Məhkəmə qərarları › İş №1(100)-483/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-483/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-483/2022 27.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X8 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə, saat 21 radələrində Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bravo” marketin yaxınlığında əvvəllər onunla həbsxanada cəza çəkən Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Posanlı yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs ona nalayiq söyüşlər söyərək təhqir etməsi səbəbindən əsəbləşərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncudan qisas almaq məqsədilə Təqsirləndirilən şəxs həmin vaxt üzərində olan tiyəsinin uzunluğu 127 mm, dəstəyinin uzunluğu 111 mm və ümumi uzunluğu 228 mm olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən mətbəxt bıçağı ilə qəsdən üç dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sol döş qəfəsinin boşluğa nüfuz etməyən iki ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş yarası, həmçinin döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən sol ağciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, ailəsini dolandırmaq üçün fəhləlik edir. Zərərçəkmiş şəxs onun həbs yoldaşı olub. Zərərçəkmiş şəxs ilə həbsxanada tanış olmuş və münasibətləri yaranmşdır. Zərərçəkmiş şəxs ilə birlikdə 11 saylı cəzaçəkmə müəssəsində cəza cəkmişlər. O, 2015-ci ildə həbsdən azad olunmağına 2 gün qalmış adi bir söhbətə görə Təqsirləndirilən şəxs başına fincan ilə vurmuşdur. Bununla bağlı həmin vaxtı həbsxana rəisi onu qəbul etmiş və o azadlığa çıxmağına 2 gün qaldığından Zərərçəkmiş şəxs barəsində şikayət etməmişdir. Zərərçəkmiş şəxs ilə münasibətləri həmin hadisədən sonra pozulmuşdur. Təqsirləndirilən şəxs azadlığa buraxıldıqdan sonra Zərərçəkmiş şəxs nə vaxt azadlığa çıxdığını bilməmişdir. O, azadlığa buraxılaraq yaşadığı Gədəbəy rayonuna gəlmişdir. Təxminən 14 may 2022-ci il tarixdə o taksi kimi işlədiyi özünə məxsus Vaz 2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu dörd yol adlanan yerdə olmuşdur. Orada olarkən görmüşdür ki, əvvəllər onunla birlikdə məhkumluq yaşamış Zərərçəkmiş şəxs o olduğu yerə tərəf gəlir. Bu zaman o, Zərərçəkmiş şəxs ilə salamlaşmış və biraz söhbət etmişdir. Söhbət zamanı Qurban aralarında məhkumluq yaşadıqları vaxtlarda yaranmış söz söhbətdən danışmış, danışığı zamanı ona kinayəli formada söz eşitdirmiş, hətta demişdir ki, “mən o vaxt aramızda baş verənləri unutmamışam”. Aralarındakı qısa dialoqdan sonra bir-birilərinə əlaqə nömrələrini vermişlər. 20 may 2022-ci il tarixdə saat 13-14 radələrində o, Şəmkir rayonu Dəllər qəsəbə ərazisində fəhləlik edərək Gədəbəy rayonuna getmək və özü ilə adam götürmək üçün dördyolda yerləşən “Bravo” marketin yaxınlığındakı taksilər dayanan yerə gəlmişdir. Bu zaman orada Qurbanı görmüşdür. Qurban ona kofe içməyi təklif etmiş, o isə Zərərçəkmiş şəxs ilə birlikdə kofe içmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yanında öz yaxınları da olmuşdur. Kofe içdikdən sonra Qurban həmin yerdən uzaqlaşmışdır. O, isə Gədəbəyə getməyə adam tapmamışdır buna görə də biraz gözləmək qərarına gəlmişdir. Qurban gedən zaman onun oradan gedib getməməyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs burada olacağını bildirmişdir. Zərərçəkmiş şəxs marşruta minəndə onun belində bıçaq olduğunu görmüş və bıçağı əli ilə düzəltmişdir. Zərərçəkmiş şəxs onunla kinayəli danışmasına və aralarında əvvəldən də narazılıq olmasına görə fikirləşmişdir ki, Qurban onu qisas almaq üçün bıçaqla vura bilər. O, özünü müdafiə etmək məqsdilə avtomobilində meyvə və kolbasa kəsmək üçün istifadə etdiyi adi mətbəx bıçağını götürmüş və şalvarının sağ cibinə qoymuşdur. Saat təxminən 19-dan sonra o həmin yerdə olan vaxtı Qurbanın yolu keçib ona tərəf gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs yerişindən sərxoş olduğu hiss olunmuşdur. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq “gəl otur maşına gedək Yasamalın ayağına, görürəm sən narazısan, səninlə dərdləşmək istəyirəm” sözlərini demişdir. O, Zərərçəkmiş şəxs sərxoş olduğunu görüb ona həbsdə olan söhbətin elə orada qaldığını, söhbəti uzatmamasını bildirmişdir. Zərərçəkmiş şəxs onu söyüb təhqir edərək ona “yekə olmaqla deyil, səni bir dəfə başını cırmışam, sənin qanını içərəm” sözlərini demişdir. O, mübahisə etməmək üçün Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmış, Zərərçəkmiş şəxs sakitləşmək əvəzinə tez-tez əlini belinə ataraq onun üstünə gəlmiş, bir dəfə də elə edərək “səni doğrayıb, qanını içəcəyəm” sözlərini demişdir. O, Zərərçəkmiş şəxs onu vuracağından ehtiyyat edib, cibində olan bıçağı götürüb ona atmışdır. O, şok vəziyyətində olmuş və Zərərçəkmiş şəxs neçə dəfə bıçaqla vurduğundan xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs qan gəldiyini görmüş və həyəcandan nə edəcəyini bilməyərək “Bravo” marketin həyətinə tərəf qaçmışdır. Sonra isə avtomobilinə tərəf gəlib oturmuş və oradan uzaqlaşmışdır. O, avtomobilinə minib uzaqlaşanda Qurbana baxmış, orada olan dəmir barmaqlıqlara tərəf gedib nəsə axtarmasını görmüşdür. Sonra o, oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Hadisə ilə bağlı o heç kimə deməmişdir. O, hadisə zamanı oradan uzaqlaşanda Qurbanı vurduğu bıçağı da avtomobilinə qoymuşdur. Yaşadığı Gədəbəy rayonunda polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobilindəki Zərərçəkmiş şəxs vurduğu bıçağı da polis əməkdaşlarına təhvil vermişdir. Həmçinin bildirmişdir ki, hər iki diz oynaqlarının osteortrozu, hər iki topuqda kobud sümük çıxıntılarından əziyyət çəkir, törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkir, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, əvvəllər məhkum olunmuşdur. Həmin vaxtlarda cəzaçəkmə müəssəsində olarkən Təqsirləndirilən şəxs tanımışdır, aralarında normal münasibətlər olmuşdur. Təxminən 2015-ci ildə Yaşar cəzasını çəkib bitirənə yaxın ərəfələrdə aralarında münasibətlər pisləşmiş, cuzi mübahisə etmişlər. O, 2020-ci il tarixdə cəzasını çəkərək azadlığa çıxmışdır. 2021-ci ilin may ayının əvvəllərində o fəhlə kimi işlədiyi istixanadan çıxmış, Şəmkir şəhəri “dördyol” adlı yerə, yaşadığı evinə getmək üçün taksilər dayanan yerə gəlmişdir. Bu zaman orada Yaşarı görmüş, onunla salamlaşmış, hal-əhval tutmuş, daha sonra aralaşmışlar. Zərərçəkmiş şəxs təxminən üç gün keçdikdən sonra yenə işdən gəlib evə gedərkən Yaşar ilə dördyolda rastlaşmış, bu zaman Yaşar onun mobil telefon nömrəsini istəmiş, onlar bir-birlərinə telefon nömrələrini verərək yenə uzaqlaşmışlar. 20 may 2022-ci il tarixdə o, xalası xəstə olduğu üçün evlərindən çıxaraq Şəmkir rayon mərkəzi xəstəxanasına gəlmiş, bu zaman xalasının oğlu Elçin də onunla birlikdə olmuşdur. Xəstəxanada işləri bitdikdən sonra xalası və xalasının oğlunu Gədəbəy rayonuna yola salmaq üçün “Bravo” marketin yaxınlığında taksilər dayanan yerə gəlmişlər. Orada Təqsirləndirilən şəxs görmüşdür. Özünə və Yaşara da kofe almış və içmişlər. Daha sonra xalasıgili yola salıb getmişlər. Bundan sonra o, evə yola düşməyə başlamış, biraz keçmiş Təqsirləndirilən şəxs ona zəng edərək “biz cəzaçəkmə müəssəsində aramızda olan narazılığı həll etməmişik, söhbətimiz bağlanmayıb” demiş, o isə Təqsirləndirilən şəxs əsəbiləşərək “bayaq yanında idim sözünü deyərdin” demiş, daha sonra danışıqları bitmişdir. O, yeznəsi Şahingilə getmiş, orada yemək yemiş və spirtli içki qəbul etmişdir. Yeznəsigildən çıxıb evinə gedərkən Yaşar Adullayev yenə ona zəng edərək dörd yolda olduğunu, ona qarşı əsəbi olduğunu demiş və onu ora söhbət etməyə çağırmışdır. O, dostu Məhəmməd ilə Təqsirləndirilən şəxs yanına getmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə taksilər dayanan yerdə, “Bravo” marketin yanında görüşmüş, aralarında mübahisə yaranmışdır. Bu vaxt Yaşara əsəbi olduğundan, həm spirtli içki qəbul etdiyindən, xatırlamadığı kobud söz işlətmiş və Yaşar qəfildən ona üç dəfə zərbə endirmiş, onu bıçaqla vurmuşdur. Sonra onu Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır bir il olar o, fəhlə kimi müxtəlif yerlərdə işləyəndə Qurban ilə iş yoldaşı kimi tanış olmuş və aralarında münasibətlər yaranmışdır. Təqsirləndirilən şəxs da tanıyır, Yaşar ilə Gədəbəy rayonunda taksiçilik etdiyi vaxtlardan tanış olmuşdur. Həm Qurban həm də Yaşar ilə aralarında heç bir ədavət olmamışdır. 20 may 2022-ci il tarixdə ailə ehtiyacları üçün bazarlıq etməyə getmişdir. Müəyyən alış veriş işlərini gördükdən sonra yaşadığı evə qayıtmışdır. Daha sonra qardaşı Şahingilə həm evlərindəki işlərini görməyə, həm də yeyib içmək üçün getmişdir. Bu zaman dostu Qurban da Şahingilə gəlmiş, Qurbanın yanında qohumu kimi tanıdığı Elçin də gəlmişdir. Bir qədər qardaşı Şahingilin evlərində işləmiş, daha sonra yemək yemiş, spirtli içki qəbul etmiş və qalan işlərini də yekunlaşdırmışlar. O, Qurban ilə 20 may 2022-ci il tarixdə saat təxminən 19:30 radələrində Şahingilin evindən çıxmış, piyada Şəmkir şəhəri 5-ci küçə adlanan yerə gəlmiş və çay içib nərd oynamaq üçün 5-ci küçədə yerləşən obyektə girmişlər. Bir qədər orada oturub deyib güldükdən sonra Qurban ilə Şəmkir şəhəri dörd yol adlanan yerə Gədəbəy rayonunda işləmiş olduqları ev sahibinin onlara göndərdiyi məvacibi almaq üçün getmişlər. Həmin yerə çatdıqda saat təxminən 21 radələri olmuş o, Nemət adlı taksi sürücüsündən məvaciblərini almaq üçün Nemətin yanına yaxınlaşmışdır. Nemətdən pulu götürən zaman görmüşdür ki, Təqsirləndirilən şəxs da taksilər dayanan yerdədir və Zərərçəkmiş şəxs ilə mübahisə edir dərhal o, Qurban və Yaşarın yanına getməyə başlamışdır. Oraya çatan zaman Qurbanın bədəninin sol nahiyəsindən Yaşarın bıçaqla xəsarət yetirməsini görmüşdür. Təqsirləndirilən şəxs avtomobilinə oturub uzaqlaşaraq getmişdir. O, dostu Qurbanı dörd yolda olan taksi sürücüsü tanışı Əlinin maşınına əyləşdirərək tibbi yardım göstərilməsi üçün Şəmkir rayon Mərkəzi Xəstəxanasına göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Taksi fəaliyyət ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. O, 20 may 2022-ci il tarixdə saat təxminən 21-22 radələrində Şəmkir şəhəri ərazisində “Dörd yol” adlanan ərazidə olan zaman yolun əks tərəfində “Bravo” market tərəfdə olan dayancaq yerində bir qədər insanların toplaşdığını görmüşdür. Daha sonra isə həmin yerdə olan adamlardan birinin onun avtomobili ilə dayandığı yerə doğru magistral yol istiqamətdə gəldiyini görmüşdür. O, hazırda adını bildiyi Qurban adlı şəxsin “Bravo” market tərəfdə olan dəmirlərə söykənərək dayandığını görmüşdür. O, Qurbanın narahat olduğunu görüb ona yaxınlaşıb nə olduğunu soruşduqda bıçaqlandığını demişdir. O, Zərərçəkmiş şəxs kömək edərək onu özünə məxsus olan avtomobilə mindirərək Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 21 may 2022-ci il tarixli “hadisə yerinin baxışının aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Şəmkir şəhəri, Heydər Əliyev pr, “Bravo” marketin yaxınlığıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X4” Publik Hüquqi şəxsin 24 iyul 2022-ci il tarixli 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X4” Publik Hüquqi şəxsin 22 iyun 2022-ci il tarixli 692 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən, sol ağ ciyəri zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası, sol döş qəfəsinin boşluğa nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişlər, yetirilmə müddəti 20 may 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən sol ağ ciyəri zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sol döş qəfəsinin sol yarısının boşluğa nüfuz etməyən iki ədəd deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, 325 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 31 avqust 2022-ci il tarixli 16/1019/1020 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1(bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan köynəyin üzərində olan 02 ədəd “a”, “b” zədələri və maykanın üzərində olan 03 ədəd “c”, “d” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin ) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 692 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən, sol ağ ciyəri zədələyən bir ədəd kəsilmişdeşilmiş yarası, sol döş qəfəsinin boşluğa nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yarası” xəsarətləri ilə maykanın üzərində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Blmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 17 iyun 2022-ci il tarixli 618 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 27 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd ağ rəngli mayka iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab kimi tanınmış və saxlanılması üçün Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Dəyirmandağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli, 140 və 141 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 ilə birlikdə Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladı var (xx.xx.2013 X3). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 16 noyabr 2020-ci il tarixli 19086 nömrəli Ambulator xəstənin tibbi vərəqindən görünür ki, Təqsirləndirilən şəxs hər iki diz oynaqlarının osteortrozu, hər iki topuqda kobud sümük çıxıntılarından əziyyət çəkir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 may 2022-ci il tarixli protokoldan və Şəmkir Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 7 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gədəbəy rayon Məhkəməsinin 5 dekabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarı ilə 3 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi tam etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadaləri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təqsirləndirilən şəxsin etirafedici ifadələrini digər sübutlarla qarşılıqlı şəkildə təhlil edib hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs Abdullayev X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini, həmin məcəllənin 59.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi olaraq peşman olmasını, hər iki diz oynaqlarının osteortrozu, hər iki topuqda kobud sümük çıxıntılarından əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxsin onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etməsi səbəbindən törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmaını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun hər iki diz oynaqlarının osteortrozu, hər iki topuqda kobud sümük çıxıntılarından əziyyət çəkməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 21 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Şəmkir RPŞ-də saxlanılan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd ağ rəngli mayka məhv edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 21 may 2022-ci ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olaraq Şəmkir RPŞ-də saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd ağ rəngli mayka məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar