Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-467/2023 19.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin mart ayında istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Qədimqala kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 31 (otuz bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini plastik dibçəklərdə əkib, aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 01 may 2023-cü il tarixdə, saat 13:30 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilərkən orada plastik dibçəklərdə Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan külli miqdarda 31 (otuz bir) ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Tutulmamışdan təxminən iki ay əvvəl yaşadığı evində gödəkçəsinin cibinə baxdıqda çətənə toxumları tapmışdır. Özü narkotik vasitə istifadə etdiyi üçün düşünmüşdür ki, həmin toxumları yaşadığı evin həyətində əksin. Yaşadığı evin həyətyanı sahəsində istilikxananın yanında həmin toxumları kiçik plastik dibçəklərdə əkmişdir. O, həmin toxumları əkdikdən sonra onlara qulluq etmişdir. 01 may 2023-cü il tarixdə saat təxminən 13 radələrində o, yaşadığı evin qarşısında olan zaman dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Həmin vaxt o, qorxub həyəcanlı olduğu üçün üzərində olan cib bıçağını çıxarıb sağ yan tərəfindən vurub özünə xəsarət yetirmişdir. Polis əməkdaşları onu Şəmkir rayon polis şöbəsinə aparmış, həkim çağırılmış və həkimlər ona tibbi yardım göstərmişlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişdir. Orada onun yaşadığı evə və evin həyatyanı sahəsinə baxış keçirilməsi təklif edilmişdir. O da etiraz etməmiş və ərizə yazıb bildirmişdir ki, yaşadığı evə və evin həyatyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Bundan sonra aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin həyətyanı sahəsində kiçik plastik dibçəklərdə əkib-becərdiyi 31 (otuz bir) ədəd çətənə bitkisini təqdim etmişdir. Polis əməkdaşları aqronomun iştirakı ilə həmin çətənə bitkilərinə baxış keçirmişdir. Baxış zamanı əkibbecərdiyi müxtəlif ölçüdə 31 (otuz bir) ədəd çətənə bitkisi torpaqdan çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, onun yaşadığı evinin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edildikdən sonra, onu Şəmkir Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra, müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onun evinə baxış və üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, onun, eləcə də Cinayət Axtarış Bölməsinin rəisi Şahid2, əməliyyat müvəkkili Şahid3, PPXB-nin polis nəfərləri Şahid4 və Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmişdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 12 radələrində Şəmkir rayonu, Qədimqala kəndində yaşadığı evin qarşısında olduğu müəyyən edilmiş, ona yaxınlaşıb özlərini təqdim edərək yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olduğu bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən çıxardığı kiçik ölçülü cib bıçağı ilə özünün sağ yan nahiyyəsindən vuraraq özünə xəsarət yetirmişdir. O, Şəmkir rayon polis şöbəsinə gətirilmiş, həkim tərəfindən ona tibbi yardım göstərilmiş və ciddi xəsarət almadığı müəyyən olunmuşdur. Ondan sonra Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evin həyətinə gedib, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə təqdim etmişdir. Bundan sonra dəvət edilmiş aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, istilikxananın yaxınlığında kiçik plastik dibçəklərdə əkib-becərdiyi 31 (otuz bir) ədəd çətənə kollarını təqdim edərək həmin bitkiləri şəxsi istifadəsi üçün özünün əkib-becərdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmiş, müxtlif ölçüdə olan 31 (otuz bir) ədəd çənətə kolları dibçəklərdən çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nə gətirilmiş və müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, ixtisasca ali təhsilli aqronomdur. 01 may 2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının dəvəti ilə Şəmkir rayonu, Qədimqala kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. 01 may 2023-cü il tarixdə, saat 13:30 radələrində Şəmkir RPŞ-in əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gəlmişlər. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizəsini təqdim etdikdən sonra onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, istilikxananın yaxınlığında kiçik plastik dibçəklərdə əkib-becərdiyi 31 (otuz bir) ədəd çətənə kollarını təqdim edərək həmin bitkiləri şəxsi istifadəsi üçün özünün əkibbecərdiyini bildirmişdir. Aşkar edilmiş 31 (otuz bir) ədəd çətənə kolları dibçəklərdə torpağa əkilmiş vəziyyətdə olmaqla həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri suvarılmış, boşaldılmış və alaq otlarından təmizlənmişdir. Aşkar edilmiş 31 (otuz bir) ədəd çətənə kolları dibçəklərdən çıxarılaraq qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə Şəmkir RPŞ-in əməkdaşlarının və aqronomun iştirakı ilə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən plastik dibçəklərdə 31 ədəd çətənə bitkisinə oxşar çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom aşkar olunan çətənə bitkilərinin narkotik tərkibli olduğunu və onun dibinə su verilməklə, dibləri yumşaldılmaqla, ətrafları təmizlənməklə aqrotexniki qulluq olunduğunu bildirmişdir. Çətənə bitkiləri torpaqdan çıxarılmaqla bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.22-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 may 2023-cü il tarixli “şəxsi axtarış protokolu”ndan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.50-54). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 may 2023-cü il tarixli alimaqronom Şahid6 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən Şəmkir RPŞ-in əməkdaşları ilə birlikdə 31 ədəd müxtəlif ölçülərdə narkotik tərkibli çətənə bitkiləri müəyyən olunmuş, həmin bitkilərə aqrotexniki qulluq olunmuşdur (iş vərəqə: cild İ, səh.35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 01 may 2023-cü il tarixli, 16/462 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəmkir rayonu, Qədim Qala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş 31 ədəd çətənə kolları” adlar və imzalar olan kağız paketdəki 31(otuz bir) ədəd, ümumi təmiz çəkisi 8,76 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: cild İ, səh. 60-63). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 18 iyul 2023-ci il tarixli, 1203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.157). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 03 may 2023-cü il tarixli, 463 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - qarının ön divarının kəsilmiş yaraları iti kənarlı alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddəti 01 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin sayına, lokalizasiyasına və xarakterinə əsasən onu demək olur ki, bu xəsarətlər Təqsirləndirilən şəxs özü tərəfindən yetirilə bilərdi (iş vərəqə: cild İ, səh.114-115). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, aşkar olunmuş 31 ədəd çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs yaşadığı evə və evinin həyətyanı sahəsinə baxış keçirilərkən çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin çətənə (kannabis) bitkiləri saxlanılması üçün Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş, bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.179-184). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.140). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.38-39). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.99-101). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (iş vərəqə: cild İ, səh.110-113). Cinayət işinin materiallarına əlavə edilmiş 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 sentyabr 2023-cü il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.175-176). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qədimqala kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.145-146). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.147-150). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahı ilə müəyyən edilir ki, çətənə növlü bitkilər 16 ədəddən (aşağı həddi daxil olmaqla) yuxarı olduqda külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi və aşkar edilib götürülmüş kultivasiya edilmiş çətənə növlü bitkilərin sayı külli miqdar həddindən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə, yəni əkib yetişdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri kimi təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək, yəni 4 (dörd) ay müddətində həbsdə və ev dustaqlığında olmuşdur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2023-cu il tarixdən 01 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 1203 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş 31 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə və evinin həyətyanı sahəsinə baxış keçirilərkən çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş 31 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə və evinin həyətyanı sahəsinə baxış keçirilərkən çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-467/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-467/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver