Məhkəmə qərarları › İş №1(100)-58/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-58/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-58/2025 29.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçi – Şəki Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1982-ci il tarixdə Tərtər rayonu, Qarağacı kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, Tərtər rayonu, Qarağacı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə, saat 17:45 radələrində Hindarx- Borsunlu asfalt yolunun, Tərtər rayonu, İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni sürücülük hüququ olmadan idarə etdiyi, mülkiyyət hüququ üzrə "xxxx" MMC-yə məxsus, “BELARUS 892 MTZ” markalı, 90-T-324 dövlət qeydiyyat nişanlı traktorla asfalt yolun sağ tərəfilə hərəkətdə olarkən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, lazımi ehtiyyatlılıq və diqqətlilik göstərməyərək bunları etməmiş və traktorun arxa hissəsinə qoşulu vəziyyətdə olan kustar üsulla dəmir materialdan hazırlanmış torpaq ütüsü qoşqusunun sol tərəfi ilə qarşı tərəfdən əks hərəkət zolağında olan “VAZ-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf hissəsi ilə toqquşmuş və ehtiyyatsızlıqdan avtomobilin sürücüsü X5 başın alın nahiyəsinin əzilmişcırılmış yarası, alın-təpə nahiyəsinin hematoması, kəllə qapağı və əsası sümüklərinin (sol gicgah, alın, təpə və kəllə əsası sümüklərinin) sınıqları, baş beyin toxumasının əzilib dağılması, üz skleti sümüklərinin-almacıq, burun sümüklərinin xətti sınıqları, İV, V döş fəqərəsinin sınığı, hər iki gözyuvasıətrafı nahiyənin qançırı xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və sonuncunun aldığı başın bərk küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş beyin toxumasının əzilib-dağılması xəsarətləri səbəbindən 04 dekabr 2022-ci il tarixdə saat 09:30-da Bərdə Diaqnostika xəstəxanasında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Qarağacı kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Ailəlidir, 3 övladı vardır. xx.xx.2022-ci il tarixdə baş vermiş avtoqəza ilə bağlı onu deyə bilər ki, Şahid2 məxsus “Belarus 892 MTZ” markalı 90-T-324 dövlət qeydiyyat nömrə nişanlı traktoru sürücülük vəsiqəsi olmadan idarə edir. Həmin traktorla əkin sahələrini ütüləməklə məşğul olur. xx.xx.2022-ci il tarixdə Yaşar zəng edərək, ona məxsus əkin sahəsini ütuləməyini bildirmişdir. O, traktoru işə salıb Tərtər rayonu, İsmayılbəyli kənd ayrıcında yerləşən əkin sahəsini ütüləməyə getmişdir. Tərtər rayonu, İsmayılbəyli kənd ayrıcından təxminən 500 metr aralaşdıqdan sonra, yolun sol istiqamətində “Vaz 21074” markalı avtomobilin üzərinə gəldiyini görmüşdür. Həmin vaxt “Vaz 21074” markalı avtomobil gəldiyi sürətlə traktorun qoşqu hissəsindəki ütü aləti ilə toqquşmuş və saat təxminən 17 radələri olmuşdur. Toqqquşma nəticəsində “Vaz 21074” markalı avtomobil təxminən 30 metr getdikdən sonra yolun sağ hissəsində dərəyə düşərək dayanmışdır. O, cəld traktordan düşüb “Vaz 21074” markalı avtomobilə tərəf qaçmış və sürücü X7 avtomobildən çıxardıb arxasınca gələn Yaşara məxsus avtomobil ilə Tərtər RMXna aparmışlar. Şamil Kərimova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə RMX-na aparılmışdır. O, bundan sonra hadisə yerinə qayıtmışdır. Təxminən saat 18 radələrində RPŞ-nin əməkdaşları hadisənin baş verdiyi yerə gəlib hadisə yerini onun iştirakı ilə müayinə etmişlər. Hadisə yolun sol hissəsi ilə hərəkətdə olan “Vaz 21074” markalı avtomobilin yüksək sürətlə onun öz zolağında idarə etdiyi traktorun sol qoşqusuna dəyməsi nəticəsində baş vermişdir. O, “Vaz 21074” markalı avtomobilli təxminən 30 metr məsafədən görmüşdür. Belə ki, hələ qaranlıq düşməmiş və bu səbəbdən traktorun işıqlarını yandırmamışdır. “Belarus 892 MTZ” markalı 90-T-324 dövlət qeydiyyat nömrə nişanlı traktorun qoşqusu standarlara uyğun deyil, həmin qoşqu kustar üsulla düzəldilmiş, kimdən aldığı isə yadından çıxmışdır. Həmin qoşqunun uzunluğu təxminən 4,2 metr, eni isə 01 (bir) metrdir. Qalın dəmirlərdən düzəldilmişdir. Hadisə baş verən zamanı hər hansı bir spirtli içki qəbul etməmiş və idarə etdiyi traktorun sürəti saatda təxminən 15-20 kilometr olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, traktorun qoşqusunun uzunluğu təxminən 4,2 metr, eni isə 01 (bir) metr olmuşdur. Ona məxsus traktorda olan qoşqu zavod istehsalı olmamışdır. Traktorun qoşqusu hərəkət zamanı təxminən 90 santimetr öz hərəkət zolağında olur və qarşı yola çıxmır, bu səbəbdən, hadisə baş verən zaman traktorun qoşqusu əks yola çıxmamış və hadisə onun olduğu zolaqda baş vermişdir. Baş verən hadisə qəflətən olmuş, qarşıdan gələn avtomobil onun hərəkət zolağına, yəni əks zolağa çıxmış və o, avtomobili yayındırmaq istəsə də, mümkün olmamış, nəticədə qarşıdan gələn avtomobil onun idarə etdiyi traktorun qoşqusuna dəymişdir. Əks istiqamətdə hərəkət edən avtomobili qoşquya dəyməmişdən əvvəl qəflətən görmüş, avtomobil qoşquya dəyən zaman heç bir zərər dəyməmiş, lakin avtomobil sonradan ağaca dəymişdir. Ehtimal edir ki, avtomobil traktorun qoşqusuna dəyməsi səbəbindən ağaca çırpılmışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, mərhum X11 onun doğma oğludur. Hadisə baş verən zaman, o hadisə yerində olmamış, yeznəsi zəng edərək oğlunun yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. Onlar Tərtər rayonunda yerləşən xəstəxanaya getmiş, lakin oğlunun həmin xəstəxanada olmadığını, Bərdə rayonunda yerləşən xəstəxanaya aparıldığını bilmişlər. Bundan sonra onlara oğlunun Bərdə rayonunda yerləşən xəstəxanaya deyil, Gəncə şəhərində yerləşən xəstəxanaya aparıldığını bildirmişlər. Daha sonra isə oğlunun vəfat etməsi barədə məlumat verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsini görməsə də, sonradan oğlunun idarə etdiyi avtomobilin qarşıdan gələn traktorun qoşqusu ilə toqquşduğunu bilmişdir. Əlavə olaraq X14 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Hadisə baş verən gün Rövşənlə birlikdə əkin sahəsinə gedərkən, Təqsirləndirilən şəxs traktor ilə ondan qarşıda, o isə özünə məxsus avtomobil ilə Təqsirləndirilən şəxs arxasınca getmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi traktorla onun idarə etdiyi avtomobil arasında xeyli məsafə olduğundan o hadisəni görə bilməmiş, həmçinin həmin vaxt hava tam qaranlıq olmamışdır. Təqsirləndirilən şəxs ondan qarşıda olduğu üçün, Təqsirləndirilən şəxs çatmaq istəmiş və hərəkət sürəti təxminən 60 km/saat olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi traktorun sürəti isə təxminən 40 km/saat olmuşdur. Daha sonra hadisə yerinə çatan zaman avtomobildən düşüb, Rövşənlə birlikdə sürücünü avtomobildən çıxararaq xəstəxanaya aparmışlar. Həmçinin Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi traktorun qoşqusu olmuş, lakin həmin qoşqunun əks yola çıxıb-çıxmadığını xatırlamamış və o həmin vaxt belə bir hadisənin olacağını güman etmədiyi üçün diqqət yetirməmişdir. Baş vermiş hadisə qəflətən baş verdiyi üçün o, hadisə baş verdikdən sonra görmüşdür. Qarşıdan gələn avtomobil onların hərəkət etdiyi zolaqdan yolun kənarına düşmüşdür. Təqsirləndirilən şəxs traktorla onun əkin sahəsinə getdiyi üçün onun arxasınca getmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi traktorla onun idarə etdiyi avtomobil arasında məsafə 60-70 metr olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi traktor ona aid olmuş və sözügedən traktorun qoşqu ilə hərəkət sürəti təxminən 30-35 km/saat olmuşdur. Onlar xəsarət alan şəxsi xəstəxanaya aparıb, təkrar hadisə yerinə qayıdan zaman polis əməkdaşları həmin ərazini mühafizə etmişlər. Hadisə baş verən ərazi ilə polis şöbəsinin arasında olan məsafə təxminən 3-4 km olmuşdur. Hadisə baş verən yerdə hər hansı sənədə imza edib-etmədiyini xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təxminən 2-3 il əvvəl Tərtər RPŞ-nin əməliyyat isintaq qrupunun üzvü olmuşdur. Saat təxminən 18 radələrində Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Müstəntiq tərəfindən hadisə yerininin müayinəsi aparıldıqdan sonra müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Ramil oğlunun idarə etdiyi «Belarus-892» markalı traktorla, “VAZ 2107” markalı avtomobil toqquşmuşdur. Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobil yolun əks istiqamətinə, yəni sağ tərəfinə düşmüş, traktor isə həmin avtomobilin qabaq tərəfində dayanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, «Belarus-892» markalı traktorun arxa hissəsində olan qoşqu təxminən 20-30 santimetr “VAZ 2107” markalı avtomobilin hərəkət istiqamətinə çıxmış və nəticədə hadisə baş vermişdir. Hadisə zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsü xəsarət almış və aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Həmçinin şahid X4 verilən suallara cavab olaraq bildirmişdir ki, vizual olaraq baxan zaman Təqsirləndirilən şəxs idarə etdiyi traktorun qoşqusunun 20-30 santimetr əks yola çıxdığı müəyyən olunmuşdur. Məlumat gəldikdən sonra təxminən 20 dəqiqə ərzində hadisə yerinə çatmışlar. Onlar hadisə yerinə çatan zaman DYP əməkdaşlarının hadisə yerini mühafizə etdiyini görmüşlər. Hadisə yerində qoşqunun yolun əks istiqamətində, yəni sağ tərəfdə olduğunu görmüşlər. Qoşqunun əks yola çıxdığını ilkin baxış zamanı ehtimal etmiş, daha sonra dəqiq olaraq isə istintaq zamanı müəyyən olunmuşdur. Hadisə yerində avtomobil qırıntıları olmuş, lakin sürtünmə və təkər izlərinin olduğunu xatırlamır. Onlar əməliyyat qrupunda olduqları üçün sadəcə hadisə yerinin mühafizə olunmasında iştirak etmişlər. Hadisə yerinə baxan zaman hər hansı iz gördüyünü xatırlamamış və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 1999-cü ildən DİO-da, tutduğu vəzifədə, yəni TB-nin təhqiqatçısı vəzifəsində isə 2021-ci ildən xidmət edir. Evlidir, 02 övladı vardır. X12 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Heç bir qohumluq əlaqəsi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə RPŞ-nin əməliyyat isintaq qrupunun üzvü olmuşdur. Həmin gün saat təxminən 18 radələrində Tərtər rayonu, İsmayılbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məsul növbətçidən məlumat alıb hadisə yerinə getmişdir. Hadisə Tərtər rayonu, İsmayılbəyli kəndi ərazisindən keçən asfalt yolda baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Belarus 892” markalı 90-T-324 dövlət qeydiyyat nömrə nişanlı traktorla X6 idarə etdiyi “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nömrəli avtomobil toqquşmuş və “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsün X12 xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır. O, hadisə yerində olduğu zaman müstəntiq hadisə yerini onun və hal şahidlərinin iştirakı ilə müayinə etmişdir. Müayinə zamanı yolun ümumi eni, 7,80 metr, hadisənin baş verdiyi hərəkət hissəsinin eni 3,9 metr müəyyən edilmişdir. Hadisə yerində tormoz izi müəyyən edilməmişdir. Hadisə yerində «VAZ-21074» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qırıntılarının töküldüyü yerə, həmin avtomobilin sürtünmə izinə və hadisə yerinin müayinəsinə uyğun toqquşma nöqtəsi müəyyən edilmişdir. Belə ki, toqquşma nöqtəsi “VAZ-21074” markalı avtomobilin hərəkət zolağında olmuş və hərəkəti istiqamətində yolun mərkəzi ilə təxminən 35 sm məsafəyə düşmüşdür. Həmçinin «Belarus-892» markalı, 90-T-324 dövlət qeydiyyat nişanlı traktorun arxasındakı torpaq ütüsü qoşqusunun uzunluğu ölçülən zaman 4,2 metr, eni isə 1.3 metr müəyyən edilmişdir. «VAZ-21074» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qəzadan sonra hərəkət istiqamətinə nisbətdə yolun sol tərəfində toqquşma yeri ilə 32 santımetrlik məsafədə olmuşdur. Hadisə yeri müayinə olunduqdan sonra müstəntiq tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, onun və hal şahidlərinin, həmçinin hadisə yerinin müayinəsində iştirak edən sürücü Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi 16 dekabr 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Azadqaraqoyunlu kəndində yaşayır. Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsində kəşfiyyatçı operator vəzifəsində işləyir. X2 tanıyır. Şamil Kərimovun “VAZ 2107” markalı **- BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. Şamil Kərimov həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində o, Ağdam rayonu, “Dördyol” adlanan ərazidə taksi gözləyən zaman Şamil Kərimovla həmin ərazidə görüşmüşdür. Həmin vaxt Şamil ona hara getməsini soruşduqda o, Tərtər rayonuna getmək üçün taksi gözlədiyini demişdir. Bundan sonra Şamil ona 5-10 dəqiqə gözləməsini və avtomobilə aid ehtiyat hissəsi almaq üçün Tərtər rayonuna gedəcəyini demişdir. O isə, 5-10 dəqiqə gözdədikdən sonra Şamilin idarə etdiyi “VAZ-2107” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sərnişin hissəsində əyləşdikdən sonra birlikdə Tərtər rayonu istiqamətinə hərəkətdə olmuşlar. O, avtomobildə olan zaman, özünə məxsus mobil telefonla məşğul olmuşdur. Onlar Tərtər rayonu, İsmayılbəyli kənd ayrıcında olan zaman onun başı avtomobilin tarpedinə dəydikdən sonra avtomobil aşmışdır. Avtomobil dayandıqdan sonra o, Şamili traktorun sürücüsü ilə avtomobildən düşürdüb Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin xəstəxanada Şamilə ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayonunda yerləşən Diaqnostika Mərkəzinə aparmışlar. Lakin xx.xx.2022-ci il tarixdə Şamil Kərimov aldığı xəsarətlərdən həmin mərkəzdə ölmüşdür. Həmçinin Şahid1 ifadəsində bildirmşdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Tərtər rayonu, İsmayılbəyli kənd ərazisində baş vermişdir. Hadisənin hansı səbəbdən baş verməsi barədə onun heç bir məlumatı yoxdur. Belə ki, o, Şamil Kərimovun idarə etdiyi avtomobilin qarşısına hər hansısa bir maniyənin çıxmasını və hadisə baş verən zaman avtomobilin sürətini görməmişdir. O, Şamil Kərimovun spirtli içki qəbul etməsini hiss etməmişdir. Hadisə baş verən zaman o, xəsarət almamışdır. Şahid1 əlavə olaraq 25 iyun 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, hal-hazırda Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsində baş atıcı vəzifəsində işlədiyini, hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi Belarus markalı traktorun qoşqusu enli olduğu üçün onun sərnişin qismində əyləşdiyi mərhum Şamil Kərimovun idarə etdiyi VAZ-2107 markalı avtomobilin hərəkət zolağına çıxmasını gördüyünü bildirmişdir. Belə ki, qoşqunun hərəkət zolağına çıxmasını VAZ-2107 markalı avtomobilin qabaq sol tərəfinin qoşquya girən zaman, qoşqunun enli olmasını və VAZ-2107 markalı avtomobilin hərəkət zolağına çıxmasını görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nın 263- 1.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 mart 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 noyabr 2022-ci il tarixli hadisə yerinə keçirilmiş baxış protokoldan görünür ki, hadisə yeri Hindarx-Borsunlu asfalt yolunun Tərtər rayonu, İsmayılbəyli kəndi ərazisindən keçən hissəsidir, yol asfaltbeton örtüklüdür. Asfalt yolun sağ və sol tərəfi yaşıllıq zolağı və əkin sahələridir. Sürət həddi 80 km/saatdır. Yolun səthi düzdür, qurudur, bişmiş asfalt təbəqə ilə örtüklüdür. Hadisə baş verən yerdə yolun ümumi eni, 7,80 metr, hadisənin baş verdiyi hərəkət hissəsinin eni 3,90 metrdir. Hadisə yerində tormoz izi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 dekabr 2022-ci il tarixli, meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 meyitinin əynində uzunqol qara rəngli köynək, boz rəngli qolsuz mayka, başlığında qara rəngli kəmər olan şalvar, boz rəngli alt tumanı, boz rəngli tursik. Meyitin əlləri, ayaqları bintlə bağlanmışdır. Paltarlar soyundurulduqdan sonra məlum oldu ki, meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 185 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Əllə yoxladıqda meyit soyuqdur. Meyitin bədəninin arxa səthində göyümtül-bənövşəyi rəngdə ləkələri vardır. Ləkələrə barmaqla təzyiq etdikdə itir və 40-35 saniyədən sonra öz əvvəlki rəngini alır. Əzələ qacıması yoxlanılan bütün əzələ qruplarında inkişaf etmişdir. Başın tükləri qəhvəyi rəngdədir, düzdürlər uzunluqları 1,0-1,2 sm-dir. Gözləri yarımçıq vəziyyətdədir, hər iki gözyuvasıətrafı nahiyə göyümtül-bənövşəyi rəngdə qançırlıdır. Göz qapaqlarının konyuktivasında qansızmalar vardır. Buynuz qişası bulanıq, quzehli qişa tünd qəhvəyi rəngdədir. Göz bəbəkləri dairəvi formadadır, ölçüləri 0,5 sm diametrindədir. Qulaq seyvanları normal quruluşludur, qulaq keçəcəklərində qan izləri vardır. Ağzı yarımaçıq vəziyyətdədir. Dili ağız boşluğunda-diş xəttinin arxasında sərbəst yerləşmişdir. Görünən dişləri tam və təbiidir. Əllə yoxladıqda üz skleti sümüklərində sınıq müşahidə olunmadı. Boynu gövdəyə müvafiqdir, qacımaya görə az hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Döş qəfəsi sümüklərini əllədikdə tamdır. Qarını döş qəfəsindən aşağı səviyyədədir. Onurğa sütununda patoloji əyilmələr yoxdur, əllədikdə fəqərə sümüklərində sınıq hiss olunmadı. Xarici cinsiyyət üzvləri kişi tiplidir, normal quruluşludur, ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalı vəziyyətdədir, ətrafı təmizdir, xəsarət yoxdur. Hər iki yuxarı və aşağı ətraflar normal quruluşludur. Əllədikdə ətraf sümükləri tamdırlar. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər tapılmışdır. Başın alın-təpə nahiyəsinin sol yarısında 13,7 x 11,5 sm, ənsə nahiyəsində 11,6 x 9,5 sm ölçülərdə, qeyri-müəyyən formalarda, dərialtı hematomalar var, hematomalar sahəsində dəri qırmızıtıl-göy rəngdə qançırlıdır. Həmçinin alın nahiyəsinin sol yarısında 1,5 x 1,0 sm ölçüdə, qeyri-müəyyən formada, kənarları nahamar, qansızmalı olan yara vardır. Meyitin xarici müayinəsində yuxarda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 542 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə sərxoş olmaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi ekspertizasına və onun adına yazılmış 001654/2754 saylı xəstəlik tarixinə əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir. 1. X1 meyitinin bədənində aşağıdakı xəsarətlər-başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsinin hematoması, kəllə qapağı və əsası sümüklərinin (sol gicgah, alın, təp əvə kəllə əsası sümüklərinin) sınıqları, baş beyin toxumasının əzilib-dağılması, üz skleti sümüklərininalmacıq, burun sümüklərinin xətti sınıqları, İV, V-ci döş fəqərəsinin sınığı, hər iki gözyuvasıətrafı nahiyənin qançırı vardır. 2. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. 3. X1 ölümünə səbəb başın bərk küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərnin sınıqları ilə baş-beyin toxumasının əzilib-dağılması olmuşdur. 4. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhəlisinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. 5. X3 tibbi müəssisəsində çoxlu miqdarda mayelər köçürüldüyündən və hadisədən 6 gün sonra ölüm baş verdiyinə görə alkoqol sərxoşluğunun təyini üçün meyitdən qan götürülməsi əhəmiyyət kəsb etmir. Həmçinin mərhumun adına tərtib edilmiş tibbi kartada xəstəxanaya daxil olarkən şəxsin spirtli içki qəbul edib-etməməsinə dair hər hansı məlumat qeyd edilmədiyindən onun hadisədən əvvəl spirtli içki qəbul edib-etmədiyi barədə fikir söyləmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X18 İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli, məktubdan görünür ki, «Belarus-892» markalı, 90- T-324 dövlət qeydiyyat nömrə nişanlı traktor Təqsirləndirilən şəxs adına qeydiyyat alınmamışdır. Adı çəkilən traktor Tərtər rayonu, Qarağacı kənd sakini Şahid2 lizinq yolu ilə verilmişdir və onun adına da qeydiyyata alınmışdır. Traktorun arxasında qouşlmuş ütü isə kustar üsulla hazırlanmış və dövlət standartlarına uyğun deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-yol-nəqliyyat ekspertizasının 06 mart 2023-cü il tarixli, 8/395 nömrəli rəyindən görünür ki, 1a. 2a. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ-21074» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b.2b. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən MTZ 892 markalı 92-T-324 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində YYol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs MTZ-892 markalı traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli X19 İnkişaf mərkəzinin məktubundan görünür ki, Tərtər rayonu, Qarağacı kəndində yaşayan Təqsirləndirilən şəxs «AİS» TEXNAZ sistemində sürücülük vəsiqəsi aşkar olunmamışdır. «Belarus-892» markalı, 90-T-324 dövlət qeydiyyat nişanlı traktorun mülkiyyətçisi Aqroservis ASC, istifadəçisi Şahid2dur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserinin 05 mart 2023-cü il tarixli, 02 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizası ekspertizanın xx.xx.2023-cü il tarixli 82 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-yol-nəqliyyat ekspertizasının 13 iyun 2023-cü il tarixli, 8/1290-8/1297 nömrəli rəyindən görünür ki, ilkin kontakt anında nəqliyyat vasitələri arasında toqquşma VAZ-21074 markalı, ** BF *** dhövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi ilə MTZ-892 markalı, 97T324 dövlət qeydiyyat nişanlı traktorun arxasına qoşulmuş torpaq ütüsü qurğusunun qabaq sol hissəsi arasında çox kiçik bucaq altında, təxminən paralelliyə yaxın vəziyyətdə baş vermişdir. -Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edildiyi toqquşma yeri, yəni toqquşma yerinin VAZ-21074 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında, onun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 3,55 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğundur. -Hadisə baş verən yerdə yolun hərəkət hissəsinin eninin 7,7 metr olduğu vəziyyətdə də toqquşma yeri VAZ-21074 markalı avtomobilin hərəkət zolağında, yolun ortasından sağa doğru 0,3 metr məsafədə yerləşəcəkdir. -Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə sürücü Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı göstərdiyi toqquşma yeri, yəni toqquşma yerinin MTZ-892 markalı traktorun hərəkət zolağında, onun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarında sola doğru 2,9 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğun deyildir. -Sürücü Təqsirləndirilən şəxs göstərdiyi kimi hadisədən əvvəl MTZ-892 markalı traktorun arxasına qoşulmuş torpaq ütüsü qurğusunun sol hissəsinin qarşı sol hərəkət zolağına çıxmaması real hadisə mexanizminə uyğun deyildir və hadisədən əvvəl MTZ-892 markalı traktor arxasına qoşulmuş torpaq üstu qurğusunun sol hissəsi qarşı sol hərəkət zolağına çıxmaqla hərəkətdə olmuşdur. -5a.6a.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ-21074» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -5b.6b.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən MTZ 892 markalı 92 T-324 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs MTZ-892 markalı traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2011-ci tarixli, AZ-İİ 32154 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının, Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Qaraağacı kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə baxmayaraq məhkəmə zamanı verilmiş suallara cavab olaraq, onun idarə etdiyi «Belarus- 892» markalı, 90-T-324 dövlət qeydiyyat nişanlı traktorun qoşqusunun qarsıdan gələn “VAZ-2107” markalı avtomobilin yoluna çıxmadığını, hətta öz hərəkət zolağından təxminən 90 santimetr içəri hissədə olduğunu, qarşıdan gələn “VAZ-2107” avtomobilin onun yoluna çıxaraq traktorun qoşqusuna toxunduğunu bildirməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər və maddi sübutlar) təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki; Məhkəmə-yol-nəqliyyat ekspertizasının 13 iyun 2023-cü il tarixli, 8/1290-8/1297 nömrəli rəyindən görünür ki, ilkin kontakt anında nəqliyyat vasitələri arasında toqquşma VAZ-21074 markalı, ** BF *** dhövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi ilə MTZ-892 markalı, 97T324 dövlət qeydiyyat nişanlı traktorun arxasına qoşulmuş torpaq ütüsü qurğusunun qabaq sol hissəsi arasında çox kiçik bucaq altında, təxminən paralelliyə yaxın vəziyyətdə baş vermişdir. -Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edildiyi toqquşma yeri, yəni toqquşma yerinin VAZ-21074 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında, onun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 3,55 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğundur. -Hadisə baş verən yerdə yolun hərəkət hissəsinin eninin 7,7 metr olduğu vəziyyətdə də toqquşma yeri VAZ-21074 markalı avtomobilin hərəkət zolağında, yolun ortasından sağa doğru 0,3 metr məsafədə yerləşəcəkdir. -Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə sürücü Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı göstərdiyi toqquşma yeri, yəni toqquşma yerinin MTZ-892 markalı traktorun hərəkət zolağında, onun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarında sola doğru 2,9 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğun deyildir. -Sürücü Təqsirləndirilən şəxs göstərdiyi kimi hadisədən əvvəl MTZ-892 markalı traktorun arxasına qoşulmuş torpaq ütüsü qurğusunun sol hissəsinin qarşı sol hərəkət zolağına çıxmaması real hadisə mexanizminə uyğun deyildir və hadisədən əvvəl MTZ-892 markalı traktor arxasına qoşulmuş torpaq üstu qurğusunun sol hissəsi qarşı sol hərəkət zolağına çıxmaqla hərəkətdə olmuşdur. -5a.6a.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ-21074» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -5b.6b.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən MTZ 892 markalı 92 T-324 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs MTZ-892 markalı traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X18 İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, «Belarus-892» markalı, 90- T-324 dövlət qeydiyyat nömrə nişanlı traktor Təqsirləndirilən şəxs adına qeydiyyat alınmamışdır. Adıçəkilən traktor Tərtər rayonu, Qarağacı kənd sakini Şahid2 lizinq yolu ilə verilmişdir və onun adına da qeydiyyata alınmışdır. Traktorun arxasında qouşlmuş ütü isə kustar üsulla hazırlanmış və dövlət standartlarına uyğun deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin, əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, eyni zamanda himayəsində azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da əməlinin, eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzanı Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasə tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin CPM-nin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməli, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut kimi tanınmış “MTZ 892” markalı 92-T-324 dövlət qeydiyyat nişanlı traktorun (qoşqusu ilə birlikdə) qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi Tərtər Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “MTZ” 892 markalı 92-T-324 dövlət qeydiyyat nişanlı traktorun (qoşqusu ilə birlikdə) qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar