Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-545/2025 02.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs2 və Baljanovı İsrapılın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 181.3.2-ci maddəsi ilə təqsirləndirilənlər Təqsirləndirilən şəxs2 və Baljanovı İsrapılın barəsində olan cinayət işi Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X9 tərəfindən aparılmış ibtidai istintaq başa çatdıqdan və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroru tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı şifahi vəsatət verərək Təqsirləndirilən şəxs2 və Baljanovı İsrapılın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, Cinayət-Prosessual Məcəllənin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuş, Cinayət-Prosessual Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, Cinayət-Prosessual Məcəllənin 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surəti verilməmiş və Cinayət-Prosessual Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulmuşdur. Qeyd edilən cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin Cinayət-Prosessual Məcəllənin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, Cinayət-Prosessual Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, Cinayət- Prosessual Məcəllənin 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi, o cümlədən Cinayət-Prosessual Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Gürcüstan Respublikasının 18AD22072 nömrəli pasportunun, həmçinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, X5 Respublikasında anadan olmuş və hazırda da həmin ölkə vətəndaşıdır. Qeyd edilən hal ibtidai istintaqı aparmış müstəntiqə ibtidai istintaqın əvvəlindən sonunadək məlum olmuşdur. Bununla belə, ibtidai istintaqı aparmış müstəntiq Natiq Şirinov X2 Respublikası vətəndaşı olmasını bilməsinə baxmayaraq, sonuncunu xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutduqdan sonra xx.xx.2025-ci il tarixədək, yəni Baljanovı İsrapılə yekun ittiham elan olunanadək onu Gürcü dilini bilən tərcüməçi ilə təmin etməmişdir. Halbuki iş materiallarında Baljanovı İsrapılın tərcüməçiyə ehtiyacının olmaması ilə bağlı ərizəsi yoxdur. Müstəntiq yalnız ibtidai istintaqın yekununda, yəni xx.xx.2025-ci il tarixdə Mardanova Elmiranı tərcüməçi qismində tanıyaraq işə buraxmışdır. Məhkəmə hazırlıq iclasında Baljanovı İsrapıl verilmiş suallara cavab olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamasına, eləcə də Azərbaycan dilində qismən danışa bilməsinə baxmayaraq, Azərbaycan dilində oxuya bilmədiyini, bu barədə ibtidai istintaqı aparmış müstəntiqə bildirsə də, sonuncu tərəfindən ona tərcüməçi təqdim olunmadığını, ittiham aktının və digər sənədlərin surətlərinin Gürcü dilinə tərcümə olunmadan verildiyini, Azərbaycan dilində oxuya bilmədiyi üçün həm ittiham aktında, həm də digər sənədlərdə yazılanları oxuyub anlaya bilmədiyini göstərmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2025-ci il tarixli “etiraz edilə bilər şəxslərin soyadları və bu şəxslər barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair” protokoldan görünür ki, müstəntiq təqsirləndirilən Baljanovı İsrapılə etiraz edilə bilən şəxslər haqqında məlumat verib bu barədə protokol tərtib edərkən, tərcüməçi qismində işə buraxılmış Mardanova Elmira haqqında məlumatları protokola daxil etməmiş və nə Baljanovı İsrapılə, nə də ki sonuncunun müdafiəçisinə tərcüməçi haqqında məlumat verməmişdir. Göründüyü kimi, ibtidai istintaqı aparmış müstəntiq təqsirləndirilən X2 Respublikası vətəndaşı olmasını bilməsinə baxmayaraq, sonuncunu tərcüməçi ilə təmin etməmiş, həmçinin iş materiallarında olan ittiham aktının və digər sənədlərin təqsirləndirilən şəxsin bildiyi Gürcü dilinə tərcümə olunmuş surətlərini sonuncuya təqdim etməmiş, o cümlədən ibtidai istintaqın yekununda iş buraxılmış tərcüməçi haqqında məlumatları təqsirləndirilən şəxsə bildirməklə onun etiraz etmək hüququnu da təmin etməmişdir. Cinayət-Prosessual Məcəllənin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: 26.2.1. cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək: 26.2.2. ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək. Cinayət-Prosessual Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Cinayət-Prosessual Məcəllənin 91.5.11.-ci maddəsinə əsasən ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; 91.5.12.-ci maddəsinə əsasən tərcüməçinin köməyindən pulsuz istifadə etmək; 91.5.13.-cü maddəsinə əsasən etirazlar etmək və vəsatətlər vermək təqsirləndirilən şəxsin hüquqlarıdır. Cinayət-Prosessual Məcəllənin 120.2.-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan aşağıdakıları etməlidir: 120.2.1. cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmaq (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir); 120.2.2. etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirmək. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Həmin Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “e” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüququna malikdir. Pulsuz tərcüməçi xidmətlərindən istifadə hüququ müstəsna olaraq yalnız təqsirləndirilən şəxsin məhkəmədə istifadə edilən dili başa düşmədiyi və ya həmin dildə danışmadığı hallarda tətbiq edilir (K. Fransaya qarşı (qər)). Təqsirləndirən şəxs vəkillə təmsil olunursa, adətən təqsirləndirilən şəxsin deyil, onun vəkilinin məhkəmədə istifadə olunan dili bilməsi kifayət etmir. Müvafiq məhkəmə prosesinin şifahi tərcüməsi təqsirləndirilən şəxsin məhkəmə prosesini başa düşməsini və öz müdafiəsi ilə bağlı istənilən məsələ barədə vəkilinə məlumat verə bilməsini tələb edən iclasda iştirak hüququnu ehtiva edən ədalətli məhkəmə araşdırması hüququ olaraq zəruridir (Kamasinski Avstriyaya qarşı, § 74; X3rşı, § 38). Konvensiyanın 6-cı maddənin 3-cü bəndinin (e) yarımbəndi təqsirləndirilən şəxs və vəkili arasındakı qarşılıqlı münasibətlərə aid edilmir, yalnız təqsirləndirilən şəxs və hakim arasındakı münasibətlərə tətbiq edilir (X. Avstriyaya qarşı (qər.), s. 68). Tərcüməçi hüququndan imtina edilə bilər, lakin bu vəkilin deyil, təqsirləndirilən şəxsin qərarı olmalıdır (Kamasinski Avstriyaya qarşı, § 80). Hakim xüsusilə vəkildən ərizəçi ilə ünsiyyət zamanı yaranan çətinliklər barədə məlumat daxil olduqda, ərizəçinin həqiqətən tərcüməçi xidmətinə ehtiyacı olub-olmadığını müəyyənləşdirməlidir. Hakim əmin olmalıdır ki, tərcüməçinin olmaması ərizəçinin iclası tam olaraq başa düşməsinə və iclasda iştirakına zərər vurmayacaq (X3rşı, § 38). Təqsirləndirilən şəxsin dil bilikləri çox əhəmiyyətli olduğundan, məhkəmə həmçinin məhkəmə iclası zamanı istifadə edilən dili kifayət qədər yüksək səviyyədə bilmənin zəruriliyinə münasibətdə, şəxsin ittiham olunduğu cinayətin mahiyyətini və milli hakimiyyət orqanlarının təqsirləndirilən şəxsə ünvanladığı müraciətləri araşdırmalıdır (Ermi İtaliyaya qarşı [BP], § 71; Katriç Fransaya qarşı, §41; Şaman Türkiyəyə qarşı, §30; müvafiq dəyişikliklərlə Güngör Almaniyaya qarşı (qər.)). Konvensiyanın 6-cı maddənin 3-cü bəndinin (e) yarımbəndinin təmin etdiyi hüququn səmərəli və praktiki şəkildə həyata keçirilməsi üçün səlahiyyətli orqanlar təkcə tərcüməçinin təyin edilməsi ilə kifayətlənməməli, həmçinin müvafiq xəbərdarlıq halında tərcümənin keyfiyyətini yoxlamalıdırlar (Kamasinski Avstriyaya qarşı, § 74; Ermi İtaliyaya qarşı [BP] §70; Protopapa Türkiyəyə qarşı, § 80). Bundan başqa, iş materiallarında olan ibtidai istintaqı aparmış müstəntiq Natiq Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, cinayət nəticəsində dəymiş maddi ziyan kimi 14.920.000 Rus rublu zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Zərərçəkmiş şəxs3 maddi sübut hesab edilmiş 14.920.000 Rus rublunu cinayət işi üzrə məhkəmə baxışı yekunlaşanadək özündə saxlayacağı barədə yazılı öhdəlik götürmüşdür. Qəbzlərdən və iltizamdan görünür kimi, cinayət işi üzrə maddi sübut kimi tanınmış 14.920.000 Rus rublu həqiqətən də zərərçəkmiş şəxslərə geri qaytarılmışdır. Məhz buna görə də cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 16-cı bəndində 14.920.000 Rus rublunun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. Bununla belə, ibtidai istintaqı aparmış müstəntiq Natiq Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında” protokollardan görünür ki, həmin gün həm təqsirləndirilən şəxslərə, həm də zərərçəkmiş şəxslərə ibtidai istintaqın qurtarması barədə məlumat verilərkən onlara maddi sübut kimi tanınmış 14.920.000 Rus rublu ilə də tanış olmaq hüququ izah edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə ayrı-ayrılıqda təqsirləndirilən Baljanovı İsrapılın və digər təqsirləndirilən Təqsirləndirilən şəxs2, eləcə də xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə ayrı-ayrılıqda zərərçəkmiş şəxslərin iştirakı ilə keçirilmiş cinayət işinin materialları və maddi sübutlarla tanış etmə istintaq hərəkətlərinə dair protokollardan görünür ki, maddi sübut kimi tanınmış 14.920.000 Rus rublu tanış olmaları üçün həmin şəxslərə təqdim olunması göstərilmişdir. Halbuki 14.920.000 Rus rublu xx.xx.2025-ci il tarixdə faktiki olaraq sahibi olan zərərçəkmiş şəxslərə geri qaytarılmışdır. Həmin xüsusatla bağlı məhkəmə hazırlıq iclasında verilmiş suallara cavab olaraq hər iki təqsirləndirilən şəxslər ayrı-ayrılıqda onların iştirakı ilə keçirilmiş cinayət işinin materialları və maddi sübutlarla tanış etmə istintaq hərəkətləri zamanı 14.920.000 Rus rublunun tanış olmaları üçün onlara real olaraq təqdim olunmadığını göstərmişlər. Göründüyü kimi, iş üzrə maddi sübut kimi tanınmış və xx.xx.2025-ci il tarixdə faktiki olaraq sahibi olan zərərçəkmiş şəxslərə geri qaytarılmış 14.920.000 Rus rublu real olaraq tanış olmalarından ötrü nə təqsirləndirilən şəxslərə, nə də ki zərərçəkmiş şəxslərə təqdim olunmamışdır. Cinayət-Prosessual Məcəllənin 285.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqın əvvəlindən sonunadək, eləcə də iş materiallarında olan ittiham aktında təqsirləndirilən Baljanovı İsrapılın anket məlumatları “X4” kimi göstərilmişdir. Halbuki iş materiallarında olan həm Gürcüstan Respublikasının 18AD22072 nömrəli pasportunda, həm Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətində, həm də Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli, 82155822 nömrəli bildirişdə Baljanovı İsrapılın ata adının “Sabir” olması öz əksini tapmamışdır. Ümumiyyətlə qeyd edilən sənədlərdə təqsirləndirilən şəxsin atasının adının göstərilməsi öz əksini tapmamış, eləcə də iş materiallarında təqsirləndirilən şəxsin atasının adının “Sabir” olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Buna baxmayaraq, ibtidai istintaqı aparmış müstəntiq ittiham aktı daxil olmaqla cinayət işinin materiallarında olan bütün sənədlərdə Baljanovı İsrapılın anket məlumatlarını “X4” kimi göstərmişdir. Qeyd edilən hal isə təqsirləndirilən şəxs Baljanovı İsrapıl haqqında məlumatların yanlış göstərilməsinə dəlalət edir. Cinayət-Prosessual Məcəllənin 223.3.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar göstərilir. Cinayət-Prosessual Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə ittiham aktı Cinayət- Prosessual Məcəllənin 289 maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Cinayət-Prosessual Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.7. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Beləliklə, hazırkı işin materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ, həmçinin cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ kobud şəkildə pozulmuş, ittiham aktı müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsini tələbinə uyğun tərtib edilməmiş, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surəti verilməmiş, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı bir sıra aşağıdakı prosessual pozuntulara da yol verildiyi müəyyən edilmişdir. Belə ki, cinayət işinin cild İ vərəq 154-də olan xx.xx.2025-ci il tarixli “müdafiəçi dəvət edilməsi və cinayət prosesinə buraxılması haqqında” qərarın 5-ci abzasında şübhəli şəxsin adı səhvən tamamilə bu işə heç bir aidiyyəti olmayan digər şəxs, yəni X1 göstərilmişdir. Halbuki həmin iş üzrə Ömər Məmmədov adlı şübhəli şəxs olmamış, ümumiyyətlə də Ömər Məmmədov adlı şəxsin adı iş materiallarında keçməmişdir. Bundan başqa, iş materiallarında cild İ vərəq 204-də olan Şəmkir rayon Vəkil Bürosunun xx.xx.2025-ci il tarixli, 199 nömrəli orderinə əsasən iş üzrə adı keçən Şahid1 müdafiəçinin Şəmkir rayon Vəkil Bürosunun vəkili X6 olmasına baxmayaraq, iş materiallarında cild İ vərəq 194-də olan xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokolda Şahid1 müdafiəçisi kimi X7 olması göstərilmişdir. İş materiallarında cild İ vərəq 214-də olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolda istintaq hərəkətinin başlama və bitmə vaxtı göstərilməmişdir. İş materiallarında cild İİ vərəq 36-da olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdim edilən materiallar ilə tanış etmək haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 iştirakı ilə keçirilən həmin istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə saat 11:30-da başlamış və həmin gün saat 12:45-də başa çatmışdır. İş materiallarında cild İİ vərəq 38-də olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:40-da iş üzrə digər təqsirləndirilən şəxs Şahid1 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona ittiham elan olunmuşdur. Həmçinin cild İİ vərəq 47-də olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə saat 11:50-də başlamış və saat 12:30-da başa çatmışdır. Qeyd edilən istintaq hərəkətləri eyni müstəntiq, yəni Natiq Şirinov tərəfindən həyata keçirilmişdir. Sözügedən istintaq hərəkətlərinə dair protokollardan belə görünür ki, ibtidai istintaqı aparmış müstəntiq xx.xx.2025-ci il tarixdə saat 11:30-da saat 12:45-dək olan müddət ərzində paralel olaraq ayrı-ayrı üç istintaq hərəkətini keçirmişdir. Qeyd edilən hal isə istintaq hərəkətlərinin prosessual pozuntuya yol verilməklə keçirilməsinə dəlalət edir. İş materiallarında cild İİ vərəq 38-də olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Şahid1 Cinayət Məcəlləsinin 32.5, 181.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Buna baxmayaraq, müstəntiq cild İİ vərəq 44-də olan protokolda səhvən Şahid1 Cinayət Məcəlləsinin 32.5, 181.3.2 və 181.3.2-ci maddələri ilə ittiham elan edildiyini göstərmişdir. İş materiallarında cild İİ vərəq 47-də olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə saat 11:50-də başlamış və saat 12:30-da başa çatmışdır. Bununla belə, cild İİ vərəq 58-də olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdim edilən materiallar ilə tanış etmək haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə saat 12:25-də başlamış, həmin gün saat 12:35-də başa çatmışdır. Göründüyü kimi, birinci istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə saat 12:30-da başa çatdığı halda, müstəntiq həmin istintaq hərəkəti başa çatmamış elə həmin gün saat 12:25də digər istintaq hərəkətini keçirməyə başlamışdır. Bu isə həmin istintaq hərəkətlərinin də prosessual pozuntuya yol verilməklə keçirilməsinə dəlalət edir. İş materiallarında cild İİ vərəq 113-də olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində maddi ziyanın Zərərçəkmiş şəxs1 dəyməsi göstərilsə də, qərarın nəticə hissəsində zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs3 tanınmışdır. İş materiallarında cild İV vərəq 128-də olan xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat vermək haqqında” protokoldan görünür ki, müdafiəçinin orderinin tarixi kimi xx.xx.2025-ci il tarix göstərilmişdir. Halbuki həmin order istintaq hərəkətinin keçirildiyi tarixdən sonrakı tarixli deyil, məhz xx.xx.2025-ci il tarixlidir. İş materiallarında cild İV vərəq 128-də olan xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat vermək haqqında” protokoldan görünür ki, müdafiəçinin orderinin tarixi kimi xx.xx.2025-ci il tarix göstərilmişdir. Halbuki həmin order də istintaq hərəkətinin keçirildiyi tarixdən sonrakı tarixli deyil, məhz xx.xx.2025-ci il tarixlidir. İş materiallarında cild İV vərəq 157-də olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə cinayət işinin materiallarını təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, müdafiəçinin orderinin tarixi kimi xx.xx.2025-ci il tarix göstərilmişdir. Halbuki həmin order istintaq hərəkətinin keçirildiyi tarixdən daha əvvəl, yəni xx.xx.2025-ci il tarixdə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Cinayət-Prosessual Məcəllənin 300.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Cinayət-Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(076)- 120/2025 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs Baljanovı İsrapılın həbsdə saxlanılması müddəti 01 (bir) ay, yəni 23 oktyabr 2025-ci il tarixdən 23 noyabr 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(076)- 121/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti 01 (bir) ay, yəni 23 oktyabr 2025-ci il tarixdən 23 noyabr 2025-ci il tarixədək uzadılmışdır. Cinayət-Prosessual Məcəllənin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ayrı-ayrılıqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Baljanovı İsrapıl barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətə uzadılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-301, 303 və 306-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Baljanovı İsrapılın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Baljanovı İsrapılın barəsində ayrıayrılıqda seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxslərə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-545/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-545/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver