Məhkəmə qərarları › İş №1(100)-446/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-446/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-446/2022 03.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu, X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X11 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 2000 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 3 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 10.12.218-ci il tarixli 7(043)-134/2018 saylı qərarı ilə təyin edilmiş 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 ay 11 günü hissəsi hökm üzrə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuş, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,741 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 1 iyun 2022-ci il tarixdə saat 01:20-də Gəncə şəhər 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, “Firuzə” şadlıq sarayının arxasında saxlanılıb 1-ci Polis Şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd sellofan torbacıqda külli miqdarda, təmiz çəkisi 3,741 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir və əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün məhkum olunmuşdur. Hadisə olan gün yəni 1 iyun 2022-ci il tarixində o, narkotik vasitə “heroin” istifadə edib öz yaşadığı küçənin aşağı hissəsinə çatan vaxt 1 nəfər polis əməkdaşı onu saxlayıb Gəncə şəhəri 1-ci Polis Şöbəsinə getmişdir. Bundan sonra orada inzibati otaqların birində polis əməkdaşları tərəfindən ona zor tətbiq edilərək ona aid olmayan narkotik vasitə onun cibinə qoyulmuş və bildirmişlər ki, ona istifadəçi kimi cinayət işi başlanacaq. O da istifadəçi olduğu üçün onlarla razılaşmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da polis əməkdaşlarının video çəkilişdən qabaq onun cibinə qoyduqları şəffaf sellofan bükümün içərisində olan kütləni əynində olan qara rəngli şalvarın sağ ön cibindən çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “... O, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Həmin psixotrop maddəni o, “patı” kimi adlandırır. Əvvəllər də narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixində Gəncə şəhəri “Firuzə” şadlıq sarayının arxasında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Gəncə şəhəri 1ci Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 1-ci Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Gəncə şəhər 1-ci PŞ-də müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da onlara əynində olan qara rəngli şalvarın sağ ön cibindən şəffaf sellofan bükümün içərisində olan kütləni təqdim edərək həmin bükülün içərisində “patı” adlandırdığı metamfetamin olduğunu bildirmişdir. O, bundan başqa həmin cibində olan siqaret və alışqanı təqdim etmişdir. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını demişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və heç bir şey aşkar edilməmişdir. Həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 4,12 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin meamfetamin olduğunu və ona məxsus olduğunu, həmin psixotrop maddəni bir gün bundan qabaq Gəncə şəhərində “Dram” teatrının yaxınlığında yerdən tapdığını, həmin psixotrop maddədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, həmin kütlədən az miqdarda istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan torbacıqda, külli miqdarda təmiz çəkisi 3,741 qram təşkil edən maddə psixotrop maddə olan metamfetamindir. O, üzərindən aşkar edilərək götürülmüş heroini bir gün bundan qabaq Gəncə şəhərində “Dram” teatrının yaxınlığında yerdən taparaq götürmüşdür. Həmin psixotrop maddənin üzərindən bir az götürərək istifadə etmişdir. Qalanını isə istifadə etmək üçün üzərində saxlamışdır. O, əldə edib saxladığı psixotrop maddə olan metamfetamini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin psixotrop maddəni özü istifadə etmək üçün saxlamışdır. Onun psixotrop maddə olan metamfetamini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Polis əməkdaşları onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə apararkən, həmçinin İdarənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Onun istifadəsində mobil telefon və adına mobil nömrə olmamışdır. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşman olduğunu və özünün müdafiəsi üçün heç vaxt psixotrop maddə olan metamfetamini heç kəsə satmadığını, əvəzli, yaxud əvəzsiz olaraq vermədiyini, belə bir məqsədinin də olmadığını, həmin psixotrop maddəni özü istifadə etmək üçün saxladığını bildirmişdir....” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddələri qəbul etməkdə, istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. 1 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Firuzə” şadlıq sarayının arxasında olması barədə məlumat almışlar. Dərhal həmin ünvana yollanmışlar və tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Firuzə” şadlıq sarayının arxasında olduğu müəyyən edilmişdir. Həmin günü saat 01:20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Firuzə” şadlıq sarayının arxasında saxlayaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə iştirakçıların və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olubolmaması, varsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş kütlə və bir ədəd siqaret qutusu təqdim etmişdir. Sol cibindən isə plastik bank kart, şəxsiyyət vəsiqəsi və cib dəsmalı aşkar edilmişdir. Həmin bükülüyə baxdıqda içərisində ağ-şəffaf rəngli, toz və kristal vəziyyətdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 4 qramdan artıq olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin “patı” adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni bir gün əvvəl Gəncə şəhərində “Dram” teatrın yaxınlığından tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmçinin üzərində aşkar olunan psixotrop maddədən başqa yaşadığı ünvanda və digər yerdə psixotrop maddə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə bir ədəd zərfdə qablaşdırılmış möhürlənərək götürülmüşdür. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 1 iyun 2022-ci il tarixli “şəxsi axtarış haqqında” və 30 iyun 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X8 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7, 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmçinin müdafiəçi X3 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Ona üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmaması soruşulur, varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni təqdim edir. Bundan başqa onun əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd cib dəsmalı, şəxsiyyət vəsiqəsi aşkar olunur. Bir ədəd şəffaf sellofan torbaya baxan zaman içərisində kristal şəkilli kütlə olduğu görünür. Təqsirləndirilən şəxs həmin kütlənin “patı” olduğunu, həmin kütləni tutulmazdan bir gün qabaq Gəncə şəhəri Dram Teatrının yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddədən heç kəsə satmadığını bildirir. Sellofan torbanın içərisindəki kütlənin kristal formada olduğu görünür. Götürülmüş kütlə aptek tərəzisində çəkilir. Götürülmüş psixotrop maddə olan “metamfetamin”ə oxşar bir bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellofan ilə birlikdə 4,12 (dörd tam yüzdə on iki) qram olur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdəki psixotrop maddəyə bənzər kütlə zərfdə qablaşdırılır . Müdafiəçi X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin ona məxsus olub-olmadığını, ona hər hansı təzyiq olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin ona məxsus olduğunu, heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadığını bildirir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 1 iyun 2022-ci il tarixli 16/634 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilib götürülmüş kütlə” yazıları və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan torbacıqda, təmiz çəkisi 3,741 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit, nəq edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin 3 iyun 2022-ci il tarixli 870 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 20 avqust 2022-ci il tarixli 1440 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 5 iyul 2022-ci il tarixli 121-18693-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmiş, həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edərək saxlamış, lakin psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs “***-***- **-**; ***-***-**-**” mobil nömrələri işlətdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Republikası Gəncə şəhər Psixonevroloji Dispanserin 1 avqust 2022-ci il tarixli 4306 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə nazirliyi Gəncə şəhər Narkolji Dispanserin 1 avqust 2022-ci il tarixli 3895 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 18 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,641 qram olan psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 1 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzər inə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 1 iyun 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 25 iyul 2022-ci il tarixli tələbnamədən və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli və 3 iyun 2019-cu il tarixli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 3 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 10.12.218-ci il tarixli 7(043)-134/2018 saylı qərarı ilə təyin edilmiş 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 ay 11 günü hissəsi hökm üzrə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmamasına, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına və polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsinə dair ifadələri, özünün ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış zamanı, ekspert rəyləri, cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən öz hüququndan istifadə edərək daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə bu nəticəyə gələrkən yuxarıda qeyd edilən hallarla yanaşı qeyd edir ki, Təqsirləndirilən şəxs 1 iyun 2022-ci il tarixdə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Onun üzərinə baxış zamanı prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, baxış zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını, həmin psixotrop maddə olan metamfetamini tapdığını bildirmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin 3 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş, onun bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq psixotrop maddənin satış məqsədi ilə əldə edilib daşıyaraq saxlanması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə, psixotrop maddə olan metamfetaminin çəkilib xırda bağlamalara bükülməsi və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə saxlaması haqqında heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, özü qəbul etmək üçün qanunsuz olaraq əldə edib daşıyaraq saxlamasını təsdiq ediyi halda, əsassız olaraq onun psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən külli miqdarda əldə edib üzərində daşıyaraq saxladığı 1 bükümdə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq, təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 25 iyul 2022-ci il tarixli tələbnamədən və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə göə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinə əlavə olunmuş tələbnamədən və hökmlərin sürətindən göründüyü kimi Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş, yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Odur ki, onun hazırki cinayət əməli cinayətin residivi kimi qiymətləndirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 1 iyun 2022ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz qalıq çəkisi 3,641 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videogörüntüləri özündə əsk etdirən 1 (bir) ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd “CD” disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 22 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 1 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz qalıq çəkisi 3,641 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 1 (bir) ədəd “DVD” disk və 1 (bir) ədəd “CD” disk cinayət işinin materialında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar