Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-433/2025 27.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1982-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-25/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixədək cəzasının 10 (on) ay 14 (on dörd) gün hissəsini çəkmiş, 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün hissəsi çəkilməmiş qalmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Bərdə şəhəri, M.F.Axundov küçəsi, ev 2, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ siyahısına əsasən külli miqdarda, yəni 3,238 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 05 yanvar 2025-ci il tarixdə saat 01:45 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bərdə rayonu, Divanlı kəndində şübhəli şəxs qismində saxlanılmış və orada üstünün yoxlanılması zamanı sağ ayağında olan corabın içərisindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,238 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışı Ceyhun ona böyük avtomobillər üçün ehtiyat hissələri götürmək məqsədi ilə birlikdə Bakı şəhərinə gedib-gəlməyi təklif etmiş, o da sonuncu ilə razılaşmışdır. O, Ceyhuna məxsus avtomobillə Bakı şəhərinə getmişdir. Ceyhun Bakı şəhərinə çatdıqdan sonra avtomobildən düşərək narkotik vasitə götürüb qayıtmışdır. Ceyhun həmin narkotik vasitənin 12 qramını özündə saxlamış, 3 qramını isə ona vermişdir. Onlar elə həmin gün birlikdə Bərdə şəhərinə qayıtmışlar. xx.xx.2025-ci il tarixdə gecə saat 1 radələrində Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçərkən polis əməkdaşları onları saxlamışdır. Üzərinə baxış zamanı o, narkotik vasitəni corabından çıxarıb təqdim etmişdir. Onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Narkotik vasitə özünə məxsus olmuş və heç kim tərəfindən üzərinə qoyulmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitə istifadə edən olmamış, sadəcə xx.xx.2025-ci il tarixdə nəfsinə qalib gələ bilməyib Ceyhuna qoşulmuş və istifadə etmək istəmişdir. Sonuncu ona birlikdə “şüşə” istifadə etməyi təklif etmişdir. Ona görə o, Ceyhunla birlikdə Bakı şəhərindən qayıdan zaman yolda ilk dəfə “şüşə”-dən istifadə etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddəni Ceyhun nisyə götürmüş, lakin o, buna görə sonuncuya pul verməmişdir. O, Ceyhunun evinin yaxınlığındakı sexdə işləmiş və 2 il olar ki sonuncunu tanımış, həmin müddətdə də o, Ceyhunun narkotik vasitə istifadə etdiyini bilməmişdir. Bir müddət sonra o, təxminən 2 ay böyük avtomobildə Ceyhunun yanında fəhlə işləmiş və həmin müddətdə artıq sonuncunun narkotik vasitə istifadə etdiyini bilmişdir. Ceyhun ona dəfələrlə birlikdə narkotik vasitə istifadə etməyi təklif etmiş, lakin o, razı olmamışdır. Saxlanılmamışdan qabaq Ceyhunla birlikdə Bakı şəhərinə gedərkən sonuncu yolda Bakı şəhərindən narkotik vasitə almaq üçün kiminləsə danışmışdır. Çünki Hacıqabul rayonuna çatana yaxın Ceyhun kartından kiməsə 50 manat göndərmişdir. Sonuncu Bakı şəhərinə gedərkən aldığı narkotik vasitədən ona da verəcəyini, bunun qarşılığında isə onun 90 manat verməli olduğunu demişdir. O, Ceyhuna üzərində pul olmadığını dedikdən sonuncu pulu daha sonra verə biləcəyini bildirmişdir. Ceyhun Bakı şəhərində, Binə qəsəbəsi adlanan ərazidə tanımadığı yerdə avtomobildən düşüb narkotik vasitəni götürərək geri qayıtmışdır. Sonuncu narkotik vasitəni böyük və kiçik olmaqla iki bükümdə gətirmiş, böyük bükümü özündə saxlamış, kiçik bükümü isə ona vermişdir. Polislər tərəfindən saxlanılan zaman həmin büküm üzərində olmuşdur. Yolda olarkən o, Ceyhunun verdiyi bükümdən xırda bir hissəsini istifadə etmiş, qalan narkotik vasitəni isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən Ceyhun imkan tapıb üzərində olan narkotik vasitəni atmış və buna görə sonuncunun üzərindən sadəcə 0,7 qram narkotik vasitə aşkar edilmişdir. Ceyhunun və onun üzərindən aşkar edilmiş narkotik vasitələr ayrı-ayrı bükümlərdə olmaqla bir yerdən götürülmüşdür. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməmiş, heç kim üzərinə narkotik vasitə qoymamış, üzərindən aşkar edilmiş narkotik vasitə özünə məxsus olmuş, heç vaxtı da narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Şahid4 saxlanılmışdır. Sonuncuların üzərilərini yoxlayarkən hər ikisindən narkotik vasitə aşkar edilmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs və Şahid4 Bərdə rayonu, Divanlı kəndinin ərazisində kəndin giriş hissəsində yolun kənarında saxlamışlar. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs üzərindən 3 qramdan çox, Şahid4 üzərindən isə 1 qramdan az narkotik vasitə aşkar edilmişdir. Elnur və Ceyhunun hər ikisi aşkar edilmiş narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiklərini demişlər. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs və Şahid4 heç bir fiziki yaxud psixoloji təzyiq və təsir göstərilməmiş, sonuncular aşkar edilmiş narkotik vasitənin özlərinə məxsus olmasını səmimi etiraf etmişlər. Səhv etmirsə saxlanılan zaman Şahid4 üzərində olan nəyisə kənara atmışdır. Təqsirləndirilən şəxs və Şahid4 barələrində olan əməliyyat məlumatının məzmunu sonuncuların Bakı şəhərindən narkotik vasitə götürüb Bərdə rayonu ərazisində satmaları barədə olmuş, ancaq onlar bir qədər tələsib həmin şəxsləri narkotik vasitə satan zaman saxlamamışlar. O, Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Bununla belə, sonradan keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, eləcə də məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, bir neçə aydır “şüşə” kimi tanıdığı metamfetamindən istifadə etmişdir. O, beton qarışdıran avtomobil sürücüsü olmuş, həm də pompa ustası kimi sifarişlərə getmişdir. Təxminən 3 ay bundan qabaq Bakı şəhərində pompa ustası kimi işdə olan zaman həmin yerdə fəhlə kimi fəaliyyət göstərən Elvin adlı şəxsi tanımış və sonuncunun yanında olan adını xatırlamadığı şəxslə söhbət əsnasında həmin şəxs ona narkotik vasitə istifadə etdiyini demişdir. Daha sonra həmin şəxs ona lazım olanda narkotik alması üçün İran vətəndaşının WhatsApp nömrəsini vermişdir. O da həmin nömrə ilə danışaraq 2-3 dəfə narkotik vasitə metamfetamin almışdır. O, Bərdə şəhərində yaşayan Elnur adlı şəxsə də iranlının nömrəsini vermişdir. xx.xx.2025-ci il tarixdə o, Elnurla birlikdə qərara gəlmiş ki, Bakı şəhərinə getsinlər və oradan narkotik alaraq gəlsinlər. Onlar xx.xx.2025-ci il tarixdə Elnurla birlikdə iranlının onlara verdiyi kart hesabına pul göndərmişlər və Bakı şəhərinə getdikdən sonra ona atılan konum əsasında Mərdəkan yol istiqamətində getmişlər. Həmin yolun dəqiq ünvanı xatırlamadığı hissəsində yaşayış sahələri istiqamətində olan yol ilə getmişlər və o, özünə aid olan “yarım” qram “malı” götürmüşdür. Elnur isə özünə aid olan narkotik vasitəni götürdükdən sonra onlar Bakı şəhərindən Bərdə rayonuna geri qayıtmışlar. xx.xx.2025-ci il tarixdə saat 01:45 radələrində Bərdə rayonu, Divanlı dairəsi adlanan yerdən keçdikdə polis əməkdaşları onları saxlamış və özlərini ona polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib üzərilərini yoxlamışlar. Həmin vaxtı polislərin təklifindən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan metamfetamini çıxardaraq idarə etdiyi avtomobilin üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 0,97 qram olmuşdur. O, Təqsirləndirilən şəxs da üzərində narkotik olmasını bilmiş, çünki onlar bir yerdə gedib narkotik almışlar, o, az miqdarda almış, lakin Təqsirləndirilən şəxs bir az artıq miqdarda almışdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 16/12 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,238 qram maddə, kustar üsulla hazrılanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Şahid4 üzərindən aşkar edilmiş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: metamfetaminin təmiz çəkisi - 3,238 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 3,188 qram. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 06 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 83 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 03:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2025-ci il tarixdə saat 01:45-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 yanvar 2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs Şahid4 ilə birlikdə həmin gün saat 01:45-də Bərdə rayonu, Divanlı kəndi ərazisində saxlanılmışlar. Həmin yerdə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu sağ ayağındakı corabın içində saxladığı 01 (bir) ədəd sellofan bükümü təqdim etmişdir. Qeyd edilən büküm elektron tərəzidə çəkildikdə 3,55 qram olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Əməliyyat-axtarış tədbiri zamanı içərisində psixotrop maddə olan bir ədəd büküm və bir ədəd “Redmi” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamasında şübhəli bilinən Quliyev Elnur Vəkil oğlu əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 təqdim etdiyi 2 (iki) ədəd zərf və 1 (bir) ədəd disk təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Redmi” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 qəbul etdiyi xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni saxlamaqda şübhəli Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:45-də Bərdə rayonu, Divanlı kəndi ərazisində Şahid4 ilə birlikdə saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid4 üzərindən götürülmüş kustar hazırlanmış psixotrop maddə metamfetamini əldə etdikləri mənbəni, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsini, həmçinin narkotik vasitə, onun prekursorlarını və psixotrop maddə satmalarını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs və Şahid4 psixotrop maddənin kim tərəfindən satılması da müəyyən olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-25/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-25/2024 saylı hökmü və hökmün icrasına dair göstərişi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə isə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəzasının 10 ay 14 gününü çəkmiş, 02 il 01 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA1404632 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 adlı azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X6 1993-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Bərdə şəhər İƏDÜN-nin xx.xx.2025-ci il tarixli arayışlar və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, M.F.Axundov küçəsi, ev 2, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon sonuncunun arvadı X1 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, əməliyyat-axtarış tədbiri zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,188 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlaması göstərilsə də, iş materiallarında olan Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportda və digər ilkin sənədlərdə əməliyyat məlumatının Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması barədə daxil olması göstərilmişdir. Göründüyü kimi, ilkin əməliyyat məlumatında psixotrop maddənin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı hər hansı məlumat olmamışdır. Həmçinin ibtida istintaq orqanı təqsirləndirilən şəxsə psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması ilə bağlı ittiham irəli sürülsə də, əməliyyat tapşırığına cavab məktubunda verilmiş ittihamla ziddiyyətli məlumatlar əks olunaraq, bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni, bu barədə məlumatı olan şəxs(lər)in dairəsini, eləcə də narkotik vasitə, onun prekursorlarını və psixotrop maddə satmasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. O cümlədən polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3 ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddəni Təqsirləndirilən şəxs Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində də təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddələrin satışı ilə məşğul olması faktının öz təsdiqini tapmadığını göstərmişlər. Habelə xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokola və şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair protokola əlavə edilmiş videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı üzərindən aşkar edilən bir bükümdə psixotrp maddə metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını, hər hansı şəxsə də satmaq niyyətinin olmadığını göstərmişdir. Eyni xüsusatları Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı vermiş olduğunu bütün ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də göstərmişdir. Hətta əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. Eləcə də məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, narkoloji müayinədən keçərkən həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddə metamfetamindən çəkmə yolu ilə istifadə etdiyini, aşkar edilən psixotrop maddəni Bakı şəhərində tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Nəticə etibarı ilə də həmin rəylə Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə etməsi və onun psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda təqsirləndirilən şəxsə verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni, bu barədə məlumatı olan şəxs(lər)in dairəsini, eləcə də narkotik vasitə, prekursorları və psixotrop maddə satmasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddindən bir dəfədən çox olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, metamfetamini hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında psixotrop maddə metamfetamini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni, bu barədə məlumatı olan şəxs(lər)in dairəsini, eləcə də narkotik vasitə, prekursorları və psixotrop maddə satmasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxsnın psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu güman etmək mümkün olsa da, onun metamfetamini satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Məhz bunun nəticəsidir ki, ibtidai istintaq orqanı cinayət işini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlamış, daha sonra məhkəmə-kimyəvi ekspertizasının rəyini alaraq psixotrop maddənin külli miqdar təşkil etməsi səbəbindən Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif etmiş və yalnız ibtidai istintaqın sonunda, yəni xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında satış məqsədini təsdiq edəcək heç bir sübut olmadığı halda, psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsini əsas götürərək təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif etmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlaması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq onun əldə etdiyi psixotrop maddəni satmaq niyyətində olmasını psixotrop maddənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddənin külli miqdarda olması şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində psixotrop maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən sadəcə aşkar edilmiş psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlaması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 16/12 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 3,238 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, qardaşı X2 Birinci Qarabağ müharibəsində şəhid olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-25/2024 saylı hökmünün surətindən və Bərdə rayon İcra və probasiya şöbəsinin məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bərdə rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəzasının 10 ay 14 gününü çəkmiş, 02 il 01 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırkı iş üzrə verilmiş ittihama görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini xx.xx.2025-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamış, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyi üçün onun əməllərində cinayətlərin residivi mövcud deyildir, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarında olan Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 14 gününü çəkmiş, 02 il 01 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəllənin 68.1. və 68.1.1-1-ci maddələrinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-25/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməli və ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 154 (bir yüz əlli dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş əməliyyat-axtarış tədbiri zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,188 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 83 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-25/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün hissəsi, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 yanvar 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 154 (bir yüz əlli dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş əməliyyat-axtarış tədbiri zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,188 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-433/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-433/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver