Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-438/2022 15.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Goranboy rayonu Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, Goranboy rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının məlum olmayan günündə Goranboy rayonu Qızılhacılı qəsəbəsində “Oktyabr” adlanan ərazidən keçən su arxının kənarında yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını toplayıb, yaşadığı evin həyətyanı sahəsində əkərək, qanunsuz olaraq külli miqdarda 23 ədəd narkotik tərkibli çətənə (кannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib kultivasiya еtmiş, 28 iyun 2022-ci il tarixdə tarixdə saat 12:45-də Goranboy RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən ayrı-ayrılıqda uzunluqları 24 sm-dən 224 sm-dək ölçülərdə, ümumi çəkisi 4100 qram olan, külli miqdarda 23 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (кannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə edir. 2022-ci ilin aprel ayında dəqiq xatırlamadığı günlərin birində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “Oktyabr” deyilən yerdə su arxının kənarından keçən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının toxumlarını görmüş, həmin vaxt yaxınlıqda heç kim olmadığı üçün sonradan şəxsi istifadə məqsədilə yabanı halda bitmiş çətənə kollarının toxumlarından yığmış, həmin toxumları yaşadığı evin həyətinə gətirib orada həyətyanı sahəsində üç istiqamətdə əkmişdir. Əkdiyi çətənə kollarının toxumlarına mütəmadi olaraq qulluq göstərməyə başlamış, bir müddət sonra toxumlar böyüyüb kola çevrilmiş, həmin kolların sayı isə 23 ədəd olmuşdur. 28 iyun 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək ona narkotik vasitələri əkib-becərməkdə məşğul olmaqda şübhəli olduğunu və bununla bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər.Yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı olmadığını demiş, bundan sonra da bununla bağlı ərizə yazmışdır. Baxışda özü, polis əməkdaşları və mütəxəssis aqronom iştirak etmiş, baxış video çəkilişlə aparılmış, bundan sonra yaşadığı evin həyətində əkib qulluq göstərdiyi çətənə kollarını təqdim etmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində üç istiqamətdən əkdiyi cəm halda 23 ədəd narkotik vasitə olan çətənə kolu aşkar edilmişdir. Həmin aşkar edilmiş 23 ədəd narkotik vasitə olan çətənə kolu polis əməkdaşları tərəfindən qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. Bundan sonra isə onu Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişdir. Orada şübhəli şəxs qismində saxlanılmış, müdafiəçilə təmin edilmiş, bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, bu zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan şalvarın sağ yan cibindən iki ədəd 5 manatlıq, bir ədəd bir manatlıq pul əskinaslarını, bir ədəd 50 qəpiyi, bir ədəd 10 qəpiyi və bir ədəd açarı və bir ədəd qırmızı rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuş, əynində olan qısa qol köynəyin sol döş cibindən isə bir ədəd göy rəngli və bir bir paket “Keno” markalı siqareti çıxarıb masanın üzərinə qoymuş, şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qadağan olunmuş hər hansısa məmulat və ya əşya aşkar olunmamış, üzərindən aşkar edilmiş pul və digər əşyalar özünə qaytarılmış, sonda isə tərtib edilmiş sənədləri imzalamışdır. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu vaxt 28 iyun 2022-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Goranboy RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili polis leytenantı Şahid3, Goranboy RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid4, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 və ondan ibarət olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə təhqiqatçı Hidayyət Cəfərov tərəfindən X7 mütəxəssis qismində dəvət olunmuşdur. Bundan sonra RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Hidayyət Cəfərov və mütəxəssis qismində təyin edilmiş Xaləddin Həsənovla birlikdə xidməti avtomobillə RPŞ-dən çıxıb saat 12:45 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər. Polis sahə rəisi Şahid4 Təqsirləndirilən şəxs yaşadığı evin girişində yerləşən dəmir darvazaya əli ilə vurduqda içəridən Təqsirləndirilən şəxs çıxıb özünü təqdim etmiş, bundan sonra təhqiqatçı Hidayyət Cəfərov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs isə buna etiraz etmədiyini demiş, buna görə də RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Hidayyət Cəfərov, mütəxəssis qismində təyin edilmiş Xaləddin Həsənov və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə video çəkiliş altında baxış keçirilməsinə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən müxtəlif uzunluqlarda ümumilikdə 23 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş, aşkar edilmiş çətənə bitkilərinə mütəxəssis qismində dəvət edilmiş Xaləddin Həsənov tərəfindən baxış keçirilmiş, həmçinin aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı Hidayyət Cəfərov tərəfindən metrə vasitəsi ilə ölçülərək qablaşdırılıb üzəri möhürlənmiş və sonra aşkar edilmiş çətənə bitkiləri elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ilə birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinin inziabti binasına gətirilmiş, təhqiqatçı Hidayyət Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçilə təmin edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli üzərində ağ rəngli damalar olan şalvarın sağ yan cibindən iki ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq, bir ədəd 50 qəpik, bir ədəd 5 qəpik və bir ədəd açarı, əynində şalvarın sol arxa cibindən üzərində heç biri yazı olmayan alışqanı, əynində olan ağ rəngli üzərində göy rəngli damalar olan qısa qol köynəyin sol döş cibindən göy rəngli üzərində heç bir yazı olmayan 1 ədəd alışqanı, bir qutu “Keno” markalı siqareti masanın üzərinə qoymuş, bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa bir əşya, məmulat, eyni zamanda narkotik vasitə və dövriyyəsi qadağan edilmiş əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul və digər əşyalar iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmış, bununla da şəxsi axtarış keçirilməsi başa çatdırılmış və tərtib edilmiş sənədlər digər iştirakçılar ilə birlikdə onun tərəfindən imzalanmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş 23 ədəd çətənə kolunu şəxsi istifadəsi məqsədilə əkdiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadələr vermişdirlər. İş materiallarına əlavə edilmiş 28 iyun 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman su arxının kənarında kəskin və spesifik iyə malik narkotik maddə hesab edilən çətənə bitkisinə bənzər bitkilər, həyətyanı sahənin sol tərəfindən dəmir tordan ibarət hasarın kənarında kəskin və spesifik iyə malik narkotik maddə hesab edilən çətənə bitkisinə bənzər bitkilər, yaşayış evinin arxasında dəmir hasarın kənarında kəskin və spesifik iyə malik narkotik maddə hesab edilən çətənə bitkisinə bənzər bitkilər aşkar olunmuşdur. Baxış zamanı aqronom Xaləddin Həsənov ən qısası 0.24 sm, ən uzunu 2 metr 24 sm olan ümumilikdə 23 (iyirmi üç) ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə bənzər bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 5.665 kq olduğu müəyyən olunmuş, həmin narkotik maddə olan çətənə bitkisinə bənzər bitkilər ağ rəngli sintetik kisələrə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Goranboy rayon X12 rəisi, alim-aqronom Xaləddin Həsənov tərəfindən tərtib edilmiş 28 iyun 2022-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 23 ədəd çətənə bitkisi xüsusi, yəni aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kollarıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə bioloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 16/733 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində möhür olan 1 ( bir ) ədəd baş-başa keçirilmiş sintetik kisədə, sayı 23 ( iyirmi üç ) ədəd ümumi təmiz çəkisi 4100 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə ( kannabis ) bitkiləridir. Aparıcı aqronom ( mütəxəssis ) X3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis aqronom X3 15 iyul 2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində “Oktyabr” deyilən su arxının kənarına baxış zamanı kökləri saralmış kollar olması müəyyən edilmiş, həmin kolların kökləri yabanı halda bitən narkotik tərkibli çətənə kollarının kökləridir, həmin çətənə kollarının köklərinə aqrotexniki qaydada qulluq edilməmiş və Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını hazırda kökləri saralmış yabanı halda olan çətənə kollarından əldə edə bilməsi mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair 06 avqust 2022-ci il tarixli, 1116 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 28 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45-də CM-in 237.2.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Goranboy rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 iyun 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayon mərkəzi xəstəxanası X21 daxil olmuş xx.xx.2022-ci il tarixli 566 nömrəli məktubla müəyyən edilmişdir ki, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Qurbanov X11 RMX-nın poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Goranboy rayon İHB-nın Qızılhacılı qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 574 nömrəli arayış və xasiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, Qurbanov X11 rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda-arvadı X8, qızı xx.xx.2008-ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Goranboy rayon İHB-nın Qızılhacılı qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 680 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, X1 rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, mərhum oğlu X4 xx.xx.2016-cı ildə aprel döyüşlərində şəhid olmuşdur və Təqsirləndirilən şəxs şəhid anası X5 qardaşıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961 İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 4099,77 qram çəkidə, 23 ədəd narkotik tərkibli çətənə ( kannabis ) bitkiləri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 28 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 4099,77 qram çəkidə, 23 ədəd narkotik tərkibli çətənə ( kannabis ) bitkiləri məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-438/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-438/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver