Məhkəmə qərarları › İş №1(100)-400/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-400/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-400/2025 14.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəl məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, D.Qorqud küçəsi ev 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixdə, saat 20:22 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2107” markalı ** CR *** qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə Şəmkir rayonu istiqmətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin yükün xüsusiyyətləri və vəziyyəti nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş 50 km/saat sürətlə idarəetməli olduğu məhdudiyyətindən çox olmayan sürətlə idarə etməli olduğu halda Qanunun qeyd edilən tələblərinə riayət etmədən nəqliyyat vasitəsini 70/80 km/ saat sürətlə idarə edib yol hərəkət qaydalarını pozaraq Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə Məmmədqasım Əliyev küçələrinin kəsişməsində yerləşən işıqforda sola dönmə əməliyyatını həyata keçirən Şahid1 idarə etdiyi 11 MMZ-4502 markalı ** BB *** qeydiyyat nömrə nişanlı avtombilin sağ yan hissəsi ilə toqquşaraq ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan olan sərnişin X2 təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beynin, uzunsov beynin beyincik mədəciklərinə və beyin toxumasına qansızma, başın yumşaq toxumalarına sol gcgah təpə nahiyyələrində qansızma, boyun çənəaltı nahiyyənin qançırları, sol said nahiyyəsinin sıyrığı ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, mərhum Mehdi onun dostu olmuşdur. Nəqliyyat vasitəsini idarəetmə hüququ yoxdur. xx.xx.2023-cü ildə o dostu Çingizlə görüşmüş, Çingizlə birlikdə Mehdini də götürüb gəzməyə getməyi qərara almışlar. Mehdini yaşadığı evdən çağırdıqda O, öz avtomobilini çölə çıxartmış, avtonəqliyyat vasitəsini Mehdi yorğun və xəstə olduğunu dediyi üçün özü idarə etmişdir. Mehdi ön sərnişin yerində, Çingiz isə arxa oturacaqda oturmuşdur. Bir müddət şəhərdə gəzdikdən sonra Mehdi dayısının yaşadığı Məhsəti qəsəbəsinə getməyi dediyi üçün avtomobili həmin istiqamətdə sürmüş, sürəti təxminən 70-80 km/saat olmuşdur. Nizami Gəncəvi prospekti ilə, Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən işıqfora çatmamış, qarşıdan hərəkətdə olan yük avtomobili onun hərəkətdə olduğu sol zolağa çıxdığı üçün əyləci basıb maşını sol tərəfə istiqamətləndirməyə çalışsa da, avtomobilinin sağ ön hissəsi yük maşının təkəri arxa təkəri ilə toqquşmuşdur. Hadisədən sonra özündə olmamış, xəstəxanada ayılmış və Mehdinin vəfat etdiyini öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisədən və etdiyi əməldən peşmandır. Sürəti çox olduğu üçün avtomobili dayandıra bilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Hadisədən sonra özünün də səhhətində problemlər yaranmış, çəliklə yeriyir, ayağında mil vardır. Zərərçəkmişin hüquqi varisi ondan şikayətçi olmasa da özünü mənəvi cəhətdən borclu və günahkar hesab edir. Dostunun onun törətdiyi hadisə nəticəsində vəfat etməsi isə ona həddən artıq pis təsir etmişdir. Cavan olmasını və əməlindən peşmanlığı nəzərə alıb ona yüngül cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 göstərmişdir ki, mərhum Mehdi onun doğma övladı olmuşdur. Hadisədə iştirak edən avtomobili mərhum oğlu etibarnamə ilə satın almışdır və sürücülük vəsiqəsi ilə idarə etmişdir. Hadisə günü xx.xx.2023-cü ildə Mehdi naxoş olduğu üçün evdə olmuş axşamüstü onu dostları çölə çağırmıdır. Oğluna getməməsini desə də, Mehdi dayısıgilə gedəcəyini deyib öz avtomobili ilə evdən çıxmışdır. Təxminən 1 saat sonra ona oğlunun dostları ilə qəzaya düşməsini demişlər, xəstəxanaya getdikdə isə oğlunun artıq vəfat etdiyini öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisə ehtiyatsızlıqdan baş verdiyi üçün təqsirləndirilən şəxs də oğlunun dostu olduğu üçün heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsla barışmış, O və ailə üzvləri ona dəymiş ziyanı ödəmişlər. Onun da cavan olmasını nəzərə alıb, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini və tutulmamasını xahiş edir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən şəxs Zohrab Hüseynovla eyniməzmunlu ifadə verərək göstərmişdir ki, O Zöhrab və mərhum Mehdi dost olmuş, günlərini bir yerdə keçirtmişlər. Hadisə günü xx.xx.2023-cü ildə təxminən saat 20 radələrində Zöhrabla görüşmüş, onlar Mehdini də çağırıb biryerdə gəzməyə getmiş, maşını Zöhrab sürmüşdür. Bir müddət şəhərdə gəzdikdən sonra Mehdi dayısıgilə getmək istədiyini dediyi üçün onlar Məhsəti qəsəbəsinə tərəf getmişlər. “Azpetrol” YDM-in qarşısındakı işıqfora çatmamış yaşıl işıq olduğunu gördüyü üçün Zöhrab maşının sürətini azaltmamışdır. Qəfil onların hərəkət zolağına yük maşını çıxmış, qəzadan yayınmaq üçün Zöhrab tormoz versə də avtomobil sürüşüb yük maşınına dəymişdir. O, sürücünün arxasındakı sərnişin yerində olduğu üçün hadisə vaxtı xəsarət almasa da bərk qorxmuşdur. Sonradan digər sürücü və ətrafdakı şəxslər köməklik edib onları maşından çıxartmış, xəstəxanaya aparmış. Orada Mehdinin öldüyünü, Zöhrabın xəsarət aldığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞBPİ DYPŞ-nin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Gəncə şəhər Nizami prospekti ilə “Ramada Plaza” oteli istiqamətdə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi, avtomobillərin toqquşduğunu görmüşdür. Vaz 2107 markalı avtomobildə olan sərnişin və sürücü xəstəxanaya aparılmış, “Zil” markalı avtomobilin sürücüsünü sərxoşluq müayinəsindən keçirmişlər. Sonradan isə hadisənin “Vaz 2107” markalı avotmobilin yüksək sürətlə idarə edilməsi, həmçinin “Zil” markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi nəticəsində baş verməsini öyrənmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə ŞPBİ Təhlükəsiz Şəhər Xidmətindən təqdim edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Gəncə şəhəri Nizami prospekti “Azpetrol” YDM-nin qarşısıdır. Hadisədən əvvəl “Zil” markalı yük avtomobili Yeni Gəncə dairəsi istiqamətində hərəkət edib “Azpetrol” YDM-nin qarşısındakı işıqforda hərəkətini dayandırmadan sola dönmə manevri edir, avtomobilin təxminən 1/3 hissəsi əks hərəkət zolağına keçdikdən sonra M.Əliyev küçəsi istiqamətində dayanır, qısa müddət. Təxminən 2-3 saniyə sonra isə N.Gəncəvi prospketi ilə Şəmkir rayonu istiqamətində hərəkətdə olan “Vaz 2107” markalı avtomobil əyləci işə düşdükdən sonra sol tərəfə istiqamətlənərək “Zil -130” markalı avtomobilin sağ arxa tərəfi ilə toqquşur. Hadisə vaxtı ağ rəngli 1 ədəd “X14” markalı və 2 (iki) ədəd ağ rəngli “Vaz 2107” markalı avtomobilin sürət yarışı keçirtməsi, hadisədən sonra Şəmkir rayonu istiqamətində uzun müddət arxa dayanacaq stop işıqlarının yanması müşahidə edilir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli 3468/2023 saylı sərxoşluğun təyini haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, A.Səhhət adına xəstəxanadan Gəncə ŞBPİ-yə saat 22:20-də verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs sağ budun sınığı və təpə nahiyyəsinin əzilmiş-cırılmış yaraları diaqnozu ilə xəstəxanaya daxil olmuş, həmin tarixdə saat 23:15-də verilən məlumata əsasən isə 2004-cü il təvəllüdlü X6 təcili tibbi yardıma qədər yol nəqliyyat hadisəsi nəticəsində baş vermiş ölüm faktı qeydə alınmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə texniki ekspertizanın xx.xx.2024-cü il tarixli 8/1673№li rəyindən görünür ki, Vaz 21074 markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbləri ilə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdıırlması” yol nişanlı ilə 50 km/saat qədər məhdudlaşdırılmış yolda 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması” yol nişanın) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli 1385 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli, 7153№li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə tədqiq edilən BDYPİ-nin Gəncə RQİ TB şöbəsindən xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2-5957/2024 saylı məktubdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə ŞİHB 7 saylı MİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, D.Qorqud küçəsi bina 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü ildə Gəncə şəhər 1 saylı notariat ofisində verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Rəna Qəhrəmanova Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş maddi və mənəci ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilən xx.xx.2024-cü il tarixli tələbanmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdbiri seçilmişdir. İş materiallarına olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 89 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beynin, uzunsov beynin, beyinciyin yumşaq qişalarına, beyincik mədəciklərinə və beyin toxumasına qansızma, başın yumşaq toxumalarına sol gicgah təpə nahiyyələrində qansızma, boyun, çənəaltı nahiyyənin qançırları, sol said nahiyyəsinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər həyatidir - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə səbəb – açıq küt kəllə beyin travaması nəticəsində əmələ gələn baş beynin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması olmuşdur. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol nəqliyyat hadisəsi zamanl əmələ gələ bilərdi. X1 meyitindən götürülmüş qanının məhkəmə kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, yol-nəqliyyat hadisəsi törətmiş “VAZ 2107 minik” markalı ** CR *** dövlət qeydiyyat nömrə nişanlı və “ZİL 130” markalı ** BB *** qeydiyyat nömrə nişanlı avtomobil, hadisənin görüntüləri olan 1 ədəd DVD diks iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işi materiallarından Şahid1 Məhəmmədli oğlunun barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə digər cinayət işi ayrı icraata ayrılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri, digər sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinə uyğudur və o həmin əməli törətməkdə təqsirli bilinib cəzalandırılmaldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan.... şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263- 1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitəsini idaretmə hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində və məhkəmə baxışında öz müdafiəsi üçün hər hansı dəlil gətirmədiyindən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetdiyi üçün iş üzrə əlavə əsaslanma aparılmasını zəruri hesab etmir. Lakin məhkəmə qeyd edir ki, iş materiallarının məhkəmədə tədqiq zamanı iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatların doğru olduğu, hadisədən əvvəl avtonəqliyyat vasitələri 2 ədəd ağ rəngli “Vaz 2107” markalı və bir ədəd ağ rəngli dövlət nömrə nişanı müəyyən edilə bilməyən “Vaz Priora” markalı avtomobillərin işıqfora qədər və sonra sürət yarışı keçirtməsi, qeyd edilən avtomobillərin qəza baş verdikdən sonra Gəncə şəhəri Nizami prospekti ilə Şəmkir rayonu istiqamətində yolda uzun müddət əyləcə basaraq hərəkət sürətinin azaldaraq avtomobillərin bir neçə saniyə arxa dayanma “stop” işıq siqnallarının yanması, uzaqlaşmaları müəyyən edilmişdir. Məhkəmə həmin xüsusatın əlavə araşdırma aparılması üçün Gəncə şəhər prokuroruna göndəriləcəyi, eləcə də iş üzrə ibtidai istintaqı aparmış müstəntiq tərəfindən yol verilmiş kobud pozuntularla bağlı mövqeyini ifadə edəcəyindən həmin hissədə hökmdə əlavə qeydlər aparılmasını zəruri hesab etmir. Məhkəmə qeyd edir ki, işin məhkəmə baxışında qeyd edilən, yuxarıda göstərilən xüsusat, yəni hadisə anının qeydə alınan görüntüləri hazırki iş üzrə təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifinə təsir etməsə də, iş üzrə qarşı tərəf yəni “Zil” markalı yük avtombilinin sürücüsü, hazırki iş üzrə şahid olan Şahid1 hərəkətləri ilə bağlı barəsində olan cinayət işi zamanı ibtidai araşdırma yaxud məhkəmə tərəfindən əlavə (yaxud təkrar) məhkəmə yol nəqliyyat ekspertizası keçirilməsi məqsədəmüvafiqdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12, dəymiş ziyanı tam olaraq ödəməsini 59.1.13, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi olmamasını, eləcə də əvvəllər məhkum edilməməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakyterizə edilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-ci maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, (hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əladə edib dəymiş ziyanı tam şəkildə ödəməsini əməlini səmimi etiraf edib peşmanlıq çəkməsini və həmin halların məhkəmə baxışında aşakr müşahidə edilməsi) cəzanı ağırlaşdıran hal olmamasını, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cinayət hadisəsindən sonrakı davranışını və hazırki sağlamlıq vəziyyətini nəzərə alaraq hesab edir ki, şəxsin şəxs islah edilməsi üçün ona təqsirləndirildiyi və məhkəmə baxışında sübuta yetirilmiş maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi qeyd edilən cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti təyin edilməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın orta həddən bir qədər yuxarı təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Odur ki, məhkəmə məsrəfi olan ekspertiza xərci tam həcmdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınan ölmüş zərərçəkmiş şəxsə məxsus Vaz-2107 markalı avtomobil hüquqi varisə qaytarılmalı, “MMZ-4502” markalı ** BB *** qeydiyyat nömrə nişanlı avtomobilin taleyinə isə Şahid1 Məhəmmədli oğlunun barəsində olan cinayət işi üzrə yekun məhkəmə qərarı ilə aydınlıq gətiriləcəyi nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyatda alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasına əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan – “Vaz 2107” markalı ** CR *** qeydiyyat nömrə nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə maddi sübut olan və “MMZ-4502” markalı ** BB *** qeydiyyat nömrə nişanlı avtomobilin taleyinə isə Şahid1 Məhəmmədli oğlunun barəsində olan digər cinayət işi üzrə yekun məhkəmə qərarı ilə aydınlıq gətiriləcəyi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar