Məhkəmə qərarları › İş №1(100)-487/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-487/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-487/2024 29.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 işsiz, məhkumluğu olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 1900 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında 01 yanvar 2024- cü il tarixdə, saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Karizma restoranının yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Gəncə şəhəri BPİ-nin 3-cü PB-nin inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əlində olan göy rəngli sellofan torbanın içərisində hər biri yapışqanla sarılmış qara rəngli sellofan paketlərdə, ayrıayrılıqda təmiz çəkiləri 315 qram, 385 qram, 1200 qram olmaqla ümumi təmiz çəkisi 1900 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan 2 gün əvvəl Gəncə şəhəri, Univermağın qarşısında tanış olduğu Sahib adlı şəxs ona “Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində Hərbiçilərin binsının yaxınlığında iki kilo nəşə var, get onu götür gətir mənə ver sənə 1000 manat pul verim” demiş, o da pul qazanmaq məqsədilə həmin yerdən narkotik vasitəni Sahib adlı şəxsə vermək üçün götürmüş, onun yanına yaxınlaşanda Sahib ondan narkotik vasitəni götürməmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində Sahib adı şəxsin istintad etdiyi yerdən götürdüyü torbanın içərisində narkotik vasitə olmasını əvvəlcədən bildiyini, həmin torbanı pul qazanmaq məqsədilə götürüb Sahibə vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 09 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2la birlikdə əməliyyat tapşırığını yerinə yetirmək üçün Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Karizma restoranının yaxınlığına gedib orada Təqsirləndirilən şəxs yaxınlaşaraq onu 3-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içərisindən 3 ədəd qara rəngli böyük büküm aşkar olunaraq götürülmüş, ekspert rəyi ilə həmin bükümlərin narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Bundan başqa Şahid1 ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, onun Sahib adlı şəxsin adını çəkmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan, eyni zamanda məhkəmə istintaqı zamanı nümayiş etdirilmiş video görütündən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan tünd göy rəngli sellofan torbada narkotik vasitə marixuana olmasını bildirmiş, həmin torbaya baxış zamanı içərisində 3 ədəd böyük büküm olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs “nəşə” adlandırdığı qurudulmuş marixuananı Yeni Gəncə qəsəbəsində Hərbiçilərin binasının yaxınlığında yolun kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükümlər sellofan torpa ilə birlikdə əl tərəzisində çəkilmiş və 2.075 qram olması müəyən olmuş və aşkar olunmuş kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 16/3 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2024-cü il tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərindən sellofan torba ilə birlikdə 2 kq 075 q çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan polietilen paketdəki 03 (üç) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 315 qram, 385 qram, 1200 qram ümumi təmiz çəkisi 1900 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-3/2024 saylı qərarı ilə barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbestmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 06 (altı) il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs hal-hazırkı cinayət əməli cinayətlərin təhlükəli residivisi kimi qiymətləndirilməlidir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 853 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli, 1522 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “kannabionidlərdən asılılıq” diqanozu ilə Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər psixonevroloji dispanserinin xx.xx.2024-cü il tarixli 2079 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və təhqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 1899.4 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitə istifadə etdiyini, saxlanılan zaman əlində olan sellefon torbadakı qurudulmuş marixuananı pul qarşılığında Sahib adlı şəxsin istinad etdiyi yerdən ona təhvil vermək üçün götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq olunmuş ekspertiza rəyi və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etməyib, həmin ifadəyə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Aşkar olunmuş qurudulmuş marixuananı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində Hərbiçilərin binasının yaxınlığında 28 May küşəsi ilə yolun kənarından tapdığını, əvvəllər narkotik vasitələrin satışı ilə məhkum olunduğunu, indi də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, həmin narkotik vasitə olan qurudulmuş marixuananı həm şəxsi istifadə həm də satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilsə də ifadəsində “Sahib adlı şəxs mənə istinad etdiyi yerdən narkotik vasitəni götürüb ona vermək qarşılığında 1000 manat pul təklif etdi, mən də pul qazanmaq üçün həmin narkotik vasitəni ona təhvil vermək üçün götürdüm” deməsi onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını etiraf etməsi kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasinin qanunun 1.0.4-cü maddəsinə əsasən arkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılması nəzərdə tutulur. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı baxımından da əsaslıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 06 (altı) il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs hal-hazırkı cinayət əməli cinayətlərin təhlükəli residivisi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs təyin edləcək cəza Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunmalı və Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-nin anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təhqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 1899.4 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 15 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-nin anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təhqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 1899.4 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar