Məhkəmə qərarları › İş №1(100)-479/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-479/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-479/2024 20.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 və Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 24 dekabr 2023-cü il tarixdə, saat 19:50 radələrində yaşadığı Gəncə şəhəri, Səfəvilər küçəsi, 8 nömrəli evdə tanışı Zərərçəkmiş şəxs ilə görüşüb, birlikdə spirtli içki qəbul edib, hər ikisi sərxoş vəziyyətdə olan zaman istifadəsində olan ********** nömrəli mobil telefonuna rəfiqəsi Şahid2 zəng etməsi zamanı Zərərçəkmiş şəxs onun başqa kişi ilə danışmasından şübhələnərək qısqanclıq zəminində ona qarşı nalayiq ifadələr işlədib, onu söyüb təhqir etməsindən əsəbiləşərək, oturduqları otaqda olan stolun üzərindəki kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs arxa kürək nahiyəsindən bir dəfə zərbə vuraraq sonuncuya sol tərəfli hemopnevmotoraksla müşayiət olunan, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlib-gedirmiş. 24 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmişdir. O, yemək hazırlayarkən onun telefonuna zəng gəlmiş, o, həmin zəngi açmamış, sonra yenə də bir neçə dəfə zəng gəlmişdir. Zərərçəkmiş şəxs çox əsəbi olmuş, gələn zənglərə görə onu qısqanmış, buna görə onların arasında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ona inanmadığına görə o, daha sonra gələn zəngə cavab vermişdir ki, Qabil yanlış düşündüyünü başa düşsün. Lakin Zərərçəkmiş şəxs ona inanmamış və onu söyməyə başlamışdır. O, Zərərçəkmiş şəxs ona nalayiq ifadələr deməsinə dözə bilməyib evdə stolun üzərində olan mətbəx bıçağını götürüb Qabilin arxa kürək nahiyəsinə bir dəfə bıçaqla vurmuşdur. Törətdiyi əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə ər-arvad kimi yaşamışlar. O, Təqsirləndirilən şəxs yaşadığı evə gəlib-gedirmiş, Nəzakətin yaşadığı evə bazarlıq edib, nə lazımdırsa alıb verirmiş. 24 dekabr 2023-cü il tarixdə yeməyə Nəzakətgilə getmişdir. Nəzakət yemək hazırlayarkən sonuncunun telefonuna zəng gəlmişdir. Zəng edənin kim olduğunu soruşarkən Qahirə olduğunu demişdir. Həmin vaxt onlar yemək yeyirmişlər, həmçinin spirtli içki də qəbul etmişlər. Nəzakətin telefonuna bir neçə dəfə zəng gəlmiş, o, qısqandığına görə gələn zənglərlə bağlı Nəzakətlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Nəzakəti söymüşdür. Bu zaman Nəzakət stolun üstündən götürdüyü mətbəx bıçağı ilə bir dəfə onun kürək nahiyəsinə vurmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəfiqəsidir. 24 dekabr 2023-cü il tarixdə hal-əhval tutmaq üçün Təqsirləndirilən şəxs zəng etmişdir. Sabahı gün o, Təqsirləndirilən şəxs bacısından eşitmişdir ki, Nəzakət Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 dekabr 2023-cü il tarixli “baxış və götürmə barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd mətbəx bıçağını könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim etmiş, baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunan bir ədəd mətbəx bıçağının ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11,5 sm, dəstəyinin uzunluğu isə 12,5 sm-dir. Dəstəyi tünd çəhrayı rəngdədir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və bıçaq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 30-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 dekabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisəni yaşadığı Gəncə şəhəri, Səfəvilər küçəsi, ev 8 ünvanında törətmiş, 24 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində o, hazırda dayandığı yaşadığı evdə tək olan zaman yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini bildirmiş, həmin vaxt o, Qabilə demişdir ki, anam evdə yoxdur, gələ bilərsən. Aradan 5-10 dəqiqə keçəndən sonra Qabil əlində 0,5 litr “Banket” arağı, kolbasa, sosiska və çörək alaraq onların evinə gəlmiş, hazırda göstərdiyi evin həyətindəki bir otaqlı əl damında göstərdiyi divanın üzərində oturaraq birlikdə yeyibiçmişlər. Bu zaman onun telefonuna zənglər gəldiyindən Qabil əsəbləşərək onu nalayiq söyüşlərlə söyərək ona fahişə demiş, o da əsəbləşərək hər ikisi ayaq üstə olduğu zaman hazırda göstərdiyi yerdə stolun üzərində olan mətbəx bıçağını götürüb, Qabilin kürək nahiyəsinə bir dəfə xəsarət yetirmişdir. Sonra qorxaraq Qabilin paltarını qaldırıb onun kürəyinə baxanda görmüşdür ki, kürəyi deşilib və qan axır. O, Qabilə demişdir ki, “gəl səni xəstəxanaya aparım”, lakin Qabil “narahat olma” deyərək evdən çıxıb getmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş foto şəkillər protokola əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 54-60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 361 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarasıdeşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 160-163). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi-bioloji ekspertizasının 26 dekabr 2023-cü il tarixli, 43 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 136-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə trosolojiməhkəmə soyuq silah ekspertizasının 27 mart 2024-cü il tarixli, 16/334/335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan boz rəngli poluverin üzərində olan bir ədəd zədə, qara rəngli poluverin üzərində olan bir ədəd zədə və maykanın üzərində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli, 361 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim olunmuş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə boz rəngli poluverin üzərində olan bir ədəd zədə, qara rəngli poluverin üzərində olan bir ədəd zədə və maykanın üzərində olan bir ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarət üst-üstə düşür (iş vərəqə: cild İ, səh. 170-172). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə psixiatrik ekspertizasının 30 yanvar 2024-cü il tarixli, 67 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xətəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs X1 hər hansı psixi xəstəlik keçirməməsi səbəbindən ona istinad edilən cinayəti törətdiyi zaman öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmur. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət çəkməməsi səbəbindən o, öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 175-177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus boz rəngli poluver, qara rəngli poluver və mayka iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Gəncə Şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 193-203). Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 158). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Nevroloji Dispanserininin 28 yanvar 2024-cü il tarixli, 36 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (iş vərəqə: cild İ, səh. 123). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserininin 10 yanvar 2024-cü il tarixli, 141 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (iş vərəqə: cild İ, səh. 124). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 126). Cinayət işinin materiallarına əlavə edilmiş 25 dekabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 46). Cinayət işinin materiallarına əlavə edilmiş 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş (iş vərəqə: cild İ, səh. 97-98) və Gəncə Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.111-115). Cinayət işinin materiallarına əlavə edilmiş 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 185-186). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə araşdırması zamanı verdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona səhhəti ilə əlaqədar dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət işi üzrə yuxarıda göstərilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tamamilə ödənilməsini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı səmimi ifadə verərək əməlindən peşmanlığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən qeyd edir ki, təqsirləndirlən şəxsin səmimi peşmançılığı onun əməlinin təhlükəliliyini dərk etməyini və törətdiyi cinayətin nəticəsinə sonradan formalaşmış mənfi münasibətini özündə ehtiva edir. Şəxs cinayəti törətdikdən sonra səmimi peşman olubsa, bu hal onun törətdiyi cinayətin zərərli nəticələrinin tez bir zamanda aradan qaldırmasını, habelə islah edilməsini sürətləndirir və tərəfindən növbəti cinayətlər törətməkdən çəkindirir. Eyni zamanda səmimi peşmançılıq təqsirkarın islah olunmasında da mühüm rol oynayır, onun islah olunmasının başlanığıc nöqtəsi kimi çıxış edir və bunu stimullaşdırır. Nəzərə alınsa ki, cəzanın məqsədi həm məhkumun islah edilməsindən və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir, bu halda səmimi peşmançılığın cəzanın məqsədləri baxımından nə qədər əhəmiyyətli olduğu görünər. Şəxsin əməlindən peşman olmasını bildirməsi yuxarıda qeyd edildiyi kimi onun əməlinə tənqidi yanaşmasını ehtiva etməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir ki, bu da təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına əsas verir. Ona görə də məhkəmə yuxarıda qeyd edilən digər hallarla yanaşı, göstərilən həmin halları da cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək cəza təyinində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (onun əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı səmimi ifadə verərək əməlindən peşmanlığını, zərərçəkmiş şəxsin də təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etməsinə dair fikirlərini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən və təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Belə ki, cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, o, zərər çəkmiş şəxslə barışıq əldə etməklə və zərərçəkmiş şəxsin səhhəti ilə əlaqədar dəymiş zərəri tam şəkildə ödəməklə həmin hərəkətləri ilə, həmçinin törətdiyi cinayət əməlini səmimi etiraf etməklə, məhkəmədə də göstərdiyi bütün davranışları da onun əməlindən səmimi peşmanlığını ehtiva etmiş, onun cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, hətta zərərçəkmiş şəxsin də ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini bildirməsi, barəsində cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 dekabr 2023-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək, yəni 04 (dörd) ay müddətində ev dustaqlığında olmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:

2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsində saxlanca verilmiş bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs məxsus boz rəngli poluver, qara rəngli poluver və mayka sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 63 (altmış üç) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsində saxlanca verilmiş bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı məhv edilsin, Zərərçəkmiş şəxs məxsus boz rəngli poluver, qara rəngli poluver və mayka sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar