Məhkəmə qərarları › İş №1(100)-589/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-589/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-589/2025 12.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1984-cü ildə Ağdam rayonu Keştazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Keştazlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu 588 saylı qəsəbə bina 6, ev 6-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 sentyabr 2025-ci il tarixdə, saat 18 radələrində Bərdə rayonu, Alaçadırlı kəndi ilə Bərdə rayonu, Meşəçilik qəsəbəsi aralığında yaşayış sahəsi olmayan ərazidə yerləşən məişət tullantılarının töküldüyü yerə gəlib, məişət tullantıları yığan zaman Bərdə rayonu, Meşəçilik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə sonuncunun bacısı Şahid3 ünvanınına 3-4 gün bundan əvvəl nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinə qəsdən bir zərbə vurub yerə yıxaraq, Zərərçəkmiş şəxs sağlamlığına, sağ baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişmiş sınığı, sol baldırın orta 1/3-nin əzilmiş-cırılmış yarası qismində ümumilikdə insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elmin Cəfərov avtomobili onun üzərinə doğru hərəkət etdirmiş və onlar bir-birlərinə daş atmışlar. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, fərdi əməklə məşğuldur. Əvvəllər zərərçəkmiş şəxslə mübahisə yaşamamış və onu tanımamışdır. Onların mübahisəsi Elmin Cəfərovun ona məişət tullantıları toplanılan əraziyə gəlməməsini bildirdiyi üçün yaranmış və o növbəti dəfə zibillik olan əraziyə getdiyi zaman Elmin Cəfərov avtomobili onun üzərinə doğru hərəkər etdirmişdir. O da, Elmin Cəfərova bir dəfə daş atmış, lakin hansı nahiyyəsinə dəydiyini görməmişdir. O, “ASAN” Xidmətə vəsiqəsini götürmək üçün gedən zaman saxlanılmışdır. Həmçinin onun atdığı daşın nəticəsində sözügedən xəsarətlərin yarana bilməyəcəyini də bildirmişdir. Onun atdığı daş o qədər də böyük olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən öncə bacısı və Təqsirləndirilən şəxs arasında mübahisə yaşanmış, belə ki, sonuncu onların topladıqları tullantı materiallarını götürən zaman, bacısı ona “götürmə onlar bizimdir” deyə bildirmiş, Təqsirləndirilən şəxs isə bacısına söyüşlü ifadələr işlədərək üzərinə bıçaq çıxarmışdır. Bu əsnada bacısı polisə şikayət edəcəyini bildirmiş və sonuncu da yenidən söyüşlü ifadələrdən istifadə edərək həmin yerdən uzaqlaşmışdır. Daha sonra Təqsirləndirilən şəxsı onlara məxsus heyvanlar olan ərazidə görmüş, sonuncudan orada nə axtardığını soruşduqda, Təqsirləndirilən şəxs onlara aid tullantı materiallarını yığdığını söyləmişdir. O, həmin tullantı materiallarının onlara məxsus olduğunu və onların topladığını söyləyərək, Təqsirləndirilən şəxs başqa yerdən tullantı materialları toplamasını bildirmiş, lakin sonuncu təkidlə həmin tullantı materiallarını götürəcəyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs ona daş ataraq, dəmiryolu istiqamətində qaçmış, o da, onun çıxıb getdiyini ehtimal etmiş və arxasınca gedərək hansı istiqamətdə getdiyinə baxmaq istəyən zaman, Təqsirləndirilən şəxs ona yenə daş atmış, o da aldığı zərbə nəticəsində ayağını sındırmışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində bıçaq olmuş, onda isə bıçaq olmamışdır. O, təqsirləndirilən şəxsi vurmamış və onun üzərinə atdığı daş da ona dəyməmişdir. Təqsirləndirilən şəxs onun üzərinə atdığı daşı görməmiş, lakin daşın böyük olduğunu və 20 metr məsafədən atıldığını ehtimal edir. Onun ayağı Təqsirləndirilən şəxs tərəfindən atılan daş nəticasində sınmış və sonuncu ona heç bir köməklik göstərməmişdir. Hadisə baş verən zaman qonşusu Şahid2 gəlib səs-küy salmış və bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmışdır. Aralarındakı mübahisə onun topladığı tullantı materiallarını Təqsirləndirilən şəxs götürmək isdəməsinə öz iradını bildirməsi səbəbindən yaranmışdır. Onun ayağının aşağı nahiyəsində 2 sümük sınmış və 10 gün xəstəxanada müalicə almışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə avtomobil sürməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəyən ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün oğlu Zərərçəkmiş şəxs ona zəng edərək ayağının qırıldığını bildirmişdir. Evdən çıxıb qaçaraq oğlunun dediyi yerə getmiş, çatan zaman oğlunun ayağını tutduğunu görmüş, bunu ona kimin etdiyini soruşduqda, Təqsirləndirilən şəxs etdiyini söyləmişdir. Daha sonra dəmiryolunun üzərinə çıxmış, “hər kimsənsə gəl üzr istə və kömək et oğlumu aparaq” desədə, lakin heç kim cavab verməmişdir. Bir müddət sonra qonşuları gəlmiş, onların köməkliyi ilə oğlunu xəstəxanaya aparmış, həmçinin polisə də zəng etmişdir. Əlavə olaraq Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, oğlu ona daş atanın Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Oğlu xəstəxanada 10 gün müalicə almış, həmçinin Təqsirləndirilən şəxsı narkotik vasitə istifdadəçisi kimi tanımış, əvvələr sonuncu və oğlu arasında hər-hansı mübahisə yaşanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlara məxsus tullantı materillarını götürən zaman, ondan niyə götürdüyünü soruşmuş, o isə bıçaq çıxarıb ona tərəf gələrək “əcəb edirəm” deyə söyləmişdir. Bundan sonra telefonunu çıxardıb onu videoya çəkəcəyini və polisə xəbər edəcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək uzaqlaşıb getmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onların topladıqları tullantıları götürən zaman, ondan niyə götürdüyünü soruşmuş, sonuncu isə bıçaq çıxarıb ona tərəf gələrək “əcəb edirəm” deyə bildirmişdir. O isə telefonla onu videoya çəkəcəyini və polisə xəbər edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlədərək uzaqlaşıb getmişdir. Əlavə olaraq Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında sözügedən mübahisə, qardaşının ayağının sınmasından təxminən 5 gün əvvəl baş vermişdir. Qardaşının ayağı sınan zaman o, orada olmamışdır. İlk dəfə mübahisə baş verən zaman polisə müraciət etməməklə yanlış etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri 1 nömrəli daş karxanasında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır və iribuynuzlu heyvanlar və donuz saxlayırlar. Onların yaşadığları yerin ətrafı zibillik olduğu üçün tüfeyli həyat tərzi keçirən şəxlər zibillikdən məişət əşyaları yığmaq üçün tez-tez həmin yerə gəlirlər. 02 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evə gələn yola tökülmüş zibilləri təmizləyən zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs həmin əraziyə gəlib Elminin donuzları otlayan yerə yəni zibillik əraziyə gəlmiş, Nicatı görüb başqa zibbilikdən gedib əşya yığmasını demişdir. Bu zaman Nicat onunla söz mübahisə edərək ona nalayiq ifadələr işlədib getməyəcəyini demişdir. Nicatın sərxoş vəziyyətdə olduğunu görüb onunla mübahisə etməmişdir. Nicat zibilliyə sarı yəni donuzlara sarı gedib yerdən əşyalar yığmağa başlamışdır. Bir qədər sonra Nicatın Elminlə mübahisəsini eşitmiş, Nicatın əlində bıçaqla Elminin arxasında qaçdığını, həmin yerdə dərəyə düşdüklərini görmüşdür. Lakin o, onlara tərəf getməmişdir. Təxminən 3-4 dəqiqədən sonra Elminin qışqırıq səslərini eşidib səs gələn tərəfə getmiş, Elmin dərədə yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Elminə yaxınlaşanda ayağından qan axdığını görmüş, onu Nicatın vurduğunu demişdir. Elminin ayağından qan axdığına görə kömək çağırmaq üçün dərədən çıxıb getmişdir. Bundan sonra Təcili Yardım avtomobili gəlmiş və Elmini xəstəxanaya aparmışdılar. Nicatın Elmini konkret olaraq nə ilə vurduğunu görməmişdir. Hadisənin səhərisi günü Nicat tapılmadığı üçün DİN-nin 102 xidmətinə zəng etdiyini, Nicatın Elmini bıçaq ilə xəsarət yetirdiyini dediyini, sonradan Nicat Elmini daş ilə vuraraq xəsarət yetirdiyini bilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 oktyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 oktyabr 2025-ci il tarixli, 4(021)-173/2025 saylı Bərdə Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 sentyabr 2025-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu, Alaçadırlı kəndi ilə Bərdə rayonu, Meşəçilik qəsəbəsi aralığında yaşayış sahəsi olmayan ərazidə yerləşən məişət tullantılarının töküldüyü yerdə dərədə baş vermişdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətlərinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Bərdə rayon ekspertiza şöbəsinin 11 sentyabr 2025-ci il tarixli 807 nömrəli rəyindən görünür ki: Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişmiş sınığı, sol baldırın orta 1/3-nin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükə olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 oktyabr 2025-ci il tarixli, “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə 26 oktyabr 2025-ci il tarixdə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı “qarşımda əyləşən şəхs Təqsirləndirilən şəxs deyirəm ki, sən Nicatın əlində bıçaq var idi, sən əlində olan bıçağı belindən şalvarın arxasından çıxardıb üzərimə gəldin, məndə qorxdum ki, məni bıçaqla vurassan, həmin vaxtı yerdən daş götürüb mənə atdın və biz daşla bir-birimizi atdıq, mənim atdığım daş sənə dəymədi amma sənin atdığın daş mənim sağ ayağıma dəydi və ayağım qırıldı, sənin əlində bıçaq olub, bunu niyə danırsan?” sözlərini demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 üzünə qarşı “Zərərçəkmiş şəxs dediklərini eşitdim, Elmin əgər mənim əlimdə bıçaq olsaydı mən səni bıçaqla vurub xəsarət yetirərdim, mənim əlimdə bıçaq olsaydı sən mənim arxamca qaçmazdın qorxardın ki, səni bıçaqla vurum, amma mən sən Elmiri daşla vurub xəsarət yetirdim, mənim əlimdə həmin vaxtı bıçaq olmayıb, yalan ifadə vermə, kişisən düzünü denən” sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 oktyabr 2025-ci il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 noyabr 2025-ci il tarixli, “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə 14 noyabr 2025-ci il tarixdə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən şəxs üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı “qarşımda əyləşən şəхs Təqsirləndirilən şəxs deyirəm ki, sən Nicatın əlində hadisə vaxtı bıçaq ilə Elminin arxasınca qaçdın, zibillik olan yerdə dərəyə düşdünüz, orada nə baş verdiyini bilmirəm, sənin əlində bıçaq vardı, sən Nicat Elmin ilə mübahisə edirdin” sözlərini demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid2 üzünə qarşı “ Sən Şahid2 yalan ifadə verirsən və burada da mənim üzümə yalan deyirsən, mənnim əlimdə bıçaq olsaydı mən Elmini daş ilə deyil bıçaq ilə vurardım, heç sən Gülbənd mənim Elmini nə ilə vurub xəsarət yetirdiyimi bilmirsən, yalan ifadə vermisən ki, guya mən Elmini bıçaqla vurmuşam niyə yalan məlumat vermisən, qadın xeylağısan yalan danışma ” sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 28 oktyabr 2025-ci il tarixli, 18-1- 28/2-2479/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 noyabr 2025-ci il tarixdə verilmiş əməliyyat tapşırığına cavab raportundan görünür ki, 02 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu, Alaçadırlı kəndi ilə Bərdə rayonu Meşəçilik qəsəbəsi aralığında yaşayış sahəsi olmayan ərazidə yerləşən məişət tullantılarının töküldüyü yerdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zamanı baş vermiş hadisə nəticəsində daş ilə Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsindən vurmuş, həmin vaxtı orada heç kim olmamış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tək söbhət etmişlər, hadisəni görən şəxslər müəyyən edilməmişdir. Bundan əlavə hadisə zamanı ictimai qayda pozulmamış və cəmiyyətə qarşı açıqca hötmətsizlik edilməmişdir. Təqsirləndirilən şəxs rayon ərazisində hər hansı bir cinayət törətməsi müəyyən edilməmiş bu və ya digər cinayətlər etməsi istiqamətində tədbirlərimiz davam etdirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 24 oktyabr 2025-ci il tarixli 3324 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Bərdə şəhər Meşəçilik qəsəbəsində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon İcra Hakimiyyəti başçısının Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 27 noyabr 2025-ci il tarixli 400 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Keştazlı kəndində qeydiyyatdadır və Bərdə rayon 588 saylı qəsəbə bina 6, ev 6-da məskunlaşıb yaşayır, yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş 01 il 08 ay 24 günü 10 ay 12 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(021)-3/2021 nömrəli qərarın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 1(021)-104/2020 nömrəli 02 sentyabr 2020-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 10 (on) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində, Elminin avtomobili onun üzərinə doğru hərəkət etdirdiyi üçün Zərərçəkmiş şəxs kiçik həcmli daş atdığını və daşın Zərərçəkmiş şəxs dəyib-dəymədiyini bilmədiyini və sözügedən daşın zərbəsindən ağır xəsarət yarana bilməyəcəyini bildirməsinə dair göstərdiyi sözügedən xüsusatlar, iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (təqsirləndirilən şəxin özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, protokollar, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Bərdə rayon ekspertiza şöbəsinin 11 sentyabr 2025-ci il tarixli 807 nömrəli rəyindən görünür ki: Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişmiş sınığı, sol baldırın orta 1/3-nin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükə olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs vəkil Müdafiəçi 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardım göstərmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 242 (iki yüz qırx iki) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 242 (iki yüz qırx iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar