Məhkəmə qərarları › İş №1(100)-462/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-462/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-462/2025 08.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 263.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Kəlbəcər rayon polis şöbəsinin İstintaq qrupunun müstəntiqi tərəfindən aparılmış ibtidai istintaq başa çatdıqdan və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kəlbəcər rayon prokuroru tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Zaur Qasımov vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, Cinayət-Prosessual Məcəllənin 303.3.6cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş və Cinayət-Prosessual Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulmuşdur. Qeyd edilən cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin Cinayət-Prosessual Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, o cümlədən Cinayət-Prosessual Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə gecə saat 05:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq idarə etdiyi SCANİA R420 yük markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl-Kəlbəcər avtomobil yolunun Kəlbəcər rayonu, Qamışlı kəndi ərazisindən keçən hissəsində Kəlbəcər rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirmiş, avtomobil yolun sol tərəfində olan çay dərəsində düşərək aşmış, nəticədə avtomobildə sərnişin qismində olmuş X2 ehtiyatsızlıqdan baş beyinin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə, beyin toxumasına qansızma, alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, hər iki almacıq, əng və burun sümüklərinin sınığı, döş qəfəsinin sağ tərəfində İİ-X qabırğaların, döş qəfəsinin sol tərəfində İİ qabırğanın orta körpücük xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızma olması, sağ ağciyərin cırılması, sağ said nahiyəsinin yarası, hər iki baldır nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilən xəsarətlər alaraq hadisə yerində ölmüş və digər sərnişin X5 isə ehtiyatsızlıqdan döş qəfəsinin sağ tərəfində İİ-X qabırğaların orta körpücük xətt üzrə, döş qəfəsinin sol tərəfində İ-Xİ qabırğalar ön qoltuqaltı xətt üzrə sınması, döş sümüyünün orta 1/3 hissədən sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, hər iki ağciyərin, qaraciyərin və dalağın cırılması, hər iki böyrək ətrafı yumşaq toxumalara qansızma, sol baldır nahiyəsinin və sol ayağın üst səthinin yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilən xəsarətlər alaraq xx.xx.2025-ci il tarixdə aparıldığı hərbi hospitalda ölmüşdür. Göründüyü kimi, ibtidai istintaq orqanı verilmiş ittihamda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozulmasını göstərsə də, bu tələbin nədən ibarət olması və konkret olaraq hansı tələblərin pozulması verilmiş ittihamda öz əksini tapmamışdır. Halbuki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Eyni zamanda “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bundan başqa, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 8/763 nömrəli yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsində hadisənin baş vermə mexanizmi açıq-aydın göstərilmişdir. Həmin rəyə əsasən, sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun enişli olmasını nəzərə alaraq elə sürət həddi seçməli idi ki, davamlı şəkildə tormozlamadan istifadə edilməsin və avtomobilin sürətlər qutusunun dəstəyini daha aşağı ötürməyə qoşmalı idi. Enişli yol şəraitindən sürücü avtomobillə davamlı şəkildə tormozlama əməliyyatı apardıqda tormoz kalotkalarının və barabanların normadan artıq qızması baş verir və bu da avtomobildə tormozlama effektivliyinin aşağı düşməsinə səbəb olur. Ekspert rəyindən göründüyü kimi, hadisənin baş verməsinə səbəb birbaşa olaraq sürücünün hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə, yəni enişli yol şəraitində davamlı şəkildə tormozlamadan istifadə etməsi və avtomobilin sürətlər qutusunun dəstəyini daha aşağı ötürməyə qoşmaması ilə əlaqədar olmuşdur. Bununla belə, verilmiş ittihamda ekspert rəyində göstərilən hadisənin baş vermə səbəbi və mexanizmi öz əksini tapmamışdır. İbtidai istintaq orqanı məsələyə ümumi prizmanadan yanaşaraq verilmiş ittihamda sadəcə Qanununun müvafiq maddəsinin pozulmasını və ümumi olaraq sürücünün idarə etməni itirməsi göstərmişdir. Halbuki ekspert rəyində hadisənin baş vermə səbəbi və mexanizmi ətraflı olaraq izah edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə verilmiş ittiham qeyri-müəyyən olmaqla, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin konkret olaraq hansı tələblərini pozması və bu tələblərin nədən ibarət olması, həmçinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyində hadisənin dəqiq baş vermə səbəbinin və mexanizminin göstərilməsinə baxmayaraq, verilmiş ittihamda hadisənin baş vermə səbəbi və mexanizmi dəqiq göstərilməmişdir. Halbuki Cinayət-Prosessual Məcəllənin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Cinayət-Prosessual Məcəllənin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Cinayət-Prosessual Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Cinayət-Prosessual Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Həmin Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin müdafiə tərəfinin hüquqları ilə bağlı tələblərinə Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən ədalətli məhkəmə araşdırması hüququnun xüsusi aspekti kimi baxılmalıdır (Saxnovski Russiyaya qarşı [BP], § 94; Qefgen Almaniyaya qarşı, § 169). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində müəyyən edilən xüsusi təminatlar cinayət işlərində ortaya çıxan səciyyəvi prosedur vəziyyətlərin nümunəsində ədalətli məhkəmə araşdırması anlayışını izah edir, lakin onların əsl məqsədi hər zaman bütövlükdə cinayət mühakimə icraatının ədalətliliyini təmin edir və ya onun təmin edilməsinə töhfə verir. Buna görə də 6-cı maddənin 3-cü bəndi ilə qorunan təminatlar özözlərində məqsəd səciyyəsi daşımırlar və müvafiq olaraq məhkəmə icraatının ümumi kontekstində malik olduqları funksiya nəzərə alınmaqla təfsir olunmalıdırlar (Mayzit Rusiyaya qarşı, § 77; Kan Avstriyaya qarşı, § 48). Konvensiyanın 6-cı maddəsinin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). Bundan başqa, cinayət işindəki təqsirləndirilən şəxsin dindirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində özünün müdafiəçi üçün arqument kimi idarə etdiyi avtomobilin içərisində olan yükü tamamilə boşatdığını və şirkətin düşərgəsindən yüksüz çıxdığını göstərmişdir. Buna baxmayaraq, həmin protokolun 4-cü vərəqində təqsirləndirilən şəxsin ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməsi göstərilmişdir. Halbuki təqsirləndirilən şəxs özünün müdafiəsi üçün arqument gətirməklə, hadisənin baş verməsinə səbəb kimi avtomobilin tormozlanma sistemində olan nasazlığın olması göstərib özünü qismən təqsirli bilmişdir. Bununla belə, iş üzrə şahid qismində dindirilmiş Türkiyə Respublikası vətəndaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi SCANİA R420 yük markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə düşərgəyə daxil olarkən sürücünün boşaltdığı yükün çəkisini bilmək üçün həmin avtomobili yükü boşaltmamışdan əvvəl tərəziyə qaldıraraq çəkdiyini, təkrar isə yükü boşatdıqdan sonra bir daha tərəziyə qaldıraraq çəkdiyini və beləcə sürücünün boşatdığı yükün həcmini dəqiqliklə müəyyən etdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs yükü boşatmamışdan əvvəl idarə etdiyi avtomobilinin çəkisinin 39250 kq olması, yükü boşatdıqdan sonra isə 30450 kq olması, avtomobilin çəki fərqinin isə 8800 kq olması müəyyən olunmuşdur. O, bu barədə müvafiq akt da tərtib edərək ifadəsinə əlavə etmişdir. İş materiallarında olan qeyd edilən aktdan görünür ki, yük avtomobilinin çəkisinə münasibətdə həqiqətən də şahidin ifadəsində göstərdiyi xüsusatlar doğrudur. Yuxarıda qeyd edilənlərə baxmayaraq, ibtidai istintaqı aparmış Kəlbəcər rayon polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi X6 həmin iş üzrə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri vəsatət kimi qəbul etməmiş və həmin xüsusat üzrə əlavə istintaq hərəkətləri keçirməklə (ən azından adı qeyd edilən şahidlə təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti) araşdırma aparıb vəsatətə münasibət bildirməmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" qərardan görünür ki, Gəncə Avtoservis və Ticarət Müəssisəsinin baş mühəndisi Ceyhun Meydiyev mütəxəssis kimi işə cəlb olunmuşdur. Daha sonra həmin mütəxəssisin iştirakı ilə SCANİA R420 yük markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əlavə baxış keçirilir və qeyd edilən avtomobilin tormoz sisteminin texniki cəhətdən saz vəziyyətdə olması barədə rəy tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 8/763 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, mütəxəssis rəyi baxış keçirilməsinə dair protokolla birlikdə ekspertin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və məhz həmin rəyə əsasən ekspert avtomobilin tormoz sisteminin texniki saz vəziyyətdə olması qənaətinə gəlmişdir. Göründüyü kimi mütəxəssisin rəyi ekspertiza tədqiqatı aparılan zaman mühüm əhəmiyyət kəsb etmişdir. Bununla belə, iş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra nə Təqsirləndirilən şəxs, nə də ki müdafiəçisinə işə mütəxəssis kimi buraxılmış Ceyhun Mehdiyevin şəxsiyyəti barədə hər hansı məlumat verilməmişdir. Halbuki Cinayət-Prosessual Məcəllənin 91.4-cü maddəsinə əsasən, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. Cinayət-Prosessual Məcəllənin 91.5.13-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin etirazlar etmək və vəsatətlər vermək hüququ vardır. Cinayət-Prosessual Məcəllənin 120.2 və 120.2.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqan etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirməlidir. Cinayət-Prosessual Məcəllənin 121.2-ci maddəsinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Cinayət-Prosessual Məcəllənin 121.1.1-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkət aparılan zaman cinayət prosesi tərəflərinin verdikləri vəsatətləri, habelə cinayət prosesində iştirak edən digər şəxslərin xahişlərini bu hərəkətlərin (məhkəmə iclasının) protokoluna daxil etmək; Cinayət-Prosessual Məcəllənin 121.1.3-ü maddəsinə əsasən, bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq (vəsatətin həll olunması cinayət prosesini həyata keçirən orqan tərəfindən vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli hallar müəyyən edilənədək təxirə salına bilər; bu Məcəllədə nəzərdə tutulmuş hallarda vəsatətin vaxtında verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur); Cinayət-Prosessual Məcəllənin 121.1.4-cü maddəsinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərmək kimi vəzifələri cinayət prosesini həyata keçirən orqan yerinə yetirməlidir. Cinayət-Prosessual Məcəllənin 220.2-ci maddəsinə əsasən, ibtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə baxmalıdır. Cinayət-Prosessual Məcəllənin 220.3-cü maddəsinə əsasən, cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz. Cinayət-Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən, vəsatətlərin təmin edilməsinin və ya tam, yaxud qismən rədd edilməsi haqqında müstəntiq və ya təhqiqatçı əsaslandırılmış qərar çıxarmalı və bu qərarı dərhal vəsatəti qaldırmış şəxsə göndərməlidir. Cinayət-Prosessual Məcəllənin 91.5.30-cü maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək hüququ vardır. Cinayət-Prosessual Məcəllənin 289.3 və 289.3.3-cü maddələrində göstərilmişdir ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilir. Göründüyü kimi, ibtidai istintaqı aparmış müstəntiq təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri vəsatət kimi qəbul etməməklə, həmin vəsatət üzrə əlavə istintaq hərəkətləri keçirməməklə, araşdırma nəticəsində vəsatət üzrə müvafiq qərar qəbul etməməklə, həmçinin etiraz edilə bilən şəxsin soyadı və bu şəxs barədə digər zəruri məlumatları bildirməməklə cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmayıb təqsirləndirilən şəxsin vəsatət vermək, etiraz vermək, habelə müstəntiqin qərarından şikayət etmək kimi hüquqlarını təmin etməmiş və cinayət işi üzrə ittiham aktını müvafiq olaraq Cinayət- Prosessual Məcəllənin 289-cü maddəsinin tələbinə uyğun tərtib etməmişdir. Bundun başqa, cinayət işində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin hadisə vaxtı idarə etdiyi SCANİA R420 yük markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Kəlbəcər rayonu ərazisində yerləşən Kəlbəcər rayon polis şöbəsində saxlanılması qərara alınmışdır. İttiham aktına əlavə edilmiş arayışda isə həmin avtomobilin zərurət aradan qalxdığı üçün təyinat üzrə istifadə olunmasından ötrü təhvil verilməsi göstərilmişdir. Lakin iş materiallarında həmin avtomobilin mülkiyyətçisi X7 təhvil verilməsinə dair hər hansı sənəd mövcud deyildir. Qeyd edilən məsələyə dair iş materiallarında yalnız müstəntiqin özünün tərtib etdiyi xx.xx.2025-ci il tarixli arayış vardır. Lakin həmin arayışda yük avtomobilinin mülkiyyətçisinin müraciətinin olması, həmçinin avtomobilin mülkiyyətçisinə təhvil verilməsi öz əksini tapmamış, sadəcə avtomobilin istifadəsinə icazə verilməsi qeyd olunmuşdur. Eyni zamanda həmin arayışdan sözügedən sənədin mülkiyyətçiyə və ya digər hər hansı şəxsə ünvanlanması da öz əksini tapmamışdır. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaqı aparmış Kəlbəcər rayon polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi X1 qanun pozuntusuna yol verərək ittiham aktına əlavə olunmuş arayışda təqsirləndirilən şəxsin hadisə vaxtı idarə etdiyi avtomobilin zərurət aradan qalxdığı üçün təyinat üzrə istifadə olunmasından ötrü təhvil verilməsini göstərmişdir. Məhz bunun nəticəsi olaraq işdə olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxsin hadisə vaxtı idarə etdiyi avtomobil nə təqsirləndirilən şəxsə, nə də ki müdafiəçisinə real olaraq təqdim olunmamışdır. Eyni pozuntulara xx.xx.2025-ci il tarixdə hər iki zərərçəkmiş şəxsin hüquqi varislərinin iştirakı ilə aparılan cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkəti zamanı da yol verilmişdir. Bundan başqa, cinayət işinin materiallarında vərəq 88-dən sonra vərəq 88A qeyd olunmuşdur. Nəticə etibarı ilə də xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda təqsirləndirilən şəxslə müdafiəçisinə cinayət işinin 199 vərəqdən ibarət İ cilddə təqdim olunması göstərilmişdir. Halbuki tanış etmə istintaq hərəkəti keçirildiyi gün üçün cinayət işinin materialları İ cilddən 200 vərəqdən ibarət olmuşdur. Eyni qanun pozuntularına xx.xx.2025-ci il tarixdə hər iki zərərçəkmiş şəxsin hüquqi varislərinin iştirakı ilə aparılan cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkəti zamanı da yol verilmişdir. Vərəqlərin ardıcıl nömrələnməsi ilə bağlı kobud pozuntular nəticə etibarı ilə ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Cinayət-Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Cinayət-Prosessual Məcəllənin 285.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Cinayət-Prosessual Məcəllənin 285.2-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Cinayət-Prosessual Məcəllənin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Cinayət-Prosessual Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Beləliklə, hazırkı iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş, ittiham aktı müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsini tələbinə uyğun tərtib edilməmiş, həmçinin məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı bir sıra aşağıdakı prosessual pozuntulara da yol verildiyi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2025ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli şahidin dindirilməsi haqqında protokollardan və protokollara əlavə edilmiş Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilən vəsiqələrin surətlərindən görünür ki, şahid qismində dindirilmiş Şahid1, Fatih Velioğlu və Şahid2 Türkiyə Respublikasının vətəndaşlarıdır. Eyni zamanda həmin şəxslərin dindirilmələrinə dair protokolların son vərəqlərindən görünür ki, həmin şəxslər ifadələrinin sonunda türk dilində qeydlər yazaraq ifadələrini imzalamışlar. Bununla belə, cinayət işinin materiallarından görünür ki, şahidlərin bir neçəsinin Türkiyə Respublikası vətəndaşı olmalarına baxmayaraq, ibtidai istintaqı aparmış Kəlbəcər rayon polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi X6 iş üzrə tərcüməçi təyin etməmişdir. Qeyd edilən hal isə iş üzrə şahid qismində dindirilmiş Türkiyə Respublikası vətəndaşlarının ifadələrinin doğruluğuna şübhə yaradır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün arqument kimi idarə etdiyi avtomobilin içərisində olan yükü tamamilə boşatdığını və şirkətin düşərgəsindən yüksüz çıxdığını göstərsə də, iş üzrə şahid qismində dindirilmiş Türkiyə Respublikası vətəndaşı Şahid2 ifadəsində Təqsirləndirilən şəxs göstərdiyi xüsusatı təkzib edərək sonuncunun idarə etdiyi avtomobilin şirkətin düşərigəsindən çıxarkən yüklü olduğunu göstərmiş və ifadəsində “Cengiz İnşaat” şirkətinə aid xx.xx.2025-ci il tarixli türk dilində tərtib edilmiş aktı əlavə etmişdir. Göründüyü kimi, Kəlbəcər rayonunda yükü aparıb boşaltdığı şirkətin düşərgəsindən çıxarkən avtomobilin boş olmasına dair xüsusatın araşdırılması üzrə mühüm əhəmiyyət kəsb edən Şahid2 ifadəsinə əlavə etdiyi türk dilində tərtib olunmuş aktın tərcümə olunmuş surəti cinayət işinin materiallarına əlavə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəllənin 300.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Cinayət-Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-301, 303 və 306-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxslərə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar