionar rentgen istiqamətində irəliləyir. Daha sonra yenidən ixrac gömrük nəzarəti xəttinə daxil olur. Bundan sonra həmin nəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən gömrük yoxlaması həyata keçirilir və nəqliyyat vasitəsindən pul vəsaitləri aşkar edilərək götürülür. “DAF” markalı, 35BK575/35ZB622 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 03 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin nəqliyyat vasitəsi ağ rəngli, “DAF” markalı, 35BK575 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsidir. Həmin nəqliyyat vasitəsinə göy rəngli, “Krone” markalı, 35ZB622 dövlət qeydiyyat nişanlı yarımqoşqu birləşdirilmişdir. Həmin qoşqunun üst və yan tərəfləri bozgümüşü rəngli rezin tentlə örtülmüşdür. Bundan başqa “DAF” markalı, 35BK575 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasının salonuna baxış keçirilərkən, kabinanın divarlarının aşağı və orta hissələrinin parça örtüklə, lakin yuxarı hissələrinin isə plastmas örtüklərlə üzləndiyi, plastmas örtüklərin parça örtüklərə birləşdiyi yerlərdə zavod üsulu ilə hazırlanmış yarıqların olduğu, həmin yarıqların arxa tərəfində boşluqların olduğu (kabina divarı ilə örtük arasında olan hissə), plastmas örtüklərin hər hansı bir alət və vasitə olmadan sökülə bildiyi, söküldükdən sonra örtüklərlə kabina divarının arasında boşluqlar olduğu müəyyən edilmiş, cinayətin predmeti olan valyuta vəsaitlərinin aşkar edildiyi yataq yerinin sol tərəfində olan kabina divarı ilə örtüyünün arxasında olan boşluqlarda (kabina divarı ilə örtük arasında olan hissə) qustar üsulla hazırlanmış xüsusi saxlanc yeri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2024-cü il tarixli, 5/1286 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş 710 ədəd 5000-lik, 100 ədəd 2000-lik, 198 ədəd 1000-lik, 92 ədəd 500-lük, 8 ədəd 200lük, 37 ədəd 100-lük və 14 ədəd 50-lik əskinaslar olmaqla ümumilikdə ******* Rus rublu nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsullarla hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Maddi sübut 710 ədəd 5000-lik, 100 ədəd 2000-lik, 198 ədəd 1000-lik, 92 ədəd 500-lük, 8 ədəd 200-lük, 37 ədəd 100-lük və 14 ədəd 50-lik əskinaslarda ******* (dörd milyon) Rusiya rublu məbləğində xarici valyuta vəsaitləri ********* nömrəli cinayət işinin materiallarından Gürcüstan vətəndaşı Mustafaev Mushvik (Müşfiq Mustafayev) və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslər barəsində ayrılmış ********* nömrəli cinayət işində saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü qismən təqsirli bilməsinə dair ifadələri, şahidlərin ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməli, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs qaçaqçılıq yolu ilə keçirdiyi pulları gömrük məntəqəsinə yaxın ərazidə qrupun digər üzvü Müşfiq Mustafayevə verəcəyini planlaşdırıb. Odur ki, onun əməli 206.3.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, bir uşağının epilepsiya xəstəsi olması, ilk dəfə cinayət törətməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin,xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolunu (sürücü olmasını), qaçaqmalçılığın predmetini cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikasının CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 100 manat (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 710 ədəd 5000-lik, 100 ədəd 2000-lik, 198 ədəd 1000-lik, 92 ədəd 500-lük, 8 ədəd 200-lük, 37 ədəd 100-lük və 14 ədəd 50-lik əskinaslarda ******* (dörd milyon) Rusiya rublu məbləğində xarici valyuta vəsaitləri ********* nömrəli cinayət işinin materiallarından Gürcüstan vətəndaşı Mustafaev Mushvik (Müşfiq Mustafayev) və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslər barəsində ayrılmış ********* nömrəli cinayət işində saxlanılması nəzərə alınmaldır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan 710 ədəd 5000-lik, 100 ədəd 2000-lik, 198 ədəd 1000-lik, 92 ədəd 500-lük, 8 ədəd 200-lük, 37 ədəd 100-lük və 14 ədəd 50-lik əskinaslarda ******* (dörd milyon) Rusiya rublu məbləğində xarici valyuta vəsaitləri ********* nömrəli cinayət işinin materiallarından Gürcüstan vətəndaşı Mustafaev Mushvik (Müşfiq Mustafayev) və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslər barəsində ayrılmış ********* nömrəli cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar