Məhkəmə qərarları › İş №1(100)-482/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-482/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-482/2023 27.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1991-ci il tarixdə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Evoğlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 mart 2023-cü tarixdə saat 20:30 radələrində Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsində yerləşən 3 nömrəli yaşadığı evin mətbəx otağında onunla birlikdə yaşayan əri Zərərçəkmiş şəxs istintaqla şəxsiyyəti müəyyən edilməyən başqa qadınla sevgi münasibətini öyrənməsi səbəbindən sonuncu ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən əri Zərərçəkmiş şəxs qarın boşluğuna bir dəfə zərbə vurub sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bağırsaq müsariqəsinin və peritonun arxa divarının zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs ilə münasibətləri normal olsa da, bir neçə aydır aralarında sonuncunun ona xəyanət etməsi səbəbindən mübahisələri olmuşdur. Elçinin tanımadığı qadınla münasibəti olduğunu bir neçə gün əvvəl sonuncunun telefonunda olan şəkildən bir daha bildiyi üçün yenə də aralarında mübahisə baş vermiş, həmin vaxtı da Elçin sillə ilə sağ gözündən və bədəninin müxtəlif nahiyəsindən vurmaqla onu döymüşdür. 28 mart 2023-cü il tarixdə isə saat 20 radələrində ünvan 1 ünvanda yerləşən yaşadığı evin mətbəx otağında qayınatası Zakir və əri Elçin masada əyləşdiyi vaxtı eyni məsələ ilə bağlı yenidən əri ilə aralarında mübahisə yaranmış, həmin vaxtı qayınatası da onun azyaşlı övladını götürüb evdən bayıra çıxmışdır. Daha sonra Elçin sillə ilə bir neçə dəfə sifət nahiyəsindən vurmaqla onu döymüş, hətta çörək qabı ilə başından vurmuş və çörək qabı sınmışdır. O da əsəbiləşdiyi üçün mətbəxdə olan bıçağı götürüb bir dəfə Elçinin qarın nahiyəsinə vurmuşdur. Xəsarət aldıqdan sonra əri onu buraxmış, nə etdiyini deyərək kənara çəkilmiş və evdən çıxaraq həyətdə atası Zakiri səsləmişdir. Bir neçə dəqiqə sonra o, küçəyə çıxmış və həmin vaxtı qayınatası gələrək Elçini xəstəxanaya aparmış, o isə evdə tək qalmışdır. Bir qədər sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək baş vermiş hadisə ilə bağlı ondan izahat almışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, baş vermiş mübahisəni heç kəs görməmiş, həmin vaxtı mətbəx otağında əri ilə ikisi olmuş, mübahisə 2-3 dəqiqə davam etmiş, Elçinə bıçaqla qarın hissəsindən bir dəfə vurmuş, istifadə etdiyi bıçağı da mətbəxdə sürməyə qoymuşdur. Mübahisə zamanı Elçinin onu vurması ilə ağrılar hiss etmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmiş və zərərçəkmiş şəxslə barışmışdır. Himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, arvadı Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmuşdur. Hadisə baş verməzdən üç gün əvvəl Dürdanə onun mobil telefonunda başqa bir qadının şəklini gördüyü üçün aralarında söz-söhbət yaranmışdır. 28 mart 2023-cü il tarixdə saat 20 radələrində ünvan 1 ünvanda yerləşən yaşadıqları evin mətbəx otağında atası Zakirlə birlikdə oturan zaman Dürdanə mətbəxdə ev işləri görmüş, azyaşlı övladı isə mətbəxdə beşikdə olmuşdur. O, ayağa qalxaraq uşağı qucağına aldıqda Dürdanə atasını nəzərdə tutaraq ona “qurban olasan, yoxsa bu uşağın üzünü sən görməzdin” deyə ifadə işlətmişdir. Dürdanənin yenidən eyni məsələ ilə bağlı mübahisə edəcəyini bildiyi üçün o, uşağı atasına vermiş və sonuncu uşaqla birlikdə bayıra çıxmışdır. O, Dürdanədən nə etmək istədiyini və nə üçün mübahisəni uzatdığını soruşanda sonuncu arxadan onun boynundan sillə ilə bir dəfə vuraraq nalayiq ifadə işlətmişdir. O da əsəbləşərək ayağa qalxıb Dürdanənin sifətindən əlinin arxası ilə sillə ilə vurduqda aralarında mübahisə yaranmış və həmin vaxtı Dürdanə qəflətən bıçaqla onun sol qarın boşluğundan bir dəfə zərbə endirmişdir. Xəsarət aldıqdan sonra o, mətbəxdən həyətə çıxaraq atası Zakiri çağırmış, sonuncu gəldikdə o, arvadının onu bıçaqladığını bildirmiş və atası onu xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Dürdanə ilə aralarında olan mübahisəyə səbəb sonuncunun onun mobil telefonunda başqa bir qadının şəkilini görməsi olmuş, mübahisə vaxtı ikisindən başqa mətbəx otağında heç kim olmamış, o, Dürdanəni bir neçə dəfə sillə ilə vurmuş, sonuncu da ona bir dəfə bıçaqla xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun gəlini olmuş və sonuncu ilə onun oğlu Zərərçəkmiş şəxs münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə ona bir qadın şəkli göstərərək Elçinin həmin qadınla münasibətinin olmasını demişdir. O da bu məsələ ilə bağlı Elçinlə söhbət edərək oğlunu tənbeh etmişdir. 28 mart 2023-cü il tarixdə saat 20 radələrində yaşadıqları ünvanın mətbəxində Elçin ilə birlikdə oturan zaman Dürdanə mətbəxdə ev işləri görmüş, yeddi aylıq nəvəsi isə mətbəxdəki beşiyində olmuşdur. Elçin ayağa qalxaraq uşağı qucağına alanda Dürdanə onu nəzərdə tutaraq ərinə “qurban olasan, yoxsa bu uşağın üzünü sən görməzdin” deyə ifadə işlətdikdə ər-arvad arasında yaranan mübahisəni görmək istəmədiyi üçün uşağı götürüb evin həyətinə çıxmışdır. Təxminən 10-15 dəqiqə sonra Elçinin evin qapısından çıxaraq onu səsləməsini eşidib geri qayıtdıqda oğlu Dürdanənin onu bıçaqla vurmasını və xəsarət almasını dediyi üçün o, sonuncunu xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, oğlu ilə gəlini arasında baş vermiş mübahisəyə səbəb Dürdanənin Elçinin mobil telefonunda başqa bir qadının şəklini görməsi olmuş, mübahisə yaşadıqları evin mətbəxində olmuş və mübahisəni heç kəs görməmişdir. Dürdanənin Elçinə xəsarət yetirdiyi zaman orada olmadığından bıçağı görməmiş, sonradan Elçinin deməsi ilə onlara məxsus mətbəxin bıçağı olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs münasibətləri yaxşı olmuşdur. Dürdanədən əvvəllər Elçin barəsində hər hansı şikayət eşitməmişdir. Təxminən bir həftə əvvəl Dürdanə ona Elçinin başqa bir qadınla münasibətinin olmasından şübhələndiyini və bununla bağlı aralarında mübahisələri olduğunu demişdir. 28 mart 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Tərtər rayonunda evdə olduğu zaman Dürdanə zəng edərək Elçinlə mübahisə etdiklərini və sonuncuya bıçaqla xəsarət yetirdiyini demişdir. O, bu barədə atası Fərruxa məlumat verdikdən sonra onlar birlikdə Göygöl rayonuna Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onlar çatanda Dürdanəgildə artıq polis əməkdaşları olmuşdur. Dürdanənin deməsi ilə ona məlum olmuş ki, Elçinin başqa bir qadınla telefonda şəklini gördüyü üçün aralarında yaranmış mübahisə zamanı Elçin onu döymüş, o isə evin mətbəxində bıçaqla bir dəfə Elçinə vurmaqla xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göygöl RPŞ-nin KTQ-nin baş inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə saat 21 radələrində Göygöl RPŞ-nin növbətçi hissənin ünvan 1-də yaşayan Zərərçəkmiş şəxs xəsarət alması barədə vermiş olduğu məlumat əsasında o, əməliyyat qrupunun üzvü kimi Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın Cərrahiyə şöbəsinə getmiş və Zərərçəkmiş şəxs izahatı alındıqdan sonra müstəntiqlə birlikdə sonuncunun yaşadığı ünvana getmişdir. Həmin vaxt evdə olan Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirərək hadisənin baş verdiyi yaşadığı evin mətbəx otağını göstərmiş və bir ədəd iki hissəyə ayrılmış cinayətin aləti olan mətbəx bıçağını təqdim etmişdir. Ev təmizləndiyi üçün evin döşəməsində iki yerdə qan ləkəsi müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə müstəntiq evə baxış keçirmiş və fotoşəkillər çəkilmişdir. Baxış zamanı hadisə yerində olan bir ədəd mətbəx bıçağı müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs başqa bir qadınla münasibətinin olmasından şübhələndiyini, bununla bağlı aralarında mübahisələri olduğunu, 28 mart 2023-cü il tarixdə saat 20 radələrində mübahisə zamanı Elçinin onu döydüyünü, onun isə Elçinə mətbəxdən götürdüyü bıçaqla xəsarət yetirdiyini, bundan sonra isə qayınatası X7 şəhər Abbas Səhhət adına xəstəxanaya öz avtomobili ilə apardığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq qırılaraq iki hissəyə ayrılmış, tutacaq hissəsi ağ-qırmızı rəngli olmaqla plastik materialdan, tiyə hissəsi isə ağ rəngli olmaqla üzərində qırmızı rəngli gül şəkilləri olmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 141 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol bazu oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxs bədən səthində sol bazu oynağı nahiyəsində müəyyən edilmiş xəsarətdən başqa - sol baldır nahiyəsində qançır kimi xəsarət də aşkar edildi, bu xəsarət müayinədən 10-15 günə qədər əvvəl bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 162 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, bağırsaq müsariqəsinin və peritonun arxa divarının zədələnməsi deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X3 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 281 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. O, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlı olmuşdur, onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/811, 3/812 nömrəli məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd predmet zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının tiyəsi və dəstəyidir, üzərlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş köynəyin və maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilmişdir. Həmin zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri – Zərərçəkmiş şəxs yaşadığı Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsində yerləşən 3 nömrəli evin mətbəxidir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin aləti olan iki hissəyə ayrılmış bir ədəd bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qəhvəyi rəngli uzunqol köynək və 01 ədəd ağ rəngli qolsuz alt geyim köynəyi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd iki hissəyə ayrılmış, tutacaq hissəsi ağ-qırmızı rəngli olmaqla plastik materialdan, tiyə hissəsi isə ağ rəngli olmaqla üzərində qırmızı rəngli gül şəkilləri olan bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qəhvəyi rəngli uzunqol köynək və 01 ədəd ağ rəngli qolsuz alt geyim köynəyi maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 20:50 radələrində Zərərçəkmiş şəxs qarnın sol aşağı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Göygöl RMX-ya daxil olması barədə RPŞ-ya məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs münasibətdə olduğu qadının müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tərtər RİH başçısının Evoğlu kənd İƏDÜN-in xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Evoğlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AA4214480 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı notarial qaydada verilmiş xx.xx.2023-cü il tarixli, həmçinin məhkəmə istintaqı zamanı verilmiş xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər və məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, uşağının azyaşlı olmasını, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 138 (bir yüz otuz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin saxlanc anbarına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd iki hissəyə ayrılmış, tutacaq hissəsi ağ-qırmızı rəngli olmaqla plastik materialdan, tiyə hissəsi isə ağ rəngli olmaqla üzərində qırmızı rəngli gül şəkilləri olan bıçaq məhv edilməli, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qəhvəyi rəngli uzunqol köynək və 01 ədəd ağ rəngli qolsuz alt geyim köynək sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin saxlanc anbarına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd iki hissəyə ayrılmış, tutacaq hissəsi ağqırmızı rəngli olmaqla plastik materialdan, tiyə hissəsi isə ağ rəngli olmaqla üzərində qırmızı rəngli gül şəkilləri olan bıçaq məhv edilsin. Hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qəhvəyi rəngli uzunqol köynək və 01 ədəd ağ rəngli qolsuz alt geyim köynək sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar