Məhkəmə qərarları › İş №1(100)-47/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-47/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-47/2025 26.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1988-ci ildə Ermənistan Respublikası, Vardenis rayonu, Yenikənd kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayonu X22ində daimi qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə saat 19 radələrində “BC” kateqoriyalı, AE-812512 sürücülük vəsiqəsi əsasında idarə etdiyi, BD-304224 nömrəli şəhadətnamə ilə özünə məxsus VAZ 2107 markalı, ** FV *** dövlət qeydiyyat nişanlı sedan tipli minik avtomobili ilə Göygöl rayonunun Azay Kazımov küçəsi ilə üzü Göygöl rayonu Aşıqlı kəndi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməli olduğu halda bunları etməyərək nəqliyyat vasitəsini öz hərəkət yolunun sağ tərəfinə istiqamətləndiriyi zaman avtomobil üzərində idarəetməni itirərək yolun sağ kənarında olan ağaca çırpmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər Şahid2 sağ diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və Şahid1 sağ baldır və sol ayaq nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, həmçinin avtomobildə olan digər sərnişinlər X3 həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aid edilən başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-ənsə nahiyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma (hematoma), sağ gicgah-ənsə sümüklərinin beyin əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, sağda l-Xİİ dək qabırğaların üç anatomik xətti üzrə (məmə, ortaqoltuqaltı, onurğayam), solda isə l-Xİİ dək qabırğaların iki anatomik xətt üzrə (məmə, onurğayam) sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin və dalağın cırılması, hər iki böyrək kapsulasına qansızma(hemotoma), sağ bud sümüyünün qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, sağ əng nahiyələrininin sıyrıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırları ilə müşayiət edilən, açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn, kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma səbəbindən hadisə yerində ölməsinə və X4 həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aid edilən baş-beyinə və beyinciyə qansızma, baş-beyin maddəsinin kəskin ödəmi, alın-təpə-ənsə nahiyələrinə uyğun hissələrdə yumşaq toxumalarına qansızma, sağ ll-lll- İV-V-Vİ-Vİİ-Vİİİ-İX, X,Xİ, və sol l-ll qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ tərəfli pnevmotoraks, hər iki ağciyərin kəskin ödemi, ağciyərlərin paylararası sahələrində ocaqlı qansızmalar, alt çənə sümyünün qapalı sınığı, döş qəfəsinin ön səthinin və sol said nahiyəsinin qançırları, sol baldır nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət edilən qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn, baş beyinə və beyinciyə qansızma səbəbindən xx.xx.2022-ci il tarixdə müalicə aldığı xəstəxanada ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə o, Göygöl rayon avtovağzalından kəndə-öz yaşadıqları əraziyə gedən zaman Azad Kərimov küçəsində baş vermişdir. O, dumanlı hava şəraitində avtomobil idarə edən zaman, arxası kotanlı traktor qarşısına çıxmış, ona dəyməmək üçün sükanı çevirmiş, lakin traktor sürücüsü onu görməmişdir. Avtomobil traktorun kotanına toxunmuş nəticədə isə ağaca dəymişdir. Oyanan zaman heç kəsin olmadığını görmüş, Bayrama kömək etdikdən sonra təcili yardıma zəng etmişdir. Xəstəxanaya getdikdən sonra oradan Göygöl rayon polis şöbəsinə aparılmışdır. Göygöl rayon polis şöbəsində olan zaman orada traktor sürücüsünü görmüş, lakin saat 4 radələrində müstəntiqlə razılaşdıqdan sonra sürcü buraxılmışdır. O, isə 2 gün orada həbs olunduqdan sonra evə buraxılmışdır. İstintaq zamanı isə müstəntiq heç bir tələbini yerinə yetirməmiş, hər şeyi öz bildiyi kimi etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, avtomobilin içərisində onunla birgə 5 nəfər şəxs olmuş, həmçinin hadisə axşam vaxtı saat təxminən 7 radələrində baş vermişdir. Həmçinin qeyd etmişdir ki, avtomobilin sürəti təxminən 50-55 olmuş, hava dumanlı olduğu üçün görüş məsafəsi 3-4 km olmuş, traktor sürücüsü arxa sayrışan işıqdan istifadə etmədiyi üçün onu görməmişdir.Traktor anidən qarşısına çıxmış, ona dəyməmək üçün sükanı sola çevirib qarşı yola çıxmış bu zaman isə avtomobilin ön hissəsi traktorun qarşısında olan kotana dəymiş və avtomobil sürüşərək yolun kənarındaki ağaca çırpılmışdır. Həmçinin qeyd etmişdir ki, traktor qarşısına sağ tərəfdə yerləşən əkin sahəsindən çıxmış, bu zaman o sükanı sol tərəfə fırlamışdır. Eyni zamanda əlavə etmişdir ki, avtomobilin yolun sağ tərəfinə necə keçdiyini özü də bilməmiş və məhkəmədən kameralara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, Cinayət Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətinin protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı hüquqi varis qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi gün uşaq xəstəxanaya aparılmışdır. Hadisənin ilk günündə Elmirin atası onun yanına getmiş, o həmin zaman Elmirin atasına “məndən tam rahat ola bilərsiniz, mən şikayətçi olmayacam” demişdir. Hadisədən 1 gün sonra yenə getmiş və ona “sənə kömək etmək üçün, kartımı qoyub 2000 manat kredit götürə bilirəm” demişdir. O, ehtiyacı olsa belə həmin pulu qəbul edə bilməyəcəyini bildirmişdir. O, qeyd etmişdir ki, zərərçəkmiş şəxs Beynəlxalq xəstəxanada işləmiş, hadisə günü ona zəng edərək Ayşənin qəza keçirtdiyini, vəziyyətinin ağır olduğunu və məhkəməyə getməli olduğunu demişlər. Oraya gedən zaman isə ona qəza baş verən zaman şəxslərdən birinin öldüyü deyilmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə haqqında tək bildiyi dumanlı havada avtomobilin yüksək sürətlə idarə edilməsi və avtomobil yüksək sürətlə idarə edildiyi üçün qarşı yola çıxaraq qəza keçirtməsidir. O, təqsirəndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, şikayət etməyinə səbəb isə həm yüksək sürətlə avtomobil idarə etməyin düzgün olmaması, həm də təqsirləndirilən şəxsin dostları ilə hadisənin necə baş verdiyi barədə danışan zaman onlara “Boş şeylərdir, zərərçəkmişlərdən birinə hörmət elədik, digərinə də edəcəyik, mən bir gün belə içəridə qala bilmərəm” tipli sözlər işlətməsi olmuşdur. O əlavə etmişdir ki, ona təklif edilmiş pulu qəbul etməmiş, həmçinin təqsirləndirilən şəxsə cəza verilməsi ilə bağlı məhkəmədən heç bir xahişi və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı hüquqi varis qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, hadisədən sonra ifadə verdiyini və şikayətinin olmadığını bildirmişdir. Qeyd etmişdir ki, hadisə baş verdikdən bir müddət sonra bilmiş, ora gedən zaman isə artıq qızının rəhmətə getdiyini görmüşdür. O bildirmişdir ki, qızı Göygöl rayonunda morqda olmuş, onu oradan götürdükdən bir gün sonra dəfn etmişlər. Daha sonra təqsirləndirilən şəxsin ailəsi onların evinə getmiş və həmin vaxtdan sonra şikayətçi olmamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, vaz 2107 markalı avtomobil Göygöl-Aşıqlı istiqamətində hərəkət edən zaman idarə etməni itirib ağaca çırpılmışdır. O, hadisə yerinə yaxınlaşan zaman sürücünün yerdə olduğunu görmüş, həmçinin həmin zaman 1 qadın və 1 uşaq xəsarət almışdır. O, ora çatan vaxt xəsarət alan və rəhmətə gedənlər təcili yardım vasitəislə götürülmüş, qadın hadisə zamanı ölmüşdür. Sürücünün dediyiniə görə həmin zaman traktor işıqsız gedib və sürücü onu görmədiyi üçün qəza baş vermişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman axşam saatları olmuş, avtomobil ağaca yolun sağında çırpılmış, bu zaman avtomobilin şofer olan qapısı ağaca dəymişdir. Həmçinin qəzadan sonra avtomobil səkinin kənarında üzü yola tərəf dayanmışdır. Ona hadisədən sonra məlumat verilmiş, təxminən 10-15 dəqiqə sonra orada olmuş, o hadisə yerinə çatan zaman orada təkcə avtomobilin sürücü olmuş, yaralılar isə xəstəxanaya aparılmışdır, həmçinin qeyd etmişdir ki, hadisə yerində traktor sürücüsünü görməmişdir. Hadisə yerinə çatdığı zaman orada traktor və yaxud başqa bir avtomobil olmamışdır, sürücü Təqsirləndirilən şəxs ona yolun sürüşkən, havanın dumanlı olduğunu, qarşısında olan traktor markalı avtomobili ötmə etmək istədiyi zaman qarşıdan avtomobil gəldiyini, toqquşmamaq üçün tormoz verib öz yoluna avtomobili qaytarmaq istədiyində avtomobilinin sürüşdüyünü, idarəetməni itirdiyi üçün avtomobilin yolun sağında olan ağaclara çırpıldığını, iki qızın xəstəxanaya aparıldığını demişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu, Bənövşəli kəndində yerləşən yaşadığı evə getmək üçün Göygöl rayon avtovağzalından taksi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs məxsus avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, avtomobilə əyləşən zaman hava şəraiti dumanlı olmuşdur. Avtomobil hərəkət etməyə başlayanda, yuxusu gəldiyi üçün yatmış, hadisə baş verən zaman qəflətən yuxudan ayılmış və sonra huşunu itirmişdir. Təkrar ayılan zaman isə oturaqlı vəziyyətdə olmuş və hər iki ayağından zədə almışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, özünə gələn zaman avtomobilin içərisində olmuş, hadisə zamanı isə qarşıdan avtomobil gəldiyini görməmişdir. Həmçinin qeyd etmişdir ki, Elmir özü polis əməkdaşlarına piyadanı avtomobillə vurduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş, onlar hadisə zamanı Göygöl rayonundan Hacıkənd istiqamətində hərəkət etmişlər. Həmin vaxt hava şəraiti dumanlı olmuş və avtomobil hərəkətdə olan zaman o telefona baxdığı üçün yola baxmamışdır. Avtomobil hərəkətdə olarkən qəflətən yola baxan zaman qarşıdan tarktor gəldiyini, lakin traktorun işıqlarının yanmadığını görmüş, hadisənin baş vermə anının təfərrüatlarını unutmuşdur. Hadisədən baş verdikdən sonra o huşunu itirmiş və özünə gələn zaman xəstəxanaya yerləşdirildiyini görmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o, avtomobildə ön sərnişin oturacağında əyləşmiş, həmçinin həmin zaman avtomobildə ondan əlavə 2 nəfər xanım və 1 nəfər oğlan olmuşdur. Həmin zaman hava şəraiti dumanlı olmuş, qarşını görmək çətin olmuş və bu səbəbdən sürücü avtomobili yüksək sürətlə idarə etməmişdir. O əlavə etmişdir ki, başını qaldırıb traktoru görən zaman qəza baş vermiş, qəza zamanı avtomobilin harasa dəydiyini isə istintaqdan sonra bilmişdir. O bildirmişdir ki, istintaqa ifadə verən zaman hadisənin qismən xatırlamış, müstəntiqin suallarına əsasən hadisənin baş vermə ehtimallarını demişdir. Həmçinin qeyd etmişdir ki, istintaq zamanı düzgün ifadə vermişdir. İstintaq zamanı verilm ifadəsindən görünmüşdür ki, hadisənin baş verməsinə səbəb Elmirin eyni istiqamətdə hərəkətdə olan traktor markalı avtomobili ötmə etmək üçün yolun soluna çıxması sonradan yenidən öz yoluna qayıtdıqda tormoz verib avtomobili sağa çəkməyi nəticəsində avtomobilin sürüşməsi və idaretməni itirməsi olmuşdur. Avtomobilin surəti hadisə baş verən zamanı 70-80 km/saat olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, hadisənin axşam vaxtı baş verdiyini həmin zaman isə traktorun qarşısında da, arxasında da işıq yandığını qeyd etmişdir. O, hərəkətdə olan zaman ağ rəngli Vaz 2107 markalı avtomobil sürətlə onun yanından ötüb keçmiş, həmin zaman hava dumanlı olmuşdur. Yaxınlaşanda avtomobilin qəza keçirdiyini görmüş, qəza baş verən yeri keçdikdən 50 metr sonra dayanmış və hadisə yerinə yaxınlaşmışdır. O, avtomobildəki yaralıların çıxarılmasına kömək etmiş, həmin zaman yaralılar ağır olduğu üçün gücü çatmamış və özünün də qolu çıxmışdır. Daha sonra o orada insanlar artdığı üçü və getmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin zaman onun idarə etdiyi traktorun sürəti təxminən 35-40, Vaz 2107 markalı avtomobilin sürəti isə təxminən 80-100 olmuşdur. Həmçinin o polis gələn zaman orada olmuş, polislər ona “traktor yolu kəsib kənara çək” demiş, eyni zamanda traktorun arxasında kotan olmuşdur. Orada vətəndaş kimi kömək etdiyini bildirmiş, həmçinin orada kömək üçün gələn başqa şəxslərdə olmuşdur. O, Göygöl rayon polis şöbəsində olmadığını və kotanı benzinlə yumadığını bildirmişdir. Kotanın uzunluğu 1.80 eni isə 2 metr olmuş, eyni zamanda kotan traktorun uzunluğunda olmuş kənara çıxmamışdır. O, yol dumanlı olduğu üçün yuxarıdan gələn duman sıxlığı ilə əlaqədar görmə məsafəsinin azaldığını həmin vaxt avtomobilin onun yanından yüksək sürətlə keçib duman sıxlığına doğru hərəkət etdiyini bildirmiş, qəzanı avtomobilin sürücüsü onun yanından keçdikdən 5-10 dəqiqə sonra görmüşdür. Avtomobil yolun sağ tərəfində olmuş, qəza zamanı qapı tərəfi dəymiş, həmçinin maşının üzü yol tərəfə olmuş, eyni zamanda orada radar olmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin başlanması haqqında qərardan görünür ki, baş vermis avtoqəza faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Göygöl şəhəri, Azay Kazımov küçəsindən üzü Aşıqlı kəndi istiqamətində asfalt yolda baş vermiş qəza ilə bağlı hadisə yerinə baxış keçirilmiş, Baxışla əlaqədar müvafiq hadisə yerinə baxış protokolu tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilməklə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Göygöl şəhəri, Azay Kazımov küçəsindən üzü Aşıqlı kəndi istiqamətində asfalt yolda baş vermiş qəza ilə bağlı hadisə yerinə baxış keçirilmiş, Baxışla əlaqədar müvafiq hadisə yerinə baxış protokolu tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilməklə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli Şübhəli şəxsin tutulması haqqında Qərardan və Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli Tədqiqat üçün nümunələrin götürülməsi haqqında Qərardan və Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin başlanması haqqında qərardan görünür ki, baş vermis avtoqəza faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Gəncə RQİ və TBŞ tərəfindən verilmiş Nəqliyyat vasitəsinin Uçot Kartoçkasından görünür ki, **-FV-*** qeydiyyat nişanlı, ağ rəngli, VAZ 21074 minik avtomobilinin sahibi yerində Təqsirləndirilən şəxs adı qeyd edilib. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qərardan görünür ki, müstəntiq tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin verilməsinə baxmayaraq, rayon prokuroru tərəfindən təmin edilməmiş, nəticədə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon İcra Hakimiyyəti başçısının X22 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 05 dekabr 2022-ci il tarixli, 313 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası və atası ilə birlikdə yaşayır. Eləcə də, Nümayəndəlikdən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət, narazılıq və təqsirləndirici sənəd daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, sözügedən cinayət işi Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən 263.3-cü maddəsinə tövsif edilib. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7” X21 tərəfindən daxil olmuş 09 dekabr 2022-ci il tarixli 4479/K saylı “məhkəmə-kimyəvi” ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs hadisə zamanı spirtli içki qəbul etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 xx.xx.2023-cü il tarixdə notarial qaydada barışıq ərizəsi təqdim edərək Təqsirləndirilən şəxsla barışmasını və şikayətçi olmamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7” X14 Göygöl rayon şöbəsinin 01 dekabr 2022-ci il tarixli 20 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir:

1. X1 bədənində müəyyən edilmiş xəsarətlər - başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-ənsə nahiyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarınına qansızma (hematoma), sağ gicgah-ənsə sümüklərinin beyin əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, sağda l-Xİİ dək qabırğaların üç anatomik xətti üzrə (məmə, ortaqoltuqaltı, onurayanı), solda isə l-Xİİ dək qabırğaların iki anatomik xətt üzrə (məmə, onurğayam) sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin və dalağın cırılması, hər iki böyrək kapsulasına qansızma(hemotoma), sağ bud sümüyünün qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, sağ əng nahiyələrininin sıyrıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırları. Qeyd edilən xəsarətlər həyatidir - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükləli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir.

2. X1 ölümünə səbəb - açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn, kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 2-5 saatdır (meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 21:40-da aparılmışdır)

3. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7” X14 Göygöl rayon şöbəsinin 12 dekabr 2022-ci il tarixli 23 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir:

1. X2 bədənində müəyyən edilmiş xəsarətlər - baş- beyinə və beyinciyə qansızma, baş-beyin maddəsinin kəskin ödəmi, alın-təpə-ənsə nahiyələrinə uyğun hissələrdə yumşaq toxumalarına qansızma, sağ ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, X,Xİ, və sol l-ll qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ tərəfli pnevmotoraks, hər iki ağciyərin kəskin ödemi, ağciyərlərin paylararası sahəlrəində ocaqlı qansızmalar, alt çənə sümyünün qapalı sınığı, döş qəfəsinin ön səthinin və sol said nahiyəsinin qançırları, sol baldır nahiyəsinin sıyrığı. Qeyd edilən xəsarətlər həyatidir, - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükləli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir.

2. X2 ölümünə səbəb - qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 1-3 saatdır (meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 19:30-da aparılmışdır.

3. X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-dən daxil olmuş 24 fevral 2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 01 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aşıqlı kəndi istiqamətində gedən “VAZ 2107” markalı, **-FV-*** nömrə nişanlı avtomobil ilə eyni hərəkət istiqamətində hərəkətdə olan traktor markalı avtomobili müəyyən etmək münkün olmamışdır. Həmçinin hadisəni görmüş şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülsə də, müsbət nəticə əldə edilməmişdir. Hadisə yerinin yaxınlığında işlək vəziyyətdə görüntünü qeydə alan kamera yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-dən daxil olmuş 24 fevral 2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 01 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Aşıqlı kəndi istiqamətində gedən “VAZ 2107” markalı, **-FV-*** nömrə nişanlı avtomobil ilə eyni hərəkət istiqamətində hərəkətdə olan traktor markalı avtomobili müəyyən etmək münkün olmamışdır. Həmçinin hadisəni görmüş şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülsə də, müsbət nəticə əldə edilməmişdir. Hadisə yerinin yaxınlığında işlək vəziyyətdə görüntünü qeydə alan kamera yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, № 6/723-8/382-li rəyə əsasən məhkəmə-trasoloji və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspertizadan alınmış 28 fevral 2023-cü il tarixli 6/723-8/382 №-li rəydən aşağıdakılar müəyyən edilmişdir: Təqdim edilmiş “VAZ 2107” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində(kapotda, qabaq bamperdə, qabaq qabaq-arxa sağ qanadda, arxa sağ qapıda, arxa sol qanadda) olan zədələr öz formasına,marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hansı bərk predmetlə, o cümlədən yol kənarında maneyəyə (ağaca) dəyməsi nəticəsində yarana bilər. Lakin avtomobilin deformasiyaya uğramış detalları öz ilkin formasını itirdiyindən həmin sahədə digər nəqliyyat vasitəsi ilə toqquşmadan yarana bilən zədənin olub- olmamasını müəyyən etmək münkün deyildir. Təqdim edilmiş “VAZ 2107” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus boya qalıqları, hissəcikləri yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, № 8/652-li rəyə əsasən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspertizadan alınmış 15 mart 2023-cü il tarixli 8/652 №-li rəydən aşağıdakılar müəyyən edilmişdir: 1.2 istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2107 markalı, 90- FV- 637 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 iyun 2023-cü il tarixli, 8/1444 №-li rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2107 markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Mərkəzi X10 Şəxsindən daxil olmuş 16 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl RMX PHŞ Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-282/2023 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin hazırlıq iclasından ibtidai araşdırmaya prosessual rəhbərlik etmiş prokurora qaytarılmış, eləcə də, Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbiri həmin tarixdən həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(066)-26/2023 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin hazırlıq iclasından ibtidai araşdırmaya prosessual rəhbərlik etmiş prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(066)-26/2023 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin hazırlıq iclasından ibtidai araşdırmaya prosessual rəhbərlik etmiş prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi Qərarına əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman idarə etdiyi «Vaz 2107 minik» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Göygöl Rayon Polis Şöbəsində saxlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında Qərarına əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman idarə etdiyi «Vaz 2107 minik» markalı, **- FV-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Göygöl Rayon Polis Şöbəsində saxlanmışdır. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilkin olaraq izahatında, habelə sonrakı dövrlərdəki ifadələrində qeyd etdiyi xüsusatlar, eləcə də şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının rəyləri, plan-sxem və iş üzrə olan digər materiallar yekdilliklə Təqsirləndirilən şəxs avtomobili düzgün idarəetməməsi, hava şəraitinin dumanlı olması səbəbindən surətini azaldaraq, diqqətini daha da artırmalı olmasına, baş verə biləcək qəzanın aradan qaldırılmasına fokuslanmalıdı idi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı idi. Lakin, sonuncu avtomobili düzgün idarəetməməklə, mövcud qanunvericiliyin tələblərini pozmuş və nəticədə qeyd olunan hadisə baş verməklə iki nəfər həyatdan məhrum olmuşdur. Təqsirləndirilən şəxs avtomobili qanunun üzərinə vəzifə qoyduğu kimi diqqətlə idarə edəcəyi halda hadisənin baş verməsinin qarşısı alınması mümkün olardı. Məhz nəqliyyat vasitəsini ötmək istəməsi daha sonra qarşıdan başqa avtomobil gəldiyinə görə öz hərəkət zolağına qayıdarkən avtomobilin sürüşməsi nəticəsində sözügedən hadisə baş vermişdir. Lakin, təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hadisənin baş verməsinə səbəb kimi qarşısında hərəkət edən traktorun arxasında olan qoşqunun avtomobilə dəyməsini qeyd edərək, yeni xüsusat irəli sürmüşdü. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qeyd olunan xüsusatın yoxlanması məqsədilə traktorun sürücüsü dəvət olunmuş, eləcə də ekspert rəyi yenidən tədqiq edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, № 6/723-8/382-li rəyə əsasən məhkəmətrasoloji və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspertizadan alınmış 28 fevral 2023-cü il tarixli 6/723-8/382 №-li rəydən aşağıdakılar müəyyən edilmişdir: Təqdim edilmiş “VAZ 2107” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq qabaq-arxa sağ qanadda, arxa sağ qapıda, arxa sol qanadda) olan zədələr öz formasına,marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hansı bərk predmetlə, o cümlədən yol kənarında maneyəyə (ağaca) dəyməsi nəticəsində yarana bilər. Lakin avtomobilin deformasiyaya uğramış detalları öz ilkin formasını itirdiyindən həmin sahədə digər nəqliyyat vasitəsi ilə toqquşmadan yarana bilən zədənin olub - olmamasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş “VAZ 2107” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus boya qalıqları, hissəcikləri yoxdur. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yüksək sürətlə idarə etdiyi avtomobil onun idarə etdiyi traktoru ötərək, duman sıxlığına doğru hərəkət etmiş, həmin ötmə əməliyyatı zamanı qeyd olunan avtomobil nə onun traktoruna nə də ki, qoşqusuna toxunmamış, heç bir toqquşma hadisəsi olmamışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusat şahid ifadələri, ekspertizanın müvafiq rəyi ilə inkar olunduğundan təqsirləndirilən şəxsin öz müdafiəsi məqsədilə gətirdiyi dəlil olaraq qiymətləndirilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmi ilə əlaqədar irəli sürdüyü dəlillər yəni, avtomobilin ötmə əməliyyatı zamanı sağ zolaqdan sol zolağa çıxaraq toqquşma nəticəsində onun idarə etdiyi avtomobilin yenidən yolun sağ zolağına yaxın yerləşən ağaça çırpılması ağlabatan və məntiqə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin olunmasını və əlavəcəzanın icrasınınəsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə hesablanmaqla hazırkı iş üzrə ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 340 (üç yüz qırx) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Göygöl RPŞ-nin avtomobil duracağında saxlanılan “Vaz 2107 minik” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. İbtidai və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Təqsirləndirilən şəxs 340 (üç yüz qırx) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Göygöl RPŞ-nin avtomobil duracağında saxlanılan “Vaz 2107 minik” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar