Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-414/2023 12.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və X2 ibаrət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin böyük məsləhətçisi X3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2006-cı il tarixdə Samux rayonu Fizuli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu Fizuli kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Atatürk prospektində yerləşən köhnə uşaq bağçasının binasında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri Atatürk prospektində yerləşən yaşadıqları köhnə uşaq bağçasının binasındakı qonaq otağında evə gec gəlməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə tanışı Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin sağ və sol nahiyəsinə hər birinə bir dəfə qəsdən zərbə vuraraq deşilmiş-kəsilmiş yarası xəsarətləri ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra cinayətkar niyyətini davam etdirərək sonuncunun döş qəfəsinin arxa səthinə bir dəfə də həmin bıçaqla qəsdən zərbə vuraraq döş qəfəsinin arxa səthində, solda daxilə keçən və hemotoraksla müşahidə olunan bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri Atatürk prospektində yerləşən müvəqqəti yaşadığı köhnə uşaq bağçasının binasındakı evə qayıtmış və evdə atalığı Şahid1, sonuncunun dostu Zərərçəkmiş şəxs1, tanışı Şahid3 və anası Nurlanə Xəlilovanın oturub söhbət etdiklərini görmüşdür. Həmin vaxtı Şahid1 əsəbi halda ondan gecənin bu vaxtı haradan gəldiyini soruşmuş, o isə Zeynala sonuncunun qardaşı Şahid2la birlikdə Samux rayonunda işlədikləri demişdir. Zeynal kiminlə harada işləməsinin ona maraqlı olmadığını, bugünlük evdə qalmasını, sabahdan isə Zaurun evinə köçməsini bildirərək onu camaatın içərisində təhqir etmişdir. O, əsəbiləşib Zeynala onu təhqir etməməsini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 onlara müdaxilə edərək evdə anasının olduğunu və təmkinli olmasını söyləmişdir. Daha sonra Elgün onunla söyüşlə danışmış, o isə sonuncuya və Zeynala səbirli olmalarını bildirərək evdən çıxıb getmişdir. Yolda məktəbin qarşısında Şahid2la rastlaşmış, baş vermiş mübahisəni danışmış, sonuncu qardaşı Zeynaldan mübahisəni ətraflı öyrənmək üçün onunla birlikdə evə qayıtmışdır. Zaur evdə qardaşı Zeynaldan onunla sərt danışmasının səbəbini soruşmuş, sonuncu qardaşı Zaura sərt şəkildə bu məsələnin ailə məsələsi olduğunu bildirərək qarışmamasını məsləhət görmüşdür. O həmin vaxt Zeynala Zaurun məsələyə qarışmasının düzgün olduğunu bildirmiş, Zeynal isə ona sakit dayanmasını dedikdə o, əlini belinə qoymuşdur. Sonuncu onun belində bıçaq gizlətdiyini fikirləşərək onu yüksək səslə yenidən təhqir etmiş, Zaur da buna görə qardaşı Zeynalı çölə çıxartmışdır. O, sonuncuları aralamaq məqsədilə bayıra çıxmaq istəmiş, lakin evdə qapının yanında olduğu vaxt anası Nurlanə mübahisəni davam etdirəcəyini düşünərək onu arxa tərəfdən saxlamışdır. O da kiminsə onu vurmaq istədiyini fikirləşib əlində açıq vəziyyətdə olan bıçaqla anasına ehtiyatsızlıqdan zərbə vurmuşdur. Daha sonra qaranlıq olduğundan Elgünün əlində bıçaqla onun üstünə gəldiyini fikirləşərək sonuncunu itələmək istəmiş, qəfildən burnundan zərbə dəydiyini və qan gəldiyini görüb Elgünə bıçaq zərbəsi endirmiş, sonuncu yerə yıxılandan sonra da ona bıçaqla xəsarət yetirmişdir. Elgün yerdə olan vaxt qışqıraraq Zeynalı səsləmiş, vurulduğunu və köməyə ehtiyacının olduğunu bildirmişdir. Zeynal həmin vaxt bayırda Zaurla mübahisə etmişdir. O, anasına baxmaq istəyən vaxt Elgün yaralı vəziyyətdə evdən qaçıb getmiş, o da sonuncunun arxasınca getmək istəyən zaman səsə yuxudan duran bacısı Şahid4 qarşısında ağlayan vəziyyətdə görüb dayanmışdır. Daha sonra Zeynala anası Nurlanə Xəlilovanın tibbi yardıma ehtiyacı olduğunu və təcili tibbi yardım çağırmasını bildirərək evi tərk etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə təxminən yarım saat davam etmiş, otaqda ondan başqa Şahid3, Şahid2, Şahid1 və sonuncunun dostu Zərərçəkmiş şəxs1 olmuşdur. O, anası Nurlanəyə ehtiyatsızlıqdan, Zərərçəkmiş şəxs1 isə qaranlıq olduğundan sonuncunun onun üstünə bıçaqla gəldiyini zənn edib qəsdən bıçaqla xəsarət yetirmişdir. Üzərində mobil telefon olmadığı üçün anasından ötrü təcili tibbi yardım çağırmasını Zeynala bildirmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmiş və zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o və dostu Şahid3 07 sentyabr 2022-ci tarixdə Zeynal və Nurlanənin müvəqqəti yaşadıqları köhnə uşaq bağçasının binasında olan zaman təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs evə gəlmiş, atalığı Zeynal evə gec gəldiyi üçün Dilqəmə əsəbiləşmiş və ona iradını bildirmiş, daha sonra Dilqəm ilə Zeynal mübahisə etməyə başlamışlar. O, Dilqəmə özünü təmkini aparmasını və anası Nurlanə ilə təmkinlə danışmasını məsləhət görmüş, Dilqəm isə onların səbirli olmalarını bildirərək evdən çıxıb getmişdir. Təxminən yarım saat sonra Dilqəm atalığı Zeynalın qardaşı Şahid2la birlikdə qayıtmış, Zaur qardaşı Zeynaldan Dilqəmə səsini ucaltmasının səbəbini soruşmuş, Zeynal isə bu məsələnin ailə məsələsi olduğunu və qarışmamasını bildirmişdir. Daha sonra Zaurla Zeynal arasında mübahisə böyümüş, mübahisə əsnasında sonuncu Dilqəmin düyməli bıçaq çıxarmasının səsini eşidib bıçağı yığışdırmasını bildirmiş, Zaur isə Zeynalı qucaqlayaraq bayıra çıxartmışdır. Zeynal ilə Dilqəmin dalaşmaması üçün Nurlanə onların önündə dayanmışdır. Daha sonra o, Nurlanənin qışqırıq səsini eşitmiş, evdə süni işıqlandırma olmadığından qaranlıq olmuş, tam görə bilmədiyi üçün Dilqəm onun üstünə gəldikdə sonuncunu kənara itələmiş və əli ehtiyatsızlıqdan Dilqəmin burnuna dəymişdir. Həmin vaxtı Dilqəm ona bıçaqla sağ çiynindən, sol tərəfdən kürək nahiyəndən, sol döş qəfəsinin üstündən və sol tərəfdən ağ ciyərinin üstündən bıçaq zərbələri endirmişdir. O, yaralı vəziyyətdə uşaq bağçasının binasını tərk edərək bağçanın yola tərəf baxan səkisində oturmuş və vəziyyətinin ağırlaşdığını hiss edərək istifadəsində olan mobil nömrə ilə 103 xidmətinə zəng edib təcili tibbi yardım çağırmışdır. Daha sonra dostu Şahid3 çayçıda ona ilk yardım göstərmişdir. Təxminən 10 dəqiqə sonra təcili tibbi yardım gələrək onu və Nurlanəni xəstəxanaya çatdırmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə vaxtı Dilqəm içkili olmuş, o, Dilqəmin üzərində bıçaq olduğunu görməmişdir. X13 barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə təxminən 02 radələrində o, qızı Şahid4, qonaq qismində onlarda qalan Şahid3, qeyri-rəsmi münasibətdə olduğu Şahid1 və yağış yağdığı üçün müvəqqəti onlarda olan sonuncunun dostu Zərərçəkmiş şəxs1la birlikdə çay içib söhbət etmişlər. Bir müddət sonra oğlu Təqsirləndirilən şəxs evə gəlmiş, Zeynal Dilqəmdən bu vaxt haradan gəldiyini soruşmuş, sonuncu Şahid2la birlikdə Samux rayonunda işlədiklərini bildirmişdir. Zeynal Dilqəmə pulsuz çalışırsa Zaurun yanında gedib qalmasını bildirmiş və onlar arasında mübahisə yaranmışdır. Bu zaman Zeynalın dostu Zərərçəkmiş şəxs1 Dilqəmə evdə anasının olduğunu bildirərək ona təmkinli olmağı məsləhət görmüşdür. Daha sonra Dilqəm evdən getmiş, təxminən 10-15 dəqiqədən sonra Zeynalın qardaşı Şahid2la birlikdə qayıtmışdır. Zaur qardaşı Zeynala Dilqəmin onunla birlikdə işləməyə getdiyini bildirib uşağı başqalarının yanında təhqir etməsinin səbəbini soruşmuş, Zeynal isə ailə məsələsi olduğunu bildirərək qarışmamasını məsləhət görmüşdür. Zaurla Zeynal arasında mübahisə böyümüş və sonuncular bayıra çıxan zaman o, mübahisə edib dalaşmaması üçün qapının yanında oğlu Dilqəmi arxa tərəfdən tutub saxlayanda sonuncunun əlində olan bıçaq ehtiyatsızlıqdan ona dəymişdir. Daha sonra o yerə yıxılmış və xəsarət aldığı yerin qanadığını görüb qışqırmağa başlamışdır. Həmin vaxt Elgün ona tərəf gəlmiş, lakin hava qaranlıq olduğu üçün o, oğlu Dilqəmin Elgünü bıçaqla vurduğunu görməmişdir. İfadəsinin davamı olaraq Nurlanə Xəlilova bildirmişdir ki, mübahisə təxminən yarım saat davam etmiş, qaranlıq olduğundan, həmçinin evdə səs-küy olduğunda Elgünün həmin vaxt bıçaqlandığını bilməmişdir. Sonradan öyrənmiş ki mübahisə zamanı oğlu Dilqəm Elgünə bıçaqla zərbələr vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 11 ildir qeyri-rəsmi yaşadığı X7 və sonuncunun uşaqları ilə birlikdə Gəncə şəhəri Dəmir yol Vağzalının yaxınlığında yerləşən fəaliyyət göstərməyən köhnə uşaq bağçasının binasında yaşayırlar. 07 sentyabr 2022-ci il tarixdə təxminən gecə saat 02 radələrində oğulluğu Təqsirləndirilən şəxs evə gəlmiş və o, sonuncudan gecənin bu vaxtında haradan gəldiyini soruşanda Dilqəm ona Samux rayonuna qardaşı Şahid2la birlikdə fərdi əməklə məşğul olmağa getdiyini bildirmişdir. O, işləməsi müqabilində qardaşı Zaurun pul verməməsindən əsəbiləşərək Dilqəmə pulsuz işlədiyinə görə gedib Zaurla birlikdə yaşamasını bildirmişdir. O, Dilqəmə iradını bildirən zaman sonuncu onunla dilləşməyə başlamış, evdə olan dostu Zərərçəkmiş şəxs1 da Dilqəmə təmkinli olmasını və anası Nurlanənin onlarla əyləşdiyini bildirərək kobud danışmamağı məsləhət görmüş, lakin Dilqəm heç nə demədən evi tərk edib getmişdir. Təxminən 20 dəqiqə sonra Dilqəm qardaşı Zaurla gəlmiş, Zaur ona Dilqəmi evdən qovmasının səbəbini soruşmuş, o isə bunların onun ailə işləri olduğunu və qarışmamasını bildirmişdir. Daha sonra o, qardaşı Zaurla bayıra çıxmış, bayırda təxminən 20 dəqiqə mübahisə etdikdən sonra dostu Elgünün evdən qaçaraq çıxdığını, ardınca isə Dilqəmin çıxdığını görmüş, mübahisəni dayandırıb evə gəldikdə Nurlanəni yerdə uzanmış vəziyyətdə və ondan kömək istədiyini görmüşdür. O, həmin vaxt Elgünlə Dilqəm arasında dava düşdüyünü və arada bıçaq xəsarətinin Nurlanəyə də dəydiyini başa düşmüş, həyacanlı şəkildə qışqıraraq təcili tibbi yardım çağırmalarını istəmiş, daha sonra isə Nurlanəni təcili tibbi yardımla xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun böyük qardaşıdır, sonuncu ilə normal münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Zeynal təxminən 6-7 ildir Nurlanə adlı qadınla birlikdə ailə münasibətlərində yaşamışdır. Nurlanənin oğlu Dilqəm onunla təxminən 10 günə yaxın birlikdə işləmişdir. 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 24 radələrində onlar işlərini yekunlaşdırıb Gəncə şəhərinə gəlmiş, o, Dilqəmi evlərinin yanında düşürərək öz evinə getmişdir. Yolda işə sabah gec gedəcəyini Dilqəmə demədiyi və sonuncuya yol pulu vermədiyi yadına düşdüyü üçün piyada geri qayıtmışdır. O, 32 nömrəli tam orta məktəbin yanında Dilqəmlə rastlaşmış və sonuncunun ağladığını görüb nə baş verdiyini soruşanda Dilqəm ona evə gec getdiyinə görə Zeynalın və sonuncunun tanışlarının onu danladıqlarını və ona söyüş söydüklərini bildirmişdir. O, Dilqəmlə birlikdə evlərinə getmiş, evdə Zeynalın, Nurlanənin, Elgün adlı şəxsin və tanımadığı bir nəfər şəxsin olduğunu görüb Zeynala Dilqəmin onunla birlikdə işdə olduğunu deyən zaman qardaşı onunla mübahisə edərək Dilqəmin evə çox gec gəldiyini bildirmişdir. Bu zaman gecə saat 02 radələri olmuşdur. Daha sonra Zeynal ilə Dilqəm mübahisə etmiş, orada olan digər şəxslər də Dilqəmi danlamağa başlamışlar. Dilqəm yenə onlara onun yanından gəldiyini bildirmişdir. Bu zaman mübahisə düşmüş və Zeynal stəkanı Dilqəmə tərəf atmış, lakin stəkan onun baş nahiyəsinə dəymiş, о da Zeynalı sakitləşdirmək üçün çölə çıxartmışdır. Zeynalın əsəbi sakitləşməmiş və Dilqəmi vurmaq istəmişdir. Təxminən iki dəqiqə sonra o, Elgün və digər şəxsin evdən çıxaraq qaçdığını görmüş, ilk əvvəl nə baş verdiyini başa düşməmiş, onların arxasınca Dilqəm də çıxmışdır. Dilqəm ona çıxıb getməyi deyərək aşağı düşmüş, Zeynal qışqırdıqdan sonra, o, içəri geri qayıtmış, Nurlanənin yerdə uzandığını görmüş, Zeynal təcili tibbi yardım çağırmış, o isə Dilqəmlə birlikdə evdən çıxıb getmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, hadisə baş verən zamanı o və qardaşı Zeynal çöldə, Nurlanə, Dilqəm, Elgün və tanımadığı şəxs isə otaqda olmuşlar. Zeynalın atdığı stəkan onun alın nahiyəsindən dəysə də onda gözlə görünən xəsarət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o və dostu Zərərçəkmiş şəxs1 07 sentyabr 2022-ci tarixdə Zeynal və Nurlanənin müvəqqəti yaşadıqları köhnə uşaq bağçasının binasında evdə olan zaman təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs evə gəlmiş, atalığı Zeynal evə gec gəldiyi üçün Dilqəmə əsəbiləşmiş və sonuncuya iradını bildirmiş, daha sonra Dilqəm ilə Zeynal mübahisə etməyə başlamışlar. Elgün həmin vaxt Dilqəmə özünü təmkinli aparmasını məsləhət görmüş, Dilqəm isə onların səbirli olmalarını bildirərək evdən çıxıb getmişdir. Təxminən yarım saat sonra Dilqəm atalığı Zeynalın qardaşı Şahid2la birlikdə gəlmiş, Zaur qardaşı Zeynaldan Dilqəmə səsini ucaltmasının səbəbini soruşmuş, Zeynal isə bu məsələnin ailə məsələsi olduğunu və qarışmamasını bildirmişdir. Daha sonra Zaurla Zeynal arasında mübahisə böyümüş, mübahisə əsnasında sonuncu Dilqəmin düyməli bıçaq çıxarması səsini eşidib bıcağı yığışdırmasını bildirmiş, Zaur isə Zeynalı qucaqlayaraq bayıra çıxartmağa çalışmışdır. Zeynal ilə Dilqəmin dalaşmaması üçün Nurlanə onların önündə dayanmışdır. Həmin vaxt Nurlanə ona bıçaq dəydiyini deyərək yerə çökmüşdür. O, Nurlanəyə sol böyrək tərəfdən bıçağın girdiyini görüb özünü itirmiş, həmin vaxt Elgün də ona bıçaq zərbəsi dəydiyini demişdir. O yaralılara yardım göstərən zaman Dilqəm qaçıb getmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Dilqəm evə gələn vaxt içkili olmuşdur. Dilqəmin üzərində qara ilə göy rəngin qarışığı bıçaq olmuşdur. O, Elgünə çayçıda ilk tibbi yardım göstərmiş, daha sonra isə təcili tibbi yardıma xəbər etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə gecə vaxtı qışqırıq səslərinə oyanaraq anası Nurlanəni və atalığı Zeynalı axtarmış, tapa bilməyib bağçanın həyətinə çıxmış, orada qardaşı Təqsirləndirilən şəxs atalığının dostu Elgün Məmmədvun ardınca qaçdığını görmüş, Dilqəm onu görən zaman dayanmış, qorxmaması üçün onu sakitləşdirib heç bir şey olmadığını demiş, o, anasının və atalığının harada olduğunu soruşduqda Dilqəm sadəcə qorxmamasını bildirib evdən çıxıb getmişdir. O, hadisə barədə atalığından öyrənmiş və xəstəxanaya getmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 1682 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı bədəni üzərində - döş qəfəsinin arxa səthində, solda daxilə keçən və hemotoraksla müşahidə olunan bir ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Bu yara deçici-kəsici əşyanın (alətin) təsiri nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 bədənində qeyd edilən xəsarətlərdən başqa döş qəfəsinin ön səthində sağda və solda, hər birində bir ədəd olmaqla, deşilmiş-kəsilmiş yaralar aşkar olundu, bu xəsarətlər deçici-kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zəzrərvurmaya aid edilirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 1671 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun nahiyəsinin səthi yarası kəsici alətin, burun sümüyünün distal hissəsinin çatı və burun nahiyəsinin üst səthinin qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcəsinə görə burun sümüyünün distal hissəsinin çatı və burun nahiyəsinin üst səthinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, burun nahiyəsinin səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 1672 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarət - bel nahiyyəsinin daxilə keçməyən yarası kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 26 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus köynək üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan X5 və onun özünə məxsus ola bilər. X5 məxsus qısaqol köynək üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs1 və onun özünə məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 228 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdaki fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs özündən uydurmağa meylli deyildir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, törətdiyi hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilərdi. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi emosional halda olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1163/1164 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş köynəyin səthində olan 01 ədəd “a” zədəsi və X4 hadisə zamanı əynində olmuş köynəyin səthində olan 02 ədəd “c”, “d” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetinin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində (Zərərçəkmiş şəxs1 məxsus köynəkdə soldan-sağa və X5 məxsus köynəkdə aşağıdan-yuxarıya doğru istiqamətlənərək) yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetinə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bışağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş köynəyin səthində olan 01 ədəd “b” zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıbcırılma zədəsidir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2022-ci il tarixli, 1682 nömrəli və xx.xx.2022-ci il tarixli, 1672 nömrəli ekspert rəylərində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş köynəyin səthində olan zədələr və X4 hadisə zamanı əynində olmuş köynəyin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, Zərərçəkmiş şəxs1 bədənində yerləşən “döş qəfəsinin ön səthində sağda kəsilmiş-deşilmiş yarası”, X4 bədənində yerləşən “bel nahiyyəsinin daxilə keçməyən yarası” xəsarətləri ilə Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş köynəyin səthində olan 01 ədəd “a” zədəsi və X4 hadisə zamanı əynində olmuş köynəyin səthində olan 01 ədəd “d” zədəsi yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim olunana qədər cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan və “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmiş və bu səbəbdən də cinayət iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncu tutulub istintaqa təhvil verilənədək barəsində olan cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan və “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmiş və bu səbəbdən də cinayət iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər TTYXnın təsərrüfat tibb bacısı Sevda Hüseynovanın təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və X4 əynində olmuş qısaqol ağgöy rənglə xəttli olan köynək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer Gəncə şəhəri, Atatürk ptospektində Dəmir yol Vağzalının yaxınlığında yerləşən fəaliyyət göstərməyən könhə uşaq bağçasının binasıdır. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd yaşıl rəngli bıçaq müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 01:15 radələrində bir nəfər qadının bıçaqlanması, yerdə uzanıb qan içində olması barədə DİNnin 102 xidmətinə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 02:10 radələrində TTYX-dən Zərərçəkmiş şəxs1 kürək nahiyyəsindən kəsilmiş deşilmiş xəsarətlər alması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 02:10 radələrində TTYX-dən X1 qabırğanın alt nahiyyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 5339 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 4891 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X7 oğlu Təqsirləndirilən şəxsla barışmış, onun sonuncudan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs X6 Xəlilovla barışdığı üçün sonuncu barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CM-in 73.2-cü maddəsinə və CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qara rəngli qısaqol yay köynəyi, X4 hadisə zamanı əynində olmuş 1 ədəd ağ-ğöy xəttli rəngdə qısaqol yay köynəyi, Təqsirləndirilən şəxs məxsus bir ədəd cib bıçağı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə qeyd edilən cinayət əməlini törədərkən onun 16 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. CM-in 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həyat və tərbiyə şəraitini, o cümlədən barəsində cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin məsul saxlancında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qara rəngli qısaqol yay köynəyi və X4 hadisə zamanı əynində olmuş 1 ədəd ağ-ğöy xəttli rəngdə qısaqol yay köynəyi sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd cib bıçağı isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin məsul saxlancında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qara rəngli qısaqol yay köynəyi və X4 hadisə zamanı əynində olmuş 1 ədəd ağ-ğöy xəttli rəngdə qısaqol yay köynəyi sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus bir ədəd cib bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-414/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-414/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver