Məhkəmə qərarları › İş №1(100)-399/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-399/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-399/2022 15.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X3 ibarət tərkibdə, X9 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Şəmkir rayonunun Çinarlı Qəsəbə Ərazi Dairəsi, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə saat 22:20 radələrində Göygöl rayonu Quşqara kəndinin inzibati ərazisində yerləşən “Osmanlı” un dəyirmanının qarşısından keçən avtomobil yolunda «X18» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan sərxoş vəziyyətdə yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 80 km/ saat sürətlə idarə etdiyi X8 məxsus « VAZ 21013 minik » markalı ** BJ *** qeydiyyat nömrə nişanlı avtomobillə həmin qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda, həmin tələbləri pozaraq, onun hərəkət istiqaməti üzrə yolu soldan-sağa keçmək istəyən piyada X5 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən sıyrıqlarla müşayiət olunan xəsarətlər alması və sonuncunun qara ciyərin cırılması, daxili qanaxma, qabırğaların, yuxarı və aşağı ətraf sümüklərinin qapalı sınıqları nəticəsində baş vermiş travmatik və hemorragik şok səbəbindən həmin gün saat 22:50-də yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən Gəncə Beynəlxalq xəstəxanasında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və “X18” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməklə nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” avtomobili çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibb müəssisəsinə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya digər hüquq mühafizə orqanlarına xəbər verməli, həmin əməkdaşların gəlməsini gözləməli olduğu halda, bunları etməyərək idarə etdiyi avtomobili hadisə yerinin yaxınlığında dayandırıb həmin yerdən uzaqlaşıb gedərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq etdiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi, məhkəmə istintaqı zamanı isə elan edilməklə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini etiraf etməklə ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində ailə üzvləriylə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, subaydır, fərdi əməklə məşğul olur. Onun ümumiyyətlə sürücülük vəsiqəsi olmamış, lakin sərbəst avtomobil idarə edə bilmişdir. “VAZ 21013 minik” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobili təxminən bir ay əvvəl almışdır və baş etibarnamə ilə ona məxsusdur. 14 may 2022-ci il tarixdə günorta saatlarında Şəmkir rayonunda tanışı İlkin adlı şəxslə birlikdə rayonda 4 (dörd) bakal spirtli içki pivə içmişlər. Axşam saatlarında həmin yerdən çıxıb “VAZ 21013 minik” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında əyləşmiş, İlkin də qabaqda yanında oturmuş və birlikdə Gəncə şəhərinə gələrkən saat 22:20 radələrində Göygöl rayonu Quşqara kəndində, Gəncə şəhərinin girişinin yaxınlığında yolun sağ hərəkət hissəsi ilə öz hərəkət zolağıyla hərəkət etmişdir. Hərəkət sürəti 80 km/saat olmuşdur. Yolun işıqlandırılmadığı üçün yolun hərəkət hissəsi yaxşı görünməmişdir. Həmin yerdə təxminən 8-10 metr məsafədə bir nəfər piyadanın yolu soldan sağa keçməsini görmüş, hərəkət sürətini bir qədər azaltmış, həmin piyadanın yolu keçməsini görmüş, həmin vaxt ikinci piyadanı görməmiş və ani bir vaxtda idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə yolu keçən piyadanı vurmuş, piyada avtomobilin qabaq tərəfindən avtomobilin qabaq alın şüşəsinə dəyib yerə düşmüşdür. Hadisə nəticəsində özünü itirmiş və təxminən 130-150 metr aralıda dayanmışdır. O, avtomobildən düşmüş, qorxduğu üçün piyadanı vurduğu üçün həmin yerə getməmiş və üzü Gəncə şəhəri istiqamətdə piyada getməyə başlamış, İlkin də onun arxasınca gəlmişdir. O, polis şöbəsinə gəlib hadisə barədə məlumat vermək istəmişdir. Yolda atası Nizamiyə zəng edib yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. Daha sonra Gəncə şəhəri H.Əliyev parkının qarşısında valideynlərini gözləmişdir. Təxminən 2 saat sonra valideyinləri həmin yerə gəlmişlər. Bundan sonra o, qohumuna zəng edib edib nə etməsi barədə məsləhət almış, qohumu isə polisə məlumat verməsini bildirmiş, bir qədər sonra ona tanımadığı nömrədən zəng gəlmiş və onu Göygöl rayon Polis şöbəsinə dəvət etmişlər, o isə Göygöl rayon Polis şöbəsinə gəlmiş daha sonra sərxoşluq müayinəsindən keçmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, hadisənin baş verməsinə səbəb yolun qaranlıq olması səbəbindən idarə etdiyi “VAZ 21013 minik” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyadanı görməməsi olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobili 80 km/saat surəti ilə idarə etmiş, hadisə zamanı idarə etdiyi avtomobildə bir nəfər sərnişin olmuş, yük isə olmamışdır, hadisədən əvvəl spirtli içki pivə və tərkibində spirtli içki olan “Jaguar” adlı energetik içki içmişdir. O, hərəkətdə olan zaman təxminən 8-10 metr məsfədən bir nəfər piyadanın yolu keçməsini görmüş, həmin piyada yolu keçdikdən 2-3 saniyə sonra ani bir anda başqa piyadanı vurmasını görmüş, o, həmin piyadanı vuranadək onu görməmiş, onun üçün təhlükə həmin anda yaranmış, hadisənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir görə bilməmişdir. Hadisə zamanı o, heç bir xəsarət almamış, məhkəmə tibbi ekspertizadan keçmək istəməmişdir. O, piyadanı vurduqdan sonra təxminən 130-150 metr aralıda yolun kənarında avtomobili saxlamış, hadisə zamanı qorxduğu üçün piyadanı vurduğu yerə qayıtmamış və Gəncə şəhəri istiqamətdə piyada hərəkət edib Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində H.Əliyev parkının yanına kimi gəlmiş və polis şöbəsinə yaxınlaşıb özünü təqdim edəcəkdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum X7 onun əri olmuşdur. 14 may 2022-ci il tarixdə əri Azər Allahverdiyev və oğlu Şahid1lə birlikdə Göygöl rayonunun Quşqara kəndinə qudasının evinə getmişlər. Axşam evə getmək üçün taksi çağırmış və küçəyə çıxmışlar. Saat 22:20 radələrində Göygöl rayonunun Quşqara kəndində Şəmkir rayonu istiqamətdə yolun kənarında qudası Samirə ilə dayanmışlar. Taksi sürücüsü gəlib əks yolda Gəncə şəhəri istiqamətində dayanmış, oğlu Fəxrəddin və əri Azər yolu keçib taksiyə tərəf getmişlər ki, taksini onun dayandığı yerə gətirsinlər. Həmin vaxt Şəmkir rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində yüksək sürətlə hərəkətdə olan ağ rəngli avtomobilin əri Azər Allahverdiyevi vuraraq hadisə yerindən təxminən 30-40 metr irəli atmasını görmüşdür. O, qudasıyla yolu keçib ərinin yanına gəlmişlər. Oğlu Fəxrəddin dərhal əri Azəri həmin yerə gələn taksiyə qoyub xəstəxanaya aparmış, o da hadisə yerinə gələn qohumu Rahiblə xəstəxanaya getmişlər. Həmin gün xəstəxanada əri Azər Allahverdiyev aldığı xəsarətlərdən vəfat etmiş, ərini avtomobillə vuran sürücü isə hadisə yerinə gəlməyərək oradan qaçmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum X7 onun atasıdır. 14 may 2022-ci il tarixdə atası Azər Allahverdiyev və anası Gültəkin Səlimova ilə birlikdə Göygöl rayonunun Quşqara kəndinə qayınatasının evinə getmişlər. Axşam evə getmək üçün taksi çağırmışlar və küçəyə çıxmışlar. Saat 22:20 radələrində Göygöl rayonu Quşqara kəndində Şəmkir rayonu istiqamətdə yolun kənarına çıxmışlar, taksi sürücüsü gəlib əks yolda Gəncə şəhəri istiqamətdə yolun kənarında dayanmış, telefonu söndüyü üçün taksiyə zəng edib yolun əks tərəfində dayandığını deyə bilməmiş və hava qaranlıq olduğu üçün anası Gültəkinə həmin yerdə gözləməsini atası Azər Allahverdiyevlə birlikdə yolu keçib taksini həmin yerə gətirəcəklərini demiş və yolu keçməyə başlamışlar. Yolu soldan sağa keçib başa çatdıran vaxt Şəmkir rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində VAZ 21013 minik markalı dövlət nömrə nişanını sonradan bildiyi ** BJ *** dövlət nömrə nişanlı avtomobilin yüksək sürətlə gəlməsini görmüş və tez kənara çəkilmiş, lakin atası yolu keçib başa çatdırsa da həmin avtomobil qabaq sağ tərəfi ilə atası Azər Allahverdiyevi vurmuş, zərbə nəticəsində atası Azər Allahverdiyev təxminən 30-35 metr avtomobilin üzərində getmiş və yerə yolun kənarına düşmüşdür. O, atasının arxası ilə qaçıb ona çatmışdır. Onları gözləyən taksi sürücüsü də avtomobildən düşmüş, o, atasının ürək döyüntüləri olmasını görüb həmin yerdə olan taksi ilə Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər ilkin tibbi yardım göstərsə də, atası həmin gün xəstəxanada vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, atasını vuran avtomobilin sürücüsü hadisə baş verdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Quşqara kəndində ailə üzvləriylə birlikdə yaşayır. 14 may 2022-ci il tarixdə saat 20 radələrində qudaları Gültəkin Səlimova, onun əri Azər Allahverdiyev və kürəkəni Şahid1 onların yaşadıqları ünvana qonaq gəlmişlər. Həmin gün saat 22 radələrində kürəkəni Fəxrəddin evə getmək məqsədi ilə taksi çağırmışdır. O da onları yola salmaq üçün çıxmışdır. Göygöl rayonu Quşqara kəndində yerləşən “Osmanlı” un dəyirmanının yaxınlığında qudası Gültəkin ilə dayanmışlar. Azər və Fəxrəddin isə çağırdıqları taksi yolun əks tərəfində dayandığı üçün yolu keçib taksini gətirməyə getmişlər. Həmin vaxt sonradan markasını bildikləri “Vaz” markalı avtomobil Azər Allahverdiyevi vurmuşdur. Onlar dərhal yola tərəf qaçmışlar. Fəxrəddinin çağırdığı taksi ilə X11 şəhər Beynəlxalq xəstəxanasına aparmışlar. Onlar da qardaşı Rahib ilə birlikdə sonradan xəstəxanaya getmişlər. Həmin gün də Azər Allahverdiyev xəstəxanada vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, Azər Allahverdiyevi vuran avtomobilin sürücüsü hadisə baş verdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində ailə üzvləriylə birlikdə yaşayır. 2017-ci ildən X12, həmin ilin dekabr ayından isə hazırda tutduğu vəzifədə xidmət edir. 14 may 2022-ci il tarixdə saat 17:30 radələrində Göygöl RPŞ-nin DYPB-də növbədə olan zaman Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində yolnəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişdir. Hadisə yerində çatdıqda Vaz 2103 markalı avtomobilin bir nəfər piyada hərəkətdə olan kişini vuraraq xəsarət yetirdiyini və həmin şəxsin mülki şəxsə məxsus avtomobil ilə xəstəxanaya göndərildiyini müəyyən etmişdir. Daha sonra hadisə yerinə gələn rayon polis şöbəsinin əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdiyi yer Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsindədir. Hadisə baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir. Yolda 2 hərəkət istiqaməti var və hərəkət istiqamətləri biri-birindən yol ayırıcı zolaqla ayrılır. Hadisə yerindən təxminən 130-150 metr məsafədə «VAZ 21013 minik» markalı ** BJ *** qeydiyyat nömrə nişanlı avtomobilin piyadanı vurduqdan sonrakı vəziyətdə yolun kənarında qaldığını, sürücüsünün isə hadisə yerində olmadığını müşahidə etmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, «VAZ 21013 minik» markalı ** BJ *** qeydiyyat nömrə nişanlı avtomobil Şəmkir şəhərindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən yolu soldan sağa tərəf keçmək istəyən piyada X5 vurmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı piyada X7 müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya aparılmışdır. Daha sonra hadisə yerinə baxış keçirilərək, hadisə yerinin sxemi və fotoşəkillər çəkilib protokol tərtib olunmaqla imzalarla təsdiq olunmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 56B, mənzil 16-da ailə üzvləriylə birlikdə yaşayır. Özünə məxsus Vaz 2110 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 1 il olar ki, “Maksim” taksi şirkətində özünə məxsus avtomobil ilə fəaliyyət göstərir. 14 may 2022-ci il tarixdə saat təxminən 22 radələrində Göygöl rayonu Quşqara kəndindən sifariş qəbul etmişdir. Sifarişdə ünvan göstərilmədiyi üçün o, sifariş verən müştəri ilə telefon əlaqəsi saxlamışdır. O, ona Göygöl rayonu Quşqara kəndində yerləşən “Osmanlı” un dəyirmanın qarşısına gəlməyimi istəmişdir. O da qeyd edilən ünvana gedərək yolun kənarında dayanmışdır. Bir neçə dəqiqə keçməmiş səs gəldiyini eşitmiş və səs gələn tərəfə baxmışdır. Sonradan markası ona məlum olan “VAZ 21013 minik” markalı ** BJ *** qeydiyyat nömrə nişanlı avtomobilin taksi sifariş verən şəxslərdən birini vurduğunu görmüşdür. Dərhal avtomobildən düşərək onlara yaxınlaşmışdır. Həmin avtomobil orta yaşlı bir kişini vurmuşdur. Həmin şəxsin yanında olan oğlu ilə birlikdə onu özünə məxsus avtomobilə qoyaraq Gəncə şəhəri Beynəlxalq xəstəxanasına aparmışdır. Orada ilkin tibbi yardım göstərilməsinə baxmayaraq bir neçə dəqiqə sonra həmin şəxs vəfat etmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, hadisədən əvvəl yolun kənarında dayanaraq müştərilərin gəlməsini gözləmişdir. Həmin şəxslər isə yolun əks tərəfində dayandıqları üçün ona tərəf yolu keçmək istəyən zaman yol nəqliyyat hadisəsi baş vermişdir. O, hadisədən əvvəl Vaz 21013 minik markalı avtomobili görməmiş, lakin hadisədən sonra onun Şəmkir şəhəri istiqamətindən Gəncə şəhəri istiqamətində gəldiyini, Azər Allahverdiyevi vurduğunu bilmişdir. Həmin vaxtı Vaz 21013 minik markalı avtomobil hadisə yerindən təxminən 130-150 metr məsafədə dayanmışdır. O, orada avtomobilin sürücüsünü görməmişdir. İş materiallarına əlavə edilmiş 14 may 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Şəmkir-Gəncə avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsidir. Hadisənin növü piyadanın vurulması ilə bağlıdır. Yolun hərəkət hissəsinin düz, örtüyün asfalt-beton, örtüyün vəziyyətinin quru olmaqla, yolun işıqlandırılmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi təcrübi və X19 Hüquqi şəxsin Göygöl rayon şöbəsi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2022-ci il tarixli 5 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar müəyyən edildi: Başın alın, ənsə-təpə, sağ sifət və gicgah nahiyələrinin yaraları, başın alın və sağ gicgah nahiyələrində yumşaq toxumalar altına qansızma, burun sümüyünün qapalı sınığı, qabırğaların çoxsaylı sınığı, sağ said sümüklərinin, sağ və sol baldır sümüklərinin qapalı yerini dəyişmiş sınıqları, sağ ağ ciyərin kontuziyası, qara ciyərin cırılmış-dağılmış yarası, sağ böyrək ətrafı yumşaq toxumalarına qansızma, başın, gövdənin, yuxarı və aşağı ətrafların müxtəlif nahiyyələrinin sıyrıqları, daxili qanaxma, travmatik və hemorragik şok. X1 meyitinin bədəni üzərində müəyyən edilmiş yuxarıda göstərilmiş xəsarətlər – qara ciyərin cırılması dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir, burun sümüyünün, döş sümüyünün, qabırğaların, sağ said sümüklərinin, sağ və sol baldır sümüklərinin qapalı sınıqları dərəcəsinə görə canlı şəxslərdə hər biri ayrı-ayrılıqda eləcə də, hamısı birlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, başın alın, ənsətəpə, sağ sifət və gicgah nahiyəsinin yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sıyrıqlar sağlamlğa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin hər biri həyatidir, ölümündən az əvvəl əmələ gəlib, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni piyadanı avtomobil vurması nəticəsində əmələ gəlmələri mümkündür. X1 ölümünə səbəb qara ciyərin cırılması, daxili qanaxma, qabırğaların, yuxarı və aşağı ətraf sümüklərinin qapalı sınıqları nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Ölüm müayinədən 2-3 saat əvvəl baş vermişdir, müayinə xx.xx.2022-ci il tarixdə saat 01:00-da aparılmışdır. X1 meyitindən götürülmüş qanda kimya təhqiqatı nəticəsində etil spirti, narkotik və zəhərli maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair xx.xx.2022-ci il tarixli,8/1629 nömrəli rəyindən görünür ki, VAZ-21013 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olunun hərəkətlərində “X18” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21013 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X18” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21013 markalı avtomobili sərxoş vəziyətdə idarə etdiyindən onun hərəkətlərində “X18” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “X18” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21013 markalı avtomobili yaşayış məntəqəsində 60km/saatdan artıq, 80km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X18” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş 15 may 2022-ci il tarixli, “şəxsin könüllü gəlib təqdim olunması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Göygöl RPŞ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 15 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Göygöl Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 may 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş DİN-in Göygöl RPŞ-nin DYPB-nin rəisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatın MİS-də yoxlanması zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 688/2022 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Yeni Həyat kənd İnzibati ərazi dairəsi nümayəndəsi tərəfindən təqdim edilmiş 19 may 2022-ci il tarixli, 219 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun Yeni Həyat kəndində ailə üzvləri-atası və anası ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Yeni Həyat kənd İnzibati ərazi dairəsi nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263- 1.3 və 264-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması, 59.2-ci maddəsinə əsasən əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, CM-in 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263-1.3-cü maddəsilə olan əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir İş üzrə 85 (səksən beş) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsilə 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 15 may 2022-ci il tarixdən hesablansın. İş üzrə 85 (səksən beş) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar