Məhkəmə qərarları › İş №1(100)-54/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-54/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-54/2022 07.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X17 və onun nümayəndəsi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X18 və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 18.03.2021-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təsridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 19 fevral 2021-ci il tarixdə saat 13 radələrində atası X12 məxsus olan, etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami rayonu Yeni Gəncə qəsəbəsində yerləşən “Ramizin çay evi” adlanan ictimai iaşə obyektinin yaxınlığındakı parka gələrək 2019-cu ilin may ayından 2020-ci ilin dekabr ayınadək aralarında sevgi münasibətləri olan X14 ilə orada aralarındakı münasibətlərə aydınlıq gətirmək üçün görüşüb skamyalardan birində əyləşərək söhbət etdikdən sonra həmin gün saat 14 radələrində sonuncunu yaşadığı, ünvan 3 ünvanında yerləşən evə aparmaq üçün avtomobilin sükanı arxasına əyləşsə də, həmin vaxt avtomobilin sağ arxa oturacağında əyləşən Pərvin Musayevanın aralarında yaranmış mübahisə zamanı səsini ucaldaraq ona “Onsuz da, sənin başına çox oyunlar açmışam, sənin xəbərin yoxdur, yenə oyunlar açacam, səni zəlil edəcəm” deyib ünvanına əsassız ittihamlar irəli sürməklə onun yalançı olduğunu bildirməsindən qəzəblənərək qisas almaq niyyəti ilə artıq uzun müddət aralarında mövcud olan münaqişələrə son qoymaq üçün avtomobilin sükanı arxasından arxa oturacağa keçərək Pərvin Musayevanı qəsdən boğub öldürmək məqsədilə sonuncunun başını dizləri üzərinə uzatmaqla müqavimətini qırdıqdan sonra əlləri ilə boyun nahiyəsindən tutub sıxaraq boyunun əllə sıxılmasından əmələ gəlmiş mexaniki asfiksiya dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, yumşaq toxumalarına, sağ alın-təpə, sol təpə, sağ təpə-ənsə, sol gicgah nahiyələrinə qansızma ilə müşayiət olunan, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib Pərvin Musayevanı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və əməlindən səmimi peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, X14 onun doğma bacısı olmuşdur. Pərvin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olmuşdur. 17 fevral 2021-ci il tarixdə vaxt anası Firuzə ona mobil telefon vasitəsilə zəng edərək bacısı Pərvinə zəng çatmadığını və sonuncunun evə gəlməməsindən narahatlıq hissi keçirdiyini demişdir. Evə gəldikdə anası Pərvinin saat 13:00 radələrində oxuduğu universitetə getmək adı ilə evdən çıxdığını və hələ də qayıtmadığını bildirmişdir. Həmin vaxt hava qarlı olduğundan əvvəlcə, Pərvinin yolda yıxıldığını zənn etmiş, bu səbəbdən ətraf küçələri, universitetə aparan yolları taksi avtomobili ilə gəzmiş, lakin Pərvini heç yerdə tapa bilməmişdir. Həmin vaxt universitetdə əyani dərslər keçilmədiyindən və bu halda bacısının universitetdə ona dərs deyən Əli müəllimin yanına gedib-gəldiyini nəzərə alıb sonuncuya zəng etmişdir. Danışıq əsnasında o, müəllimdən bacısının universitetə gəlib-gəlmədiyini soruşmuş, lakin müsbət cavab almamışdır. Sonra Pərvinin rəfiqəsi Aytaca zəng etmiş, ancaq Aytaca da zəng çatmadığı üçün dekanlıqda çalışan Məhərrəm adlı şəxs ilə əlaqə saxlayıb Aytacın yaşadığı ünvanı öyrənmişdir. Bundan sonra Aytacın yaşadığı Türklər qəsəbəsinə üz tutmuş, 1-2 saat Aytacın yaşadığı evi tapmağa cəhd etsə də, evi tapa bilməmişdir. Bu zaman o, Pərvinin gec qayıtmasının bacısının keçmiş sevgilisi Sərdar ilə əlaqəli ola biləcəyini düşünərək Sərdara zəng etmişdir. Sərdar ona Pərvini artıq 1 ildir görmədiyini və heç bir əlaqəsinin olmadığını demişdir. Ancaq o, Sərdarın sözlərinə inanmayaraq yaşadıqları evə getmiş, həmin ərəfələrdə həyacanlı olduğundan saatı dəqiq xatırlamamışdır. Sərdarın ailə üzvləri ilə birlikdə yaşadığı əraziyə gəlib binaların yaxınlığında yerləşən marketin qarşısında görüşmüş və Sərdardan onu yaşadığı evə aparmasını istəmişdir. Sərdarın ailəsinin yaşadığı evə çatandan sonra o, Sərdarın özünün və anasının şifahi razılığı əsasında evə daxil olub otaqları axtarmış, lakin bacısını tapa bilməmişdir. Buna görə də Gəncə şəhər Nizami rayon Polis İdarəsinə üz tutmuş, idarəyə gedərkən Əli müəllim onunla telefon əlaqəsi saxlayaraq Pərvinin evə qayıdıb-qayıtmadığını soruşmuş, o da bacısının tapılacağını güman edərək Pərvinin adına xələl gəlməməsi üçün, artıq evdə olduğunu söyləmişdir. Polis idarəsinə müraciət etdikdən sonra, ertəsi gün o, Əli müəllimə zəng edərək Pərvinin tapılmadığını demiş və harada ola biləcəyini soruşmuş, ancaq müəllimin nə cavab verdiyini xatırlamamışdır. Pərvin itkin düşdükdən sonra o, bacısının sonuncu dəfə kimlərlə əlaqə saxladığını öyrənmək məqsədilə öz adına olan, lakin Pərvinin işlətdiyi mobil nömrənin dublikatını çıxarmış və bütün sosial şəbəkələrdə olan hesablarının şifrələrini sıfırlayaraq onlara daxil olmuşdur. Pərvinin “İnstaqram” sosial şəbəkəsində rəfiqələri ilə yazışmalarına baxış keçirəndə Sərdar ilə birlikdə çəkdirdiyi fotosunun skrinşotunu aşkar etmişdir. Belə ki, Pərvin həmin skrinşotu rəfiqəsinə göndərib Sərdarın birlikdə çəkdirdikləri fotoşəkilləri “Yandex Disk” proqramına yüklədiyini yazmışdır. Sonra dərhal bu barədə polis əməkdaşlarına xəbər vermiş, polis əməkdaşları tərəfindən Sərdarın mobil telefonuna baxış zamanı həqiqətən də “Yandex Disk” hesabının mövcud olduğu təsdiqini tapmışdır. Buna görə də o, Sərdarın hesabının şifrəsini sıfırlayaraq elektron saxlanc yerinə daxil olmuş və orada saxlanılan bütün faylların tamamilə silinməsi məlum olmuşdur. Kompüter və informasiya texnologiyalarından anlayışı olduğu üçün müvafiq qaydada hesabın “LOG” tarixçəsinə nəzər saldıqda həmin faylların 19 fevral 2021-ci il tarixdə saat 18:12-də silindiyi müəyyən edilmişdir. Həmin tarixçədən 01 ədəd “Mələyimə.txt” adlı fayl da aşkarlanmış, amma həmin fayl da qeyd olunan tarixdə silinmişdir. Beləliklə, hüquq mühafizə orqanlarının aktiv fəaliyyəti nəticəsində Pərvinin meyiti Gəncə şəhərinin ərazisində yerləşən məişət tullantılarının atıldığı yerdən tapılmış və bacısının ölümündə təqsirləndirilən Sərdar həbs edilmişdir. Pərvinin istifadəsində olan 50- 970-00-14 mobil nömrəsinin dublikatını polis əməkdaşları ilə razılaşdırdıqdan sonra çıxardığını, bunu Pərvinin bütün sosial şəbəkələrdəki hesablarına daxil olmaq və sonuncu dəfə kimlərlə əlaqə saxlamasını müəyyənləşdirmək məqsədilə etdiyini bildirmişdir. Hazırda şikayətci olduğunu və Sərdara ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 19 fevral 2021-ci il tarixdə saat 08:00 radələrində işlədiyi Gəncə Telekommunikasiya İdarəsinə getmək məqsədilə yaşadığı evdən çıxmışdır. Evdən çıxdığı vaxt oğlu Sərdar evdə yatılı vəziyyətdə olmuşdur. Həmin gün saat 14:00 radələrində istifadəsində olan mobil nömrədən Sərdarın istifadəsində olan mobil nömrəyə zəng edərək nahar edib-etməməsini, harada olmasını soruşmuşdur. Həmin vaxt Sərdar ona nahar etdiyini və evdə olduğunu söyləmişdir. Saat 19:00 radələrində o, alış-veriş etmək üçün yaşadığı ünvanın yaxınlığındakı marketə daxil olmuş, alış-veriş etdikdən sonra aldıqlarını daşımağa köməklik etməsi üçün Sərdar ilə mobil telefon əlaqəsi saxlayıb oğlunu marketə çağırmışdır. Təxminən 2-3 dəqiqə sonra Sərdar gəlib marketə daxil olaraq ərzaqları əlindən almış və daşımağa köməklik göstərmişdir. Nə günorta saatlarında Sərdar ilə mobil telefon əlaqəsi saxlayan zaman, nə də axşam saatlarında işdən evə qayıdan zaman oğlunda heç bir şübhəli məqam hiss etməmişdir. Evə çatdıqdan sonra saat 21:00 radələrində Sərdar ilə birlikdə axşam yeməyi yemişlər. Bundan sonra bilmədiyi mobil nömrədən Sərdara telefon zəngi gəlmişdir. Sərdar zəngi cavablandırmaq üçün evdən çölə çıxmış və təxminən 3-4 dəqiqə sonra bir nəfər cavan oğlan ilə birlikdə evə qayıtmışdır. Həmin oğlan özünü Pərvin Musayevanın qardaşı kimi təqdim edib adının Tahir olduğunu bildirdikdən sonra Pərvinin onların evdə olub-olmadığını soruşmuşdur. O, Pərvinin onların evində olmadığını dedikdən sonra Tahirdən nə baş verdiyi soruşmuşdur. Bu zaman Tahir ona Pərvinin səhərdən evdən çıxdığını və hələ də geri dönmədiyini söyləmişdir. Bir daha Tahirə bacısının onların evində olmadığını, bu barədə heç bir məlumatlarının olmadığını söylədikdən sonra Tahir çıxıb getmişdir. Sərdardan nə baş verdiyini soruşduqda, oğlu heç bir şey söyləməyərək Pərvin barədə məlumatsız olduğunu demişdir. 20 fevral 2021-ci il tarixdə o, işə getməmiş, bütün gün yaşadığı evdə olmuş, yalnız bir dəfə qonşuluqda yaşayan Samirənin evinə gedərək saçına rəng qoymasını xahiş etmişdir. Həmin gün Sərdar da günün əksər vaxtını evdə keçirmiş, başqa heç bir yerə getməmiş, o, Sərdarın hərəkətlərində hər hansı şübhəli məqam hiss etməmişdir. 22 fevral 2021-ci il tarixdə Tahir yenidən Ruslan adlı dostu ilə birlikdə yaşadıqları evə gələrək Sərdarı çağırmış, onlar digər binanın digər blokunun qarşısında bilmədiyi məzmunda söhbət aparmış, həmin vaxt çölə çıxıb onlara səslənərək Tahirdən nə məsələ olduğunu xəbər almışdır. Bu zaman Tahir ona Pərvin ilə bağlı son zamanlarda görüşdüyü şəxslərdən bacısının haraya gedə biləcəyini öyrənməyə çalışdıqlarını söyləmişdir. O, bu söhbətdən təxminən 5-10 gün sonra ərinin kirvəsinin arvadı, eyni zamanda rəfiqəsi və iş yoldaşı olan Şahid6 ilə birlikdə Pərvin Musayevanın ailəsinin yaşadığı ünvana getmişlər. Həmin ünvana getməkdə məqsədləri Pərvinin ailə üzvlərinə qızlarının itkin düşməsi ilə bağlı televiziya kanallarına məlumat verməyi təklif etmək olmuşdur. Ancaq həmin vaxt Pərvin Musayevanın anası evdə olan, tanımadıqları yaşlı qadının yanında artıq bu barədə televiziya kanallarından birinə məlumat verdiklərini demişdir. Bundan sonrakı günlərdə də Pərvin Musayevanın qardaşı və qohumları bir neçə dəfə yaşadıqları ünvana gəlmiş və Pərvini gizlətdiklərini bildirmişlər. 18 mart 2021-ci il tarixdə isə əri Saləddin və oğlu Sərdar ilə birlikdə Pərvin Musayevanın itkin düşməsi ilə bağlı Gəncə şəhər prokurorluğunun inzibati binasından çıxarkən polis əməkdaşları tərəfindən əri ilə əlaqə saxlanılmış və Gəncə şəhər Baş Polis İdarəsinə dəvət edilmişlər. Elə həmin gün o və əri Saləddin oğulları Sərdarın 19 fevral 2021-ci il tarixdə Pərvin Musayevanı qətlə yetirdiyini öyrənmişlər. 19 və 21 fevral 2021-ci il tarixləri aralığında yaşadığı evin zirzəmisinə daxil olmadığını demişdir. 19 fevral 2021-ci il tarixdə Tahir Musayevin onların yaşadıqları ünvana gələrkən baş vermiş cinayət hadisəsi barəsində məlumatlı olmadığından həmin vaxt özünü şübhəli aparması üçün heç bir əsasın olmadığını, buna görə də Tahir Musayevin vəsatətində onun özünü şübhəli aparması ilə bağlı göstərdiklərinin əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X14 onun qızıdır. Pərvin Azərbaycan Dövlət Aqrar Universitetinin “Su bioehtiyatları” ixtisasına qəbul olunmuşdur. Qızı universitetə qəbul olmaq üçün hazırlıqlara başlayandan Sərdar adlı oğlan ilə dostluq münasibətində olmuşdur. Sonra onlar Sərdarın Pərvini sevdiyini bilmiş, hətta bir neçə dəfə oğlu Tahir hələ Pərvin məktəbdə oxuduğu vaxtlarda Sərdara qızından uzaq durması üçün xəbərdarlıq etmişdir. Çünki həmin vaxt Pərvin universitetə hazırlaşmış və onlar Pərvinin başının belə işlərə qarışmasını istəməmiş, əksinə ancaq diqqətini dərslərinə yönəltməsinin tərəfdarı olmuşlar. Pərvin universitetə daxil olduqdan sonra yenə Sərdar ilə münasibətini davam etdirmiş, lakin bu barədə onlara heç nə bildirməmişdir. Sərdarın özü də qızı ilə eyni universitetə qəbul olunmuşdur. O, Sərdarı cəmi bir dəfə - Pərvin X sinifdə oxuyanda yaşadıqları evdə özünə ad günü yığıncağı keçirən zaman görmüş, həmin vaxt sinif yoldaşları ilə birgə Sərdarı da qonaq çağırmışdır. Bu zaman o, Sərdarı sakit bir oğlan kimi tanımış, ancaq sonradan Pərvinə Sərdarın tayı olmadığını, münasibətini kəsməli olduğunu bildirmişdir. Qızı onlara Sərdar ilə heç bir münasibətinin olmadığını demişdir. Lakin bir dəfə söz düşəndə Pərvin ona “Sərdar mənə elçi gəlsə, verməzsən?” sualını vermiş, o isə qızına “Sərdar kimdir ki, mən səni ona verim, Sərdara getsən səni silərəm” sözlərini söyləməklə onların münasibətinin əleyhinə olduğunu bildirmişdir. Sərdarın ailəsi Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşamışdır. Bildiyinə görə, Pərvinin başqa heç kim ilə sevgi münasibəti olmamış, qızı yalnız dərsə gedib-gəlmiş, karantin dövründə isə evdə qalaraq onlayn dərslərdə iştirak etmişdir. Pərvin hər həftənin beş günü, o cümlədən 18 fevral 2021-ci il tarixdə saat 09:00-dan saat 12:00dək universitet tərəfindən keçirilən onlayn dərslərdə iştirak etmişdir. 19 fevral 2021-ci il tarixdə Pərvin yenə də onlayn dərslərdə iştirak etdikdən sonra əynini geyinib universitetə gedəcəyini demişdir. Evdən çıxarkən təxminən saat 15:00 radələrində qayıdacağını, onunla birlikdə marketə gedəcəklərini demiş, buna görə də heç düz-əməlli yemək də yeməmiş, geri qayıdanda yeyəcəyini bildirmişdir. Pərvin evdən çıxarkən evdə yalnız özü olmuş, Pərvinin əynində qara rəngli yun papaq, boz rəngli, boyunluq hissəsi dərili gödəkçə, qara rəngli şalvar, boz rəngli iplə bağlanan dəri botinka olmuş, özü ilə cəmi 2 manat pul götürmüş, beldən asılan çantasını və mobil telefonunu özü ilə götürsə də, telefonunun adapterini evdə qoymuşdur. Sonradan polis əməkdaşları tərəfindən videokameralara baxanda Pərvinin universitet tərəfə deyil, “1” saylı marşrut xətti ilə hərəkət edən avtobusa minib Yeni Gəncə istiqamətində getdiyi görünmüşdür. Həmin gün o, bir az ev işləri ilə məşğul olmuş, saata baxanda artıq 15:00 olduğunu görüb bir qədər gözləmiş, saat 16:00 radələrində Pərvinin istifadəsində olmuş 50-970-00-14 mobil nömrəsinə zəng etmişdir. Lakin Pərvinin telefonu sönülü olmuş, buna görə də Pərvinə “Whatsapp Messenger” tətbiqetməsində səs yollamış, mesajın altında 1 xətt göstərilmiş, yəni mesaj Pərvinə çatmamışdır. Bundan sonra oğlu Tahirə zəng edib Pərvinə zəng çatmaması barədə xəbər vermiş, Tahir də ondan Pərvinin evdən çıxanda nə dediyini soruşmuş, o da oğluna Pərvinin universitetə getmək adı ilə evdən çıxdığını bildirmişdir. Bundan sonra Tahir universitetə zəng edib maraqlanmış və Pərvinin həmin gün ümumiyyətlə universitetə getmədiyi məlum olmuşdur. Bundan sonra o, Fatiməgilə getmiş, ancaq Fatimənin dayısı evdə olmadığını, qonaqlığa getdiyini demişdir. Buna görə də o, Fatimənin mobil nömrəsinə zəng edərək Pərvini görüb-görmədiyini soruşmuşdur. Sonradan elə həmin gün axşam saatlarında onlar Nizami rayon Polis İdarəsinə müraciət etmiş, lakin Pərvindən bir xəbər çıxmamış, telefonuna zəng çatmamış, sonuncu dəfə Pərvinin tanışı Sərdar ilə görüşdüyünü öyrənmişdir. Bundan başqa o, Pərvin təhsil aldığı universitetin laboratoriyasında müəllimlərə köməklik göstərdiyi üçün 19 fevral 2021-ci il tarixdə universitetə gedib özünün dediyi kimi saat 15:00 radələrində geri qayıdacağını düşündüyünü, son zamanlar qızının davranışlarında hər hansı şübhəli məqama rast gəlmədiyini, qızının tez-tez rəfiqələri ilə gəzməyə gedən, əyləncəli, deyib-gülən, şən qız olduğunu, pozitiv həyat tərzi sürdüyünü, evdən deyib-gülərək çıxdığını, hamının Pərvinin xətrini çox istədiyini, heç kim ilə arasında mübahisə və ya ədavət yaşanmadığını, hər hansı şəxs tərəfindən qızına qarşı amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə hallarının baş verməsinin şahidi olmadığını, Pərvinin əvvəllər heç bir psixi və ya ruhi xəstəlik keçirmədiyini və Sərdarın qızını sevməsindən xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019cu ildə X30 Universitetinin “Su bioehtiyatları” ixtisasına qəbul olunmuşdur. Həmin ixtisasda X14 ilə birlikdə oxumuşdur. Təhsil aldıqları qruplar ayrı olsa da, laboratoriya dərslərində bir yerdə iştirak etmişlər. Pərvin ilə yaxınlığı laboratoriya dərslərində birgə iştirak etmələrindən sonra yaranmışdır. Pərvinin Sərdar ilə münasibətini İ kursda oxuduqları vaxtdan bəri bilmişdir. Onun Pərvin və Sərdarın sevgili olduqlarından, lakin bir müddət sonra ayrıldıqlarından, bununla belə dost kimi münasibətlərinin davam etdiyindən məlumatı olmuşdur. 19 fevral 2021-ci il tarixdə saat 21:00 radələrində Pərvinin qardaşı Tahir mobil telefon vasitəsilə ona zəng edərək “Pərvin ortalıqda yoxdu, səninlə birlikdədirmi?” demiş, o isə birlikdə olmadıqlarını bildirmişdir. Tahirdən nə baş verdiyini soruşduqda, qardaşı Pərvindən xəbər ala bilmədiklərini söyləmişdir. Bundan sonra ona çoxsaylı zənglər gəlmiş və zəng edən şəxslər Pərvinin harada olduğunu soruşmuşlar. Ertəsi gün Tahir ona zəng edərək Pərvinin kimlərlə münasibətinin olduğunu soruşduqda, o, Pərvinin Sərdar ilə münasibətinin olduğunu demişdir. Dəqiq xatırlamasa da, ya 21, ya da 22 fevral 2021-ci il tarixlərindən birində Sərdar ilk dəfə ona zəng edərək “Pərvin barədə məlumat alan zaman mənə və Tahirə məlumat verərsən” söyləmişdir. Bundan başqa o, Sərdarı yaxından tanımadığını, universitetdə olarkən yalnız bir dəfə üzünü gördüyünü, son dövrlər Pərvinin xasiyyətində və hərəkətlərində heç bir qeyri-adilik hiss etmədiyini, həmişə olduğu kimi gülərüz, zarafatcıl olduğunu, Pərvin və Sərdar arasında intim münasibətin olub-olmaması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əllaf Şayan X6 ifadəsində göstərdi ki, İran İslam Respublikası vətəndaşıdır. 2016-cı ildən Azərbaycan Dövlət Aqrar Universitetində müxtəlif vəzifələrdə çalışmış, 2018-ci ildə həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. “Su bioehtiyatları” ixtisasının İİ kursunda təhsil alan X9 tanımışdır. Belə ki, Pərvin 2020-ci ilin sentyabr ayından onun tələbəsi olmuşdur. Pərvin çox savadlı, mədəni, tərbiyəli, məsuliyyətli, bacarıqlı, şən, ünsiyyətcil və optimist birisi olmuş, tələbələr arasında çox böyük hörmət qazanmışdır. 2020-ci ilin yay aylarından etibarən Pərvin universitetin nəzdində yerləşən laboratoriyada könüllü fəaliyyət göstərməyə başlamış, bununla həm praktiki, həm də nəzəri biliklərini artırmaq istəmişdir. Onun özü də mütəmadi olaraq həmin laboratoriyada çalışdığından bu müddət ərzində Pərvin ilə bir çox birgə lahiyələri olmuş, Pərvinin iştirakı ilə dünya standartlarına uyğun 5 ədəd metodiki vəsait hazırlanmışdır. 19 fevral 2021-ci il tarixdə Pərvinin qardaşı Tahir ona zəng edərək Pərvinin universitetə gəlib-gəlmədiyini soruşmuş, o isə Pərvini görmədiyini demişdir. Tahir Pərvinin əvvəlcə universitetə, sonra isə dostları ilə şəkil çəkdirməyə gedəcəyini söylədiyini desə də, o, bir daha Pərvini görmədiyini təkrar etmişdir. Bu zaman narahat olduğundan Pərvinin mobil nömrəsinə zəng etmiş, lakin zəng çatmamışdır. Saat 18:41-də o, Tahir ilə əlaqə saxlayaraq Pərvinin gəlib-gəlmədiyini soruşmuş, Tahir isə bacısının evdə olduğunu, narahatçılığa heç bir səbəb olmadığını bildirmişdir. Saat 19:33də Tahir yenidən ona zəng edərək bacısının evə gəlmədiyini demişdir. O, Tahirə bir qədər əvvəlki zəngində bacısının evdə olduğunu deməsini söyləmiş, Tahir isə səhvən elə dediyini bildirmişdir. Həmin danışıq zamanı Tahir ondan Pərvinin harada ola biləcəyini soruşmuş, o da Tahirə Aytac ilə əlaqə saxlamasını məsləhət görmüşdür. Bunun ardınca işlədiyi kafedranın müdiri Arif Qaziyev ilə əlaqə saxlayıb baş vermiş hadisə barəsində məlumat vermiş, Pərvinin qardaşı tərəfindən axtarıldığını söyləmişdir. 19 fevral 2021-ci il tarixdə saat 22:12-də Tahir onunla yenidən əlaqə saxladıqda, Tahirə artıq polisə müraciət etməsini tövsiyə etmişdir. Tahir bacısının gecə tapılmayacağı təqdirdə ertəsi gün polisə məlumat verəcəyini demişdir. Təqsirləndirilən şəxs yaxından tanımamışdır. Sərdar 2020-ci ilin yay aylarında Pərvin ilə birlikdə universitetə gəlmiş və işi bitənədək Pərvini universitetin həyətində gözləmişdir. Bu zaman Pərvindən həmin şəxsin kim olduğunu soruşmuş, Pərvin isə birlikdə gəldiyi oğlanın sevgilisi olduğunu demişdir. Sərdar onların fakültəsinin tələbəsi olmadığı üçün o, Pərvinə həmin oğlanın universitetin ərazisindən kənar yerdə gözləməsi ilə bağlı xəbərdarlıq etmişdir. Bundan təxminən 1 həftə sonra Pərvin onun yanına gələrək probleminin olduğunu və sevgilisi Sərdar tərəfindən seçim qarşısında qoyulduğunu bildirmişdir. Belə ki, Sərdar Pərvinə ya universitetdəki fəaliyyətini davam etdirməsini, ya da ki münasibətini seçməsini demişdir. O, Pərvinə özünün fikirləşərək bu barədə qərar verməli olduğunu söyləmişdir. Bundan 2 gün sonra Pərvin yenidən onun yanına gələrək Sərdardan ayrıldığını və işləmək istədiyini bildirmişdir. Bir müddət sonra isə Aytacın dediyinə görə Pərvin və Sərdar barışmışlar. Onun Sərdar haqqında əlavə heç bir məlumatı olmamışdır. X14 ilə arasında həmişə müəllim-tələbə münasibələrinin olduğunu, aralarında şəxsi münasibətlərin yaranmadığını, sadəcə Pərvin onun ən fəal tələbələrindən biri olduğuna görə Pərvin və digər tələbələri ilə birlikdə bir çox lahiyələrin baş tutduğunu, həmin lahiyələr və dərslər üzərində çalışan zaman Pərvinin öz həyatı haqqında ona məlumatlar verdiyini, 14 mart 2021-ci il tarixdə axşam saatlarında “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifəyə daxil olduqda Pərvin Musayevanın səhifəsinin aktiv olmasını gördüyünü, dərhal hüquq-mühafizə orqanlarına məlumat verdiyini, onların razılığı və göstərişi əsasında Pərvinə “Salam Pərvin. Haralardasan? İşlər yarımçıq qalıb. Kitablar çap olmağa tam hazır olub. Olmağın işdə lazımdı. Gözləyirəm” məzmununda mesaj yazdığını, sonradan mesajın oxunmasının məlum olduğunu, ancaq mesajın kim tərəfindən oxunmasını bilmədiyini bildirmiş və həmin mesajı özündə əks etdirən ekran görüntüsünün fotoşəklini və özünə məxsus “Samsung J6” markalı mobil telefonu könüllü surətdə istintaqa təqdim etmiş və həmin mobil telefon götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, ailəsi ilə Təqsirləndirilən şəxs ailəsi arasında yaxın münasibətlər vardır. Bundan başqa o, Təqsirləndirilən şəxs anası Şahid1 uzun müddətdir iş yoldaşı, atası Saləddin Cəfərov isə oğlunun kirvəsidir. Bu səbəbdən onların ailələri arasında müəyyən qohumluq münasibəti də vardır. O, Sərdargilin yaşadığı evə tez-tez gedib-gəldiyindən onların ailəsinə yaxşı bələd olmuşdur. X3, o cümlədən başqa hər hansı qız ilə arasında sevgi münasibətlərinin olmasından xəbəri olmamışdır. 19 fevral 2021-ci il tarixdə Pərvin Musayevanın itkin düşməsi barədə məlumatı öyrənmişdir. Bundan təxminən 5-10 gün sonra Sevinc ilə birlikdə Pərvin Musayevanın ailəsinin yaşadığı ünvana getmişlər. Həmin ünvana getməkdə məqsədləri Pərvinin ailə üzvlərinə qızlarının itkin düşməsi ilə bağlı televiziya kanallarına məlumat verməyi təklif etmək olmuşdur. Ancaq həmin vaxt Pərvin Musayevanın anası evdə olan, tanımadıqları yaşlı qadının yanında artıq bu barədə televiziya kanallarından birinə məlumat verdiklərini demişdir. 18 mart 2021-ci il tarixdə isə Gəncə şəhər Baş Polis İdarəsinin qarşısında olarkən Sərdarın tələbə yoldaşı Pərvin Musayevanı qətlə yetirdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon 28 May küçəsində yerləşən özünə məxsus mağazada fiziki şəxs kimi işləyir. Həmin mağazada müxtəlif ərzaq və xırdavat əşyalarının satışını həyata keçirir. Mağazada şəffaf rəngli və müxtəlif ölçülərdə yapışqanlı lentlər satılır. Gün ərzində xeyli sayda alıcı mağazadan yapışqanlı lent və sair xırdavat əşyalar aldığından o, həmin şəxsləri, o cümlədən Təqsirləndirilən şəxs tanımamışdır. Özünə məxsus mağazada təhlükəsizlik kameraları quraşdırılsa da, videogörüntülər ən çox 5 gün müddətində yaddaşda saxlanıldığından o, 19 fevral 2021-ci il tarixdə saat 14:00-dan saat 18:00-dək olan müddətdə qeydə alınmış videogörüntüləri istintaqa təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində sürücü işləməyə başlamışdır. 18 mart 2021-ci il tarixdə yaşadığı evdə yatan zaman mobil telefonuna tanımadığı mobil nömrədən zəng gəlmişdir. Zəng edən şəxs özünü Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək Gəncə şəhərində Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarını boşaltdığı zibilliyi göstərməli olduğunu bildirmişdir. O, həmin gecə saat 02:00 radələrində hüquq mühafizə orqanlarının əməkdaşlarını Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarını boşaltdığı yerə aparmış və şəhər ərazisini gəzməklə avtomobilə yüklənilmiş tullantıları boşaltdığı yeri göstərmişdir. Hüquq mühafizə orqanlarının əməkdaşları ona qeyd olunan ərazidə məişət tullantılarının arasında qadın meyitinin ola biləcəyini söyləmişlər. Həmin gecə onun iştirakı ilə süni işıqlandırma vasitələrindən istifadə etməklə məişət tullantılarının atıldığı əraziyə baxış keçirilməsinə baxmayaraq heç bir meyit aşkarlanmamışdır. Bundan sonra saat 09:00 radələrində həmin əraziyə onun iştirakı ilə yenidən baxış keçirilməsinə başlanılmışdır. Bu zaman Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı həmin ərazidən ağ rəngli sellofana bükülmüş və yapışqanlı lentlə sarınmış vəziyyətdə bir ədəd insan meyiti aşkar edilmişdir. Onun hadisə ilə bağlı bildikləri yalnız bunlardan ibarət olmuşdur. Bundan başqa o, Gəncə şəhərində yerləşən 24 saylı poçt şöbəsinin qarşısında və 2 nömrəli orta məktəbin arxa tərəfində qoyulmuş zibil qutularından tullantıların avtomobilə yüklənməsinin öz avtomobili ilə həyata keçirildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, atası Saləddin Cəfərov və anası Şahid1 ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşamışdır. Bir qardaş və iki bacısı vardır. Bacıları yaşca ondan böyükdür, evlidirlər və onlardan ayrı öz ailələri ilə yaşamaqdadırlar. Atası Saləddin Azərbaycan Respublikasından Rusiya Federasiyasına müxtəlif yüklərin daşınmasını həyata keçirən yük maşınında sürücü işləyir, ayda bir dəfə 4-5 gün evdə olur. Anası Sevinc isə Gəncə Telekommunikasiya İdarəsində elektrik mexaniki vəzifəsində növbəli iş qrafikində çalışır. Həbs edilənədək Azərbaycan Dövlət Aqrar Universitetinin “Elektroenergetika mühəndisliyi” ixtisasının İİ kurs tələbəsi olmuşdur. X10 2018-ci ildə ali məktəbə abituriyent hazırlığı keçilən, Gəncə şəhərində “Məhrəsə bağı” adlanan ərazidə yerləşən “Təbriz” adlı marketin yerləşdiyi binanın ikinci mərtəbəsində fəaliyyət göstərən “X Evrika” adlı təhsil mərkəzində tanımışdır. Belə ki, o, Pərvin ilə fizika və kimya fənləri üzrə dərslərdə birlikdə iştirak etmişdir. Pərvin İV, özü isə İ ixtisas qrupuna imtahan vermək üçün hazırlaşmışdır. Həmin dövrdən bir yerdə oxuduqlarından digər abituriyentlərlə birlikdə sosial şəbəkələrdə söhbət qrupları olmuş, həmin qrupların birindən Pərvinin mobil nömrəsini götürmüşdür. 2019-cu ilin may ayında isə Pərvin ilə “Whatsapp Messenger” tətbiqetməsində və “İnstaqram” sosial şəbəkəsində dost kimi ünsiyyət saxlamağa başlamışdır. 2019-cu ilin iyun ayında kurs bitdikdən sonra ali məktəblərə bakalavr pilləsi üzrə qəbul imtahanları keçirilmiş, Pərvin 210 balla Azərbaycan Dövlət Aqrar Universitetinin “Su bioehtiyatları”, özü isə 260 balla həmin universitetin “Elektroenergetika mühəndisliyi” ixtisasına qəbul olunmuşdur. Qəbul imtahanlarından sonra vaxtaşırı Pərvin ilə 16 nömrəli orta məktəbin ətrafında görüşmüşdür. Həmin görüşlərə onu Pərvin dəvət etmişdir. O, 2019-cu ilin iyun ayında Pərvinin orta məktəbdə keçirilən “Son zəng” tədbirində və həmin ilin iyul ayında yaşadığı ünvanda təşkil etdiyi ad günü şənliyində iştirak etmişdir. Həmin ilin iyul-avqust aylarında ünsiyyət zamanı onlar bir-birlərini sevdiklərini etiraf etmiş, sentyabr ayında universitetdə dərslər başladıqdan sonra həftənin 1-2 günü dərsə birlikdə gedib-gəlmişlər. Belə ki, onlar səhərlər 16 nömrəli orta məktəbin ətrafında görüşərək piyada şəkildə birlikdə universitetə getmişlər. Bir müddət sonra Pərvinin qrup yoldaşları da aralarındakı münasibətdən xəbər tutmuşdur. Onun dostlarından isə Nicat Müslümzadə bu münasibətdən xəbərdar olmuşdur. Sevgililik dönəmlərinin ilk vaxtlarında Pərvin ilə münasibətləri normal olsa da, sonradan aralarında kiçik anlaşılmazlıqlarla bağlı mübahisə və narazılıqlar yaranmağa, 2020-ci ilin əvvəllərindən isə münasibətləri gərginləşməyə başlamışdır. Bu səbəbdən onlar 2020-ci ilin may ayında ayrılmışlar. Münasibətlərinin korlanmasında, əsasən, Pərvinin rolu olmuş, Pərvin hər xırda səbəbə görə mübahisə etmişdir. Ayrılıqları bir müddət davam etsə də, 2020-ci ilin sentyabr ayında onlar münasibətlərini bərpa etmiş, lakin yola getmədikləri üçün noyabr ayının sonlarında yenidən ayrılmışlar. Buna baxmayaraq aralarındakı əlaqə kəsilməmiş, dost kimi arabir görüşüb ünsiyyət saxlamışlar. 2020-ci ilin dekabr ayında anası Sevinc “COVİD-19” virusuna yoluxduğu üçün yaşadıqları evi tərk edə bilmədiyindən o, bir müddət Pərvin ilə görüşə bilməmişdir. 2021-ci ilin yanvar ayında isə artıq Pərvin ilə görüşmək istəməmişdir. Çünki ayrıldıqlarına görə görüşmək ona pis təsir etmişdir. 07 fevral 2021-ci il tarixdə Pərvin “Whatsapp Messenger” tətbiqetməsində ona mesaj yazaraq onunla işi olduğunu, görüşüb üzbəüz danışmaq istədiyini desə də, konkret olaraq nə barədə danışmaq istədiyini bildirməmişdir. O isə Pərvinin görüşmək təklifi ilə razılaşmışdır. Buna görə də qeyd edilən tarixdə Pərvinin təyin etdiyi yerdə, yəni Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsində yerləşən, şəhər əhalisi arasında “Ramizin çay evi” adlanan ictimai iaşə obyektinin yaxınlığındakı parkda görüşərək skamyaların birində əyləşib söhbət etmişlər. Onlar həmin görüşə ayrı-ayrılıqda getmişlər. Görüş zamanı konkret bir mövzu haqqında söhbət etməmiş, sadəcə hal-əhval tutmuş və müxtəlif mövzular barədə danışmışlar. O, Pərvindən üzbəüz danışmaq istədiyi mövzunun nədən ibarət olduğunu soruşsa da, Pərvin elə vacib bir mövzu olmadığını, sadəcə ordan-burdan, münasibətləri barədə söhbət etmək istədiyini söyləmişdir. Münasibətlərinin gələcəyi haqqında heç bir qərara gəlməsələr də, görüşün sonunda o, Pərvini atası Saləddinə məxsus olan, etibarnamə əsasında idarə etdiyi, “Volkswagen Passat” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə parkdan 3-4 dəqiqəlik məsafədə yerləşən Qarahümbətli küçəsinə aparıb düşürmüşdür. Pərvin oradan piyada şəkildə yaşadığı evə getmişdir. Növbəti dəfə 19 fevral 2021-ci il tarixdə Pərvin təkrarən onunla danışmaq istədiyi üçün onlar həmin gün saat 13:05 radələrində eyni parkda görüşmüşlər. Bu dəfə də görüşə ayrı-ayrılıqda getmişlər. Parka çatanda Pərvinin parkda onu gözlədiyini görmüşdür. O, həmin görüşə də idarə etdiyi “Volkswagen Passat” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yollanmış, avtomobili parkın qarşısındakı duracaqda saxlayıb parka getmişdir. Skamyaların birində Pərvinin yanında əyləşdikdən sonra Pərvin onunla haləhval tutmağa başlamış və nə üçün keçən müddət ərzində görüşməkdən yayındığını soruşmuşdur. O da 2020-ci ilin dekabr ayında anasının koronavirusa yoluxması ilə əlaqədar uzun müddət anasına qulluq göstərdiyinə görə evdən çıxa bilmədiyini söyləmişdir. Daha sonra Pərvin ona imtahanları, işləyib-işləməməsi barədə suallar vermiş, o da Pərvinin suallarını cavablandırmışdır. Onlar yenə də münasibətlərinin gələcəyi haqqında heç bir qərara gəlməmiş, həmçinin Pərvin görüşmək istəməsinin ciddi bir səbəbi olduğunu deməmişdir. Saat 14:00 radələrində onlar öz evlərinə getməyi qərarlaşdırmışlar. O, Pərvini avtomobil ilə evlərinə düşürəcəyini bildirmiş, buna görə də ikisi də avtomobilə tərəf getmişlər. Avtomobilin yanına çatdıqda o, qapını açıb sükan arxasında, Pərvin isə sağ arxa oturacaqda əyləşmişdir. Hələ mühərriki işə salmamış onlar 15-20 dəqiqə avtomobilin içərisində söhbətlərini davam etdirmiş, lakin qəflətən Pərvin acıqlı danışmağa başlamış və onu yalan danışmaqda ittiham etmişdir. O, heç vaxt yalan söyləmədiyini izah edərək Pərvini sakitləşdirməyə çalışmışdır. Pərvin əsəbi olduğundan sakitləşdirmək məqsədilə avtomobildən düşərək arxa oturacaqda Pərvinin yanında əyləşmiş və yenidən Pərvinə heç vaxt yalan danışmadığını izah etməyə çalışmışdır. Lakin bu, müsbət nəticə verməmiş, əksinə, Pərvin səsinin tonunu qaldıraraq “Onsuz da sənin başına çox oyunlar açmışam, sənin xəbərin yoxdur, yenə oyunlar açacam, səni zəlil edəcəm” sözlərini demişdir. O, Pərvinin əsassız ittihamlar irəli sürməsinə, verdiyi açıqlamalara inanmamasına, üstəlik dediyi sonuncu cümləyə görə əsəbiləşib özündən çıxmış və Pərvini qəsdən öldürmək məqsədilə əlləri ilə boğmağa başlamışdır. Eyni zamanda Pərvindən başına oyun açdığını deyərkən nəyi nəzərdə tutduğunu soruşmuşdur. Bu zaman Pərvin daha ona cavab verməmiş, yalnız “Sənlik deyil” sözlərini demişdir. Təxminən 2-3 dəqiqə əllərini boynundan buraxmadan Pərvini boğmuşdur. Həmin vaxt Pərvin əlləri ilə onun biləklərindən tutmuş və boynundan aralamaq istəmiş, ancaq o, Pərvini buraxmamış, Pərvin qışqırmamış, səs-küy salmamış və ona başqa cür müqavimət göstərməmişdir. Bu zaman avtomobilin qapıları örtülü olmuş, lakin bağlamamışdır. Pərvini boğarkən üstünə uzadıb başını dizinə, ayaqlarını isə avtomobilin ayaqaltısının üzərinə qoymuşdur. Pərvini boğduqdan sonra nəfəs almadığını gördüyündən artıq ölməsini fikirləşib əllərini boynundan çəkmişdir. Pərvinin yerini dəyişdirmədən avtomobildən düşüb sükan arxasında əyləşmişdir. Bu zaman Pərvinin başı arxa oturacağın üzərində, sol arxa qapı istiqamətində, ayaqları isə yenə də avtomobilin ayaqaltısının üzərində olmuşdur. Meyiti gizlətmək üçün avtomobili idarə edib birbaşa yaşadığı ünvan 1 ünvanına getmişdir. Evə çatdıqdan sonra həyətyanı sahənin giriş darvazasını açıb avtomobili həyətə daxil edərək darvazanı bağlamışdır. Daha sonra Pərvinin meyitini avtomobildən götürüb meyiti qollarının üzərinə aldıqdan sonra qapıları pultla kilidləyərək evə aparmışdır. Həmin vaxt Pərvinin bel çantası da çiynində olmuş, mobil telefonu isə ölərkən əlindən oturacağın üzərinə düşmüşdür. O, telefonu da özü ilə götürüb söndürərək evə aparmışdır. Meyiti evin dəhlizindəki sobanın yanında döşəməyə uzatmış və boyun arteriyasını əli ilə yoxlayıb öldüyünə əmin olmuşdur. Bundan sonra Pərvinin əynindəki bütün paltarları və ayaqqabısını soyundurub mətbəxdən götürdüyü 3 ədəd sellofan paketə yığmış, “Apple iPhone 6s” markalı mobil telefonu da söndürülmüş halda paketlərdən birinə qoymuşdur. Pərvinin əynindən çıxardığı paltarlar qəhvəyi rəngli uzunqol gödəkçə, qara rəngli şalvar, qara rəngli sviter, qara rəngli uzunboğaz çəkmə, qara rəngli mayka, qara rəngli büstqalter, qara rəngli trusik və qara rəngli bir cüt corab olmuş, özünün əynində isə qara rəngli palto, göy rəngli cins şalvar, qara rəngli kofta və qara rəngli ayaqqabı olmuşdur. Pərvini tamamilə çılpaq vəziyyətdə soyundurduqdan sonra meyitin olduğu yeri dəyişdirməmiş və paltarları sellofan paketlərdə meyitin yanına qoymuşdur. Daha sonra əynindəki paltarları dəyişib boz rəngli cins şalvar, qara rəngli kofta və qara rəngli idman ayaqqabısı geyinmiş, soyunduğu paltarları isə yataq otağındakı stulun baş tərəfinə qoymuşdur. Daha sonra meyiti bükmək üçün yapışqanlı lent almağa getmişdir. Bunun üçün evin əsas giriş qapısından çıxıb qapını açarla bağlayaraq piyada şəkildə evdən təxminən 150 metr məsafədə yerləşən, adını bilmədiyi marketə yollanmışdır. Marketdən enli, şəffaf yapışqanlı lent (skoç) alıb birbaşa evə qayıtmışdır. Mənzilin əsas qapısından içəri keçib zirzəmiyə düşdükdən sonra oradan böyük sellofan paket və ilgəklər götürüb meyitin olduğu otağa keçmişdir. Əvvəlcə, meyitin ayaqlarını, əllərini və boynunu sellofanın içərisində tərpənməməsi üçün narıncı və mavi rəngli ilgəklərlə bağlamış, daha sonra meyiti sellofana bükərək üzərini skoçla bir neçə yerdən, yəni baş, qarın, çanaq sümüyü və ayaq nahiyələrindən sarımışdır. Bundan sonra meyiti evin içərisində ən arxa tərəfdə yerləşən kiçik yardımçı otağın ortasında döşəmənin üzərinə qoyub paltarları yığdığı sellofan paketləri zibilliyə atmaq üçün qapını açarla bağlayaraq evin əsas giriş qapısından çıxmışdır. Paketlərdən birini evlərinin yanındakı, digərini 24 saylı poçt şöbəsinin qarşısındakı, üçüncüsünü isə 2 nömrəli orta məktəbin arxa tərəfindəki zibil qutusuna atmışdır. Saat 17:00 radələrində evə qayıdaraq düşünməyə başlamış, həmin vaxt anası işdə olduğundan evdə özündən başqa heç kəs olmamışdır. Anası növbəli iş rejimində çalışdığına görə saat 09:00 radələrində işə gedib 19:00 radələrində evə qayıtmışdır. Anasına törətdiyi cinayət hadisəsi barədə heç bir məlumat verməmişdir. Özünü soyuqqanlı apardığından anası onun sonrakı davranışlarında heç bir qeyri-adilik hiss etməmişdir. Həmin gün saat 21:00 radələrində Pərvinin qardaşı Tahir ona mobil telefon vasitəsilə zəng edib Pərvini maraqlanmış, o isə Pərvinin harada olması barədə heç bir fikrinin olmadığını demişdir. Daha sonra Tahir yaşadıqları evə gələrək dəhlizdə anası ilə söhbət etmişdir. Tahir anasından Pərvinin evlərində olub-olmamasını soruşmuş, lakin müsbət nəticə əldə etməyib çıxıb getmişdir. Növbəti gün, yəni 20 fevral 2021-ci il tarixdə o, ancaq evdə olmuş, heç yerə getməmiş, hadisənin təsiri altında şok vəziyyətində olduğundan Pərvinin axtarılıb-axtarılmaması ilə maraqlanmamışdır. 21 fevral 2021-ci il tarixdə saat 14:00-15:00 radələrində anasını kirvə kimi qohum olduqları uşağın ad günü şənliyinə aparmışdır. Həmin ev Gəncə “ASAN Xidmət” Mərkəzinin arxa tərəfində F.Əliyev küçəsində yerləşir. Saat 19:00 radələrində oradan çıxdıqdan sonra o, anasını gecə növbəsində işə çıxması üçün Gülüstan qəsəbəsində yerləşən “ATS”-ə aparmış və tək şəkildə evə qayıtmışdır. 21 fevral 2021-ci il tarixdən 22 fevral 2021-ci il tarixə keçən gecə saat 03:00 radələrində isə Pərvinin meyitini fevralın 19-da gizlətdiyi yerdən çıxarıb avtomobilinin yük yerinə yerləşdirmiş və avtomobil ilə 2 nömrəli orta məktəbin arxa tərəfində olan dolu zibil qutusunun yaxınlığına gedib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qutunun üzərinə qoyaraq evə qayıtmışdır.Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə avtomobildə Pərvini qəsdən öldürərkən ətrafda başqa şəxslər olmamış, hadisəni heç kim görməmişdir. Çünki avtomobilin arxa şüşələri qara rəngli qoruyucu örtüklə örtülü, qapılar isə bağlı vəziyyətdə olmuşdur. Pərvin hadisə zamanı səs-küy salıb aktiv müqavimət göstərməmişdir. O, meyiti evə yerləşdirərkən və zibilliyə atarkən də ətrafda heç kəs olmamışdır. Pərvinin “Whatsapp Messenger” tətbiqetməsində rəfiqəsi Fatiməyə yazdığı mesajların heç biri həqiqəti əks etdirməmişdir. Belə ki, o, heç vaxt Pərvinə onu bağışlaması üçün yalvarmamış, başını avtomobildə Pərvinin dizinə qoymamış, Pərvini heç vaxt öpməmişdir. Bundan başqa nə hadisənin baş verdiyi gün, nə də hadisədən əvvəl Pərvin ilə aralarında təbii və ya qeyritəbii cinsi əlaqə və ya seksual xarakterli digər hərəkətlər olmamışdır. Hadisənin baş verdiyi gün anasının iş növbəsində olduğu gecənin yetişməsini gözlədiyindən meyiti 2 gündən artıq evdə saxlamışdır. O, hadisəni törətmək üçün ip və ya bu qəbildən olan başqa əşyalardan istifadə etməmiş, Pərvini əlləri ilə boğmuşdur. Pərvinin meyitinin bədən səthində aşkar edilmiş xəsarət izlərinin hansı şəraitdə yaranmasını bilməmişdir. Pərvini öldürərkən və öldürdükdən sonra heç bir xəsarət yetirməmişdur. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər prokurorluğuna ünvanladığı 18 mart 2021-ci il tarixdə ərizəsindən görünür ki, o, X10 öldürdüyünü, əvvəllər Pərvin Musayeva ilə dost, 2020-ci ilin may ayında isə sevgili olduqlarını, ancaq aralarında mübahisələr yarandığından ayrılıb dost kimi münasibət qurduqlarını, sentyabr ayında yenidən münasibətlərini sevgili kimi davam etdirmək qərarına gəldiklərini, buna baxmayaraq xırda mübahisələr səbəbindən noyabr ayında yenidən ayrıldıqlarını, dost kimi arabir görüşərək ünsiyyət saxladıqlarını, 2021-ci ilin yanvar ayında bütün münasibətlərini yekunlaşdırmaq istədiyindən Pərvin Musayeva ilə görüşməməyə çalışdığını bildirmişdir. Pərvin Musayevanın istəyi ilə onunla 19 fevral 2021-ci il tarixdə “Ramizin çay evi” adlanan yerin yaxınlığındakı parkda görüşməyi qərarlaşdırmış və həmin gün saat 13:05 radələrində avtomobili ilə həmin parka gedərək Pərvin Musayeva ilə görüşüb söhbət etmişlər. Görüş zamanı Pərvin Musayeva ondan nə üçün görüşlərdən yayındığını soruşmuş, o isə cavabında anasının koronavirusa yoluxduğunu və özünün də yoluxmaqdan qorxduğuna görə görüşlərdən yayındığını bildirmişdir. Təxminən 1 saat sonra, yəni saat 14:05 radələrində onlar avtomobilə əyləşərək parkdan getmək qərarına gəlmiş, Pərvin Musayeva avtomobilin arxa oturacağına əyləşdikdən sonra onunla əsəbi halda danışmağa başlamışdır. Buna görə də o, Pərvin Musayevanı sakitləşdirmək üçün avtomobilin arxa oturacağına keçmiş, bu zaman Pərvin Musayeva ona yalan danışdığını, başına oyun açacağını, onu zəlil edəcəyini demişdir. Həmin vaxt o, özündən çıxıb özü də hiss eləmədən Pərvin Musayevanı əlləri ilə boğmağa başlamış və nəfəs almadığını, tərpənmədiyini görmüşdür. Daha sonra özündə olmadan avtomobilini yaşadığı evə sürmüş, həyətə daxil olub Pərvin Musayevanı evə apardıqdan sonra ayılmasını gözləmiş, ancaq ayılmadığını görüb paltarlarını poçt məntəqəsinin yaxınlığındakı, mobil telefonunu isə məktəbin yaxınlığındakı zibil qutularına atmış, bundan sonra evə qayıdaraq Pərvin Musayevanın meyitini evdən tapdığı sellofana bükmüş, meyitin əllərini bağlamış, sellofanı isə açılmasın deyə mağazadan aldığı yapışqanlı lentlə (skoçla) bağlamışdır. 21 fevral 2021-ci il tarixdən 22 fevral 2021-ci il tarixə keçən gecə saat 03:00 radələrində isə anasının işdə gecə növbəsində olmasından istifadə edib Pərvin Musayevanın meyitini avtomobilinin yük yerinə yerləşdiyib Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən məktəbin arxa tərəfindəki binaların yaxınlığında olan zibilliyə atmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etdiyi ərizəsində əməlindən peşman olduğunu bildirmişdir. «Baxış keçirilməsi haqqında» 12.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildən 01 ədəd yapışqanlı lent topası götürülmüşdür. «Axtarış və götürmə aparılması haqqında» 12.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, axtarış aparılan yaşayış sahəsi ünvan 5 ünvanıdır.Həyətdə bir ədəd “Volkswagen” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır.Avtonəqliyyat vasitəsinin salonunda ön sərnişin oturacağının qarşısındakı saxlanc yeri açıldı, oradan bir ədəd qatlanan konstruksiyalı bıçaq aşkar edildi.Həmin bıçaq cinayət təqibi üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılaraq götürüldü. “Volkswagen” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə evakuatorla Gəncə şəhər Nizami RPİ-nin mühafizə olunan duracağına aparıldı. «Əşyaya baxış keçirilməsi haqqında haqqında» 12.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus paltarlara baxış keçirilmiş və həmin paltarların üzərində hər hansı qanabənzər ləkələr aşkar edilməmişdir. «Baxış keçirilməsi haqqında» 12.03.2021-ci il tarixli protokoldan görünür ki,Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz Şəhər” Xidmətinin videokameralarının 19 fevral 2021-ci il tarixdə qeydə aldığı videogörüntülərə baxış keçirən zaman 19 fevral 2021-ci il tarixdə saat 12:39-da X7 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisində fəaliyyət göstərən “Ramizin çay evi” adlanan ictimai iaşə obyektinin qarşısından keçən yolun kənarındakı səki üzərindən hərəkət etdiyi, saat 13:03-də Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisində fəaliyyət göstərən “Ramizin çay evi” adlanan ictimai iaşə obyekti istiqamətində hərəkət etdiyi müəyyən olunmuş və həmin videogörüntülər 01 ədəd “DVD” diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 14.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Volkswagen” markalı **-HZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. «Hadisə yerinin baxışının aparılması haqqında» 18.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7 meyiti Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının yığıldığı ərazidən keçən yolun şəhər istiqamətində sol hissəsindən tullantıların arasına qarışmış, ağ rəngli sellofana bükülmüş və yapışqanlı lentlə (skoçla) bağlanmış vəziyyətdə aşkar edilmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. “Meyitin tanınmaya təqdim edilməsi haqqında” 18 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş X7 meyitini tanımış və əyani surətdə göstərmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən 01 ədəd “DVD” disk və fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 26 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş yapışqanlı lent (skoç) topaları içərisindən X10 öldürdükdən sonra meyitinin sellofana bükülməsi zamanı istifadə etdiyi yapışqanlı lent topasını rəngindən, kənarlarının nahamar olmasından və istifadə etdiyi üçün ölçüsünün təqdim olunmuş digər nümunələrdən az olmasından tanıdığını bildirmiş və əyani surətdə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. «Meyitə baxış keçirilməsi haqqında» 18.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X1 bükülmüş və yapışqanlı lentlə (skoçla) bağlanmış vəziyyətdə olan meyiti açılmış, bədəni üzərində sellofana bükülmüş vəziyyətdə saxlanıldığı üçün yaranan çoxsaylı xəsarətlərin olması müəyyən edilmiş, meyitin büküldüyü ağ-şəffaf rəngli, yapışqanlı lentli sellofan, meyitin biləklərindən və ayaqlarından açılmış narıncı rəngli və boyun nahiyəsindən açılmış mavi rəngli ilgəklər götürülərək müvafiq qaydada qablaşdırılmışdır. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. “Videogörüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında” 19.03.2021-ci il tarixli protokoldan görünür ki, diskin içərisindəki fayllarda olan videogörüntülərə baxış keçirən zaman Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə saat 16:05-də əlində 2 ədəd sellofan paket ilə məişət tullantılarının atılması üçün nəzərdə tutulan qutulara tərəf yaxınlaşıb 01 ədəd sellofan paketi qutuya atdığı və oradan uzaqlaşdığı, 22 fevral 2021-ci il tarixdə saat 04:11-də idarə etdiyi avtomobilin geriyə doğru hərəkət etdiyi, lakin çəkiliş qaranlıq şəraitdə aparıldığından avtomobilin dövlət qeydiyyat nişanını müəyyən etməyin mümkün olmadığı, 22 fevral 2021-ci il tarixdə saat 04:36-da avtomobilinin hərəkət etdiyi, lakin yenə də çəkiliş qaranlıq şəraitdə aparıldığından avtomobilin dövlət qeydiyyat nişanını müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. “Videogörüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında” 15.04.2021-ci il tarixli protokoldan görünür ki, diskin içərisindəki fayllarda olan videogörüntülərə baxış keçirən zaman X7 19 fevral 2021-ci il tarixdə saat 12:30-dan saat 12:33-dək olan müddət ərzində Gəncə şəhəri Təbriz küçəsində yerləşən “Milli Market”in qarşısında gözlədiyi, daha sonra isə “1” saylı marşrut xətti üzrə hərəkət edən “Hyundai” markalı avtobusa minərək ərazidən uzaqlaşdığı, saat 12:39-da Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində fəaliyyət göstərən “Ramizin çay evi” adlanan ictimai iaşə obyektinin qarşısından keçən yolun kənarı ilə səki üzərində hərəkət etdiyi, saat 13:02-də adıçəkilən iaşə obyektinin yaxınlığındakı parkın içərisində olan skamyanın üzərində oturduğu, Təqsirləndirilən şəxs saat 13:03-də idarə etdiyi “Volkswagen” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iaşə obyekti istiqamətində hərəkət etdiyi, saat 13:05-dən saat 13:55-dək olan müddət ərzində X7 və Təqsirləndirilən şəxs skamyanın üzərində oturaraq söhbət etdikləri qeyd edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 12.06.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı diskin içərisindəki fayllarda X14 və Təqsirləndirilən şəxs arasında sevgi məzmunlu müxtəlif yazışmaların olması müəyyən edilmişdir. Həmin 01 ədəd disk və tərtib edilmiş sms mətnlərindən 02 vərəqdə çıxarış çap edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 18.04.2021-ci il tarixli 19 saylı rəyindən görünür ki,2002-ci il təvəllüdlü X7 meyitinin müayinəsinə, laborator müayinələrin cavablarına əsasən, ekspertiza qarşısında qoyulan sualları nəzərə alaraq X2 bədənində aşkar edilən boyun nahiyəsinin orta 1/3 hissəsində köndələn yerləşmiş qapanan bir ədəd stranqulyasiya şırımının olması, gözlərin birləşdirici toxumalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qişası altına nöqtəvari qansızmaların olması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı olması, boyunun ön və sağ yan səthlərində yumşaq toxumalara qansızmanın olması əlamətlərinə əsasən belə nəticəyə gəlinmişdir ki, Pərvin Musayevanın ölümünə səbəb boyunun əllə, ilgəklə sıxılmasından əmələ gələn mexaniki asfiksiya olmuşdur. Ətraf mühit şəraitini, meyit əlamətlərini və meyitin saxlanma şəraitini (sellofana bükülmüş vəziyyət) nəzərə alaraq ölümün müddəti 19 fevral 2021-ci il tarixə uyğun ola bilər. X2 bədənində, boyun nahiyəsində olan bir ədəd stranqulyasiya şırımından başqa başın yumşaq toxumalarına sağ alın-təpə, sol təpə, sağ təpə-ənsə, sol gicgah nahiyələrinə qansızma kimi xəsarətlər də müəyyən edilmişdir. Bu xəsarətlər də həyatidir, Pərvin Musayevanın ölümündən az qabaq bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilir. X2 meyitində müəyyən edilən meyit ləkələrinin yerləşmə nahiyələrinə və xarakterik xüsusiyyətlərinə əsasən belə nəticəyə gəlinmişdir ki, meyit bir neçə gün arxası üstə qalmış, sonra meyitin vəziyyəti dəyişdirilərək üzü üstə çevrilmiş və bu vəziyyətdə uzun müddət qalmışdır. X2 anus dəliyi nahiyəsində hər hansı bir xəsarət müəyyən edilməmiş, anus dəliyindən götürülmüş tampon və yaxmanın məhkəmə-tibbi bioloji müayinəsi zamanı spermatozoidlər aşkar edilməmişdir. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. X2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Məhkəmə-tibbi ekspertizasının 12.03.2021-ci il tarixli 369 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ said nahiyəsinin sıyrıqları bər küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunan vaxta nəzərən 20-25 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Maddi sübutların ekspertizasının 15.03.2021-ci il tarixli 06 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halında qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Avtomobildən götürülmüş pambıq tampon, üzərində heç bir yazısı olmayan zərfdəki pambıq tampon və digər zərfdəki ağac kəpəyinə bənzər qırıntıların müayinəsi zamanı qan aşkar olunmadı.Həmin avtomobildən götürülmüş bir ədəd qatlanan bıçaq üzərində qana bənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. Təqsirləndirilən şəxs məxsus bir ədəd palto, bir ədəd cins şalvar və bir ədəd idman şalvarı üzərində qana bənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. Maddi sübutların ekspertizasının 13.04.2021-ci il tarixli 09 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halında qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli cins şalavar üzərində qana bənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. Maddi sübutların ekspertizasının 20.04.2021-ci il tarixli 195/2021-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən tükəbənzər obyektlər yığımı insanın baş tükləridir.Bu tüklərin böyük əksəriyyəti yaşama qabiliyyətini itirmiş və itirməkdə olmaqla köklərindən özləri ayrılmış, tüklərin bir ədədi isə milindən cəld hərəkətə ayrılmışdır.Təqdim olunmuş tüklərin kök uclarıan doğru sahələri istisna olmaqla qalan sahələrində zəif rəngləmə əlamətləri vardır.Göstərilən tüklərin üzərində qan, tər ifrazatı və digər zülal mənşəli hər hansı bir maddə aşkar olunmadı.Təqdim edilmiş tüklərin kök uclarında sitoloji tədqiqat üçün zəruri olan tük yataq kisəsi qatları aşkar edilmədiyi üçün onların məxsus olduğu şəxsin cinsi mənsubiyyətini təyin etmək mümkün olmadı. Məhkəmə trasoloji ekspertizasının 16.06.2021-ci il tarixli 16/547/548 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsuli ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir.Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus paltarların üzərində trasoloji zədə aşkar edilmədi. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16.03.2021-ci il tarixli 139/40 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs əvvəllər hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs baş vermiş hadisələri düzgün qavrayaraq həmin hadisələr barəsində düzgün ifadə verə bilər. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14.04.2021-ci il tarixli 194/56 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 19.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən 01 ədəd “DVD” disk və fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 mart 2021-ci ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin 25.03.2021-ci il tarixli 1444 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 25.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının 05.04.2021-ci il tarixli 68 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Gəncə şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.06.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Dövlət Aqrar Universitetinin 02.06.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il tarixdə 505 nömrəli əmrlə Azərbaycan Dövlət Aqrar Universitetinin mühəndislik fakültəsinin “elektroenergetika mühəndisliyi” ixtisasının birinci kursuna 259 bal toplayaraq dövlət sifarişi ilə qəbul olunmuşdur.Hal-hazırda sabiq ikinci kurs tələbəsidir.O, oxuduğu müddətdə özünü savadlı tələbə kimi göstərmiş, fakültənin ictimai həyatında fəal iştirak etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 19.06.2021-ci il tarixli qəbzdən görünür ki, mərhum X11 məxsus yaşadığı evdən götürülmüş “Apple İ-pad” markalı planşet və Şahid2 götürülmüş “Apple İ-phone 5S” markalı mobil telefon Tahir Musayeva təhvil verilmişdir. 19.06.2021-ci il tarixli qəbzdən görünür ki, “Samsung J6” markalı mobil telefonu” X31 Əli Səyyid Möhəmməd oğluna təhvil verilmişdir. 19.06.2021-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd boz rəngli “Nike” markalı idman şalvarı, bir ədəd qara rəngli palto, bir ədəd boz rəngli cins şalvar, bir ədəd göy rəngli cins şalvar,bir ədəd “MicroSD markalı 128 meqabayt həcmli yaddaşı kartı, bir ədəd “Samsung markalı netbuk, 03 ədəd “Princo Budget” markalı 700 meqabayt həcmli CD-R80 kompakt disk, bir ədəd “Nokia” markalı mobil telefon və bir ədəd bıçaq Şahid1 təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 19.06.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd yapışqanlı lent (skoç) topası, X7 meyitinin büküldüyü ağ-şəffaf rəngli, yapışqanlı lentli sellofan, meyitin biləklərindən və ayaqlarından açılmış 02 ədəd narıncı rəngli və boyun nahiyəsindən açılmış 01 ədəd mavi rəngli ilgəklər və Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən 03 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunda saxlanılan 01 ədəd yapışqanlı lent (skoç) topası, X7 meyitinin büküldüyü ağ-şəffaf rəngli, yapışqanlı lentli sellofan, meyitin biləklərindən və ayaqlarından açılmış 02 ədəd narıncı rəngli və boyun nahiyəsindən açılmış 01 ədəd mavi rəngli ilgəklər istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən 03 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 116 (yüz on altı) manat 65 (altmış beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 18 mart 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunda saxlanılan 01 ədəd yapışqanlı lent (skoç) topası, X7 meyitinin büküldüyü ağ-şəffaf rəngli, yapışqanlı lentli sellofan, meyitin biləklərindən və ayaqlarından açılmış 02 ədəd narıncı rəngli və boyun nahiyəsindən açılmış 01 ədəd mavi rəngli ilgəklər istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən 03 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 116 (yüz on altı) manat 65 (altmış beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar