Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-407/2022 10.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.2006-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 2-ci döngə, ev 4, mənzil 60-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 16, mənzil ünvanında yaşayan, barəsində "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən Əziz Əliyev adına istirahət parkının kənarında tanışı Zərərçəkmiş şəxs tanışları arasında onun bacısının Camal adlı şəxs ilə sevgi münasibəti yaşaması, bununla da əxlaqi dəyərlərdən uzaq olması barədə həqiqətə uyğun olmayan məlumatlar danışması ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranan mübahisə zəminində Zərərçəkmiş şəxs danışdığı şayələrə haqq qazandıraraq “yaxşı etmişəm demişəm” deyərək bildirməsinə görə qisas hissi ilə üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsi və qarın nahiyələrinə qəsdən vurub ona ayrı-ayrılıqda həyatı üçün təhlükəli olan kəsilmişdeşilmiş yarası xəsarətləri yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhər 14 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil aldığı müddətdə, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində əvvəllər oxuduğu 12 nömrəli orta məktəbdən tanıdığı Amidlə birlikdə Gəncə şəhər Ə.Əliyev adına parkda olarkən nənəsigilin qonşuluğunda yaşayan Ümidi və hazırkı oxuduğu məktəbdə 9-cu sinifədək birlikdə təhsil aldığı Azəri görmüş, həmin vaxt Azər nalayiq sözlə ona müraciət edərək gecə vaxtı parkda nə gəzdiyini soruşmuş, o isə Azərə məhəl qoymamışdır. Bu vaxt Azər, Ümidi kənara çəkib nə isə danışmağa başlamış, Ümid, Azərdən uzaqlaşdıqdan sonra onunla birlikdə yaxınlıqdakı mağazaya getmişlər. Amid isə Azərlə birlikdə harasa getmişdir. Mağazadan çıxarkən o, Ümiddən Azərlə nə danışdıqlarını soruşmuş, Ümid ona Azərin onun bacısı haqqında artıqəksik sözlər danışdığını bildirmişdir. Belə ki, Ümidin sözlərinə əsasən, Azər guya onun bacısının Camal adlı bir şəxslə sevgili olduğunu, ona görə də onun yaxşı oğlan olmadığını demişdir. O isə bərk əsəbləşib Azəri axtarıb tapmağı, həmin söhbətə aydınlıq gətirməyi düşünməyə başlamışdır. Bundan sonra o, Amiddən Azərin mobil nömrəsini istəmiş, Amid ona Azərin mobil nömrəsini “instagram” sosial şəbəkəsinin mesajlar bölməsində yazmış və ondan başqa söhbət olmamasını tələb edərək Azərlə yaxın münasibətdə olduğunu bildirmişdir. O, Amidə bu işə qarışmamasını bildirdikdə aralarında narazılıq yarandığına görə Amid ona göndərdiyi Azərin mobil nömrəsini silmişdir. Bundan sonra o, Azərlə danışmaq və görüşmək üçün Azərin mobil nömrəsini başqa üsullarla axtarmağa başlamışdır. Azərə zəng etmək istəməmiş, düşünmüşdür ki, zəng etsə Azər onun üzərinə dostları ilə gələcək. Ona görə Azəri tək tutmaq istəmişdir. Buna görə də təxminən iki gün Azəri Gülüstan qəsəbəsində axtarsa da tapa bilməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixdə, günorta saatlarında nənəsinin mobil telefonunda özünün “instagram” hesabı ilə Azərin “instagram” hesabının mesajlar bölməsinə yazmış və Azərdən mobil nömrəsini istəmişdir. Azər ona özünün hal-hazırda xatırlamadığı mobil nömrəsini yazdıqdan sonra Azərin mobil nömrəsinə dostu Nihatın mobil telefonunun “whatsapp” nömrəsi vasitəsi ilə zəng etmiş və bacısı haqqında dediyi sözlərlə bağlı danışmışdır. Azər isə elə bir söz demədiyini bildirərək məsələni danmış, lakin axşam saatlarında görüşməyi təklif edərək Ümidi də özü ilə gətirməsini istəmişdir. Bundan sonra o, nənəsinin evinə gedərək mobil telefonu ilə Ümidə zəng etmiş, Ümid özünün hal-hazırda 4 saylı marşrut avtobusunda “Qara” ləqəbli Nihatla birlikdə olduğunu, söhbətə Azər tərəfdən Nicatın da gələcəyini bildirmişdir. Bundan sonra nənəsigildən çıxıb Gülüstan qəsəbəsində olan Ə.Əliyev adına parka getmiş, orada Ümidgili axtarsa da tapa bilməyib evlərinə qayıdıb atasının mobil telefonunun instagram proqramı ilə öz hesabından Ümidə mesaj yazmışdır. Ümid ona Ə.Əliyev parkında onu gözlədiklərini, gəlməsə onun üçün yaxşı olmayacağını, yəni tanışlar arasında pis adla tanınacağını bildirib onu həmin yerə çağırmışdır. O da Azərin onunla söhbətə tək gəlməyəcəyini, başqa şəxsləri də gətirəcəyini düşünərək Azərlə əlbəyaxa dalaşmağın mənasız olduğunu, ona tək gücünün çatmayacağını, yanında gələcək şəxslərin onu təkləyib döyəcəklərini hiss etdiyindən Azəri bıçaqla vurub heyif çıxmaq qərarına gəlmişdir. Çünki onun azyaşlı bacısı haqqında Azərin tanışları arasında yaydığı söz-söhbətləri qəbul edə bilməmişdir. Ona görə evin mətbəx otağından məişətdə istifadə edilən bıçağı götürüb şalvarının kəmərinə keçirtmiş və həmin parka yollanmışdır. Oraya çatdıqda parkda Ümid, Azər, “Qara” ləqəbli Nihat, Amid, Nicat və Seymur, eləcə də tanımadığı bir neçə şəxs olduğunu görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqda Azər onu kənara çəkib aparmış, həmin vaxt orada olan şəxslər onların ardınca gəlmək istədikdə o və Azər həmin şəxslərə and vermişlər ki, kənarda dayansınlar, qarışmasınlar, lakin “Qara” ləqəbli Nihat onlarla gəlmiş və onları barışdırmağa, məsələni həll etməyə çalışmışdır. Həmin vaxt onlar parkın yuxarı tərəfində olan elektrik tənzimləyicinin yanında olmuşlar. O, Azərdən nə üçün bacısı haqqında artıq-əksik danışmasına aydınlıq gətirməsini istədikdə Azər özündən razı şəkildə danışdığı sözlərə haqq qazandırıb yaxşı etdiyini bildirmişdir. O isə əsəbdən titrəmişdir. Həmin vaxt dava etməyin və ya danışmağın mənasız olduğunu dərk edib kəmərindən bıçağı çıxararaq heyif çıxmaq məqsədi ilə Azərin qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, Azər həmin zərbədən qarnını tutub bir qədər aşağı əyilmişdir. O isə elə həmin vaxt oradan qaçıb getmiş, qaçıb uzaqlaşarkən Azər onu geri səsləsə də dayanmamışdır. Evlərinə gedib atasıgilə hadisəni danışmış, atasıgil dərhal xəstəxanaya getmişlər ki, Azərin vəziyyəti ilə maraqlansınlar. Bir qədər sonra atası ona zəng edib bıçağı da götürərək Gəncə şəhər Baş Polis İdarəsinə gəlməsini istəmiş, o da Azərə xəsarət yetirdiyi bıçağı götürüb qeyd edilən yerə gəlmiş və bıçağı təqdim etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisəni törətdiyi vaxt çox həyəcanlı olduğundan Azərə bir bıçaq zərbəsi vurduğu xatirində qalmış, ancaq Azərin bədənində iki bıçaq zərbəsi olduğuna görə hər iki bıçağı da özü vurduğunu düşünür, çünki orda başqa şəxs olmamışdır ki, Azəri bıçaqla vursun. Bundan başqa ifadəsinə əlavə olaraq Azərlə barışdığını, onun müalicəsilə bağlı bütün xərclərin ailəsi tərəfindən ödənildiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Qırıxlı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi yeni yaşayış massivində ünvansız fərdi yaşayış evində anası və qardaşı ilə birlikdə yaşayır, təhsil almır, ara-sıra fəhləlik edir. 2021-ci ilədək Gəncə şəhər 14 nömrəli tam orta məktəbin 9-cu sinfinədək oxumuş, 9-cu sinifdən məktəbi tərk etmişdir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, Süleyman və bacısı Nüşabə ilə 14 nömrəli orta məktəbin 7-ci sinfindən 9-cu sinfinədək sinif yoldaşı olmuş, münasibətləri həmişə normal olmuşdur. 2021-ci ilin yay aylarında idman yoldaşı olmuş Ümid və sinif yoldaşı olmuş Nicatla birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Ə.Əliyev adına parkda olarkən həmin vaxt oraya Süleyman gəlmişdir. Süleyman gəlib hələ yanlarına çatmamış Ümid Süleymanın haqqında onların yanında gülərək “peysər” gəlir deyə bildirmişdir. Həmin vaxt o, Ümiddən nə üçün Süleymanın haqqında belə bir söz işlətdiyini soruşanda Ümid, Süleymanın bacısı Nüşabənin oğlanlarla danışdığını, yaxşı qız olmadığını, ona görə də Süleymanın barəsində həmin sözü işlətdiyini bildirmişdir. O isə Süleyman və bacısının onun sinif yoldaşı olduqlarını, Süleyman və bacısı Nüşabəni yaxşı biri kimi tanıdığını deyib Ümidə iradını bildirmiş, bu sözləri isə Süleyman eşitməmişdir. Bundan xeyli vaxt sonra, yəni 2022-ci ilin aprel ayının sonlarında, məlum hadisədən təxminən 3 gün əvvəl Süleyman, Amit adlı şəxs, Ümid və o, Ə.Əliyev adına parkda olarkən o, Ümidi keçmiş sinif yolaşı Süleymanın yanında görüb Ümidi kənara çəkmiş və Süleymandan nə üçün barəsində artıq-əksik danışdığı Süleymanın yanında olmasını soruşmuş, Ümid isə başqa bir şəxsin Süleymanın barəsində elə söz dediyinə görə özünün də həmin şəxsə uyub Süleymanın haqqında elə danışdığını, əslində isə yanıldığını bildirmişdir. Bundan sonra o, Amitlə birlikdə oradan çıxıb getmişdir. Ümid də Süleymana qoşulub harasa getmişdir. Bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində onun mobil telefonunun “instagram” sosial şəbəkəsində olan mesajlar bölməsinə tanımadığı bir şəxsdən adının Süleyman olması, Camal adlı tanışını da götürüb Göygöl rayonuna gəlməyini istəməsi barədə mesaj gəlmişdir. O həmin şəxsə mesaj yazıb kim olması barədə sual verdikdə həmin şəxs keçmiş sinif yoldaşı Süleyman olmasını bildirmiş və ondan mobil nömrəni istəmişdir. O, Süleymana mobil nömrəni yazdıqdan bir qədər sonra onun mobil telefonunun «whatsapp» proqramına tanımadığı mobil nömrədən Süleyman zəng vurmuş və ondan nə üçün bacısı Nüşabə haqqında artıq-əksik danışdığını soruşmuşdur. O isə belə bir söz işlətmədiyini bildirib Süleymandan bu sözü kimin dediyini soruşmuş, Süleyman da tanışı Ümidin dediyini bildirmişdir. O, Süleymana bir daha belə bir söz demədiyini söyləsə də Süleyman onunla görüşmək istədiyini bildirmişdir. O da Süleymana görüşməkdə problem olmadığını, sadəcə işi ilə bağlı axşam saatlarında görüşə biləcəyini demişdir. Həmin vaxt Süleyman axşam saatlarında onu Ə.Əliyev adına parkda gözləyəcəyini bildirmiş, həmin gün axşam saatlarında o, tanışı Rəsul və Ayxanla birlikdə Süleymanın dediyi yerə, yəni Ə.Əliyev adına parka getmişdir. Oraya çatanda Ümid, Nicat, “Qara” ləqəbli Nihat, Amit və Seymurun da orada olmasını görüb hamısı ilə görüşmüş, bir yerə yığışmış və məsələ haqqında danışmağa başlamışdır. O, Ümiddən nə üçün onun demədiyi sözü yalandan Süleymana çatdırdığını soruşanda Ümid onun üzünə qarşı “sən deyibsən də, niyə danırsan?” deyə bildirmişdir. O, Ümidə bir daha belə bir söz demədiyini bildirmişdir. Bir qədər sonra oraya həyəcanlı halda Süleyman gəlmişdir. Süleyman gəldikdən sonra ona “bəs sən deyirdin tək gələcəm?” deyə bildirmiş, o da Süleymana yanında gələn uşaqların iş yoldaşları olduqlarını, onu çağıranda onların da məsələdən xəbərdar olub onu tək buraxmadıqlarını bildirmişdir. Süleyman onu çağırıb kənara çəkmiş, həmin vaxt “Qara” ləqəbli Nihat da onlarla gəlmişdir ki, o və Süleymanı barışdırsın. Bu vaxt onların ardınca gələn orada olan uşaqlara and vermişlər ki, kənarda gözləsinlər, onlar da kənarda gözləmişlər. O, Süleyman və Nihat parkın yuxarı hissəsində olan transformatorun yanındakı ağacların yanına keçmişlər. Həmin vaxt saat 22 radələri və hava qaranlıq olmuşdur. Orada Süleyman ondan nə üçün bacısı haqqında artıq-əksik danışdığını soruşmuş, o isə Süleymana bir daha bildirmişdir ki, belə bir söz deməmiş, yalandır, Ümidin uydurmasıdır. Süleyman onların yanına gələrkən əli ilə şalvarının kəmər hissəsini tutduğuna görə o, Süleymanın üzərində bıçaq ola biləcəyini hiss etmişdir. Onlar hadisə yerində olarkən Nihat onu əsassız yerə Göygöl rayonuna görüşə çağırdığına görə Süleymandan ondan üzr istəməsini xahiş etmiş, Süleyman isə üzr istəməyəcəyini bildirmişdir. O həmin vaxt əlini cibinə atıb siqaret çıxartmış, siqareti yandırmaq istəyərkən Süleyman qəflətən görmədiyi alətlə onun qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. O həmin zərbədən azca aşağı əyilən kimi olub əli ilə qarnını tutaraq bir addım geri çəkilmiş, həmin vaxt anidən Süleyman ikinci zərbəni də vurmuş və o aşağı əyili olduğuna görə bıçaq sinə nahiyəsinə dəymiş, həmin vaxt bıçaqla vurulduğunu görmüşdür. Hadisə ani baş vermiş və birinci bıçaq zərbəsi ilə ikinci bıçaq zərbəsi demək olar ki, ard-arda olmuşdur. O, ikinci bıçaq zərbəsindən sonra Süleymanı əli ilə itələmiş və özü də geri çəkilmişdir. Bundan sonra Süleyman oradan qaçıb getmiş, o da uşaqların yanına tərəf qaçmışdır. Bir qədər keçmiş özünü pis hiss etməyə başlamış, huşu getmiş və bir də gözünü xəstəxanada açmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Topalhəsənli kənd orta məktəbinin 10-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs təxminən iki ildən artıqdır ki, tanıyır. Belə ki, Süleymanla qonşuluqda yaşayır, münasibətləri yaxşıdır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs da Süleymanın vasitəsi ilə tanımış, Süleymanla Azərin arası əvvəllər yaxşı olmuş, dost olmuşlar. Azərlə aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. 2022-ci ilin əvvəllərində Azər və Gülüstan qəsəbəsindən tanıdığı Amid ilə Nicat oturub Süleymanın haqqında, Süleymanın bacısı haqqında artıq-əksik danışırlarmış. Həmin söhbət sonradan Süleymanın qulağına çatanda Azərlə aralarında bir neçə dəfə mübahisələri olmuşdur. 2022-ci ilin aprel ayının sonlarında, saat 22 radələrində o və Süleyman birlikdə Gəncə şəhəri, Ə.Əliyev parkının yaxınlığında olarkən Amid və Azərlə rastlaşmışlar. Həmin vaxt Azər onu kənara çağırıb Süleymanın yaxşı oğlan olmadığını bildirmiş və ondan nə üçün Süleymanın yanında olmasını soruşmuşdur. Azər ona bildirmişdir ki, Süleyman bacısına görə yaxşı oğlan deyil, belə ki, Süleymanın bacısı Camal adlı şəxslə sevgili olmuşdur. O da Azəri yola verib, Süleymanın yanına qayıtmışdır. Bundan sonra Süleyman ondan Azərin nə danışdığını təkidlə soruşanda o, Süleymana Azərin dediklərini, yəni Süleymanın bacısı haqqında artıq-əksik danışdığını bildirmiş, Süleyman isə əsəbiləşib bu məsələni həll edəcəyini, aydınlıq gətirəcəyini demişdir. Beləcə onlar sağollaşıb evlərinə getmişlər. Ertəsi gün, günorta saatlarında Süleyman onların evinin qapısına gəlib ona bir-iki nəfər tanışı ilə birlikdə Göygöl rayonuna gedib orada Azərlə görüşməli olduqlarını bildirmiş və ondan birlikdə getməyi xahiş etmişdir. O isə Süleymana əgər Azər oraya gəlsə ona xəbər etməsini, onda gələcəyini bildirmişdir. Bundan sonra Süleyman çıxıb getmişdir. Bir-iki saat sonra Süleyman ona zəng edib Azərin Göygöl rayonuna gəlmədiyini, bacısı haqqında dediklərini boynundan atdığını bildirmişdir. O isə Süleymana “necə ola bilər ki, boynundan atsın, nömrəsini ver Azərlə danışım, bacın haqqında elə danışıb” demişdir. Süleyman ona Azərin mobil nömrəsini verdikdən sonra o, Azərin “whatsapp” nömrəsinə mesaj yazaraq nə üçün Süleymanın bacısı haqqında danışdıqlarını boynundan atdığını soruşmuş, Azər isə ona acıqlı şəkildə axşam parkda gözləmələrini, gələrək söhbət edəcəklərini bildirmişdir. Onlar bundan əvvəl, yəni həmin gün səhər saatlarında Süleymanla danışarkən Süleyman, Azəri tək tutmaq istədiyini bildirmişdir. O da bu barədə Azərin tanışı Nicata demişdir. Azər, Süleymana görə ona mesaj yazanda görüş yeri kimi Əziz Əliyev parkını bildirmiş, beləliklə, danışılıb qərarlaşdırılmışdır ki, axşam parkda görüşsünlər. Həmin gün axşam saatlarında o, “qara” ləqəbli Nihatla görüşəndə Nihata demişdir ki, bir azdan Süleyman və Azərin görüşü olacaq, həmçinin dava olmaması üçün oraya getməyi təklif etmişdir. O və Nihat Ə.Əliyev parkında olarkən Seymur, Amid, Nicat, tanımadığı iki nəfər şəxs, sonradan isə Azər və yanında iki nəfər tanımadığı şəxslər həmin yerə gəlmişlər. Həmin vaxt o, Süleymana mesaj yazıb Süleymanı həmin yerə çağırmış, Süleyman ona atasının evdə olduğunu, ona görə gələ bilməyəcəyini bildirmişdir. O isə qarşı tərəfin çox olduğunu, gəlməsə onu pis tanıyacaqlarını, narahat olmamasını bildirmişdir. Belə ki, o Nihata və özünə arxayın olmuşdur ki, dava-dalaş olmayacaq, qarşısını alacaqlar. Həmin vaxt orada olan uşaqlardan bəziləri “Süleymanı özüm vuracam” deyərək mübahisəni qızışdırmışlar. Bir qədər sonra Süleyman gəlmiş, həmin vaxt o, Seymurla bir qədər kənarda dayanıb söhbət edərkən orada olan təxminən 7-8 nəfərin, o cümlədən Azərin, Süleymanı əhatəyə alıb parkın içərisindən çıxartdıqlarını görmüş, bu vaxt o da Seymurla birgə Azər və Süleymanın arxasınca getmişlər. Parkın çıxışındakı transformatorun yaxınlığında Nihat araya girib Süleyman və Azəri həmin çevrədən çıxartmış, Azər və Süleymanın məsələni özləri həll edəcəklərini bildirib Azər və Süleymanı qaranlıq arxa bir yerə aparmışdır. Onlar isə Azər və Süleymandan kənarda dayanmışlar. Süleyman orada olan şəxslərə Azər və Süleyman tərəfə gəlməmələrini tapşırmış, onlar da kənarda dayanmışlar. Təxminən 1-2 dəqiqə sonra Süleymanın əli ilə Azərin bədəninə iki dəfə vurub qaçmasını görmüş, Azər isə onlar tərəfə gəldikdə görmüşdür ki, Azərin bədəni qandır, xəsarət almışdır. Həmin vaxt Azər, Süleymanın bıçaqla Azəri vurduğunu bildirib uşaqlara tapşırmışdır ki, Süleymanı tutsunlar. Lakin, həmin vaxt Azərin vəziyyəti yaxşı olmadığına görə onlar Azərə köməklik edib yola tərəf çıxartmış, oradan bir avtomobil ilə xəstəxanaya yola salmışlar. Hadisə ilə bağlı gördükləri bunlardan ibarətdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Gəncə şəhəri, Gülüstan qəsəbəsində olan Ə.Əliyev adına parkda tez-tez olur. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində dostları Seymur və Nicatla birlikdə N.Nərimanov prospektində yerləşən “İstiqlal” parkında görüşüb, Ə.Əliyev parkına getmişlər. Həmin vaxt orada “Qara” ləqəbli Nihatla rastlaşmış, bir qədər sonra Azər və Ümid adlı şəxslər də oraya gəlmişlər. Azər onlara Süleymanla görüş təyin etdiklərini və görüşəcəklərini demişdir. Belə ki, Azər onlara məsələnin Süleymanın bacısı ilə bağlı olduğunu bildirmişdir. Həmin vaxt oraya tanımadığı şəxslər də yaxınlaşmış, onlar həmin yerdə yaşayan uşaqlar olmuşlar. Bir qədər keçmiş Süleyman da oraya gəlmişdir. Həmin vaxt Süleyman və Azər onlardan aralaşıb bir qədər kənara çəkilmiş və onlara tərəfə gəlməmələrinə anda vermişlər. Onlar kənarda dayanıb gözləmiş, Azər və Süleyman isə orada olan transformatorun yanına – ağaclar olan tərəfə keçmişlər. Onlar təxminən 3-5 dəqiqə orada dayanıb gözləmiş, olduqları yerdən baxanda isə Azər və Süleymanı görə bilməmişlər. “Qara” ləqəbli Nihat da Azər və Süleymanın yanında olmuşdur. Bir neçə dəqiqə sonra Süleymanın parkın içərisi ilə evləri tərəfə qaçıb getdiyini, Azərin isə qarnını tutub əyilə-əyilə onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt Azər, Süleymanın bıçaqla onu vurub qaçdığını deyərək onu xəstəxayana aparmalarını xahiş etmişdir. Həmin vaxt Azərin əynində açıq rəngli köynək və köynəyin üzərində qan olmuşdur. Onlar Azərin qoluna girib parkın içərisi ilə Azəri binalar olan tərəfə aparmışlar və orada tanımadığı bir şəxs Azəri yoldan keçən avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Həmin vaxt Seymur da Azər və tanımadığı şəxs ilə xəstəxanaya getmişdir. Onları isə Gülüstan qəsəbəsində polis əməkdaşları saxlayıb Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmiş və onlar da valideynləri ilə birlikdə qeyd edilən yerə gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, Gəncə şəhər 14 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Gəncə şəhəri, Gülüstan qəsəbəsində olan “İstiqlal” parkında tez-tez olur. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində dostları Amit və Seymur ilə birlikdə N.Nərimanov prospektində yerləşən “İstiqlal” parkında görüşüb Ə.Əliyev parkına getmişlər. Həmin vaxt orada “Qara” ləqəbli Nihatla rastlaşmışlar. Bir qədər sonra Azər və Ümid adlı şəxslər də oraya gəlmişlər. Azər onlara Süleymanla görüş təyin etdiklərini və görüşəcəklərini bildirmişdir. Belə ki, Azər onlara məsələnin Süleymanın bacısı ilə bağlı olduğunu bildirmiş, həmin vaxt oraya 3-4 nəfər tanımadığı şəxslər də yaxınlaşmışlar. Belə ki, onlar həmin yerdə yaşayan uşaqlar olmuşlar. Bir qədər keçmiş Süleyman da oraya gəlmiş, həmin vaxt Süleyman və Azər onlardan aralaşıb bir qədər kənara çəkilmişlər. Azər və Süleyman onları kənarda dayanmaları barədə and vermişlər. Onlar kənarda dayanıb gözləmiş, Azər və Süleyman isə orada olan ağaclar tərəfə keçmişlər. Onlar, təxminən 3-5 dəqiqə orada dayanıb gözləmişlər. Olduqları yerdən baxanda Azər və Süleymanı görməmişlər. Belə ki, onlar kənarda dayanmış və Azər və Süleymanın olduğu yer bir qədər aralıda olmuşdur. “Qara” ləqəbli Nihat da Azər və Süleymanın yanında olmuşdur. Bir neçə dəqiqə sonra Süleymanın parkın içərisi ilə evləri tərəfə qaçıb getdiyini görmüş, Azər isə qarnını tutub əyilə-əyilə onlar tərəfə gəlmiş, Süleymanın bıçaqla onu vurub qaçdığını deyərək onu xəstəxanaya aparmalarını xahiş etmişdir. Həmin vaxt “Qara” ləqəbli Nihat əli ilə iki dəfə irəli-geri hərəkət etdirməklə onlara Süleymanın Azərə iki bıçaq zərbəsi vurduğunu izah etmişdir. Hadisə vaxtı Azərin əynində açıq rəngli köynək və köynəyin üzərində qan olmuşdur. Onlar Azərin qoluna girib parkın içərisi ilə Azəri binalar olan tərəfə ötürmüş, orada tanımadığı bir şəxs Azəri yoldan keçən avtomobilə əyləşdirib xəstəxanaya aparmışdı. Həmin vaxt o da Azər və tanımadığı şəxs ilə birlikdə xəstəxanaya getmişdir. Gəncə şəhər 3 saylı TTYX-da olarkən polis əməkdaşları onu Gəncə şəhər BPİ-yə dəvət etmiş, o da valideyni ilə birlikdə qeyd edilən yerə gəlmişdir. İş materiallarına əlavə edilmiş "şəxsin könüllü gəlib təqsirini etiraf etməsi haqqında" 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gəlib özünü təqdim etmiş və xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və X5 X10 Gəncə şəhər şöbəsi tərəfindən təqdim edilmiş 16 iyun 2022-ci il tarixli 984 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin və qarının ön səthlərinin daxilə keçən, ağciyərin, bağırsaqların zədələnməsi, hemorragik və plevropulmonal şokla müşayiət olunan kəsilmişdeşilmiş yaraları – deşici-kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcələrinə görə hər iki xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş "Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında" 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" növündə qətimkan tədbiri seçilərək anası X3 himayəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 4517 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 3859 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixoloji ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 131 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. O, yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilərdi. O, özünə qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. O, özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs özündən uydurmağa meylli deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2022-ci il tarixli 402/136 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə ( anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərinə malikdir. O, yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, etdiyi qanunsuz hərəkətin xarakter və mənasını anlaya və dərk edə bilərdi. O, törətdiyi hüquqazidd hərəkətdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuş, həmin halın yaranma səbəblərindən biri zərərçəkmiş şəxslə mübahisəsi ola bilərdi. O özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. O özündən uydurmağa meyilli deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5 “ X10 13 iyul 2022-ci il tarixli, 13 nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi Kooperativ Binalar üzrə Xidmət Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2006-cı il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 19 avqust 2022-ci il tarixli, 16/961/962 nömrəli məhkəmə ballistik-trasoloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunan qısaqol köynəyin üzərində olan 05 ədəd “a”, “b”, “c”, zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 984 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edilərək müəyyən edilmişdir ki, bədəndə yerləşən “döş qəfəsinin və qarının ön səthlərinin daxilə keçən, ağciyərin, bağırsaqların zədələnməsi, hemorragik və plevropulmonal şokla müşayiət olunan kəsilmiş-deşilmiş yaraları” xəsarətləri ilə köynəyin səthində olan “a”, “b” zədələri yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üstə-üstə düşür. İş materiallarından görünür ki, xx xxxxxxxx 2006-cı il tarixdə doğulmuş Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt, yəni 01 may 2022-ci il tarixdə 15 yaşında olmaqla, yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən isə on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamasını, 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi könüllü gəlib təqsirini boynuna almanı, 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməni nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən, yəni CM-in 126.1-ci maddəsində nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü gəlib təqsirini boynuna almasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 12-ci bəndində isə göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Gəncə şəhər İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol yay köynəyi sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd mətbəx bıçağı yararsız olduğundan məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Gəncə şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol yay köynəyi sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-407/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-407/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver