Məhkəmə qərarları › İş №1(100)-447/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-447/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-447/2024 30.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X5 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə RF-nin Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkən, ünvan 1 ünvaninda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə qanunsuz əldə etdiyi 5,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 07 mart 2024-cü il tarixdə gündüz saatlarında, dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, Bakı küçəsində tanışı X9 qanunsuz olaraq 20 manat pul müqabilində satmış, 08 mart 2024-cü il tarixdə, saat 14 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində X19 şəhəri Ə.Ədilov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd yarı kəsilmiş kibrit qutusunda, təmiz çəkisi 5,06 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə, saat 14 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq həmin gün saat 14:55-də yaşadığı Bərdə şəhəri, Bakı küçəsi 17 nömrəli fərdi yaşayış evinə baxış keçirilən zaman evin həyətində yerləşən yardımçı tikilinin içərisində olan masanın üzərində məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz əldə edib saxladığı 01 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi 0,31 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və həmin fərdi yaşayış evinin hamam otağında saxladığı 1 (bir) ədəd iç-içə olan sellofan paketdə külli miqdarda, təmiz çəkisi 745 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16-17 radələrində birlikdə yaşadığı Nuridə İbrahimova ilə evdə olan zaman evində quraşdırılmış təhlükəsizlik kameralarından sonradan polis əməkdaşları olduğunu bildiyi iki nəfər şəxsin darvazanın, iki nəfər şəxsin də hasarın üzərindən tullanaraq yaşadığı evin həyətinə daxil olduqlarını görmüşdür. Polis əməkdaşları evində onu döyüb fiziki təsir göstərdikdən sonra evində axtarış etməyə başlamışlar, həyətdəki hamamdan ev quşlarına vermək üçün həmin gün Sübhan Musayevlə birlikdə bazardan aldığı qırxbuğum bitkisini narkotik vasitə marixuana adı ilə götürmüşlər. Bundan başqa evindən aşkar olunduğu iddia olunan elektron tərəzi ona məxsus olmamışdır, həmin tərəzini polis əməkdaşları gətirmişdir. Ümumiyyətlə onun evində narkotik vasitə olmamışdır, ibtidai istintaq zamanı təzyiq altdına etiraf edici ifadələr verməyə məcbur olmuşdur. Sübhan Musayev həftədə 2-3 dəfə onun evinə gəlib həyətində müxtəlif işlər görərək gördüyü işlərə uyğun pul almışdır. xx.xx.2024-cü il tarixdə Sübhan Musayev onun evində olarkən polis əməkdaşları bir neçə dəfə ona zəng etmişlər, Sübhan da telefon oğurluğu ilə bağlı polis şöbəsinə çağırıldığını bildirmişdir. X20 Şöbəsinə getmək üçün çıxıb gedəndən təxminən 1 saat sonra polis əməkdaşları onun evinə gəlmişdir. O, Sübhan Musayevə narkotik vasitə satmamışdır. Bundan başqa o, ifadəsində, polis əməkdaşlarının onun yaşadığı evin həyətinə darvazanın və hasarın üzərindən daxil olmalarını qonşuluqda olan şəxslərin gördüklərini, onun evində və qonşuluqda yerləşən mağazada olan təhlükəsizlik kameralarının polis əməkdaşları tərəfindən sökülüb götürüldüyünü bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmin ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və hesab edir ki, onun göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, habelə sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Rafiqi 15 ildir ki, tanıyır. Mütamadi olaraq onun bağında fəhlə kimi işləmiş, eyni zamanda toyuq, cücəsinə və dekoratif quşlarına baxıb qulluq etmişdir. 2016-cı ildən narkotik vasitə istifadəçisidir. xx.xx.2024-cü il tarixdə Rafiqin yaşadığı evin həyətində ondan 20 manat qarşılığında yarım kibrit qutusu nəşə almışdır. Həmin narkotik vasitədən bir qədərini istifadə etmiş, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis bölməsində üzərindən Təqsirləndirilən şəxs aldığı yarım qutu nəşə aşkar olunmuşdur. O, Rafiqdən aldığı narkotik vasitənin çəkisini bilməmiş, polis bölməsində üzərindən aşkar olunmuş narkotik vasitə çəkilərək təxminən 5 qram olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Rafqin yaşadığı evə gedib qapını döydükdən sonra evdə olan qadın qapını açmış və əməliyyatçılarla birlikdə həyətə daxil olmuşlar. Həyətin sağ tərəfində olan tikildə masanın üzərindən marixuana və elektron tərəzi aşkar olunmuşdur. Sonra Rafiqdən evdə başqa qanunla qadağan olunmuş hər hansı əşya və predimet olub-olmadığını soruşulmuş, o da olmadığını demişdir. Daha sonra həyətdə olan hamamdan sellofan torbada 750 qram çəkidə qurudulmuş bitki aşka edilmişdir. Sorğu zamanı Rafiq həmin bitkinin qırxbuğum olduğunu bildirmişdir, daha sonra həmin bitki ekspertizaya göndərilmək üçün təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs heç bir təzyiq-təsir olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayında saxlanılmış Sübhan adlı şəxsin narkotik vasitəni əldə etdiyi mənbənin aşkar olunması istiqamətində əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib çəkilişlə baxış keçirmişlər. Baxış zamanı evdəki masanın üzərində salfetkaya bükülü narkotik vasitə və elektron tərəzi aşkar olunmuş, Təqsirləndirilən şəxs tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Sonra evin həyətindəki hamam otağından narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan başqa o, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamışdan əvvəl qapını döydüklərini, qapını Rafqin özünün açdığını, həmin vaxt həyətdə bir nəfər qadın olduğunu, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixoloji təsir olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə təhqiqatçının iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həyətdəki yarımtikilidə masanın üzərində olan bir büküm marixuananı və elektron tərəzini təqdim etmişdir. Daha sonra hamam otağından özünün qırxbuğum dediyi bitki aşkar olunmuşdur. Həmin bitki ekspertizaya göndərilmək üçün təhqiqatçı tərəfindən sənədləşdirilərək götürülmüşdür. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs evinə hasarın üzərindən tullanaraq daxil olmadıqlarını, darvazanın çölündə çəkilişə başlanıldığını, həyətə Rafiqin arxasınca daxil olduqlarını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sübhana zəng edib anasından qırxbuğum alıb gətirməsini xahiş etmiş, təxminən saat 10:30-11:00-da Sübhan qırxbuğum alıb gətirmişdir. Həmin gün onlar birlikdə yem hazırlayıb qırqovullara verdikdən sonra qəbirstanlığa getmişlər, birlikdə olduqları müddət ərzində Sübhanın moil telefonuna polis əməkdaşlarından bir neçə dəfə zəng gəlmişdir, Sübhan telefon oğurluğu ilə bağlı onu polis şöbəsinə çağırdıqlarını bildirmişdir. Sübhan onların evindən çıxıb gedəndən təxminən 40 dəqiqə sonra Rafiq evdə olan təhlükəsizlik kameralarından polislərin evə daxil olduğunu görmüşdür. O, həyətə çıxanda polislərdən birinin hasardan həyətə tullanıb içəri tərəfdən həyətin qapısını açdığını və təxminən 15 nəfər polis əməkdaşının həyətə daxil olduğunu görmüşdür. Rafiq onlardan nə ilə bağlı gəldiklərini soruşanda “şöbədə bilərsən” cavabını vermişlər. Sonra həyətdəki hamama gedib orada olan, Sübhanın anasından alıb gətirdiyi göy torbadakı qırxbuğumu çıxarıb Rafiqdən onun nə olduğunu soruşmuşlar, o da qırxbuğum olduğunu, qırqovullara və digər ev quşalarına yem kimi verdiyini bildirmişdir. Sonra evin digər tərəflərinə baxıb, evdə olan kameranı sökmüşlər. Təxminən 20 dəqiqə evdə axtarıış edib heç nə tapmamışlar. Onu evdən çıxarandan təxminən 1 saat sonra Rafiqi polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Rafiqin evinin yaxınlığında yerləşən kiçik marketində olan zaman təhlükəsizlik kameralarından Rafiqgilin küçəsinin başında xeyli insan oldunu görüb nə baş verdiyini öyrənmək üçün küçəyə çıxanda həmin şəxslərdən biri hasarın üzərinə çıxıb həyətə tərəf tullandığını, sonra içəridən qapının açıldığını və digər əməliyyatçıların içəri daxil olduğunu görmüşdür. Bundan sonra onu oradan kənarlaşdırmışlar. Daha sonra o, marketdən Rafiqgilin həyətinə açılan kiçik pəncərədən Rafiqin “vurma, niyə belə vurursunuz, ermənisinizmi?” kimi sözlər dediyini, yoldaşı Nuridənin də qışqırdığını eşitmişdir. Sonra polis əməkdaşlarından biri onun yanına gəlib marketdəki kameranın yaddaşını silərək kameranı elektrikdən ayırmış və ona yenidən elektrikə taxmamağı tapşırmışdır. 5-10 dəqiqə sonra polislər Nuridəni onun yanına gətirib marketdə durmasını demişlər. Bundan başqa o, ifadəsində Sübhanı polis əməkdaşları Rafiqin evinə gəldiyi gün səhər-səhər gördüyünü, onun əlində torba olduğunu, Rafiqgilə bazardan nəsə alıb gətirdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 16/329 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 2 qram çəkidə olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,31 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan hamamdan aşkar edilmiş narkotik vasitə hesab edilən 0,755 kq çəkidə olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan sellofan paketdəki 1 (bir) ədəd iç-içə olan sellofan paketdə təmiz çəkisi 745 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar olunmuş 01 ədəd elektron tərəzi” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə izləri yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 16/439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 2 qram çəkidə olan marixuanaya bənzər kütlə” yazılar olan kağız paketdəki qurudulmuş marixuana və MEM-nə məxsus kağız paketdəki qurudulmuş marixuana, üzərində “X6 üzərindən aşkar edilmiş maddi sübut” yazılar olan kağız paketdəki qurudulmuş marixuana ilə tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” və xx.xx.2024-cü il tarixli “dvd diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdə narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması barədə soruşulmuş və Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu bildirərək, yaşadığı evinin həyətyanı sahəsində yerləşən yaşayış üçün nəzərdə tutulmuş köməkçi tikilinin içərisində masanın üzərində olan salfetə bükülü formada olan bükümü əlinə alaraq həmin bükmün içərisində marixuana olduğunu bildirmiş və masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümə baxış keçirilərək içərisində narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 02 qram olduğu müəyyən edilmişdir. Masanın üzərində olan 01 ədəd kiçik ölçülü elektron tərəzi də iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə başqa hər hansı qanunsuz əşya olub-olmaması sorğu edilmiş bu zaman Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra evə baxış zamanı həmin həyətdə yerləşən hamamın içərisində olan qapısı olmayan lakin pəncərəsi olan tikilidən 01 ədəd tünd göy rəngli torba aşkar edilmişdir. Həmin torbanın içərisində olan kütlənin nə olması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin kütlənin “qırxbuğum” bitkisi olduğunu bildirmişdir. Həmin kütləyə baxış keçirilən zaman sellofanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması Təqsirləndirilən şəxs bildirilsədə, Təqsirləndirilən şəxs həmin bitkini bazardan aldığını və həyətdə saxladığı ev quşlarına vermək məqsədi ilə saxladığnı bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 755 qram olması müəyyən edilmişdir. Bunun ardınca həmin kütlə narkotik vasitə olub-olmamasını müəyən etmək üçün ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan 02 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd qara rəngli “Kgtel” markalı və 01 ədəd boz rəngli “Nokia” markalı mobil telefonu, gödəkçənin sol yan cibindən 01 ədəd “vest” markalı siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd “Samsung” markalı, 01 ədəd qara rəngli “Kgtel” markalı və 01 ədəd boz rəngli “Nokia” markalı mobil telefon istintaq zərurəti ilə əlaqədar olaraq 01 ədəd ağ rəngli zərfə qablaşdırılaraq götürlmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd “Vest” markalı siqaret qutusu və 01 ədəd kibrit qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “KGTEL K5”, “Nokia”, “Samsung S20” və “Samsung S10” markalı mobil telefonlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, baxış zamanı həmin mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə ediləmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “KGTEL K5”, “Nokia”, “Samsung S20”, “Samsung S10” markalı mobil telefonlar və Mode Tare markalı tərəzi atası X7 qaytarılmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-40/2024 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “üzləşdirmə dindirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı X1 Rafiq Oktay oğlunun üzünə qarşı 07 mart 2024-cü il tarixdə ondan 20 manat müqabilində yarımçıq kibrit qutusunda qurudulmuş marixuana aldığını söyləmiş, Təqsirləndirilən şəxs Sübhan Müsayevin dediklərini təkzib edərək, ona narkotik vasitə olan qurudulmuş marixuana satmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)-132/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, ********* nömrəli məktubundan görünür ki, hökmün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 06 ay 23 gününü çəkmiş və 11 ay 07 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilidən və hamamdan aşkar edilərək götürülmüş qurudulmuş marixuananın əldə etdiyi mənbənin, bu barədə məlumatı olan şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sübhan Musayevə narkotik vasitə qurudulmuş marixuana satmış, bundan başqa narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hanası şəxs və ya şəxslər müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 552 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-28/2-553/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin Narkoloji kabinetində “marixuana” diaqnozu ilə dispanser qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli, 174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Bərdə RİH başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 2065 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və 2018-ci il təvəllüdlü X8 adlı bir övladı var. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,31 qram, təyin edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq 0,25 qram qurudulmuş marixuana və 1 (bir) ədəd iç-içə olan sellofan paketdə təmiz çəkisi 745 qram, ekspertiza tədqiqatlarından sonra qalıq 744,78 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, evindən aşkar olunan torbanın içərisindəkinin qurudulmuş marixuana deyil, qırxbuğum bitkisi olduğunu bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdikləri ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış video-çəkilişlə, həmçinin işdə olan digər sübutlar ilə təsdiq olunur, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri işin faktiki hallarına uyğun gəldiyindən sübut kimi qəbul edilir, onun məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaqın gedişində cinayəti inkar etməsinə dair verdiyi ifadəsi özünü müdafiə kimi qiymətləndirilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla yanaşı, məhkəmə tərkibi ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın evindən aşkar olunan narkotik vasitəyə münasibətdə olan hissəsi və ümumilikdə əməlin tövsifi ilə razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də 5,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 07 mart 2024-cü il tarixdə tanışı X9 qanunsuz olaraq 20 manat pul müqabilində satmışdır. Lakin Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik maddəyə münasibətdə sonuncunun satış məqsədi və yaxud kiməsə satması nə ibtidai, nə də məhkəmə istintaqı zamanı təsdiq edilməmişdir. Yəni, cinayət təqibi orqanı Təqsirləndirilən şəxs evindən aşkar edilən narkotik vasitələrin sırf satış məqsədi ilə saxlanması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək üçün kimləsə sövdələşməsi, əlaqə saxlamasına dair nəticə əldə edə bilmədiklərini təsdiq etmişlər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə bağlı ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun evindən aşkar edilən narkotik vasitələrin satış məqsədilə saxlaması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs evindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə etməsi və üzərində saxlaması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə edərək saxlamışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilidən və hamamdan aşkar edilərək götürülmüş qurudulmuş marixuananın əldə etdiyi mənbənin, bu barədə məlumatı olan şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sübhan Musayevə narkotik vasitə qurudulmuş marixuana satmış, bundan başqa narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hanası şəxs və ya şəxslər müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən şəxsin əməlini təkrar satış məqsədi ilə narkotik vasitələri əldə edilməsi və saxlaması barədə yanlış nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfində törədilən cinayətə vahid əməl, vahid niyyət kimi baxılmamalı, əməllər iki epizod olmaqla fərqləndirilməli və sübut olunan niyyətə uyğun tövsif edilməlidir. Birinci epizod üzrə Təqsirləndirilən şəxs pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuananı satması mübahisəsizdir, evindən aşkar edilən külli miqdarda qurudulmuş marixuana isə satış deyil, istehlak məqsədilə saxlanmışdır. Odur ki, birinci epizoda münasibətdə Təqsirləndirilən şəxs əməli müstəqil olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə, ikinci epizod üzrə isə CM-in 234.1-1-ci maddəsilə tövsif edilməli, cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qururulmuş marixuananı satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən, həmin Məcəllənin 234.2 və 234.1-1-ci maddələrinə tövsif olunmalı və həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.1-1-ci maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, ********* nömrəli məktubundan görünür ki, hökmün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüş və 11 ay 07 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 07 gün hissəsi Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 05 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-40/2024 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması və nakroloji kabinetdə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınıb Bərdə RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 (bir) ədəd salfet kağız bükümdə ekspertiza tədqiqatlarından sonra qalıq 0,25 qram qurudulmuş marixuana və 1 (bir) ədəd iç-içə olan sellofan paketdə ekspertiza tədqiqatlarından sonra qalıq 744,78 qram qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona, CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il, CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 11 ay 07 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 05 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının CMin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması və nakroloji kabinetdə qeydiyyatda durması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar qismində tanınıb Bərdə RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 (bir) ədəd salfet kağız bükümdə ekspertiza tədqiqatlarından sonra qalıq 0,25 qram qurudulmuş marixuana və 1 (bir) ədəd içiçə olan sellofan paketdə ekspertiza tədqiqatlarından sonra qalıq 744,78 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 140 manat 80 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar