Məhkəmə qərarları › İş №1(100)-592/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-592/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-592/2025 17.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Samux rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, AR-ın vətəndaşı, azərbaycanlı, Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Samux rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən “330\110\10 kv Gəncə Yarımstansiyası”nın təsərrüfat balansında olan və istifadəsi dayandırılmış fermada özünə məxsus xırda buynuzlu heyvanları saxladığına görə Zərərçəkmiş şəxs tərəfindən hər dəfə ondan heyvanları oradan çıxarmasını tələb etməklə aralarında sözlü mübahisə yaratmasından hiddətlənərək 29 avqust 2025-ci il tarixdə saat 21:30 radələrində həmin ərazidə “1-Yenikənd HX” metal dayağının (vişkanın) yaxınlığında Yanğın çıxışı qapısının qarşısında Zərərçəkmiş şəxs ilə yenidən aralarında yaranmış sözlü mübahisə zamanı üzərində olan ibtidai istintaqa məlum olmayan bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası, piyliyin yaralanması və eventrasiyası, kor və nazik bağırsağın yaralanması ilə müşayiət olunan və yetirildiyi anda həyat üçün təhlükəli olan bir ədəd kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü toy mərasimində olmuş, saat 11 radələrində ona zəng edərək sahədən qoyunları çıxartmaq lazım olduğunu bildirmişlər. O dərhal qardaşı ilə birlikdə oraya getmişdir. Avtomobildən düşəndə ayaq altında olan qoyun kəsmək üçün istifadə etdiyi bıçağı da özü ilə götürmüşdür. Avtomobildən düşən kimi bıçağı sağa-sola fırlatmaqla nümayiş etdirmiş və bunun nəticəsi olaraq bıçaq Zərərçəkmiş şəxs dəymişdir. Onun Zərərçəkmiş şəxs vurmaq fikri olmamış, sadəcə qorxutmaq istəmişdir. Sözü gedən qoyunlar ona məxsus olmuş, dövlət tərəfindən verilmiş pay torpaq sahələrinə salmışlar. Onların yanında da dövlətə məxsus olan ferma olmuşdur. Həmin sahələr yarımstansiyanın balansında olmuşdur. Daha sonra sahələrin sərhədləri yenidən təyin olunmuş və onlara heyvanları oraya salmamları ilə bağlı xəbərdarlıq edilmiş, xəbərdarlıqdan sonra heyvanları dağa aparmışlar. Onlara qayıdanda açılış olacağını və açılışdan sonra heyvanları həmin sahəyə sala biləcəkləri bildirilmişdir. Onlar dağdan qayıdanda cənab prezident yarımstansiyanın açılışını etdiyi üçün onlar da arxayınlaşıb heyvanları həmin sahəyə salmışlar. Bundan başqa o, ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş zərəri ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə Təqsirləndirilən şəxs bildirdiyi kimi baş vermişdir. Həmin vaxtlar cənab prezidentin açılış üçün gəlişini gözləyirdilər. Hadisə günü mühafizəçi ona zəng edərək sahəyə heyvan salındığını bildirmişdir. Oğlu ilə birlikdə oraya getmiş. Tural 2 ya da 3 nəfərlə birlikdə oraya gəlmişdir. Heyvanları ərazidən çıxartmaqlarını bildirmişdir. Oraya getməmişdən qabaq rəhbərliyə də məruzə etmişdir. Həmin vaxt hava qaranlıq idi, hadisənin anidən necə baş verdiyini bilməmişdir. Turalın onu vurduğunu hiss etməmiş, kofdasının qan olduğunu görmüşdür. O, Turalın əlində bıçaq görməmiş, özü də hadisənin necə baş verdiyinin fərqində olmamışdır. Bundan başqa o, ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü atası ilə hadisənin baş verdiyi yerə qoyunları çıxartmağa getmişdir. Hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Atası ilə təqsirləndirilən şəxs arasında söyüş və ya nalayiq ifadələr işlədildiyini eşitməmişdir. Atasını avtomobildə gözləmişdir. Hadisə yerinə ağ rəngli “VAZ-07” markalı avtomobil gəlmiş və içərisindən iki nəfər adam düşmüşdür. Həmin vaxt o, telefonla danışırdı, atası yaralı vəziyyətdə gəlmiş və o, avtomobili sürüb onu xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü işçiləri zəng edərək yarımstansiyanın arxasındakı təsərrüfat ərazisinə heyvanların salındığını bildirmişdir. Həmin təsərrüfat ərazisi mal-qara üçün nəzərdə tutulmuş, əvvəllər işlək olmuş, lakin hal-hazırda istifadəsi dayandırılmış ərazidir. Onlara cənab prezidentin açılışa gələcəyi üçün həmin əraziyə heyvan buraxılmaması ilə bağlı rəhbərlikdən tapşırıq verilmişdir. Onlar rəhbərliyə məlumat verdikdə rəhbərlikdən dərhal heyvanların oradan çıxarılması ilə bağlı göstəriş verilmişdir. Əraziyə yaxınlaşanda orada bir neçə nəfər olduğunu görmüş və həmin şəxslərdən heyvanların kimin olduğunu soruşmuşlar. Onlar cavab olaraq heyvanların Turala məxsus olduğunu bildirmişlər. Həmin ərazidə kameralar var və bir başa Bakıdan nəzarət olunur. Oraya gedəndən təxmini 10-15 dəqiqə keçmiş “VAZ-07” markalı ağ avtomobillə Tural gəlmiş, avtomobili Turalın qardaşı idarə etmişdir. Onlar Turalın heyvanları çıxaracağını düşünmüşlər. Tural avtomobildən çox əsəbi halda düşərək o yan-bu yana qaçmağa başlamışdır. Turalgilin avtomobili bir tərəfdə, onlar isə digər tərəfində dayanmışlar. Hadisə 1 dəqiqədən az vaxtda baş vermişdir. Taleh ona bildirmişdir ki, “İlqar bu məni vurdu”. Taleh əlini qarın boşluğunun böyür tərəfinə tutmuşdu. Əlini çəkəndə həmin hissəsinin qanlı olduğunu görmüşdür. Onlar avtomobilə əyləşərək xəstəxanaya getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, yarımstansiyada işləyir. Hadisə günü yarımstansiyanın qapısının ağzında durmuşdu. Ona bildirmişlər ki, yarımstansiyanın təsərrüfüt sahəsinə heyvan girib və həmin heyvanları çıxartmaq üçün gəlmişlər. Tural oraya gələrək səs-küy salmağa başlamışdır. Bir neçə dəqiqə sonra Talehin yaralandığını görmüşlər. O, Turalın Talehi vurduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onlar yarımstansiyanın təsərrüfat sahəsində heyvanlarını saxlayırlar. Hadisə günü mühafizənin rəisi heyvanları çıxartmalı olduqlarını bildirmiş, o da Turala zəng edib xəbər vermişdir. Tural həmin yerə gələrək hadisəni törətmiş və daha sonra çıxıb getmişdir. Turalın Zərərçəkmiş şəxs vurduğunu görməmiş, Taleh müəllim vurulduğunu deyəndə bilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü sahənin aşağı tərəfində 2 avtomobil gördüyünə görə təsadüfən oraya dönmüşdür. Mühafizəçilərdən 3 nəfər də orada olmuşdur. Heyvanların sahədə tor çəpərə yığıldığını görmüşdür. Rəhbərliyin heyvanları çəpərdən çıxartmaq lazım olduğunu bildirdiyini demişlər. O özü heyvanları çıxarmaq istəmiş, düşünmüşdür ki, söz deyilibsə əməl etmək lazımdır, söz-söhbətə. mübahisəyə ehtiyac yoxdur. Lakin get-gedə adam sayı çoxalmış, hamı toplaşmağa başlamışdır, bu zaman Tural da gəlmişdir. Turalın əlində bıçaq görməmişdir. Tural avtomobildən düşəndə əli boş idi. Tural hadisə vaxtı avtomobilin yan-yörəsində o yana, bu yana qaçmış, bıçağı haradan, necə götürdüyünü görməmişdir. Taleh Turalın onu vurduğunu bildirmişdir. Turalın əlində bıçaq oynatdığını da görməmişdir. Daha sonra o, avtomobilə əyləşərək oranı tərk etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə günü o, növbətçi idi. Yarımstansiyaya məxsus 2 ədəd avtotransfarmator var, biri fəaliyyət göstərir, digəri isə işlək olsa da fəaliyyət göstərmədiyindən çölə qoyulmuşdur. Onlara 2 saatdan bir ona nəzarət etmək tapşırılımışdır. Şahid3 ona 2 dənə avtomobil saxlanıldığı bildirərək gedib baxmalı olduqlarını bildirmişdir. Onlar oraya gedib avtomobil sahiblərinə xəbərdarlıq etmişlər, onlar da avtomobillərini ərazidən çıxartmışlar. Eyni zamanda yarımtikilinin təsərrüfat ərazisində qoyunlar olmuş, onlara həmin ərazidən qoyunları çıxartmalı olduqları bildirilmişdir. Qoyunları çıxartmışlar və daha sonra bu hadisə baş vermişdir. Əvvəlcə Şahid5, ardınca Taleh müəllim, onun ardınca isə Tural və qardaşı Xəyal gəlmişlər. Turalın avtomobilindən acıqlı vəziyyətdə düşdüyünü görmüşdür. O, kənarda başqa avtomobilə söykənib durduğu üçün heç nə görməmişdir. Mehman onun yanına gələrək Turalın Talehi vurduğunu bildirmişdir. Turalın Talehi nə ilə vurduğunu soruşanda bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X7 Şəbəkəsi MMC-nin təsərrüfat sahəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Hadisə baş verdiyi gün Bakı şəhərində olmuş, hadisə baş verəndə orada iştirak etməmişdir. Yarımstansiyanın bir qapalı, bir də açıq ərazisi var, kənd camaatı həmin açıq hissədə öz heyvanlarını otarırdılar. Turalgilin həmin yarımstansiyanın ərazisinə bitişik pay torpaqları var, həmin torpaq sahələrində metal kanstruksiyalı bir otaqları da mövcuddur. Hadisədən bir-neçə gün əvvəl rəhbərlik ona yarımstansiyanın açılışı olacağını və açılışda ölkə başçısının iştirak edəcəyini bildirmiş, bu səbəblə Turala heyvanlarını yarımstansiyanın ərazisində otarılmaması ilə bağlı xəbərdar etməkləri bildirilmişdir. Bu barədə Turala bildirilən zaman o, deyilənə əməl etmiş və heyvanları oradan çıxartmışdır. Daha sonra Bakıda olanda Turalgilə məxsus olan heyvanlar təkrar yarımstansiyanın ərazisində göründüyünə görə onların birləşmiş mühafizə dəstəsinin rəhbəri ilə aralarında münaqişə yarandığını və nəticədə bu hadisə baş verdiyini bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib ibtidai istintaq aparılmışdır. Samux RPŞ-nin məsul növbətçi, polis kapitanı Elcan Bayramovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:10 radələrində Gəncə şəhər, A.Səhhət xəstəxanasından tibb bacısı Kazımova telefonla məlumat verərək, xx.xx.1979-cu il təvəllüdlü Samux rayon, Sarıqaya kənd sakini Zərərçəkmiş şəxs qarın divarının daxilə keçmiş əsilmiş-deşilmiş yarası barədə məlumat vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Taleh Qafrovun bıçaqla ağır bədən xəsarəti aldığı hadisə yeri - Samux rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən “330\110\10 kv Gəncə Yarımstansiyası”nın ərazisində baş vermişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya, izlər aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Təqsirini boynuna almaqla könüllü gəlmə barədə” 30 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə Samux Rayon Polis Şöbəsinin inzibati binasına yaxınlaşaraq Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 30 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 30 avqust 2025-ci il tarixdə 15:00 dəqiqədə müdafiəçinin iştirakı ilə tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux Rayon Qeydiyyat Şöbəsinin 24 iyul 2024-cü il tarixli 92 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 10 iyul 2024-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux Rayon Qeydiyyat Şöbəsinin 04 noyabr 2025-ci il tarixli 135 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 20 oktyabr 2025-ci ildə Samux rayonunda anadan olmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertizasının 29 oktyabr 2025-ci il tarixli 140 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər– qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası, piylin yaralanması və eventrasiyası, kor və nazik bağırsağın yaralanmasıdır ki, bu xəsarətlər iti kənara malik kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin “Samux Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux RMX PHŞ-in ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyətinin Başçısının Lək kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, xx.xx.1979cu il əvəllüdlü Sarıqaya kənd sakini Zərərçəkmiş şəxs ondan ötrü ki, yaşadığı Sarıqaya kəndində sakinlərlə mehriban davranışı ilə özünə hörmət qazanmış, ictimaiyyətlə həmişə xoş ünsüyyətdə olmağı ilə başqalarından fərqlənmişdir. Kənd əhalisi və qonşularla özünü mehriban və səmimi aparır, sakit həyat tərzi keçirir. Siyasi partiya və hərəkatlarda, dini təşkilat və cəmiyyətlərdə iştirakı və digər bu kimi hallarda hərəkətlərda, dini təşkilat və cəmiyyətlərdə iştirakı və digər bu kimi hallarda iştirakı olmamışdır. Haqqında nümayəndəliyə heç bir şikayyət daxil olmamışdır. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyətinin Başçısının Əhmədbəyli kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatdadır və ailə tərkibi: arvadı- X6, oğlanları- X9 və X3. Samux Rayon Polis Şöbəsinə təqdim edilmiş xasiyyətnamədən görünür ki, Əliyev X1 yaşadığı müddət ərzində, nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır. O, həmişə ailəsinə dayaq, qonşulara kömək olmuşdur, kəndin ictimai işlərində daima iştirak etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə tibbi ekspertizasının 01 sentyabr 2025-ci il tarixli 141 nömrəli rəyindən görünür ki, 1. vət.Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sol saidin 4 ədəd, biri cərrahi tikilmiş kəsilmiş yaralara məxsus çapıq toxumalarıdır ki, bu xəsarətlər — iti kənara məxsus, kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və onların hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. 2. Vət.Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yerləşmə nahiyyəsi xarakteri və lokalizasiyasına görə onun özü tərəfindən sağ əli ilə bıçaq vastəsi ilə yetirilməsi istisna edilmir. Məhkəmə-trasoloji ekspertizasının 14 noyabr 2025-ci il tarixli 16\875 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunan köynəyin və maykanın səthində olan (hər birində bir ədəd olmaqla) zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 07 noyabr 2025-ci il tarixli 827 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bununla yanaşı yoxlanılan şəxs Təqsirləndirilən şəxs xasiyyətin isterik tip cizgiləri müəyyən edilir. Hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: -Təqsirləndirilən şəxs nümayişkarənəlik, öz vəziyyətini qabartmaq, ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillilik, inadkarlıq, aşkar olunmaqla xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. -Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. -Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. -Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətində qıcığa əsəbilik, emosionla reaksiyalara meyillilik yaranmışdır. -Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosinal vəziyyətin yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar olmuşdur. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 dekabr 2025ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən öz ifadəsini təsdiq etmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kişi cinsinə məxsus tünd göy rəngli, üç düyməli, boyun hissəsinin iç tərəfində “TONY MONTANA luxury Tech 4x Large” yazılı, sinə hissəsində qızılı rəngli, dairəvi formalı emblemi olan qısaqol köynək və 01(bir) ədəd qara rəngli, üzərində heç bir yazısı, markası və emblemi olmayan alt köynək (mayka) Samxu RPŞ-nin saxlanc yerində saxlanılır. Zərərçəkmiş şəxs 16 yanvar 2026-cı il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan ödənilib, heç bir şikayət və tələbi yoxdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı üzərində olan ibtidai istintaqa məlum olmayan bıçağın kəsicideşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası, piyliyin yaralanması və eventrasiyası, kor və nazik bağırsağın yaralanması müşayiət olunan və yetirildiyi anda həyat üçün təhlükəli olan bir ədəd kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığına ağır zərər vurması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində ilə təqsirli bilinməli və cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli (30 aprel 2021-ci il tarixli edilmiş düzəlişlərlə) 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, müsbət xarakterizə olunmasını, səmimi peşmanlığını, etdiyi cinayətin ictimai təhlükəliliyinə əsasən aradan qaldıran hərəkətlərini, yəni, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və bu halların məcmusunu, bununla onun artıq islah yoluna qədəm qoymasını və cəza çəkmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün sayır və hesab edir ki, bununla cəzanın məqsədlərinə nail oluna bilər. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, onun davranışı üzərində nəzarət isə yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Lakin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli (30 aprel 2021-ci il tarixli edilmiş düzəlişlərlə) qərarından görünür ki, Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Samux Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd kişi cinsinə məxsus tünd göy rəngli, üç düyməli, boyun hissəsinin iç tərəfində “TONY MONTANA luxury Tech 4x large” yazılı, sinə hissəsində qızılı rəngli, dairəvi formalı emblemi olan qısaqol köynək və 01 (bir) ədəd qara rəngli, üzərində heç bir yazısı, markası və emblemi olmayan alt köynək (mayka) onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi tərəfindən 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Samux rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut olan və Samux Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd kişi cinsinə məxsus tünd göy rəngli, üç düyməli, boyun hissəsinin iç tərəfində “TONY MONTANA luxury Tech 4x large” yazılı, sinə hissəsində qızılı rəngli, dairəvi formalı emblemi olan qısaqol köynək və 01 (bir) ədəd qara rəngli, üzərində heç bir yazısı, markası və emblemi olmayan alt köynək (mayka) onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat məbləğində pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğuandan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar