Məhkəmə qərarları › İş №1(100)-435/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-435/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-435/2022 16.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1973-cü ildə Şəmkir rayonu, Dəllər Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindəki istixananın arxa tərəfində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 06 iyul 2022-ci il tarixdə, saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 24 (iyirmi dörd) ədəd külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən 4 il hərbi xidmətdə olmuşdur. İlk dəfə hərbi xidmətdə olduğu zaman narkotik vasitə qəbul etmişdir. Həmin vaxtdan sonra o, hərdən narkotik vasitə olan marixuana qəbul etmişdir. Narkotik vasitəni əsasən Rusiya Federasiyasında olduğu zaman qəbul etmişdir. Təxminən 3-4 il əvvəl Rusiya Federasiyasından gəldiyi zaman özü ilə narkotik vasitənin toxumlarını gətirmişdir. Həmin toxumlar yaşadığı evdə qalmışdır. 2022-ci ilin may ayının əvvəllərində həmin toxum onun qarşısına çıxdığında həmin narkotik tərkibli bitkinin toxumlarını əkərək gələcəkdə özü qəbul etmək üçün narkotik vasitə əldə etməyi fikirləşmişdir. Ona görə də o, həmin toxumları götürüb həyətyanı sahəsinin arxa hissəsində düzəltdiyi istixananın arxasında əkmişdir. Həmin bitkilərin böyüməsi üçün mütəmadi olaraq qulluq etmişdir. 06 iyul 2022-ci il tarixdə saat təxminən 12 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu bildirərək həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, bu barədə heç bir etiraz etməyərək razılığı barədə ərizə vermişdir. Daha sonra polis əməkdaşları aqronom mütəxəssis dəvət edərək həyətyanı sahəyə baxış keçirməyə başlamışlar. Onun evinin həyətyanı torpaq sahəsində yerləşən istixananın arxa hissəsindən 24 ədəd çətənə kolları aşkar edilsə də, həmin kolların hamısını o, əkməmişdir. Belə ki, o, aşkar edilmiş həmin çətənə kollarının yalnız 8-9 ədədini özü əkib, qulluq etmişdir. Qalan çətənə kolları isə yabanı şəkildə təbii olaraq özü bitmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirmiş, lakin evindən qanunsuz heç nə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları onu Zəyəm polis bölməsinə apararaq, müdafiçi dəvət edərək müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətli hissələri ilə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi izahat və ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, evinin həyətyanı torpaq sahəsində yerləşən istixananın arxa hissəsinə baxış keçirilərkən əkdiyi çətənə kollarını polis əməkdaşlarına göstərmiş, aşkar edilmiş çətənə kollarının sayının 24 ədəd olması müəyyən edilmişdir, həmin 24 ədəd çətənə bitkilərini özü əkmiş və qulluq etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsinin digər hissəsi məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə eyni olmuşdur (iş vərəqə: cild İ, səh.49, 57-58, 76-77). Təqsirləndirilən şəxs həmin ifadələrində aşkar edilmiş həmin kolların hansısa hissəsini özünün əkmədiyini və yabanı halda bitdiyini ümumiyyətlə bildirməmişdir. Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyul 2022-ci il tarixdə ona Şəmkir rayonu, Dəllər Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Həmin tarixdə Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin əməkdaşları əməliyyat müvəkkili Şahid2, sahə rəisi Şahid3, manqa komandiri Şahid4 və polis nəfəri Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə həmin tarixdə saat təxminən 12 radələrində X7in iştirakı ilə baxış keçirmək üçün bir nəfər mütəxəssis aqronom dəvət etdikdən sonra mütəxəssisə hüquq və vəzifələrini izah edib Təqsirləndirilən şəxs həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən 4x6 metr ölçülərində olan istixananın arxa hissəsində narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərin əkilməsi müəyyən olunmuşdur. Həmin yerdə hündürlüyü 37 santimetrdən 200 santimetrədək olan 24 ədəd bitki olmuşdur. Həmin bitkilərin diblərinin torpağı boşaldılmış, suvarılmış, alaq otlarından təmizlənmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və özü qəbul etmək üçün əkdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmişdir. Həmin sahənin digər hissələrinə, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən şübhəli heç nə aşkar olunmamışdır. Həmin bitkilər kökündən çıxarılıb qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. X7 tərəfindən həyətyanı sahəyə baxış və onun nəticələrinə dair protokol yazılmış və bütün iştirakçılar həmin protokola imza etmişlər. Daha sonra Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılsa da, Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Kənd Təsərrüfatı Universitetini alim aqronom kimi bitirmiş və müxtəlif idarələrdə aqronom kimi işləmişdir. 2022-ci ilin iyul ayının 6-da saat təxminən 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları onu Şəmkir rayonu, Dəllər Cəyir kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etməsi üçün aqronom-mütəxəssis kimi dəvət etmişlər. O, buna heç bir etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisinə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onları qarşıladıqda polis əməkdaşları Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu və buna görə həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının baxış keçirməsinə heç bir etiraz etməmişdir. Baxış zamanı həyətyanı sahədə olan istixananın arxasında olan hissədə 24 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Aşkar olunmuş bitki hissələri hər biri polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq götürülmüş və onların hündürlüyü 37 santimetrdən 200 santimetrədək olmuşdur. Daha sonra polis əməkdaşları həmin bitkiləri qablaşdıraraq möhürləyib götürmüşlər. Təqsirləndirilən şəxs həmin bitkiləri özü qəbul etmək üçün narkotik vasitə əldə etməkdən ötrü əkdiyini bildirmişdir. Polis əməkdaşları ilə birlikdə ətraf ərazilərə baxış keçirilən zaman başqa şübhəli heç nə aşkar olunmamışdır. Təqdim olunan həmin bitkilərə becərilməsi və boy atıb inkişaf etmələri üçün aqrotexniki qaydada qulluq göstərilmiş, alaq otlarından təmizlənərək suvarılmışdır. Həmin bitkiləri o, görünüşündən çətənə bitkisinə oxşatmışdır. O, aqronom kimi ona təqdim olunan həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi barədə yazılı rəy vermişdir. Sonra isə təhqiqatçı tərəfindən baxış protokolu tərtib olunmuş və o, həmin protokolla tanış olduqdan sonra imzalamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 06 iyul 2022-ci il tarixdə onların həyətinə polis əməkdaşları gəlmiş və Rəşadətin narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu bildirərək həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt Rəşadət özü də evdə olduğundan o, polis əməkdaşlarının yanına getməmişdir. Rəşadətin razılığı ilə polis əməkdaşları özləri ilə gətirdikləri mütəxəsis aqronomun iştirakı ilə onların həyətinə baxış keçirmişlər. Sonradan isə polis əməkdaşları Rəşadəti polis bölməsinə aparıb getmişlər. O, sonradan bilmişdir ki, Rəşadət həyətyanı sahənin sonunda olan kolkosun içərisində narkotik tərkibli bitkilər əkmiş və polis əməkdaşları da Rəşadətin əkdiyi bitkiləri aşkar edib götürmüşlər. O, Rəşadətin nə qədər bitki əkməsini və hansı məqsədlə əkməsini bilməmişdir. Təxminən iki gün sonra Rəşadət azad olunaraq evə buraxılmış və Rəşadət evə gəldikdən sonra həmin bitkiləri özü qəbul etmək üçün narkotik vasitə əldə etməkdən ötrü əkdiyini bildirmişdir. Bundan sonra o, Rəşadətin əvvəllər narkotik vasitə qəbul etdiyini bilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə Zəyəm polis bölməsinin əməkdaşlarının və aqranomun iştirakı ilə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən 4x6 metr ölçüdə istixananın arxa hissəsində 24 ədəd çətənə kollarına oxşar bitki kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom aşkar olunan çətənə kollarının narkotik tərkibli bitki olduğunu və onun dibinə su verilməklə, dibləri yumşaldılmaqla, ətrafları təmizlənməklə aqrotexniki qulluq olunduğunu bildirmişdir. Çətənə kolları torpaqdan çıxarılmaqla sintetik materialdan olan torbaya qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.20-25). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyul 2022-ci il tarixli “şəxsi axtarış protokolu”ndan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.43-45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyul 2022-ci il tarixli alimaqronom X9 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs ümumi sahəsi 0.25 ha olan həyətyanı sahəsinə baxış keçirilərkən Zəyəm polis bölməsinin əməkdaşları ilə birlikdə 24 ədəd müxtəlif ölçülərdə çətənə kolları müəyyən olunmuş, həmin bitkilərə aqrotexniki qulluq olunmuş və suvarılmışdır (iş vərəqə: cild İ, səh.26). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 06 iyul 2022-ci il tarixli, 16/778 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ev sahibi Təqsirləndirilən şəxs” yazı və imzaları olan 02 (iki) ədəd kisədən ibarət bağlamadakı ümumi sayı 24 (iyirmi dörd) ədəd, ümumi təmiz çəkisi 5450 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: cild İ, səh. 53-54). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 11 avqust 2022-ci il tarixli, 1170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.130). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Səhiyyə Nazirliyi Gəncə şəhəri psixonevroloji dispanserinin 26 iyul 2022-ci il tarixli, 468 nömrəli məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur (iş vərəqə: cild İ, səh.131-132). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, aşkar olunmuş 24 ədəd çətənə (kannabis) bitkisi və 02 ədəd DVD-R disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin çətənə (kannabis) bitkisi saxlanılması üçün Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş, 02 ədəd DVD-R disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.147-153). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Rusiya Federasiyası Moskva Vilayəti Mıtişinski Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.123). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası Moskva Vilayəti Mıtişinski Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünün Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsinə dair material daxil olmamışdır (cinayət işinin materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.28-29). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis X5 Yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.86-87). Cinayət işinə əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər Cəyir kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.103-105). Cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində üç nəfər azyaşlı uşaqları var (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin xx.xx.2022-ci tarixli, SB/866 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan ordusunda xidmətdə olmuşdur (cinayət işinin materialları). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahı ilə müəyyən edilir ki, çətənə növlü bitkilər 16 ədəddən (aşağı həddi daxil olmaqla) yuxarı olduqda külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkdiyi və aşkar edilib götürülmüş kultivasiya edilmiş çətənə növlü bitkilərin sayı külli miqdar həddindən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə, yəni əkib yetişdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində evinin həyətyanı torpaq sahəsində aşkar edilmiş 24 ədəd çətənə kollarının hamısını onun əkmədiyi, həmin çətənə kollarının yalnız 8-9 ədədini özü əkib, qulluq etməsini, qalan çətənə kollarının isə yabanı şəkildə təbii olaraq bitməsinə dair vermiş olduğu ifadəsində göstərdiklərini onun daha ağır cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintantaqın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahatından, şübhəli şəxs qismində dindirilməsi protokolundan, sonradan isə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, özünü elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək evinin həyətyanı torpaq sahəsində kolların toxumlarını əkdiyini, bundan sonra onlara su verməklə yetişdirdiyini və baxış zamanı da aşkar edilmiş çətənə kollarının sayının 24 ədəd olmasını bildirmişdir və həmin kollarının hansısa hissəsini özünün əkmədiyini ümumiyyətlə bildirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən iştirak etmiş aqronomun (mütəxəssisin) həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini təsdiq etməsinə dair ifadəsi və cinayət işinin materiallarında olan rəyi ilə təkzib edilmiş, bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi həmin hallar onun özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı isə etirafedici ifadələri, şahidlərin ifadələri, “Baxış keçirilməsi haqqında” protokollar, maddi sübut, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsi ilə nəzərdə tutulmuş müddəalara əsasən ödənilmişdir, həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olan məhkumluğu Azərbaycan Respublikasında tanınmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 03 (üç) nəfər azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 1170 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 24 ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 60.80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş 24 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 60.80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar