Məhkəmə qərarları › İş №1(100)-72/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-72/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-72/2025 04.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər Müslümov Bəhruz Firizman oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonu, Sınıqkilsə kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, X9 Sistemlərinin İstismarı İdarəsində süni yağış yağdıran və suvaran maşınlarının maşınısti vəzifəsində işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Hacıkənd kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, 866 saylı qəsəbə, bina 14, mənzil 19-da yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 5,447 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 may 2023-cü il tarixdə saat 00:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bərdə rayonu, 588 saylı qəsəbə ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki 1 (bir) ədəd «Manchester» markalı siqaret qutusunun içərisindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 5,447 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4-3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu 866 saylı məcburi köçkün düşərgəsində işləmiş, işi əlavə nasos qurğuları olan stansiyalarda qurğulara nəzarət etməkdən ibarət olmuşdur. İş yerində əyləşməsi üçün ayrıca otağı da olmuşdur. O, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində işdə gecə növbəsində olmuş və şəxsi avtomobili ilə digər tərəfdəki nasosxanaya baxdıqdan sonra əyləşdiyi otağa qayıtmışdır. Otağın qarşısına çatanda polis əməkdaşları ona avtomobildən düşməyə imkan verməyib idarə etdiyi avtomobilin qapısını özləri açaraq onu düşürmüşlər və tez əllərini bağlamışlar. Həmin vaxt üzərində heç nə aşkarlanmamış, onu saxlayan zaman isə polislər 4 nəfər olmuşlar. Polis əməkdaşlarından biri əvvəlcədən onun iş otağında olmuş və sonuncunun işarəsindən sonra onu otağa salmışlar. Otaqda stolun üzərində bağlamalar olmuşdur. O, əvvəlcə həmin bağlamaların nə olduğunu bilməmiş, polis əməkdaşları isə bağlamaların ona məxsus olduğunu demiş və qollarını arxadan burub öz avtomobilinə əyləşdirmişlər. Avtomobildə o, arxa oturacaqda ortada əyləşmiş, onun hər iki tərəfində isə polis əməkdaşları əyləşmişdir. Qalan polislərdən biri qabaq sağ oturacaqda əyləşmiş, digəri isə onun avtomobilini idarə etmişdir. Polis əməkdaşları içərisində nə olduğunu bilmədiyi həmin bağlamaları da polis şöbəsinə gətirmişlər. Onu saat 22:30 radələrində saxlayıb, saat 23-də polis şöbəsinə aparmışlar və gecə saat 00:30dək ona qarşı təzyiq göstərib döymüşlər, təhqir etmişlər və şəxsiyyəti alçaldan hərəkətlər etmişlər. Polis əməkdaşları həmin bağlamaları üzərinə götürüb satış məqsədilə saxladığını deməsi üçün dəyənəklə təhqiredici hərəkətlər etmişlər. Ona gecə 01:30-dək işgəncə vermişlər, lakin o, polislərlə razılaşmamış, bundan sonra polis əməkdaşları bağlamadakı narkotik vasitənin üzərindən xeyli hissəsini götürmüşlər, heç olmasa qalan hissəni narkotik vasitə istifadəçisi kimi üzərinə götürməyini və onu buraxacaqlarını demişlər. O, həmin vaxt narkotik vasitələrə görə təyin edilə biləcək heç nə bilməmişdir. Bir qədər sonra müdafiəçi gəlmiş və video çəkiliş aparılmışdır. Müdafiəçi “saat gecə 00:30-dur, hələ ifadə almamışıq” dediyindən və onu buraxacaqlarına inandığı üçün narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxladığını etiraf etmişdir. Ertəsi gün polis şöbəsində qalmışdır. Bundan sonrakı gün isə səhər saat 10:00 radələrində Bərdə rayon məhkəməsinə aparılmışdır. Məhkəmədə barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bərdə rayon polis şöbəsinin Mətin adlı müstəntiqi heç bir sübut və dəlil olmadan əsassız şəkildə onun barəsindəki cinayət işini CM-in 234.1-ci maddəsindən CM-in 234.4.3-cü maddəsinə dəyişmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, təxminən 8 ay əvvələdək narkotik vasitə olan marixuanadan arabir istifadə etmiş, lakin metamfetamindən heç vaxt istifadə etməmişdir. O, uzun müddət Rusiya Federasiyasında yaşamış və narkotik vasitə istifadə etməyə orada başlamış, ölkəyə gəldikdən sonra bir yaxud iki dəfə marixuana istifadə etmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmamış, polislə də heç bir ədavəti olmamış, polisi otağa kim göndərmişsə narkotik vasitələri də həmin şəxs iş otağına qoymuşdur. Avtomobildən düşdüyü zaman polis əməkdaşları bir anda onun əlini bağlayıb otağa aparmış, həmin vaxt stolun üzərində bağlamalar olmuş və polis əməkdaşları həmin bağlamaların ona məxsus olduğunu demişlər. Orada heç bir çəkiliş edilməmiş və şahid gətirilməmişdir. Onun işlədiyi yer Bərdə rayonu, 588 saylı məcburi köçkün qəsəbəsində yerləşmişdir. Barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılan zaman məhkəmədə ona sual vermədikləri üçün heç nə bildirməmiş, iclasdan əvvəl dilindən yazılı etiraf aldıqları üçün təzyiqə məruz qalmağını da deməmişdir. İşlədiyi yer hər tərəfi barmaqlıqlarla bağlı pəncərəli dövlət binası olmuş və oraya kənar şəxslər daxil ola bilməmişdir. İçəri tərəfdə iş otağı, oradan sonra isə nasosxanalar yerləşmişdir. Saxlanıldığı ərazidə müşahidə kameraları olmamış, polis əməkdaşları tərəfindən saxlanan zaman bunu kənardan da heç kim görməmiş, saxlanılan zamanı polis əməkdaşları onu döyməmiş, saxlayan polis əməkdaşlarından yalnız İdris müəllimi tanımış, digərlərini isə tanımamışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş bükümləri iş otağında stolun üstünə qoymuşlar, həmin vaxt otaqda İdris müəllim də olmuşdur. Polis əməkdaşları onu polis şöbəsinə öz avtomobili ilə aparmış, həmin vaxtı onun avtomobilini tanımadığı polis əməkdaşı idarə etmişdir. Polis şöbəsində onu şiddətli şəkildə döymüşlər, dəyənəklə ayaq və bud nahiyələrinə vurmuşlar. Onu döyən şəxsləri tanımamış, sadəcə İdris müəllimi tanımış, sonuncu isə onu döyməmişdir. Döyülmə nəticəsində ciddi xəsarəti olmamış, həkim müayinəsindən də keçirilməmişdir. Video çəkiliş zamanı təqdim etdiyi narkotik vasitəni İdris müəllim çəkilişdən qabaq siqaret qutusunda onun arxa cibinə qoymuş və çəkiliş zamanı nə deməli olduğunu izah etmişdir. Ona hədə-qorxu gəlib narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə qardaşının da üzərindən, evindən də narkotik vasitə çıxaracaqlarını demişlər. Polis idarəsindən çıxmamışdan qabaq ondan heç bir təsir göstərilməməsi və heç bir xəsarəti olmaması barədə yazılı etiraf aldıqları üçün polislərin ona qarşı etdiyi qanunsuz hərəkətlərə görə heç bir quruma şikayət etməmişdir. O, saat 22:30-dan gecə saat 00:30-a kimi polis şöbəsində olmuş, saat 00:00-a kimi İdris müəllimin otağında olmuş, bundan sonra isə onu çəkiliş üçün başqa otağa aparmışlar. Saat 01:00-a kimi narkotik vasitəni üzərinə götürməmiş, polis əməkdaşları ona narkotik vasitə istifadəçisi olduğunu etiraf etməyini, qarşılığında isə evə buraxacaqlarını demişlər, o da sonuncularla razılaşmışdır. Ona işini CM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini deməklə vəd verən şəxs İdris müəllim olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, o, təxminən 2 aya yaxındır narkotik vasitələrin müxtəlif növlərindən, yəni psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə o, «İnstagram» sosial şəbəkəsində özünə məxsus göy rəngli «Honor» markalı mobil telefon vasitəsi ilə «32be690» adlı profil səhifəsi ilə şəbəkəyə baxan zaman mesaja daxil olduqda "Coco_patı" adlı istifadəçinin “Mal istəyirsənmi?” yazdığını görmüşdür. Həmin istifadəçidən nəyi nəzərdə tutduğunu soruşduqda sonuncu İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs olduğunu və ona narkotik vasitə sata biləcəyini demişdir. O, Məhəmməd adlı şəxsdən narkotik vasitəni necə əldə edə biləcəyini soruşduqda, sonuncu ondan hansı növ və neçə manat dəyərində narkotik vasitə istədiyini soruşmuşdur. O, da Məhəmməd adlı şəxsə 200 (iki yüz) manat dəyərində narkotik maddə istifadəçiləri arasında «şüşə» adlanan metamfetamin və qurudulmuş marixuana satın almağa imkanı olduğunu demişdir. Məhəmməd adlı şəxs isə onunla əlaqə saxlayacağını bildirib səhifədən çıxmışdır. xx.xx.2023-cü il tarixdə Məhəmməd adlı şəxs yenidən ona «İnstagram» sosial şəbəkəsində mesaj yazaraq Beyləqan-Ağcabədi yolunun 26-cı kilometrliyində yol nişanının altında lövhənin altında istədiyi miqdarda, yəni 200 (iki yüz) manat dəyərində psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuananı gizlətdiyini və ona göndərdiyi koordinatla gedib həmin narkotik vasitələri götürə biləcəyini demişdir. Lakin sonuncu həmin narkotik vasitələrin hansı çəkidə olması barədə ona bir söz deməmişdir. Həmçinin o, da bu barədə soruşmamışdır. Bundan sonra o, Məhəmməd adlı şəxsin dediyi formada xx.xx.2023-cü il tarixdə saat 22 radələrində sonuncunun qeyd etdiyi koordinat əsasında özünə məxsus olan «VAZ-21072» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ünvana tək şəkildə gedərək qeyd olunan narkotik vasitələri götürmüş, 200 manat pulu isə həmin ünvana qoyaraq oradan yaşadığı Bərdə rayonunda yerləşən evinə geri qayıtmışdır. Həmin vaxt o, ətrafda hər hansı bir şəxsi görməmiş, sonradan da bu barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Bundan sonra o, həmin şəxsin profil səhifəsini özünə məxsus göy rəngli «Honor» markalı mobil telefonundan silmiş və əlaqə saxlamamışdır. Daha sonra satın almış olduğu psixotrop maddə olan metamfetaminin üzərindən götürərək şəxsi istifadəsi üçün 4 dəfə istifadə etmişdir. Lakin bu barədə heç kimin məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində satın almış olduğu psixotrop maddə hesab edilən metamfetamini və narkotik vasitə hesab edilən qurudulmuş marixuananı üzərində götürərək yaşadığı qəsəbənin yaxınlığında yerləşən 588 saylı qəsəbəyə getmişdir. Həmin yerə getməkdə məqsədi qeyd olunan narkotik vasitələrdən özün üçün istifadə etmək olmuşdur. Lakin orada təxminən 15 dəqiqə olan zaman tanımadığı 2 nəfər mülki şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polislərlə birlikdə Bərdə rayon polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd «Manchester» markalı siqaret qutusunu çıxarıb içərisində 01 ədəd şəffaf rəngli sellofan kəsiyində olan psixotrop maddə metamfetamini və 01 ədəd kağız kəsiyi bükümündə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə sellofanla birlikdə ümumi çəkisinin 6,7 qram olması, narkotik vasitə qurudulmuş marixuananın isə çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən özünə məxsus 01 ədəd «Honor» markalı mobil telefon və əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 03 ədəd açar aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən həmin «Honor» markalı mobil telefon götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş izahat və ifadələrdə olan əlyazmalar, həmçinin imzalar ona məxsus olmuş, lakin o, həmin ifadələrini oxumadan imza etmişdir. O, İran vətəndaşı Məhəmməd adlı şəxsi tanımamış və sonuncu haqqında heç nə bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatının məzmununda Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması göstərilməmiş, o, Şahid3 və Şahid2lə birlikdə işlədiyi ərazidə Təqsirləndirilən şəxs yaxınlaşmış, həmin vaxtı sonuncu avtomobildə əyləşmiş və onlara heç bir müqavimət göstərməmişdir. Onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər, şifahi sorğu-sual zamanı da sonuncu üzərindəki narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı ona məxsus olmuş, məzmunu sadəcə sonuncunun narkotik vasitə istifadə etməsi ilə bağlı olmuş, satışla məşğul olması barədə hər hansı məlumat olmamışdır. Əməliyyat qrupu ondan, Şahid3 və Şahid2 ibarət olmuşdur. Onlar Təqsirləndirilən şəxs Bərdə rayonu, 588 saylı qəsəbədə kaçeqar işlədiyi yerin qarşısında saxlamışlar, sonuncu özü orada işlədiyini demişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilmiş, lakin o, çəkisini xatırlamamış, az çəkidə və bir bükümdə olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmiş, heç kim sonuncunun üzərinə narkotik vasitə qoymamışdır. Onun Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi olmamış, saxlayan zaman belə sonuncunu tanımamışdır. Sonradan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Elan edilmiş raport şablon formada yanlışlıqla çap edildiyi üçün əməliyyat məlumatının məzmununda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli bilinməsi qeyd edilmiş, halbuki sonuncunun barəsində daxil olmuş əməliyyat məlumatı sadəcə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olmuş, satışla məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 və ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Əliyev X5 İdris Yusif oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/494 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,447 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 0,65 qr., tədqiqata sərf edildi – 0,02 qr., qalıq – 0,63 qram. Metamfetaminin təmiz çəkisi – 5,447 qr., tədqiqata sərf edildi – 0,6 qr., qalıq – 4,847 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1381 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixiotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 01:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 00:45-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 11 may 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclası zalında həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd “Manchester” markalı siqaret qutusunu masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusuna baxış zamanı içərisindən 01 (bir) ədəd polietilen kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 (bir) ədəd kağız parçası bükümündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. 01 (bir) ədəd polietilen kəsiyi bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə 6,7 qram olması, 01 (bir) ədəd kağız parçası bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə 1,5 qram olması müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 (bir) ədəd “HONOR” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddə metamfetaminə bənzər maddəni və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 200 manat qarşılığında Ağcabədi-Beyləqan yolunun 26-cı kilometrindən yolun kənarında yerləşən lövhənin yanından əldə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “HONOR” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında, istifadəsində və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuni hesab edilməməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında, istifadəsində və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30-da Bərdə şəhəri, 588 saylı qəsəbədə saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi, eləcə də Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkə vasitəsi ilə tanış olduğu Məhəmməd adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədilə üzərində saxlamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA3484919 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Əsma Yusifzadə adlı azyaşlı övladı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Hacıkənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1982-ci il təvəllüdlü arvadı – X1, 2005-ci il təvəllüdlü övladı - X3 və 2018-ci il təvəllüdlü digər övladı – X4 ilə birlikdə Bərdə rayonu, 866 ailəlik yeni yaşayış massivi, bina 14, mənzil 19-da müvəqqəti olaraq məskunlaşmış, həmin ünvanda yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,847 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,63 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə olunmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın götərilməsinin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olmadığını, metamfetaminlə marixuananı onun üzərinə polislərin qoyduğunu, sonuncuların onu döyərək işgəncə verdiklərini, təhqiredici hərəkətlər etdiklərini, ibtidai istintaq zamanı da ona qarşı edilmiş fiziki və psixi zorakılıq nəticəsində eitrafedici ifadələr verərək sənədlərə imza etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamini və bir bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023cü il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 200 manat qarşılığında Ağcabədi-Beyləqan yolunun 26-cı kilometrindən yolun kənarında yerləşən lövhənin yanından əldə etdiyini etiraf edərək saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrində sonuncu polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini, eləcə də onun üzərində psixotrop maddə ilə narkotik vasitə qoymasını göstərməmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd “Manchester” markalı siqaret qutusunu masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusuna baxış zamanı içərisindən 01 (bir) ədəd polietilen kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 (bir) ədəd kağız parçası bükümündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə bənzər maddəni və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 200 manat qarşılığında Ağcabədi-Beyləqan yolunun 26-cı kilometrindən yolun kənarında yerləşən lövhənin yanından əldə etdiyini, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin sualına qəti olaraq cavab verib üzərindən aşkar edilmiş siqaret qutusunda olan psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana qoymadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir bükümdə olan psixotrop maddə metamfetaminin və bir bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Habelə ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını və narkotik vasitəni satmaq məqsədinin olmadığını qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Hətta iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1381 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq üzərindən aşkar edilən psixotrop maddəni tanımadığı İran vətəndaşından aldığını göstərmişdir. Eləcə də iş materiallarında olan Bərdə RPŞ-nin daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilməmişdir. Bununla bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Cinayət- Prosessual Məcəllənin 90.11.2-ci maddəsinə əsasən, tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq şübhəli şəxsin vəzifəsidir. Cinayət-Prosessual Məcəllənin 246.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; Göründüyü kimi cinayət prosessual qanunvericiliyə görə şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparıla bilər. Məhz buna görə də, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla belə, məhkəmə tərkibi iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və protokola əlavə edilmiş videoçəkilişi nəzərdən keçirib hesab edir ki, həmin istintaq hərəkəti zamanı istintaq hərəkətlərin icraatı qaydalarının pozuntularla aparılmadığı, yəni cinayət prosessual qanunvericiliyin tələbinə əsasən aparıldığı üçün mötəbər sübut hesab edilməklə sübutların siyahısından çıxarıla bilməz. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun psixotrop maddə olan metamfetamini və narkotik vasitə marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni və narkotik vasitəni haradan əldə etməsini, bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsini, eləcə də psixotrop maddə və narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olduğunu, iş materiallarında olan raportun şablon formada yanlışlıqla çap edildiyi üçün əməliyyat məlumatının məzmununda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli bilinməsinin qeyd edildiyini, halbuki sonuncunun barəsində daxil olmuş əməliyyat məlumatının sadəcə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olduğunu, satışla məşğul olması barədə əməliyyat məlumatının olmadığını, sonradan da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının öz təsdiqini tapmadığını, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı iranlıdan aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. O cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə üzərindən aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetamini və 01 (bir) ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 200 manat qarşılığında Ağcabədi-Beyləqan yolunun 26-cı kilometrindən yolun kənarında yerləşən lövhənin yanından əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə də satmaq məqsədinin olmadığını bildirmişdir. Habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “HONOR” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. Hətta xx.xx.2023-cü il tarixli, 1381 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs psixiotrop maddələrdən istifadə etməsi və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi də öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni və narkotik vasitəni haradan və nə vaxtı əldə etməsini, əldə etdiyi psixotrop maddədən və narkotik vasitədən digər yerdə gizlədərək saxlayıb-saxlamamasını, psixotrop maddə və narkotik vasitə əldə edərək saxlamasında ona kömək edən hər hansı şəxsin olub-olmamasını, eləcə də psixotrop maddə və narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Eləcə də iş üzrə şahid qismində dindirilmiş polislərin ifadələri ilə tam olaraq təsdiq olunmuşdur ki, əməliyyat məlumatı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı deyil, məhz narkotik vasitəni və psixotrop maddəni üzərində saxlaması və istifadə etməsi ilə bağlı daxil olmuşdur. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın yuxarı həddindən iki dəfədən artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, metamfetamini hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında metamfetamini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni haradan və nə vaxtı əldə etməsini, eləcə də psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız Təqsirləndirilən şəxs üzərindən iki növdə, yəni bir büküm narkotik vasitə ilə bir büküm psixotrop maddənin aşkar edilməsi, eyni zamanda aşkar edilmiş psixotrop maddənin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın və psixotrop maddə olan metamfetaminin istifadəçisi olduğunu güman etmək olsa da, onun marixuana ilə metamfetamini satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmasını narkotik vasitənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi qeyd edilsə də, iş üzrə şahid qismində dindirilmiş polislərin ifadələri ilə tam olaraq təsdiq olunmuşdur ki, əməliyyat məlumatı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı deyil, məhz narkotik vasitəni və psixotrop maddəni üzərində saxlaması və istifadə etməsi ilə bağlı daxil olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, həmin ziddiyətli əməliyyat məlumatına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Bu qəbildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə Qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddənin isə külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən sadəcə iki növdə, yəni bir büküm narkotik vasitə ilə bir büküm psixotrop maddənin aşkar edilməsi, eyni zamanda aşkar edilmiş psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarında narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/494 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 5,447 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti, yəni şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 65 (altmış beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 390 (üç yüz doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,847 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,63 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclası zalında həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1381 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 390 (üç yüz doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,847 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,63 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar