Məhkəmə qərarları › İş №1(100)-47/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-47/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-47/2022 21.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədlə 26 avqust 2020-ci il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində onunla qonşuluqda yaşayan Şahid1 və onun əri X3 evdə olmadıqlarnı, onların qızı Zərərçəkmiş şəxs isə evdə tək olmasını dəqiqləşdirdikdən sonra saat 13:30 radələrində giriş qapısından sonuncunun yaşadığı evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərinə basqın edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə sonuncudan pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs pulun olmadığını dedikdə əlindəki əşyanı silah qısmində tətbiq edib sonuncunun qarın nahiyəsinə dirəyərək ondan pul verməsini və ya evdə olan pulun yerini deməsini yenidən tələb etmiş, Zərərçəkmiş şəxs pulun olmadığını bir daha təkidlə bildirdiyi üçün əli ilə sonuncunun boğaz nahiyəsindən tutub sıxmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib ona boyunun, döş qəfəsinin ön səthinin geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetriməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla yanaşı qonşusudur. Zərərçəkmiş şəxs və onun ailə üzvlərilə bir qonşu kimi normal münasibətləri olmuş, onlara qarşı əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. 2019-cu ilin təxminən iyul-avqust aylarında axşam saatlarında anası Rəna Kərimova ilə Zərərçəkmiş şəxs yaşadıqları evin qarşısında otlaqdan qayıdan iri buynuzlu heyvanlarını gözləyərkən Arzu evlərindən küçəyə çıxıb ona demişdir ki, «Tural anam biçin sahəsində səni gözləyir ki, gəl ot bağlamalarını yük maşınına yığıb boşaltmağa kömək et». Arzu bildirmişdir ki, anası oraya getmək üçün yanacaq pulu və hər ot bağlaması üçün 30 qəpik pul verəcəkdir. O, həyətlərində olan atası Nazimə məxsus VAZ-2106 markalı avtomobili işə salmaq üçün getdiyi zaman anası arxasınca çağırıb ona getməməsini desə də o, anasına məhəl qoymayıb maşınla yaşadıqları kənddə yerləşən tərəzinin yanına getmişdir. Ora getdikdə görmüşdür ki, həmkəndlisi Şahid2 maşını orada dayanıb. Nəzakət, Məmməd və Farizin orada olduqlarını görmüşdür. O, avtomobildən düşüb onların yanına getmişdir. Onların yanında Nəzakət ona demişdir ki, «250 ədəd ot bağlmasını Farizin maşınına yığ sənə hər bağlamaya görə 30 qəpikdən pul verəcəm». O, Nəzakətin həyat yoldaşı Məmmədlə birlikdə ot bağlamalarını maşına yığmışdır. Bağlamaları o, yaba ilə maşının üstünə qaldırmış, Məmməd isə maşının üstündə bağlmaları cərgəyə düzmüşdür. Onlar ot bağlamlarının 125 ədədini yığıb Məmmədin evinin həyətinə boşaltmışlar. Həmin vaxt o, Şahid2 maşını ilə yenidən həmin sahəyə qayıdıb qalan bağlamaları da yığıb aparmışdır. Bu dəfə gedərkən Şahid2 qabaqda öz maşını ilə getmişdir. O, Məmmədlə Nəzakəti mindirib onun arxasınca getmişlər. Fariz maşını onların həyətinə sala bilmədiyindən maşını onların hasarına bitişik saxlamış və o, maşının üstünə çıxıb ot bağlamalarının qalanını da onların həyətinə boşaltmışdır. Bundan sonra onların həyətində oturub yemək yemişlər. Yemək yedikdən sonra Nəzakət Məmmədə bir ayaqqabı aldığını, Məmmədin isə ayağına həmin ayaqqabının girmədiyini və həmin ayaqqabını ona verməyi təklif etmişdir. O, həmin ayaqqabını götürüb evlərinə gəlmişdir. Nəzakət ona ayaqqabı verdiyi üçün ondan pul istəməmişdir. Həmin günün səhərisi anası ondan ayaqqabını hardan aldığını soruşmuş o, da anasına ayaqqabını Nəzakətin verdiyini demişdir. Anası Rəna isə ona əsəbləşib soruşmuşdur ki, nəyə görə Nəzakət sənə ayaqqabı verib. Anasına ot bağlamalarını yığmasının əvəzində Nəzakətin ona ayaqqabını verməsini söyləmişdir. Həmin gün günorta saatlarında Nəzakət onların evlərinə gəlib ot bağlamalarını evin damına yığmaq lazım olduğunu deyib xahiş etmişdir ki, ot bağlamalarını evin damına yığsın. Yenə də o, yaba ilə yerdə olan bağlamaları evin damına qaldırmışdır. Məmməd isə evin damında bağlamaları cərgəyə düzmüşdür. Bundan təxminən iki-üç ay sonra Nəzakət Rənadan ona verdiyi ayaqqabının əvəzində 25 manat pulu almışdır. Buna görə anası onunla evdə dalaşmışdır. Bundan dərhal sonra o, Nəzakətgilə gedib onu çağırmışdır. Nəzakət qapıya çıxan zaman ona «anamdan ayaqqabının pulunu almısan, bəs mənim işləməyim müqabilində əmək haqqımı niyə verməmisən» demişdir. O, həmin vaxt pulunun olmadığı üçün daha sonra pulu verəcəyini bildirmişdir. O, heç nə demədən evlərinə geri dönmüşdür. Sonra o, dəfələrlə Nəzakətdən pulunu istəmişdir. Hər dəfə də Nəzakət pulunun olmadığını, pulu daha sonra verəcəyini demişdir. 26 avqust 2020-ci il tarixdə Nəzakət pulunu vermədiyinə görə əsəsbləşib sonuncunun yaşadığı ünvana gedib darvazanın çöl tərəfindən Nəzakəti çağırmışdır. Onun səsinə Nəzakətin qızı Zərərçəkmiş şəxs həyətə çıxmışdır. Arzu həyətə çıxdıqda ona «ot bağlamalarını yığmağa sən məni göndərmsən nəyə görə pulumu vermirsiz» demişdir. O, Arzuya bu sözləri dedikdə Arzu səs-küy salıb ona yaxın gəlməyə başlamışdır. Arzu yaxınına gəldikdə ona «mən səninlə burada dava etməyə gəlməmişəm səndən işləməyimin əvəzinə verməli olduğunuz pulu istəməyə gəlmişəm» demişdir. Arzunun ondan əl çəkmədiyini görüb onu sol əli ilə itələyib evlərinə getmişdir. Bundan başqa Arzu ilə aralarında heç bir hadisə baş verməmişdir. Həmin gün Arzugilin həyətinə girmədiyini, qapının qarşısında dayanıb Arzunu çağıraraq ona “Arzu mən sizə kömək etdim, bəs mənim pulum nə oldu, ayaqqabının pulunu aldınız, bəs mənim pulum nə oldu” demişdir. Arzu onu çığıraraq üstünə gəlmiş və “sən kimsən gəlib pul istiyirsən” demişdir. O da əli ilə Arzunun boğaz nahiyəsindən itələyib getmişdir. Həmin gün əlində bıçaq olmamış və Arzunu boğaraq sonuncudan pul istəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu Söyüdlü kəndində atası X5 və anası Şahid1 ilə birlikdə yaşayır, atası Məhəmməd Yusifov psixi pozuntusu olan ruhi əsəb xəstəsi olmaqla Gədəbəy rayon Poliklinikasında psixi kabinetdə qeydiyyatda durur. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisi olmaqla yanaşı qonşusudur. Onunla düşmənçiliyi və ədavəti, yaxud ziddiyyətli münasibəti yoxdur və olmamışdır. Təqsirləndirilən şəxsla aralarında heç bir münasibəti olmamış, onunla və ailəsi ilə aralarında pul alış verişləri olmamışdır. 26 avqust 2020-ci il tarixdə Şahid1 atası Məhəmmədlə birlikdə kəndlərində Fatma adlı qadının dəfn mərasiminə getmişdir. Həmin gün anası dəfn mərasiminə gedərkən həyətlərində yerləşən yardımçı tikilinin altında şor düzəltməsi üçün ayranı qaynamağa qoymuşdur. Anası gedərkən ona ayran qaynayıb hazır olduqda altını söndürməsini tapşırmışdır. Anası ilə atası evdən getdikdən təxminən 1 saat sonra Təqsirləndirilən şəxs gəlib həyət daxil olmuş, «Məhəmməd əmi» deyə atasını səslədikdə ona cavab vermişdir. Tural atası Məhəmmədin evdə olmasını soruşmuş və radiator təmir etdirmək üçün gəldiyini demişdir. Ona atasının evdə olmadığını demişdir. Bundan sonra Tural heç bir söz demədən həyətdən çıxıb getmişdir. Evin arxa tərəfində yerləşən yardımçı tikilinin altında olan ayrana baxmağa getmiş və ayrana baxanda ayranın hələ tam hazır olmadığını gördüyü üçün bir qədər orada anasının bişirdiyi mürəbbəni bankaya yığmışdır. Bu zaman ayranın tam qaynayıb hazır olduğunu görüb altını söndürmüş və yardımçı tikilinin qapısını örtüb çıxdıqda Tural qəflətən qarşısına çıxmışdır. O, Turalı görən kimi qorxmuşdur. Tural onu görən kimi “pulunuzun yerini de” “pulu çıxart mənə ver” sözlərini demişdir. Ona pulları olmadığını və qapılarından çıxıb getməsini demişdir. Tural isə ona “sənə dedim ki, qışqırma pulun yerini de” demişdir. Turalın həyətlərindən getmək istəmədiyini görmüş və uca səslə qışqırıb kömək istəmişdir. Tural onun qışqırdığını görüb üzərinə hücum edib bir əli ilə boğazından tutub boğmuş, digər əli ilə isə üstündən çıxartdığı əşyanı onun qarın nahiyyəsinə dirəyib “sənə deyirəm ki, pulun yerini de, yoxsa səni burada öldürəcəyəm” demişdir. Əlindəki əşyanı dəqiq görməsi də bıçaq olduğunu zənn etmişdir. Bu zaman anası Nəzakət evin həyətinə daxil olub onu adı ilə bir neçə dəfə səsləmişdir. Anasının səsini eşidib bir daha anasının yanına gəlməsi üçün qışqırmışdır. Təqsirləndirilən şəxs anasının onların yanına gəldiyini görmüş və onu buraxıb əkin sahəsinə tərəf gedib qonşunun dəmir tor hasarından aşıb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs onu buraxıb getdikdən sonra danışa bilməmişdir. Qorxusundan yalnız ağlamış və bir qədər ağladıqdan sonra anası təcili tibbi yardım çağırmış, ona ilkin tibbi yardım göstərilmiş, sakitləşdirici iynə vurulmuş, dərman verilmişdir. Özünə gəldikdən sonra baş verənləri anasına danışmışdır. Yaranmış səs-küyə qonşulardan xeyli adam toplaşmışdır. Həmin vaxt özündə olmadığından həmin şaxsləri tanıya bilməmişdir. Həmin şəxsləri bir neçəsi qonşuları olmuşdur. Hadisədən bir neçə gün əvvəl Turalın anası Rəna anası Nəzakətdən bazara satmaq üçün heyvan aparacaqsınızmı deyə soruşmuşdur. Anası isə cavabında ona inəklərini qapıda satdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs ondan həmin pulu əsassız və əvəzsiz olaraq quldurluq məqsədi ilə tələb etmişdir. Onların Təqsirləndirilən şəxs və onun ailəsinə heç bir borcu olmamışdır. Təqsirləndirilən şəxs onların həyətyanı sahəsində işləməmiş, onlara ot bağlamlarını 2020ci ilin yay aylarında Rəhman adlı Kamaz sürücüsü gətirmişdir. Ondan əvvəlki il isə həyətyanı sahəsinə tanımadığı bir şəxs Şəmkir rayonundan saman bağlamaları gətirib tökmüş, həmin saman bağlamalarını öz ailəsi həyətlərinə yığmışdır. Təqsirləndirilən şəxs onun həyətyanı sahəsində heç vaxt işləməmiş və ot yığmamışdır. Anası isə Turala heç vaxt ayaqqabı verməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs və onun ailəsi ilə arasında heç bir alış verişi olmamışdır. Təqsirləndirilən şəxs ondan pul tələb edərkən qışqırmış, bu zaman Təqsirləndirilən şəxs, dərhal onun qışqırmasının qarşısını almaq üçün boğazından tutub boğarkən əlindəki əşyanı da qarın nahiyyəsinə dirəyib onu öldürəcəyi ilə hədələyərək pul tələb etmişdir. Həmin vaxt bıçağı görməmiş, Tural ona qışqırsa qarnına soxacağını demişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Söyüdlü kəndində qızı Zərərçəkmiş şəxs və həyat yoldaşı X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onların həmkəndlisi olmaqla yanaşı qonşularıdır. Təqsirləndirilən şəxs və onun ailəsi ilə aralarında heç bir düşmənçilik, ədavətləri yaxud ziddiyyətli münasibəti yoxdur və olmamışdır. 26 avqust 2020-ci il tarixdə kəndlərində Fatmanın dəfn mərasiminə qızı Arzunu evdə tək qoyub həyat yoldaşı Məhəmmədlə birlikdə getmişlər. Evdən gedərkən qızı Arzuya tapşırmışdır ki, çardağın altında qaynamaq üçün qoyduğu ayrana nəzarət etsin. O, Məhəmmədlə birlikdə saat 12 radələrində yas mərasiminə getmişlər. Dəfn mərasimində təxminən bir saat oturub saat 13 radələrində təkcə evlərinə qayıtmışdır. Evlərinin həyətinə daxil olduqda saat təxminən 13:30 olmuşdur. O, həyətə girdikdə qızı Arzunun boğunuq səsini eşitmişdir. Arzu qışqıraraq «mənə kömək edin» demişdir. O, özündə ilk öncə fikirləşmiş ki, çardağın altında qoyduğu qaynayan ayran qazanı yəqin Arzunun üzərinə tökülüb ona görə o, tez çardağa tərəf qaçmışdır. Çardağın qarşısına çatdıqda görmüşdür ki, Tural onun qızı Arzunun boğazını tutub boğur. O, Turalı görən kimi ona qışqırıb “ay köpay oğlu mənim evimdə nə gəzirsən” demişdir. Tural onun qışqırmağını və gəldiyini görüb qızını buraxıb əkin sahəsinə tərəf qaçmışdır. Oradan da qonşunun hasarından keçib uzaqlaşmışdır. O, qızının bu halını görüb ağlamağa başlamışdır. Onun və qızının ağlamaq səsinə qonşuluqda yaşayan bacısı Aqilə, həmin vaxt bacısıgildə olan anası Solmaz gəlmişdir. Həmin vaxt qonşular kənddə olan yas mərasimlərində olduqlarından qonşulardan başqa heç kim hadisə yerinə gəlməmişdir. Onların Təqsirləndirilən şəxs və onun ailəsinə heç bir borcu olmamış, Tural ümumiyyətlə onların həyətində işləməmişdir. Təqsirləndirilən şəxs və anası Rənanın danışdıqları tamamilə yalan və böhtandır. O, evlərinin həyətinə daxil olarkən Tural onu görüb qaçıb getmişdir. Ona görə də o, Turalın əlində bıçağın olub-olmamasını görməmişdir. Hadisədən sonra qızı Arzu ona demişdir ki, Tural onun qarnına bıçaq dirəyərək hədələyib pul istəmişdir. Şahid2 onların yaşadığı ünvana ot bağlamaları gətirməmiş, Təqsirləndirilən şəxs isə heç vaxt onların yaşadığı ünvanda ot bağlamaları yığmamışdır. Onların Təqsirləndirilən şəxs və sonuncunun ailəsi ilə ümumiyyətlə heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkənlisi kimi tanıyır. Məhəmməd Yusiofovu və ailəsini də tanıyır. Onların hər ikisi ilə də münasibətləri həmkəndli kimi yaxşı olmuş heç bir düşmənçilik və ədavəti olmamışdır. O, fərdi əməklə məşğul olaraq ailəsini saxlayır. Bundan başqa özünə məxsus olan QAZ-53 markalı **-BB- *** qeydiyyat nömrə nişanlı avtomaşınla kənd sakinlərinin yüklərini daşıyıb ailəsini saxlayır. Məhəmməd Yusifovun yaşadığı ünvana o, təxminən üç-dörd il bundan əvvəl Söyüdlü kəndinə məxsus çöl sahəsindən 110 ədəd ot bağlamalarını Məhəmməd Yusifovun özü ilə yığıb onun həyətyanı sahəsinə tökmüşlər. Həmin vaxt ot bağlamlarını maşına yığmağa və boşaltmağa heç kəs kömək etməmiş, ot bağlamalarını o özü yığmış və boşaltmışdır. Bunun qarşılığında Məhəmməd Yusifovdan 20 manat pul almışdır. 2019-cu il tarixdə Məhəmməd Yusifovun evinə o, ot aparmamış və onun maşınına cəmi 110 ədəddən çox ot bağlaması yığmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da ümumiyyətlə onların otunu ondan əvvəlki il apararkən gördüyünü və ona kömək etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Arıxdam kəndində qeydiyyatda olsa da 2012-ci ildə Söyüdlü kənd sakini Səxavət Süleymanovla ailə qurub onunla evlənmiş və həmin vaxtdanda Söyüdlü kəndində yaşayırlar. Yaşadığı kənddə bacısı Nəzakətlə qonşudur. Həmkəndliləri və qonşuları Təqsirləndirilən şəxs tanıyır. Turalın onlarla və bacısı Nəzakətgillə heç bir münasibəti yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs bacısı Nəzakətin həyətində nə vaxtsa işlədiyini onun bacısı gilin həyətində ot yığdığını görməmişdir. 26 avqust 2020-ci il tarixdə anası Solmaz ona zəng vurub bildirmişdir ki, onun qabağına çıxsın, kəndə gəldiyini və uşaqlarına sovqat gətirdiyini, onlardan yasa gedəcəyini demişdir. Ona görə evlərindən çıxıb anasını qarşılamaq üçün bacısı Nəzakətin evinin qarşısına qədər gəlmişdir. Orada anasını qarşılamışdır. Bu zaman bacısı Nəzakətin qışqırıq ağlamaq səsini eşitmişdir. O, anası Solmaz ilə dərhal Nəzakətin həyətinə daxil olmuşdur. Onları həyətdə görməyib evlərinin arxasında yerləşən yardımçı tikilinin yanına tərəf getmişlər. Orada bacısı qızı Arzunun yerdə yıxılmış vəziyyətdə ağladığını görmüşdür. Həmin vaxt Arzu ağalaya-ağlaya «Tural gəlib məni hədələyib pul istədi, mən, pulu vermədiyim üçün Tural məni boğdu və bıçağı qarnıma sıxaraq məndən pul istədi» demişdir. Bacısı Nəzakət isə Arzunun yanında durub qışqırıb ağlayıraraq «evim yıxıldı mənə kömək edin» demişdir. X13 Yardıma və polisə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlib Arzuya ilkin tibbi yardım etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Arıxdam kəndində yaşayır. Onun qızları Aqilə və Nəzakət Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayırlar. Onlar yaşadıqları kənddə qonşudurlar. 26 avqust 2020-ci il tarixdə Söyüdlü kəndində yerləşən Müseyibin yas mərasiminə getmişdir. O, kəndə çatdıqda qızı Aqilə onu qarşılamaq üçün küçəyə çıxmışdır. Onlar Nəzakətin evinin qarşısından keçən zaman Nəzakətin evində qızının ağlayaraq qışqırıq səsini eşitmişdir. O, qızı Aqilə ilə dərhal Nəzakətin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqda nəvəsi Arzunun yerdə yıxılmış vəziyyətdə ağladığını görmüşlər. Həmin vaxt Arzu ağalaya-ağlaya deymiş ki, «Tural gəlib məni hədələyib pul istədi, mən pulu vermədiyim üçün Tural məni boğdu və bıçaqla hədələdi». Nəzakət isə Arzunun yanında durub qışqırıb ağladığını görmüşdür. X13 Yardıma və polisə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlib Arzuya ilkin tibbi yardım etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla birlikdə, növbəli şəkildə çoban kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin avqust ayında o, Turalgilə getmiş, bu zaman Tural öz evlərinin qonşuluğunda, evlərinin sağ tərəfində yerləşən evin həyətində, sarı rəngdə QAZ – 53 markalı maşından ot bağlamalarını boşaltmaqla məşğul olmuşdur. O, Turaldan 50 manat borc pul istəmiş, Tural isə cavabında, ot bağlamalarını boşaltdıqdan sonra bunun müqabilində ödəniş alacağını, yalnız bundan sonra onun xahişinə əsasən ona borc verə biləcəyini bildirmişdir. Bu söhbətdən sonra o çıxıb getmiş, aradan 10 gün keçməsinə baxmayaraq Turaldan bir xəbər almamışdır. Bununla bağlı Turala zəng etsə də, ona zəng çatmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayında o, Turalgilə getmiş, bu zaman Tural öz evlərinin qonşuluğunda, evlərinin sağ tərəfində yerləşən evin həyətində, sarı rəngdə QAZ-53 markalı maşından ot bağlamalarını boşaltmaqla məşğul olmuşdur. Tural ona, Turalgilin evlərinə getməyi, bir çay içməyi və özünün ot bağlamalarını boşaltdıqdan sonra pulunu alıb gələcəyini bildirmişdir. Bütün bunlar baş verərkən sarı rəngdə QAZ-53 markalı maşının yanında, adını bilmədiyi gənc bir oğlan da olmuşdur. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşir. Baxış keçirilən yerə kənd yolunun qırağında yerləşən darvazadan daxil olunur. Darvazadan içəri daxil olan kimi qarşıda bir mərtəbəli yaşayış evi vardır. Hadisə yeri həmin yaşayış evinin arxa yan hissəsində yerləşir, həmin yerə evin sol tərəfindən getmək üçün yer vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs evin arxa yan tərəfində yerləşən saxlanc yerinin qapısının qarşısını göstərərək Tural adlı şəxsin onu orada boğaraq pul tələb etdiyini və əlində olan bıçaqla onu öldürməklə hədələdiyini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya predmet aşkar olunmamış və götürülməmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunu törətmiş olduğu cinayət əməlində bir daha ifşa etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilən zaman Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunu törətmiş olduğu cinayət əməlində ifşa etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Şahid2 ifadəsnidə göstərdiyi xüsusatları Tural Kərimvun üzünə qarşı təsdiq etməklə sonuncu ilə Məhəmməd Yusifovun yaşadığı ünvana ot bağlamalarını gətirmədiyini bildirmişdir. “Təqsirləndirilən şəxsin İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. “Zərərçəkmiş şəxsin İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs 26 avqust 2020-ci il tarixdə anası Şahid1 atası Məhəmmədlə birlikdə Söyüdlü kəndində Fatma adlı qadının dəfn mərasiminə getdiklərini, bundan təxminən 1 saat sonra Təqsirləndirilən şəxs gəlib həyət daxil olaraq «Məhəmməd əmi» deyə atasını səslədikdə ona cavab verdiyini, bu zaman Turalın ona «atan Məhəmməd evdədirmi radiator təmir etdirmək üçün gətirmişəm» dediyini, belə olduqda Turala atasının evdə olmadığını söylədiyini, bundan sonra Turalın heç bir söz demədən həyətdən çıxıb getdiyini, özünün isə evin arxa tərəfində yerləşən yardımçı tikilinin altında olan ayrana baxmağa getdiyini, bu zaman ayranın tam qaynayıb hazır olduğunu görüb altını söndürdüyünü, yardımçı tikilinin qapısını örtüb çıxdıqda Turalın onun qəflətən qarşsına çıxdığıını. Turalı görən kimi qorxduğunu, bu vaxt Turalın ona “pulunuzun yerini de”, “pulu çıxart mənə ver” sözlərini dediyini, Turala «bizim pulumuz yoxdur çıx qapımızdan get» dedikdə Turalın ona “sənə dedim ki, qışqırma pulun yerini de” deyə söylədiyini, Turalın həyətlərindən getmək istəmədiyini görüb uca səslə qışqırıb kömək istədiyini, Turalın onun qışqırdığını görüb üzərinə hücum edib bir əli ilə boğazından tutub onu boğduğunu, digər əli ilə isə üstündən çıxartdığı bıçağı onun qarın nahiyyəsinə dirəyib “sənə deyirəm ki, pulun yerini de, yoxsa səni burada öldürəcəyəm” dediyini, bu vaxt anası Nəzakətin evin həyətinə daxil olub onu adı ilə bir neçə dəfə səslədiyni, Təqsirləndirilən şəxs anasının onların yanına gəldiyini görüb onu buraxıb əkin sahəsinə tərəf gedib qonşunun dəmir tor hasarından aşıb oradan uzaqlaşdığını bildirərək həmin yerləri əyani şəkildə göstərməklə ifadəsindəki xüsusatları dəqiqləşdirmişdir. “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 26 avqust 2020-ci il tarixdə kəndlərində Fatma adlı qadının dəfn mərasiminə qızı Arzunu evdə tək qoyub həyat yoldaşı Məhəmmədlə birlikdə getdiyini, saat 13 radələrində təkcə evinə qayıtdığını, evinin həyətinə daxil olduqda saat təxminən 13:30 radələri olduğunu, həyətə girdikdə qızı Arzunun boğunuq səsini eşitdiyini, Arzunun qışqıraraq kömək istədiyni, çardağın qarşısına çatdıqda Turalın onun qızı Arzunun boğazını tutub boğmasını gördüyünü, bu zaman Turala «ay kopay oğlu mənim evimi niyə yıxırsan» dediyini, Turalın onun qışqırmağını və gəldiyini görüb qızını buraxıb əkin sahəsinə tərəf qaçdığını, oradan da qonşunun hasarından keçib uzaqlaşdığını bildirərək həmin yerləri əyani şəkildə göstərməklə ifadəsindəki xüsusatları dəqiqləşdirmişdir. Gədəbəy rayon polis şöbəsindən 20 noyabr 2020-ci il tarixli, 198-16301-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2020-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kənd sakini həmkəndlisi və qonşusu olan Zərərçəkmiş şəxs xəsarət yetirərək və onu bıçaqla hədələyərək ondan pul tələb etmişdir. Hadisə baş verən gün, yəni 26 avqust 2020-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində 2 yerdə dəfn mərasimləri olduğundan ətrafda yaşayan qonşular yas mərasimində olmuşdurlar. Ona görə də hadisənin şahidi ola biləcək əlavə şəxslər müəyyən edilməmişdir. Həmin vaxt səs-küy olmamış, oraya kənar şəxslər toplaşmamış, ictimai qayda pozulmamışdır. Təqsirləndirilən şəxs cinayət törətməkdə istifadə etdiyi bıçağın müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və sonuncunun ailəsi ilə aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 26.08 2020-ci il tarixli 637 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər boyunun, döş qəfəsinin ön səthinin geniş ölçülü qançırları küt əşyaların təsirindən törəmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 26 avqust 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi mümkün deyildir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 649/295 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən, yəni, xx.xx.2020-ci il tarixdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur. Həmin halın yaranma səbəblərindən biri zərərçəkmişlə pul mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti ilə əlaqədar olaraq törətdiyi əməlin mənasını tam dərk edə bilərdi. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji (psixioloji) affekt halında olmamışdır. (keçirməmişdir) Gədəbəy Rayon Poliklinikasının xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Kərimov X9 rayon poliklinikasının narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetlərində qeydiyyatda dayanmır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin yaxalanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonu ərazisində yeri müəyyən olunaraq saxlanılmış və Gədəbəy RPŞ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gədəbəy rayon Söyüdlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Kərimov X9 rayon Söyüdlü kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İV № 441884 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs qarşı quldurluq etmədiyini, bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəklmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə tutulmuşdur. Gədəbəy rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə tutulduğu 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə tutulduğu 03 (üç) gün, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar