Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-45/2021 03.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax şəhəri Azadlıq küçəsi ev 34, mənzil 4-də qeydiyyatda olmaqla Ağstafa şəhəri Aşıq Ələsgər küçəsi ev 51-də yaşayan, xx xxxx 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində işlədiyi, Qazax şəhəri Ə.Qədirov küçəsində yerləşən X3 məxsus avtoyuma məntəqəsinin qarşısında Nağı adlı şəxslə telefon danışığından sonra sonuncunun ünvanına söyüş işlədərkən, iş yoldaşı Zərərçəkmiş şəxs həmin sözləri ona deyilməsini zənn edib, Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun işlətdiyi söyüşlərə və onu təpiklə vurduğuna görə avtoyuma məntəqəsinin paltardəyişmə otağından götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə qəsdən vuraraq ona qarının ön divarının, qarın boşluğuna keçən, nazik bağırsaqların, müsariqənin zədələnməsi və daxili qanaxma ilə müşayət olunan yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, bir az yaşlı uşağı var. Qazax şəhəri “Uşaq Xəstəxanası”nın qarşısında yerləşən Eldəniz adlı şəxsə məxsus avtoyuma (moyka) məntəqəsində yuyucu işləyib ailəsini dolandırır. Uşağının gözündə xəstəlik var, maddi imkanı olmadığından uşağının gözünü müalicə etdirə bilmir. Ona görə X14 müraciət etmiş və Fond onun müraciətini nəzərə alaraq uşağının müalicə etdirməyi başlamışdır. Qazax şəhər sakini Zərərçəkmiş şəxs təxminən 10 ildən çoxdur ki, tanıyır. Belə ki, Ramal da onunla birlikdə həmin avtoyuma məntəqəsində yuyucu işləmişdir. Bundan başqa Ramalın anası ilə onun anası iş yoldaşı olduğundan hər ikisinin ailəvi gediş-gəlişləri olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində avtomobili yuduqdan sonra onu qurulamağa başlamışdır. Həmin vaxt istifadəsində olan mobil telefona tanışı, Ağstafa şəhər sakini Nağı adlı şəxs zəng etmişdir. Nağı ondan evinə düzəltdirdiyi dəmir tor üçün hansı rəng lazım olduğunu yanında işləyən ustadan soruşmağını xahiş etmişdir. O, da Nağı ilə yanındakı rəngsaz Sarı adlı şəxsin danışması üçün telefonunu sonuncuya vermişdir. Sarı Nağı ilə danışıb qurtardıqdan sonra ondan telefonunu haraya qoyuacağını soruşduqda, sonuncu telefonu otaqdakı stolun üstünə qoymasını bildirmişdir. O, da işini görə-görə öz-özünə Nağının barəsində “bu oğraş gədə imkan vermir işimizi görək” demişdir. Sonra Nağının ünvanına yüngülvarı söyüş söyərək “alçaq, şərəfsiz” demişdir. Bu zaman yanında olan Ramal həmin söyüşləri Nağıya deyil, ona söydüyünü zənn etmişdir. Buna görə də, Ramal ona “burada bir alçaq, şərəfsiz var, o da sənsən” demişdir. O da Ramala onunla belə danışmamasını, həmin sözlər ona demədiyini, kənardan adamların onlara baxdığını və sakit durmasını demişdir. Lakin, Ramal onun sözlərinə əhəmiyyət verməyib sonuncuya, ailəsinin və nəslinin ünvanına daha ağır söyüşlər işlətməyə başlamışdır. Hər kəsin içərisində Ramalın ona söyüş söyməsi sonuncuya pis təsir etmiş və o, özünü təhqir olunmuş kimi hiss etmişdir. Bunun cavabında Ramalın ona dediyi söyüşləri özünə aid olduğunu demişdir. O, Ramala bir daha demişdir ki, “sən hər kəsin içərisində çox söyüş söyürsən, ailən də var, nəsli də var, kökün də var”. Bunun qarşılığında Ramal yenə sözlərinə məhəl qoymayıb bir daha ağır söyüşlərlə onu təhqir etmiş və iti addımlarla üstünə gəlmişdir. Həmin vaxt yanlarında işləyən qaynaqçı Yaşar və adı yadında qalmayan başqa şəxs Ramala sakitləşməsini və mübahisəyə son verməsini bildirmişlər. Buna baxmayaraq, Ramal yenə öz əməlinə davam edib üstünə gələrək ona bir dəfə təpik atmış, lakin təpik köynəyinə dəydiyi üçün ona heç nə olmamışdır. Həmin vaxt yanlarında olan Sarı adlı şəxs onları sakitləşdirmək üçün aralamağa çalışmışdır. Ramalla onun arasında təxminən yarım metr məsafə olmuşdur. Ramalın sakmtləşmədiyini və üstünə gəlib onu vurmaq istədiyini görüb, işlədiyi avtoyuma məntəqəsində olan paltardəyişmə otağındakı stolun üstündə olan dəstəyi şabalıdı rəngli mətbəx bıçağını sağ əlinə götürərək onu qorxutmaq istəmiş, sağ əlindəki mətbəx bıçağını dairəvi formada Ramala tərəf hərləmiş və bu zaman bıçaq həmin şəxsin sol qarın nahiyyəsinə dəymişdir. Yanlarındakı şəxslərdən biri ona Ramalı bıçaqladığını bildirmişdir. O, biranlıq qorxuya düşüb əlindəki bıçaqla işlədiyi avtoyuma məntəqəsinin qarşısından ara küçələrlə üzü “Su 15” dairəsi deyilən ərazi istiqamətində qaça-qaça Qazax şəhərində yerləşən evinə gəlmişdir. Sonra isə könüllü olaraq Qazax RPŞ-yə gəlib hadisə barədə məlumat vermişdir. Ramalla əvvəllər arasında heç bir düşmənçilik və ya ədavət olmadığını və sonuncu ilə münasibətinun həmişə yaxşı olduğunu bildirmişdir. Hadisədən sonra Ramalla barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qazax şəhəri “Uşaq xəstəxanası”nın qarşı tərəfində yerləşən Eldəniz adlı şəxsin avtoyuma(moyka) məntəqəsində işləyib ailəsini dolandırır. Ağstafa şəhərində yaşayan Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslə əvvəllər arasında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Eminlə 10 ildən artıq müddətdə bir yerdə işləmiş və uzun müddətdir ki, dostluq münasibətləri işlətmişlər. Bundan başqa, Eminin anası ilə onun anası iş yoldaşı olmuşlar. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Eminlə birlikdə “Jeep” markalı avtomobili yuduqdan sonra qurulamağa başlamışlar. O, öz işini görərkən, həmin vaxt Eminin istifadəsində olan mobil telefona zəng gəlmişdir. Emin telefonla bir qədər danışdıqdan sonra telefonu yanlarında rəngsaz işləyən Sarı adlı şəxsə vermişdir. Sonra onun yanında öz-özünə söyüş söyməyə başlamışdır. Emin astadan dodağının altında mızıldanaraq danışsa da, söyüş söydüyünü başa düşmüşdür. Həmin vaxt Eminin yanında yalnız o, olduğundan söyüşlərin onun ünvanına deyildiyini başa düşmüşdür. O, əsəbləşib heç nədən söyüş söyüldüyünü qəbul edə bilməmişdir. Buna görə də, Eminə “burada bir alçaq, şərəfsiz var, o da sənsən” demişdir. Emin ona söyüş söyməməsini və sakit durmağını desə də, ünvanına deyilən söyüşlərdən özünə gəlməyib daha ağır söyüşlərlə Emini söyməyə başlamışdır. Bunun qarşılığında Emin də onu söyməyə başlamış, Eminə hirsləndiyindən sonuncunun ünvanına öz-özünə söyüş söyərək işinə davam etmişdir. Emin onun üstünə gəldiyini görüb, o da Eminin qarşısına cəld addımlarla irəliləmişdir. Yanlarındakı qaynaqçı Yaşar, Sarı və adı yadında qalmayan digər şəxslər onlara mübahisəyə son vermələrini və sakit durmalarını bildirmişlər. Lakin, o, Eminə çatan kimi ona bir dəfə təpik atmışdır. Onların arasında, təxminən 1 metr məsafə olmuşdur. Bu zaman o, Eminin stolun üstündan götürdüyü bıçağı sağ əlində tutub ona tərəf atmış və bıçaq onun sol qarın nahiyyəsinə dəymişdir. Yanlarındakı şəxslərdən biri onun bıçaqlandığını demişdir. Emin onu bıçaqladıqdan dərhal sonra uzaqlaşmışdır. O, sol qarın nahiyyəsindən qan axdığını görüb biranlıq özünü itirmişdir. Həmin vaxt yanındakı şəxslərdən biri təcili tibbi yardıma zəng etmişdir. X7 işlədiyi yerə yaxın olduğundan bir neçə dəqiqəyə yanına gəlmiş və onu götürüb xəstəxanaya aparmışdır. Sonra ona məlum olmuşdur ki, Emin ona yox, telefonla danışdığı şəxsə söyüş söymüş, həmin vaxt elə başa düşmüşdür ki, Emin ona söyür, ona görə də Eminə söyüb onunla mübahisə edərək təpiklə vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış, sağlamlığı ilə bağlı tibbi xərclər Emin tərəfindən ödənmiş, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını,uşağının gözünün xəstə olmasını nəzərə alıb, Eminin azadlığa buraxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qazax şəhəri “Uşaq Xəstəxanası”nın qarşısında yerləşən Eldəniz Rəhimova məxsus qaynaq müəssisəsində rəngsaz işləyib ailəsini dolandırır. Əsl adı Fizuli olsa da, Qazax rayonunda onu “Sarı” kimi tanımışlar. Qazax şəhər sakinləri Ramal və Emin adlı şəxsləri 2 il olar ki, tanımışdır. Həmin şəxslər onun işlədiyi yerə bitişik olan avtoyuma məntəqəsində işləmişdir. Onun Ramal və Eminlə əvvəllər heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Hər iki şəxs əvvəllər də bir-biri ilə zarafat etsə də, sonuncuların bir-birinin ailəsi və nəslinin ünvanına söyüş söydüklərini eşitməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində o, işlədiyi yerdə qaynaqçı Yaşarın qaynaq etdiyi həyət qapısını rənglədiyi vaxt yan tərəfdə işləyən Emin onun yanına gəlib əlindəki telefonu ona verərək, tanışı, Ağstafa şəhər sakini Nağı adlı şəxsin onunla danışmaq istədiyini bildirmişdir. Nağı işlə bağlı əvvəllər bir-iki dəfə onun yanına gəldiyi üçün onu tanımışdır. Emindən telefonu götürüb zəng edən Nağı ilə haləhval tutduqdan sonra, sonuncu ondan evinə düzəltdirdiyi pəncərənin dəmir toru üçün hansı rəng lazım olduğunu məsləhət almışdır. O, Nağı ilə danışıb qurtardıqdan sonra, Emindən mobil telefonunu haraya qoyacağını soruşmuşdur. Emin ona telefonu avtoyuma məntəqəsindəki paltardəyişmə otağına qoymağını istəmişdir. O da telefonu oraya qoyub işlədiyi yerə qayıdaraq öz işlərini görməyə başlamışdır. Bu zaman Eminin öz-özünə kiminsə ünvanına söyüş söydüyünü eşitmişdir. Ramal Emin söyüş söydüyünə görə sonuncunu danlayıb söyməməsini demişdir. Emin Ramala söymədiyini ona bildirsə də, sonuncu buna əhəmiyyət verməyib Eminin ailəsinin və nəslinin ünvanına söyüşlər söymüşdür. Beləliklə, onların arasında mübahisə yaranmış və Emin də Ramalın söyüşlərinə qarşılıq sonuncuya söyməyə başlamışdır. O və iş yoldaşı qaynaqçı X16 mübahisəyə son qoymalarını xahiş etsələr də, Ramal onlara əhəmiyyət verməmiş və Eminlə mübahisə edərək Eminə qarşı yenə ağır söyüş söyüb, onun qarın nahiyyəsinə tərəf bir dəfə təpik atmışdır. Emin Ramalın atdığı təpikdən sonra oradan götürdüyü bıçağı sonuncunun qarın nahiyyəsinə tərəf apararaq ona xəsarət yetirmişdir. Sonra həyəcanlı vəziyyətdə “vurdum, vurdum” deyərək üzü Qazax şəhəri “Su 15” dairəsi tərəfə qaçmışdır. Onlar Ramalın qarın nahiyyəsindən qan axdığını görüb onun yanına gedərək kömək etmişlər. Qaynaqçı Yaşar isə təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra TTY avtomobili gəlib Ramalı götürərək xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Qazax şəhəri Ə.Qədirov küçəsində yerləşən avtoyuma məntəqəsidir. “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli, üzərində “EMPORİO ARMANİ” sözləri yazılmış köynək və açıq boz rəngli, “adidas” markalı idman şalvarının üzərində qanabənzər ləkələr vardır. İş üçün əhəmiyyət kəsb ediyindən həmin bir ədəd köynək və bir ədəd şalvar müvafiq protokol tərtib edilərək götürülmüşdür. “Əşyanın götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib edilərək götürülmüşdür. “Bıçağa baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq dəstəyi tünd qəhvəyi rəngli olmaqla taxta materialdan hazırlanmışdır.Bıçağın dəstəyi 3 yerdən şrupla bərkidilmişdir.Həmçinin dəstəyin arxa hissəsinin bir tərəfi eroziyaya uğramış vəziyyətdədir.Bıçağın dəstəyi 11,3 sm, tiyəsi isə 14,2 sm olmaqla ümumi uzunluğu 25,4 sm-dir.Tiyəsinin enli hissəsi 2,2 sm olub gümüşü rəngli metaldan hazırlanmışdır və tərəfinə doğru nazikləşir.Baxış zamanı bıçağın tiyəsində qana bənzər ləkələr aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 298 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər qarının ön divarının, qarın boşluğuna keçən, nazik bağırsaqların müsariqəsinin zədələnməsi və daxili qanaxma ilə müşayət olunan kəsilmiş-deşilmiş yarası, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə, kəsici-deşici əşyanın təsirindən əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Həmin xəsarətlər ekspertizaya təqdim olunan bıçaqla yetirilə bilərdi. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-cu il tarixli 425/181 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair pisixi xəstəlik keçirməmişdir. O, halhazırda da hər hansı bir xroniki ruhi psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır(keçirməmişdir). Maddi sübutların ekspertizasının xx.xx.2020-cu il tarixli 515/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa,beta/İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus tamlığı pozulmuş qısaqol mayka və idman şalvarı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və qısaqol mayka üzərindəki ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən mətbəx bıçağı üzərində qan aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müvafiq müayinə metodları olmadığı üçün təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, idman şalvarı üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyil. Məhkəmə trasoloji və ballistik ekspertizanın xx.xx.2020-cu il tarixli 3/773; 774 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən əlavə dəyişikliklər aparılmamışdır. Tədqiqata təqdim edilmiş köynəyin üzərində olan zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş idman şalvarının üzərində hər hansı bir zədə aşkar edilmədi. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir “Şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14:30-da Qazax rayon Polis Şöbəsinə gələrək bıçaqla Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsini etiraf etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Qazax Mənzil İstismarı Sahəsinin xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri Azadlıq küçəsi ev 34, mənzil 4-də qeydiyyatda olmaqla Ağstafa şəhəri Aşıq Ələsgər küçəsi ev 51-də həyat yoldaşı X5 və övladı X8 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İ № 711977 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. AZ № 12143039 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. Qazax rayon Psixiatriya Xəstəxansının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya Xəstəxansında psixo-narkoloji qeydiyyatda yoxdur. Qazax rayon Mərkəzi Xəstəxansının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X8 göz xəstəsidir və ona mürəkkəb miopik astiqmatizm diaqozu qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd ağ rəngli, üzərində “EMPORİO ARMANİ” sözləri yazılmış köynək və bir ədəd açıq boz rəngli, “adidas” markalı idman şalvarı, bir ədəd bıçaq və bir ədəd tənzif parçasına hopdurulmuş quru qan nümunəsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qazax Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, himayəsində bir azyaşlı uşağının olmasını, övladının göz xəstəsi olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, himayəsində bir azyaşlı uşağının olmasını, övladının göz xəstəsi olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Qazax Rayon Polis Şöbəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli, üzərində “EMPORİO ARMANİ” sözləri yazılmış köynək və bir ədəd açıq boz rəngli, “adidas” markalı idman şalvarı zərərçəkmiş şəxsə qaytarılmalı, imtina edildikdə isə məhv edilməli, eləcə də bir ədəd bıçaq və bir ədəd tənzif parçasına hopdurulmuş quru qan nümunəsi isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 180 (yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Qazax Rayon Polis Şöbəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli, üzərində “EMPORİO ARMANİ” sözləri yazılmış köynək və bir ədəd açıq boz rəngli, “adidas” markalı idman şalvarı zərərçəkmiş şəxsə qaytarılsın, imtina edildikdə isə məhv edilsin, eləcə də bir ədəd bıçaq və bir ədəd tənzif parçasına hopdurulmuş quru qan nümunəsi isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 180 (yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X12 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-45/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-45/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver