Məhkəmə qərarları › İş №1(100)-409/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-409/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-409/2023 08.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X6 və X4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında xx.xx.1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Təbriz küçəsində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayəçi kimi yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1996-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayəçi kimi yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərə ona görə ittiham elan edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə narkotik vasitə olan külli miqdarda heroinin qanunsuz satışı ilə bağlı şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq qazanc əldə etmək barədə barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 11785 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsin tapşırığına əsasən, satış məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “1941-1945” abidəsinin yaxınlığından götürüb Bakı şəhərinə aparmaq üçün bir ədəd ağ və qara rəngli bazar torbasında olmaqla üzərində saxlayaraq Təqsirləndirilən şəxs2lə birgə eyni məqsəd ilə daşıyarkən Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “Ramada Plaza” adlanan otelin qarşısında saxlanılaraq Təqsirləndirilən şəxs2lə birlikdə ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərlərində şəxsi axtarış keçirilərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlayaraq Təqsirləndirilən şəxs2lə birgə daşıdığı bir ədəd ağ və qara rəngli bazar torbasında olmaqla, ümumilikdə 11785 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin heroin ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə narkotik vasitə olan külli miqdarda heroinin qanunsuz satışı ilə bağlı şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq qazanc əldə etmək barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 11785 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsin tapşırığına əsasən, satış məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “1941-1945” abidəsinin yaxınlığından götürüb Bakı şəhərinə aparmaq üçün bir ədəd ağ və qara rəngli bazar torbasında olmaqla üzərində saxlayaraq Təqsirləndirilən şəxs1la birgə eyni məqsəd ilə daşıyarkən Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “Ramada Plaza” adlanan otelin qarşısında saxlanılaraq Təqsirləndirilən şəxs1la birlikdə ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərlərində şəxsi axtarış keçirilərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib əlində saxlayaraq Təqsirləndirilən şəxs1la birgə daşıdığı bir ədəd ağ və qara rəngli bazar torbasında olmaqla, ümumilikdə 11785 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin heroin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Zaur Qasımov vəsatət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, məhkəməyədək icraat zamanı iş üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuş, Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxslərin müdafiəçiləri X10 və X9 da vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Müdafiəçilər vəsatətlərini onunla əsaslandırmışlar ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə qeyri-müəyyən ittiham verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, vəsatətdə qeyd olunan dəlilləri nəzərə alaraq hesab edir ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittiham elan edilməsi” haqqında 22 aprel 2023-cü il tarixli və 30 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham elan edilərkən “X2 taksi avtombili çağırıb onları həmin narkotik vasitənin qoyulduğu Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “1941-1945” abidəsinin yaxınlığına aparıb müvafiq yeri göstərməklə bağlı köməkçiliyi” sözləri ümumi olaraq qeyd edilmiş, köməkçinin konkret əməlləri (yardım etməyi qabaqcadan vəd edib-etməməsi, motivi, məqsədi, rolu- cinayətin törədilməsi ilə bağlı konkret olaraq hansı məsləhətləri, göstərişləri və ya məlumatları verməklə köməkçi kimi hərəkətlərinin nədən ibarət olması və bunun nəticəsi) qeyd edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən ittiham aktında cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Yol verilmiş həmin qüsurlarla bağlı ibtidai istintaq yekunlaşdıqdan sonra ittiham aktı tərtib edilərkən daha da qabarıq və kobud pozuntulara yol verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittiham elan edilməsi” haqqında 22 aprel 2023-cü il tarixli və 30 iyun 2023-cü il tarixli qərarlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilərkən “X2 taksi avtombili çağırıb onları həmin narkotik vasitənin qoyulduğu Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “1941-1945” abidəsinin yaxınlığına aparıb müvafiq yeri göstərməklə bağlı köməkçiliyi” qeyd edilsə də, ittiham aktının nəticə hissəsində həmin xüsusat ümumiyyətlə qeyd edilməmiş, bununla da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 289.5-ci maddəsinin tələbləri pozularaq ittiham aktının cinayət işi üzrə toplanmış materialları əks etdirmədiyi təsdiq edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 16/1096 nömrəli, 11 sentyabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2...” sözlər və imzalar olan karton qutudakı, 12 (on iki) ədəd üzərində ağ kağız parçalarına müxtəlif çəkilər yazılmış və yapışqanlı lentə sarınmış polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 955 qram, 980 qram, 1020 qram, 960 qram, 1000 qram, 950 qram,1020 qram, 950 qram, 1000 qram, 1005 qram, 975 qram, 970 qram, ümumi təmiz çəkisi 11785 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin ekspert rəyindən göründüyü kimi, şəxsi axtarış zamanı məhz 12 (on iki) ədəd polietilen torbalarda narkotik vasitə olan heroin aşkar edilmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda həmin bükümlər, həmin bükümlərdə olan narkotik vasitə heroinin ayrı-ayrılıqda çəkiləri göstərilməmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Bəxtiyar Qasımov xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində “Ramada Plaza” otelinin yaxınlığında saxlanılmış və xx.xx.2022-ci il tarixdə saat 00:55-dən başlayaraq “şəxsi axtarış və götürmə” istintaq hərəkəti həyata keçirilmiş və Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Lakin təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda onların xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində saxlanılması və şəxsi axtarış aparılması qeyd edilsə də, onların üzərlərində şəxsi axtarışın aparıldığı vaxt göstərilməmiş, Bəxtiyar Qasımovun isə saxlanılması ümumiyyətlə qeyd edilməmişdir. Şübhəli şəxsin üzərindən narkotik vasitənin aşkar edildiyi vaxt həmin cinayət əməlinin başa çatdığı vaxt və cinayətin törədilmə vaxtı hesab olunduğu nəzərə alınarsa, həmin halın ittiham aktında göstərilməməsi Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsində təsbit edilmiş cinayətin törədilmə vaxtının göstərilməli olmasına dair tələbinin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd edilən ittihamın təsvirindəki narkotik vasitə olan heroinin bükümlərinin sayı və ayrı-ayrılıqda çəkiləri ilə bağlı, həmçinin təqsirləndirilən şəxslərin cinayəti törətmə vaxtı ilə bağlı kobud pozuntular ittiham aktının həm nəticəvi hissəsində, həm də təsviri-əsaslandırıcı hissəsində təkrarlanmışdır. Həmçinin qeyd edilən pozuntular “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarlarda, “təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittiham elan edilməsi” haqqında qərarlarda və 02 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda və digər prosessual qərarlarda da öz əksini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərə verilmiş ittiham qeyri-müəyyən olmaqla, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə ayrı-ayrılıqda hansı miqdarda və bükümlərdə narkotik vasitə əldə etməsi, həmçinin onların cinayəti törətmə vaxtı dəqiq göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). Bundan başqa, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində 09 mart 2023-cü il tarixdə həbs qətimkan tədbirinin müddəti uzadılarkən (iş vərəqə: cild 2, səh. 205-209) ibtidai istintaq orqanı tərəfindən onun müqavilə üzrə müdafiəçisinin əvəzinə başqa müdafiəçi ona təqdim edilmiş, məhkəməyə təqdim edilən materiallarla da həmin başqa müdafiəçi tanış edilmiş və həmin müdafiəçi məhkəmədə iştirak etmişdir. Lakin iş materillarına həmin müdafiəçinin orderi əlavə edilməmiş, təqsirləndirlən şəxsin həmin müdafiəçiyə etiraz edib-etməməsi dəqiqləşdirilməmiş və təqsirləndirilən şəxsdən özünün müqavilə üzrə müdafiəçisinin iştirakı olmadan həmin prosessual hərəkətlərin edilməsinə etirazının olub-olmaması soruşulmamış, bununla da ibtidai istintaq orqanı tərəfindən həbsdə olan təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakının əvvəlcədən təmin edilməsi vəzifəsi yerinə yetirilməmiş, nəticədə təqsirləndirilən şəxsin özünün müqavilə üzrə vəkili tərəfindən müdafiə olunmaq kimi mütləq hüququ pozulmuşdur. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və müdafiəçisi cinayət işinin materialları ilə tanış olduqdan sonra verdiyi vəsatətlə bağlı 05 iyul 2023-cü il tarixli “vəsatətin rədd edilməsi” haqqında qərar qəbul edilmiş, həmin qərarın surətinin təqsirləndirilən şəxsə və müdafiəçisinə göndərilməsinə dair rəsmi sənəd əlavə edilsə də, həmin qərarın təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmiş, beləliklə təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin qərardan şikayət vermək imkanından məhrum olmuş və nəticədə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən verilmiş həmin vəsatətdə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonda mövcud olmuş və silinmiş faylların bərpası ilə bağlı kompyuter-texniki ekspertizasının keçirilməsi xahiş edilmiş, lakin həmin vəsatət əsaslandırılmadan təmin edilməməklə də təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 220.3-cü maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz. Bundan başqa, “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi haqqında” 03 iyul 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisinə 05 iyul 2023-cü il tarixdə saat 11:50-də, digər Təqsirləndirilən şəxs1 və müdafiəçisinə isə 05 iyul 2023-cü il tarixdə saat 15:30-da cinayət işinin materialları ilə tanış olmaq hüququ izah edilmiş, bununla da təqsirləndirilən şəxslərin cinayət işinin materialları ilə tanış olması üçün vaxtları əvvəlcədən məhdudlaşdırılmışdır, belə ki, həmin protokollardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 iş materialları ilə tanış olma vaxtı 05 iyul 2023-cü il tarixdə saat 11:50-dən 15:30-dək məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.4-cü maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Lakin təqsirləndirilən şəxslərin cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtları məhdudlaşdırılmaqla onların müdafiə hüququ pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrləöz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Bundan başqa, cinayət işinin materiallarında olan 01 may 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 istintaqdan qaçıb gizləndiyi üçün barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən axtarış elan edilsə də, həmin təqsirləndirilən şəxsin istintaqdan qaçıb gizləndiyini təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərdən başqa, tərtib edilmiş ittiham aktında təqsilrəndirlən şəxslərin özlərinin müdafiəsi üçün gətirdiyi dəlillər ümumi olaraq özlərini təqsirli bilməmə kimi qeyd edilmiş və həmin dəlillərin nədən ibarət olması və hansı sübütlarla təkzib olunması qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham aktında öz əksini tapmalıdır. Bundan başqa, ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadlar səhv əks etdirilmişdir. Belə ki, cinayət işinin 1-ci cildində 190-192-ci vərəqlər ümumiyyətlə yoxdur. Göstərilən vərəqlərin ardıcıl nömrələnməsi ilə bağlı kobud pozuntular nəticə etibarı ilə ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Beləliklə də, hazırki cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin müdafiə hüququ kobud şəkildə pozulmuş, ittiham aktı işin faktiki hallarına uyğun olmamış və müvafiq olaraq həmin Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Zaur Qasımov həmçinin vəsatət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 01 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 299-301, 303 və 306-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti, əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinə uzadılsın. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Elmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar