Məhkəmə qərarları › İş №1(100)-73/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-73/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-73/2023 21.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış,Gəncə şəhəri S.Qazıyeva küçəsi 2-ci döngə ev 13-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev küçəsi ev 29-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri, seçilərək, hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən saat 16:07 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “ Oba “ marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri N.Nərimanov pr 179 ünvanında yerləşən Kəpəz rayon Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 0,647 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 46,156 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən saat 19:00 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 20 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev pr 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan uzun qol gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyinə bükülmüş 46,156 qram çəkidə maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri Nizami rayonu S.Qazıyeva küçəsi 2-ci döngə ev 13-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Z.Hacıyev küçəsi ev 29-da yaşayır. Özü narkotik vasitənin “patı” deyilən növündən istifadə edəndir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi “ Oba “ marketin yaxınlığında piyada gəzən zaman 01 ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə tapmış, özü də psixotrop maddələr istifadə edəndir deyə həmin kütləni tanımış və psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Bundan sonra həmin sellofanda olan psixotrop maddəni şalvarının yan cibinə qoymuş və bu barədə heç kimə məlumat verməmişdir. Sonra öz yoluna davam etmiş, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən“ Oba “ marketin yaxınlığından keçən zaman mülkü geyimdə iki nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinə getmişdir. Orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şeffaf rəngli selofana bükülmüş büküm aşkar olunmuş, həmin kütlənin içərisində psixotrop maddə metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,70 qram olmuşdur. Sorğu zamanı həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və ona məxsus olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Oba“ marketin yaxınlığından tapdığını, həmin psixotrop maddəni heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, sonra zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş kütlə 0,647 qram olmaqla psixotrop maddə metamfetamindir. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. O, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının 19-u ya 20-si yaşadığı binanın yaxınlığında yerləşən zibilliyin yanından keçən zaman qara rəngli sellofan kəsiyinə bükülmüş kütlə olduğunu görmüş, həmin kütləni götürmüşdür. Qara rəngli sellofan kəsiyinə bükülmüş kütləyə baxdıqdan sonra həmin kütlənin narkotik vasitə olan tiryək olduğunu görmüş, narkotik vasitə aludəçisi olduğundan sözügedən narkotik vasitədən istifadə etməyi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19:00 dəqiqədə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Gəncə şəhər 20 nömrəli tam orta məktəbin yaxınlığında piyada gedən zaman 2 nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirmişlər. Polis idarəsində onun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demişlər və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs kimi tutaraq qərarla tanış etmişlər. Bundan sonra müqavilə bağlamış olduğu müdafiəçi ilə təmin olunmuş və ona video çəklişlə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və müqavilə bağlamış olduğu vəkili X3 iştirakı ilə ona hüquqları izah edildikdən sonra üzərinə şəxsi axtarış aparılacağı elan olunmuş, üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşularaq, hər hansı bir qanunsuz əşya və ya predmet olduğu halda könüllü olaraq təqdim etməyi izah edilmişdir. O, həmin vaxt könüllü olaraq əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş tiryəki çıxarıb təqdim etmiş, sorğu zamanı həmin sellofanda olan kütlənin narkotik vasitə tiryək olduğunu, 3 gün bundan əvvəl yaşadığı binanın yaxınlığında zibillikdən taparaq özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni satmaq fikiri olmadığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə tiryək elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 46,65 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdəki narkotik vasitə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfdən imzalanmış, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt video çəkiliş aparılmışdır. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, üzərindən aşkar olunarq götürülmüş kütlə 46,65 qram olmaqla narkotik vasitə tiryəkdir. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. O, narkotik vasitə tiryəki şəxsi istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəki satmaq niyyəti olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyirəm, polis baş leytenantıdır. Gəncə şəhəri, S.Qazıyeva küçəsi ev 13-də qeydiyyatda olan, Z.Hacıyev küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs Zirtəddin oğlunu əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 04 mart 2022-ci il tarixdə saat təxminən 15:30 radələrində Kəpəz RPB-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Samir adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğuldur. Odur ki, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, Kəpəz RPB-nin sahə rəisi, polis leytenantı Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Zirtəddin oğlunu Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlayaraq Kəpəz RPB-nə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X1 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofanda olan bükülünün içərisində psixotrop maddə şüşə olduğunu, tutulmamışdan bir neçə saat qabaq Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində "xxxx" MMC-nin yaxınlığında yolun kənarında tapdığını, özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin bükümda olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,70 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 181 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Daha sonra kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol dorğu tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı yoxdur Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Gəncə şəhəri, S.Qazıyeva küçəsi ev 13-də qeydiyyatda olan, Z.Hacıyev küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs Zirtəddin oğlunu əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 23 aprel 2022-ci il tarixdə saat təxminən 18:00 radələrində 2-ci polis şöbəsində gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Samir adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğuldur. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, kiçik əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin yaxınlığında saxlayaraq 2-ci polis şöbəsinə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs öz hesabına müqavilə bağladığı vəkil X3 iştirakı və video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan boz rəngli idman gödəkcəsinin sağ yan cibində olan 1 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofanda olan bükülünün içərisində narkotik vasitə tiryək olduğunu, tutulmamışdan 3 gün əvvəl yaşadığı binanın yaxınlığında zibillikdən yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin bükümda olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 46,65 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Daha sonra kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol dorğu tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə verdiyi ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin KTB-nin baş inspektor kriminalist vəzifəsində xidmət edir, polis leytenantıdır. Gəncə şəhəri S.Qazıyeva küçəsi 2-ci döngə ev 13 qeydiyyatda olan, Gəncə şəhəri Z.Hacıyev küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 23 aprel 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də əməliyyat qrupunda olan zaman 2ci PŞ-nin məsul növbətçisi ona Samir adlı şəxsin narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlamasında şübhəli bilindiyi üçün Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Nicat Əvəzlinin xidməti otağında olduğunu, təhqiqatçının videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəyini bildirmişdir. Sonra polis baş leytenantı Nicat Əvəzlinin xidməti iş otağına getmiş, təhqiqatçı Nicat Əvəzli, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3, həmin bölmənin kiçik inspektoru polis baş serjantı Şahid4 və müdafiyəçi Cəfər Hacıyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün “tiryək” olduğunu, bükülünün ona məxsus olduğunu, həmin bükülünü 3 gün əvvəl yaşadığı evin yaxınlığındakı zibillikdən tapdığını, həmin bükülüdən istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin kütlədən heç kimə satmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş halda olan kütlə iştirakçıların yanında açılmış, həmin qutunun içərisində ilk baxışdan narkotik vasitə olan “ tiryəkə “ oxşar kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 46.65 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənmişdir. Həmin an rəqəmsal video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 mart 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəlinilən şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə 04 mart 2022-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 mart 2022-ci il tarixli “şübhəli şəxsi MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 aprel 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəlinilən şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə 23 aprel 2022-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 aprel 2022-ci il tarixli “şübhəli şəxsi MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 iyul 2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Rəşad Süleymanov tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 iyul 2022-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, 20 iyul 2022-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə könüllü gələrək özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 aprel 2022-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında istintaqı aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 iyul 2022-ci tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 iyul 2022-ci il tarixli qərar “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 1(100)-374/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat eyni tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2022-ci il tarixli 16/265 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,647 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəməkimyəvi ekspertizasının 24 aprel 2022-ci il tarixli 16/474 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəkə oxşar kütlə..” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 46,156 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “video diskə baxış keçirilməsi haqqında” prtokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz RPİ-nin PB-nin əməkdaşları tərəfindən Gəncə şəhər Kəpəz RPİ-yə gətirildikdən sonra idarədə üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə Gəncə şəhər BPİ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis kapitanı X9 bildirir ki, həmin günü saat 16:07 radələrində X4, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Kəpəz RPB-nə gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X1 müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofanda olan bükülünün içərisində psixotrop maddə şüşə olduğunu, tutulmamışdan bir neçə saat qabaq Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində "xxxx" MMC-nin yaxınlığında yolun kənarında tapdığını, özü istifadə etmək məqsədi ilə saxladığını bildirir. Həmçinin üzərindən aşkar edilmiş psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirir. Həmin bükümda olan kütlə elektron tərəzidə çəkilir və ümumi çəkisi 0,70 qram olmaqla zərfə qoyulub qablaşdırılır və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 181 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Daha sonra kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılır. Bu barədə protokol tərtib edilir, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Samir Mehdiyev verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “video diskə baxış keçirilməsi haqqında” prtokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə gətirildikdən sonra idarədə üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə Gəncə şəhər BPİ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis baş leytenantı X10 bildirir ki, həmin gün saat 19:00 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq 2-ci polis şöbəsinə gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra öz hesabına müqavilə bağladığı vəkil X3 iştirakı və video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun əynində olan boz rəngli idman gödəkcəsinin sağ yan cibində olan 1 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş büküm aşkar edilərək götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofanda olan bükülünün içərisində narkotik vasitə tiryək olduğunu, tutulmamışdan 3 gün əvvəl yaşadığı binanın yaxınlığında zibillikdən yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirir. Həmçinin üzərindən aşkar edilmiş psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirir. Həmin bükümda olan kütlə elektron tərəzidə çəkilir və ümumi çəkisi 0,70 qram olmaqla zərfə qoyulub qablaşdırılır və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 181 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Daha sonra kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılır. Bu barədə protokol tərtib edilir, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Samir Mehdiyev verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və həmin nömrədən xaric olmuş və daxil olmuş müsajların “CD” diskdə olan yazısına baxış kerilmiş və baxış zamanı iş üçün əhəmiyyətli olan heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli 272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən əldə etməsi, kənar şəxslərə veribverməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 3920 və 16476 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs oğlu-X5 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Publik Hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının 19 iyul 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası-X6 1-ci dərəcəli əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 2058 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 1755 nömrəli Gəncə şəhər Rayonlararası Narkolji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin 28 mart 2022-ci il tarixli 965 nömrəli arayış və 966 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır və O, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 maddəsindən həmin məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. Ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 0,597 qram psixotrop maddə metamfetamin, 45,956 qram narkotik vasitə tiryək, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 02 ədəd DVD disk cinayət işinin materiallarına “ əlavə edilmiş, narkotik vasitə ilə psixotrop maddə isə saxlanılması üçün Gəncə səhər BPİ-nin anbarına təhvil verilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissələrində də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olması göstərilmişdir. O cümlədən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il il tarixlərdə müdafiəçilərinin iştirakı ilə verdiyi izahatlarında üzərindən aşkar edilən psixotrop maddəni “Elba MMC-nin” yaxınlığında yerdən tapdığını və narkotik vasitə olan tiryəki 3 gün əvvəl yaşadığı binanın yaxınlığındakı zibillikdən tapdığını və özünün narkotik vasitə istifadəçisi olduğu üçün üzərində saxladığını, o cümlədən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarıxlərdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilən psixotrop maddəni Elba MMC-nin” yaxınlığında yerdən tapdığını, xx.xx.2022-ci il tarixdə aşkar olunan narkotik vasitə olan tiryəki isə 20.04.22-ci il tarixdə yaşadığı binanın yaxınlığındakı zibillikdən tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, və Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində göstərmişlər ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs, üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 272 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Göründüyü kimi məhkəmə-narkoloji ekspertizasının rəyi Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etdiyini təsdiq edir. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması özözlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda tiryəki əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham elan etsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajlarının olmasına, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə olan tiryəki həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi, o cümlədən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə iş materiallarında olan 22 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 maddəsindən həmin məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin maddə ilə yeni məzmunlu ittiham elan edilmişdir. Göründüyü kimi istintaq orqanı hər iki cinayət işi üzrə Təqsirləndirilən şəxs ayrıayrılıqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək hər iki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda qeyd edilən iki işi bir icraatda birləşdirərək əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.4.2ci maddəsinə tövsif etməli olduğu halda, səhvə yol verərək sonuncunun əməlini birbaşa CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif etmişdir. Bununla da istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifi barədə düzgün qənaətə gəlməmişdir. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda olmasını və daxil olmuş əməliyyat məlumatlarını əsas götürmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin hazırki cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə aparılmış istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə olaraq narkomaniya xəstəliyinin aşkar edilməsi, o cümlədən aşkar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroininin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı 0,5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 50 qramdır. Metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs oğlu-X5 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasını və Təqsirləndirilən şəxs himayəsində olan anası-X2 1-ci dərəcə əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Bununla da məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli Qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddə sində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə hazırkı iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs birinci epizod üzrə 02 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixli il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir bununlada ikinci epizod üzrə də 02 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur və hər iki epizod üzrə cəmi 04 (dörd) gün şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə hazırkı iş materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 1(100)-374/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat eyni tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSYnə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmçinin ikinci epizod üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 27 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,597 qram psixotrop maddə olan metamfeamin, 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 45,956 qram narkotik vasitə olan tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 272 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, daha sonra ikinci epizod üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən tutulduğu vaxtdan, yəni 27 avqust 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,597 qram psixotrop maddə olan metamfeamin, 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 45,956 qram narkotik vasitə olan tiryək məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar