Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-42/2021 28.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-ali təhsilli, subay, tələbə, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 fevral 2020-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanındakı yaşadığı evi istiqamətində avtomaşın yolunu keçib gedən Zərərçəkmiş şəxs arxadan təqib edib ictimai yer olan Gəncə şəhər Mərkəzi Univermağının yanında ona yaxınlaşmış, heç bir əsaslı səbəb olmadan yolu keçən zaman ona tərəf çəp şəkildə baxmasının xoşuna gəlmədiyini bəhanə edərək birgəyaşayış və davranış qaydalarına zidd olaraq onunla uca səslə mübahisə etməsi zamanı ətrafda yaşayan və işləyən insanlara məhəl qoymadan, ictimai asayişi və vətəndaşların normal həyat fəaliyyətini pozaraq, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək sonuncunu arxaya itələyib belindən bıçaq çıxarmış, həmin bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sol dirsək oynağı nahiyəsinə dəri və yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmiş, onları intizama dəvət edərək sakitləşdirməyə çalışan ətrafdakı şəxslərə məhəl qoymadan təkrar həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum çəkib birgə davranış qaydalarına zidd olan hərəkətləri ilə aralarında yaranmış dava-dalaş zamanı xuliqanlıq niyyəti ilə həmin bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs sinəsindən qəsdən vuraraq sonuncuya ürəyin sağ qulaqcığın və perikardın zədələnməsi ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasında ali təhsil alır. 2020-ci ilin yanvar ayının əvvəllərində qış tətili üçün Azərbaycan Respublikasına gəlmişdir. 07 fevral 2020-ci il tarixdə saat 11 radələrində tanışı Zamirlə Gəncə şəhərinin ərazisində vaxt keçirmək üçün görüşərkən planlaşdırmışlar ki, özü, Zamir və İlham, hər üçü birlikdə Bakı şəhərinə əsgər yanına, andiçmə mərasiminə getsinlər. Buna görə həmin gün Zamirlə Gəncə şəhərinin ərazisində bir qədər vaxt keçirdikdən sonra saat 15-16 radələrində sonuncunun yaşadığı evə getmişlər. Bir qədər onların evində oturduqdan sonra saat 19 radələrində Zamirlə birlikdə Gəncə şəhərinin mərkəzinə gəlmişlər ki, orada İlhamla görüşsünlər. Həmin gün onlar üçü Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında görüşmüşlər. Zamir və İlhama evdən telefonunun enerji dolduran cihazını götürəcəyini və ailə üzvlərinə Bakı şəhərinə gedəcəyi ilə bağlı məlumat verəcəyini bildirib onlardan aralanıb minmək üçün 20 nömrəli marşruta yaxınlaşmış, İlham və Zamir isə harasa getmişlər. O, marşruta minərkən 3-4 nəfər tanımadığı oğlanın yolu keçdiklərini, onlardan isə bir nəfər tanımadığı şəxsin, sonradan isə adının Məhəmməd olduğunu bildiyi şəxsin qışqıraraq onu çağırdığını görmüşdür. O, marşruta minməmiş və Məhəmmədin ona tərəf gəlməsini gözləməyə başlamışdır. Məhəmməd ona yaxınlaşıb qolundan tutmuş, özü isə Məhəmməddən onu tanıyıb-tanımadığını soruşmuş, Məhəmməd isə onunla söhbət etmək üçün kənara çəkilmələrini istəmişdir. O, Məhəmmədə etiraz etməmiş və birlikdə univermağın yanındakı küçəyə daxil olub orada dayanmışlar. Həmin vaxt onlar mübahisə etmişlər və səs-küyə ətrafa camaat yığışmışdır. O, yenə də Məhəmməddən onu tanıyıb-tanımamasını soruşmuşdur. Məhəmməd isə bir söz demədən haradansa bıçaq çıxararaq birinci dəfə sinəsindən, daha sonra isə sol ayağından vurmuş, bundan sonra yerə yıxılmış, yerə yıxılandan sonra ayağının qanadığını və yerdə bıçaq olduğunu görmüşdür. Üzərində bıçaq olmadığından yerdən bıçağı götürüb, Məhəmmədin üzərinə gedərək Məhəmmədi bıçaqla vurmuşdur. Bundan başqa ifadəsində hadisə vaxtı özünün də ağır xəsarət aldığını, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq tam ödədiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirərək Türkiyədə ali təhsil aldığını, ailə həyatı qurduğunu, atasının onlardan ayrılaraq Rusiyada yaşamasına görə anası, bacısı və yoldaşından ibarət ailəyə özünün baxdığını əlavə edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə DAU-nun tələbəsidir. 07 fevral 2020-ci il tarixdə saat 20 radələrində qardaşı Hüseynin işlədiyi “Moskva” marketdən Gəncə şəhəri İcra Hakimiyyətinin qarşısındakı parka gəlib univermağın qarşısından avtomobil yolunu digər tərəfə keçərkən sağ və solda avtomobillərin olub-olmamasına baxmışdır. Həmin vaxt avtobus dayanacağında, evlərinə gedən küçənin üstündə bir neçə nəfər şəxsin, yəni, cavan oğlanların da dayandıqlarını görmüşdür. Onlar da ona tərəf baxmışlar. O, həmin şəxslərə fikir vermədən univermağın arxa tərəfində yerləşən evinə getmək üçün univermağın yanındakı küçəyə daxil olub getməyə başlamışdır. Həmin küçə ilə təxminən 50 metr irəliləmişdir ki, arxadan kiminsə “ay qaqaş, dayan” deyərək kiminsə onu çağırdığını eşitmişdir. O, arxaya baxanda avtobus dayanacağında gördüyü şəxsin arxasınca gəldiyini görmüşdür. Həmin şəxs ona əli ilə işarə edərək gözləməsini istəmişdir. O, nə baş verdiyini öyrənmək üçün yerində dayanmış, həmin şəxs isə ona çataraq kobud halda nə üçün yolu keçərkən ona baxdığını soruşub baxışlarının onun xoşuna gəlmədiyini demişdir. O isə, ona izah etməyə çalışmışdır ki, ona baxmamışdır. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun sözünü yarımçıq kəsərək əlini belinə atmış, o Elşənin onun üstünə bıçaq çıxaracağını başa düşdüyündən gül mağazasında gül düzəltmək üçün gündəlik istifadə etdiyi bıçağı çıxarmışdır ki, özünü qorusun. Elşən də həmin an belindəki bıçağı çıxarıb onunla mübahisə etməyə başlamış və daha sonra isə bıçağı bir neçə dəfə ona tərəf atmışdır. O da, əlindəki bıçaqla özünü qorumaq, Elşəni qorxutmaq istəmişdir. Birinci Elşən bıçaqla onun qolundan vurmuş, bundan sonra o da bıçaqla Elşənin ayağından vurmuşdur. Bundan sonra yenidən Elşən bıçaqla onun sinə nahiyəsindən vurmuş, cavab olaraq o da Elşəni bıçaqla vurmuşdur. Həmin vaxt artıq ətrafdakı camaat onların başına yığışmış, onları aralamaq istəmişlər. Bundan sonra Elşən ondan aralanıb harasa qaçmağa başlamışdır. O, yarasının ciddi olmadığını fikirləşib oradan qaçaraq evlərinə getmək istəmiş, lakin yolun yarısında başı gicəlləndiyindən yerdə oturmuşdur. Həmin vaxt Əli adlı qonşusu onu digər qonşuları olan Arzu adlı qonşusunun evinə, oradan isə xəstəxanaya aparmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır və Məhəmməd də onlarla eyni evdə yaşayır. Gəncə şəhər ADAU-da təhsil alır. Boş vaxtlarında isə gül satışı mağazasında işləməklə çörəkpulu qazanır. 07 fevral 2020-ci il tarixdə axşam saatlarında qardaşı Məhəmməd ona zəng edərək telefon nömrəsinin balansına pul yükləmək üçün pulunun olmadığını və əgər vardırsa ona pul verməsini xahiş etmişdir. Özü də Məhəmmədə iş yerinə glib pul götürməsini istəmiş, həmin günü saat 20 radələrində Məhəmməd onun iş yerinə gələrək 5-10 dəqiqə onun yanında dayanmış və ondan 20 manat pul alaraq evlərinə getdiyini deyib yanından çıxıb getmişdir. Həmin gün saat 23 radələrində isə özü işdən çıxaraq evə gedərkən qohumlarından kimsə ona zəng edərək Məhəmmədin bıçaqlandığını ona bildirmişdir. Bundan sonra xəstəxanaya getmiş, nə baş verdiyini öyrənməyə çalışmışdır. Həmin gün hadisənin nə üstündə baş verdiyini öyrənə bilməsə də, səhəri gün ona Məhəmməd onun yanından aralanıb evə gedərkən Univermağın yanında tanımadığı şəxsin onun yolunu kəsərək Məhəmmədin baxışlarının xoşuna gəlmədiyini bəhanə edib onunla mübahisə etdiyini, mübahisə zamanı isə hər ikisinin bir-birini bıçaqladığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid5 onun oğludur, oğlu onunla birlikdə eyni evdə yaşayır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Məhəmməd Məhəmmədov onun qonşuluğunda yaşayır. 07 fevral 2020-ci il tarixdə yaşadığı evdə olan zaman saat 20 radələrində Neymətin evdən çıxdığını görmüş, lakin oğlu evdən çıxarkən ona heç bir söz deməmiş, 10-15 dəqiqədən sonra küçədən qadın səsküyünün gəldiyini eşitmişdir. Həmin vaxt da kimsə qapını döyərək küçədə dava olduğunu, Neymətin də xəsarət aldığını bildirmişdir. Özü də nə baş verdiyini öyrənmək üçün tez küçəyə çıxmış və kiminsə Neymətin təcili tibbi yardımla xəstəxanaya aparıldığını demişdir. O, da, dərhal xəstəxanaya getmiş və Neymətin sağ qolunda xəsarət aldığını, tibbi yardım göstərildiyini görmüşdür. Nə baş verdiyini Neymətdən soruşduqda küçəyə çıxarkən təsadüfən Məhəmmədlə hansısa şəxsin dalaşdığını gördüyünü, onları ayırmaq üçün aralarına girərkən təsadüfən qolundan xəsarət aldığını bildirmişdir. Səhəri gün ona evlərinin yaxınılığında, Univermağın yanında Məhəmməd və Elşən adlı şəxs hansısa səbəbdən bir-biriləri ilə dalaşmalarını, mübahisə zamanı isə hər ikisinin bir-birini bıçaqlamalarının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, onunla münasibətləri normal olmuşdur. 07 fevral 2020-ci il tarixində gündüz vaxtı işlərini görüb qurtardıqdan sonra saat 19 radələrində evinə gəlmiş və bir qədər evdə oturduqdan sonra, saat 20 radələrində vaxt keçirmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxarkən isə bir qədər aralıda bir neçə nəfər şəxsin qarşı-qarşıya duraraq mübahisə etdiklərini, onların arasında isə qonşusu Məhəmmədin də olduğunu görmüş, nə baş verdiyini öyrənmək, eləcə də onları sakitləşdirmək üçün yaxınlaşmış, həmin vaxt orada Məhəmmdlə birlikdə bir neçə nəfər şəxsin itələşdiklərini görmüşdür. Ara qarışıq olduğundan onlardan kimin dalaşdığını və ya kimin ayırdığını bilməmiş, lakin özü dəqiq olaraq bilmişdir ki, Məhəmməd kiminləsə mübahisə edir. Həmin vaxt Məhəmməddən başqa orada olan şəxslərdən heç kimi tanımamış, həmçinin onların nə üstündə mübahisə etdiklərini də bilməmişdir. Onların arasına girərək onları aralamaq istəyərkən kiminsə nəsə ilə sağ qolundan vurduğunu hiss etmiş, dərhal kənara çəkilmiş və əynindəki gödəkçəni çıxarıb qoluna baxdıqda qolunun kəsildiyini və qan axdığını görmüş və kimsə onu bıçaqla vurduğunu başa düşmüşdür. Bundan sonra özü gödəkçəni qoluna bağlamış və ətrafında olan şəxslər artıq təcili tibbi yardıma zəng etdiklərini ona bildirmişdilər. O, orada gözləmiş və təcili tibbi yardım maşını gələrək onu xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən Məhəmməd və başqa şəxsin bir-birilərini bıçaqla vurduqlarını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 07 fevral 2020-ci il tarixdə, saat 12 radələrində Elşənlə Gəncə şəhərinin mərkəzində görüşüb onların evlərinə getmişdir ki, Elşən atası ilə görüşsün və oradan da Bakı şəhərinə əsgər yanına getsinlər. Onlar evdə bir qədər olduqdan sonra saat 17 radələrində Elşənlə birlikdə evdən çıxmış və Gəncə şəhərinin mərkəzinə gəlmişlər ki, Elşənin telefonunu sataraq pul əldə etsinlər, eləcə də dostu İlhamdan borca pul alsın və oradan da Bakı şəhərinə getsinlər. Onlar Gəncə şəhərində Mərkəzi Univermağın qarşısında olarkən nə Elşənin, nə də ki, onun şəxsiyyət vəsiqələri üzərilərində olmadığından Elşən hansısa dostundan xahiş etmişdir ki, ona şəxsiyyət vəsiqəsini gətirsin və həmin şəxsiyyət vəsiqəsi ilə də telefonu satsınlar. X2 yanında dostunu gözləyərkən o, Elşəndən aralanıb Şah Abbas məscidinin yanına gəlmiş və İlhamla görüşüb 25 manat borca pul alıb oradan tək Elşənin yanına gəlməyə başlamışdır. Bundan sonra Elşən ondan “Nastalji” kefesinin qarşısına getməsini və şəxsiyyət vəsiqəsi gətirən tanışı ilə görüşüb şəxsiyyət vəsiqəsini həmin tanışından almasını xahiş etmiş, özü isə orada dayanıb onları gözləyəcəyini bildirmişdir. Həmin vaxt Elşən tanımadığı hansısa şəxslə söhbət etmişdir. Bundan əlavə o, Elşənin ona şəxsiyyət vəsiqəsi gətirən tanışını tanımamış, Elşən onun nömrəsini həmin şəxsə vermiş və həmin şəxs ona zəng etməli olmuşdur. O, İlhamla birlikdə “Nastalji” kafesinə tərəf gedərkən Mingəçevir şəhərindən olan Anar adlı tanışı ilə telefon əlaqəsi saxladıqda sonuncu ona borca pul verə biləcəyini dediyi üçün özü Elşənin telefonunu satmaq fikrindən daşınmış və İlhamla birlikdə geri, Elşənin yanına gəlməyə başlamış, keçiddə isə İlham hansısa tanışları ilə görüşüb söhbət etməyə başladığından özü, tək yolu univermağa tərəf keçmişdir. İlham isə onun arxasınca gəlməli olmuşdur. Yolu keçdikdən sonra Univermağın yan tərəfində Elşənin yerə yıxılmış vəziyyətdə olduğunu, ətrafına isə çoxlu sayda insanların toplaşdığını görmüşdür. Bundan sonra özü Elşənə yaxınlaşmış və Elşənin sinəsini tutduğunu, üstünün qan olduğunu görmüş, başa düşmüşdür ki, mübahisə baş vermiş və Elşən vurulmuşdur. O, Elşəni yerdən qaldıraraq ara küçə yaxınlıqda olan taksilərə tərəf aparmağa başlamış, onlar taksiyə mindikdən sonra Gəncə şəhər Beynəlxalq xəstəxanasına gedərkən Elşəndən nə baş verdiyini, nə üçün mübahisə etdiklərini soruşduqda Elşən ona aralarında bir-birilərinə çəp-çəp baxmaq üstündə mübahisə olduğunu bildirmişdir. Bundan sonra Elşənə tibbi yardım göstərməyə başlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Mərkəzi Univermağında gözətçi işlədiyi vaxt 07.02.2020-ci il tarixdə, saat 18-də özü növbəni qəbul etmiş və X1 küçəsinə tərəf olan yanında dayanmışdır. Həmin gün saat 20 radələrində Univermağın yanında dava-dalaşın baş verdiyini, ətrafda olan şəxslərin isə hadisə baş verdiyi yerə yığışdığını görmüşdür. Lakin hava qaranlıq olduğundan orada kimlərin dalaşdıqlarını, dalaşan şəxslərin neçə nəfər olduqlarını, hər hansısa bir əşyadan istifadə edib-etmədiklərini görə bilməmişdir. Həmçinin onlara univermağın kənarından aralaşmaq qadağan olunduğundan özü onlara tərəf gedə bilməmişdir. Həmin şəxslər dalaşmağa başladıqdan təxminən bir dəqiqə sonra bir-birindən aralanıb hərəsi bir istiqamətə qaçmağa başlamışlar. Növbəti gün növbəyə gələrkən baş vermiş hadisə vaxtı iki nəfər şəxsin biri-birini bıçaqladığını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 07 fevral 2020-ci il tarixdə axşam saat 20 radələrində Əli adlı qonşusu ilə çay içmək üçün gedən zaman küçədə Məhəmmədin yerdə oturduğunu və ətrafına qonşuların, qadınların yığışdığını görmüşdür. Məhəmmədin üstünün qan olduğuna görə yaşadığı həyətə aparıldığnı, həm polisə, həm də təcili tibbi yardıma zəng edildiyini, bir qədər sonra isə Məhəmmədin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıldığını bildirmişdir. Həmçinin əlavə etmişdir ki, Məhəmməd evlərinə gedərkən Univermağın yanında mübahisə zamanı bıçaqlandığnı sonradan bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid8 ifadəsilə oxşar məzmunlu ifadə verərək tanışı Zərərçəkmiş şəxs yaşadığı evə getdiyi vaxt Gəncə şəhər Univermağının yanında mübahisə edərkən bıçaqlandığını, lakin hadisənin hansı səbəbdən baş verdiyini, kiminlə mübahisə etdiyini, Məhəmmədin kim tərəfindən bıçaqlandığını bilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “Al çiçəyim” gül mağazasında satıcı işləməklə çörəkpulu qazanıb ailəsini dolandırır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və özü Məhəmmədlə əvvəllər eyni gül salonunda işləmişdir. Daha sonra isə Məhəmməd başqa gül salonlarında işləməyə başlamışdır. Məhəmməd yaşadığı küçədən bir qədər aralı küçədə olan evində yaşayır. 07 fevral 2020-ci il tarixdə axşam saat 20 radələrində digər qonşusu Davudla telefon vasitəsi ilə əlaqə saxlayaraq çay içmək üçün görüşməyi qərarlaşdırmış, buna görə də o, evdən çıxaraq Davudun yaşadığı evə tərəf getməyə başlamışdır. Davudun yaşadığı evin yanına çatarkən isə Məhəmmədin yerdə oturduğunu və ətrafına qonşuların, qadınların yığışdığını görmüşdür. Hadisə baş verdiyini başa düşmüş və Davudu da çölə çağıraraq Məhəmmədə yaxınlaşmışdır. Həmin vaxt Məhəmmədin üstünün qan olduğunu görmüş və onu Davudun yaşadığı həyətə apararaq həm polisə, həm də təcili tibbi yardıma zəng etmişdir. Bir qədər sonra isə Məhəmmədi tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Sonradan Məhəmmədin evlərinə gedərkən Univermağın yanında mübahisə zamanı bıçaqlandığını bilmişdir. Lakin hadisənin nə səbəbdən baş verdiyini, kiminlə mübahisə etdiyini, həmçinin kimin Məhəmmədi bıçaqladığını bilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş 01.04.2020-ci il tarixli 487 saylı canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Yaralardan biri döş qəfəsinin ön səthində solda İV qabırğa səviyyəsində yerləşmişdir, ürəyin sağ qulaqcığının və perikardın zədələnməsi ilə müşayiət olunan, sol tərəfli hemopnevmotoraks və İV dərəcəli hemorragik şokla izlənilən bu yara - daxilə nüfuz edən yaradır və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilr; digər ikinci yara isə sol dirsək oynağı nahiyəsində yerləşir, dəri və yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 07.02.2020-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş 06.04.2020-ci il tarixli 504 saylı canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi: deşici-kəsici yaralardan biri döş qəfəsinin ön səthində sağda, İİ qabırğa səviyyəsində yerləşir, daxilə keçən yaradır, ağciyərin zədələnməsi ilə müşayiət olunur, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; digər ikinci yara sol bud nahiyəsində yerləşir, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 07.02.2020-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsi tərəfindən təqdim edilmiş 04.06.2020-ci il tarixli 16/330 saylı məhkəmə trasoloji ekspertizasına dair rəyindən görünür ki, təqdim olunan poluverin üzərində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspetiza və Pataloji Anatomiya ETT Birliyinin 01.04.2020-ci il tarixli 487 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş poluverin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “birinci yara: döş qəfəsinin sol yarısının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, ikinci yara: sol dirsək nahiyəsində yerləşən, dəri və yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan” xəsarətləri ilə poluverin səthində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni, zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş 04.06.2020-ci il tarixli 16/331 saylı məhkəmə trasoloji ekspertizasına dair rəyindən görünür ki, təqdim olunan poluverin və şalvarın üzərində olan zədə (hər birində bir ədəd olmaqla) bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspetiza və Pataloji Anatomiya ETT Birliyinin 06.04.2020-ci il tarixli 504 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarəti ilə təqdim edilmiş poluverin və şalvarın səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin sağ yarısının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, daxili qanaxması, ağciyərin yarası. Sol budun aşağı 1/3-də bayır tərəfdə 3 sm ölçüdə yara” xəsarəti ilə poluverin və şalvarın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş 12.08.2020-ci il tarixli 16/565 saylı əlavə məhkəmə trasoloji ekspertizasına dair rəyindən görünür ki, təqdim olunan Təqsirləndirilən şəxs əynində olmuş poluverin, şalvarın üzərində olan zədə (hər birində bir ədəd olmaqla) və Zərərçəkmiş şəxs əynində olmuş poluverin üzərində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarlar üzərindəki zədələrdə zədəyaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq eyni bir predmetin və ya müxtəlif predmetlərin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş 19 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə idarəsi Narkoloji dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində Məhəmmədin haradansa bıçaq çıxararaq birinci dəfə sinəsindən, daha sonra isə sol ayağından vurduğunu, bundan sonra yerə yıxıldığını, yerə yıxılandan sonra ayağının qanadığını və yerdə bıçaq gördüyündən bıçağı götürüb, Məhəmmədin üzərinə gedərək Məhəmmədi bıçaqla vurduğunu, hadisə vaxtı üzərində bıçaq olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edir. Məhkəmə tərkibi onun təqsirinin zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs özünün də ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən iki xəsarət almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, tələbə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini, həmin məcəllənin 59.1.13-cü maddəsi isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hadisə zamanı özünün də ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən iki xəsarət almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, tələbə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlancında olan Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd sumağı rəngli kişi koftası və bir ədəd qara rəngli şalvar yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd boz rəngli kişi koftası ona qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 94 (doxsan dörd) manat 50 (əlli) qəpik ekspertiza xərcinin 47 (qırx yeddi) manat 25 (iyirmi beş) qəpik olan hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-cimaddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən, yəni 28 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlancında olan Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd sumağı rəngli kişi koftası və bir ədəd qara rəngli şalvar yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd boz rəngli kişi koftası ona qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 94 (doxsan dörd) manat 50 (əlli) qəpik ekspertiza xərcinin 47 (qırx yeddi) manat 25 (iyirmi beş) qəpik olan hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-42/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-42/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver