Məhkəmə qərarları › İş №1(100)-424/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-424/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-424/2023 06.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Məmmədzadə Mikayıl Maarif oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Goranboy rayonu, Veyisli kəndində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qədili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümündə, təmiz çəkisi 5,727 qram maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxlamış və 10 aprel 2023-cü il tarixdə saat 21:30-da yaşadığı Samux rayonu, Qədili kəndində yerləşən evinin yaxınlığında Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib, daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümündə, təmiz çəkisi 5,727 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki iclaslarında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Belə ki, 10 aprel 2023-cü il tarixdə günorta vaxtı Samux Rayon Polis Şöbəsinin polis əməkdaşları onu Samux rayonu, Qədili kəndində saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin polis əməkdaşları ona fiziki təzyiq göstərmişlər və psixotrop maddə olan metamfetamin göstərərək ona məxsus olduğunu etiraf etməsinə məcbur etmişlər. Həmin psixotrop maddə metamfetaminin ona heç bir aidiyyəti olmamışdır. Lakin polis əməkdaşlarının ona etdiyi fiziki təzyiqlər nəticəsində məcbur olaraq həmin psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etmişdir. O, tutularkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən onun yanında müdafiəçisi iştirak etsə də, müdafiəçisinə polis əməkdaşlarının ona fiziki təzyiqlər etməsini və həmin psixotrop maddə olan metamfetaminin ona məxsus olmamasını bildirməmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən də polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi və həmin psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması barədə bildirməmişdir. Lakin məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs məhkəmədə verdiyi əvvəlki ifadəsini təsdiq etmədiyini bildirərək göstərmişdir ki, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Belə ki, ona elan edilmiş ittihamda göstərilən 5,727 qram psixotrop maddə olan metamfetamin həqiqətən də ona məxus olmuşdur. Həmin maddəni o, tutulmamışdan əvvəl yolun kənarından tapmışdır. Həmçinin onu da bildirir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq göstərilməmiş, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Onun üzərində şəxsi axtarış keçirilən zaman həqiqətən də psixotrop maddə metamfetamin aşkar edilmişdir və həmin maddə ona məxsusdur. Məhkəmənin əvvəlki iclaslarında fərqli ifadələr verməsinin, yəni üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması, onu saxlayan polis əməkdaşlarının ona fiziki təzyiqlər edərək həmin maddənin ona məxsus olmasını etiraf etməsinə məcbur edilməsini bildirməsinin səbəbi bu cür ifadələr verməklə cinayət məsuliyyətindən kənarda qalacağını düşünməsi ilə əlaqədar olmuşdur. Lakin indi başa düşür ki, həqiqəti danışıb, düzgün ifadə vermək daha yaxşıdır. Ona görə də indi hadisəni olduğu kimi danışır. Eyni zamanda bildirir ki, o, tutulmamışdan bir gün əvvəl yaşadığı evdə pilləkəndən yıxılmış və onda qançır kimi zədələr yaranmışdı, o, tutulub Samux Rayon Polis X6 Yerinə daxil olunarkən müayinədən keçdiyi vaxt həmin zədələr aşkar edilməmişdir, çünki həmin zədələrin yarandığı ilkin günlərdə rəngi, izi qalmamışdır, lakin bir neçə günlər keçdikdən sonra yıxılması nəticəsində aldığı həmin zədələrin bənövşəyi rəngdə izləri qalmış və İstintaq Təcridxanasına daxil olunarkən həmin zədələrin bənövşəyi rəngdə izləri göründüyündən müayinə zamanı həmin zədələr aşkar edilmişdir. O, həmin vaxt da qeyd elədiyi zədələri tutulmamışdan əvvəl yaşadığı evdə yıxılması nəticəsində aldığını bildirmişdir. Ona qarşı polis əməkdaşları və ya digər hər hansı şəxslər tərəfindən heç bir fiziki və ya digər təzyiqlər göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. O, hazırki verdiyi etirafedici ifadəsində göstərdiklərini ona qarşı heç bir təsir, təzyiq olmadan bildirir və törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirdiyini göstərərək barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı məhkəmənin əvvəlki iclaslarında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 10 aprel 2023-cü il tarixdə verdiyi izahatında, daha sonra 11 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, bundan sonra isə 12 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmənin əvvəlki iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur. Epizodik olaraq 4-5 il müddətdir ki, narkotik vasitə və psixotrop maddələr istifadə edir. O, narkotik vasitələrin, psixotrop maddələrin aludəçisi deyildir. ***-***-**-** saylı mobil nömrə istifadə edir, həmin mobil nömrə öz adınadır. 10 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Samux rayonu, Qədili kəndinə gələn asfalt yolun kənarında olan zaman həmin yerdən 1 (bir) ədəd bükülü görmüş, bükülünü götürüb diqqətlə baxan zaman həmin bükülünün “patı” olduğunu bilmişdir. Həmin psixotrop maddəni “patı” kimi tanıyır. O, patını götürmüş və üzərində saxlayıb bir müddət sonra atmağı düşünmüşdür. Həmin gün, yəni 10 aprel 2023-cü il tarixdə axşam saat 21:30 radələrində o, Samux rayonu, Qədili kəndində yaşadığı evin yaxınlığında yol kənarında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər və ona demişlər ki, onlarda onun barəsində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı vardır. Bundan sonra ona təklif etmişlər ki, onlarla birlikdə Samux Rayon Polis Şöbəsinə getsin. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Samux Rayon Polis Şöbəsinə getmişdir. RPŞ-nin xidməti otaqlarının birində dəvət edilmiş vəkil X5 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Həmin vaxt ona üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsini təklif etmişlər. O da həmin vaxt üzərində boz rəngli rəngli qış gödəkçəsinin sağ yan cibində 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu deyərək, həmin içində metamfetamin olan bükümü təqdim etmişdir. Həmin psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 5,9 qram olmuşdur. Həmin büküm kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.35, 52-54, 67-69). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, əvvəlcə ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmiş, məhkəmənin sonrakı iclaslarında isə polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsinə dair verdiyi ifadəsini təsdiq etmədiyini, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, ona elan edilmiş ittihamda göstərilən 5,727 qram çəkidə psixotrop maddə metamfetaminin həqiqətən də ona məxsus olduğunu etiraf etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 aprel 2023-cü il tarixdə Samux rayonu, Qədili kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 10 aprel 2023-cü il tarixdə axşam saat 21 radələrində Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Samux rayonu, Qədili kəndinə getmişlər. Təxminən saat 21:30 radələrində Samux rayonu, Qədili kəndinə çatmışlar. Samux rayonu, Qədili kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olması müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də Təqsirləndirilən şəxs Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlar Samux Rayon Polis Şöbəsinə gəlmişlər. Samux RPŞ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofanı çıxarıb təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 5,9 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu yolun kənarından tapdığını bildirmişdir. Sonra protokol tərtib edilmiş, bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər təzyiqlər göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ziddiyyətli ifadələrinin və onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında müayinədən keçərkən yıxılması nəticəsində aldığı xəsarətlərin aşkar olunduğunu bildirməsinə dair göstərdiklərinin araşdırılması ilə bağlı verilmiş vəsatətlər təmin edilmiş və məhkəmə baxışı zamanı əlavə şahidlər dindirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 sanitar hissəsinin həkimi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs göy-bənövşəyi qançır, hematoma aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin zədələri tutulmamışdan bir gün əvvəl yaşadığı evdə pilləkəndə yıxılması nəticəsində aldığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında rəisin növbə üzrə köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında daxil olunmuşdur. Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən tibbi müayinədən keçirilmişdir. Tibbi müayinə zamanı Təqsirləndirilən şəxs göy-bənövşəyi qançır, hematoma aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin zədələri tutulmamışdan bir gün əvvəl, 09 aprel 2023-cü il tarixdə yaşadığı evdə pilləkəndə yıxılması nəticəsində aldığını bildirmişdir. Daha sonra bu barədə akt tərtib edilmiş və imzalanmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında maliyyə bölməsinin böyük inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən tibbi müayinədən keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs göy-bənövşəyi qançır, hematoma aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin zədələri tutulmamışdan bir gün əvvəl, 09 aprel 2023-cü il tarixdə yaşadığı evdə pilləkəndə yıxılması nəticəsində aldığını bildirmişdir. Bu barədə akt tərtib edilərək tərəfindən imzalanmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs göy-bənövşəyi qançır, hematoma aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin zədələri tutulmamışdan bir gün əvvəl yaşadığı evdə pilləkəndə yıxılması nəticəsində aldığını bildirmişdir. Bu barədə akt tərtib edilmiş və tərəfindən imzalanmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Samux rayon X4 X14 tibb bacısı işləyir. Təqsirləndirilən şəxs Samux Rayon Polis X6 Yerinə daxil olunarkən tibbi müayinədən keçmişdir. Tibbi müayinə zamanı Təqsirləndirilən şəxs gözlə görünən hər hansı xəsarət aşkar edilməmişdir, həmçinin Təqsirləndirilən şəxs da onda hər hansı xəsarətlərin olduğunu və ya hər hansı narahatlığının olduğunu deməmişdir. Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında müayinəsi zamanı müəyyən edilmiş zədələrlə bağlı bildirir ki, bədəndə yaranmış zədələr, hematomalar və qançırlar əmələ gəlmə müddətindən asılı olaraq görsənməyə bilər. Yəni, həmin zədələr yarandığı ilkin günlərdə müşahidə edilməyə bilər, lakin bir neçə gün keçdikdən sonra həmin zədələr göyərib bənövşəyi rəng aldığından bir neçə gündən sonra onları müşahidə etmək mümkündür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Samux rayon X4 X14 tibb işçisidir. Təqsirləndirilən şəxs Samux Rayon Polis X6 Yerində tibbi müayinədən keçərkən onda gözlə görünən hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında müayinəsi zamanı müəyyən edilmiş zədələrlə bağlı bildirir ki, bədəndə olan zədələr əmələ gəlmə müddətindən asılı olaraq əksər hallarda yarandığı ilkin günlərdə müşahidə edilmir. Lakin bir neçə gün keçdikdən sonra həmin zədələr göyərib bənövşəyi rəng aldığından bir neçə gündən sonra bu cür zədələri müəyyən etmək mümkündür. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd şəffaf selofan bükümündə ümumi çəkisi 5,9 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, yolun kənarından tapdığını bildirmiş, polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiqə məruz qalmadığını göstərmişdir (iş vərəqə: cild İ, səh.29-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2023-cü il tаriхli, 16/407 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 5,727 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (iş vərəqə: cild İ, səh.36-38). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1115 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkolоji kabinetdə profilaktiki qеydiyyаtа alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 may 2023-cü il tarixli, 266 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur, o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.128-130). Cinayət işinin materiallarına əlavə edilmiş 17 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,327 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Samux rayon Polis Şöbəsində saxlanca verilmiş, bundan başqa şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.134-145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.26). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.79-80). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.111). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 64 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu, Qədili kəndində yaşamış, onun barəsində şikayət xarakterli müraciət daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 107-108). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “matamfetamin psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin psixotrop maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı məhkəmənin əvvəlki iclaslarında Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair Samux Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Samux Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 64-C-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Samux Rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 04 sentyabr 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Həmçinin məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Samux Rayon Polis X6 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X7 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və müayinə zamanı onda tünd bənövşəyi rəngdə qançır, hematoma aşkar olunmuşdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin xəsarəti xx.xx.2023-cü il tarixdə almışdır (cinayət işinin materialları). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki iclaslarında polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilməsi barədə ifadəsində göstərilənləri yoxlamaq məqsədi ilə Təqsirləndirilən şəxs barəsində olan 622 saylı şəxsi işi və 3016/2023/622 saylı Tibb kitabçası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından tələb edilərək götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən Təcridxananın Tibb sanitar hissəsinin həkimi Valeh Bağırov onu müayinə etmiş və müayinə zamanı onda tünd bənövşəyi və göy bənövşəyi qançırlar aşkar edilmişdir, Təqsirləndirilən şəxs deməsinə görə həmin qançırları xx.xx.2023-cü il tarixdə almışdır. 622 saylı şəxsi işin materiallarında olan Təqsirləndirilən şəxs izahatından görünür ki, 2 saylı İstintaq Təcridxanasında onda aşkar edilmiş xəsarətləri tutulmamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Samux rayonunda yaşadığı evdə pilləkəndə yıxılaraq aldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki iclarında ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilməsinə dair göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki iclaslarında göstərdiyi həmin hallar məhkəmə kollegiyası tərəfindən cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırılıb tədqiq edilərkən öz təsdiqini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verdiyi əvvəlki ifadəsini təsdiq etmədiyini, üzərindən aşkar edilmiş 5,727 qram psixotrop maddə olan metamfetaminin həqiqətən də ona məxus olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq göstərilmədiyini bildirmiş, fərqli ifadələr verməsinin səbəbini isə bu cür ifadələr verməklə cinayət məsuliyyətindən kənarda qalacağını düşünməsi ilə əlaqədar olduğunu göstərmiş, eyni zamanda bildirmişdir ki, o, tutulmamışdan bir gün əvvəl yaşadığı evdə pilləkəndən yıxılmış və onda qançır kimi zədələr yaranmış, həmin zədələr yarandığı ilkin vaxtlarda özünü biruzə verməmiş, lakin bir neçə gün sonra o, 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən həmin zədələrin bənövşəyi rəngdə izləri göründüyündən müayinə zamanı həmin zədələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin həm əvvəlki, həm də sonrakı iclaslarında ifadələrində göstərdiyi bütün hallar 2 saylı İstintaq Təcridxanasından məhkəmənin sorğusu əsasında götürülmüş şəxsi işinin materialları ilə, həmçinin məhkəmə iclası zamanı dindirilmiş əlavə şahidlərin ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edilib araşdırılarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqlərin göstərilmədiyi təsdiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Şərif X1 şəxsi işinin materiallarındakı izahatından da görünür ki, onda aşkar edilmiş zədələri tutulmamışdan əvvəl yaşadığı evində pilləkəndə yıxılaraq aldığını göstərmiş və polis əməkdaşları tərəfindən ona hər hansı təzyiqlər edilməsi barədə ümumiyyətlə bildirməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yıxılaraq zədələr alması, həmin zədələrin o, tutulub X10 daxil olunarkən müşahidə edilmədiyi, bir neçə gün keçdikdən sonra İstintaq Təcridxanasına daxil olunarkən həmin zədələr göyərib bənövşəyi rəng aldığından müşahidə edildiyinə dair göstərdiklərini məhkəmə iclasında dindirilmiş əlavə şahidlər də təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin araşdırma başlandığı vaxtdan müdafiəçisinin iştirakı ilə 10 aprel 2023-cü il tarixdə verdiyi izahatında (iş vərəqə: cild İ, səh.35), daha sonra 11 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən (iş vərəqə: cild İ, səh.52-54), həmçinin 12 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində (iş vərəqə: cild İ, səh.67-69) təqsirli bilindiyi cinayət əməlini etiraf etmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini və ya hər hansı başqa etirazını bildirməmişdir. Hətta ibtidai istintaqın sonunda müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etiraz və vəsatətlərinin olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.158), onun üzərində şəxsi axtarış istintaq hərəkəti video çəkilişlə keçirilmiş və bütün prosessual hərəkətlər müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, həmin vaxt hər hansı qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı da məhkəmənin sorğusu əsasında Samux Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində də Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalmasının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki iclaslarında göstərdiyi inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə tamamilə təkzib edilmiş və onun ifadəsində həmin göstərdikləri cinayət məsuliyyətindən yayınmaq üçün həqiqətə uyğun olmayan və heç bir faktla təsdiq olunmayan məlumatlar olduğunu bir daha təsdiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verdiyi etirafedici ifadəsini mötəbər sübut növü kimi qəbul edərək və onun həmin ifadəsi cinayət işinin materialları ilə, iş üzrə istintaq hərəkəti protokolları, maddi sübut, ekspertiza rəyləri, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş videoçəkilişin əks olunduğu disk, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən onun məhkəmədə verdiyi etirafedici ifadəsini sübut növü kimi qəbul edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyıb saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1115 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Samux Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 5,327 qram psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Samux Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 5,327 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Elmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar