Məhkəmə qərarları › İş №1(100)-46/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-46/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-46/2022 26.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə X6 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci il tarixdə Bərdə rayonunun Əmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”-nin 11.03.2021-ci il tarixli, 139-K nömrəli əmri ilə vəzifədən kənarlaşdırılmış, məhkum olunmamış, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası X4 15 aprel 2019-cu il tarixli, K/179 nömrəli əmri ilə Mingəçevir (hazırda Bərdə regional bölməsi) regional bölməsinin rəisi vəzifəsinə təyin edilib, həmin vəzifədə işləyərkən, AQTA-nın yerli bölmə rəhbərlərinin qulluq funksiyalarının ikinci bəndində ona həvalə edilmiş “qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini regional bölmənin əhatə dairəsində təşkil etmək” səlahiyyətlərinin icrası ilə əlaqədar olaraq 2019-cu ilin avqust ayında, istintaqa məlum olmayan tarixdə bölmənin xidməti ərazisi sayılan Bərdə rayonu, Kələntərli qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs işlətdiyi pendir istehsalı ilə məşğul olan müəssisədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyət yoxlanmasını həyata keçirmək” görüntüsü yaradıb hər hansı akt və ya digər rəsmi sənəd tərtib etmədən qanunsuz yoxlama (reyd) təşkil edərək müəssisənin qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığını müəyyən edərək qeyd olunan qanunun 7.3-cü maddəsinin tələblərinə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida məhsulları sahəsində fəaliyyət göstərməsi qadağan olduğundan qulluq funksiyalarının üçüncü bəndində ona həvalə edilmiş “regional bölmənin əhatə dairəsində baytarlıq və fitosanitar nəzarəti haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısını almaq məqsədi ilə səlahiyyətləri daxilində qərar qəbul etmək” səlahiyyətindən istifadə edib müəssisənin fəaliyyətinin dayandırılmasına şifahi göstəriş verməklə istəyinə nail olduqdan sonra, xidmət üzrə ümumi himayədarlıq edərək müəssisənin fəaliyyətini bərpa etmək müqabilində yəni, vəzifəli şəxs olaraq qanunsuz hərəkətlərə görə şəxsən 1200 (bir min iki yüz) manat məbləğində maddi nemət olan pulu rüşvət qismində Zərərçəkmiş şəxs şəxsən istəmiş, cinayət əməlinin davamı olaraq Zərərçəkmiş şəxslə aralarındakı razılaşmaya əsasən sonuncunun cinayət barəsində əvvəlcədən məlumatı olmayan Şahid1 ona çatdırması üçün verdiyi 1200 (bir min iki yüz) manat pulu Bərdə rayonu, Şirvanlı kəndi ərazisində Şahid1 rüşvət qismində aldıqdan sonra sözügedən sexin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunsuz olduğu halda fəaliyyət göstərməsinə icazə vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15.04.2019-cu il tarixdən Qida X3 Regional Bölməsinin rəisi vəzifəsində işləmişdir. 16 oktyabr 2019-cu il tarixdə dövlət qulluqçusu statusu olmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bundan sonra 2020-ci ilin iyun ayında Gigiyena və X2 şöbəsində iqtisadçı vəzifəsində işləməyə başlamışdır. Zərərçəkmiş şəxs təxminən 2019-cu ildə qohumu Şahid1 vasitəsilə tanımışdır. X8 Bölməsinin rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 2019-cu ilin avqust ayında Bərdə rayonunun Kələntərli qəsəbəsində pendir istehsalı ilə məşğul olan Zərərçəkmiş şəxs işlətdiyi sexdə onun rəhbərliyi ilə agentliyin əməkdaşları tərəfindən reyd aparılmışdır. Həmin reyd nəticəsində sexdəki şəraitin standartlara uyğun qurulmadığı, həmçinin qida təhlükəsizliyi sahəsində çıxarışın olmadığı aşkar edilmiş və reyd zamanı sexdəki pendirdən nümunə götürülmüş, tədqiqatdan sonra texniki normativ hüquqi aktların tələblərinə uyğun olması müəyyən edildiyindən, ancaq sexin şəraiti müasir standartlara cavab vermədiyindən, həmçinin qida təhlükəsizliyi sahəsində çıxarışın olmadığı üçün Zərərçəkmiş şəxs sexdə təmir işləri aparması bildirilmiş və bunun həyata keçirilməsi üçün xəbərdarlıq olunaraq vaxt verilməklə sexin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşıb söhbət etmək istədiyini bildirdiyindən etiraz etməmiş, ikilikdə baş tutan söhbətləri zamanı Zərərçəkmiş şəxs ondan sexin fəaliyyətinin qadağan edilməməsini xahiş etmişdir. O isə Zərərçəkmiş şəxs bunun mümkün ola biləcəyini bildirərək “Baxarıq” deyə cavab vermişdir. Həmin gün günorta saatlarında uzaq qohumu Şahid1 onunla əlaqə saxlayaraq görüşmək istədiyini demişdir. Buna görə də o, Şahid1 axşam saatlarında işdən çıxarkən Bərdə rayonu Şirvanlı kəndi ərazisində yolun kənarında görüşə biləcəklərini söyləmişdir. Şahid1 ilə razılaşdıqları qaydada görüşmüş, sonuncu Zərərçəkmiş şəxs ona zərf göndərdiyini demiş, həmin zərfi ora qoyub çıxaraq getmişdir. O, həmin zərfi açıb içərisinə baxarkən 1200 manat pul olduğunu görmüşdür. Buna görə də həmin pulun “şirinlik” şəklində özünə çatacağını düşünüb qəbul etmiş və bunun qarşılığında sexin fəaliyyətinin bərpa olunmasına dair göstəriş vermişdir. Pulu Şahid1 qəbul edən zaman yanlarında başqa heç kim olmamışdır. 2019-cu ilin noyabr ayında maddi durumu aşağı olduğundan mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs zəng edib Bərdə şəhərində yerləşən, yaşadığı binanın həyətinə çağırmışdır. Zərərçəkmiş şəxs oraya çağırıb görüşmək istəməsinin məqsədi 1000 manat borc pul almaq olmuşdur. Zərərçəkmiş şəxs ilə ikilikdə görüşüb söhbət edən zaman o, Mahirdən maddi durumu düzələn kimi geri qaytaracağını söz verməklə borc olaraq 1000 manat pul istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs danışıb bu barədə ona məlumat verəcəyini demişdir. Həmin gün saat 22:00-da o, Zərərçəkmiş şəxs ilə X7rşısında görüşüb 1000 manat pulu borc olaraq sonuncudan almışdır. Ancaq barəsində istintaq edilən cinayət işinin gedişatı zamanı Zərərçəkmiş şəxs vermiş olduğu bütün pullar yaxınları tərəfindən geri ödənmiş, bu səbəbdən Zərərçəkmiş şəxs ilə barışmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs pendir istehsalı ilə məşğul olduğu sexdə reyd təşkil olunarkən sexin fəaliyyətinin standartlara uyğun olmaması səbəbindən fəaliyyətinin dayandırılması zamanı heç bir sənədləşmə aparmamış, bununla bağlı müvafiq akt tərtib edilməmişdir. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs aldığı pulların ödənildiyini, Zərərçəkmiş şəxs ona qarşı şikayətinin olmadığını, ibtidai istintaq zamanı da özünü təqsirli bildiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, X1 işindən azad ediləndən sonra Respublika Gigiyena Mərkəzində iqtisadçı işlədiyini, orada işlədiyi dövrdə isə heç bir hüquq pozuntusuna yol vermədiyini, himayəsində bir azyaşlı qız uşağının olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında VÖEN açdırmaqla Bərdə rayonu Kələntərli qəsəbəsində sex açıb pendir istehsalı ilə məşğul olmuşdur. Sex fəaliyyətə başladıqdan təxminən 1 ay sonra, yəni 2019-cu ilin avqust ayında Qida X3 regional bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs rəhbərliyi ilə sexə gəlib yoxlama aparmışlar. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs ona sexdəki şəraitin standartlara uyğun qurulmadığını bildirmiş və sexi bağlamaqla fəaliyyətini qadağan etmişdir. Həmin vaxt işlətdiyi sexin bağlanmaması üçün Təqsirləndirilən şəxs ilə ikilikdə söhbət edərək sexin fəaliyyətini qadağan etməməsini xahiş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs ondan bunun üçün 1500 manat pul tələb etmişdir. Ancaq o, Təqsirləndirilən şəxs 1500 manat pulunun olmadığını, yalnız 1200 manat pul verə biləcəyini söyləmişdir. Rauf isə onun bu təklifi ilə razılaşaraq həmin məbləğdə pulu çatdırmasını demişdir. Həmin vaxt üzərində qeyd etdiyi məbləğdə pul olmadığından səyyar şəkildə pendir satışı ilə məşğul olan, Bərdə rayonu Türkmən kəndində yaşayan tanışı Şahid3 ilə əlaqə saxlayıb 1000 manat borc pul istəmişdir. Tural ona həmin pulu verə biləcəyini söylədikdən sonra isə pulu götürmək üçün Turala məxsus olan avtomobil ilə Bərdə rayonu Türkmən kəndinə yollanmışdır. Tural yaşadığı evdən 10 ədəd 100 manatlıq əskinaslar olmaqla, ümumilikdə 1000 manat pulu götürüb ona vermiş, o da həmin pulu özündə olan 200 manatın üzərinə əlavə edərək 1200 manat pulu hazır etmişdir. Pulu hazır etdikdən sonra istifadəsində olan mobil telefon vasitəsilə tanışı Ələmdara zəng edib işi olduğunu, buna görə də görüşmək istədiyini bildirmişdir. Ələmdar ilə görüşməkdə məqsədi Təqsirləndirilən şəxs 1200 manat pulu məhz Ələmdar vasitəsilə çatdırmaq olmuşdur. Belə ki, o, Ələmdarın Təqsirləndirilən şəxs ilə arasında qohumluq münasibətinin olduğunu bilmişdir. Həmin gün Bərdə rayonu Əliyanlı kəndi ərazisində Ələmdar ilə görüşərək Təqsirləndirilən şəxs çatdırması məqsədilə 1200 manat pul vermişdir. Pulu Ələmdara verən zaman tanışı Şahid3 də yanlarında olmuşdur. O Ələmdara həmin pulu Təqsirləndirilən şəxs bildiyini söyləyərək bu barədə daha heç nə deməmişdir. Bundan sonra Ələmdar həmin pulu Raufa çatdırmış və elə həmin gün bu barədə ona məlumat vermişdir. Ertəsi gün o, sexi açıb yenidən pendir istehsalı ilə məşğul olmağa başlamışdır. Ancaq sonradan sexdə avadanlığın sıradan çıxması ilə əlaqədar olaraq iş prosesini dayandırmışdır. 2019-cu ilin noyabr ayının sonlarında X4 əməkdaşları yenidən sexə gəlib yoxlama aparmışlar. Yoxlama nəticəsində agentliyin regional bölməsinin yeni rəhbəri Şahid4 sexdəki şəraitin standartlara uyğun qurulmadığını, sexin fəaliyyət göstərməsi üçün çıxarışının olmadığını bildirib sexin fəaliyyətini qadağan etmişdir. Sex bağlandıqdan bir qədər sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pul verdiyi halda sexin fəaliyyətinin dayandırılmasının səbəbini soruşmuşdur. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib yaşadığı binanın həyətinə çağırmışdır. O da həmin yerə gedib Təqsirləndirilən şəxs ilə ikilikdə görüşmüşdür. Aralarında baş tutan söhbət zamanı Təqsirləndirilən şəxs danışıb ona məlumat verəcəyini demişdir. Həmin söhbətdən təxminən yarım saat sonra Təqsirləndirilən şəxs onunla mobil telefon əlaqəsi saxlayıb ertəsi gün Bakı şəhərinə yollanacağını, sexi açdırmaq üçün 1000 manat pul tələb edildiyini demişdir. O, süd yığımı ilə məşğul olan tanışı Şahid2 zəng edərək 800 manat borc pul almış və həmin pulu özündə olan 200 manatın üzərinə əlavə edərək 1000 manat pulu hazır etmişdir. Bundan sonra həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs ilə X7rşısında görüşüb pulu şəxsən Təqsirləndirilən şəxs təqdim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona narahat olmamasını, X4 şöbə rəislərindən birinin Şahid4 zəng edib onu “tapşıracağını” söyləmişdir. Ancaq həmin vaxtdan dəfələrlə əlaqə saxlamasına baxmayaraq Təqsirləndirilən şəxs yalandan vədlər verərək get-gələ salmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur və Mahiri uzun müddətdir tanıyır. Mahir 2019-cu ilin yay aylarında Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən sexdə pendir istehsalı ilə məşğul olmağa başlamışdır. Onun özü isə həmin dövrdə yaşadığı kənd sakinlərindən süd yığıb sexlərə, o cümlədən Mahirin işlətdiyi pendir sexinə satmaqla məşğul olmuşdur. 2019-cu ilin noyabr ayında o, yaşadığı evdə olduğu vaxt Mahir mobil telefon vasitəsilə zəng edərək borc olaraq 800 manat pul verə bilib-bilməyəcəyini soruşmuşdur. O, Mahirdən həmin pulun nə üçün lazım olduğunu soruşduqda Mahir ona işlətdiyi pendir sexindəki şəraitin standartlara cavab verməməsi əsası ilə fəaliyyətinin X4 əməkdaşları tərəfindən aparılmış yoxlamadan sonra dayandırıldığını, sexin fəaliyyətini bərpa etdirmək üçün həmin dövrdə agentliyin regional bölməsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs 1000 manat pul verməli olduğunu bildirmişdir. O da Mahirin işlətdiyi sexə süd satmaqla dolanışığını təmin etdiyindən, həmçinin Mahiri uzun müddətdir etibarlı biri kimi tanıdığından 800 manat borc pul vermişdir. Mahirə borc olaraq verdiyi pul 8 ədəd 100 manatlıq əskinaslar şəklində olmuşdur. Mahir həmin gün onunla mobil telefon ilə danışdıqdan bir qədər sonra yaşadığı ünvana gəlib pulu götürmüş və aparıb sexin fəaliyyətinin bərpa olunmasına köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs verəcəyini demişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, o, 2019-cu ilin avqust ayında Mahirin işlətdiyi sexin fəaliyyətinin dayandırılmasını, sexin fəaliyyətinin bərpa olunması üçün Təqsirləndirilən şəxs 1200 manat məbləğində pul verdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 12 noyabr 2019-cu il tarixdən Azərbaycan Qida X3 regional bölməsinin rəisi vəzifəsində işləmişdir. Bölmə rəisinin vəzifəsi qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsindən, regional bölmənin əhatə dairəsində baytarlıq və fitosanitar nəzarəti haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə səlahiyyətlər daxilində qərarlar qəbul etməkdən, regional bölməsinin əhatə dairəsi üzrə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından və vəzifə təlimatından irəli gələn digər öhdəliklərin həyata keçirilməsindən ibarətdir. Agentliyin Bərdə regional bölməsi əvvəllər Mingəçevir regional bölməsi olaraq fəaliyyət göstərmiş, sonradan regional bölmə Bərdə rayonuna köçürülmüşdür. O, 28 noyabr 2019-cu il tarixdə rəhbərlik etdiyi bölmənin əməkdaşları ilə birlikdə Bərdə rayonunun Kələntərli qəsəbəsində Zərərçəkmiş şəxs tərəfindən işlədilən pendir sexinin fəaliyyətinin yoxlanılması ilə bağlı reyd keçirmişdir. Həmin reyd zamanı Zərərçəkmiş şəxs işlətdiyi pendir sexinin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədən, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkar edilmiş, həmçinin qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) olmadığı müəyyən edilmişdi. İlkin baxış zamanı müəssisədə hazır pendir məhsulu aşkar edilməmişdi. Buna görə də həmin sexin fəaliyyəti tam dayandırılmışdı. Bundan başqa Zərərçəkmiş şəxs qeyd olunan pozuntulara görə Azərbaycan Respublikası İXM-in 220-ci maddəsi ilə 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. 25 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs agentliyin regional bölməsinə ərizə ilə müraciət edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması və bərpa işlərinin aparılması üçün icazə verilməsini xahiş etmişdir. Buna görə də bölmənin əməkdaşları yenidən həmin pendir sexi müəssisəsinə yollanaraq yenidənqurma və təmir-bərpa işlərinin aparılması məqsədilə giriş qapılarına vurulan kağız möhürlər Zərərçəkmiş şəxs iştirakı ilə sökülüb götürülmüş, müəssisəni daxilində yerləşən 2 ədəd südbişirmə çənlərinə daxil olan buxar borularının açılıb-bağlanan vintləri möhürlənmiş və həmin möhürlərin tamlığının qorunması öhdəliyi sahibkar Zərərçəkmiş şəxs tərəfindən öz üzərinə götürülmüşdür. İfadəsinə əlavə olaraq o, Zərərçəkmiş şəxs 2019-cu ilin noyabr ayının sonlarında pendir istehsalı işə məşğul olduğu sexin bağlanmasından sonra Təqsirləndirilən şəxs 1000 manat pul vəsaiti verməsi, sonuncunun Zərərçəkmiş şəxs narahat olmamasını bildirməsi barədə heç bir məlumatı olmadığını, Təqsirləndirilən şəxs sexin fəaliyyətinin bərpa olunmasından ötrü pul almasından tamamilə məlumatsız olduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mahiri təxminən 2-3 il əvvəl tanımağa başlamış və Mahir ilə arasında dostluq münasibəti yaranmışdır. 2019-cu ilin avqust ayında Mahir mobil telefon vasitəsilə zəng edərək onunla işi olduğunu bildirmişdir. Onlar həmin gün Mahir ilə Bərdə rayonu Əliyanlı kəndinin ərazisində görüşmüşlər. Həmin vaxt Mahirin yanında Tural adlı şəxs də olmuşdur. Həmin vaxt aralarında baş tutan söhbət zamanı Mahir cibindən 1200 manat pul çıxarıb həmin dövrdə Qida X3 regional bölməsinin rəisi vəzifəsində işləyən qohumu Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. O, Mahirdən həmin pulun nə olduğunu soruşarkən, Mahir yenidən pulu Təqsirləndirilən şəxs çatdırmasını, bu barədə Raufun özünün məlumatlı olduğunu söyləmiş və ona daha heç bir məlumat verməmişdir. O da Mahirin xahişini nəzərə alaraq 1200 manat pulu götürmüşdür. Mahir ilə xudahafizləşdikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq Mahirin ona pul verdiyini və həmin pulu Təqsirləndirilən şəxs çatdırmasını xahiş etdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs pulu necə çatdıra biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs ona pulu özündə saxlamasını, axşam yaşadıqları kəndə gəlib götürəcəyini söyləmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs ilə görüşüb 1200 manat pulun hamısını Bərdə rayonu Şirvanlı kəndi ərazisində sonuncuya vermişdir. Pulu Təqsirləndirilən şəxs verən zaman yanlarında başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs pulu verdikdən sonra Mahir ilə əlaqə saxlayıb narahat olmamasını söyləmiş, pulu çatdırdığı barədə məlumat vermişdir. Bundan başqa o, yalnız 1200 manat pulu Mahirdən təhvil alıb Təqsirləndirilən şəxs verdiyini, sonradan Mahirin hansı məbləğdə pulu Təqsirləndirilən şəxs verməsi barədə heç bir məlumatı olmadığını, Mahirin Təqsirləndirilən şəxs 1000 manat məbləğində pul verməsini isə sonuncunun ərizə ilə müraciət etməsindən sonra öyrəndiyini, nə pulu Təqsirləndirilən şəxs çatdıran zaman, nə də sonrakı günlər ərzində 1200 manat pulun hansı məqsədlə verilməsindən xəbəri olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır və Mahiri təxminən 3 ildir tanıyır. Mahir 2019-cu ilin yay aylarında VÖEN açdırmaqla sahibkarlıq fəaliyyəti ilə, yəni Bərdə rayonu Kələntərli qəsəbəsində sex açıb pendir istehsalı ilə məşğul olmağa başlamışdır. Onun özü isə Bərdə rayonu Qasımbəyli kəndi ərazisində səyyari şəkildə pendir satışı ilə məşğul olmuşdur. Bildiyi qədəri ilə, 2019-cu ilin avqust ayında Qida X3 regional bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs rəhbərliyi ilə Mahirin işlətdiyi sexə gəlib yoxlama aparmış və yoxlama nəticəsində sexdəki şəraitin standartlara uyğun qurulmadığı müəyyən edildiyindən sexin fəaliyyəti qadağan edilmişdir. 2019-cu ilin avqust ayında Mahir onunla görüşərək işlətdiyi pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətinin qadağan edildiyini, sexi açdırmaq üçün Təqsirləndirilən şəxs 1200 manat pul verməli olduğunu söyləmişdir. Həmin dövrdə Mahirin maddi imkanı yaxşı olmadığı üçün ondan borc pul istəmişdir. O, Mahirə həmin pulu verə biləcəyini, ancaq üzərində həmin məbləğdə pul olmadığını demiş və birlikdə gedib yaşadığı evdən götürməyi təklif etmişdir. Daha sonra Mahir ilə birlikdə özünə məxsus “VAZ-21063” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Türkmən kəndinə yollanmaqla yaşadığı evdən 10 ədəd 100 manatlıq əskinaslar şəklində ümumilikdə 1000 manat pulu götürüb Mahirə vermişdir. Mahir də verdiyi həmin pulu özündə olan 200 manatın üzərinə əlavə edərək 1200 manat pulu hazır etmişdir. Pulu hazır etdikdən sonra ona pulu Təqsirləndirilən şəxs qohumu Ələmdar vasitəsilə çatdıracağını söyləmişdir. Daha sonra mobil telefon vasitəsilə Ələmdara zəng edib işi olduğunu, görüşmək istədiyini bildirmişdir. Həmin gün o və Mahir Bərdə rayonu Əliyanlı kəndi ərazisində Ələmdar ilə görüşmüş və Mahir Təqsirləndirilən şəxs çatdırması məqsədilə onun yanında 1200 manat pulu Ələmdara vermişdir. Ələmdar Mahirdən həmin pulun nə olduğunu soruşduqda, Mahir Təqsirləndirilən şəxs özünün bu barədə biləcəyini demiş, daha heç nə deməmişdir. Ələmdar isə həmin pulu Mahirdən qəbul edərək Təqsirləndirilən şəxs çatdıracağını bildirmişdir. Sonradan Mahirin ona danışdıqlarına görə, Təqsirləndirilən şəxs pulu əldə etdikdən sonra Mahirin sexinin yenidən açılmasına razılıq vermiş, Mahir də sexi açıb bir müddət fəaliyyətini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Bərdə rayon Prokurorluğuna göndərdiyi ərizədən görünür ki, 2019-cu ildə Bərdə rayonu Kələntərli kəndi ərazisində işlətmiş olduğu pendir sexi AQTA əməkdaşları tərəfindən bağlanmış və həmin vaxt orada müdir vəzifəsində işləyən Təqsirləndirilən şəxs pendir sexini açdıracağını bildirirək ondan əvvəlcə 1200 manat, sonra isə 1000 manat olmaqla, cəmi 2200 manat məbləğində pul almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 06 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 50 233 13 32 saylı mobilnömrəyə Zərərçəkmiş şəxs istifadəsində olan 50 466 75 75 saylı mobil nömrədən “Başa düşmürəm mən. 10 aydı hər gün eyni tema. Fikrin nədi qardaş? Niyə pulu vermirsən ki, neynəmək istiyirsən, nə pislik etmişəm? 10 aydı vermişəm xərcləmisən pulumu istəyirəm”, “Bu nə hərəkətdi eliyirsən? Belə olmaz. Allaha and olsun hər gün bir söz. Telefonunu aç. Adam pulu istəyir, durduq yerdə 250 manat yüklənmişəm, sən hələ məni aldadırsan”, “Qardaş bıçaq boğaza dirənib. Vaxt alaala, ordayam-burdayam, 400 manat yüklənmişəm. Ondan bundan alıb verəm. Pulun üstə 2 aydı fırlayırsan məni, mən sənə dedim ki pulun istəyir dedin beşinci gün olacaq. İndi nətər eliyim? Mən evimə getməliyəm”, “Mən ayın 3-nü gözləyə bilmərəm. İncimə məndən. Mənim pulumu çatdır. 1 il 1 aydı vaxt ala-ala gedirsən. Ta bəsdi. Səbrim qalmayıb. Xahiş edirəm pulu tezdən çatdır. Aramızda xətir-hörmət var”, “indi neynəmək istəyirsən? Elədiyin yaxşı hərəkətdi? 1il 2 aydı gündə məni aldadırsan. Gündə bir tema. Mən də inanıram. Prokuroturada görüşəcəyik 3 günə. ta bəsdi qardaşlıq qutardı” məzmunlu sms-lər yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida X3 regional bölməsi tərəfindən tərtib edilmiş 28 noyabr 2019-cu il tarixli aktdan görünür ki, həmin tarixdə saat 11:45-də aparılan reyd zamanı Bərdə rayonu Kələntərli qəsəbəsində “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 7.3-cü maddələrinin tələblərinə əsasən subyekt qida təhlükəsizliyi qeydiyyatından keçirilmədən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi müəssisəsi aşkar edilmiş, həmçinin qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) olmadığı müəyyən edilmiş, ilkin baxış zamanı müəssisədə hazır pendir məhsulu aşkar edilməmişdir. Antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi müəssisəsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinin və texniki normativ hüquqi aktların tələblərini rəhbər tutaraq anbar və istehsalat sahələrinin qapılarına 2 ədəd agentliyin “AQTA A10” möhürü və 2 ədəd etiket vurularaq fəaliyyəti tam dayandırılmış, tərəflərin iştirakı ilə qanunvericiliyin tələbləri izah edilmiş və tətbiq edilən möhür və etiketlərin açılmaması, pozulmaması öhdəliyi sahibkar Zərərçəkmiş şəxs tərəfindən öz üzərinə götürülmüşdür. İş materiallarına əlavə edilmiş X5 tərəfindən təqdim edilmiş 410 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə 14 sentyabr 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş X5 sədrinin 15 aprel 2019-cu il tarixli K/179 nömrəli əmrindən görünür ki, Həsənov X9 regional bölməsinin rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş X5 sədrinin 23 sentyabr 2019-cu il tarixli Ü/113 nömrəli əmrinin surətindən görünür ki, Agentliyin Mingəçevir regional bölməsi Agentliyin Bərdə regional bölməsi adlandırılmışdır. İş materiallarına əlavə edilmiş X5 sədrinin 16 oktyabr 2019-cu il tarixli K/457 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2019-cu il tarixdən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsinin baş direktoru tərəfindən verilmiş 22.04.2021-ci il tarixli məktubdan görünür ki, Həsənov X14 343-K saylı 16.06.2020-ci il tarixli əmrinə əsasən Plan-iqtisadiyyat şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilmiş, 661-K saylı 11.09.2020-ci il tarixli əmrlə isə Maliyyə şöbəsinə iqtisadçı vəzifəsinə keçirilmiş, 11.03.2021-ci il tarixli 139-K saylı əmrlə işdən kənarlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş “cinayət işi üzrə şəxsin əməlinə xitam verilməsi və həmin əməl üzrə cinayət məsuliyyətindən azad edilməsi haqqında” 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsilə olan əməlinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə ibtidai istintaq CM-in 311.2-ci maddəsilə davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli həmin tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 28 aprel 2021-ci il tarixli, 227/66 nömrəli ambulator məhkəmə psixiatrik və psixolojiekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək, hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Praktiki olaraq özünün fikrilərini müdafiəyəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətəri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İş materiallarına əlavə edilmiş X20 Dispanserinin 24 fevral 2021-ci il tarixli 646 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserdə dispanser müşahidəsində deyil. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 05 aprel 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Əmirli kənd İƏD üzrə nümayədəliyinin 23 fevral 2021-ci il tarixli, 67 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X10 və 31.01.2010-cu il təvəllüdlü qızı X15 ilə birlikdə Bərdə rayonu Əmirli kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Əmirli kənd İƏD üzrə nümayədəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Əmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 361 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaxın qohumu olan X13 ikinci Qarabağ döyüşlərinin iştirakçısı olmaqla Ağdamın azad olunması medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünü təqsirli bilməklə, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, X1 vəzifəsindən azad edildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”ndə əvvəlcə Plan-iqtisadiyyat şöbəsində iqtisadçı, sonra isə Maliyyə şöbəsində iqtisadçı vəzifəsində işləməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünü təqsirli bilməklə, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, X1 vəzifəsindən azad edildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”ndə əvvəlcə Plan-iqtisadiyyat şöbəsində iqtisadçı, sonra isə Maliyyə şöbəsində iqtisadçı vəzifəsində işləməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Qeyd olunanlardan başqa məhkəmə hesab edir ki, bu kateqoriyadan olan işlər üzrə mövcud məhkəmə təcrübəsi də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsilə cəza təyin olunarkən dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə bağlı əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar