Məhkəmə qərarları › İş №1(100)-400/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-400/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-400/2022 14.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibləri X8, X12 və X9, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və ədliyyə müşaviri X13, zərərçəkmiş Zərərçəkmiş şəxs, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X4 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı Şəmkir rayonunun Qədimqala kəndində yerləşən evin yaxınlığında Novruz bayramı tonqalı təşkil edən zaman onunla eyni küçədə yaşayan Zərərçəkmiş şəxs yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qarşılıqlı olaraq bir-birilərinin paltarlarından tutaraq dartışmış və həmin vaxt Təqsirləndirilən şəxs yerə yıxılmış, hadisə yerində olmuş Şahid1 və Şahid2 dərhal onları bir-birindən aralamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında nalayiq ifadələr işlətməsindən əsəbiləşərək qisas almaq niyyətilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və ayağa qalxaraq yaşadığı evə gedib mətbəx bıçağını götürərək geri qayıtmış və Zərərçəkmiş şəxs yaxınlaşıb əlindəki soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəxt bıçağı ilə qəsdən 4 dəfə zərbə vuraraq ona döş qəfəsinin ön səthinin sol yarısının İİ-İİİ qabırğaarası nahiyədən döş boşluğuna keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş həyat üçün təhlükəli olan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran 01(bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarəti, sol bazunun yuxarı üçdə birinin bayır səthinin və sol bazunun yuxarı üçdə birinin bayır səthinin və orta üçdə birinin iç səthinin 3(üç) ədəd sağlamlığa yüngül zərər vuran həm ayrı-ayrılıqda, həm də birlikdə deşilmişkəsilmiş yara xəsarətləri yetirmiş, həmin vaxt hadisə yerində olmuş Şahid1 onu çiynindən tutub kənara çəkmiş, sonradan hadisə yerinə gəlmiş Şahid3 Təqsirləndirilən şəxs əlindən bıçağı alaraq onun cinayətkar niyyətini başa çatdırmasına mane olduğundan, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan edilmiş Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsi ilə deyil, Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddasi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 21 mart 2022-ci il tarixdə axşam saat 20 radələrində arvadı Aysel və anası Məhəbbətlə birlikdə Ayselin dayısıgilin evlərinə qonaq gedib orada biraz spirtli içki qəbul etmiş və saat 22 radələrində evlərinə qayıtmışdır. Evə qayıtdıqdan sonra qonşuluqda yaşayan Röyalgilə getmiş, orada 5-10 dəqiqə oturandan sonra Elnur, İzzət və Röyalla birlikdə tonqal qalamaq üçün küçəyə çıxmış və küçədə oturmaq üçün masa hazırlamışlar. Onlar birlikdə stol arxasında əyləşən zaman Röyal sərxoş olduğundan söyüş söymüş, o da Röyala “söyüşlə danışmayaq, hamımızın anası-bacısı var, heç kimi narahat etməyək” demiş, lakin Röyal yenidən söyüş söymüşdür. Bundan sonra o, Röyalı kənara çəkərək onunla dalaşmış, bu zaman Elnur və İzzət onları ayırmışdır. Həmin vaxt Röyalın əlində boş araq şüşəsi olduğuna görə o, Röyalın onu vuracağını fikirləşərək evə gedib mətbəx bıçağını götürmüşdür. Onun bıçağı götürməkdə məqsədi Röyalı vurmaq olmamış, Röyalın onu vuracağından ehtiyat edib onu qorxutmaq üçün götürmüşdür. Röyal əlindəki şüşəni havada oynada-oynada onun üstünə gələndə o, təpiklə vurub onun əlindəki şüşəni yerə salmış, sonra əlindəki bıçaqla özünü qorumaq istəmişdir. Həmin vaxt bıçağın Röyala dəydiyini hiss etməmiş, Röyal sinəsini tutub arxaya gedib aşağı oturanda və onun köynəyində qan görəndə bıçağın ona dəydiyini bilmişdir. Bundan sonra bıçağı yanındakı qum təpəsinin üzərinə atmışdır. Anası Şahid3 küçəyə çıxıb ondan Röyalı vurubvurmadığını soruşmuş, o da vurmadığını bildirmişdir. O, özü polis şöbəsinə gedib könüllü təslim olmuşdur. Bundan başqa o, ifadəsində Röyalla dalaşanda Elnurun onları ayırmadığını, Elnur Röyala kömək edəndə artıq aralandıqlarını, Elnurun ondan bıçağı Röyalın köynəyini kəsmək üçün aldığını, Elnur Röyalın köynəyini kəsdikdən sonra bıçağı götürüb qum təpəsinin üzərinə atdığını və Röyalı öldürmək niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən təxminən 1 həftə əvvəl, saat 23 radələrində işdən qayıdıb Elminin yaşadığı evin qarşısından keçərkən Elmi avtomobilin qarşısını kəsib axşam saat 23-dən sonra heç kimin onların evinin qarşısından keçə bilməyəcəyini, evdə ailəsinin narahat olduğunu demiş və buna görə aralarında mübahisə olmuşdur. 21 mart 2022-ci il tarixdə Elnur, İzzət və Elmi ilə birlikdə küçədə tonqal yandırmaq üçün Elmigilin evinin yaxınlığına gedib orada oturub söhbət edən zaman Elmi nalayiq ifadələr işlədərək birdə bu küçədə heç kimin avtomobilini evinin qarşısında görmək istəmədiyini demiş və buna görə Elmi ilə aralarında mübahisə yaranmışdır. Elmi söhbət etmək üçün onu kənara çəkmiş və onlar mübahisə edib dalaşan zaman İzzət və Elnur onları ayırmışlar. Onlar birbirinin ünvanına söyüş söydükdən sonra Elmi evə getmiş, o da Elminin bıçaq götürəcəyini təxmin elədiyindən əlinə boş araq şüşəsi almışdır. Elmi yaşadıqları evin darvazasından çıxıb onun üzərinə getmiş, o, əlindəki şüşə ilə Elmini vurmaq istəyəndə şüşə əlindən düşmüşdür. Elmi evlərindən götürdüyü bıçaqla ona dörd zərbə endirmiş, Elnurla İzzət araya girdikləri üçün dayanmışdır. İzzət bıçağın ona dəyəcəyindən qorxub kənara çəkilsə də Elnur aradan çəkilməmiş, Elmini tutub kənara çəkmişdir. Elminin ona vurduğu ilk 3 zərbə qoluna, 4-cü zərbə isə ürəyinə dəymiş, o, sinəsini tutub arxaya gedərək darvazaya söykənib huşunu itirmişdir. Həmin vaxt Elminin anası və qardaşı gəlmiş, anası Elmiyə “onu vurma, məni vur” demişdir. Eyni zamanda o, Elminin anasının ona niyə elə dediyini bilmədiyini qeyd etmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs onun müalicəsi üçün 800 manat məbləğində pul verdiyini bildirmiş və ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 mart 2022-ci il tarixdə Röyalgilin evlərində oturub yeyib-içdikdən sonra Elmigilin evlərinin yanına tonqal yandırmağa getmişlər. Həmin vaxt Röyalla Elminin sözləri çəp gəlmiş və onlar kənara çəkilib dalaşmışlar. O, Elnurla birlikdə onları ayırmaq üçün yanlarına getdikdə Röyal və Elminin yerə yıxılı vəziyyətdə bir-birilərini vurduqlarını görmüşlər. Onları ayırdıqdan sonra Elmi “gözləyin, onu saxlayın, gəlirəm” deyib evlərinə tərəf qaçmış, həmin vaxt onlar Röyalı oradan uzaqlaşdırmağa çalışsalar da o, oradan uzaqlaşmamışdır. Elmi evdən qayıdanda onun əlində nəsə olduğunu bilmiş, lakin bıçaq olacağını düşünməmişlər. Röyal Elminin əlində nəsə olduğunu görüb əlinə boş araq şüşəsi alaraq onu Elmiyə tərəf atmış, lakin şüşə dəmirə dəyərək qırılmışdır. Elmi Röyalın üzərinə gedəndə o, Elnurla birlikdə Elminin önünə keçmiş, Elmi “buraxın, onu öldürəcəm” demiş, Elmi bıçağı Röyala tərəf hərəkət etdirəndə bıçağın onlara dəyəcəyindən qorxub oradan çəkilmişlər. Elmi Röyala dörd dəfə zərbə endirmiş, zərbələrin təsirindən Röyal arxaya gedib darvazaya söykənərək oturmuşdur. 3-5 dəqiqə sonra Elminin anası küçəyə çıxaraq Elminin əlindən bıçağı alıb “onu vurma, məni vur” demişdir. Sonra Elminin qardaşı Nicat təcili tibbi yardım çağırmış, Elnur da Röyalın köynəyini cıraraq yarasının üzərinə tutmuşdur. Bundan başqa o, Elminin anası onun tutanda Elminin dartınaraq “buraxın, onu öldürəcəm” dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 mart 2022-ci il tarixdə axşam saat 19 radələrində Röyal, Röyalın qardaşı Xəyal, həmkəndilisi Elcan və qonşusu İzzətlə birlikdə Röyalgildə yemək yeyib spirtli içki içdikdən sonra saat 23 radələrində Elmi Röyalgilin yaşadığı evə gəlib onu çağıranda Röyal küçəyə çıxıb Elmini də evə dəvət etmiş və birlikdə yeyib-içdikdən sonra Elmi, Röyal və İzzətlə birlikdə tonqal yandırmaq üçün Elmigilin evlərinin qarşısına getmişlər. Orada söhbət edən zaman Röyal sərxoş olduğu üçün yüksək səslə nalayiq ifadələr işlədib, söyüşlər söymüş, Elmi də Röyalın problem yaradacağını deyib onu evə yola salmalarını istəmişdir. Daha sonra Elmi və Röyal sonuncunun evindən təxminən 60-70 metr kənara çəkilib dalaşmışlar, o İzzətlə birlikə onları ayırmaq üçün onların yanına getmiş və Elmi ilə Röyalın yerdə yıxılı vəziyyətdə bir-birlərini vurduqlarını görmüşdür. Onları ayırdıqdan sonra Elmi evlərinə tərəf getmiş, Röyal da nalayiq ifadələrlə Elmini söymüş, onlar Röyalı oradan uzaqlaşdırmağa çalışsalar da o, getməmiş və əlinə boş araq şüşəsi almışdır. Sonra Elmi darvazadan küçəyə çıxıb Röyala tərəf gələndə Röyal Elmiyə “nədi ə bıçaqmı gətirməyə getmişdin, mənimi vuracaqsan, gəl görüm vura bilirsənmi” deyib şüşə ilə Elmini vurmaq istəyəndə Elmi təpiklə Röyalın əlinə vurub şüşəni yerə salmış və belinə qoyduğu bıçağı çıxarıb üç dəfə Röyalın sol qolu və sinə nahiyəsinə zərbə endirmişdir. Elmi Röyala dördüncü zərbəni vurduqdan sonra o, Elmini tutub kənara çəkmişdir. Bir neçə dəqiqə sonra Elmi sakitləşəndə anası küçəyə çıxıb Elminin əlində bıçaq olduğunu görüb ondan Röyalı vurubvurmadığını soruşmuş, Elmi də vurmadığını deyəndə anası “onu vurma, məni vur” deyib bıçağı ondan almışdır. O, Röyalın sinəsindən qan gəldiyini görüb özünün gətirdiyi bıçaqla onun köynəyini kəsib yarasının üstünə tutmuş, sonra Elminin qardaşı Nicat təcili tibbi yardım çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 mart 2022-ci il tarixdə saat təxminən saat 19 radələrində oğlu Elmi və gəlini Aysel ilə birlikdə Ayselin dayısı Adilgilin evinə qonaq getmişlər. Orada Elmi tanışları ilə birlikdə bir qədər spirtli içki içmişdir. Təxminən 23 radələrində evlərin qayıtdıqdan sonra Elmi küçədə dostları ilə tonqal qalayacaqlarını deyib küçəyə çıxmışdır. Elmi evdən küçəyə stol çıxarmış, o da meyvə hazırlayıb küçəyə çıxarması üçün Elnura vermişdir. Təxminən yarım saat keçdikdən sonra səs-küy gəldiyini, kiminsə “ay yengə oğlun kimləsə dalaşır” dediyini eşidib küçəyə çıxdıqda Elminin əlində bıçaq darvazanın qarşısında olduğunu, Röyalın darvazaya söykənikli vəziyyətdə qışqırdığını, Elnur və İzzətin tonqalın yanında olduqlarını görmüşdür. O, Elmidən Röyalı vurub-vurmadığını soruşmuş, Elmi də vurmadığını deyəndə o, Elminin Röyalı vuracağından qorxub “onu vurma məni vur” deyərək bıçağı Elminin əlindən alıb evin həyətində olan qum təpəsinin yanına atmışdır. Sonra oğlu Nicat Röyalı xəstəxanaya aparmaq üçün təcili tibbi yardım avtomobili çağırmış, Elmi də təslim olmaq üçün polis bölməsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin İB-nin baş müstəntiqi X18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən X22 hadisədən sonra könüllü olaraq piyada Şəmkir RPŞ-ə gedərək təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin sahə rəisi X14 şahid X18 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilən “hadisə yerinin baxışının aparılması haqqında” 22 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Şəmkir rayonu, Qədimqala kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında baş vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd qara rəngli dəstəyi olan mətbəx bıçağını təqdim etmiş və həmin bıçaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin 24 iyun 2022-ci il tarixli 410/139 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki ruhi (psixi) xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, psix fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: 1. praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilərdi. 3. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X5 24 mart 2022-ci il tarixli, 638 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən, onun bədənində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ön səthinin sol yarısının 2-ci, 3-cü qabırğaarası nahiyədən döş boşluğuna keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun yuxarı üçdə birinin bayır səthinin və orta üçdə birinin iç səthinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 4 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 21 mart 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarısının 2-ci, 3-cü qabırğaarası nahiyədən döş boşluğuna keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərbə vurmaya aiddir, sol bazununyuxarı üçdə birinin bayır səthinin və orta üçdə birinin iç səthinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları isə həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər . Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X5 məhkəmə-tibbi kriminalistik ekspertizasının 05 avqust 2022-ci il tarixli 16/782/783 saylı rəyindən görünür ki, İ.-Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İİ. - Tədqiqata təqdim olunan gödəkcənin üzərində olan 04 ədəd “a”, “b”, “c” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş gödəkçənin üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 11. 06. 2022-ci il tarixli 638 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş gödəkçənin üzərində olan zədələr müqayisə edildi və müəyyən olmuşdur ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthinin sol yarısının ll-lll qabırğaarsı nahiyyədən döş boşluğuna keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş, bir ədəd deşilmiş kəsilmiş yarası, sol bazunun yuxarı üçdə birinin bayır səthinin və orta üçdə birinin iç səthinin 3 ədəd deşilmiş - kəsilmiş yaralan” xəsarətləri ilə gödəkçənin üzərində olan “a” və “b” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və yuxarıda qeyd edilən xəsarətlər üst-üstə düşür. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin X17 21 iyul 2022-ci 16/781 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyasının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyasının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi və götürmə aparılması haqqında” 28 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli üzərində “NİKE” yazılmış kişi qış gödəkçəsi baxış keçirilərək götürülmüş, baxış zamanı həmin gödəkçənin üzərində, sinə və çiyin nahiyyəsində ümumilikdə üç ədəd zədə və qanabənzərləkələr vardır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəmkir rayon Məhkəməsinin 23 mart 2022-ci il tarixli 4(076)-43/2022 nömrəli qərarı ilə onun barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən zərəçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə tədqiq edilən Şəmkir rayon X1 Polikinika Şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikanın narkoloji və psixiatrik kabietində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir rayonu Qədim qala kənd İƏD üzər nümayəndəliyinin xx.xx.2022-ci il gtarixli, 280 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası X6, anası Şahid3, bacısı X19, qardaşları Şahid4 və X15 ilə birlikdə Şəmkir rayonu Qədimqala kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Medalının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” və Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmədə tədqiq edilən xəstəlik haqqında şəhadətnamədən görünü ki, Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsi zamanı döş qəfəsinin sol, ön divarının yumşaq toxumalarının plevra boşluğuna nüfuz etməyən, dəlib keçən güllə yarası almışdır. Məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi barədə“ 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş üzərində “JEANS, Bilionairi” sözləri yazılmış göy rəngli cins şalvar və göy rəngli uzunqol qış jaketi, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli üzərində “NİKE” yazılmış kişi qış gödəkçəsi və cinayətin aləti olan dəstəyi qara rəngli plasmas materialdan olan, ümumi uzunluğu 233 mm təşkil edən bıçaq iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CM-nın 29, 120.1-ci maddəsi ilə təqsirli bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, onu qorxutmaq istədiyini, Zərərçəkmiş şəxs vurandan sonra bıçağın onun əlindən kiminsə almadığını, bıçağı özünün atdığını və onları Elnur Aslanlının ayırmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, eləcə də xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, eləcə də məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər X3, Şahid1 və Şahid2 ifadələri, ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs söyüş söydüyü üçün evdən götürdüyü bıçaqla cəzalandırmaq istədiyini, onları anası Şahid3 və əmisi oğlu Şahid1 ayırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ona bıçaqla dörd zərbə endirdikdən sonra Şahid2lə Şahid1 araya girdikləri üçün dayandığını və Şahid1 Təqsirləndirilən şəxs belindən tutub kənara çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxsla birinci dəfə mübahisə etdikdən sonra Təqsirləndirilən şəxs “gözləyin, onu saxlayın, gəlirəm” deyib evlərinə tərəf qaçdığını, sonra əlində bıçaqla qayıtdığını, Zərərçəkmiş şəxs onu əlindəki boş butulka ilə vurmaq istəyən zaman butulkanın dəmirə dəyərək qırıldığını, Röyalın ona xəsarət yetirmədiyini, Şahid1la birlikdə araya girərək onları ayırmağa çalışdıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs “buraxın, onu öldürəcəm” dediyini, eyni zamanda Şahid3 Təqsirləndirilən şəxs qabağına keçən zaman Təqsirləndirilən şəxs dartınaraq “buraxın, onu öldürəcəm” dediyini bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs vurduğu dördüncü zərbədən sonra Təqsirləndirilən şəxs belindən tutub onu ayırmaq məqsədi ilə kənara çəkdiyini, hadisədən 3-5 dəqiqə sonra küçəyə çıxmış Şahid3 “onu vurma, məni vur” deyərək oğlu Təqsirləndirilən şəxs əlindən bıçağı aldığını bildirmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində hadisə vaxtı səs-küy eşidib küçəyə çıxdıqda Elminin əlində bıçaq darvazanın qarşısında olduğunu, Röyalın darvazaya sökənikli vəziyyətdə qışqırdığını görüb, bıçağı Elminin əlindən alıb evin həyətində olan qumun yanına ataraq “onu vurma, məni vur” dediyini bildirmişdir. Yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin məhkəmədə qeyri-səmimilik göstərərək özünü müdafiə xarakterli ifadə verməsini bir daha təsdiq edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə edilərək göstərilmişdir ki, qəsdən adam öldürmə işlərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin həmin qərarda göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin həyatı üçün təhlükə yarada biləcək mühüm orqanına xəsarət yetirməsi və yetirilmiş xəsarətlərin sayının çoxluğu təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrumetmə məqsədinin olmasını birmənalı olaraq təsdiq edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini cinayət təqibi orqanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasının yuxarı həddi 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhdudlaşdırıldığından, həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin edilə biləcək cəzanın yuxarı həddi 10 (on) il 6 (altı) aydan artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun müalicəsi üçün 800 manat məbləğində pul vermişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 və X10 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra Şəmkir RPŞ-ə gedərək könüllü təslim olmuşdur. Məhəmkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü təslim olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qisminin ödənilməsi CM-nin 59.1.14-cü maddəsinə əsasən, İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Füzuli rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsi, həmçinin müharibə zamanı güllə yarası almasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 9-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 60-cı maddəsində göstərilən əsaslar olduqda başa çatmış cinayətlərə görə cəza təyin edilərkən bu müddət müvafiq maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq olmayan müddətlə məhdudlaşmalı, cinayət etməyə cəhdə görə isə dörddə üçün dörddə üçündən çox olmayan müddətə bərabər olmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3 və 60-cı maddələrinə, eləcədə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına əsasən hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 120.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni 14 (on dörd) ilin dörddə üçünün dörddə üçündən yəni, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəmkir rayon Məhkəməsinin 23 mart 2022-ci il tarixli 4(076)-43/2022 nömrəli qərarı ilə onun barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 mart 2022ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut qismində tanınıb Şəmkir rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş üzərində “JEANS, Bilionairi” sözləri yazılmış göy rəngli cins şalvar və göy rəngli uzunqol qış jaketi ounn yaxın qohumlarına, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli üzərində “NİKE” yazılmış kişi qış gödəkçəsi onun özünə qaytarılmalı, imtina edildikdə məhv edilməli, cinayətin aləti olan dəstəyi qara rəngli plasmas materialdan olan, ümumi uzunluğu 233 mm təşkil edən bıçaq məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 127 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) il 10 (on) ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 22 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınıb Şəmkir rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş üzərində “JEANS, Bilionairi” sözləri yazılmış göy rəngli cins şalvar və göy rəngli uzunqol qış jaketi onun yaxın qohumlarına, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli üzərində “NİKE” yazılmış kişi qış gödəkçəsi onun özünə qaytarılsın, imtina edildikdə məhv edilsin, cinayətin aləti olan dəstəyi qara rəngli plasmas materialdan olan, ümumi uzunluğu 233 mm təşkil edən bıçaq istifadəyə yararsız olduğundan məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 127 manat 80 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar