Məhkəmə qərarları › İş №1(100)-399/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-399/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-399/2025 08.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında xx.xx.1965-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham elan edilmişdir ki, o, sərxoş halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan digər mexaniki nəqliyyat vasitəsi hesab olunan üzərində dövlət qeydiyyat nişanı olmayan traktorla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. İttiham aktında qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə, saat 14 radələrində Şəmkir rayonu, Təzəkənd-Qaracəmirli avtomobil yolunun Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən keçən nizamlanmayan yol ayrıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək alkoqollu içkilərin qəbulu nəticəsində 0,7 promill alkoqol sərxoşluğu halında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə, faktiki olaraq özünün sahibliyində olmaqla A№ 087979 nömrəli texniki pasporta əsasən X1 adına olan, 02-00 dövlət qeydiyyat nömrəli, digər mexaniki nəqliyyat vasitəsi olan “Belarus” markalı traktorla Şəmkir rayonu, Təzəkənd kəndi istiqamətində hərəkətdə olub yolu sola tərəf istiqamətə dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək qarşıdan əks istiqamətində öz hərəkət zolağı ilə hərəkət edən X3 idarə etdiyi “VAZ-2106” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşması şəraitində yol ayrıcında dönmə əməliyyatı aparmaqla idarə etdiyi traktoru avtomobil yolunun sol hərəkət hissəsinə, qarşı hərəkət zolağına çıxararaq “VAZ-2106” markalı avtomobilin sürücüsü Səxavət Alıyevin hərəkəti üçün təhlükəli şərait yaratmış, onun hərəkətinə üstünlük verməyərək dönmə əməliyyatı etməklə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan X4 alın nahiyəsinin, burunun sağ yan səthinin, çənəaltı nahiyəsinin əzilmiş yaraları, kəllə əsası sümüklərinin sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin və qarın nahiyəsinin sıyrıqları, sağ tərəfi İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sağ tərəfli hemotraks, sağ ağciyərin əzilmiş yarası, sağ bazu sümüyünün açıq, çoxqəlpəli, yerini dəyişmiş sınıqları, sol bazu nahiyəsinin bayır səthinin və hər iki diz oynağının ön səthinin sıyrıqları və onun ölümünə səbəb olan avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, zərərçəkəni öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının daxili işlər orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının daxili işlər orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmaqla sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, hesab edir ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittiham elan olunarkən onun “Belarus” markalı traktorla “Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 29-cu və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sərxoş vəziyətdə dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Belarus” markalı traktorla Şəmkir rayonu, Təzəkənd-Qaracəmirli avtomobil yolunun Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən keçən nizamlanmayan yol ayrıcında hərəkətdə olan zaman, həmin Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuz, öz hərəkət zolağı ilə hərəkət edən VAZ-2106 markalı avtomobilin yaxınlaşması şəraitində yolayrıcında dönmə əməliyyatı aparmaqla idarə etdiyi “Belarus” markalı traktoru sol hərəkət hissəsinə çıxararaq VAZ-2106 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə şəraiti yaratmamalı, onun hərəkətinə üstünlük verərək yol verməli və bundan sonra dönmə əməliyyatına başlamaqla, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə əks istiqamətdə öz yolu ilə gələn VAZ-2106 markalı avtomobilin təhlükəsiz keçib getməsini təmin etməli olduğu halda və sadalanan hərəkətlərlə bağlı texniki imkana malik olmasına baxmayaraq kifayət qədər əsas olmadan hadisənin qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək yolayrıcında sola dönərək qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan sürücü Səxavət Alıyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşaraq X3 ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi göstərilmişdir. Həmçinin sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getməklə “Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun, 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuz davranmaqla, yəni yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən həmin yol-nəqliyyat hadisəsinin məhz Təqsirləndirilən şəxs göstərilən hərəkətləri nəticəsində baş verməsi qənaətinə gəlinərkən cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 8/2504 nömrəli rəyində göstərilən məlumatlara, yəni Belarus markalı traktor sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluğun olması və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanın olmasına, onun traktoru üzərində dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmasına, traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti һаqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmasına, traktoru sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmasına istinad edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının həmin rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, Vaz-2106 markalı avtomobilin sürücüsü S.Alıyevin hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri tədqiq etmək üçün təhlükənin yaranma anı, həmin andan nəqliyyat vasitələri arasında məsafə və nəqliyyat vasitələrinin hərəkət sürətləri təqdim edilməli olsada, istintaq tərəfindən qeyd olunan məlumatlar təqdim edilmədiyindən VAZ-2106 markalı avtomobilin sürücüsü A.Alıyevin hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.166-167). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının yuxarıda qeyd olunan rəyindən göründüyü kimi, istintaq tərəfindən təqdim olunmuş məlumatlar tam və dolğun olmadığından, baş vermiş hadisənin real mexanizmi fonunda S.Alıyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olub-olmaması, həmçinin qarşılıqlı təqsirin mövcudluğu ilə bağlı məsələyə ibtidai istintaq orqanı tərəfindən qiymət verilməmişdir. Həmçinin qeyd olunan xüsusatla bağlı, cinayət işinin materialarında olan 20 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 8/2504 nömrəli rəyi ilə razı olmamış və təkrar ekspertiza təyin edilməsi barədə protokola öz qeydini daxil etmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin sözügedən qeydi vəsatət kimi qəbul edilərək, 20 yanvar 2025-ci il tarixli qərarla rədd edilmişdir. Bununla ibtidai istintaq orqanı CPM 121-ci maddəsinin tələblərini pozaraq təqsirləndirilən şəxsin vəsatətinə formal yanaşmış, heç bir əsas və dəlil gətirmədən təkrar ekspertizanın təyin edilməsini rədd etmişdir. Halbuki CPM-nin 121.2.1-ci maddəsinin tələbinə əsasən, əgər verilmiş vəsatət Cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatətdirsə rədd edilə bilməz. Eyni zamanda “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 oktyabr 2004-cü il tarixli qərarında göstərilir ki, bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edərkən təqsirləndirilən şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət verilməlidir. Bu da öz növbəsində təqsirləndirilən şəxsə natamam ekspert rəyinə əsaslanan ittiham elan edilməklə onun müdafiə hüququnun pozulmasına dair kobud qüsurlara yol verilmişdir. Bundan başqa, cinayət işi materiallarında olan 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM 263.2-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin aparılması üçün Şəmkir rayon polis şöbəsinə çağırılmış, təkrar olaraq 1 (bir) gün sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaq çağırışlarına gəlməməsi səbəbindən barəsində axtarış elan edilməsi barədə qərar qəbul olunmaqla cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsi rəhbər tutulmaqla, yəni təqsirləndirilən şəxsin istintaqdan gizlənməsi əsası ilə dayandırılmışdır. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat xx.xx.2024-cü il tarixdə təzələnmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs cinayət işi üzrə icraatın dayandırıldığı müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdə ekspert rəyi ilə tanış edillməklə protokol tərtib edilmiş, onun tərəfindən verilmiş vəsatətə baxılaraq rədd edilmiş və bu barədə qərarın sürəti həmin gün, yəni xx.xx.2024-cü il tarixdə ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Göründüyü kimi CPM-nin 277.6-cı maddəsinin, yəni icraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilməməsi ilə bağlı tələb pozulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsə cinayət işinin materiallarını təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə” istintaq hərəkətinə dair protokola əsasən təqsirləndirilən şəxsin maddi sübut hesab olunan “NTZ” markalı traktor və “VAZ 2106” markalı avtomobillə tanış edilməsi göstərilsə də, qeyd olunan istintaq hərəkətinin harada və hansı şəraitdə həyata keçirilməsi ilə bağlı hər hansı bir məlumat qeyd olunmamışdır.Bununla da, təqsirləndirilən şəxsi cinayət işi materialları və maddi sübutlarla tanış etmə vəzifəsi natamam icra edilmişdir. Bundan başqa cinayət işi materiallarda olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsindən həmin məcəllənin 263-1.3 və 264-cü maddələrinə tövsif edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsinə nəzər saldıqda görünür ki, CM-in 263-1.3 maddəsinin dispozisiyasında nəzərdə tutulan ictimai təhlükəli əməlin tərkib əlamətləri sadalansa da, təqsirləndirilən şəxsin ittiham olunduğu digər cinayət hüquq normasının, yəni CM-in 264-cü maddəsinin yaranmasına səbəb olacaq hərəkətlərin hansı şəraitdə, zamanda və formada baş verməsi barədə heç bir xüsusat göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Bundan başqa cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması barədə qərar qəbul olunmuş, bundan sonra cinayət işi üzrə icraat xx.xx.2024-cü il tarixində CPM-nin 53.1.1-ci maddəsi rəhbər tutulmaqla, yəni təqsirləndirilən şəxsin müəyyən olunmaması əsası ilə dayandırılmış, sonradan, xx.xx.2024-cü il tarixdə qəbul olunmuş qərarla dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilmişdir. Halbuki, hadisənin törədildiyi ilk vaxtdan, istər verilmiş əməliyat tapşırığında göstərilən məlumatlar, şahid ifadələri, hətda sonradan təqsirləndirilən şəxs qismində cəlb ediləcək Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi zamanı ifadəsində göstərdiyi xüsusatlar, ibtidai istintaq orqanı tərəfindən cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu kimi qəbul edilməmiş, yalnız 03 (üç) aydan artıq bir müddət keçdikdən sonra təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bununla da CPM-in cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması ilə bağlı tələbi pozulmuşdur.CPM-in 48-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə icraat elə müddətdə başlanmalı və qurtarılmalıdır ki, sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun, şəxsl on ittiham elan olunmasını, işinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər.” Bundan başqa, ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadlar səhv əks etdirilmişdir. Belə ki, cinayət işinin materiallarında 99-cu və 100-cü, eləcədə 195-ci və 196-cı vərəqlər arasında olan vərəqlərin nömrələnməməsi ilə bağlı kobud pozuntular nəticə etibarı ilə ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Bundan başqa, cinayət işi materiallarına əlavə edilmiş, 1-ci cild 110-cu vərəqdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-TİBBİ EKSPERTİZA VƏ PATOLOJİ ANATOMİYA BİRLİYİ” Publik hüquqi şəxsin Təqsirləndirilən şəxs və 112-ci vərəqdə X5 barəsində məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə təqdim etdiyi 108 və 109 nömrəli rəylərinə nəzər saldığımız zaman, hər iki rəyin yuxarı sol hissəsində ekspertizanın keçirilməsi əsası kimi göstərilən qərarın tarixinə, eləcə də ekspertizanın başlanma və bitmə tarixlərinə dəyişikliklərin edilməsinə əsaslı şübhələr yaradır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş, 1-ci cild 185-ci vərəqdə olan Azərabaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəmkir X11 Mərkəzindən daxil olmuş “Müraciətə baxılması barədə” sənədin daxil olma tarixi 07 fevral 2025 ci il göstərilsə də, sənədin aşağı sağ hissəsində yerləşən “Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulan elektron imza oxudulan zaman, göstərilən tarixdən 21 (iyirmi bir) gün sonra, yəni 28 fevral 2025-ci il tarixdə imzalandığı müəyyən edilir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar CPM-in 125-ci maddəsində nəzərdə tutulmuş “Sübutların mümkünlüyü” ilə bağlı tələblərin pozulmasına gətirib çıxarmışdır. Belə ki, həmin maddənin tələbinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Beləliklə də, hazırki cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş, ittiham aktı işin faktiki hallarına uyğun olmamış və müvafiq olaraq həmin Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından və buna dair sübutlar ittiham tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 299-301, 303 və 306-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar