Məhkəmə qərarları › İş №1(100)-558/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-558/2025

23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-558/2025 23.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdə saat 17 radələrində qohumuna məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində qeyri-rəsmi ərarvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ondan 20 manat pul vəsaiti tələb etməsindən imtina edərək “pulu get pozğunluq edən bacından al” deməsi səbəbi ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədilə mübahisə baş verən ünvanda evin pəncərəsinə bayır tərəfdən söykənilmiş vəziyyətdə olan məişət güzgüsünü sındırdıqdan sonra həmin güzgünün iti uca malik sınmış hissəsini silah qismində istifadə edib qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs üzərinə hücum etməklə qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vurub sonuncuya insan həyatı üçün təhlükəli olan, qarının ön divarının daxilə nüfuz edən, mədənin, mədəaltı vəzin, aşağı boş venanın zədələnməsi və ağır dərəcəli hemmoragik şokla müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bibisi qızı Rövşanə ilə birlikdə evdə olan zaman əri Nicat evə gəlib ayaqqabı almaq üçün ondan pul istəmiş, o da pulunun olmadığını bildirmişdir. Bundan sonra Nicat dava-dalaş salmağa başlamış, onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Nicat ona qarşı nalayiq ifadələr işlədəndə o, “bacına oxşamışam” deyə cavab vermiş, bundan sonra sonuncu onu döyərək saçını yolmuş, o da özünü müdafiə etmək məqsədi ilə şüşə qırığı ilə Nicatı yaralamışdır. Nicatı vurmaqda məqsədi onu ayağından vuraraq qorxutmaq olsa da qarın boşluğundan vurmuşdur. Həmin vaxt Nicatın qarnından qan axdığını görməmişdir. Rövşanə qışqıraraq Nicatın qarnından qan axdığını demiş və kömək çağırmışdır. Daha sonra Nicatı xəstəxanaya aparmışlar. Həmin vaxt polislər gəlmiş, o da törətdiyi əməli etiraf edərək Nicatın onunla dalaşdığını deyib, bədənindəki xəsarət izlərini göstərmişdir. Daha sonra onu polis şöbəsinə aparmışlar. Sonda himayəsində iki azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən ona azadlıqdan məhurmetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yoldaşı Bəsti ilə pula görə mübahisə etmişdir. Belə ki, hadisə günü evə gəlib Bəsti ilə dava-dalaş edərək ona sillə vurmuş, saçından tutub kürəyinə xəsarət yetirmişdir. Bəstinin onu nə ilə vurduğunu görməmiş, sadəcə bədənindən isti qan axdığını hiss etmişdir. Bəstinin onu şüşə ilə vurduğunu sonradan bilmişdir. Hazırda Bəsti ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü dayısı qızı Bəsti ilə həyətdə oturan zaman sonuncunun yoldaşı Nicat səs-küylü şəkildə yanılarına gələrək Bəstidən 20 manat pul istəmişdir. Bəsti pulunun olmadığını bildirdikdə onlar dalaşmağa başlamış, bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Nicat Bəstini sillə ilə vurmuş, daha sonra saçından tutub yenə nalayiq ifadələr işlətmiş və onun sol çiyin nahiyyəsindən dişləmişdir. Daha sonra Bəsti pəncərənin yanında olan güzgü qırığını götürüb Nicatın qarın boşluğundan bir dəfə vurmuşdur. O, Nicatın üst geyimini qaldırıb baxdığı zaman qarnından qan axdığını görmüş və qışqırıb kömək çağırmışdır. Həmin vaxt Ruslan və Murad həyətə gəlmiş və onlar birlikdə Nicatı xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü dayısı qızı Bəsti yoldaşı Nicatla birlikdə onlara qonaq gəlmişdir. O, həyətə çıxanda artıq hadisə baş vermişdir. Belə ki, Bəsti həyətdəki güzgü qırığı ilə Nicatın qarın boşluğuna zərbə vurmuşdur. O, hadisənin şahidi olmadığından Nicatla Bəstinin arasında nə söz-söhbət olduğunu bilməmiş, hadisə yerinə gedəndə Rövşanənin əski parçası ilə Nicatın qarnını tutduğunu görmüşdür. Sonra qonşuda işləyən ustaların avtomobili ilə Nicatı Qazax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bəstinin dayısı uşaqları ilə dostdur. Hadisə günü onların yanına getmiş və birlikdə həyətdə oturub çay içmişlər. Bəsti və Nicatın mübahisə etdiklərini eşidib çölə çıxanda Rövşanənin Nicatın qarnını tutaraq kömək istədiyini görmüşdür. Yaxınlaşıb nə olduğunu soruşanda X5 vurduğunu bildirmişdir. Onlar həyətdə işləyən ustaların avtomobili ilə Nicatı xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* ömrəli cinayət işi başlanmış və icraata qəbul edilib ibtidai istintaq aparılmışdır. Qazax RPŞ-nın məsul növbətçisi polis baş leytenantı Kənan Qənbərovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:44-də Qazax rayon Acil şöbəsinin həkimi Xamoyeva telefonla məlumat verərək bildirmişdir ki, Qazax şəhəri, Göyçəllər məhlləsində yaşayan 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın divarının açıq yarası və qanlı qusma xəsarəti ilə Acil şöbəsinə daxil olmuşdur. “Paltarın götürülməsi və baxış keçirilməsi haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qısaqol köynək Qazax rayon mərkəzi xəstəxanasının Cərrahiyə şöbəsində müvafiq sənədləşmə əsasında götürülmüş, ona baxış keçrilərək fotoşəkilləri çəkilmişdir. “Baxış keçirilməsi haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 14 iyul 2025-ci il tarixdə hadisə yerinə baxış istintaq hərəkəti aparılmış və müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Şahid1 yaşadığı Qazax şəhəri, Bakı küçəsi, 2-ci döngə, 23 nömrəli evin həyətidir. Həmin evin həyətyanı sahəsi daş hasarla və dəmir darvaza ilə əhatə olunmuşdur. Baxış zamanı çardağın altında otağın qabaq hisəssində həyətdə yerdə güzgünün sınmış hissələri müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Şahid1 yerdə olan güzgünün sınmış hissəsini göstərib bildirmişdir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi əri Zərərçəkmiş şəxs həmin güzgü parçası ilə qarın nahiyyəsinə vurub xəsarət yetirmişdir. Həmin güzgü parçası iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb götürülmüş. Hadisə yerində çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20-də Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 14 iyul 2025-ci il tarixli 75 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əyani olaraq ifadəsində göstərdiyi xüsusatlar yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib olunmuş və videoçəkiliş 01 ədəd diskdə protokola əlavə edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında azad olunmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyul 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertizasının 15 iyul 2025-ci il tarixli 252 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sağ əlin ovuc səthində səthi kəsilmiş yara kəsici əşyanın sol bazunun yuxarı 1/3 tış səthində sıyrıqlar isə küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə güzgü parçası ilə və dişləmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, X2 20 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Sabunçu rayonunda anadan olmuşdur. Bu barədə 20 aprel 2023-cü ildə Qazax rayon qeydiyyat şöbəsi tərəfindən 273 saylı doğum haqqında akt tərtib olunmuşdur. Qazax RİHB-nin şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ev təsərrüfatlarının uçotu kitabına əsasən ünvan 1 ünvanında qeydiyyatdadır. Qazax RİHB-nin şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ev təsərrüfatlarının uçotu kitabına əsasən ünvan 1 ünvanında qeydiyyatdadır. Onun ailə tərkibi: qeyri rəsmi əri-Zərərçəkmiş şəxs, oğlanları- xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3. Qazax RİHB-nin şəhər İƏD üzrə nümayəndəliyinin Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində bu günədək yaşadığı məhəllə sakinləri tərəfindən Qazax şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət və narazılıq, o cümlədən təqsirləndirilici sənəd daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 318.2, 70-ci maddələrinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin cəza 10 ay müddətinə şərti cəza ilə əvəz olunmuşdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs bağışlayıb. Onun heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, onun heç bir şikayət və tələbi yoxdur. Kompleks Ambulator Məhkəmə Psixatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 550 nömrəli rəyinin nəticə hissəsi: Təqsirləndirilən şəxs hal- hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətir müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Müayinə zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. İş üçün əhəmiyyət kəsb edən halları qavramaq və bu barədə düzgün məlumat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. O, halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Reypublikası CM-nin 21 və və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Hadisəsini törədərkən onun psixi- emosianal halında gərginlik, əsəbilik, aqressivlik meydana gəlmişdir. Cinayət hadisəsi törədərkən güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 358 nömrəli rəyində göstərilmişdir:

1. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- Qarının ön divarının daxilə nüfuz edən, mədənin, mədəaltı vəzin, aşağı boş venanın zədələnməsi və ağır dərəcəli hemorragik şokla müşayət olunan kəsilmiş-deşilmiş yarası, kəsici-deşici əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. 2.Qeyd olunan xəsarətlər iti uca malik şüşə parçası ilə yetirilə bilər. Məhkəmə-tibbi bioloji ekspertizasının 25 sentyabr 2025-ci tarixli 38 nömrəli rəyindən müəyyən edilmişdir:

1. Zərərçəkmiş şəxs maye halda qanın qrup göstəricisi ABO sistemi üzrə О (İ) alfa, betadır.

2. Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi О (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Hadisə yerindən götürülmüş bir ədəd şüşə parçası üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə O (İ) alfa, beta olduğundan Zərərçəkmiş şəxs özünə məxsus ola bilər. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 10 (on) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmişdir. Məhkəmə-trasoloji ekspertizasının 29 oktyabr 2025-ci il tarixli, 16/852 nömrəli rəyində qeyd edilmişdir: - Tədqiqata təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə kəsici-deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edimədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş şüşə parçasının təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2025-ci il tarixli 358 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarının ön divarının daxilə nüfuz edən, mədənin, nədəaltı vəzin, aşağı boş venanın zədələnməsi və ağır dərəcəli hemorragik şokla müşayət olunan kəsilmiş- deşilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir,yəni zədə və xəsarət üst-üstə düşür. “Sübutların qiymətləndirilməsi haqqında” 08 noyabr 2025-ci il tarixli qərardan görünür ki, İş üzrə maddi sübutlar - 01 ədəd qısaqol köynək və 01 ədəd güzgü şüşə parçası Qazax RPŞ-nin saxlanc anbarında saxlanca verilmişdir. İfadənin yerində yoxlanması protokoluna əlavə edilmiş 01 ədəd disk sübut növü kimi qəbul edilib qiymətləndirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 adlı övladları var. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs qonaq getdiyi dayısı uşaqlarının yaşadığı evin pəncərəsinə bayır tərəfdən söykənilmiş vəziyyətdə olan məişət güzgüsünü sındırdıqdan sonra həmin güzgünün iti uca malik sınmış hissəsini silah qismində istifadə edərək Zərərçəkmiş şəxs üzərinə hücum etməklə qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq sonuncuya qəsdən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində ilə təqsirli bilinməli və cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.1.3-cü maddəsinə əsasən 67.1-ci maddəsinə əsasən maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 10 (on) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci madəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hazırki əməli sınaq müddətində törədib. Nəticədə onun əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 71.5 –ci maddəsinə əsasən, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 10 (on) ay sınaq müddəti ilə müəyyən edilmiş şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1–ci maddəsinə əsasən Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası ona yeni təyin edilmiş cəzaya qismən birləşdirməklə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdən 16 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesablanmaqla, cəmi 02 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkəcəyi halda himayəsində olan iki azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar etməklə öz ailəsini ağır vəziyyətə sala bilər, habelə ailəsinin rifahına, azyaşlı uşaqlarının tərbiyəsinə və həyat şəraitinə təsir edə bilər, həmçinin məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona görə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsini tətbiq edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsini himayəsində olan balaca, yəni xx.xx.2023-cü il tarixdə anadan olmuş uşağı X2 on dörd yaşına çatanadək təxirə salınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının CM-nin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə uşağının qayğısını çəkmək, onun tərbiyəsi və təhsili ilə məşğul olmaq vəzifəsi qoyulmalı. Onun davranışına nəzarət yaşayış yeri üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax rayon Polis İdarəsində saxlanılan bir ədəd güzgü şüşə parçası məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi tərəfindən 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 110 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 71.5 -ci maddəsinə əsasən, Qazax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 1(023)-65/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 318.2-ci maddəsi ilə qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin hökmə əsasən CM-nin 70-ci maddəsi tətbiq olunaraq 10 (on) ay sınaq müddəti müəyyən edilmiş şərti məhkum etmə ləğv edilsin və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdən 16 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində CM-nin 79-cu maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan xx.xx.2023-cü il tarixdə anadan olmuş uşağı X2 14 yaşına çatanadək, yəni 2037-ci il martın 20-dək təxirə salınsın. Təqsirləndirilən şəxs üzərinə uşağının qayğısını çəkmək, onun tərbiyəsi və təhsili ilə məşğul olmaq vəzifəsi qoyulsun. Onun davranışına nəzarət yaşayış yeri üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Qazax Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd güzgü şüşə parçası məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 110 manat məbləğində pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar