Məhkəmə qərarları › İş №1(100)-68/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-68/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-68/2021 28.01.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X6 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X4 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində anadan оlmuş, Аzərbaycan Respublikası vətəndaşı, оrtа təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 06:00 radələrində yaşadığı Bərdə rayonu, Otuzikilər kəndi ərazisində yerləşən evinin önündə olarkən qızı Şahid2 bəslədiyi sevgi mübasibətlərinə görə əvvəllər mübahisə etdiyi həmkəndlisi Zərərçəkmiş şəxs atın üzərində iribuynuzlu heyvanları otlaq sahəsinə apardığını görüb kənd ərazisində başqa yolla gedə biləcəyi halda qızına görə onun evinin qarşısından keçməsinə əsəbləşərək Zərərçəkmiş şəxs qısqanclıq zəminində öldürmək qərarına gəlmiş, bu məqsədlə idarə etdiyi “VAZ-2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağına qoyduğu 16 kalibrli, “TOM-BM” modelli, “109133” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı olan ov silahını götürüb iki ədəd patronla doldurduqdan sonra Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə sonuncunun bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə nişan alaraq təxminən 25-30 metr məsafədən ardıcıl iki dəfə atəş açaraq Zərərçəkmiş şəxs başın, boyunun, sağ yuxarı ətrafın, qarının sağ yarısının ön divarının və aşağı ətrafın çoxsaylı odlu silah yaralanmaları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs mindiyi atı sürətlə çapıb həmin ərazini tərk etdiyindən və hadisədən qısa müddət sonra “Bərdə rayon mərkəzi xəstəxanası” X9 çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasınada özünü qismən təqsirli bilməsinə baxmayaraq, ifadə verməkdən imtina etdiyi üçün məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “o, həbs edilməzdən əvvəl ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Otuzikilər kəndində yaşamışdır. Əvvəllər heç bir cinayət hadisəsi törətməmişdir. Ailədə özündən başqa həyat yoldaşı Şövkət, Elnarə və Rövşən adlı iki azyaşlı övladları vardır. Qızı Elnarə və oğlu Rövşən Bərdə rayonu, Xanqaraqoyunlu kənd orta məktəbinin müvafiq olaraq 5-ci və 8-ci siniflərində təhsil almışlar. O, rəsmi olaraq heç bir yerdə işləməmiş və təsərrüfatla məşğul olaraq ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs həmkəndlisi Əhmədin oğlu kimi uzun müddətdir tanıyır. Namiq ilə arasında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. Xatırladığı qədəri ilə təxminən 3-4 ay əvvəl qızı Elnarə məktəbdən evə gələrək həmkəndlisi Zərərçəkmiş şəxs onun arxasınca düşdüyünü və narahat etdiyini demişdir. Buna görə də o, həmin gün Namiqin atası Əhməd Ağamirov ilə görüşüb ona oğlunun qızını narahat etdiyini və bu barədə oğlu ilə danışmasını bildirmişdir. Əhməd Ağamirov isə ona oğlu ilə danışıb bu məsələyə son qoyacağına dair söz vermişdir. Buna baxmayaraq o, keçən müddət ərzində bir neçə dəfə Namiqi yaşadığı evin həndəvərində görmüşdür. O, daha iki dəfə Namiqə yaşadığı evin yaxınlığına gəlməməsi ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq Namiq onun bu xəbərdarlıqlarına məhəl qoymamış və əksinə gülərək özündənrazı şəkildə davranışlar nümaiş etdirmişdir. Sonuncu dəfə Namiqi hadisədən təxminən 10-15 gün əvvəl günorta saatlarında yaşadığı evin yaxınlığında görmüşdür. Həmin vaxt Namiqə bu hərəkətlərinin axırının yaxşı olmayacağını demişdir. Bu zaman onların yanında arvadı Şövkət və oğlu Rövşən də olmuşdur. Arvadı və oğlu onun Namiq ilə arasında olan söhbəti eşitmişlər. Hərəkətlərinin axırının yaxşı olmayacağını deməklə o, Namiqi döymək, bıçaqlamaq və ya odlu silahla güllələmək kimi müxtəlif şeyləri ağlından keçirmişdir. Ancaq onun Namiqi tüfənglə, yaxud bıçaqla vurmaq üçün hər hansı bir imkanı olmamışdır. Həmçinin, Namiqin dediklərindən nəticə çıxaracağını və qızı Elnarəni daha narahat etməyəcəyini düşünmüşdür. Ancaq Namiq yenə də onun xəbərdarlıqlarına məhəl qoymayıb, yaşadığı evdə olmayan zamanlarda gizli şəkildə evin önünə gəlib-getməyə davam etmişdir. Bununla bağlı məlumatı isə ona oğlu Rövşən vermişdir. Rövşən sonuncu dəfə Namiqin onların yaşadığı evin yaxınlığına gəlməsi barədə məlumatı hadisədən 5 gün əvvəl vermişdir. Bundan sonra o, artıq Namiqin söz başa düşən bir insan olmadığını qəbul etmiş və bu səbəbdən Namiqi uzun illərdən bəri yaşadığı evdə saxladığı, babası Əsədulladan yadigar qalmış tüfənglə vurmaq qərarına gəlmişdir. Ancaq Namiqi tüfənglə vurmaq üçün doğru zamanı tapa bilməmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saat 06:00 radələrində yaşadığı kənd ərazisindəki bostanda əkdiyi qarpızı qarğalardan qorumaq üçün təkbaşına bostana getməli olmuşdur. Onun yaşadığı evin çıxış üçün iki qapısı vardır. Həmin qapılardan biri heyvanların, digəri isə avtomobillərin çıxması üçün nəzərdə tutulmuşdur. Evin önündən keçən yol isə torpaq örtüyə malikdir. Evdən çıxan zaman ətraf aydınlıq olduğundan hər yer rahat və aydın şəkildə görünmüşdür. Bu səbəbdən də o, idarə etdiyi avtomobilin işıqlarını yandırmamışdır. O, bostanda uçan qarğaları qorxutmaq üçün tüfəngdən istifadə etdiyindən yaşadığı evin yataq otağının giriş qapısının sağ tərəfində saxladığı tüfəngi də özü ilə götürüb özünə məxsus olan “VAZ 2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib işə salmış və avtomobili idarə edərək bostanın kənarına doğru yola düşmüşdür. Həmin vaxt tüfəngi avtomobilin sağ ön oturacağının üzərinə qoymuşdur. Tüfəngin nömrəsini bilməsə də, tüfəng qoşalüləli, 16 kalibrli ov tüfəngi olmuşdur. Tüfəngdən başqa üzərində Bərdə şəhəri ərazisində yerləşən “Ovçular” mağazasından aldığı beş ədəd patron da götürmüşdür. Tüfəng babasından yadigar qaldığına görə o, silahın rəsmi şəkildə sənədləşdirilərək dövlət qeydiyyatından keçməsini reallaşdırmamışdır. Avtomobil ilə hərəkətdə olan zaman yolda başqa hər hansı şəxs görməmişdir. Təxminən 150 metr hərəkət etdikdən sonra yolun üzərindəki burulma hissəsini keçərkən Namiqin at belində 3-4 baş iribuynuzlu heyvanı otarmaq üçün torpaq sahələrinə tərəf apardığını görmüşdür. Namiqi görən kimi onun sözlərinə məhəl qoymaması və qızı Elnarəyə etdiyi hörmətsizlik yadına düşmüşdür. O, istifadəsində olan torpaq sahəsinə münasibətdə torpaq yolun sağ tərəfi ilə avtomobil ilə hərəkət etmiş, bu zaman Namiq onun əks tərəfində, yolun sol tərəfi ilə atın üzərində mal-qara otarmışdır. Namiqin arxa tərəfinin ona doğru olmasına baxmayaraq atın üzərində sağa-sola çevrildiyindən onu görmüşdür. Namiq onu gördükdən sonra özlərinin torpaq sahəsinə doğru atı çapıb ondan uzaqlaşmaqla hərəkətinə davam etmişdir. Həmin vaxt Namiq ilə onun arasında təxminən 25-30 metr məsafə olmuşdur. O, dərhal avtomobili saxlayıb ön oturacaqda olan tüfəngi özü ilə götürmüş və iki ədəd patronu içərisinə daxil edərək avtomobildən yerə düşmüşdür. Bu zaman Namiq ondan uzaqlaşmağa davam etmişdir. Namiqin hərəkət istiqaməti əkin sahələrinə doğru olmuşdur. Hansı ki, həmin əraziyə avtomobil ilə getmək mümkün olmamışdır. O, əlindəki tüfəngi doldurduqdan sonra Namiqin kürək nahiyəsini nişan alaraq ard-arda iki dəfə atəş açmışdır. Lakin açdığı atəşin Namiqin hansı nahiyələrinə dəyməsini bilməmişdir. Namiq atəş açıldıqdan sonra daha da sürətlə uzaqlaşmış, bu səbəbdən o, daha Namiqin arxasınca getməmişdir. Namiq hərəkətini davam etdirib torpaq sahəsindən digər yola çıxmış və gözdən itmişdir. Ümumiyyətlə, o, avtomobil ilə olsa da, Namiqin getdiyi yol torpaq örtüklü və avtomobil sürməyin mümkünsüz olduğu yol olduğundan həmin istiqamətdə hərəkət edə bilməyəcəyini demişdir. Hadisə zamanı orada başqa heç kim olmamışdır. O, Namiqə tüfəng ilə atəş açdıqdan sonra bostana getməmiş və avtomobilə əyləşib yaşadığı evə qayıtmışdır. Həmin vaxt evdə arvadı, qızı və oğlu olmuşdur. O, ailə üzvlərinə Namiqi tüfəngdən atəş açaraq vurduğunu, ancaq ölüb-ölməməsini bilmədiyini demişdir. Evdə bir neçə dəqiqə gözləyib çay içdikdən sonra polis əməkdaşları yaşadığı evə gələrək onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşıb cinayət hadisəsini törədərkən istifadə etdiyi tüfəngi, evdə saxladığı 15 ədəd patronu, içərisində gilizlər olan qatarı, təxminən 30 qram çəkisi olan barıtı, təxminən 200 qram çəkisi olan qırma bağlamasını, polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs tüfəngdən atəş açdıqdan sonra arxasınca getməməsinin səbəbinin onun at üzərində əkin sahəsinə doğru sürətlə hərəkət etməyə başlaması olduğunu, özünün piyada şəkildə ona çata bilməyəcəyini, avtomobil ilə getmək üçün isə həmin istiqamətdə yol olmadığını, Zərərçəkmiş şəxs tüfəngdən atəş açaraq vurmasına səbəbin sonuncunun qızı Şahid2 olan hörmətsizliyi və özünün xəbərdarlıqlarına baxmayaraq Zərərçəkmiş şəxs hərəkətlərini davam etdirməsi olduğunu, tüfəngdən atəş açmaqda məqsədinin Zərərçəkmiş şəxs qorxudaraq yaşadığı evə yaxın gəlməsinin və qızına yaxınlaşmasının qarşısını almaq olduğunu, tüfəngdən atəş açması ilə bağlı əvvəlcədən hər hansı şəxsə məlumat vermədiyini, hadisə zamanı orada başqa heç kimin olmadığını, birinci atəşi açarkən Zərərçəkmiş şəxs ilə aralarında təxminən 25-30 metr, ikinci atəş açıldıqda isə Zərərçəkmiş şəxs hərəkətini davam etdirdiyindən təxminən 30-35 metr məsafə olduğunu, hər iki atəşi açarkən Zərərçəkmiş şəxs kürək nahiyəsini nişan aldığını, hadisənin törədilməsində istifadə etdiyi tüfəngin hər hansı rəsmi qeydiyyatının olmadığını, həmin tüfəng ilə əvvəllər hər hansı bir cinayət hadisəsi törətmədiyini, hadisəni törətməzdən əvvəl spirtli içki, narkotik vasitə və ya hər hansı bihuşedici maddə qəbul etmədiyini, özünün əvvəllər hər hansı psixi yaxud əqli xəstəlik keçirmədiyini, Zərərçəkmiş şəxs iki dəfə atəş açdıqdan sonra sonuncu at belində olduğundan və ondan uzaqlaşaraq gözdən itdiyindən onun arxasınca getmədiyini, hadisə vaxtı Şahid4 görmədiyini, ümumiyyətlə hadisə yerində ikisindən başqa heç kimin olmadığını və törətdiyi əməldən peşman olduğunu bildirmişdir.” Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs atəş açmaqda məqsədi onu öldürmək deyil sadəcə onu qorxudaraq cəzalandırıb qızından kənarlaşdırmaq istəməsi olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, təsərrüfatla məşğul olaraq dolanır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Əvvəllər nə onun, nə də ailə üzvlərinin Təqsirləndirilən şəxs ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən bir il əvvəl o, Təqsirləndirilən şəxs qızı Elnarəni məktəbə gedib-gəldiyi zaman görmüşdür. Belə ki, onun yaşadığı ev Elnarənin təhsil aldığı Xanqaraqoyunlu kənd tam orta məktəbinə yaxın məsafədə yerləşir. O, ciddi niyyətlə Elnarədən xoşu gəldiyinə görə bu istəyini qıza bildirmək qərarına gəlmişdir. Buna görə də 2019-cu ildə Elnarə məktəbə gedib-gələn vaxtlarda Elnarəyə yaxınlaşaraq ondan xoşu gəldiyini bildirmişdir. Lakin Elnarə onu narahat etməməsini və ondan uzaq durmasını demişdir. Bundan sonra o, bir daha heç vaxt Elnarəni narahat etməmişdir 2020-ci ilin qış aylarında evdə olan zaman atası Əhməd ona Təqsirləndirilən şəxs qızı Elnarəni narahat etməsi barədə məlumat verdiyini demişdir. O isə atasına qızdan ciddi niyyətlə xoşu gəldiyini söyləmişdir. Ancaq atası ona camaatın qızını narahat etməməsi ilə bağlı məsləhət verib vaxtı gələn zaman elçi gedəcəklərini söyləmişdir. Hadisədən təxminən 10- 15 gün əvvəl o, kənd ərazisində yerləşən mağazanın qarşısında olarkən Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ondan haradan gəldiyini soruşmuş, o isə işi ilə əlaqədar olaraq kənd ərazisində olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona əməlllərinin sonunun onun üçün yaxşı nəticələnməyəcəyini deyərək xəbərdarlıq etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 05:30 radələrində o, ata minib iribuynuzlu heyvanları otarmaq üçün evdən çıxmış və Təqsirləndirilən şəxs evinin arxa tərəfində yerləşən örüş-otlaq sahəsinə yollanmışdır. Təxminən saat 06:00 radələrində qəflətən atəş açılmış və yolun kənarından avtomobili ilə keçən Təqsirləndirilən şəxs tüfəngini ona tuşladığını görmüş və sonuncunun yenidən atəş açmaq niyyətində olduğunu bilmişdir. Təqsirləndirilən şəxs açdığı ilk atəş nəticəsində o, xəsarət almışdır. Buna görə də dərhal mindiyi atı çapıb uzaqlaşmaq istəmişdir. Həmin vaxt onunla Təqsirləndirilən şəxs arasında təxminən 25 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs ona ikinci dəfə atəş açmış və ikinci atəşdən sonra o, kürək və baş nahiyəsindən xəsarət almışdır. Buna görə də o, sürətlə atı çapıb dayısı Müslümün yaşadığı evə getmiş və dayısı qonşusu Suliddin ilə birlikdə sonuncuya məxsus olan avtomobil ilə onu Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Həmçinin bildirdi ki, hazırki vaxtda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin nikahdan 2006-cı ildə Elnarə adlı qızı, 2007-ci ildə isə Rövşən adlı oğlu dünyaya gəlmişdir. Övladları Bərdə rayon Xanqaraqoyunlu kənd tam orta məktəbinin müvafiq olaraq 8-ci və 5-ci siniflərində təhsil alırlar. Əri Qadir rəsmi olaraq heç bir yerdə işləmir və təsərrüfatla məşğul olaraq ailəsi dolandırır. Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə onlarla eyni kənddə yaşayır. Əvvəllər Zərərçəkmiş şəxs ailəsi ilə onların ailəsi arasında heç bir düşmənçilik və ədavət baş verməmişdir. Xatırladığı qədəri ilə, təxminən 3-4 ay əvvəl qızı Elnarə məktəbdən evə gələrək həmkəndlisi Namiqin onun arxasınca düşdüyünü və narahat etdiyini demişdir. Buna görə də əri Qadir həmin gün Namiqin atası Əhməd ilə görüşüb oğlunun qızlarını narahat etdiyini və bu barədə oğlu Namiq ilə danışmasını bildirmişdir. Buna baxmayaraq keçən müddət ərzində Namiq dəfələrlə yaşadıqları evin həndəvərində dolanmışdır. Bununla bağlı əri Qadir iki dəfə Namiqə yaşadıqları evin kənarına gəlməməsi ilə bağlı xəbərdarlıq etsə də, Namiq bu xəbərdarlıqlara məhəl qoymayaraq özündənrazı davranışlar nümayiş etdirmişdir. Hadisədən təxminən 10-15 gün əvvəl günorta saatlarında o, əri Qadir və azyaşlı oğlu Rövşən ilə birlikdə yaşadıqları evin yaxınlığında olan zaman Namiqi görmüşlər. Qadir həmin vaxt Namiqə bu hərəkətlərinin axırının yaxşı nəticələnməyəcəyini bildirmişdir. Bu dəfə də Namiq xəbərdarlığa məhəl qoymamış və yaşadıqları evin kənarına gəlməyə davam etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 07:00 radələrində o, yuxudan oyanan zaman Qadirin yaşadıqları evin qarşısında əyləşdiyini görmüşdür. O, ərindən nə baş verdiyini soruşduqda, Qadir tüfəng ilə Namiqə atdığını demişdir. Bir qədər sonra isə polis əməkdaşları yaşadıqları evə gələrək Qadiri aparmışlar. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs tüfəng ilə atmasının səbəbinin sonuncunun qızları Şahid2 narahat etməsi və ərinin xəbərdarlıqlarına məhəl qoymaması olduğunu, ərinin heç vaxt cinayət törətməyə meyilli insan olmadığını, babasından yadigar qalmış tüfəngi, qırmaları və patronları hər səhər özü ilə götürsə də, əvvəllər heç vaxt həmin silah ilə cinayət törətmədiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 Qadir qızı ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. Bərdə rayonu Xanqaraqoyunlu kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, Namiqi 2019-cu ilin sonlarında tanımağa başlamışdır. Belə ki, o, oxuduğu məktəbə piyada şəkildə gedib-gəlmişdir. Həmin vaxtlarda Zərərçəkmiş şəxs onun arxasınca düşməyə başladığını müşahidə etmişdir. Namiq məktəbdən çıxıb piyada şəkildə yaşadığı evə getdiyi zaman onun arxasınca düşmüşdür. Təxminən bir-iki ay ərzində Namiq qeyd olunan formada onun arxasınca düşməyə davam etmiş, buna baxmayaraq ona yaxınlaşmamışdır. Sonralar Namiq yalnız bir dəfə ondan xoşu gəlməsi ilə bağlı xəbər göndərmiş, ancaq o, Namiqə ondan uzaq durmasını və onu bir daha narahat etməməsini bildirmişdir. Lakin Namiq o məktəbdən çıxıb evə getdiyi vaxtlarda arxasınca gəlməyə davam etmişdir. Bir müddət keçdikdən sonra o, məktəbdən evə qayıdan zaman Namiq at ilə onun qarşısına çıxaraq salam vermiş və ondan ertəsi gün məktəbə gəlib-gəlməyəcəyini soruşmuşdur. O isə Namiqin daha onun arxasınca gəlməməsi üçün yalandan məktəbə getməyəcəyini demişdir. Bununla belə o, həmişə Namiqin onun arxasınca gəlməsindən narahatlıq hissi keçirmişdir. Buna görə də təxminən 3-4 ay əvvəl məktəbdən evə gələrək atası Qadirə həmkəndlisi Namiqin arxasınca gəldiyini və bundan narahat olduğunu demişdir. Sonradan bildiyinə görə, atası Namiqin atası Əhməd Ağamirov ilə danışmış və bir daha Namiqin onun arxasınca düşməməsini demişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 07:00 radələrində o, yuxudan oyanan zaman atası Təqsirləndirilən şəxs Namiqi tüfənglə atmasını öyrənmişdir. Bir qədər sonra isə polis əməkdaşları yaşadıqları evə gələrək atasını törətdiyi cinayət əməlinə görə Bərdə rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 Şahid2 Qadir qızının ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Bildiyi qədəri ilə, əvvəllər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında heç bir münaqişə, düşmənçilik və ədavət olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində o, atı minərək kənd ərazisində yerləşən əkin sahəsini sulamaq üçün evdən çıxmış və bir sutka ərzində işləyib xx xxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində əkin sahələrindən yaşadığı evə qayıtmışdır. Bundan başqa o, həmin sutka ərzində yalnız bir dəfə Təqsirləndirilən şəxs evinin qarşı tərəfindən keçmiş və yaşadığı evə gedən zaman kənd sakinlərindən Təqsirləndirilən şəxs səhər saatlarında evinin arxa qapısının yaxınlığında yerləşən otlaq sahəsində Zərərçəkmiş şəxs atəş açmaqla onu öldürməyə cəhd göstərdiyini eşitmişdir. Eşitdiyinə görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istəməsinin səbəbi sonuncunun onun qızını narahat etməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs bacısı oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Əvvəllər nə onun, nə də bacısının əri Əhməd Ağamirovun ailəsi ilə Təqsirləndirilən şəxs ailəsi arasında heç bir düşmənçilik və ədavət olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 07:00 radələrində o, evdə olan zaman Namiqin onu çağırdığını eşitmişdir. Dərhal çölə çıxıb Namiqə yaxınlaşdıqda onun bədəninin sağ tərəfindən qırma yaraları aldığını, bu səbəbdən qan içərisində olduğunu görmüşdür. Namiqi təcili şəkildə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmaq üçün dərhal qonşuluqda yaşayan Şahid6 yaşadığı evə gedib qonşusunu çağırmış və Suliddin ilə köməkləşərək Namiqi Suliddinə məxsus avtomobil ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Yol ilə gedən zaman Namiqdən ona kimin xəsarət yetirdiyini soruşmuş, Namiq isə ona həmkəndlisi Təqsirləndirilən şəxs qızından xoşu gəldiyinə görə ona tüfəng vasitəsilə öldürmək məqsədilə iki dəfə atəş açdığını demişdir. Xəstəxanaya çatdıqdan dərhal sonra tibb işçiləri Namiqə yardım göstərməklə həyatını xilas etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bibisinin nəvəsi, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Həmçinin, o, Zərərçəkmiş şəxs dayısı Şahid5 ilə qonşuluqda yaşayır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 07:00 radələrində o, yaşadığı evdə ailə üzvləri ilə birlikdə yatan zaman Namiqin dayısı Müslümün onu çağırdığını eşitmişdir. O, evin pəncərəsini açarkən Müslümün ağladığını görmüşdür. Namiqin Müslümdən bir qədər aralıda dayandığını görmüşdür. Həmin vaxt Namiqin paltarları qan içərisində olduğundan o, Namiqin atdan yıxılaraq xəsarət aldığını fikirləşmişdir. Daha sonra yaşadığı evin həyətinə çıxmış və Namiqi Müslümlə birgə avtomobili ilə xəstəxanaya aparmışdır. Xəstəxanaya çatdıqdan dərhal sonra tibb işçiləri Namiqə yardım göstərməklə həyatını xilas etmişlər. Sonradan o, həmkəndlisi Qadirin bibisinin nəvəsi Namiqə atəş açmaq istəməsinin səbəbinin qızından xoşu gəlməsi olduğunu öyrənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Bərdə rayonu, Otuzikilər kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı evin darvazası qarşısındakı otlaq sahəsidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Tibbi Ərazi bölmələrinin X7 Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 516 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2020ci il tarixdə saat 06:35 radələrində “Başın, boyunun, sağ yuxarı ətrafın, qarının, aşağı ətrafın odlu silahdan açılmış çox saylı qırma yaralanması” dioqnozu ilə Bərdə RMX-na daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxx 2020-ci il tarixli, 624 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın, boyunun, sağ yuxarı ətrafın, qarının sağ yarısının ön divarının və aşağı ətrafın çoxsaylı odlu silah yaralanmaları patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş (atəşlər) nəticəsində qırmaların təsirindən törənmişdir, ov tüfəngindən açılan atəş nəticəsində törənə bilər, müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs yaralarının ətrafında atəşin əlavə faktorlarının (hissin, alov yanığının, barıt qırıntılarının təsir izlərinin və s.) olmamasına, qırmaların səpələnmə zonasına görə demək olar ki, atəş atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmışdır. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan qırma yaraları kor odlu silah yaranmalarına aid edilir. Yara kanalının olmamasına görə atəşin istiqaməti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Atəş açan şəxs hadisə vaxtı ona qarşı müxtəlif vəziyyətlərdə (sağ yan tərəf, arxa və s.) ola bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin xx xxxx 2020-ci il tarixli 3/7684; 3/770 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “TOZ-BM” modelli, “109133” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir – yivsiz odlu silahdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 15 (on beş) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən patronlardır, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, yivsiz (hamar lüləli) odlu ov silahlarının patronlarının barıt atımının alışdırılması üçün atəş komponenti kimi istifadə olunan, mərkəzdən alışan, “açıq” tipli kapsullardır, döyüş sursatı hesab edilmirlər, təyinatı üzrə istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 375 (üç yüz yetmiş beş) ədəd metal predmet – kustar üsulu ilə hazırlanmış, yivsiz (hamar lüləli), odlu ov tüfənglərində istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş atəş komponentləridir – qırmadırlar və döyüş sursatı hesab edilmirlər. Tədqiqata təqdim edilmiş 29 (iyirmi doqquz) ədəd giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz-hamar ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş, patronun hissələridirgilizləridir. Təqdim edilən gilizlərdən 03 (üç) ədədinin üzərində batıq zədəsi yoxdur. Bu da onu göstərir ki, həmin gilizlərdən atəş açıldıqdan sonra onlar yeni pistonlarla doldurulmuşdur. Bu səbəbdən eyniləşmə tədqiqatı aparılmamışdır. Həmin gilizlərdən 01 (bir) ədədinin üzərində piston olmadığından vurucunun izini müəyyən etmək mümkün olmamışdır, bu səbəbdən eyniləşmə tədqiqatı üçün yararsızdır. Digər 25 (iyirmi beş) ədəd gilizdən 17 (on yeddi) ədədi təqdim edilmiş silahın sağ lüləsindən, 08 (səkkiz) ədədi isə sol lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron 16 (on altı) kalibrli olmaqla həmin kalibrə malik hamar lüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur. Həmin patronun pistonu üzərində dolaşmaya xarakterik vurucunun izi (zədəsi) olduğundan istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onlar formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən geyim əşyaları üzərində olan zədələr giriş zədələri olmaqla hamar lüləli (yivsiz) odlu silahdan açılan atəş(lər) nəticəsində 2 metrdən yuxarı məsafədən arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən və təqdim edilmiş tampon nümunələrindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Bu hissəciklər təqdim olunan silahın lülə kanallarından kənar edilmiş hissəciklərlə qrupuna və növünə görə eynilik təşkil edir. Tədqiqata nümunə kimi təqdim edilmiş 17,70 qram çəkidə hissəciklərin tərkibində natrium-nitrat (NaNO3), karbon, kükürd maddələri vardır və bu tərkibə görə həmin hissəciklər partlayıcı maddə - yaşıl barıtdır. Barıt təyinatı üzrə hamar-yivsiz lüləsi odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patron hazırlanmasında atəş komponenti kimi istifadə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 709/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0/İ/-dir. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu B/İİİ/-dür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar və qısaqol mayka üzərində 0alfabeta/İ/ qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki ləkələrdə qan, köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 696 nömrəli “ambulator məcburi narkoloji tibbi yoxlama” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 450 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdan Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 364 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs heç bir xəstəliklə bağlı X11 dispanserində qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 718 nömrəli arayışdan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri- arvadı Şahid1 Məşgur qızı, qızı Şahid2 Qadir qızı və oğlu Şahid3 ilə birlikdə Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd ov silahı, 06 ədəd patron, 29 ədəd giliz, 03 ədəd piston, 375 ədəd qırma, barıt hissəcikləri iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsində, 03 ədəd tamponda əl yaxma nümunələri, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd şalvar isə iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsinin Bərdə Rayon Polis şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs atəş açmaqda məqsədinin Zərərçəkmiş şəxs öldürmək deyil sadəcə onu qorxudaraq cəzalandırıb qızından kənarlaşdırmaq istəməsinə dair məhkəmə iclasında verdiyi ifadələri işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadələrdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində sonuncu dəfə Namiqi hadisədən təxminən 10-15 gün əvvəl günorta saatlarında yaşadığı evin yaxınlığında gördüyünü, həmin vaxt Namiqə bu hərəkətlərinin axırının yaxşı olmayacağını dediyini, hərəkətlərinin axırının yaxşı olmayacağını deməklə o, Namiqi döymək, bıçaqlamaq və ya odlu silahla güllələmək kimi müxtəlif şeyləri ağlından keçirdiyini, həmçinin oğlu Rövşənin sonuncu dəfə Namiqin onların yaşadığı evin yaxınlığına gəlməsi barədə məlumatı hadisədən 5 gün əvvəl verdiyini, bundan sonra onun artıq Namiqin söz başa düşən bir insan olmadığını qəbul etdiyini və bu səbəbdən Namiqi uzun illərdən bəri yaşadığı evdə saxladığı, babası Əsədulladan yadigar qalmış tüfənglə vurmaq qərarına gədiyini, ancaq Namiqi tüfənglə vurmaq üçün doğru zamanı tapa bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs özünün ovçuluq qabiliyyətinin olduğunu, odlu silahdan atəş açmaqla zərərçəkmişə məhz sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirəcəyindən əmin olmadığını, açdığı atəş nəticəsində onun ölə də biləcəyini dərk etdiyini bildirmişdir. Bundan başqa işin faktiki hallarından və məhkəmədə tədqiq edilmiş sübutlardan görünür ki, hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs Namiqi görərkən idarə etdiyi avtomobilində saxladığı tüfəngi çıxarıb ona tərəf tuşlayaraq məhz onu nişan almış, Namiqin at belində oradan uzaqlaşacağını gördükdə təxminən 25-30 metr məsafədən ona iki dəfə atəş açmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs odlu silahdan Zərərçəkmiş şəxs təxminən 25- 30 metr məsafədən sonuncunun bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə nişan alaraq qəsdən iki dəfə atəş açdığı vaxt onu həyatdan məhrum edə biləcəyini dərk etmiş, atəş nəticəsində zərərçəkmiş şəxs başın, boyunun, sağ yuxarı ətrafın, qarının sağ yarısının ön divarının və aşağı ətrafın çoxsaylı odlu silah yaralanmaları kimi xəsarətlər almış, Zərərçəkmiş şəxs mindiyi atı çapıb həmin ərazini tərk etdiyindən və hadisədən qısa müddət sonra tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq guya Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmamasına dair hissəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadələrində hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığı ilə bağlı işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi bədən xəsarətlərinin sayı, xarakterini və həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi ilə lokalizasiyasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, sonuncular arasında hadisə baş verməmişdən əvvəl mübahisə predmetinin mövcudluğunu, hadisə zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin yetirdiyi zərbələrindən yayınaraq qaçmasını iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilməsini, törətdiyi cinayət əməlinin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli, qanuni və məqsədəmüvafiq hesab edərək, həmin cəzanın Təqsirləndirilən şəxs yenidən tərbiyə olunma yolu ilə islah oluna biləcəyinə əsaslanaraq cəzanın məqsədlərinə nail olunması qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, eləcə də Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını Qadir İbarimovun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayətin törədilməsində odlu silahdan istifadə etməsi Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi yüngülləşdirici hal kimi nəzərə alınsa da, cinayətin törədilməsində odlu silahdan istifadə etməsi Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qəbul edildiyindən cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsində də birbaşa göstərilir ki, «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin yuxarıda şərh edilən tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı məhkəməyədək icraat zamanı tutulduğu gündən yəni xx xxxx 2020-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsində saxlanılan 01 ədəd ov silahı, 06 ədəd patron, 29 ədəd giliz, 03 ədəd piston, 375 ədəd qırma, barıt hissəcikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməli, Bərdə rayon prokurorluğunda saxlanılan 03 ədəd tamponda əl yaxma nümunələri, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd şalvar isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (iki iyirmi səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili X5 prosessual hərəkətlərdə 25 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar - Bərdə rayon polis şöbəsində saxlanılan 01 ədəd ov silahı, 06 ədəd patron, 29 ədəd giliz, 03 ədəd piston, 375 ədəd qırma, barıt hissəcikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin, Bərdə rayon prokurorluğunda saxlanılan 03 ədəd tamponda əl yaxma nümunələri, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd şalvar isə məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X3 vəkil işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 150 manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X8 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar