Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-64/2024 05.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Marrif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X11, X6 və X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 12,151 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:25-də Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “747 avtoyuma” məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəyə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, təmiz çəkisi 12,151 qram psixotrop maddə olan metamfetamin 01 (bir) ədəd sellofan bükümdə olmaqla əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, tutulduğu tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində dostuna məxsus avtomobili “747” avtoyuma məntəqəsinə yumağa aparmış, orada bir maşın dayanmış, maşından düşən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb İslam olub-olmadığını soruşmuş, təsdiq cavabını verəndən sonra isə qoluna qandal vurub gəldikləri avtomobilə mindirib Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şöbəsinə aparmışlar. Maşında olarkən ona polis əməkdaşları Gəncə şəhərində yerləşən “Karizma” restoranında bir neçə ay əvvəl baş vermiş dalaşma zamanı kameraya düşdüyünü və saxlanılmasının polis əməkdaşının döyülməsi ilə bağlı olduğunu bildirmişlər. Polis əməkdaşlarına həmin hadisəyə aidiyyətinin olmadığını, mübahisə vaxtı dava edən şəxsləri araladığını, kimisə döymədiyini, kameraya baxarlarsa onun həmin hadisəyə aidiyyətinin olmadığını görəcəklərini bildirsə də, polis əməkdaşları onun dediklərinə məhəl qoymamış, 1 (bir) ədəd bükülü verərək götürməsini tələb etmişlər. Aparılmış videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən edilən psixoloji təzyiqi altında, guya narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra onu Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış, orada müstəntiq tərəfindən dindirilmiş və narkotikaya heç bir aidiyyətinin olmadığını bildirmiş, bundan sonra Bakı İstintaq təcridxanasına yerləşdirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onu saxlayan polis əməkdaşları Fərid, Babək və adını bilmədiyi bir nəfər mülki geyimli şəxs olmuşdur. İdarə etdiyi avtomobil isə dostu Əmrahın Vaz “06” markalı avtomobili olmuş, ona məxsus evə və avtomobilə isə baxış keçirilməmişdir. Cibinə narkotik vasitəni adını bilmədiyi, lakin üzdən tanıdığı onun arxasınca gələn şəxslərdən biri qoymuşdur. Ona qarşı edilmiş psixoloji təzyiqlə bağlı heç kimə müraciət etməmişdir. Barəsində “həbs” qətimkan tədbiri seçilərkən yenə də polislərin təzyiqi-boynuna almasa aparıb başına oyun açıb təkrar məhkəməyə çıxaracaqlarını dedikləri üçün guya yerdən tapdığını demişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, aşkar edilmiş narkotik vasitəyə ümumiyyətlə aidiyyəti yoxdur, əvvələr narkotik vasitələrdən istifadə etməmiş, “Karizma” restoranında baş vermiş hadisə ilə bağlı ondan başqa da saxlanılan şəxslər olmuş, lakin hadisəni törədən əsas şəxs barədə heçbir tədbir görülməmişdir. Saxlanıldığı gün avtoyuma məntəqəsindən aparılarkən onun idarəetdiyi dostuna məxsus avtomobil də həmin avtoyuma məntəqəsində olmuşdur. Moykaya girəndən 3-4 dəqiqə keçməmiş, onu saxlayan polis əməkdaşları “Elantra” markalı avotomobillə moykanın içinə girmiş, onu saxlayıb apararkən maşının orda qalmasını desə də əvvəl polislər ona fikir verməmiş, sonradan mobil telefonun da maşında qaldığını dedikdə bir-birilərinə deyib maşını oradan götürmüşlər. Təqsiri olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, əvvəllər arasında düşmənçilik və ya ədavət olmamışdır. 23 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə idarəyə əməliyyat məlumatı daxil olmuş, raportla rəhbərliyə məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Qrup üzvləri-İdarənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 və təhqiqatçı X9 ilə birlikdə 23 dekabr 2022-ci il tarixdə ilə birlikdə Gəncə şəhərinə getmişlər. İslamın zahiri görünüşü dəqiqləşdirildikdən sonra onun Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “747 avtoyuma” məntəqəsinin yaxınlığında olması müəyyən edilmiş, digərləri ilə həmin yerə getsə də təhqiqatçı Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2mışdır. Saat 17:25-də həmin ünvanda İslama oxşar bir nəfəri müəyyən edib özlərini təqdim etmiş və kim olmasını soruşmuşlar. Həmin şəxs İslam olduğunu bildirdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə aparmışlar. Şöbədə şəxsi axtarış aparılması ilə əlaqədar müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Aparılmış videoçəkilişdə də iştirak etmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitələri, psixotrop maddə, dövriyyəsi qadağan edilmiş digər əşya və sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra İslam üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirib, əynindəki şalvarın cibindən 1 ədəd sellofan bükülünü və digər əşyaları təqdim etmişdir. İslamın təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristalvari, psixotrop maddə metamfetaminə oxşar kütlə müəyyən edilmiş, qablaşdırılıb götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarışda İslamın təqdim etdiyi mobil telefon götürülmüş, digər əşyaları və pulu özünə qaytarılmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, İslam barədə əməliyyat məlumatı ona həmin gün daxil olmuş, İslamı 17-18 radələrində Gəncə şəhərində ifadəsində göstərdiyi avtoyuma məntəqəsinin yaxınlığında saxlamışlar, İslama qarşı heç bir təzyiq və ya təsir olmamış, “Karızma”da olan hadisə və hər hansı polis əməkdaşının vurulması, həmin işlə bağlı digər şəxsin tutulması barədə məlumatı yoxdur. İslam moykanın yaxınlığında dayanmış vəziyyətdə olmuş, avtomobil yumamışdır. Avtomobildə saxlamadıqları üçün onun avtomobilinə baxış keçirilməsinə zərurət olmamışdır. Təqsirləndirilən şəxs inkar etsə də, onun saxlanılmasında bilavasitə iştirak etmişdir. Daxil olan məlumat üzərindən aşkar olunan psixotrop maddə ilə təsdiqini tapdığı üçün evinə baxış keçirilməmişdir. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı olsa da, İslamın narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Əliyev X14 Kazımovla eyniməzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin guya onun tərəfindən sonuncunun üzərinə qoyulması və bununla bağlı psixoloji təzyiq edilməsi barədə göstərdikləri əsassızdır və İslamın cinayət məsuliyyətindən azad olmaq cəhdidir. Məhkəmədə şahid qismdində dindirilmiş Şahid3 da Şahid2 və Fərid Kazımovla eyniməzmunlu ifadə verərək göstərdi ki, Gəncə şəhərinə və Təqsirləndirilən şəxs olduğu bildirilən yerə onun idarə etdiyi, özünə məxsus “Elentra” markalı avtomobillə getmişdir. İslam saxlanılarkən və sonradan ona qarşı hansısa ona qarşı hansısa fiziki və psixi zorakılıq və qanunsuz təsir olmamışdır. İslamın dövriyyə ilə məşğul olub narkotik vasitə satması ilə bağlı məlumat olsa da, hər hansı halı müəyyən edə bilməmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 göstərdi ki, İslamı piyada olarkən avtoyuma məntəqəsi yaxınlığında saxlamış, onun idarə etdiyi maşın barədə məlumatı olmamışdır. İslamın saxlanıldığı yerə öz “Hundai Elentra” markalı maşınla getmişdir. Qrupa rəhbərliyi Fərid etmiş, İslamın evinə baxış keçirtməyə isə hər hansı zərurət olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, İslam uşaqlıq dostudur. Onun tutulmasını xeyli müddət sonra bilmiş, bu barədə digər dostlarından eşitmişdir, İslamın tutulduğu gün biryerdə “İmamzadə”yə nəzir etdikləri üçün getmiş, Gəncəyə qayıdandan sonra isə özü Bakıya getmiş, getməmişdən əvvəl isə İslama, ona məxsus maşınının Göygöl rayonunda yaşayan İslamın adaşı olan şəxsdə olduğunu, avtomobili götürüb yaşadığı evə aparmasını xahiş etmişdir. Sonradan İslama zəng vursa da sonuncu telefonu açmamış, bir neçə gün sonra İslamın tutulduğunu öyrənmişdir. Təxminən 2-3 ay maşını tapa bilməmiş, maşının vağzalda regional narkomaniya idarəsində olduğunu öyrəndikdən sonra atası maşını götürmüşdür. Məhkəmədə verilmiş suallara cavab olaraq Əmrah Xəlilov göstərdi ki, ona məxsus avtomobili təxminən 2-3 ay tapa bilməsələr də, maşının itməsi ilə bağlı müraciət etməmiş, İslamın tutulduğunu öyrəndiyi üçün maşını ilə maraqlanmamışdır. O özü heç vaxt narkotik vasitə istifadə etməmiş, İslamın da narkotik vasitə istifadə etməsnin şahidi olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindiirlmiş digər əlavə şahid X19 göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıq dostudur. İslam tutulmamışdan bir neçə ay əvvəl “Karizma” restoranında olarkən orada dava olmuşdur. bununla bağlı onu Gəncə Baş Polis İdarəsinə çağırsalar da izahat almamışlar. Həmin hadisədən sonra əvvəlcə Məcid adlı həmin yerdə olan şəxsin tutulduğunu öyrənmiş, təxminən 1 həftə sonra polislər onu qız adı ilə telefonla görüşə çağırıb tutmuşlar. 1 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmış, orada “Karizma”da baş verən dava barədə soruçmuş, kameraya düşdüklərini demişlər. O, dalaşan şəxsin özü olmadığını dalaşanları ayırdığını demiş, banditizm idarəsində olarkən izahatını almışlar. Oradan çıxdığı gün isə İslamın saxlandığını bilmiş, lakin hansı şəraitdə və necə saxlanılmasını bilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X13 göstərmişdir ki, İslam tutulduğu 23ü dekabr 2022-ci ildə hava qaralandan sonra İslam digər dostları Əmrahın maşını O isə öz maşını ilə olmuşdur. Maşınları yumaq üçün 747 avtoyuma məntəqəsinə gəlmiş və maşınları yumağa başlamışlar. Öz maşınını yuyandan sonra İslamın maşınına yaxınlaşanda maşının arxa hissəsinin yuyulmadığını görmüş və bu zaman mülki geyimli hündürboy oğlan İslamın gəldiyi maşına minib getmişdir. İslama zəng etsə də zəng çatmamış, müşahidə kameralarına baxmaq istədikdə moykada işləyənlər kamera görüntülərinin banditizm idarəsinin əməkdaşları tərəfindən aparıldığını demişlər. Sonrakı günlərdə isə İslamın narkotik vasitələrlə bağlı saxlanılıb Bakıya aparıldığını öyrənmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raport və qərardan görünür ki, Gəncə şəhəri, Bakı fəhləsi küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması, əldə edib üzərində saxlaması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə təxirəsalınmaz qaydada əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:25-də Gəncə şəhəri, Əliyar Əliyev küçəsində yerləşən “747” avtoyuma məntəqəsinin qarşısında saxlanaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhərində yerləşən Qərb Regional şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ X17 xx.xx.2023-cü il tarixdə saat 18:35-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı sonucunun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni tutulmamışdan bir gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını bildirmiş, həmini bükülü ilə bərabər İslamın “İphone” markalı mobil telefonu da götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(125)-1393/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci ildə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən hesablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin 5(125)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, BNMİ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmiş, üzərinə baxış keçirilməsi ilə bağlı hissəsi isə istintaq hərəkəti olduğundan həmin hissənin yoxlanılmasından imtina edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş, 28 dekabr 2022-ci il tarixli 6/7150 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə; şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, İştirak etdi: üç imza, müdafiəçi-imza: B.haqverdiyev-imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-12,151 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi- 12,151 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq-12,051 qram. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Səhiyyə Nazirliyinin Respublika X12 Hüquqi Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 7826 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Qasımzadə X8 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X18 verilmiş məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 4891/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirzalon, benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli 612/MEŞ saylı rəydən görünür ki, məhkəmə tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “maddi sübut hesab edilmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin 12,051 qram qalığı maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Respublika Pxisatriya Xəstəxanası Publik hüquqi şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli, 956 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə RİHB-nin 3 №li İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli məktub, arayış və xasiyyətnamdən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs hadisəyə qədərki dövrdə Gəncə şəhəri, Bakı fəhləsi küçəsi ev 48-də, ata-anası, qardaş və bacıları ilə birlikdə yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş “İphone” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefon ailə üzvlərinə verilməsi üçün həmin vaxt təqsirləndirilən şəxsin müdafiəçisi olmuş vəkilə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq və sms mətnlərdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində olan məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “sübutların qiymətləndirilməsi haqqında” və “materialın ayrılması haqqında” qərarlardan görünür ki, cinayət işi materiallarından aşkar edilmiş psixotrop maddənin mənbəyi ilə bağlı material ayrılmışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda və təxirəsalınmaz əməliyyat axtarış tərdbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu göstərilmişdir. Məhkəmə baxışı zamanı DİN-nin BMCMİ-nə sorğu verilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində 2022-ci ildə əməliyyat qeydiyyat işi açılıb açılmaması, müsbət halda əməliyyat qeydiyyat işinin məhkəmə göndərilməsi tələb edilmiş, İdarədən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-6/2-12736/23 saylı sorğuya cavab məktubundan isə həmin hallara dair məlumatların olmadığı göstərilmişdir. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində həm şübhəli şəxs həm də təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də üzərinə keçirilmiş şəxsi axtarış zamanı videoçəkilişdə üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamini yerdən tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə baxışında ittiham tərəfinin şahidləri qismində dindirlmiş BMCMİ-nin polis əməkdaşları, həm də müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş təqsirləndirilən şəxslə yaxın dostluq-yoldaşlıq münasibətində olan əlavə şahidlər Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, kimlərə psixotrop maddə satması, yaxud alması barədə məlumatlarının olmadığını bildirmişlər. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş BMCMİ-nin rəis müavini tərəfindən həmin idarənin İstintaq və Təhqiqat idarısinin rəisinə yazılmış xx.xx.2023-cü il tarixli xidməti yazıdan da müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddə satan şəxsin, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmamasını, yaxın əlaqələrini, narkotik vasitə və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli şəxslərlə əlaqəsini müəyyən etmək, əvvəllər narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə respublika ərazisinə keçirib keçirilməməsini, Təqsirləndirilən şəxs bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddənin satışını təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ilkin olan əməliyyat məlumatı ilə sonradan verilmiş əməliyyat tapşırığına cavab məktubunun məzmunları arasında əsaslı ziddiyət olmuş, iş materiallarına əsasən ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilsə də, sonradan verilmiş cavab məktubunda onun narkotik vasitə və psixotrop maddə əldə etdiyi, yaxud satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bundan başqa həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını təsdiq edən hər hansı hal(lar) müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanının göstərdiyi kimi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz və yalnız cəza təyini zamanı miqdar məsələsi nəzərə alınacaqdır. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (Təqsirləndirilən şəxs istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair hər hansı bir sübut əldə edə bilməmiş, eyni zamanda aşakr edilmiş psixotrop maddə olan metamfetaminin yalnız 1 bükümdə olmasına diqqət yetirməmişdir. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan sırf şəxsi istehlak məqsədi ilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və işin istintaqı dövründə inkar edilən hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatları əsas götürülmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş həmin əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatının nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, sonradan BMCMİ-nin özü tərəfindən inkar edilən əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından da görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə materiallar CPM-in tələblərinə uyğun olaraq məhkəməyə təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda isə cinayət işinə əlavə edilmiş tək raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə qanunsuz məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində isə Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edildiyi göstərilmişdir. Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək ona satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi əsası ilə onun narkotik vasitələrin satışı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin qanunsuz olması qeyd edilən sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr...dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən..........və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən,.......qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ saylı siyahıya əsasən metamfetamin psixotrop maddədir, onun şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə avtoyuma məntəqəsində olarkən əsassız yerə saxlanılıb narkotiklərlə mübarizə idarəsinin Qərb regional şöbəsinə aparılması, orada bir müddət saxlanıldıqdan sonra polis əməkdaşlarının ona “Karizma” restoranından bir neçə ay əvvəl baş vermiş hadisə ilə əlaqədar üzərinə qanunsuz olaraq psixotrop maddə qoyulması və edilən psixoloji təzyiq nəticəsində aparılmış videoçəkilişdə guya həmin psixotrop maddənin ona məxsus olmasını bildirməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından, cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış və tədqiq edilmiş digər sübutlarla inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsin cəzadan və cinayət məsuliyyətindən azad olma cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakterli daşıdığından və işin faktiki halları ilə təkzib edildiyindən həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş videoçəkilişdən də görünür ki, xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gözlə görünən bədən nahiyyələrində hansısa xəsarət yaxud xəsarət izi müəyyən edilməmiş, keçirilmiş istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu sual zamanı özü sərbəst olaraq, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs keçirilmiş şəxsi axtarış və ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut qismində qəbul etməklə məhkəmə baxışında verdiyi ifadələrində metamfetamini ona aid olmasınmı hissəssini sübut kimi qəbul etmir. Belə ki, ibtidai istintaq zamanı ilkin olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki ....son 1-2 ayda arabir psixotrop maddə metamfetamindən çəkmə yolu ilə istifadə etmiş, tutulmamışdan bir gün qabaq yaşadığı evin yaxınlığında gəzərkən yerdə bir sellofan büküm olduğunu görmüşdür. Büküm diqqətini çəkdiyi üçün qaldırıb baxdıqda içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Bir-iki dəfə istifadə etdiyi üçün həmin bir bükümdə metamfetamini götürüb üzərində saxlamışdır. 23 dekabr 2022-ci il tarixdə, saat 17:25-də Gəncə şəhəri, Ə.Əliyev küçəsində “747 avtoyuma” məntəqəsinin yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Şöbəsinin inzibati binasına dəvət etmiş, müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, bildiriş təqdim edilmişdir. Üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı izah edilmiş, buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan şalvarın cibində saxladığı 01 ədəd selofan bükümü, 1 ədəd siqaret qutusunu, bir ədəd alışqanı, bir ədəd “İphone” markalı mobil telefonu və 20 manat pulu masa üzərinə qoyub təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristalvari psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir...... İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmçinin “İphone” markalı mobil telefon da götürülmüşdür. 20 manat pul, siqaret qutusu və alışqan isə ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metafetamini yaşadığı evin yaxınlığından yerdən tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir... İbtidai istintaqın sonrakı mərhələsində isə Təqsirləndirilən şəxs özünü təqsirli olmadığını bildirərək, ifadə verməkdən imtina etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra “Karizma” restoranında baş vermiş hadisə ilə bağlı sorğu-sual edilməsi və həmin hadisəyə görə saxlanılmasını bildirmələrinə və həmin hadisədə iştirak etməsə də sonrakı dövrdə də həmin mübahisədə iştirak etmiş şəxslərin saxlanılaraq narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən bununla bağlı həm Gəncə şəhər prokurorluğu, həm də Gəncə şəhər Baş Polis İdarəsinə verilmiş sorğular verilmişdir. Gəncə şəhər prokurorluğu tərəfindən sorğulara cavab olaraq verilmiş xx.xx.2023, xx.xx.2023 tarixli, 838-xid-23 saylı və xx.xx.2024-cü il tarixli 79-xid-24 saylı məktubla 2022ci ildə Əli Süleymanov adlı polis əməkdaşı və qeyri şəxslərin müraciəti əsasında “Karizma” kafe restoranında baş vermiş döyülmə faktı ilə bağlı araşdırma aparılmadığı göstərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsi isə iş məhkəmə baxışında olduğu müddət ərzində Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq sorğularına ümumiyyətlə cavab verməmişdir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlərin məhkəmə baxışında verdiyi ifadələri ilə bağlı qeyd edir ki, həmin şəxslərin məhkəmədə verdiyi ifadələrlə, iş materialları arasında hər hansı ziddiyyət müəyyən edilməmiş, göstərilən şəxslər təqsirləndirilən şəxslə yaxın dost yoldaşlıq münasibətlərində olsalar da iş materialları ilə ziddiyyət təşkil etməyən faktlar və hallar barədə məlumat vermişlər. (Təqsirləndirilən şəxs saxlanılma şəraiti, yeri ilə bağlı hər hansı ziddiyyət yoxdur.) Lakin şahidlərin Təqsirləndirilən şəxs bilavasitə eləcə də “Karizma” kafe restoranında baş vermiş münaqişə ilə bağlı saxlanılması sırf şahidlərin şəxsi ehtimallarına əsaslanır və onların bununla bağlı hər hansı səlahiyyətli orqana müraciət etməməsi göstərdiklərinin təqsirləndirilən şəxslə yaxın münasibətdə olmasından qaynaqlanması kimi qiymətləndirir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı müdafiə tərəfinin təqdim etdiyi DVD diskə keçirilmiş baxış zamanı həqiqətən 2022-ci ildə “Karizma” kafe restoranında şəxsiyyəti məlum olmayan şəxslər arasında baş vermiş münaqişə zamanı şəxsin- müdafiə tərəfinin Əli Süleymanov olduğunu göstərdiyi polis əməkdaşının döyülməsi faktı müəyyən edilmişdir həmin hal araşdırılaraq müvafiq hüquqi qiymət verilməsi təqdim edilmiş DVD diskin surəti üçün Baş Prokurorluğa göndəriləcəkdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə baxışında irəli sürdüyü onun barəsində əməliyyat məlumatı daxil olmuş əməliyyatçı Şahid1 onun saxlanılmasında iştirak etməməsi, sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə gəlməsinə münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, işin məhkəmədə hərtərəfli qərəzsiz ədalətlə və tam baxılması, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərin yoxlanılması ilə əlaqədar özü və müdafiəçisi tərəfindən verilmiş vəsatətlər təmin edilmiş, əməliyyata axtarış tədbirində iştirak etmiş bütün əməliyyat müvəkkillərinin istifadəsində olmuş mobil telefonların antenna dairələri daxil olan və çıxan zənglərlə bağlı məlumatlar müvafiq mobil operatorlardan götürülmüş, və əməliyyat müvəkkillərinin iş materiallarındakı tərtib edilmiş sənədlərə əsasən əməliyyata axtarış tədbirləri aparılan və yaxın ərazilərdəki anten dairələrində olması müəyyən edilmişdir. Odur ki, həmin hissədə də Təqsirləndirilən şəxs göstərdikləri əsassız olduğundan məhkəmə tərəfindən rədd edilmişdir. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:25-də Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “747 avtoyuma” məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəyə gətirilərək üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı 01 (bir) ədəd sellofan bükümdə olmaqla əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda,yəni təmiz çəkisi 12,151 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs iş məhkəmə baxışında olduğu müddətdə səhhətində yaranmış xəstəlilə bağlı 2 dəfə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1masını, hazırki mərhələdə də həmin müəssisədə saxlanılıb müalicə almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər cinayət hadisəsi törətməməsini, ilk məhkumluğu olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlamaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin miqdarı (külli miqdar olan həddən 6 dəfə çox olması), eləcə də onun şəxsiyyətini xarakterizə edən hallar, (Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı da törətdiyi əməldən səmimi peşmançılıq çəkməməsi) sosial ədalətin bərpası (daha aşağı midar narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak məqsədilə əladə edib saxlayan şəxslər barəsində tətbiq edilən cəzalarla müqayisədə) və cəzanın ümumi xəbərdaredici məqsədinə zərər yetirməmək (eynixarakterli əməlləri törədən şəxslərdə aşağı hədd cəza təyininin mümkün olmasına istinad etməklə qeyd edilən əməllərin törədilməsi, gələcəkdə ola biləcək sui-istifadə və qeyri-prosessual halların qarşısını almaq üçün) həmin maddənin sanksiyasında nəzərə tutulmuş ən aşağı hədd cəza təyinini istisna edən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə həm islah olunacağı və həm də cəzanın icrası daxilində tətbiq edilən rejim daxilində narkotik vasitələrdən asılılıqdan qurtaracağı qənaətinə gəlmişdir. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata oalınmalıdır. İş üzrə maddi sübut olan və DİN-nin BMCMİ-də saxlanılan 12,051 qram psixotrop maddə metamfetamin məhv edilməli, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən ədəd 5 ədəd CD disk və istintaq hərəkəti protokolunun qeydə alındığı və müdafiə tərəfindən təqdim edilən görüntülər olan 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN-nin BMCMİ-də saxlanılan 12,051 qram psixotrop maddə metamfetamin məhv edilsin, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən ədəd 5 ədəd CD disk və istintaq hərəkəti protokolunun qeydə alındığı və müdafiə tərəfindən təqdim edilən görüntlə olan 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-64/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-64/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver