Məhkəmə qərarları › İş №1(100)-516/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-516/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-516/2023 31.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Mehdiyeva Vəfa Zakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti 77 ünvanında yerləşən “X11” mağazasının qarşısında dayanıb tanışı Şahid1 ilə söhbət edərkən həmin mağazanı işlədən Zərərçəkmiş şəxs onun və digər şəxslərin mağazanın qarşısında dayanmalarına görə iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı mağazanın içərisinə daxil olmasından sonra onun tanışı Rəvan Məmmədli ilə mübahisələrinini davam etdirərək bir-birilərini yumruqla vurmalarını görüb Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir zor tətbiq etmədiyi halda hər hansı bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi istintaqla müəyyən edilə bilməyən bıçaqla xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa nahiyəsinə vurub sonuncuya, sol tərəfli minimal hemopnevmotoraksla müşayət olunan döş qəfəsinin sol arxa divarından sol plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Zərərçəkmiş şəxs və nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmənin hazırlıq iclaslarında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə məhkəmənin hazırlıq iclasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs və müdafiəçisinin iş materialları ilə tanışetmə qaydasını pozduğuna görə işin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokura geri qaytarılmasını və ibtidai araşdırmanı aparmış müstəntiq barəsində kobud pozuntulara yol verdiyindən barəsində müvafiq tədbir görülməsi üçün xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Həsənov Namiq yazılı vəsatət verərək ibtidai araşdırma zamanı kobud qanun pozuntularına yol verilməsini əsas gətirərək həmin pozuntular arada qaldırılmadan işin məhkəmə baxışına təyin edilməsinin mümkün olmadığını, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokuroru və iş üzrə ibtidai araşdırmanı aparmış Bərdə RPŞ İB-nin müstəntiqi barəsində xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə tədbir görülməsini, eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsini, bu mümkün olmadıqda isə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Namiq Həsənov vəsatətini onunla əsaslandırdı ki, iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ, eləcə də CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulmuş, təqsirləndirilən şəxslə tanış olub qeydlər apardığı tanışetmə protokolu sonradan müstəntiq tərəfindən dəyişdirilmiş, həmin protokola qeydlər yazmasına və imzalamasına təqsirləndirilən şəxs tərəfindən protokolun imzalanmasına baxmayaraq, həmin etiraza baxılmamış, müdafiə hüquqları kobud şəkildə pozularaq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə işin faktiki hallarına uyğun olmayan qeyrimüəyyən ittiham verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin verdiyi vəsatətin təmin edilməsini, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib işi materiallarını araşdıraraq müəyyən etdi ki, iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ, eləcə də CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cinayət işinin materiallarında olan ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamda göstərilmişdir ki, “.....yaranmış mübahisə zamanı mağazanın içərisinə daxil olmasından sonra onun tanışı Rəvan Məmmədli ilə mübahisələrinini davam etdirərək bir-birilərini yumruqla vurmalarını görüb Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir zor tətbiq etmədiyi halda, hər hansı əsaslı səbəb olmadan üzərində gəzdirdiyi, istintaqla müəyyən edilə bilməyən bıçaqla xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa nahiyəsinə vurub sonuncuya, sol tərəfli minimal hemopnevmotoraksla müşayət olunan döş qəfəsinin sol arxa divarından sol plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur Göründüyü kimi təqsirləndirilən şəxsə verilmiş ittihamda xuliqanlıq niyyəti ilə qəsdən digər şəxsin sağlamlığına ağır zərər vurulması qeyd olunsa da, həmin niyyətin nədə ifadə olunması təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarda və ittiham aktında göstərilməmiş, bununla da təqsirləndirilən şəxsə qeyri-müəyyən ittiham verilmişdir. Lakin hazırki iş üzrə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərardan və ittiham aktından görünür ki, müstəntiq ümumi şəkildə yəni “ona qarşı hər hansı bir zor tətbiq etmədiyi halda, hər hansı əsaslı səbəb olmadan” Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi istintaqla müəyyən edilə bilməyən bıçaqla xəsarət yetirməsini göstərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.3.2.-ci maddəsinə əsasən......cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). Bundan başqa cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindiirlməsi protokolu (cild İ, iş vərəqə 58), xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (сild İ iş vərəqə 82) müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə istintaqa ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində cinayətin aləti olan bıçağı tulladığı yeri dəqiq təsvir etməsinə baxmayaraq istintaqın sonrakı mərhələsində, yəni ifadəsinin yerində yoxlanılması zamanı məlum olmayan səbəbdən cinayətin alətinin atıldığı yerin göstərilməsi və alətin müəyyən edilməsi üçün müstəntiq kifayət qədər səy və təşəbbüs göstərməmişdir. ((təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokol) (İ cild iş vərəqə 225)) İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə RPŞ CAB rəisi tərəfindən xx.xx.2023-cü ildə 138-30108 №li məktubla cinayətin aləti bıçağın müəyyən edilməsi mümkün olmadığından istintaqa təqdim edilməsinin qeyrimümkün olduğu göstərilmişdir. Məhkəmə nəzərə çatdırır ki, həmin məktubda hər hansı daxilolma ştampının və daxilolma nömrəsinin olmaması həmin sənədin iş materiallarına sonradan əlavə edilməsi qənaətinə gəlinməsinə əsas olmuşdur. Bundan başqa iş materiallarından göründüyü kimi təqsirləndirilən şəxslə biryerdə hadisə yerində olan və zərərçəkmiş şəxslə ilkin mübahisə edərək dalaşan xx.xx.2005-ci il təvəllüdlü Şahid1 ilkin izahatı yetkinlik yaşına çatmaması aşkar müəyyən olunmasına və bu barədə tərtib edilmiş izahatda dəqiq doğum tarixi qeyd edilməsinə baxmayaraq izahatı qanuni nümayəndəsi və (ya) qəyyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı olmadan alınmışdır. (Cild İ cild iş vərəq 19). Məhkəmə bildirir ki, CPM-nin 155.6. (təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur müddəasının tələblərinə zidd olaraq) Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə edilməmişdir. Cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan (cild İ, iş vərəqə 1) görünür ki, həmin qərar xx.xx.2023-cü il tarixdə (qanunvericiliyin tələbinin əksinə olaraq qərarın qəbul edildiyi saat və dəqiqə qeyd edilməyib)...Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək üzərində olan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sol qabırğaaltı nahiyyəyə bir ədəd zərbə vuraraq sonuncuya daxilə nüfuz etməyən kəsilmişdeşilmiş bədən xəsarəti yetirməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanılmışdır. Həmçinin iş materiallarından görünür ki, müdafiəçinin vəsatətində qeyd edildiyi kimi cinayət işi üzrə Bərdə RMX publik hüquqi şəxs tərəfindən eyni tarixdə, yəni xx.xx.2023-cü ildə Bərdə RPŞ-yə 5538 saylı və qeydiyyat nömrəsi üzərində sonradan adi gözlə düzəliş edilməsi aşkar görünən (məhkəmənin qənaətinə görə arayışın nömrəsi əvvəl 5501 olmuş, sonradan 5601 № ilə düzəliş edilmişdir) kəskin fərqli məzmunlu arayışlar verilmişdir. Məhkəmə qeyd edir ki, həmin arayış iş materiallarına əlavə edildiyi ardıcıllıqla verilmiş olsaydı, cinayət işi ya hər iki əməl yəni, xuliqanlıq və qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktına görə məcmu halında, ya da ancaq digər şəxsin sağlamlığına qəsdən ağır bədən xəsarəti yetirilməsi faktına görə başlanılardı. Halbuki “cinayət işinin başlanılması və icraata götürülməsi”, “şübhəli şəxsin tutulması”, “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarlarda ilkin tibbi arayışda göstərildiyi kimi “döş qəfəsinin arxa divarının daxilə nüfuz etməyən kəsilmişdeşilmiş yarası” xəsarəti yetirilməsi faktına görə cinayət işinin xuliqanlıq əmələni görə başlanılması göstərilmişdir. Məhkəmənin qənaətinə görə həmin arayış (5601) sonradan iş materialına əlavə edilsə də, xuliqanlıq faktına görə cinayət işinin başlanması həmin dövrə qədər bütün istintaq hərəkəti protokolları və sənədlərə sonradan düzəliş edilməsini qeyri-mümkün etmişdir. Göstərilənlər məhkəmə tərkibində Bərdə RMX publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5538 saylı arayış (Cild İ iş vərəqə 30) əsasında cinayət işinin başlanılması, digər 5601 №li (üzərində aşkar düzəli şedilmiş) arayışın (Cild İ iş vərəqə 31) sonradan iş materiallarına əlavə edilməsi qənaətinə gəlməyə kifayət qədər əsas vermişdir. Müstəntiq tərəfindən yol verilmiş göstərilən pozuntulara isə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokuror, nə də onun müvafiq səlahiyyət verilmiş müavini tərəfindən diqqət yetirilməmiş, cinayət işinin vaxtında tələb edilərək öyrənilməməsi, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən ziddiyyətlərin aradan qaldırılması üçün şifahi və yazılı göstərişlərin verilməməsi və qeyd edilən cinayət xarakterli faktın araşdırılmaması son nəticədə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Bundan başqa ibtidai araşdırma müddətində təqsirləndirilən şəxsin müdafiəçisi təkrar məhkəmə tibbi ekspertizası təyin edilməsi üçün 2 dəfə yazılı vəsatət (cild İ iş vərəqə 170-172 və Cild İ iş vərəqə2 33-235) verilməsinə baxmayaraq müstəntiq tərəfindən əsassız olaraq həmin vəsatətlərin rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir ki, bu da məhkəmə tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusu kimi qiymətləndirilir. Halbuki, CPM-nin 220.3-cü maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq.....təqsirləndirilən şəxsin......ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz. Azərbaycan Respublikası CPM-nin 121.2-ci maddəsinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Lakin iş üzrə ibtidai istintaqı aparmış müstəntiq kifayət qədər əsaslandırılmasına baxmayaraq yanlış olaraq iş üzrə rəy vermiş məhkəmə tibb ekspertini şahid qismində dindirilməsi ilə kifayətlənmişdir ki, bu da məhkəmənin qənaətinə görə ekspert rəyinin verilməsi üçün əsas olan tibbi sənədlərdəki qeyd edilən ziddiyyətlər və tibbi ekspertiza rəyindəki boşluqların iş üçün xüsusi əhəmiyyətli olan müvafiq tədqiqat prosesi keçirilmədən aradan qaldırılmasını mümkünsüz etmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə görə müstəntiq cinayət işi materiallarından öz təşəbbüsü, yaxud ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror və müvafiq səlahiyyət verilmiş müavini tərəfindən eyni tarixli tibbi arayışların verilməsi faktı ilə bağlı material ayıraraq göndərilməli, bununla bağlı müvafiq araşdırma aparılmalı, tibbi arayışdakı ziddiyyətlərin aradan qaldırılması və cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən sağlamlığa qəsdən vurulmuş bədən xəsarətinin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün zərərçəkmiş şəxsə məxsus xəstəlik tarixçəsi iş materiallarına əlavə edilməklə işin hallarından asılı olaraq əlavə, yaxud təkrar məhkəmə tibbi ekspertizası təyin edilməli, ekspertizasının keçirilməsi isə hər hansı yerli ekspertiza mərkəzinə deyil, obyektivlik və qərəzsizliyin təmin edilməsi üçün MTE PA ETTB publik hüquqi şəxsə tapşırılmalı idi. Məhkəmə qeyd edir ki, iş materialları ilə tanışetmə vəzifəsinin icra edilməməsi də hazırki iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasını gətirib çıxartmışdır. Müdafiə tərəfinin vəsatətində qeyd edildiyi kimi iş materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Namiq Həsənova xx.xx.2023-cü ildə iş üzrə ibtidai istintaqın qurtarması barədə məlumat verilmiş və həmin tarixdə müdafiə tərəfi cinayət işi materialları ilə ibtidai istintaqın qurtarmasının elan edildiyi gün tanış olmaq istəyi ilə bağlı yazılı müraciət etmişlər. (cild İ iş vərəqə 274) İş materiallarından görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisini iş materialları ilə tanışetmə protokolu (Cild İ, iş vərəqə 276) cinayət işinin 275 vərəqədə (son rəqəm üzərində gözlə aşkar görünən düzəliş edilməsi görünür) təqdim edilməsi, növbəti abzasda təqsirləndirilən şəxs və müdafiəçinin 278 (əlyazma) vərəqədə iş materialı ilə tanış olmuşdur. Məhkəmə qeyd edir ki, müdafiəçi öz təşəbbüsü ilə iş materialları ilə tanış olduqdan sonra bu barədə tərtib edilmiş protokola imza etmədən istintaq hərəkəti keçirilən yeri (protokola əsasən bu Bərdə RPŞ-nin MSY-dir Cild İ iş vərəqə 279) tərk etməsi ağlabatan deyil, müdafiəçinin vəsatətində də göstərildiyi kimi iş materialları ilə tanışetmə protokolunun sonradan müstəntiq tərəfindən dəyişdirilməsi və guya orada müdafiəçi və təqsirləndirilən şəxsin imza etməkdən imtina etməsi barədə qeyd yazılmasına əsaslı şübhələr yaratmışdır. Protokol üzərində sonradan dəyişiklik edilməsi zərərçəkmiş şəxs və nümayəndəsini iş materialları ilə tanışetmə protokolunda da görünür. Belə ki, həmin protokolda da müstəntiq yaxud qeyri şəxs(lər) tərəfindən iş materiallarının sayı yazılan blank üzərində “281” sayının son rəqəmi “1” üzərində aşkar görünən ağardıcı ilə düzəliş edilmişdir. (Cild İ, iş vərəqə 282) Bundan başqa müdafiəçi tərəfindən vəsatətə əlavə edilmiş Bərdə rayon məhkəməsinin 4(021)-210 saylı xx.xx.2023-cü il tarixi iclas protokolundan görünür ki, həmin protokolda müdafiəçi Namiq Həsənovun həbs qətimkan tədbirinin uzadılması barədə təqdimata həmin məhkəmədə baxılarkən məhkəmə iclasında hazırki cinayət işi materialları ilə tanış olarkən müstəntiq və prokurora protokolda qeyd edərək etiraz verməsini göstərilmişdir. Lakin iş materiallarına əsasən həmin etiraz məsələsinə münasibəti əks etdirən müvafiq qərarlar olmadığından məhkəmə həmin halı da müdafiə hüququnun pozulması kimi qiymətləndirir. Bu həmçinin məhkəmə tərkibində müstəntiq tərəfindən cinayət təqibi tərəflərinə təqdim edilən iş materiallarına sonradan sənədlərin əlavə edilməsi, yaxud çıxarılması, bununla da iş materialları ilə tanışetmə vəzifəsinin pozulmasına əsaslı şübhələr yaratmışdır. Azərbaycan Respublikası CPM-nin 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Göründüyü kimi cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-ci maddələrinin tələblərini pozmaqla həm cinayət işinin müvafiq cildlərində olan vərəqlərin saylarını səhv göstərməklə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə tanış olmaları üçün cinayət işinin bütün materiallarını təqdim etməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent mövqeyə görə, cinayət törətməkdə ittiham olunan hər kəsin yararlanmalı olduğu "imkana" onun müdafiəsini hazırlamaq məqsədilə aparılmış istintaqın nəticələri ilə tanış olmaq daxil olmalıdır (Hüseyn və başqaları Azərbaycana qarşı, § 175; OAO X1rşı, § 538). Təqsirləndirilən şəxsə öz müdafiəsini həyata keçirməyə icazə verilirsə, onun iş materiallarına çıxışının rədd edilməsi müdafiə hüquqlarının pozulmasına bərabərdir (Fuçer Fransaya qarşı, §§ 3336). Müdafiə işinin asanlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin iş materiallarından müvafiq sənədlərin surətlərini əldə etməsinə və aparılmış qeydlərdən istifadə etməsinə mane olunmamalıdır (Rasmussen Polşaya qarşı, §§ 48-49; Moiseev Rusiyaya qarşı, §§ 213-218; Matişek Polşaya qarşı, § 59; Seleznev Rusiyaya qarşı, §§ 64-69). İş materiallarına çatımlılıq hüququ mütləq səciyyəli deyil. Bəzi hallarda başqa şəxsin fundamental hüquqlarının qorunması və ya milli təhlükəsizlik, yaxud şahidlərin qorunması və ya polisin cinayət istintaqı metodlarına təminat kimi vacib ictimai marağın mühafizəsi məqsədilə müəyyən sübutun müdafiə tərəfinə verilməməsi zəruri ola bilər. Lakin 6-cı Maddənin 1-ci bəndinə əsasən yalnız son dərəcə zəruri hallarda müdafiə tərəfinin hüquqlarını məhdudlaşdıran belə tədbirlərə icazə verilir. Məhkəmə çəkişməli məhkəmə icraatı və tərəflərin bərabərliyi tələblərinin mümkün dərəcədə ödəndiyini və təqsirləndirilən şəxsin maraqlarının qorunması üçün adekvat təminatların verildiyini yəqin etmək məqsədilə belə qərarın qəbulu prosedurunu diqqət yoxlayır (Natunen Finlandiyaya qarşı, §§ 40-41; X4rşı, §§ 42-43; Miraşvili Rusiyaya qarşı, §§ 203-209). Azərbaycan Respublikası CPM-nin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Müşfiq Rəhimov həmçinin vəsatət verərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 01 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 31 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən .....300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırki iş üzrə qərarına təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən kifayət qədər pozuntuya yol verilsə də məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin göstərdiyi seçilmiş “həbs” qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini qeyri mümkün hesab edir və aşağıda qeyd edilən əsaslara görə təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarından görünür ki. hazırki əməl şəxsin yetkinlik yaşına çatmadığı dövrdə törədilsə də ibtidai araşdırma müddətində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmamış, eləcə də Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi zamanı müəyyən edilmiş maddi və prosessual əsaslar dəyişməmişdir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi şəxsiyyətin sağlamlığı əleyhinə ictimai münasibətlərə qəsd etdiyindən, məhkəmə hazırlıq iclası Zərərçəkmiş şəxs və nümayəndəsinin iştirakı olmadan keçirilsə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ləğv edilməsinə münasibətini və mövqeyini müəyyən etmədən qətimkan tədbirinin dəyişdirilməsi qanunverciliyin ədalət, obyektivlik və qərəzsizlik prinsipi ilə ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin vəsatəti qətimkan tədbiri ilə bağlı həmin hissədə təmin edilməməli, dövlət ittihamçısının vəsatəti isə təmin edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306-cı maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 (bir) ay yəni, xx.xx.2023-cü il tarixədək uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxs və nümayəndəsinə eləcə də dövlət ittihamçısına göndərilsin. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar