Məhkəmə qərarları › İş №1(100)-485/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-485/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-485/2024 21.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Ağstafa şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə küllü miqdarda, yəni ümumi təmiz çəkisi 13,697 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2,802 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 21 aprel 2024-cü il tarixdə saat 16:25-də Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, R.Alıcanov küçəsində yaxalanaraq saat 16:30-da Ağstafa rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 17:50-dən 18:06-dək olan vaxt ərzində onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 10,340 qram və 3,357 qram, ümumi təmiz çəkisi isə 13,697 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,802 qram kustar üsulla hazırlanmış psixitrop maddə olan - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir, ineksiya yolu ilə heroin və metamfetamindən istifadə edir. Bakı-Qazax maşurtu ilə “Mercedes vito” markalı avtomobillə sürücü işləyən Vüsal adlı şəxs ona zəng edərək “lazımdı, gətirim sənə?” demiş və nə qədər pulunun olduğunu soruşmuş, o da 300 manat pulunun olduğunu demişdir. O, 300 manat qarşılığında 1,5 rqam heroin, 1 qram da metamfetamin almağı düşünmüşdür. Vüsal adlı şəxs narkotik vasitəni ona tibbi maskanın arasında bağlı şəkildə vermiş, o da həmin bağlamanı açıb baxmadan oradan uzaqlaşmışdır. Yaşadığı evin qarşısında polis əməkdaşları onu saxlayıb polis bölməsinə aparmışlar. Bundan başqa o, ifadəsində Vüsal adlı şəxslə Bakı şəhərindən gələrkən yolda tanış olduğunu, əvvəllər də ondan narkotik vasitə aldığını, lakin Vüsalın mobil nömrəsini bilmədiyini, lazım olanda Vüsalın ona gizli nömrə ilə zəng etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, üzərində gəzdirməsi və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında o, Şahid2 və Şahid3 birlikdə Təqsirləndirilən şəxs evinin qraşısına gedib orada gözləmişlər. Bir qədər sonra Fəxrəddin köhnə taksi avtomobili ilə evinin qarşına gələn zaman onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən 1 büküm narkotik vasitə olan heroin və 2 büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni Vüsal adlı “Mercedes vito” markalı avtomobilin sürücüsündən aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək şahid onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni zamanda məhkəmə istintaqı zamanı nümayiş etdirilmiş video görütündən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülü və həmin bükülünün içərisində 02 ədəd şəffaf sellofana bükülü narkotik vasitə olan heroinə oxşar kütlə və 01 ədəd şəffaf sellofana bükülüdə olan psixotrop maddə metamfetamini, üzərində olan “redmi” markalı mobil telefonu, “maqna” markalı siqaret qutusunu, 11 manat nağd pulu, 2 ədəd açar və azadlığın məhdudlaşdırılması ilə bağlı ayağında olan qolbağı təqdim etmiş, sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələri xx.xx.2024-cü il tarixdə Ağstafa şəhərində, 2 saylı məktəbin yaxınlığındakı küçədə tanımadığı “Vito” sürücüsündən 300 manat qarşılığında aldığını bildirmişdir. Aşkar olunmuş kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:43:04-də ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona “emioqlu sene 1 paçqada Kent 8 almışam azca aqartıda ver gezderine qurban olaram”, xx.xx.2024-cü il tarixdə saat” 19:47:36-da ***-***-**-** nömrəli mobil telefondan “Dayı 40 Man Var 20 Kola 20 Ağartı A.Q.A A.K O”, xx.xx.2024-cü il tarixdə saat 21:38:06-da ***-***-**-** nömrəli mobil telefondan “Dayı 20 X4 Edirem. Öpürem”, xx.xx.2024-cü il tarixdə saat 00:05:09-da Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** nömrəli mobil telefondan ***-***-**-** nömrəli mobil telefona “De mən imə nəsə vermişm naruşenya eləmək bahasına olsa da sənə kömək edəcəm. De da kim sənə mal alıb”, xx.xx.2024-cü il tarixdə saat 00:11:49-da Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefondan ***-***-**-** nömrəli mobil telefona “De da kimə mal vermişəm. İmenni bu gün kim gəlib mənim yanıma. Kiməsə mal verənin də hər şeyini (söyüş) gəlib sənə yalandan deyənin də həmçinin. Hardasan indi”, xx.xx.2024-cü il tarixdə saat 23:28:04-də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefondan ***-***-**-** nömrəli mobil telefona “Mən sənə borclu olanda uzağı bir günə vermişəm. Mən nə pisliyin olub ki, məni belə incidirsən. Ay qa mən özürəm axı. Sonra da deyirsən qapıya gəlmə. Bəs mən nətəri eliyim” , xx.xx.2024-cü il tarixdə saat 23:37:53-də Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** nömrəli mobil telefondan ***-***-**-** nömrəli mobil telefona “Mər pis ağrıyıram. Səni gözləyirəm. Axşamdan ümidli etmisən. Məni b” sözləri yazılmış SMS yazışmaları var. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 16/456 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “şübhəli şəxs:Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 02 (iki) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 10,340 qram, 3,357 qram, ümumi təmiz çəkisi 13,697 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,802 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(015)-12/2024 saylı qərarı ilə barəsində 4 (dörd) ay müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Əsədov X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxili hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağstafa rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 279965/2022 saylı məktubundan görünür ki, hökmün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əyanı şəkildə göstərmişdir. Məhkəmədə tədqiq edilən Ağstafa RİH başçısının Ağstafa şəhər İƏD üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Ağstafa RMX PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-24/2- 228/2024 saylı məktubundan görünür ki, Əsədov X2 RMX PHŞ-nin polikilinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda durur, psixoloji kabinetdində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və təhqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 13,697 qram narkotik maddə heroin və 2,802 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq Ağstafa RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitə istifadə etdiyini etiraf etsə də, üzərində olan narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, üzərində1,5 rqam heroin, 1 qram da metamfetamin olduğunu, həmin maddələri 300 manat qarşılığında Vüsal adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq olunmuş ekspertiza rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrənin sms yazışmaları və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etməyərək həmin ifadəyə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitə və psixotrop maddə aldığı Vüsal adlı şəxslə əvvlcədən razılaşdıqları yerdə və vaxta görüşərək ondan 400 manat qarşılığında 17 qram narkotik vasitə olan heroin, 3 qram psixotrop maddə olan metamfetamin aldığını, həmin maddələrin 3 ədəd ayrı-ayrı bükümlərdə olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin SMS yazışmalarından görünür ki, onun istifadəsində olmuş mobil nömrəyə “emioqlu sene 1 paçqada Kent 8 almışam azca aqartıda ver gezderine qurban olaram”, “Dayı 40 Man Var 20 Kola 20 Ağartı A.Q.A A.K O”, “Dayı 20 X4 Edirem. Öpürem” məzmunlu smslər yazılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Əsədov X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxili hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 02 (iki) gün (üç) gün hissəsi Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 07 ay 16 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 21 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması, eyni zamanda Ağstafa RMX PHŞ-nin polikilinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda durması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Ağstafa RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 13,697 qram narkotik maddə heroin və 2,802 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 06 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 06 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxili hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 01 (bir) il 03 (üç) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 07 (yeddi) ay 16 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, “ev dustaqlığında” olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması və Ağstafa RMX PHŞ-nin polikilinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Ağstafa RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 13,697 qram narkotik maddə heroin və 2,802 qram psixotrop maddə metamfetamin məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar