Məhkəmə qərarları › İş №1(100)-56/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-56/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-56/2025 02.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Həsənov Hüseyn Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əliyev X4 Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən, Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl şərti azad edildikdən və 27 mart 2022-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan “Behzat” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan “Behzat” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə gizlətdikləri məlum olmayan çəkidə külli miqdar narkotik vasitə olan heroini və qurudulmuş marixuananı, eləcə də külli miqdar kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi **-BC-*** nömrə nişanlı “Toyota Prius” markalı avtomobildə qanunsuz daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 26 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 01:10-da Bərdə rayonu ərazisində Bəhramtəpə-Mingəçevir yolunun 84-cü kilometrliyində saxlanılaraq Bərdə RPŞyə gətirilmiş, 26 noyabr 2022-ci il tarixdə saat 02:45-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs saxladığı torbadan bir ədəd bağlamada 535 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada 2011,5 qram çəkidə psixotrop maddə metamfetamin, idarə etdiyi **-BC-*** nömrə nişanlı “Toyota Prius” markalı avtomobilə 26 noyabr 2022-ci il tarixdə saat 04.10-dan etibarən keçirilmiş baxış zamanı isə avtomobilin arxa oturacağının üzərindəki bağlamadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üç ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1977,1 qram, 1987 qram və 580,6 qram, ümumi təmiz çəkisi 4544,7 qram narkotik vasitə heroin, 9 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 560,4 qram, 1027,1 qram, 548,7 qram, 406 qram, 526,2 qram, 538,3 qram, 546,8 qram, 726,4 qram və 548,1 qram, ümumi təmiz çəkisi 5428 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1982,4 qram və 502 qram olmaqla ümumi təmiz çəkisi 2484,4 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki tərkibi tərəfindən dindirilərkən göstərmişdir ki, qeyd edilən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, ancaq kuryerlik, yəni narkotik vasitənin bir yerdən başqa yerə aparılmasına görə veriləcək pul məbləği ilə razılaşaraq İmişli rayonundan qeyd edilən narkotik vasitələri götürüb Bakı şəhərinə aparmaq üçün razılaşmış və istifadəsində olan “Priora” markalı avtomobillə həmin narkotik vasitələri götürüb aparmışdır. Yolda isə tanışı olan qadınla görüşmək üçün Bərdə rayonuna getmiş və sonuncu ilə bir yerdə olarkən mülki geyimli polis əməkdaşları onları saxlayıb Bərdə RPŞ-yə gətirmiş orada həm üzərindən, həm də avtomobildən qeyd edilən narkotik vasitələr aşkar edilib götürülmüşdür. Məhkəmənin yeni tərkibi tərəfindən işə baxılarkən şahidlər dindirildikdən sonra əlavə ifadə vermək istədiyini bildirən Təqsirləndirilən şəxs göstərdi ki, xx.xx.2022-ci ildə üzərindən və avtomobildən aşkar edilən narkotik vasitələr ona məxsus deyil. Həmin narkotik vasitələri avtomobilinə müştəri qismində əyləşmiş şəxs qoymuş, sonra isə həmin adını bilmədiyi şəxs işi olduğunu deyib maşından düşərək, həmin yükü Bakıya aparmasını demişdir. Razılaşaraq yükü pul müqabilində Bakı şəhərinə aparmağa razılaşmış, “Waze” proqramını qoşaraq yolu tanımadığı üçün həmin proqramla maşını sürməyə başlamış və yolda gedərkən çəkilişdə yanında olan qadını müştəri kimi maşına əyləşdirmişdir. Sonradan isə Bərdə rayonu ərazisində saxlayıb əl üzünü yuyarkən “narkobiznes”in mülki geyimli polis əməkdaşları onları saxlayıb Bərdə RPŞ-yə gətirmiş, bir neçə saat orada saxlanıldıqdan sonra ona qarşı psixoloji təzyiq edilərək telefonda qadın paltarı geyinmiş kişiləri göstərib həm özü, həm də maşındakı narkotik vasitələrin özünə məxsus olmasını deməsini, əks təqdirdə ona qadın paltarı geyindirib videoya çəkərək paylaşacaqlarını bildirmiş, psixoloji təzyiqə dözməyib aparılan videoçəkilişdə qeyd edilən narkotik vasitələrin özünə məxsus olmasını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, narkotik vasitələrin satışı ilə məşğul olmur. Bərdə rayonuna da naviqatorun nişan verdiyi istiqamət üzrə hərəkət edərək gəlmişdir. Qadını isə tanımamış, yoldan müştəri olaraq götürmüşdür. Onun maşınına müştəri kimi əyləşmiş və sonradan yolda düşüb “yükü”nü Bakıya çatdırmağı xahiş etmiş şəxsi isə tanımır. Yol pulunu aldığı üçün ona yükün nə olmasını soruşmaq maraqlı olmamışdır. Himayəsində azyaşlı böyrək xəstəliyindən əziyyət çəkən qızı və İ qrup əlil atası var. Ona aid olmayan narkotikə görə ağır cəza verilməsini istəmir və məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. Məhkəmdən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək xx.xx.2022ci il tarixli şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki .... tutulmamışdan bir neçə ay əvvəl sosial şəbəkələr vasitəsilə İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxslə tanış olmuşdur. Behzatla telefonla əlaqə saxlayarkən ona narkotik vasitə göndərməsini, onun həmin narkotik vasitəni dediyi yerə çatdırıb əvəzində pul göndərməsini təklif etmiş, o da Behzatla razılaşmışdır. 24 noyabr 2022-ci ildə telefonla danışarkən Behzat İmişli rayonu ərazisində onun götürməsi üçün narkotik vasitə qoyacağını demişdir. O gedib Behzatın dediyi yerdən bağlamaları götürmüş və heç kimin görməməsi üçün maşında saxlamışdır ... 26 noyabr 2022-ci ildə saat təxminən 01:10 radələrində Bərdə rayonu ərazisindən keçən Bəhramtəpə-Mingəçevir yolunun 84-cü kilometrliyində **-BC-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli, Toyoto Prius markalı avtomobilin yanında tanışı X2 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş, narkotik vasitələrin satışında şübhəli olduğunu deyib Pərvin İbrahimova ilə birlikdə Bərdə RPŞ-yə aparmışlar ... Vəkil dəvət edilmiş onun iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi bildirildikdə əynindəki qara rəngli şalvarının sağ yan cibindən 55 manat pulu, sol yan cibindən 1 ədəd avtomobil açarını, arxa sağ cibindən “Redmi” və “İphone” markalı telefonları vermiş, pul və avtomobil açarı ona qaytarılmış, telefonu götürmüşlər .... Torbaya baxış zamanı metamfetamin və marixuana aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sorğu-sual zamanı avtomobildə narkotik tərkibli maddələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini bildirmiş, avtomobilə baxış keçirilən zaman arxa oturacağın üzərində saxladığı 9 ədəd bağlamada qurudulmuş marixuana, 3 ədəd bağlamada heroini və 2 ədəd bağlamada psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin maddələr çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən və avtomobildən aşkar edilmiş maddələrin narkotik vasitə qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu, həmin maddəni deyilən yerlərə qoymaq üçün üzərində və avtomobilində saxladığını demişdir.. Həmin maddələri İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxsin göstərişi ilə İmişli rayonu ərazisindən götürmüş, deyilən yerə qoyacağı təqdirdə hər kiloqrama görə 500 manat pul alacağını, saxlanılana qədər narkotik vasitəni müxtəlif Behzatın dediyi yerlərə atdığını göstərmişdir. İbtidai istintaqın sonrakı dövründə isə Təqsirləndirilən şəxs 19 iyun 2023-cü ildə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona yenidən ittiham elan edilərkən özünü elan edilmiş, ittiham üzrə təqsirli bilməmiş və üzərindən qeyd edilən miqdar narkotik vasitə aşkar edilmədiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 25 noyabr 2022-ci ildə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 25 noyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan yerə Bəhramtəpə-Mingəçevir yolunda avtomobili dayanmış vəziyyətdə özünü və avtomobildəki bir qadını “Toyota Prius” markalı avtomobilin yanında saxlamışlar. Elşən və yanındakı qadın Bərdə RPŞ-yə gətirilmiş, vəkil çağırılmış, təhqiqatçı Elşəni şübhəli şəxs kimi tutmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Qanunsuz əşyaları verməsi təklif edildikdə Elşən cibindəki əşyaları, mobil telefonları qara rəngli sellofan torbanı təqdim etmiş, içində nəşə olduğunu demişdir. Elşən özü maşında da narkotik vasitə olduğunu demiş, Bərdə RPŞ-nin həyətində olan “Toyota Prius” markalı avtomobilə baxış keçirmiş və arxa oturacağın üzərində xeyli sayda iri bağlamalarda marixuanaya heroinə və metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri pul müqablində deyilən yerlərə qoymaq üçün əvvəlcədən razılaşdığı İran vətəndaşı olan “Behzat” adlı şəxsin tapşırığı ilə bir neçə gün əvvəl İmişli rayonundan götürdüyünü, hər kiloqrama görə pul veriləcəyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qarşı nə özü, nə də digər polis əməkdaşları tərəfindən hansısa zorakılıq olmamış, ona qarşı heç bir fiziki və psixi təzyiq göstərilməmiş, şəxsi axtarış və maşına baxış videoçəkilişlə vəkilin iştirakı ilə keçirilmişdir. Məhkəmədə dindirilmiş şahidlər DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 və eyniməzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan BNMİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 26 Bakı Komissarı küçəsi ev 3 A-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddə satış məqsədi ilə əladə edib Bərdə rayonunda üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Bəhramtəpə Mingəçevir avtomobil yolunun 84-cü kilometrliyində Bərdə rayonu ərazisində idarə etdiyi “Toyota Pirius” markalı “** BC ***” qeydiyyat nömrə nişanlı avtomobilin yaxınlığında yanında olan X2 ilə birlikdə saxlanılmış hava və əməliyyat şəraiti nəzərə alınmaqla Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 noyabr 2022-ci il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci ildə, saat saat 01:10-da videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı torbadan bir ədəd bağlamada 535 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bağlamada 2011,5 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış və götürmə aparılması haqqında” 26 noyabr 2022-ci il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “**-BC-***” nömrə nişanlı “Toyota Prius” markalı avtomobildə keçirilmiş baxış zamanı arxa oturacağın üzərindəki bağlamadan üç ədəd bağlamada ümumi təmiz çəkisi 4544,7 qram narkotik vasitə heroin, 9 ədəd bağlamada ümumi təmiz çəkisi 5428 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamada ümumi təmiz çəkisi 2484,4 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizanın 26 noyabr 2022-ci il tarixli 6/6765 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş : - üzərində “... Təqsirləndirilən şəxs əlində...” sözləri və kağız bərkidilmiş bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 2011,5 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “...Təqsirləndirilən şəxs məxsus avtomobildən...” sözləri olan torbadakı üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1977,1 qram, 1987 qram, 580,6 qram, ümumi təmiz çəkisi 4544,7 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1982,4 qram, 502 qram, ümumi təmiz çəkisi 2484,4 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Torbadakı və bağlamadakı psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 4495,9 qramdır. Cinayət işində olan və məhkəmədə araşdırılan məhkəmə-bioloji ekspertizanın 26 noyabr 2022-ci il tarixli 7/1347 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əlində 1 ədəd sellofan torbadan aşkar edilmiş kütlə...” yazılan qara rəngli polietilen bağlamanın içərisində 1 ədəd sellofan bağlamada təmiz çəkisi 535 qram bitki mənşəli kütlə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş kütlə...” yazılan torbada 9 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 560,4 qram, 1027,1 qram, 548,7 qram, 406 qram, 526,2 qram, 538,3 qram, 546,8 qram, 726, 4 qram, 548,1 qram, ümumi təmiz çəkisi 5428 qram bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizanın 15 aprel 2023-cü il tarixli 2214 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli “maddi sübut hesab edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 4544,6 qram heroin, 4495,7 qram metamfetamin və 5962,5 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına BNMİ tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, qanunsuz olaraq satış məqsədilə əldə etdiyi narkotik vasitə və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Respublika Psixatriya Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 2144 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsini əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur İş materiallarında olan və məhkəmədə araşdırılan Sabunçu RİHB-nin Sabunçu qəsəbə üzrə ica nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-18-9/2-605/2023 saylı arayışdan görünür ki, Əliyev X4 qəsəbəsi, 2 aprel küçəsi 3A saylı evdə qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilən xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)- 91/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Sabunçu rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Surxanı rayon məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 1 ay 16 gün hissəsindən şərti olaraq azad edilmiş və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq olunan “cinayət işinin ayrıca icraat ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitələrinin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan şəxsin istifadəsində olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, şəxsin istifadə olan mobil nömrə ilə danışıqlar və yazışmalarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış, “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1270/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə müdafiə tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş AZE 07599140 saylı şəxsiyyət vəsiqəsi və 109597 saylı əlillik vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X3 İ qrup ömürlük əlillik təyin edilmişdir. Məhkəməyə təqdim edilən və məhkəmədə araşdırılan AZE 11076806 saylı və AZE 11853197 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Rəsul Əliyevin himayəsində xx.xx.2006-cı il təvəllüdlü Rəvan Əliyev və xx.xx.2011-ci il təvəllüdlü Mehri Əlizadə adlı azyaşlı övladları var. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs göstərdiyi ibtidai istintaqın son mərhələsi və məhkəmənin ilkin baxışında göstərdiyi üzərindən və avtomobildən aşkar edilmiş narkotik vasitələrin qeyd edilən miqdarda və ona məxsus olmaması, məhkəmə baxışının son mərhələsində isə həmin narkotik vasitələri avtomobilinə müştəri kimi əyləşmiş şəxsin qoyub Bakıya çatdırmasını deməsini, həmin çantada nə olmasından məlumatsız olmasına dair ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri, şahid ifadələri “şəxsi axtarış və götürmə” avotmobilə baxış keçirilməsi haqqında” protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərlə, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilmişdir. Həmin hallar digər sübutlarla təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı müxtəlif tərkiblərə müxtəlif məzmunlu ifadələr verməsi şəxsin səmimiliyi və etdiyi əməldən peşman olmamasına dair əsaslı şübhələr yaratmışdır. Yəni ilk dəfə dindirilərkən şəxsin etdiyi əməli tamamilə şahid ifadələrində olduğu kimi bildirməsi, sonrakı dindirməsi zamanı İmişli rayonundan narkotik vasitə və psixotrop maddə götürsə də, miqdarının aşkar edilən olmamasını, son məhkəmə iclasında isə ümumiyyətlə aşkar edilmiş narkotik vasitələri heç bir aidiyyəti olmadığını tanımadığı şəxsin həmin bağlamaları avtomobilə qoyub sonradan özünün düşüb dediyi ünvana Bakı şəhərinə aparmasını bildirməsini deməsini məhkəmə təqsirləndirilən şəxsin özünümüdafiə hüququna zidd olmasa da, məhkəməni yanıltmaq təşəbbüsü kimi qəbul edir. Təqsirləndirilən şəxs qeyd etdiyi hallar məntiqə sığmayan və ağlabatan olmamaqla yanaşı kənar müşahidəçinin nəzərində də bir digərini inkaredici hallar olaraq qəbul edilir. Yəni məhkəmənin qənaətinə görə özünümüdafiə təbii instinkt olmaqla yanaşı situasiyadan asılı olaraq müxtəlif formalarda təzühür etdiyindən hər dəfə yaranmış yeni hallara görə şəxs(lər)in əvvəl bildirdiklərini qəsdən və ya məcburiyyət üzündən inkar etməyə əvvəl verdiyi ifadələri və bildirdikləri ilə bilmədən əks məzmunlu ifadələr verməyə sövq edir. Odur ki, Təqsirləndirilən şəxs də ibtidai istintaqın sonrakı mərhələsindən başlayaraq ilk əvvəl qeyd edilən narkotik vasitələrin həmin çəkidə olmamasını bildirmiş, sonrakı müddətdə ifadələrini imzalamaqdan və sənədləri qəbul etməkdən imtina etmiş, nahəyət məhkəmə baxışında da ifşaedici halların üstün olmasını görüb məhkəmənin müxtəlif tərkiblərinə müxtəlif məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məsələlər məhkəmə istintaqı zamanı nə təsdiq, nə də inkar edilməsə də məhkəmə qeyd edir ki, ibtidai istintaqın ilkin mərhələsində göstərdiyi qazanc əldə etmək üçün narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsini “daşıyıcı” kuryer fəaliyyəti göstərməsi işin mübahisəsiz halıdır. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində göstərdiyi ifadələrini sübut kimi qəbul edərək sonrakı ibtidai araşdırma və məhkəmə baxışı zamanı göstərdiklərini özünümüdafiə hüququnun həyata keçirmə kimi qəbul edərək rədd edir. Təqsirləndirilən şəxsin məhkəmənin son iclasında göstərdiyi narkotik vasitələri tanımadığı şəxsin özü ilə maşına minərkən qoyması sonra isə özünün yolda düşərək işi olduğunu bildirib həmin bağlamaları Bakıya aparmasını qəbul etməsini isə Təqsirləndirilən şəxs kriminal keçmişi və təcrübəli olması ilə yanaşı əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib saxlamağa görə məhkum olunması nəzərə alınmaqla mümkünsüz hesab edir. Həmin hal o halda məhkəmədə şübhə yarada və həqiqət kimi qəbul edilə bilərdi ki, qeyd edilən narkotik vasitə bağlamaları ilə yanaşı daşınan yükdə digər geyim qida yaxud oxşar yüklər mövcud olardı yaxud narkotik vasitə bağlamaları hər hansı formada gizlədilmiş və digər əşyalarla yanaşı imitasiya edilmiş olardı. Məhkəmə şəxsin ifadələrini iş üzrə digər obyektiv sübutlar xüsusilə də istintaq hərərkətlərinin aparıldığı videoçəkilişlərlə müqayisə edildikdə hesab edir ki, həmin sübutlar digər sübutlara münasibətdə daha üstün və kənar müşahidəçinin nəzərində obyektiv olmaqla yanaşı hər hansı qanunsuzluğa məruz qalan (qaldığını iddia edən) şəxs öz etirazını bildirmək üçün kifaəyət qədər imkana (fürsətə) malik olur. Videçəkilişlərin məhkəmədə tədqiqindən sonra Təqsirləndirilən şəxs həmin vaxt “kefsiz” olduğunu və bunun aşkar müşahidə edildiyini göstərsə də, məhkəmə qeyd edir ki, həm şəxsi axtarış, həm də avtomobilə keçirilmiş baxış zamanı təqsirləndirilən şəxsin nisbətən aşağı əhval ruhiyyədə olması onun cinayət əməlinin ifşa edilməsi və onu gözləyən mərhumiyyətlərin cəza təhdidi, uzunmüddətli məhkumluq həyatının dərk edilməsi eyni zamanda külli miqdar qazancdan məhrumolma ilə bağlı ola bilər. Dediklərinin həqiqət kimi qəbul edilməsi üçün ona aşkar psixoloji təzyiq göstərilməsi, müdafiə hüququnun pozulması, vəkilin kənarlaşdırılması, yaxud istintaq hərərkəti zamanı aşkar sezilən dominantlıq (üstünlük) meylləri seçilməli idi ki, məhkəmə tədqiq edilən videoçəkilişlərdə bunların heç birinin olmaması müəyyən edilmişdir. Qeyd edilməlidir ki, avtomobildən aşkar edilən narkotik vasitənin şəxsə məxsusluğu təsdiq edilməsəydi belə şəxsin üzərindən 2 növ və külli miqdarda (metamfetamin və marixuanın) aşkar edilməsi belə ona verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını əsas verəcəkdi. Cinayət törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin eləcə də psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Həmin Qanunun İ siyahısında narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış narkotik vasitələrin növlərinin - heroin və marixuananın külli miqdarda, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilərək dövriyyədən çıxarılmış marixuanının əvvəlcədən ayrılmış və xüsusi olaraq qablaşdırılmış narkotik vasitə və psixotrop maddələrə münasibətdə 2, 3 və 9 ədəd bükümdə olması və cinayət işinin digər materialları nəzərə alaraq təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri satış (kuryerlik edərək qazanc əldə etmə ) məqsədilə qənaətinə gəlir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə, beş ildən on iki ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hər bir halda şəxsə qanunçuluq prinsipinə əsasən cinayət törədildiyi vaxt qüvvədə olan maddənin dispozsisiyasına uyğun sanksiya həddində cəza təyin etməsinə baxmayaraq aşkar edilmiş narkotik vasitələrin bir neçə növdə və külli miqdar çəkilərdə ayrı-ayrı bağlamalarda olması (kifayət qədər ciddi çəkil və külli miqdar dəyərə malik olmasını) şəxsə təyin edilən cəzanın miqdarına təsirinin olacağını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladları olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, atasının İ qrup əlil olmasını və qızının böyrək xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi eyni xarakterli narkotik vasitələrin dövriyyəsi ilə bağlı olan az ağır cinayət əməlinə görə məhkum olunmasına və cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, islah olmamış yenidən bu dəfə daha ağır cinayət əməlini maddi maraq müqabilində iştirakçılıqla törətmişdir. Məhkəmə qeyd edir ki, hazırki əməlin tamah məqsədilə (kuryerlik edərək) törədilməsi cəzanı ağırlaşdırıcı hal olaraq nəzərə alınmasa da, həmin hal məhkəmə tərəfindən şəxsi xarakterizə edən hal kimi qeyd edir. Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Törədilmiş cinayət əməlinin xarakteri (ağır) hazırki qanunveciliyə əsasən xüsusilə ağır)) cinayətlərə aid olması, transmilli xarakter daşıması, təqsirəndirilən şəxsin cinayət hadisəsinə qədərki (narkotik vasitələrin əldə edilməsində marağını) və törədildiyi andakı davranışı ( gətirilməsi ), ictimai təhlükəlilik dərəcəsi (narkotik vasitə və psixotrop maddələrin növü, hazırda qüvvədə olan qanunverciliyə əsasən heroinə görə 800, metamfetaminə görə 400 qramdan artıq çəkidə yəni xüsusilə külli miqdarda, ayrı-ayrı bağlamalarda satışa hazır formada olması, realizə ediləcəyi təqdirdə qeyri-müəyyən geniş kütləyə ünvanlanması, narkotik vasitələrin region və respublika üzrə dövriyyəsində “əhəmiyyətli rola” malik olması) nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın sanksiyası həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür və yuxarıda göstərilənlər təqsirləndirilən şəxsə maddənin sanksiyanın aşağı, yaxud ona yaxın həddə cəza təyinini istisna edir. Azəbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, qalıq çəkisi 4544,6 qram heroin, 4495,7 qram metamfetamin və 5962,5 qram qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və avtomobilə baxış keçirilməsi haqqında görüntülərin olduğu 2 ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 169 (bir yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, qalıq çəkisi 4544,6 qram heroin, 4495,7 qram metamfetamin və 5962,5 qram qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və evdə baxış istintaq hərəkətinin olduğu 2 ədəd DVD, eləcə də mobil telefon nömrələrinə dair danışıqlar olan ədəd 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 169 (bir yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar