Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-409/2022 20.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X11 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Bərdə rayonu Mirzəxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mirzəxan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Bərdə rayonu Mirzəxan kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasnın Qanun ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanun İİİ siyahısınа əsasən külli miqdarına, yəni 124 (bir yüz iyirmi dörd) ədəd ümümi təmiz çəkisi 1300 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 22 may 2022-ci il tarixdə saat 16:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı kultivasiya edilmiş külli miqdarda, yəni 124 (bir yüz iyirmi dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri onun Bərdə rayonu Mirzəxan kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X4 məhkəmə iclasında özünü ittiham olunduğu maddə ilə təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Mütəmadi olmasa da 1994-cü il tarixdən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2021-ci ilin avqust ayında Bərdə rayonunda iş tapa bilmədiyi üçün Bakı şəhərinə tikintidə usta işləmək üçün getmiş, lakin daimi yaşayış ünvanı ünvan 3 Ağa adlı şəxs ilə tanış olmuş, Ağa adlı şəxslə bir neçə aydan aralarında səmimi münasibətim yaranmışdır. Ağa adlı şəxs ona çətənə kollarının toxumlarının olmasını bildirdikdə o, həmin toxumlardan götürmüşdür. 2022-ci ilin mart ayının ortalarında yaşadığı Bərdə rayonu, Mirzəxan kəndində qayıdarkən özü ilə çətənə kollarının toxumlarını gətirmiş, həyat yoldaşı Afayətə və övladlarına həmin toxumların xarici sort pomidor toxumları olmasını bildirmişdir. 2022-ci ilin mart ayının ortalarında yaşadığı Bərdə rayonu Mirzəxan kəndində yerləşən fərdi yaşayış evinin həyətində özü ilə gətirdiyi çətənə kollarını əkdikdən sonra Bakı şəhərinə qayıtmışdır. 2022ci ilin aprel ayının sonlarında o, yenidən Mirzəxan kəndində yaşadığı evə qayıtmış və evdə əkdiyi çətənə kollarının diblərini alaqdan təmizləyərək çətənə kollarına peyin vermiş, ev sakinləri isə həmin vaxt onun pomidor əkdiyini düşünmüşlər. Aprel ayının sonlarında narkotik xassəli çətənə kollarına quluq etdikdən sonra yenidən Bakı şəhərinə qayıtmış, 22 may 2022-ci il tarixdə Bakı şəhərindən Bərdə rayonuna yola düşmüş, 23 may 2022-ci il tarixdə Bərdə rayonu Mirzəxan kəndində yerləşən evinə qayıtdıqda gecə saat 4 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Orada üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı saxlanması və gəzdirilməsi qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Hazırda törətmiş olduğu əməldən çox peşmandır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, onun Ağa adlı şəxsdən həmin toxumları götürməsinə səbəb maddi imkanı zəif olmasına görə marixuananı əldə edərək istifadə edə bilməməsi, buna görədə həmin toxumları əkib yetişdikdən sonra onlardan istifadə etmək istəməsi olmuş, Bərdə rayonu, Mirzəxan kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən aşkarlanmış çətənə kolları onun tərəfindən əkilmiş, ev sakinləri narkotik xassəli çətənə kollarının pomidor ştili olmasını bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, 22 may 2022-ci il tarixdə Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti Mərkəzinə məlumat verərək atası Təqsirləndirilən şəxs Bərdə rayonu, Mirzəxan kəndində yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə kollarını əkdiyini bildirmişdir. Şahid1 məlumatı ilə əlaqədar olaraq həmin gün saat 16:00 radələrində onun və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid6, Bərdə RPŞ-nin X2 Baş inspektoru, kriminalist Şahid7 və baş təhqiqatçı Fərid Hüseynov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün yollanmışlar. Təqsirləndirilən şəxs evinin darvazası qarşısına Təqsirləndirilən şəxs arvadı Şahid2 və qızı Şahid1 evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazları olub-olmamaları soruşulmuş, Şahid2 ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olaraq Təqsirləndirilən şəxs qızı Şahid1 və arvadı Şahid2 polis əməkdaşlarına mişar daşlarından tikilmiş evin həyətinin sağ hissəsində meyvə-tərəvəz məhsulları əkdikləri yeri göstərərək narkotik tərkibli bitkilərə orada Təqsirləndirilən şəxs tərəfindən qulluq edilərək əkildiyini demişlər. Həmin narkotik tərkibli bitkilərin toxumlarını 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində əkərək ayda 1-2 dəfə Bakı şəhərindən gələrək quluq etməsini və həmin narkotik tərkibli bitkilərin xarici sort pomidor şitili olmasını ailə üzvlərinə bildirmişdir. Ardınca aqronom Şahid4 həmin kollara baxış keçirmiş, onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, bundan sonra polis əməkdaşları tərəfindən kollar nömrələnmiş, bir-bir gövdələrindən tutularaq çıxarılaraq sayılmış 124 ədəd olması müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkilmiş 1 kq 625 qram çəkidə olması müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəyi bildirilərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı da ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 Şahid5 verdiyi ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzində aparıcı aqronom işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 22 may 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayraq Bərdə rayonu Mirzəxan kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək, onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün saat 16:00 radələrində onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Mirzəxan kəndində yerləşən ünvana yollanmışlar. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra övladı Arzu və arvadı Afayət evin darvazası qarşısına çıxanda onlara Şahid1 Azərbaycan X5 Nazirliyi 102 zəng Mərkəzinə zəng edərək atası Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı verdiyi məlumat görə evə baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra Şahid2 ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs qızı Şahid1 və arvadı Şahid2 polis əməkdaşlarına mişar daşlarından tikilmiş evin həyətinin sağ hissəsində meyvə-tərəvəz məhsulları əkdikləri yeri göstərərək narkotik tərkibli bitkilərə orada Təqsirləndirilən şəxs tərəfindən qulluq edilərək əkdiyini demişlər. Həmin narkotik tərkibli bitkilərin toxumlarını Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində əkərək ayda 1-2 dəfə Bakı şəhərindən gələrək quluq etməsini və Qalib onlara həmin narkotik tərkibli bitkilərin xarici sort pomidor şitili olmasını ailə üzvlərinə bildirmişdir. Ardınca o, həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Ardınca kollar nömrələnmiş, bir-bir gövdələrindən tutularaq çıxarılmış və sayılaraq 124 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkillərək kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Onun atası ilə heç bir düşmənçilyi və ədəvəti yoxdur. O, hal-hazırda Ağdaş rayonu Aral-1 kəndində yaşayır. O, əvvəllər Bərdə rayonu Mirzəxan kəndində yaşamışdır. Təxminən 3 il müddətdir ki, ailə həyatı qurduğu üçün Bərdə rayonundan köçmüşdür. 2022-ci ilin mart ayında “Novruz” bayramı münasibəti ilə Bərdə rayonu Mirzəxan kəndində gəlmişdir. O, təxminən bir həftə qonaq qismində atasıgilin Bərdə rayonu Mirzəxan kəndində yerləşən evində qalmışdır. Atası həmin vaxtı işləmək üçün Bakı şəhərinə getmişdir. 22 may 2022-ci il tarixdə Bərdə rayonu, Mirzəxan kəndində atasına məxsus fərdi yaşayış evində qonaq olarkən həyətə keçdikdə həyətdə çətənə bitkilərini görmüş, çətənə bitkilərini internet, telefon və televizorda gördüyü üçün həmin bitkilərin narkotik tərkibli çətənə kolları olmasını bilmiş, buna görədə o, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verərək atasına məxsus Bərdə rayonu, Mirzəxan kəndində yerləşən fərdi yaşayış evinin həyətində çətənə tərkibli kollar olduğunu bildirmişdir. O, Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə məlumat verdikdən sonra anasının yanına gələrək evin həyətində çətənə kollarının olmasını demiş, anası isə ona həmin çətənə kollarını pomidor ştili olmasını bildirmişdir. O, anasına çətənə kolu olmasını və həmin bitkiləri tandığını bildirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verməsini bildirmişdir. O, məlumat verdik sonra yaşadıqları evin həyətinə polis əməkdaşları gələrək anasının ərizəsi əsasında yaşadıqları evin həyətinə baxış keçirdərək çətənə kollarının aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 verdiyi ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 22 may 2022-ci il tarixli raportdan görünür ki, X8 DİN 102 xidmətinə zəng edərək atası Qalib adlı şəxsin evinin həyətində narkotik maddə əkməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 22 may 2022-ci il tarixli “baxış və götürmə barədə” protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə yaşadığı Bərdə rayonu, Mirzəxan kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş və 124 ədəd çətənə bitkiləri aşkar edilərək, qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 23 may 2022-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzinin aparıcı aqronomu Şahid4 rəyindən görünür ki, Bərdə rayonu, Mirzəxan kəndində yaşamış Təqsirləndirilən şəxs aşkar edilmiş 124 ədəd çətənə kollarına baxış keçirilən zaman bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğu və becərildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyəy Nazirliyinin Məhkəmə Ekspertiza X7 bölməsinin 23 may 2022-ci il tarixli, 16/603 saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Şahid2 Xanlar qızı” yazılar və imzalar olan sintetik kisədəki, sayı 124 (yüz iyirmi dörd) ədəd ümumi təmiz çəkisi 1300 qram bitki nnümumələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Bərdə rayon polis şöbəsinin 30 iyul 2022-ci il tarixli əməliyyat tapşırığına vermilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş çətənə kollarını, həmin kolların bitməsi üçün əkdiyi toxumları əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin kollarını əkibbecərməklə kultivasiyası ilə məşğul olmuş, ancaq digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 22 avqust 2022-ci il tarixli 28-2-2022-307 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 3 avqust 2022-ci il tarixli, 1097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış nаrkоmаniya xəstəliyindən əzаb çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 avqust 2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş ümumi təmiz çəkisi ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1298,76 qram olan 124 ədəd narkotik tərkibli çətənə bitkisi, baxış keçirilməsi istintaq hərəkətini və Şahid2 Xanlar qızı və Şahid1 şahid qismində dindirilən zaman istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 3 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 avqust 2022-ci il tarixli 633 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid2 və 2003-cü il təvəllüdlü qızı Bahar Aslanova, 2006-cı il təvəllüdlü oğlu Şahid3, 2012-ci il təvəllüdlü oğlu Ülvü Aslanzadə, 2013-cü il təvəllüdlü oğlu İsmayıl Aslanzadə, 2017-ci il təvəllüdlü qızı Suzəm Aslanzadə ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 23 may 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan və Bərdə rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 23 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı tam etirafedici ifadələri, şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadəlləri, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, maddi sübutları, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 23 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir.. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş 124 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilməli, 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 18 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 23 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş 124 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilsin, 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-409/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-409/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver