Məhkəmə qərarları › İş №1(100)-428/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-428/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-428/2023 16.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında xx.xx.1977-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də yaşıllıq işçisi işləyən, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham elan edilmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 09 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 29-cu və 33-cü maddəsinin 4cü hissəsinin tələblərini pozaraq, yəni dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “İJ” markalı motosikletlə Sadıxlı-Ağstafa avtomobil yolunun Poylu qəsəbəsi ərazisindən keçən hissəsində, Ağstafa şəhəri istiqamətində hərəkətdə olan zaman, həmin yolun 14-cü kilometrliyində, həmin Qanunun 42-ci maddəsinin tələblərinə əsasən, yəni sürücü hərəkətə başlayarkən, yer dəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, sola doğru dönmə əməliyyatı etməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola doğru dönmə əməliyatı etdirməməli olduğu halda, kifayət qədər əsas olmadan hadisənin qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirərək yolun soluna tərəf dönmə əməliyyatı apararkən həmin vaxt onunla eyni istiqamətdə arxadan hərəkət edib onun idarə etdiyi motosikletin sol yan tərəfindən ötmə əməliyyatı edib keçib getmək istəyən sürücü X1 ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi «Hyundai İ30» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 2977 manat maddi ziyan dəyməsinə, idarə etdiyi motosikletdə olan sərnişin X2 başın ağır küt travması, qapalı kəllə-beyin travması, sol alın təpə nahiyyəsində qansızma, sol baldır sümüklərinin açıq qəlpəli sınıqları, sol alın, sağ kürəkaltı nahiyyəsinin sıyrılmış yarası, burnun əsasında əzilmiş yara, burnun sol qanadında sıyrıq kimi dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə, beyinə qansızma və ödem nəticəsində baş vermiş mərkəzi tipli ağciyər-ürək çatışmamazlığı səbəbindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi X6 vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilərək, təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə qeyri-müəyyən ittiham verilmiş, Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, vəsatətdə qeyd olunan dəlilləri nəzərə alaraq hesab edir ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittiham elan olunarkən onun dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “İJ” markalı motosikletlə “Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 29-cu və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “İJ” markalı motosikletlə Sadıxlı-Ağstafa avtomobil yolunun Poylu qəsəbəsi ərazisindən keçən hissəsində, Ağstafa şəhəri istiqamətində hərəkətdə olan zaman, həmin yolun 14-cü kilometrliyində, həmin Qanunun 42-ci maddəsinin tələblərinə əsasən, yəni sürücü hərəkətə başlayarkən, yer dəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, sola doğru dönmə əməliyyatı etməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola doğru dönmə əməliyatı etdirməməli olduğu halda, kifayət qədər əsas olmadan hadisənin qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirərək yolun soluna tərəf dönmə əməliyyatı apararkən həmin vaxt onunla eyni istiqamətdə arxadan hərəkət edib onun idarə idarə etdiyi motosikletin sol yan tərəfindən ötmə əməliyyatı edib keçib getmek istəyən sürücü X1 idarə etdiyi «Hyundai İ30» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 2977 manat maddi ziyan dəyməsinə və idarə etdiyi motosikletdə olan sərnişin X2 ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi göstərilmişdir. İbtidai istintaq orqanı tərəfindən həmin yol-nəqliyyat hadisəsinin məhz Təqsirləndirilən şəxs göstərilən hərəkətləri nəticəsində baş verməsi qənaətinə gəlinərkən cinayət işinin materiallarına əlavə edilmiş “istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İJ” markalı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına, sürücü Təqsirləndirilən şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmasına, sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmasına dair məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 05 may 2023-cü il tarixli, 8/1187 saylı rəyinə istinad edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının həmin rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, istintaq tərəfindən göstərilən, yəni təhlükə yaranan andan “Hyundai İ30” markalı avtomobilin “İJ” markalı motosikletlə aralarında olan 15-20 metr məsafə real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 15-20 metrdən dəfələrlə böyük olmuşdur. İstintaq tərəfindən təhlükə yaranan andan, yəni “Hyundai İ30” markalı avtomobilin “İJ” markalı motosikletlə aralarında olan məsafə real hadisə mexanizminə uyğun olmadığından “Hyundai İ30” markalı avtomobilin sürücüsü Ş.Məmmədovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Həmin rəyin nəticə hissəsində də ekspertiza tədqiqatı ilə bağlı gəlinmiş eyni nəticə göstərilmişdir (iş vərəqə: cild İ, səh.111-114). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının həmin rəyindən göründüyü kimi, istintaq tərəfindən təqdim olunmuş məlumatlar real hadisə mexanizminə uyğun olmamış, yəni baş vermiş hadisənin real mexanizmi ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, daha sonra cinayət işi üzrə təkrar yolnəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və həmin qərar əsasında keçirilmiş təkrar məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 08 iyun 2023-cü il tarixli, 8/1536 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilən məlumatlar, hərəkət üçün təhlükə yaranan anda, yəni “İJ” markalı motosiklet sola istiqamətlənməyə başladığı anda “Hyundai İ30” markalı avtomobil ilə motosiklet arasında 15-20 metr məsafənin olması və təhlükə yaranan andan toqquşma yerinə kimi “İJ” markalı motosikletin 5,4 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafələr müvafiq olaraq 15-20 metrdən və 5,4 metrdən dəfələrlə böyük olmuşdur. İstintaq tərəfindən müəyyən edilən məlumatlar real hadisə mexanizminə uyğun olmadığından “Hyundai İ30” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunan məlumatlar real hadisə mexanizminə uyğun olmadığından qeyd olunan sual üzrə tədqiqat aparılmır (iş vərəqə: cild İ, səh.122-126). Təkrar məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının həmin rəyindən də göründüyü kimi, istintaq tərəfindən təqdim olunmuş məlumatların real hadisə mexanizminə uyğun olmaması təkrar keçirilmiş ekspertiza rəyində bir daha təsdiq edilmişdir. Lakin həmin ekspertiza rəylərində istintaq tərəfindən təqdim olunmuş məlumatların real hadisə mexanizminə uyğun olmamasının hər dəfə təsdiq edilməsinə baxmayaraq, ibtidai istintaqın sonrakı gedişatında həm “İJ” markalı motosikletin, həm də “Hyundai İ30” markalı avtomobilin sürücüsünün hadisənin baş verməsinə görə məsuliyyət daşıyıbdaşımamaları məsələsinə birbaşa təsir edə bilən həmin mübahisəli və ziddiyyətli halın cinayət işinin başqa hər hansı materialları ilə təkzib edilməsinin göstərilməməsi və ya aradan qaldırılmaması, istintaq tərəfindən təqdim olunmuş məlumatların real hadisə mexanizminə uyğun olmaması kimi mübahisəli və ziddiyyətli halın mövcudluğu cinayət işi üzrə toplanmış materialların işin faktiki hallarına uyğun olmaması, təqsirləndirilən şəxsə qeyri-müəyyən ittiham elan olunması, həmçinin ittiham aktının cinayət işi üzrə toplanmış materialları əks etdirməməsi ilə nəticələnmişdir. Bundan başqa, cinayət işi üzrə tərtib edilmiş ittiham aktında məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 05 may 2023-cü il tarixli, 8/1187 saylı rəyinə istinad edilsə də, sonradan təyin edilmiş və yuxarıda göstərilən mübahisəli halların bir daha öz təsdiqini tapdığı təkrar məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 08 iyun 2023-cü il tarixli, 8/1536 saylı rəyi ittiham aktında ümumiyyətlə göstərilməmiş, bununla da ittiham aktının cinayət işi üzrə toplanmış materialları əks etdirməməsinə dair yol verilmiş qüsurlar bir daha təkrarlanmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, yol-nəqliyyat hadisəsi “Hyundai İ30” markalı avtomobillə “İJ” markalı motosikletin toqquşması nəticəsində baş vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizalarının yuxarıda göstərilən həmin rəyləri ilə “İJ” markalı motosikletin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Qanununun tələblərinə uyğunsuzluğun olubolmaması və hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması müəyyən edilsə də, “İJ” markalı motosikletin toqquşduğu “Hyundai İ30” markalı avtomobilin sürücüsünün həmin yol-nəqliyyat hadisəsinin törədilməsində hərəkətlərinin nədən ibarət olması, onun da hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Qanununun tələblərinə uyğunsuzluğun olub-olmaması və hadisənin qarşısını almağa texniki imkanının olubolmaması müəyyən edilməmiş, həmin ekspertiza rəylərində qeyd edilən halların müəyyən edilməsinin mümkün olmamasının səbəbi isə istintaq tərəfindən təqdim olunmuş məlumatların real hadisə mexanizminə uyğun olmaması göstərilmiş, bununla da Cinayət- Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinə əsasən sübut növlərindən olan ekspert rəyində həmin halın göstərilməsi cinayət işinin faktiki hallarının real hadisə mexanizmini əks etdirməməsini təsdiq etməklə yanaşı, iki nəqliyyat vasitəsinin toqquşması və bir nəfər şəxsin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki nəqliyyat vasitəsinin sürücülərinin dəqiq iştirakının nədən ibarət olması, qarşılıqlı təqsirin mövcud olub-olmaması, təqsirləndirilən şəxs kimi cəlb edilmiş şəxsin törədilmiş hadisədə təqsirinin həcmi, hadisənin dəqiq baş vermə üsulu və hadisənin baş vermə mexanizminə aid digər mühüm halların cinayət işi üzrə müəyyən edilmədiyini təsdiq etmiş, bununla da ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu dəqiq müəyyən edilməməklə, verilmiş ittihamın faktiki tərəfi qeyri-dəqiq və natamam olmaqla təqsirləndirilən şəxsin “nədən müdafiə olunmalı olduğunu bilməsinə dair” müdafiə hüququ pozulmaqla yanaşı, eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 289.3.1 və 223.3.2-ci maddələrində ittihamın dəqiq mahiyyətinin göstərilməli olmasına dair tələblərinin də pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən ittiham aktında cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsi — asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CMnin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər”. Həmin qərardan göründüyü kimi, mühərrikinin iş həcmi 50 kub santimetrdən çox olmayan yuxarıda göstərilən nəqliyyat vasitələri Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Cinayət işinin materiallarından, həmçinin təqsirləndirilən şəxsin ittiham aktında göstərilən ifadəsindən görünür ki, iş materiallarında “İj” markalı olduğu göstərilən motosikletin dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi yoxdur, həmçinin təqsirləndirilən şəxsin ittiham aktında göstərilən ifadəsindən görünür ki, motosikleti özü hissələrini toplayaraq yığmışdır. Həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya başqa hər hansı sənədinin olmamasına baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən qeyd olunan motosikletin Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmetinin olub-olmamasını müəyyənləşdirmək üçün onun mühərrikinin iş həcminin müəyyən edilməsinə dair hər hansı dəlil iş materiallarına əlavə edilməmiş, həmin nəqliyyat vasitəsinin mühərrikinin iş həcminin müəyyən edilməsi üçün müvafiq sahədə ekspertiza təyin edilərək ekspertiza rəyinin alınması təmin edilməmiş, bununla da iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin predmeti olub-olmaması müəyyən edilməmiş, beləliklə də təqsirləndirilən şəxsə qeyri-dəqiq və natamam ittiham elan edilməklə onun müdafiə hüququnun pozulmasına dair daha da kobud qüsurlara yol verilmişdir. Qeyd edilən pozuntular “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 iyul 2023-cü il tarixli qərarda (iş vərəqə: cild İ, səh.154-155), 11 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 11 iyul 2023-cü il tarixli qərarda (iş vərəqə: cild İ, səh.142-150) və digər prosessual qərarlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər.” Göstərilənlərdən başqa, cinayət işinin materiallarından və tərtib edilmiş ittiham aktından görünür ki, təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əgər “Hyundai İ30” markalı avtomobilin sürücüsü Şahid1 yaxın məsafədən deyil, uzaq məsafədən siqnal versə idi, onu sol tərəfdən deyil, sağ tərəfdən ötsə idi, 40-50 metr ara məsafəsi saxlasa idi, yüksək surətlə gəlməsə idi və əyləci bassa idi toqquşma baş verməzdi. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin hallardan göründüyü kimi, o, həmin yol-nəqliyyat hadisəsinin baş verməsində “Hyundai İ30” markalı avtomobilin sürücüsünün təqsirli olduğuna istinad etmiş, lakin ibtidai istintaqı həyata keçirən müstəntiq təqsirləndirilən şəxsin özünü təqsirli bildiyini göstərmiş, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün göstərdiyi, həmçinin iş üçün də mühüm əhəmiyyət kəsb edən həmin dəlilləri araşdırmamış, ittiham aktında həmin dəlillərin nədən ibarət olması və hansı sübutlarla təkzib olunması qeyd edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər vəsatət kimi qəbul edilərək onunla bağlı hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham aktında öz əksini tapmalıdır. Bundan başqa, ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadlar səhv əks etdirilmişdir. Belə ki, cinayət işinin materiallarında 21-ci vərəq və 24-cü vərəqlər iki dəfə təkrarlanmaqla, vərəqlərin ardıcıl nömrələnməsi ilə bağlı kobud pozuntular nəticə etibarı ilə ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Beləliklə də, hazırki cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş, ittiham aktı işin faktiki hallarına uyğun olmamış və müvafiq olaraq həmin Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından və buna dair sübutlar ittiham tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 299-301, 303 və 306-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Elmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar