Məhkəmə qərarları › İş №1(100)-66/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-66/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-66/2022 18.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə 44,240 qram narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşımış, qanunsuz olaraq bir ədəd bükümdə isə 400,764 qram narkotik vasitə tiryəki əldə edib özü ilə gəzdirdiyi torbada saxlayaraq daşımış, 24 aprel 2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən «Metallurq» stadionunda saxlanılıb Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilib, həmin gün saat 20:30 dəqiqədə üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə 44,240 qram narkotik vasitə tiryək, əlində olan torbaya baxış zamanı isə içərisindən bir bükümdə 400,764 qram narkotik vasitə tiryək, ümumilikdə külli miqdarda 2 büküm eyni tərkibli 445,004 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə, yaşadığı evin yaxınlığındakı «Metallurq» adlanan stadionun yanında olarkən bir neçə şəxs ona yaxınlaşıb polis əməkdaşlarıolduqlarını bildirdikdən sonra, ona zor tətbiq edərək Kəpəz rayon Polis İdarəsininə aparmışlar. Əlində həmin vaxt torba olmuş, torbanın içərisində isə mobil telefonlar olmuş, belə ki, mobil telefonların təmiri ilə məşğul olur. Kəpəz rayon Polis İdarəsinində şəxsi axtarış aparılan zamanı onun üzərinə və əlində olan torbaya narkotik vasitə qoyulmuşdur. Bundan sonra əynində olan qara rəngli cins şalvarın sol cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə tiryək, torbanın içərisində 1 ədəd sellofana bükülmüş halda narkotik vasitə tiryək aşkar edilmişdir. Onun üzərindən və torbadan aşkar edilərək götürülmüş narkotik vasitələrdən xəbəri olmamış, həmin narkotik vasitələri polis əməkdaşları ona təzyiq göstərərək üzərinə qoymuşlar, qeyd olunan narkotik vasitə ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən edilmiş təsir və təzyiq nəticəsində məcbur olub, həmin narkotik vasitənin ona məxsus olmasını bildirmiş və etirafedici ifadələr vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 25 ilə yaxındır ki narkotik vasitə olan tiryəkdən istifadə edir, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün onda asılılıq yaranmış və buna görə də gündə bir dəfə tiryək atır. O, dəmir yığıb satmaqla ailəsini dolandırır. Polis əməkdaşları tərəfindən saxlanıldığı gündən bir gün əvvəl Goranboy rayonu, Dəliməmmədli şəhərində dəmir yığarkən yolun kənarındakı sökülmüş vəziyyətdə olan avtomaşının içərisində 1 bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğunu görmüş, həmin kütləni götürüb yoxladıqda içərisindəkinin həqiqətəndə tiryək olduğunu bilmişdir. Bundan sonra həmin bükümü götürüb özündə saxlamış, həmin bükümdəki tiryəkin bir hissəsini qırıb əynində olan qara rəngli cins şalvarın sol cibinə qoymüş, digər hissəsini isə torbaya qoymuşdur. 24 aprel 2021-ci il tarixdə, saat 20 radələrində o, yaşadığı evin yaxınlığındakı «Metallurq» adlanan stadionun yanında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt şalvarının sol cibində və əlində olan torbanın içərisində narkotik vasitə tiryək olmuşdur. Polis əməkdaşları onu Kəpəz rayon Polis İdarəsinin inzibati binasına dəvət etdikdə o, etiraz etməyib əlindəki torba ilə birlikdə idarəyə getmişdir. Orada o, şübhəli şəxs qismində saxlanılmış, öz istəyi ilə vəkil Yusif Hüseynov ona müdafiəçi qismində təyin edilmiş, Yusif Hüseynov gəldikdən sonra üzərində və əlində olan torbada axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zamanı onun əynində olan qara rəngli cins şalvarın sol cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə tiryək aşkar edilmişdir. Bundan sonra sol əlində saxladığı torbaya baxış zamanı torbanın içərisində 1 ədəd sellofana bükülmüş halda narkotik vasitə tiryək aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr tərəziyə qoyularaq çəkilmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəkin çəkisi 46,87 qram, digər tiryək kütləsinin çəkisi isə 405 qram təşkil etmişdir. Bundan sonra həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüş, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən və əlində olmuş torbadan aşkar edilərək götürülmüş narkotik vasitələri özü istifadə etmək üçün əldə etmiş, həmin narkotik vasitələri Goranboy rayonu, Dəliməmmədli şəhərində, yolun kənarında olan sökülmüş vəziyyətdə olan avtomaşının içərisindən tapmışdır. O, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə aludəçisidir. O, narkotik vasitələri tez-tez ala bilmədiyi üçün tapdığı bütün kütləni özü ilə gəzdirirmiş. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, başqa hər hansı cinayət hadisəsi törətməmişdir. Bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə məhkum olunmuş, sonuncu dəfə Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını 2009-cu ildə çəkib qurtarmışdır. O, daha sonra ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitəni onun üzərinə polis əməkdaşları qoymuş, qeyd olunan narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 24 aprel 2021-ci il tarixdə Gəncə şəhər Şahlar Hüseynov küçəsi ev 16, mənzil 46-da yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, bundan sonra Şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən «Metallurq» stadionunun içərisində müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Yusif Hüseynov adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Yusif adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarın sol cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə, sol əlində olan torbanın içərisində isə bir ədəd sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarışın davamı olaraq Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd içərisində siqaretlər olan «Rotmans» markalı siqaret qutusu, gödəkçənin sol yan cibindən bir ədəd içərisi boş olan konfet kağızı, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və əlindəki sellofan torbanın içərisindən aşkar olunub götürülmüş kütlələrin narkotik vasitə olan tiryək olduğunu, 23 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində olan zamanı maşın təmiri sexinin yaxınlığındakı ayaqyoluna gedərkən yolun kənarında olan nasaz vəziyyətdə olan sökülmüş maşının içərisindən tapdığını, tapdığı kütləni narkotik vasitə olan tiryəkə bənzətdiyi üçün özü istifadə etmək məqsədilə götürüb üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını və kiməsə satmaq fikri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bir ədəd ağ rəngli sellofana bükülmüş içərisində ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə olan bükülü aptek tərəzisində çəkilmiş və çəkisi 46,87 qram müəyyən olunmuş, zərfə qoyalaraq qablşaşdırılıb ağzı DİN-in 120 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sol əlində olan torbanın içərisindən aşkar olunub götürülmüş bir ədəd sellofana bükülmüş halda içərisində ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 0,405 kiloqram müəyyən olunmuş, zərfə qoyalaraq qablşaşdırılıb ağzı DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı rəqəmsal videoaparat vasitəsilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və ya əlindəki sellofan torbanın içərisindən narkotik vasitə olan tiryəkdən başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki, psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdikləri həqiqəti əks etdirmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, hadisə günü təxminən saat 12-13 arası Təqsirləndirilən şəxs 2 nəfər tərəfindən qolunun burulub aparıldığını görmüş, lakin Xəyalı kimin apardığını və ya niyə apardıqlarını bilməmişdir. Daha sonradan eşitmişdir ki, Xəyalı aparan şəxslər polis əməkdaşları olmuşlar. Xəyalla onunla birlikdə eyni binada yaşayır və həmin bina Metallurq stadionun qarşısında yaxın məsafədə yerləşir. O, Xəyalın telefonların təmiri ilə məşğul olduğunu bilmiş, hətta ona telefon bir neçə dəfə təmir etməsi üçün telefonunu vermişdir. Xəyalın qolunu burub aparanda onlara yaxınlaşmamışdır. Xəyalın narkotik vasitənin satışı ilə məşğul olması barədə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, şahid X3 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.04.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.04.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 24.04.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zamanı onun əynində olan qara rəngli cins şalvarın sol cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə tiryək aşkar edilmişdir. Bundan sonra sol əlində saxladığı torbaya baxış zamanı torbanın içərisində 1 ədəd sellofana bükülmüş halda narkotik vasitə tiryək aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr tərəziyə qoyularaq çəkilmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəkin çəkisi 46,87 qram, digər tiryək kütləsinin çəkisi isə 405 qram təşkil etmişdir. Bundan sonra həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüş, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 25 aprel 2021-ci il tarixli 16/379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən aşkar edilmiş narkotik vasitə tiryəkə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 44,240 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. Eləcə də “Təqsirləndirilən şəxs əlində olan torbadan aşkar edilmiş narkotik vasitə tiryək” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyinə bükülmüş olan qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 400,764 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. Tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd kağız paketlərdə olan tiryəklər xarici əlamətlərinə və tərkib kompanentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.04.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 4(043)-71/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.05.2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-də Kəpəz RPİ-nin TB-nin təhqiqatçı, polis kapitanı X5, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2, müdafiəçi X7 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı əynindəki qara rəngli cins şalvarın sol cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə, sol əlində olan torbanın içərisində isə bir ədəd sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar olunaraq götürüldü. Axtarışın davamı olaraq Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd içərisində siqaretlər olan «Rotmans» markalı siqaret qutusu, gödəkçənin sol yan cibindən bir ədəd içərisi boş olan konfet kağızı, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs üzərndən aşkar olunub götürülmüş bir ədəd ağ rəngli sellofana bükülmüş içərisində ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə olan bükülü aptek tərəzisində çəkildi və çəkisi 46,87 qram müəyyən olundu, zərfə qoyalaraq qablşaşdırılıb ağzı DİN-in 120 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs sol əlində olan torbanın içərisindən aşkar olunub götürülmüş bir ədəd sellofana bükülmüş halda içərisində ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə aptek tərəzisində çəkildi və çəkisi 0,405 kiloqram müəyyən olundu, zərfə qoyalaraq qablşaşdırılıb ağzı DİN-in 120 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş kütlənin narkotik vasitə olan tiryək olduğunu, 23 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində olan zamanı maşın təmiri sexinin yaxınlığındakı ayaqyoluna gedərkən yolun kənarında olan nasaz vəziyyətdə olan sökülmüş maşının içərisindən tapdığını, tapdığıkütlənin narkotik vasitə olan tiryəkə bənzətdiyi üçün özü istifadə etmək məqsədilə götürüb üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını və kiməsə satmaq fikri olmadığını bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin 26.07.2021-ci il tarixli 122- 19417-1221 nömrəli məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki həqiqətən hansı mənbədən əldə etməsi, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə köməklik etməsi, narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müyyən edilə bilməmiş, lakin aşkar olunmuş narkotik vasitə olan tiryəki Təqsirləndirilən şəxs satış məqsədilə əldə edib üzərində saxlaması məlum olsa da Təqsirləndirilən şəxs narkotk vasitəni satdığı şəxslərin dairəsini müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli, 887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkr. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 03.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 15.05.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində 01 il azadlıqdan məhrum etmə cəzası təyin edilsə də sonuncu Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.09.2009-cu il tarixli qərarı ilə 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZE 12014850 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12.05.2011-ci il təvəllüdlü Qəzənfər Qurbanov Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, ünvan 1 ünvanda ailə üzvlər ilə yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, ünvan 1 ünvanda ailə üzvlər ilə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 16.07.2021-ci il tarixli, 2574 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə psixi xəstəliklə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 16.07.2021-ci il tarixli, 2816 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.06.2015-ci ildən opioidlərdən asılılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.08.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 44,040 qram və 400,564 qram narkotik vasitə olan tiryək iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. 24.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində onun üzərindən və torbadan aşkar edilərək götürülmüş narkotik vasitələrdən xəbəri olmamasına, həmin narkotik vasitələri polis əməkdaşları ona təzyiq göstərərək üzərinə qoymasına, qeyd olunan narkotik vasitə ona məxsus olmamasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı tədqiqi edilmiş mötəbər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 24.04.2021ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli, 887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkr. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 44,040 qram və 400,564 qram narkotik vasitə olan tiryək iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 24.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 44,040 qram və 400,564 qram narkotik vasitə olan tiryək məhv edilməli, Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 24 aprel 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 44,040 qram və 400,564 qram narkotik vasitə olan tiryək məhv edilsin, Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar