Məhkəmə qərarları › İş №1(100)-72/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-72/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-72/2022 03.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X1, X3 və Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxxx 1967-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayonu Bəcirəvan kəndi ərazisində yerləşən çayxananın qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun qardaşı Şahid1 vurmasına əsəbləşib Zərərçəkmiş şəxs əlindən aldığı odun parçası ilə baş nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya baş beynin soltərəfli subdural hematoması ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşıdır. Qardaşının Sadiq adlı oğlu var. Qardaşı Sabit kənddə yerləşən çayxananı işlədərək ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər Cəsarət ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində Sabitin işlətdiyi çayxanada olarkən həmkəndliləri Cəsarət, Tural, Baloğlan, Siyavuş və Raiq masaların birində əyləşib domino oynamışlar. Həmin vaxt həmkəndliləri olan Qabil və Saday isə digər masada əyləşib nərd oynamışlar. O da həmin masada əyləşib nərd oyununa tamaşa etmişdir. Bu zaman Tural və Cəsarət Raiq ilə mübahisə etmiş, Raiq lalkar olduğu üçün Sabit Cəsarətgilin əyləşdiyi masadakı şəxslərə yüksək səslə öz iradını bildirmişdir. Daha sonra Saday adlı kənd sakini Sabitə iradını bildirmiş, Cəsarət isə Sabit ilə mübahisə etməyə başlamışdır. Az sonra Cəsarətgil və Sabit çayxanadan çölə çıxmışlar. O, çayxananın pəncərəsindən baxdıqda Cəsarətin Sabitin sinəsindən tutaraq üzünə bir dəfə yumruqla vurduğunu görmüş, qarşılığında Sabit də Cəsarəti vurmuşdur. Buna görə də o, çayxanadan çölə çıxıb onları sakitləşdirmək istəmişdir. Həmin vaxt Cəsarətin əmisi oğlanları Rüstəm və Mürvət Cəsarəti sakitləşdirib aparmaq istəmiş, lakin Cəsarət yerdə olan odun parçasını götürüb Sabitin üzərinə gəlmişdir. Daha sonra Sabitin oğlu Sadiq Cəsarətin üzərinə gedib qucaqlamış və atası Sabiti vurmamasını xahiş etmişdir. Cəsarət isə Sadiqin xahişinə məhəl qoymayıb əlindəki odun parçası ilə bir dəfə Sadiqin başına vurmuşdur. O, yaxınlaşaraq Cəsarətin əlindən odun parçasını alıb sakitləşdirmək istəmişdir. Bu zaman Cəsarət qəflətən Sabitə doğru gedib ayağı ilə Sabitin çənə nahiyəsinə vurmuş, həmin vaxt artıq əsəblərinə hakim ola bilməyərək Cəsarətin əlindən aldığı odun parçası ilə onun baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. Cəsarət zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Daha sonra Cəsarətin atası Allahverdi və qohumları Cəsarəti həmin yerdən aparmış, bununla da dava-dalaş sakitləşmişdir. İfadəsinə əlavə olaraq zərərçəkmiş Zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs və qardaşı Şahid1 uşaqlıqdan həmkəndliləri kimi tanıyır. Həmin şəxslərlə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Sabit kənddə yolun kənarında olan çayxananı işlədir. O, mütəmadi olaraq həmin çayxanaya gedib kənd sakinləri ilə çay içib domino oynamaqla vaxtını keçirmişdir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində Sabitin işlətdiyi çayxanada Tural, Raiq, Siyavuş və Baloğlan ilə eyni masa arxasında əyləşib domino oynayarkən Tural və Raiq arasında mübahisə yaranmışdır. Bu zaman Sabit yüksək səslə masada əyləşən şəxslərin ünvanına nalayiq ifadələr işlətmiş, o da bunu eşidib Sabitə iradını bildirmişdir. Həmin vaxt Sabit ilə arasında mübahisə yarandığından onlar çayxanadan çölə çıxmışlar. Çayxananın qarşısında Sabit ilə qarşılıqlı şəkildə birbirlərinin sinəsindən tutaraq dartışmışlar, lakin bir-birilərini vurmamışlar. Ardınca Sabitin qohumu Ədalət ilə onun əmisi oğlu Rüstəm yaxınlaşaraq onları sakitləşdirmişlər. Daha sonra Sabit yerdən odun parçası götürüb ona doğru atmış, həmin odun parçası boyun nahiyəsinə dəymişdir. Buna görə də o, odun parçasını götürüb Sabitin üzərinə gedərək vurmaq istəmişdir. Elə bu vaxt Sabitin oğlu Sadiq haradansa gəlib onun belini qucaqlamış və atası Sabiti vurmaması üçün yalvarmışdır. O, odun parçasını tutduğu əli ilə Sadiqin başından yavaşca itələyib oradan uzaqlaşmasını istəmişdir. Ancaq Sadiq ağlamağa başlamış, bu zaman əlində olan odun parçası yerə düşmüşdür. Həmin vaxt Sabit ondan aşağıda dayandığı üçün Sabitin üzərinə gedib ayaq zərbəsi ilə vurmuşdur. Elə bu anda Sabitin qardaşı Aqil əlində olan odun parçası ilə qəflətən onun baş nahiyəsinə bir dəfə zərbə endirmiş və o, zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Ona görə də sonrakı proseslərdən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Cəsarət ilə münasibətləri daim normal olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, kənddə çayxana işlədərək ailəsinin dolanışığını təmin edir. 26 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində çayxanada olarkən həmkəndliləri Cəsarət, Tural, Baloğlan, Siyavuş və Raiq eyni masa arxasında əyləşib domino oynamışlar. Həmin vaxt Tural və Cəsarət Raiqlə mübahisə etmiş və çayxanadan çölə çıxıb qapının ağzında dayanmışlar. Raiq lal-kar olduğundan o, yüksək səslə Cəsarətə öz iradını bildirmişdir. Bu zaman Cəsarət onunla mübahisəyə başlamış, az sonra onlar çayxanadan çölə çıxmışlar. Çölə çıxdıqdan sonra Cəsarət onun sinə nahiyəsindən tutaraq bir dəfə üzünə yumruqla vurmuş və bədəninə ayağı ilə zərbə endirmişdir. Bunun qarşılığında o da Cəsarəti yumruqla vurmuşdur. Həmin vaxt qardaşı Aqil çölə çıxıb onları sakitləşdirmək istəmişdir. Cəsarətin əmisi oğlanları Rüstəm və Mürvət Cəsarəti sakitləşdirib aparmağa cəhd etsələr də, Cəsarət yerdə olan odun parçasını götürüb onun üzərinə gəlmişdir. Bunu görən oğlu Sadiq Cəsarətin üzərinə gedib qucaqlamış və onu vurmamasını xahiş etmişdir. X10 xahişinə məhəl qoymayıb odun parçası ilə Sadiqin başına bir dəfə zərbə endirmişdir. Daha sonra qardaşı Aqil odun parçasını Cəsarətin əlindən alaraq sakitləşdirmək istəmişdir. Cəsarət sakitləşmək yerinə qəflətən ona doğru gəlmiş və ayağı ilə çənə nahiyəsinə vurmuşdur. Artıq həmin vaxt əsəblərini cilovlaya bilməyən Aqil Cəsarətin əlindən aldığı odun parçası ilə baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. Cəsarət zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Bunun ardınca Cəsarətin əmisi oğlu Rüstəm yumruq zərbəsi ilə onun burun nahiyəsinə zərbə endirmiş və o, yerə yıxılmışdır. Ayağa qalxanda Cəsarətin atası Allahverdi əlində olan daş parçası ilə iki dəfə baş nahiyəsinə vurmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt ətrafda xeyli sayda kənd sakinləri olmuşdur. Sonra Cəsarət atası Allahverdi və qohumları tərəfindən oradan aparılmış, bununla da dava-dalaş sakitləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs onun əmisi oğlu, Təqsirləndirilən şəxs və qardaşı Şahid1 isə həmkəndliləridir. Sabit kənddə yolun kənarında olan çayxananı işlədir. 26 fevral 2021ci il tarixdə saat 11 radələrində həmkəndliləri Tural, Siyavuş, Baloğlan və əmisi oğlu Cəsarət Sabitin işlətdiyi çayxanadakı masalardan birində əyləşib domino oynamışlar. Özü isə digər masada əyləşmişdir. Cəsarət və həmkəndlilərinin masasında səs-küy yarandığına görə Sabit masa arxasında əyləşənlərə iradını bildirmişdir. Bu zaman əmisi Allahverdi çayxanaya daxil olaraq oğlu Cəsarəti məzəmmət etmişdir. Az sonra Cəsarət və Sabit çölə çıxmışlar. O, çöldən səs-küy gəldiyini eşidib çölə çıxmış, bu zaman Cəsarət və Sabitin bir-birlərinin yaxasından tutub dartışdıqlarını görmüşdür. Buna görə də dərhal yaxınlaşıb onları aralaşdırmağa çalışmış, həmin vaxt Cəsarətin burnu qanamışdır. Daha sonra Sabit yerdən odun parçası götürüb Cəsarətin baş nahiyəsinə vurmuş, ardınca həmin odun parçasını Cəsarətə doğru atmışdır. Bu zaman o, əmisi Rafiq və əmisi oğlu Cabbar ilə birlikdə Cəsarəti sakitləşdirib oradan kənarlaşdırmışlar. Həmin an Aqil əmisi Allahverdiyə nalayiq ifadələr işlətməklə Cəsarəti oradan uzaqlaşdırmasını istəmişdir. Bundan sonra Cəsarət yerdə olan odun parçasını götürüb Sabitə doğru getmiş, həmin an Sabitin azyaşlı oğlu Sadiq Cəsarətin belini əli ilə qucaqlayaraq ağlayıb atasını vurmamasını xahiş etmişdir. Cəsarət odun parçasını tutduğu əli ilə Sadiqin başından itələməklə kənara keçməsini istəmişdir. X12 doğru gedib bir dəfə ayağı ilə Sabitin üz nahiyəsinə zərbə endirmişdir. O, Cəsarət və Sabiti sakitləşdirmək istəyərkən Aqilin “bəsdir, daha” deməsini eşitmiş və qəflətən Cəsarətin yerə yıxıldığını görmüşdür. Həmin vaxt Cəsarət onun arxa tərəfində dayandığından o Aqilin Cəsarəti necə vurduğunu görə bilməmişdir. Daha sonra o, Sabitin əmisi oğlu Cabbarın üzərinə gəldiyini görüb sakitləşdirmək istəmiş, ancaq Sabit sakitləşmədiyi üçün bir dəfə sağ əli ilə Sabitin alın nahiyəsinə yumruq zərbəsi endirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X2 onun qardaşı, Zərərçəkmiş şəxs qardaşının oğlu, Şahid1 və qardaşı Təqsirləndirilən şəxs isə həmkəndliləridir. Onların hamısı ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Sabit kənddə yolun qırağında çayxana işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində Sabitin işlətdiyi çayxananın yaxınlığında olarkən Cəsarət və Sabitin dalaşdıqlarını görmüşdür. Belə ki, Cəsarət yumruq zərbələri ilə Sabiti vurmuş, həmin vaxt ətrafda xeyli sayda adam olmuşdur. Orada olan şəxslər Cəsarəti sakitləşdirmək istəmiş, lakin Cəsarət qəflətən Sabitə doğru gedib ayağı ilə Sabitin çənə nahiyəsinə bir dəfə vurmuşdur. Bu zaman Aqil odun parçası ilə Cəsarətin baş nahiyəsinə zərbə endirmiş, Cəsarət zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Bu zaman qardaşı oğlu Rüstəm yumruq zərbəsi ilə Sabitin burun nahiyəsinə vurmuş və Sabit yerə yıxılmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı ətrafda xeyli sayda adam olduğuna görə qarışıqlıq yaranmışdır. Sonra qardaşı Allahverdi Cəsarəti oradan aparmış, bununla da dava-dalaş sakitləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs onun əmisi oğlu, Təqsirləndirilən şəxs və qardaşı Şahid1 isə həmkəndliləridir. Sabit kənddə yolun kənarında olan çayxananı işlədir. 26 fevral 2021ci il tarixdə saat 11 radələrində Sabitin işlətdiyi çayxanada həmkəndliləri Tural, Siyavuş, Baloğlan və əmisi oğlu Cəsarət Sabitin işlətdiyi çayxanadakı masalardan birində əyləşib domino oynamaqla vaxtlarını keçirmiş, özü isə digər masada əyləşmişdir. Cəsarət və həmkəndlilərinin masasında səs-küy yarandığına görə Sabit nalayiq ifadələr işlədərək masa arxasında əyləşənlərə iradını bildirmişdir. Bu zaman əmisi Allahverdi çayxanaya daxil olaraq oğlu Cəsarəti məzəmmət etmişdir. Az sonra Cəsarət və Sabit çölə çıxmışlar. O, çöldən səs-küy gəldiyini eşidib çölə çıxmış, bu zaman Cəsarət və Sabitin bir-birlərinin yaxasından tutub dartışdıqlarını görmüşdür. Buna görə də dərhal yaxınlaşıb onları aralaşdırmağa çalışmış, həmin vaxt Cəsarətin burnu qanamışdır. Daha sonra Sabitin yerdən odun parçası götürüb Cəsarətə doğru getdiyini görmüş, lakin vurduğunu görməmişdir. Bu zaman o, atası Rafiq və əmisi oğlu Rüstəm ilə birlikdə Cəsarəti sakitləşdirib oradan kənarlaşdırmışlar. Həmin an Aqil əmisi Allahverdiyə nalayiq ifadələrlə müraciət edərək Cəsarəti oradan uzaqlaşdırmasını istəmişdir. Bundan sonra Cəsarət yerdə olan odun parçasını götürüb Sabitə doğru getmiş, həmin an Sabitin azyaşlı oğlu Sadiq Cəsarətin belini əli ilə qucaqlayaraq ağlayıb atasını vurmamasını xahiş etmişdir. Cəsarət odun parçasını tutduğu əli ilə Sadiqin başından itələməklə kənara keçməsini istəmişdir. O, Cəsarət və Sabiti sakitləşdirmək istəyərkən Aqil “daha bəsdir” deyərək əlində olan odun parçası ilə Cəsarətin baş nahiyəsinə bir dəfə möhkəm zərbə endirmiş və Cəsarət huşunu itirib yerə yıxılmışdır. Daha sonra Sabitin onun üzərinə gəldiyini görən əmisi oğlu Rüstəm yaxınlaşaraq Sabiti sakitləşdirmək istəmiş, ancaq Sabit sakitləşmədiyi üçün Rüstəm bir dəfə sağ əli ilə Sabitin alın nahiyəsinə yumruq zərbəsi endirmişdir. Bundan sonra onlar Cəsarəti xəstəxanaya aparmışlar. İş materiallarına əlavə edilmiş 03.03.2021-ci il tarixli “baxış keçirilməsi haqqında" protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Bərdə rayonu Bəcirəvan kəndi ərazisində yerləşən, Şahid1 məxsus çayxana və onun qarşı tərəfidir. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X5”-nin 26.02.2021-ci il tarixli 155 nömrəli “canlı şəxsin ekspertizasına dair ” rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-beyin silkələnməsi ilə müşayət olunan sol gicgah nahiyəsinin əzilmiş yarası, qançırı, burun belinin əzilmiş-sıyrılmış yarası, alt çənə nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 26.02.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X5”-nin 15.04.2021-ci il tarixli 201 nömrəli “canlı şəxsin ekspertizasına dair ” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- baş beynin sol tərəfli subdural hematoması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 26.02.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X5”-nin 26.02.2021-ci il tarixli 154 nömrəli “canlı şəxsin ekspertizasına dair”rəyindən görünür ki, X4 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş“şübhəli şəxsin tutulması haqqında” 04.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli “təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin əvvəli 04.03.2021-ci il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin 02 iyul 2021-ci il tarixli və 20.08.2021-ci il tarixli qərarları ilə “ev dustaqlığı” qətimkan tədbirinin müddəti müvafiq olaraq 04 sentyabr 2021-ci il və 04.10.2021-ci il tarixlərədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanasının 01.04.2021-ci il tarixli 1/544 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanasının 01.04.2021-ci il tarixli 1/543 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 04.08.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin müddəti 02 iyul 2021-ci il tarixli və 20.08.2021-ci il tarixli qərarlarla müvafiq olaraq 04 sentyabr 2021-ci il və 04.10.2021-ci il tarixlərədək uzadılmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28.09.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməklə törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan xasiyyətnamədən müəyyən olunmuşdur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdən 03 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 10 (on) ay 29 (iyirimi doqquz) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 01 (bir) gün azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 07 (yeddi) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti təyin edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar