Məhkəmə qərarları › İş №1(100)-494/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-494/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-494/2024 22.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 4,129 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 0,862 qram və 3,267 qram olmaqla iki hissəyə bölərək 01 ədəd şəffİaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,862 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində, 01 ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 3,267 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ünvan 1 ünvanında yerləşən yaşadığı evdə saxlamış, Gəncə şəhər BPİ-nin CAİ-nə və NMB-nə daxil olmuş məlumat əsasında həmin idarənin və bölmənin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03 dekabr 2023-cü il tarixdə saat 02:00 dəqiqədə qeydiyyatda olduğu ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən Ül ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,862 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 04 radələrində yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin giriş qapısının sağ hissəsindəki dəmir barmaqlıqlardan düzəldilmiş rəfin arxa hissəsində yerə qoyulmuş 01 ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 3,267 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin verdiyi məlumatlardan, eləcə də məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə göstərilən kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs ittiham aktının ona təqdim olunmadığını bildirmişdir. Məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən cinayət işinin materiallarında ittiham aktının təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim olunmasına dair qəbzin olmadığını müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. Həmçinin cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materilları ilə tanış etmə haqqında” xx.xx.2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları və maddi sübut olan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.762 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3.167 qram olmaqla, ümumi təmiz çəkisi 3.929 qram olan psixotrop maddə mütamfetamin, üzərində şəxsi axtarış zamanı video görüntülər olan 01 ədəd DVD disk, yaşadığı evə baxış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk və telefon danışıqlarına dair 01 ədəd CD disklə tanış olması qeyd olunsa da, lakin məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olan zaman maddi sübutların ona təqdim edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Yuxarıda qeyd edilənlərdən görünür ki, istintaq orqanı tərəfindən istinad edilən pozuntularla təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması Azərbaycan Respublikasının CPM-in 303.3.1-ci maddəsinə, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 285.1-ci maddəsinin tələblərinin pozulması CPM-in 303.3.8-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnu özündə ehtiva edən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 03 dekabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il traixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.2-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar