Məhkəmə qərarları › İş №1(100)-458/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-458/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-458/2023 19.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X2 (məruzəçi hakim) və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1971-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, dəqiq məlum olmayan mənbədən və vaxtda bir ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 29 mart 2023-cü il tarixdə saat 20 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Sabir küçəsində yerləşən evinin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə, kustar üsulla hazırlanmış narkotik vasitə olan 6,590 qram çəkidə külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 29 mart 2023-cü il tarixdə bazarlıq edib şəxsi avtomobili ilə evinə gəlmişdir. Avtomobilini evin həyətinə salarkən İnar adlı polis əməkdaşı onu çağırmışdır. Ona “telefonunu götür, gəl rəis səni çağırır” demişdir, o, rəisin nə üçün onu çağırdığını soruşmuşdir. İnar adlı polis əməkdaşı cavab olaraq “bilmirəm, gəl gedək görəcəksən” demişdir. X9 3-cü mərtəbəsinə qaldırmışlar. Polis Şöbəsində ona bildirmişlər ki, o, qeyri-qanuni işlərlə məşğul olur. O, hansı qeyri-qanuni işlərlə məşğul olduğunu soruşmuş və halal yaşayan iş adamı olduğunu, dürüst, heç bir qeyri-qanuni işlərlə məşğul olmadığını bildirmişdir. Ona bildirmişlər ki, o, insanlara pul verərək yardım edir. Ona qarşısında iki variant olduğunu, ya vətənə xəyanətlə bağlı ittiham olunacağını, ya da ki, narkotik vasitənin ona məxsus olduğunu etiraf etməli olduğunu bildirmişlər. O, məcbur olub narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Lakin həqiqətdə ona elan edilmiş ittihamda göstərilən narkotik vasitə ona məxsus deyil. Həmin narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. İbtidai araşdırma zamanı o, psixoloji təzyiq nəticəsində həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. İbtidai araşdırma zamanı ona qarşı psixoloji təzyiq göstərilsə də, ona qarşı heç bir fiziki təzyiq göstərilməmiş və ya hər hansı zorakı hərəkətlərə yol verilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29 mart 2023-cü il tarixdə verdiyi izahatında, sonra 30 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilir. 28 mart 2023-cü il tarixdə o, yaşadığı Şəmkir rayonu, Sabir küçəsində yerləşən parkda gəzişən zaman gözünə yerdə sellofan dəymiş, əyilib həmin sellofan bükümü götürmüş, elə parkda da açıb içərisinə baxmışdır. Həmin sellofanın içərisində qəhvəyi rəngdə nə isə olduğunu görmüşdür. Həmin toz şəklidə olan maddənin narkotik vasitə olmasını təxmin etmiş, həmin bükümü cibinə qoymuşdur. 29 mart 2023-cü il tarixdə saat 20 radələrində o, yaşadığı Şəmkir rayonu, Sabir küçəsində olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Şəmkir RPŞ-nə dəvət etmişlər. O, həmin şəxslərlə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmiş, Şəmkir RPŞ-də o, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istəmişdir. Bu zaman o, dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə hüquq və vəzifələri izah edilmiş, ondan üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını demişdir. Sonra onun üzərində bir nəfər polis əməkdaşı axtarış aparmağa başlamış, həmin polis onun əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir gün əvvəl tapdığı həmin sellofan bükümü, bundan başqa üzərində olan pulları, telefonu, zikir sayğacını çıxarıb stolun üzərinə qoymuşdur. Həmin sellofan büküm açılmış, içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu bildirilmiş, həmin kütlə qablaşdırılmış, üzəri imzalanmış, ona məxsus telefon da polis əməkdaşları tərəfindən götürülmüş, qalan bütün əşyalar və pulun hamısı isə ona geri qaytarılmışdır. O, əvvəllər narkotik vasitə istifadə etməmiş, həmin narkotik vasitəni yerdən tapmış, yerdən tapdıqdan sonra sadəcə olaraq maraq üçün üzərində gəzdirmiş, onun həmin heroini satmaq niyyəti olmamış, onun üzərində narkotik vasitə olmasını heç kim bilməmişdir (iş vərəqə: cild İ, səh.37-38, 45-46, 66-69). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona psixoloji təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Şöbəyə Nizami adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sonra 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Nizami Cabbarovun üzərində narkotik vasitə və ya psixotrop maddə olması və həmin vaxt yaşadığı Şəmkir şəhəri, Sabir küçəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞ-nin CAB-nin rəisi Şahid1, PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Şəmkir şəhəri, Sabir küçəsinə getmişlər. Onlar Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan Təqsirləndirilən şəxs yaxınlıqda dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini ona təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edib Şəmkir RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ-nin rəhbərliyinə müraciət etmiş, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin TB-nə təqdim etmiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin cibindən narkotik vasitə heroin aşkar edildiyi, həmin heroinin sellofan ilə birlikdə çəkisinin 6,79 qram təşkil etdiyi məlum olmuşdur. Şahid X4 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı psixoloji və ya digər təsir, təzyiq olmamışdır və təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid X4 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olsa da, həmin şəxsi narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilmiş istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 29 mart 2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsində xidmətdə olan zaman şöbəyə gətirilmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən və müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması, vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon, zikir sayğacı, yadında qalmadığı məbləğdə pul da aşkar edilmiş, pullar və zikir sayğacı Təqsirləndirilən şəxs özünə qaytarılmış, telefon isə təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı psixoloji və ya digər təsir, təzyiq olmamışdır və təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilmiş istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olsa da, Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə satmasına dair, narkotik satışı ilə əlaqədar hər hansı şəxslə sövdələşməsinin olmasına və ya bununla əlaqədar hansısa hərəkətlər etməsinə dair hər hansı sübut əhəmiyyətli məlumatlar əldə edə bilməmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilinin 29 mart 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur (iş vərəqə: cild 1, səh.4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 mart 2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında protokol”dan görünür ki, Şəmkir rayon X6 Bölməsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin sağ cibindən şəffaf sellofanda kütlə, sol cibindən “Samsung” markalı mobil telefon, zikir sayğacı, şalvarın sağ cibindən 217 manat pul, sol cibindən 2750 manat pul aşkar edilmiş, həmin sellofan açılan zaman içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar edilmiş, sonra həmin kütlə tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır, Təqsirləndirilən şəxs heroinə bənzər kütləni Şəmkir şəhəri, Sabir küçəsində yerləşən parkdan tapdığını bildirmişdir (cild 1, iş vərəqə: 29-33). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli, 16/368 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,590 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 1, iş vərəqə: 41-42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 15 aprel 2023-cü il tarixli, 646 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir (cild 1, iş vərəqə: 137). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 may 2023-cü il tarixli, 321 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə: 179-181). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin Şəmkir rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 01 aprel 2023-cü il tarixli, 309 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.134-135). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 mart 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sabir küçəsində yerləşən parkda xx.xx.2023-cü il tarixdə gəzərkən yerdə balaca sellofan büküm olduğunu gördüyünü, həmin bükümü götürüb baxdıqda içərisində toz şəkilli, qəhvəyi rəngli maddənin narkotik vasitə olduğunu düşündüyü üçün marağına səbəb olduğunu və həmin sellofanı cibinə qoyduğunu göstərmişdir (cild 1, iş vərəqə: 89-93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 may 2023-cü il tarixli “axtarış aparılması haqqında protokol”lardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evində və onun işlədiyi yanacaq doldurma məntəqəsində axtarış keçirilmiş və saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.142-156). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Azercell”dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin mobil nömrənin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olmasına dair məlumatlarla bağlı CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.175-177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 iyul 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,490 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon Polis Şöbəsində saxlanca verilmiş, 2 (iki) ədəd DVD disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyindən bununla bağlı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə: 226- 237). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə: 128). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 29 mart 2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 13). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.78-80). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 1, iş vərəqə: 106). Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin əks olunduğu video görüntü nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Şəmkir rayon X6 Bölməsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs gödəkçəsinin sağ cibindən şəffaf sellofanda kütlə, sol cibindən “Samsung” markalı mobil telefon, zikir sayğacı, şalvarın sağ cibindən 217 manat pul, sol cibindən 2750 manat pul aşkar edilmişdir. Həmin sellofan açılan zaman içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar edilmiş, sonra həmin kütlə tərəzidə çəkilərkən sellofanla birlikdə çəkisinin 6,79 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır, həmin vaxt Təqsirləndirilən şəxs heroinə bənzər kütləni Şəmkir şəhəri, Sabir küçəsində yerləşən parkdan tapdığını bildirmişdir (cild 1, iş vərəqə:33). Bundan başqa, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən zaman çəkilmiş video görüntü nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən narkotik vasitə aşkar edildiyini etiraf etmiş, həmin maddəni yaşadığı Şəmkir rayonu, Sabir küçəsində yerləşən parkda gəzişən zaman yerdən tapdığını bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir (iş vərəqə: cild İ, səh.69). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi və saxlaması nə şahid ifadələri, nə də digər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1, həmin Polis Şöbəsinin əməkdaşları Şahid2, X4 və Şahid4 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Cinayət işinin materialları ilə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda və iş yerində də axtarış aparılmış, onun özündə aşkar olunub götürülən miqdarda narkotik vasitədən başqa, onun yaşadığı evində və iş yerində hər hansı növdə narkotik vasitələrin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 6,590 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsinin 6,590 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin hissələrə bölünməsinə, çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin mobil nömrənin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olmasına dair “Azercell”dən daxil olmuş 1 ədəd CD diskdə olan məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.175-177). Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, işdə olan 29 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş (iş vərəqə: cild 1, səh.4) və onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış (iş vərəqə: cild 1, səh.1), bundan sonra o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş (iş vərəqə: cild 1, səh.57-58) və təqsirləndirilən şəxs kimi dindirilərkən də verilmiş suallara cavab olaraq ondan aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmiş (iş vərəqə: cild 1, səh.66-68), həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəsi ilə bağlı zənglər və mesaj mətnlərinə dair «Azərcell»dən daxil olmuş məlumatlarda da onun satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumatlar aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.175-177). Lakin qeyd edilənlərə baxmayaraq, yəni Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir hallar mövcud olmasa da və ibtidai istintaqın sonrakı mərhələsində də bununla bağlı heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və saxlaması barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsi 6,590 qram olmaqla külli miqdar təşkil etdiyindən, həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Şəmkir rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq edilərək ondan aşkar edilmiş 6,590 qram narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu və həmin maddəni tapdığını bildirmiş (iş vərəqə: cild 1, səh.29-33), sonra xx.xx.2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən həmin narkotik vasitə heroinin aşkar edildiyini, həmin maddəni tapdığını göstərmiş (cild 1, iş vərəqə: 37-38), həmçinin sonradan xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də üzərindən narkotik vasitənin aşkar olunduğunu etiraf etmişdir (cild 1, iş vərəqə:45-46, 66-69). Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən onun həmin ifadəsi müdafiəçisinin iştirakı ilə yanaşı, videoçəkilişlə alınmış və həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən Təqsirləndirilən şəxs həqiqətən də həmin narkotik vasitə heroinin onun üzərindən aşkar edildiyini etiraf etməsi, həmin maddəni tapdığını göstərməsi və Təqsirləndirilən şəxs özünün polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir, təzyiq göstərilmədiyini bildirməsi təsdiq edilmiş və Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bildirdiyi inkaredici hallar digər sübutlarla yanaşı, onun özünün videoçəkilişlə verdiyi ifadəsi ilə bir daha təkzib edilmişdir (iş vərəqə: cild 1, səh.69). Həmçinin cinayət işinin materiallarında olan 15 aprel 2023-cü il tarixli, 646 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkolojitibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmiş və həmin maddənin ona məxsus olduğunu inkar etməmişdir (cild 1, iş vərəqə: 137). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Şəmkir rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq edilərək ondan aşkar edilmiş 6,590 qram narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar araşdırmanın aparılmasına dair Şəmkir Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Şəmkir Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 194-C- 23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən psixoloji və ya digər hər hansı təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Şəmkir Rayon Prokurorluğunda toplanmış həmin material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişərək onun üzərindən aşkar edilmiş narkotik vasitəni polis əməkdaşları tərəfindən ona qarşı psixoloji təzyiq göstərilərək onun üzərinə qoyulmasını bildirsə də, onun həmin ifadələri, həmçinin məhkəmədə verdiyi ifadəsi şahidlərin ifadələri, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” istintaq hərəkəti protokolu, “şəxsi axtarış haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, təqsirləndirilən şəxs ifadə verərkən çəkilmiş video görüntünün əks olunduğu disk, digər maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar iş üzrə yuxarıda göstərilən və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla yanaşı, cinayət işinin obyektiv halları ilə də tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Şəmkir Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli, 646 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyatda alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Şəmkir rayon Polis Şöbəsində saxlanca verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,490 qram narkotik vasitə heroin məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarışın keçirildiyi və təqsirləndirilən şəxs ifadə verərkən çəkilmiş videogörüntülərin əks olunduğu 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 312,40 (üç yüz on iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəmkir rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,490 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilərkən və təqsirləndirilən şəxs ifadə verərkən çəkilmiş videogörüntülərin əks olunduğu 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 312,40 (üç yüz on iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Natiq Əliyev (sədrlik edən) Roman Ələkbərli (məruzəçi hakim) Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar