Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-448/2025 17.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X1 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2004-cü il tarixdə Bərdə rayonu, Kolayır kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 11 radələrində yaşadığı Bərdə rayonu, Otuzikilər kəndində babası Şahid1 məxsus fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs ikinci evlilikdən olan əri X3 ilə telefonda mübahisə etməsini görüb, ikinci evlilik həyatı qurmasına narazılıq bildirməsi səbəbindən anası Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsindən əsəbiləşərək aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı evin mətbəx hissəsindən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol və sağ arxa səthinə, sağ bazu nahiyəsinə qəsdən üç dəfə zərbə endirərək sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna nüfuz etməyən və sağ bazunun aşağı üçdə birinin arxa səthinin deşilmişkəsilmiş yaraları, eləcə də sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemopnevmotoraksla nəticələnən döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. O, uşaq olarkən anası atasından ayrılmış və Elvin adlı başqa şəxslə ikinci dəfə evlənmişdir. xx.xx.2025-ci il tarixdə nənəsinin vəfatından bir il keçməsi ilə bağlı mərasim təşkil olunmuşdur. Buna görə anası həmin vaxt babasıgilə gəlmişdir. Mərasim olan gündən sonrakı gün səhər vaxtı o, anası Elmiranın telefonda Elvinlə səhv etmirsə anasının evə tez qayıtması ilə bağlı mübahisə etməsini görmüşdür. O, anasına getməməsini dedikdə aralarında mübahisə yaranmış və anası ona “sən uşaqsan, get otur yerində, qarışma bu məsələlərə” demişdir. O, anasının dediyi həmin sözləri sinirə bilməmiş və mətbəxə gedib oradan bıçaq götürmüşdür. Daha sonra qayıdaraq həmin bıçaqla anasına xəsarət yetirmişdir. Bundan sonra bərk qorxduğu üçün özündə olmamış və bıçağı yerə atmışdır. Ardınca qonşu Əhməd oraya gəlmişdir. Bir qədər sonra isə polis əməkdaşları gəlmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, babası və nənəsi ilə birlikdə yaşamış, anası isə digər ailəsi ilə birlikdə yaşamış və 6 il onunla maraqlanmamışdır. O, anası Elmiranı yas mərasimi üçün gələn vaxt görəndə sonuncu ilə normal söhbət etmişdir. Anası onu atıb getdiyi üçün onun sonuncuya qarşı bir qədər hirsi olmuşdur. Bununla belə, anasının onun qoyub getməsi ilə bağlı aralarında mübahisələri olmamışdır. Anasına xəsarət yetirməsinin səbəbi həm sonuncunun əri ilə telefonda mübahisə etməsi, həm də illər əvvəl onu atıb getməsi olmuşdur. Xatırladığı qədəri ilə anasına iki dəfə bıçaqla xəsarət yetirmişdir. O, anasının sağ tərəfinə, kürək nahiyəsinə və bazu nahiyəsinə bıçaqla xəsarətlər yetirmişdir. Bıçaqla xəsarət yetirdikdən sonra çox qorxduğu üçün bıçağı yerə atmışdır. Həmin vaxtı da onları heç kim ayırmamışdır. Hadisə evdən çölə açılan qapının qarşısında baş vermiş, xalası da xatırladığı qədəri ilə qonşunu çağırmışdır. Hadisə zamanı çox qorxduğu üçün anasını xəstəxanaya kimin apardığını bilməmişdir. Hazırda anası Elmira ilə barışmış, artıq sonuncunun ikinci evliliyini qəbul etmiş, gələcəkdə bir daha belə hala yol verməyəcəkdir. Törətdiyi əməldən peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə anasının ölümündən bir il keçməsi ilə bağlı atasının yaşadığı Bərdə rayonu, Otuzikilər kəndinə getmişdir. Mərasimin ertəsi günü səhər saatlarında əri Elvinlə telefonla danışan zaman o, sonuncudan gəlib onu aparmasını istəmişdir. Elvin isə gələ bilməyəcəyini, oğlu Təhmurazın yaxud atasının onu gətirməsini demişdir. O, Elvinə atası ilə oğlunun evdə olmadığını dedikdə əri ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Elvin onu təhqir etmişdir. Həmin vaxtı Təhmuraz bu sözləri eşidərək ona Elvinin bu formada danışmasına baxmayaraq, nə üçün sonuncu ilə ailə qurduğunu demişdir. O, Təhmuraza uşaq olduğunu və bu məsələyə qarışmamasını demişdir. Buna görə oğlu ilə aralarında mübahisə yaranmışdır. Daha sonra o, telefonla danışa-danışa çölə çıxmışdır. Zəngi sonladırdıqdan sonra ona bacısı zəng etmişdir. O, zəngi açmamış Təhmuraz arxadan gəlib onu vurmuşdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, ilk dəfə ailə qurduğu Təhmurazın atası Anar adlı şəxslə 11-12 il bundan əvvəl ayrılmışdır. Anar ilə ayrılqdıqdan sonra oğlu Təhmuraza onun anası baxıb böyütmüşdür. Onun ikinci eliliyindən də övladları olmuşdur. İkinci dəfə ailə həyatı qurandan sonra o, oğlu ilə sadəcə telefonla maraqlanmış, arabir isə atası evinə gedəndə oğlunu görmüşdür. Təhmuraz hərbi xidmətdən qayıtdıqdan sonra anasının vəfat etməsi oğluna pis təsir etmiş və bundan sonra Təhmuraz ondan nə üçün onu uşaq vaxtı qoyub getdiyini, yəni ikinci dəfə ailə həyatı qurduğunu soruşmuşdur. O, Elvinlə telefonda mübahisə edən zaman bacısı və Təhmuraz evdə olmuşlar. Bacısı həmin vaxt mətbəxdə, o isə eyvanda olmuşdur. Mətbəxlə eyvan bir-birinə yaxın yerləşmişdir. Elvinlə mübahisə etməyini həm bacısı, həm də Təhmuraz eşitmişdir. O, Təhmurazla mübahisə etdikdən sonra telefonla danışa-danışa çölə çıxmış, bu zaman Təhmuraz qarşısından keçib mətbəxə tərəf getmişdir. O, həyətə düşən zaman oğlu arxasından gəlib onun vurmuşdur. Təhmuraz iki dəfə onun kürək nahiyəsinə xəsarət yetirmiş, bundan əlavə bıçaq onun qoluna da dəymişdir. O, əvvəlcə Təhmurazın onu bıçaqla vurmasını bilməmiş, xəsarət yetiriləndən sonra huşunu itirdiyi üçün oğlundan bıçağı kimin almasını, yaxud sonuncunun özününmü atmasını bilməmişdir. Telefon səsucaldanda olduğu üçün Təhmuraz Elvinlə onun danışığını kənardan eşitmişdir. Təhmuraz telefonla danışan zaman Elvinin onu təhqir etməsini eşidib ona ərinin yanına qayıtmamağını demişdir. O, Təhmurazla barışmış, oğlundan heç bir şikayət və tələbi yoxdur, oğlu barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir, çünki Təhmurazın gələcəkdə bir daha belə bir hərəkət edəcəyini düşünmür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, anasının vəfatının il dönümü mərasiminin ertəsi günü, yəni xx.xx.2025-ci il tarixdə bacısı Elmira ikinci dəfə ailə həyatı qurduğu Elvinlə telefonla danışmışdır. Bu zaman bacısı Elvinlə mübahisə etməyə başlamışdır. Başa düşdüyü qədəri ilə Elmira Elvinə avtomobil tutub gəlib onu götürməsini demiş, Elvin isə bacısına atasının avtomobil tutub gətirməsini demişdir. Bacısı həmin vaxtı Elvinə “daha nə qədər olar” demiş, çünki bacısının yol pulunu həmişə atası vermişdir. Həmin vaxt o, mətbəxdə olmuş, Təhmuraz isə içəri hirsli-hirsli girib-çıxmışdır. Onun Təhmurazın mətbəxdən bıçağı necə götürməsindən xəbəri olmamışdır. Bacısı Elmira telefonla danışa-danışa pilləkəndən düşərkən Təhmuraz bıçaqla sonuncunu arxadan vurmuşdur. Bacısının səsini eşidib oraya gedəndə, artıq bacısının yerə uzandığını və halının yaxşı olmadığını görmüşdür. Yaranmış səs-küyə qonşular da gəlmişdir. Bundan sonra səs-küyə gəlmiş qonşu ilə birlikdə bacısı Elmiranı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Təhmuraz bacısı Elmiranın ikinci dəfə ailə həyatı qurmasından sonra onu atıb getməsinə görə anasına qarşı bir qədər əsəbi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə zamanı o, evdə olmamışdır. Ona telefonla zəng edib nəvəsi Təhmurazın qızı Elmiranı döydüyünü demişlər. Evə gələn zaman isə Təhmurazın anasını bıçaqladığını bilmişdir. Bundan sonra Elmiranı qonşusu Əhmədin avtomobili ilə xəstəxanaya aparmışdır. Qızı Elmira ikinci dəfə ailə həyatı qurduqdan sonra onun yaşadığı evə tez-tez gəlməmişdir. Lakin telefonla danışan zaman həmişə Təhmurazla maraqlanmış, oğlunun necə olduğunu soruşmuşdur. Qızı oğlunu qoyub getdiyi üçün Təhmuraz bir qədər anasına qarşı aqressiv olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 157 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 165a nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən, döş qəfəsinin sağ yarısının arxa səthinin boşluğuna nüfuz etməyən, sağ bazunun aşağı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yaraları, sol tərəfli hemopnevmotoraks deşici-kəsici alət (alətlər), ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemopnevmotoraks törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sağ yarısının arxa səthinin boşluğuna nüfuz etməyən, sağ bazunun aşağı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2025-ci il tarixli, 174/2025-TBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - AB (İV). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus kofta üzərində insan qanı aşkar edilmişdir. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alınmışdır. Bu qan ləkələri AB (İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2025-ci il tarixli, 108/2025-MTKŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsində solda 01 (bir), arxa hissəsində sağda 01 (bir), sol qolun arxa hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr iti ucu, iti ülgücü küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər; 2) Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X10 Regional Ambulator şöbəsinin xx.xx.2025-ci il tarixli, 77 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağılıq xəstəliyi keçirməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndiriən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Bərdə rayonu, Otuzikilər kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evidir. Baxış zamanı 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əşyanın götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, könüllü təqdim edilən hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş mavi rəngli uzunqol qadın köynəyi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 12:30-da Bərdə MDM-nin növbətçi həkimi 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanma nəticəsində kürək nahiyəsinin sağ və sol tərəfindən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RİH başçısının Otuzikilər kənd İƏDÜN-nin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, oğlu - Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli qadın köynəyi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxsa təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə ana-bala, yəni valideyn və övlad münasibətində olmasını, uşaq vaxtından valideynlərinin onu babasının yanında qoyaraq çıxıb getmələrini, yəni valideyn qayğısından və himayəsindən məhrum olmasını, buna görə erkən vaxtından psixoloji travma alaraq çətin həyat şəraitində böyüməsini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:15-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı müvəqqəti saxlama yerindən azad olunmuşdur. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 110 (bir yüz on) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli qadın köynəyi sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 110 (bir yüz on) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli qadın köynəyi sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-448/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-448/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver