Məhkəmə qərarları › İş №1(100)-537/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-537/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-537/2025 28.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Penza şəhərində olarkən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 25 noyabr 2022-ci ildə Rusiya Federasiyasının ərazisindən keçməklə Ukraynanın Luqansk vilayətinə getmiş, orada qanunsuz silahlı birləşmənin tərkibinə daxil olub 25 noyabr 2022-ci il tarixdən 25 may 2023-cü il tarixədək olan müddətdə həmin xarici dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində qəsdən iştirak etmiş, hansı ki, həm Azərbaycan Respublikasının, həm də ərazisində törətdiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan bu əmələ görə məhkum olunmamışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında törətdiyi cinayət əməllərinə görə 12 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ona tətbiq edilən 12 il müddətə azadlıqdan məhrumetmə cəzasının 08 il 06 ay hissəsini çəkmiş, qalan 03 il 06 ay hissəsini Azərbaycan Respublikasında çəkmək üçün iki dəfə müraciət etsə də imtina cavabı almışdır. 19 noyabr 2022-ci il tarixdə “Vaqner” silahlı qruplaşmasının rəhbəri onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə gələrək məhkumlarla görüşmüş, onlara Rusiya-Ukrayna müharibəsində 06 ay müddətində iştirak etməyi təklif etmiş, qarşılığında həmin müddət bitdikdən sonra hər bir məhkuma 91100 rubl məbləğində pul vəsaiti, azadlıq və Rusiya Federasiyası vətəndaşlığı veriləcəyini vəd etmişdir. Onlar müharibədə iştirak etməyə razılaşmış məhkumları 25 noyabr 2022-ci il tarixdə Rostov şəhərinə aparmışlar. O, Rostov şəhərində “Vaqner” silahlı qruplaşması ilə yazılı müqavilə imzalamış, daha sonra Ukraynanın Luqansk vilayətinə aparılmışdır. Luqansk vilayətində onlara məlum olmayan ərazidə 14 gün müxtəlif silahlardan istifadə və müharibə ilə bağlı digər hərbi təlimlər keçirilmişdir. Ukrayna hərbiçiləri ilə üzbəüz döyüşlərdə heç zaman olmamış, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqınlar etməmişdir. Onun əsas iştirakı Rusiya Federasiyasının ölən və yaralanan hərbiçilərini döyüş bölgəsindən təxliyyə etmək olmuşdur. 25 may 2023-cü il tarixdə 06 ay müddət bitdikdən sonra onu Rusiya Federasiyasının Rostov şəhəri ilə həmsərhəd ərazisinə aparmışlar. Orada “Vaqner” silahlı qruplaşmasının üzvləri ona 91100 rubl məbləğində pul vəsaiti (təximinən 15-16 min manat), həmçinin müharibədə iştirakına görə medal və fəxri fərman təqdim etmişlər. O, Rusiya Federasiyasının şəhərinə aparılaraq oradan sərbəst buraxılmışdır. O, sərbəst buraxılan zaman “Vaqner” silahlı qruplaşması tərəfindən məhkumların hər birinə sadə mobil telefon və Rusiya mobil operatoruna məxsus sim-kart verilmişdir. Rusiya Federasiyasında olduğu dövrdə “Vaqner” silahlı qruplaşmasının rəhbərliyi ona zəng edərək aylıq 25000 rubl müqabilində Ukrayna, Mali və Suriya dövlətlərində muzdlu döyüşçü kimi iştirak etməyi təklif etmiş, o isə artıq muzdlu döyüşçü kimi heç bir ölkədə döyüşmək niyyətinin olmadığını bildirmişdir. Müharibədən qayıtdıqdan sonra Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Rusiya-Ukraniya müharibəsində iştirak etməsinin cinayət məsuliyyəti yaratdığını bilməmişdir. Onlara döyüşlərdə iştirak etmək təklif edilsə də, döyüşlərdə iştirak etməyə məcbur edilmişlər. Hazırda törətdiyi əməldən peşmandır. Sonda məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmiş və ibidai istintaq davam etdirilmişdir. 09 iyul 2025-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə 09 iyul 2025-ci il tarixdə tutulmuşdur. Əmək haqqı fondundan çıxarışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs döyüş tapşırığı yerinə yetirdikdən sonra müddətsiz məzuniyyətə çıxmışdır. XHƏ-də iştirak müddətində 911800 rubl qazanmışdır. Göstərilən məbləğ yoxlana və alına bilməz. “Yerli müaribələr və hərbi münaqişələrin veteranlarının maraqlarının müdafiəsi Liqası” Regionlararası ictimai təşkilatın arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarix qədər “Vaqner” FHK-nın könüllü döyüşçüsü kimi xüsusi hərbi əməliyatda iştirak etmiş, LXR və DXR ərazisində Rusiya Federasiyasının maraqlarını müdafiə etmişdir. Döyüş tapşırıqlarını yerinə yetirən zaman o, cəsur və bacarıqlı döyüşçü olduğunu sübut etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 09 yanvar 2023-cü il tarixdə Donetsk Xalq Respublikası, Artyomovsk şəhərində vəfat etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 23 gün, yəni 02 noyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 09 iyul 2025-ci il tarixdən hesablanmışdır. Əməliyyat qeydiyyatı üzrə yoxlama haqqında tələbnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməyə görə nə Azərbaycan Respublikası ərazisində, nə də digər xarici ölkə ərazisində məhkum olunmamışdır. Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlardan görünür ki, o, Rusiya Federasiyasına, Qazaxstan Respublikasına, Özbəkistan Respublikasına və Çin Xalq Respublikasına səfərlər etmişdir. Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 4216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomanıya xəstəliyinin əlamətləri aşkar olunmamış, o, narkomanıya xəstəliyindən əzab çəkmir. Onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Tovuz rayon icra hakimiyəti Dönük Qırıqlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Dönük Qırıxlı kəndində yaşadığı dövrdə onun barəsində Dönük Qırıqlı kənd İƏD-si üzrə nümayəndəliyinə ləkələyici material daxil olmamışdır. Məhkəmə Tibbi ekspertizasının 11 iyul 2025-ci il tarixli 366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində göstərilən şəraitə uyğun, yəni odlu silah və sursatla yetirilməyə xarakterik xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizasının 16 iyul 2025-ci il tarixli, 2304 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir. Hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeydə alınmamışdır. Təqsirləndirilən şəxs hazırkı vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz hərəkətinin faktiki xarakteri və ictimai təhlükəliliyini tam dərk etməməsinə və idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təsiri altına düşmür. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müdəti 02 ay 16 gün, yəni 18 yanvar 2026-cı il tarixədək uzadılmışdır. “Maddi sübut kimi tanınmaq haqqında” 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd” “Xiomi Poco” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 15 oktyabr 2025-ci il tarixli 9-3424 nömrəli məktubdan görünür ki, məktubda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onlarında yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatlarla təchiz etmə kimi cinayət əməllərinin Ukrayna Cinayət Məcəlləsinin (xx.xx.2001-ci ildə qəbul edilmişdir) 260cı maddəsində (xx.xx.2014-cü il tarixdə 1689 nömrəli - Vİİ qanunla dəyişikliklər edilmişdir) nəzərdə tutulduğu göstərilmişdir. Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsinin məzmunundan görünür ki,

1. Ukrayna qanunları ilə nəzərdə tutulmayan hərbi-silahlı birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

2. Qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

3. Birinci və ya ikinci hissədə göstərilən birləşmələrə rəhbərlik etmə, onların maliyyələşdirilməsi, onlara silah, sursat, partlayıcı maddələr və ya hərbi texnika təmin edilməsi — beş ildən on ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

4. Birinci və ya ikinci hissədə göstərilən birləşmələrin tərkibində müəssisələrə, idarə və təşkilatlara və ya vətəndaşlara hücumda iştirak — yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

5. Bu maddənin dördüncü hissəsində nəzərdə tutulan əməllər insanların ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

6. Bu maddə üzrə cinayət məsuliyyətindən azad edilir — bu maddədə göstərilən birləşmələrin tərkibində olmuş, lakin könüllü olaraq həmin birləşməni tərk etmiş və onun mövcudluğu barədə dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarını məlumatlandırmış şəxs. “Maddi sübut kimi tanınmaq haqqında” 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə təqdim etdiyi Rusiya Federasiyasının prezidentinin 23 aprel 2023-cü il tarixli fərmanı ilə “Sücaətə görə” medalı ilə təltif edilməsinə dair, Əmək haqqı fondundan çıxarış, “Yerli müharibələr və hərbi münaqişələrin veteranlarının maraqlarının müdafiəsi Liqası” regionlararası ictimai təşkilatı tərəfindən verilən arayış və tanınmamış Luqansk xalq respublikasının rəhbəri L.İ.Paseçnik tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş sənədlər iş üzrə maddi sübut kimi tanınraq cinayət işinin materiallarda saxlanılmışdır. Elektron çıxarışdan və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X6 adlı, xx.xx.2013-cü il təvəllüdlü X4 adlı və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı yetkinik yaşına çatmayan övladları vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 25 may 2023-cü il tarixədək olan müddətdə Ukraynanın Luqansk vilayəti ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməsi və buna görə həmin dövlətin ərazisində məhkum olunmaması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə düzgün qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını (CM-nın 59.1.4), təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nın 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Əməliyyat qeydiyyatı üzrə yoxlama haqqında tələbnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməyə görə nə Azərbaycan Respublikası ərazisində, nə də digər xarici ölkə ərazisində məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsinin sanksiyası daxilində, cəzanı yüngülləşdirən halları nəzərə almaqla şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. 15 oktyabr 2025-ci il tarixli 9-3424 nömrəli məktubdan görünür ki, məktubda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onlarında yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatlarla təchiz etmə kimi cinayət əməllərinin Ukrayna Cinayət Məcəlləsinin (xx.xx.2001-ci ildə qəbul edilmişdir) 260cı maddəsində (xx.xx.2014-cü il tarixdə 1689 nömrəli - Vİİ qanunla dəyişikliklər edilmişdir) nəzərdə tutulduğu göstərilmişdir. Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsinin məzmunundan görünür ki,

1. Ukrayna qanunları ilə nəzərdə tutulmayan hərbi-silahlı birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

2. Qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

3. Birinci və ya ikinci hissədə göstərilən birləşmələrə rəhbərlik etmə, onların maliyyələşdirilməsi, onlara silah, sursat, partlayıcı maddələr və ya hərbi texnika təmin edilməsi — beş ildən on ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

4. Birinci və ya ikinci hissədə göstərilən birləşmələrin tərkibində müəssisələrə, idarə və təşkilatlara və ya vətəndaşlara hücumda iştirak — yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

5. Bu maddənin dördüncü hissəsində nəzərdə tutulan əməllər insanların ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır;

6. Bu maddə üzrə cinayət məsuliyyətindən azad edilir — bu maddədə göstərilən birləşmələrin tərkibində olmuş, lakin könüllü olaraq həmin birləşməni tərk etmiş və onun mövcudluğu barədə dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarını məlumatlandırmış şəxs. Odur ki, cəza təyini zamanı Ukrayna Cinayət Məcəlləsində göstərilənlər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsin istifadəsində olmuş “Xiomi Poco 3 Pro” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı və Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə təqdim etdiyi Rusiya Federasiyasının prezidentinin 23 aprel 2023-cü il tarixli fərmanı ilə “Sücaətə görə” medalı ilə təltif edilməsinə dair, Əmək haqqı fondundan çıxarış, “Yerli müharibələr və hərbi münaqişələrin veteranlarının maraqlarının müdafiəsi Liqası” regionlararası ictimai təşkilatı tərəfindən verilən arayış və tanınmamış Luqansk xalq respublikasının rəhbəri L.İ.Paseçnik tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 09 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiomi Poco 3 Pro” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın və Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə təqdim etdiyi Rusiya Federasiyasının prezidentinin 23 aprel 2023-cü il tarixli fərmanı ilə “Sücaətə görə” medalı ilə təltif edilməsinə dair, Əmək haqqı fondundan çıxarış, “Yerli müharibələr və hərbi münaqişələrin veteranlarının maraqlarının müdafiəsi Liqası” regionlararası ictimai təşkilatı tərəfindən verilən arayış və tanınmamış Luqansk xalq respublikasının rəhbəri L.İ.Paseçnik tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar