Məhkəmə qərarları › İş №1(100)-44/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-44/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-44/2024 29.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ki, o istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 2925 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində bazar torbasının içərisində olmaqla eyni məqsəd ilə əlində saxlayaraq daşıyarkən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış zamanı qeyd edilən torbaya baxış keçirilərkən içərisindən satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 2925 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərdi ki, əvvəllər məhkum olmuşdur. Həmin vaxtda onu indiki kimi aldadıb tutdurmuşlar. May ayında həbsdən azad olmuşdur. Bu münasibətlə qohum-əqraba ona pay olaraq bir neçə baş keçi hədiyyə etmişlər. Cəzaçəkmə müəssisəsindən əvvəllər də tanıdığı Tural adlı şəxs həmin keçilərdən ona verməyini, kəsib sataraq az da olsa qazanc əldə etmək istədiyini demişdir. O isə kasıb olduğunu, geyinəcək ayaqqabısı belə olmadığını, keçilərdən əldə edəcəyi pula ayaqqabı alacağını düşünərək razılaşmışdır. Tural keçilərin pulunu isə kəsib satdıqdan 3-4 gün sonra mütləq verəcəyini bildirmişdir. Turalın ona borcu 97 manat qalmışdır. Lakin aradan 2 ay keçməsinə baxmayaraq Tural borcunu verməmişdir. Sonra avtobus dayanacağındakı çayçını işlədən Seyfəddinə bu barədə danışarkən orada olan Rövşən Gəncəli ona demişdir ki, “biz sənin pulunu alıb sənə verə bilərik”. Demişdir ki, o, tanışı Qaqoşa deyəcək, Qaqoş da köməklik edərək pulu qaytaracaq. Bu adla onu Qaqoşla görüşmək üçük dəmir tullantıları olan Metallurq parkına gətirmişdir. Bir xeyli gözlədikdən sonra siqareti bitdiyi üçün Qaqoş ona bir siqaret vermiş, siqareti çəkdikdən sonra ona qəribə hallar gəlmiş, özünü pis hiss etmişdir. Orada ayaqyolu kimi istifadə olunan bir yer olduğunu, ürəyi bulandığı üçün ora girərkən ona demişlər ki, orada onlara məxsus dolu bir çanta var, onu da gətisin. O ayaqyolunda çanta olduğunu görmüş, çantanı götürüb bayıra çıxar-çıxmaz dərhal polislər onu əhatəyə almışlar. Bu zaman görmüşdür ki, Rövşənlə Qaqoş orada yoxdur. Onu polis şöbəsinə gətirmişlər. Çantaya baxılmış, içərisində narkotik vasitə olduğu müəyyən olunmuşdur. Sonra çantanın ona məxsus olmadığını desə də, polislər ona inanmayıb həbs etmişlər. Sonra onu döymüşlər və çantanın ona məxsus olmasını etiraf etməyini, tanışlarını satmamağı bildirmişlər. O də həm qorxmuş, həm də özünü pis hiss etdiyi üçün çantanın ona məxsus olduğunu demişdir. Lakin indi özünü təqsirli bilmədiyindən həqiqətləri söyləmək istəmişdir. Üç övladı olduğunu, ailəsin o dolandırdığını və xəstə olduğunu deyib, məhkəmədən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Sonradan bilmişdir ki, həmin şəxslər polisin adamlarıdır, onu aldadıb ora gətirib tutdurublar. Narkotik vasitə istifadəçisi deyil. Tural Fuzuli oğluna keçi satmış, 97 manata, pulu vermədiyi üçün Rövşən Gəncəli ona çayçıda demişdir ki, pulunu alıb verəcəkdir. Həmin çayçı, Sevinc qəsəbəsi, 11 nömrəli avtobusun dayanacağının yaxınlığında yerləşir.Həmin torbanın çərisində nə olduğuna baxmamışdır. Adını bilmədiyi, Qaqoş ləqəbli şəxs siqaret vermiş, siqaretdən sonra özünü pis hiss etmişdir. O həmin torba ilə qayıdanda isə polislər onu tutmuşlar. Rövşən Gəncəlini də çayçıdan tanıyır, lakin ünvanını bilmir. Halı pisləşdiyi üçün ayaqyoluna gedəcəyini bildirmişdir. Qaqoş ona ayaqyolunda torba olacağını, gələndə onu da gətirməyini bildirdi. Polisə gətirildiyi vaxt vəkil olmamış, sonra çağırırılmış və demişlər ki, vəkilin yanında başqa söz danışmasın dedikləri kimi bildirsin. Onu tutanlar 3-4 nəfər olmuşdur. Cantanı götürərkən içərisində nə olduğunu bilməmişdir. Rövşənlə həmin yerə gələrkən Rövşənin əlində çanta olmamışdır. Qaqoş onları orada gözləməliydi. Elə başa düşmüşdür ki, çantanı Qaqoş gətirib ora qoyubdur. Azos adlanan yerdə olmamış, polislərin dedikləri kimi həmin yerdən yığdığını, xəstə olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. İstintaq zamanı müstəntiq də onu narkotik vasitə çəkən kimi sənədləşdirəcəyini bildirib tezliklə azadlığa çıxacağını, nə sözü olarsa məhkəməyə deməli olduğunu bildirərək sənədlərə imza etməsini dediyi üçün sənədləri imzalamışdır. Videogörüntüdə burunu üzərində olan xəsarət tutularkən polis əməkdaşları tərəfindən döyülərkən yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə digər əməliyyat müvəkkili Şahid2la Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında əlində bazar torbası ilə piyada hərəkətdə olarkən saxlamışlar. Təqsirləndirilən şəxs özlərilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərində və əlində olan bazar torbasında şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əlindəki bazar torbasında axtarış aparılarkən torbanın içərisinin qurudulmuş marixunaya bənzər kütlə ilə dolu olması məlum olmuşdur. Həmin kütlə torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 2.975 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs həmin kütləni “Azos” adlanan yerdən yığıb topladığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Onlara təqsirləndirilən şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat daxil olmamsışdır. “Şöbədə özü etiraf etmişdir ki, həmin torbada narkotik vasitə var. Bəylər tutulanda yanında heç kim olmamışdır. İçkili və ya hər hansı narkotik vasitənin təsiri altında görünməmişdir. Ona qarşı hər hansı fiziki təsir olunmamışdır. Xidmətdə olarkən sonradan adının Bəylər olduğunu bildiyi şəxsdən şübhələnmişlər və bu səbəblə saxladıqlarını bildirmişdir. Hansı əlamətlərinə görə şübhələndiklərini səbəbini izah edə bilmir. Şəxsi saxlamaqları ilə bağlı öncədən hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Qaqoş və Rövşəni tanımır. İbtidai istintaq zamanı verdiyi «Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir.» ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyəti izah edə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsində nə səbəbdən bu xüsusatların qeyd edilməsini səbəbini bilmir. Bəylərlə bağlı ona hər hansı məlumat daxil olmamışdır, bununla bağlı hər hansı raport və ya qərar yazmadığını bildirmişdir. Cinayət işi materiallarında olan və onun adından tərtib edilmiş qərar və raportla bağlı xüsusatları izah edə bilmir. Şahid1 təkrarən məhkəmə islasında dindirilərkən ifadəsində göstərdi ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasılna dair əməliyyat məlumatı daxil olmuşdur. Metallruq stadionunun yanında Təqsirləndirilən şəxs yaxınlaşıb küçədə onu saxlamışlar. Həmin zaman Təqsirləndirilən şəxs tək olmuş, yanında kimsə olmamışdır. Bu işlə bağlı məhkəməyə ilk dəfədir ki, ifadə verir. Ona əvvəl məhkəmədə şahid qismində dindirildiyini və fərqli ifadə verməsi xatırladılmış və nəyə görə məhkəməyə ilk dəfədir ki, dəvət olunur və ifadə verir deməsi sualına cavab verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə digər əməliyyat müvəkkili Şahid1la birlikdə xidmətdə olarkən xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında Təqsirləndirilən şəxs əlində bazar torbası ilə piyada hərəkətdə olarkən saxlayıb özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərində və əlində olan bazar torbasında şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əlindəki bazar torbasında axtarış aparılarkən torbanın içərisinin qurudulmuş marixunaya bənzər kütlə ilə dolu olması məlum olmuşdur. Həmin kütlə torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 2.975 qram təşkil etmişdir. Ona hər hansı psixi və ya fiziki təzyiq və ya təsir edilməmişdir. Qaqoş və Rövşəni tanımır. Şəxslə bağlı onlara heç bir əməliyyat məlumatı daxil olmamışdır. Bəylər tutulanda tək olmuş, yanında kimsə olmamışdır. İbtidai istintaq zamanı verdiyi «Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir.» ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyəti izah edə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsində nə səbəbdən bu xüsusatların qeyd edilməsini səbəbini bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, avqust ayında həyat yoldaşı Təqsirləndirilən şəxs keçi otarmaq üçün evdən çıxıb getmişdir.O evdə olarkən tanımadığı uzunboylu bir kişi evə gələrək həyat yoldaşı Bəyləri soruşmuş, Bəylərin onun dostu olduğunu bildirmiş, lakin həmin şəxsə inanmamışdır. Çünki qonşuları həmin şəxsin bir neçə gündür ki, onun həyat yoldaşı Bəyləri izlədiyini söyləmişlər. Adının sonradan Rövşən olduğunu bildiyi həmin şəxs çay istəmiş, çay olmağını bildirmiş, sonra həmin şəxs su istəmiş, yenə su da olmadığını deyərək onun getməsini demişdir. Lakin həyat yoldaşı özü həmin şəxsə və özünə çay süzərək həyətdə içmişlər. Bəylər və Rövşən çay içib söhbət edərkən Rövşən Bəylərə borcu olan Turala zəng edərək başqa adla aldatmaqla çağırıb pulu alacağını demiş, Rövşən hətta səmimi davranaraq Bəylərə məşğulluqda tanışı olduğunu, onun üçün müraciət edəcəyini, orada məşğuliyyət üçün heyvan verildiyini də qeyd edərək yalan vəd vermişdir. Hətta demişdir ki, “dur gedək qayıdanda toyuq cücələr xəstədi onlara da dərman alarıq, gətirib verərsən”. Turalı tanıyır, Tural onlarla eyni qəsəbədə yaşayır və həyat yoldaşı ilə cəzaçəkmə müəssisəsində bir yerdə olublar. Həyat yoldaşı Bəylər ona kəsib satması üçün keçi vermişdir. Tural ona demişdir ki, keçiləri kəsib satandan sonra pulunu üç dörd günə verəcək. Lakin aradan iki ay keçməsinə baxmayaraq keçilərin pulunu ala bilməmişlər. Təqsirləndirilən şəxs narkotikdən istifadə edərkən də satarkən də görməmiş və həyat yoldaşı sadə əməklə məşğul olmaqla ailəsini dolandırmışdır. Onu Rövşən aldadıb tutdurubdur. Əvvəl də onu aldadıb tutdurublar, bir az ağlı zəif olduğunu demişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Bəyləri qonşu kimi, küçədən tanıyır, düşmənçiliyi olmamışdır. Bəylər Sevinc qəsəbəsində keçi saxlamışdır. Bəylərdən 80 manata keçi almış ondan, 20 manat arvadına qaytarmış, ona borcu qalmışdır. Arvadından eşitmişdir ki, Bəylər tutulub. Rövşən, Qaqoşu tanımır, onlar pul istəməyə gəlməmişdir.Seyfəddinin çayçısına getməmişdir. Hadisə 1 il əvvəl olub, ayda 20, 30 manat vermək istəmiş, lakin İmkanı olmadığı üçün, pulu qaytara bilməmişdir. Həmin şəxslər ondan pul istəməmiş, həmin adamların adını belə bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmış və şöbəyə gətirilmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş, əlində bağlama olmuşdur. Həmin bağlamanın içərində narkotik vasitə olan marixuanadan ibarət kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. İşlə bağlı material Baş İdarəyə göndərilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə ona məxsusdur. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya təsir olunmamışdır. Narkotik vasitəni haradan əldə etməsi ilə bağlı suala cavab olaraq Təqsirləndirilən şəxs Azosdan yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı xəsarətinin olmasına həmin vaxt fikir verməmiş, olub-olmamasını xatırlamır. Ona polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki təsir olunmamış, döyülməmişdir. Şöbədə olan zaman özü narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olub-olmamasını hiss etməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs heç kimin adını çəkməmiş, keçi ilə bağlı heç nə deməmişdir. Suallara sərbəst cavab vermiş, həmin zaman şüurlu vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hər hansı xəsarətinin olmasına həmin vaxt fikir verməmiş, olub-olmamasını xatırlamadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixatrop maddə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixatrop maddə əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs Gəncə şəhər Azərbaycan bayrağı küçəsində “Metalurq” stadionunun yaxınlığına gələcəyi göstərilmişdir. Həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxışla müəyyən olmuşdur ki, diskin içərisində 15 dəqiqə 05 saniyədən ibarət videogörüntü var. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Azər İsmayılov, görüntüdə olan digər şəxslər isə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat-müvəkkilləri: Şahid1 İsmayıl oğlu və Şahid2, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilərək bu barədə yazılı bildiriş təqdim edildiyi, həmçinin müdafiə hüququnun təmin edildiyi səsləndirilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilir, müsbət halda təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində saxladığı 1 ədəd bazar torbasını təqdim edərək içərisində “Azos” adlanan yerdən yığıb topladığı narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitənin xəstəsi, yəni aludəçisi olduğunu, istifadə etmək məqsədi ilə üzərində daşıdığını bildirir. Bundan sonra həmin torba açılır və içərisinin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli kütlədən ibarət olması məlum olur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmur. Bundan sonra qeyd edilən bazar torbasının içərisindəki kütlə həmin torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 2.975 qram təşkil etmişdir.Bundan sonra həmin torbanın ağzı tikilməklə bağlanılmış, üzəri möhürlənərək qeydlər aparılmış kağız iştirakçılar tərəfindən imzalanmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına mobil nömrə aşkar edilməmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, həmin vasitələrin satışı ilə də məşğul olması müəyyən edilmiş, lakin üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində digər şəxs və ya şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edibetməməsini, o cümlədən mobil nömrə istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1054 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs götürülmüş bir bağlamada maddi sübut” sözlər və imzalar olan bazar çantasında, təmiz çəkisi 2925 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 1697 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02.09. 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2924.8 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında olan və cinayət işinin başlanmasına əsas və səbəb olmuş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli «Raportdan» görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixatrop maddə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixatrop maddə əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs Gəncə şəhər Azərbaycan bayrağı küçəsində “Metalurq” stadionunun yaxınlığına gələcəyi göstərilmişdir. Həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, digər əməliyyat müvəkkili Şahid2la Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında əlində bazar torbası ilə piyada hərəkətdə olarkən saxlamışlar. Təqsirləndirilən şəxs özlərilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs əlindəki bazar torbasında axtarış aparılarkən torbanın içərisinin qurudulmuş marixunaya bənzər kütlə ilə dolu olması məlum olmuşdur. Onlara təqsirləndirilən şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat daxil olmamışdır. Xidmətdə olarkən sonradan adının Bəylər olduğunu bildiyi şəxsdən şübhələnmişlər və bu səbəblə saxladıqlarını bildirmişdir. Hansı əlamətlərinə görə şübhələndiklərini səbəbini izah edə bilmir.Şəxsi saxlamaqları ilə bağlı öncədən hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Qaqoş və Rövşəni tanımır. İbtidai istintaq zamanı verdiyi «Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir.» ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyəti izah edə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsində nə səbəbdən bu xüsusatların qeyd edilməsini səbəbini bilmir. Bəylərlə bağlı ona hər hansı məlumat daxil olmamışdır, bununla bağlı hər hansı raport və ya qərar yazmadığını bildirmişdir. Cinayət işi materiallarında olan və onun adından tərtib edilmiş qərar və raportla bağlı xüsusatları izah edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə digər əməliyyat müvəkkili Şahid1la birlikdə xidmətdə olarkən saat 12 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında Təqsirləndirilən şəxs əlində bazar torbası ilə piyada hərəkətdə olarkən saxlayıb özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs əlindəki bazar torbasında axtarış aparılarkən torbanın içərisinin qurudulmuş marixunaya bənzər kütlə ilə dolu olması məlum olmuşdur. Şəxslə bağlı onlara heç bir əməliyyat məlumatı daxil olmamışdır. İbtidai istintaq zamanı verdiyi «Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən,bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir.» ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyəti izah edə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsində nə səbəbdən bu xüsusatların qeyd edilməsini səbəbini bilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanılma səbəbi barədə onu saxlamış polis əməkdaşının ibtidai istintaq zamanı tərtib etdiyi cinayət işinin materiallarında olan cinayət işinin başlanılmasına əsas və səbəb olmuş qeyd edilən raport, qərar və ibtidai istintaq zamanı verdikləri ifadələrlə, həmin polis əməkdaşlarının məhkəmə isclasında verdikləri ifadələr kəskin ziddiyət təşkil edir. Bu fakt da onların ibtidai istintaq zamanı verdikləri ifadələrin, tərtib etdiyi raport və qərarın istintaq tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsasnı təşkil edən sübütlarının həqiqiliyi və möhtəbərliyni haqqında əsaslı şübhə yaradır. Qeyd edilən ziddiyyətin araşdırılması məqsədi ilə Şahid1 təkrarən məhkəmə islasında dindirilərkən ifadəsində göstərdi ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Metallurq stadionunun yanında Təqsirləndirilən şəxs yaxınlaşıb küçədə onu saxlamışlar. Bu işlə bağlı məhkəməyə ilk dəfədir ki, ifadə verir. Ona əvvəl məhkəmədə şahid qismində dindirildiyi və fərqli ifadə verməsi xatırladılmış və nəyə görə məhkəməyə «ilk dəfədir ki, dəvət olunur və ifadə verir» deməsi sualına cavab verə bilməmişdir. Bu faktın özü də bir daha onun ibtidai istintaq zamanı verdiyi ifadənin tərtib etdiyi raport və qərarın həqiqiliyi və möhtəbərliyni haqqında əsaslı şübhələri təsdiq edir. Bundan başqa «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş torbanın içərisində narkotik vasitə olan marixuana olduğunu və «20 gün əvvəl Göygöl rayonu ərazisində» Azos deyilən yerdən yığdığını bildirmişdir. Məhkəmə iclasında tədqiq olunan sözü gedən «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokolun videogörüntüsünə baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxsin «20 gün əvvəl» yığmasını deməsi müəyyən olunmamışdır. Videoçəkilişin sonunda görüntüdə çıxış edən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Azər İsmayılov deyir ki, Təqsirləndirilən şəxs bildirdi ki, həmin marixuananı «20 gün əvvəl Azos deyilən yerdən yığıb qurudub saxlamışdır». Göründüyü kimi qeyd edilən protokolda şübhəli şəxs Təqsirləndirilən şəxs adından yazılmış narkotik vasitəni «20 gün əvvəl» yığıması yazılsa da, Təqsirləndirilən şəxs «20 gün əvvəl» sözünü deməmiş, o bu sözu demədiyi halda, təhqiqatçı onun adından «20 gün əvvəl» Azos deyilən yerdən yığıb «orada qurudub saxlamışdır» bildirmişdir. Bu xüsusatın özü də qeyd edilən protokolun məzmununda göstərilən halların həqiqiliyi və möhtəbərliyni haqqında əsaslı şübhə yaradır. Belə bir təsurrat yaranır ki, şübhəli şəxs Təqsirləndirilən şəxs sanki videoçəklişdən əvvəl də dindirilmişdir. Həmçinin sözü gedən «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokolun videogörüntüsünə baxış keçirilərkən görünür ki, müdafiəçi və təhqiqatçı Təqsirləndirilən şəxs dəfələrlə soruşur ki, «həmin çantanı kimsə sənə saxlamağa verməyib ki?» heç bir zərurət yaranmadığı halda bu sualın şübhəli şəxsə verilməsi də müəyyən şübhələr yaradır. Bundan başqa həmin videogörüntüdə Təqsirləndirilən şəxs burunun üzərində xəsarət olması görünür, bununla bağlı müdafiəçi ondan soruşarkən o həmin xəsarətin əli ilə qaşıması nəticəsində yarandığını bildirir. Məhkəmə iclasında isə videogörüntüdə burunu üzərində olan xəsarətin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi zamanı yarandığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Turalın ona borcu 97 manat qalmışdır. Lakin aradan 2 ay keçməsinə baxmayaraq Tural borcunu verməmişdir. Sonra avtobus dayanacağındakı çayçını işlədən Seyfəddinə bu barədə danışarkən orada olan Rövşən Gəncəli ona demişdir ki, “biz sənin pulunu alıb sənə verə bilərik”. Demişdir ki, o, tanışı Qaqoşa deyəcək, Qaqoş da köməklik edərək pulu qaytaracaq. Bu adla onu Qaqoşla görüşmək üçük dəmir tullantıları olan Metallurq parkına gətirmişdir. Bir xeyli gözlədikdən sonra siqareti bitdiyi üçün Qaqoş ona bir siqaret vermiş, siqareti çəkdikdən sonra ona qəribə hallar gəlmiş, özünü pis hiss etmişdir. Orada ayaqyolu kimi istifadə olunan bir yer olduğunu, ürəyi bulandığı üçün ora girərkən ona demişlər ki, orada onlara məxsus dolu bir çanta var, onu da gətisin. O ayaqyolunda çanta olduğunu görmüş, çantanı götürüb bayıra çıxar-çıxmaz dərhal polislər onu əhatəyə almışlar. Bu zaman görmüşdür ki, Rövşənlə Qaqoş orada yoxdur. Onu polis şöbəsinə gətirmişlər. Çantaya baxılmış, içərisində narkotik vasitə olduğu müəyyən olunmuşdur. Sonra çantanın ona məxsus olmadığını desə də, polislər ona inanmayıb həbs etmişlər. Sonra onu döymüşlər və çantanın ona məxsus olmasını etiraf etməyini, tanışlarını satmamağı bildirmişlər. O də həm qorxmuş, həm də özünü pis hiss etdiyi üçün çantanın ona məxsus olduğunu demişdir. Lakin indi özünü təqsirli bilmədiyindən həqiqətləri söyləmək istəmişdir. Sonradan bilmişdir ki, həmin şəxslər polisin adamlarıdır, onu aldadıb ora gətirib tutdurublar. Narkotik vasitə istifadəçisi deyil. Tural Fuzuli oğluna keçi satmış, 97 manat, pulu vermədiyi üçün Rövşən Gəncəli ona çayçıda demişdir ki, pulunu alıb verəcəkdir.Həmin torbanın çərisində nə olduğuna baxmamışdır. Adını bilmədiyi, Qaqoş ləqəbli şəxs siqaret vermiş, siqaretdən sonra özünü pis hiss etmişdir. O həmin torba ilə qayıdanda isə polislər onu tutmuşlar. Rövşən Gəncəlini də çayçıdan tanıyır, lakin ünvanını bilmir. Halı pisləşdiyi üçün ayaqyoluna gedəcəyini bildirmişdir. Qaqoş ona ayaqyolunda torba olacağını, gələndə onu da gətirməyini bildirdi. Polisə gətirildiyi vaxt vəkil olmamış, sonra çağırırılmış və demişlər ki, vəkilin yanında başqa söz danışmasın dedikləri kimi bildirsin. Onu tutanlar 3-4 nəfər olmuşdur. Cantanı götürərkən içərisində nə olduğunu bilməmişdir. Azos adlanan yerdə olmamış, polislərin dedikləri kimi həmin yerdən yığdığını, xəstə olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. İstintaq zamanı müstəntiq də onu narkotik vasitə çəkən kimi sənədləşdirəcəyini bildirib tezliklə azadlığa çıxacağını, nə sözü olarsa məhkəməyə deməli olduğunu bildirərək sənədlərə imza etməsini dediyi üçün sənədləri imzalamışdır. Həmin xüsusatın yoxlanılması üçün X8 məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, Bəylərdən 80 manata keçi almış ondan, 20 manat arvadına qaytarmış, ona borcu qalmışdır, ayda 20, 30 manat vermək istəmiş, lakin İmkanı olmadığı üçün, pulu qaytara bilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən barəsində ittiham hökmü çıxarılmasına əsas olan sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-nin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verilən ittiha üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-nin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-nin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-nin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-nin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. CPM-nin 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-nin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4-3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, narkotik vasitə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2924.8 qram narkotik vasitə qurudulmuş marixuana həmin maddələrin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək Gəncə şəhər BPİ-də saxlanılmalıdır. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, narkotik vasitə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2924.8 qram narkotik vasitə qurudulmuş marixuana həmin maddələrin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək Gəncə şəhər BPİ-də saxlanılsın. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar