Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-77/2022 17.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X5, X6 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1966-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-78/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” səbəbindən ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni 3.717 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və daşıması barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasındaxx.xx.2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Azərbaycan bayrağı küçəsi ilə Elşən İsmayılov küçəsinin kəsişməsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-yə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən kibrid qutusunun içərisində təmiz çəkisi 3.717 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanıldığı gün evinə gedərkən yolda mülki geyimdə olan polislər onu saxlamışlar. Onu 3 nəfər mülki geyimli polis əməkdaşı saxlamış, yolda onu saxlayan zaman üstünü yoxlasalar da üzərindən heç bir şey çıxmamışdır. Bundan sonra isə xarici markalı maşınla onu polis şöbəsinə aparmışlar. Orada üzərinə baxış keçirib cibindən narkotik vasitə olan “heroin” çıxarmışlar. Narkotik istifadəçisi olsa da həmin narkotik vasitə ona məxsus olmamışdır. Həmin vaxt cibində 1 qutu siqaret, içərisində 2-3 ədəd kibrit olan 1 kibrit qutusu olmuşdu. Narkotik vasitəni kibrit qutusunun içərisindən polis bölməsində çıxarmışlar. Lakin saxlanılan vaxt cibində olan kibrit qutusunun içərisində narkotik vasitə olan büküm olmamış, həmin narkotik vasitə ora polis şöbəsində qoyulmuşdu. Polislər onu qorxutduqlarından narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Ona narkotiki üstünə götürməyi, götürməyəcəyi halda evindən də narkotik vasitə çıxaracaqlarını, onu narkotikin alğı-satqısı ilə tutacaqlarını bildirib, hədələmişlər. Polislər ona hara qol çəkməyi demişlərsə ora da qol çəkmişdir. Polislər ona narkotik vasitəni Gəncə çayının sağ sahilindən tapdığını ifadəsində yazdırsalar da ümumiyyətlə Gəncə çayının sağ sahilinin hara olduğunu bilmədiyini göstərmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, işdə onun 2 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığı göstərilsə də, əslində onu 3 nəfər saxlamış, onun tutulmasında Şahin Musayev də iştirak etmiş, polis şöbəsinə aparılarkən avtomobili Şahin Musayev idarə etməmiş, həmin vaxt Şahin Musayev avtomobildə öndə oturmuş, digər polislərlə birlikdə özü isə arxada əyləşmiş, lakin işdə Şahin Musayevin iştirakı göstərilməmişdir. Hər 3 polis əməkdaşı, o cümlədən Şahin Musayev tərəfindən ona təzyiq edilmiş, narkotik vasitəni boynuna götürməyi tələb edilmişdir. Əlavə etmişdir ki, ifadələri müstəntiq tərəfindən yazılmış, o da oxumadan qol çəkmiş, latın qrafikalı əlifba ilə oxumaqda çətinlik çəkdiyini, ifadələrinin isə ona oxunmadığını, istintaq zamanı müstəntiq onun adından Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazdığını bildirmişdir. Həmçinin ifadəsində İ Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək tank əleyhinə minaya düşdüyünü, sağlamlığını itirdiyini, bədənində olan ağrılara görə narkotik vasitə istifadə etdiyini, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin vaxt üstünə narkotik vasitə qoyulmaqla ona qarşı haqsızlıq edilərək belə bir ittiham verildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt 16 iyul 2021-ci il tarixdə saat 13 radələrində ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatla bağlı həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmış və Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid2 ilə birlikdə saat 14 radələrində Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsinə getmiş və Təqsirləndirilən şəxs Azərbaycan küçəsi ilə Elşən İsmayılov küçəsinin kəsişməsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş, sonra isə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində tünd qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmişdir. Həmin 1 ədəd kibrit qutusu içərisində kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla üzəri möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 1 gün bundan əvvəl Gəncə şəhəri, Müseyib Bağırov küçəsində, Gəncə çayının sağ sahilində yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, satmaq niyyətinin olmadığını bildirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı onun əldə etdiyi narkotik vasitəni satış məqsədilə əldə edib üzərində daşıması müəyyən edilmiş, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, əməliyyat tədbirində iki nəfər olsalar da polis əməkdaşı Şahin Musayev tədbir zamanı iştirak edərək onlara kömək etmiş, lakin protokolda onun iştirakı göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı X8 ifadəsində göstərmişdir ki, həmin gün xidmətdə olarkən Gəncə şəhər Baş Polis İdarəsinin xatırlamadığı əməkdaşları tərəfindən ona zəng edilərək keçirilən əməliyyat tədbirinə kömək üçün çağırılmışdır. Bundan sonra həmin vaxt narkotik şübhəsilə saxlanılan Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə aparılmasında iştirak etmiş, iştirakı yalnız avtomobili idarə etməkdən ibarət olmuşdur. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etməmiş, onunla bağlı aparılan heç bir sənədləşməyə imza etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin hüquqi varisi X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmuşdur. Onlar 2005-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Nikahlarından bir azyaşlı uşaqları vardır. Əri Təqsirləndirilən şəxs İ Qarabağ döyüşlərində iştirak etmiş, həmin döyüşlərdə yaralanmışdır. Müşfiqin narkotik vasitələrdən istifadə etməsi ona sonralar məlum olmuşdur. Barəsində başlanılmış cinayət işi üzrə Müşfiq bildirmişdir ki, onu şərləyib, üstünə narkotik vasitə qoymuşlar, dediyinə görə narkotik vasitənin aşkar olunduğu kibrit qutusu boş olmuş, həmin kibrit qutusuna narkotiki polis qoymuşdur. Mərhum əri Təqsirləndirilən şəxs narkotik istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmamış, istintaq aparıldığı dövrdə keçirdiyi narahatçılıqdan səhətində problemlər yaranmışdır. İfadəsinə əlavə olaraq mərhum əri Təqsirləndirilən şəxs təqsiri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 16 iyul 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 16 iyul 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunun içərisində heroinə bənzər kütləni təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını, bir gün əvvəl Gəncə şəhəri, Müseyib Bağırov küçəsində Gəncə çayının sağ tərəfində yerdən tapdığını, özü istifadə edəcəyi üçün saxladığını, həmin kütlədən heç kimə satmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin 16 iyul 2021-ci il tarixli 16/714 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdəki, bir ədəd kibrit qutusunda tünd qəhvəyi rəngli, nəm vəziyyətdə, iri kütlə şəklində, quruducu şkafda qurudulduqdan sonra təmiz çəkisi 3,717 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məcburi narkoloji-tibbi yoxlamaya dair 23 avqust 2021-ci il tarixli, 986 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi Xanlar Məmmədova ünvanlanmış xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki, əməliyyat-axtarış tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan, kimdən, nə vaxt əldə etməsi, narkotik vasitəni hansı məqsədlə saxlaması, onun kimlərəsə narkotik vasitə satıb-satmamasının və digər hallara dair məlumatın daxil olub-olmaması barədə məlumat verilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli, 2588 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 22 iyul 2021-cii il tarixli, 2840 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2020-ci il tarixdən narkoloji dispanserdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR-nin CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş 28 avqust 2021-ci il tarixli Kəpəz rayon polis idarəsi tərəfindən təqdim edilmiş əməliyyat tapşırığının icrası ilə bağlı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsi tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 27 aprel 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış əməliyyat tapşırığına cavab məktubu icraçı tərəfindən mexaniki olaraq səhvən Kəpəz rayon Polis İdarəsinin blankında yazılmış və məktubun sonunda “Nizami rayon polis idarəsi” əvəzinə “Kəpəz rayon polis idarəsi” sözləri yazılmışdır. Odur ki, məktubun Nizami rayon polis idarəsi tərəfindən göndərilməsinin nəzərə alınması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə nikah bağlamışdır. İş materiallarına əlavə edilmiş X1 tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilmiş ərizədən görünür ki, o, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, cinayət işi üzrə tərtib edilmiş 07 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, iş üzrə təqsirləndirilən və şahid ifadələri, ekspertiza rəyləri, həmçinin digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “...ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən iki ildirki narkotik vasitə sayılan heroin istifadə edir. xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində Gəncə şəhəri Müseyib Bağırov küçəsində Gəncə çayının sağ sahilində yerdə kibrid qutusu tapmış və həmin kibrid qutusunu götürüb içərisinə baxan zaman içərisindəki kütlənin narkotik vasitə sayılan heroin olduğunu bilmiş və şəxsi istifadəsi üçün götürmüşdür. Həmin gün tapdığı heroindən bir az siqaretə qataraq çəkmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 14 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə Elşən İsmayılov küçəsinin yaxınlığında olarkən tanımadığı iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, sonra onu Gəncə şəhər Baş Polis idarəsinə dəvət etmiş, özü isə etiraz etməmişdir. Gəncə şəhər BPİ-də ona vəkil təyin olundu, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşya olub olmaması soruşulmuşdur və o əynində olan açıq göy rəngli şalvarın sağ yan cibində narkotik vasitə olan heroin olmasını bildirərək, həmin heroini təqdim etmişdir. Sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə təqdim etdiyi kibrid qutusunun içərisində olan heroin elektron tərəzi ilə çəkildi, ümumi çəkisi 6.85 qram gəlmiş, həmin heroin zərfdə qablaşdırılmış, üzəri möhürlənərək onun və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. O, daha sonra ifadəsində göstərmişdir ki, həmin narkotik vasitə ona aid olduğunu və o, həmin narkotik vasitən olan heroini Gəncə şəhəri, Gəncə çayının sağ sahilində yəni, Museyib Bağırov küçəsində yerdən tapdığını şəxsi istifadəsi üçün üzərində saxılayıb daşıdıdğını, həmçinin narkotik vasitə olan heroini tapan zaman tək olduğunu, üzərində narkotik vasitə olması barədə heç kimə məlumat vermədiyini və həmin narkotik vasitə heroini heç kimə vermədiyini, satmadığını və özünə məxsusu mobil telefon və mobil nömrə olmadığını bildirmişdir.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanıldığı gün evinə gedərkən yolda 3 nəfər mülki geyimli polis əməkdaşının onu saxlayaraq üstünü yoxladıqlarını, üzərindən heç bir şey çıxmasa da onu polis şöbəsinə apardıqlarını göstərsə də, ibtidai istintaq zamanı verdiyi ifadələrdə onu 2 nəfər polis əməkdaşının saxladığını göstərmişdir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan (səh. 5) görünür ki, baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahid1 ifadəsində əməliyyatda iki nəfər- Şahid2 və özü iştirak etsə də, polis əməkdaşı Şahin Musayevin də həmin tədbirdə iştirak etməklə onlara kömək etdiyini, protokolda isə onun iştirakının əks olunmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahin Musayev də qeyd edilən əməliyyat-axtarış tədbirində iştirak etdiyini, lakin protokolda iştirakının əksini tapmadığını təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, ifadələri müstəntiq tərəfindən yazılmış, o da oxumadan qol çəkmiş, latın qrafikalı əlifba ilə oxumaqda çətinlik çəkdiyini bildirmişdir. İbtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən məlum olmuşdur ki, o həmin ifadələrinin sonunda kiril qrafikası ilə ifadəsini oxuduğunu, sözlərilə düzgün yazıldığını qeyd etmişdir. Odur ki, Təqsirləndirilən şəxs latın qrafikalı əlifba ilə sərbəst yazıb-oxuya bilmədiyi halda, ifadələrinin sonunda kiril qrafikalı əlifba ilə ifadəsini oxuduğunu və sözlərilə düz yazılmasını qeyd etməsi onun tərəfindən həmin ifadələrin oxunmasını şübhə altına almış olur. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələr ibtidai araşdırma orqanı tərəfindən obyektiv və həqiqi ifadələr kimi qiymətləndirilərək iş üzrə sübut kimi qəbul olunsa da, məhkəmə istintaqı zamanı verdiyi ifadələri ibtidai istintaq dövründəki ifadələrini təkzib etdiyindən, bu, iş materialları ilə yanaşı şahidlərin ifadələrilə də təsdiq olunduğundan onun məhkəmə istintaqı zamanı verdiyi ifadələri daha obyektiv və həqiqi ifadə kimi qəbul olunmalı, məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə sübut kimi qəbul olunmamalıdır. Bundan başqa cinayət işinin materiallarında olan Gəncə ŞBPİ CAİ-nin rəisi Xanlar Məmmədov tərəfindən Gəncə ŞBPİ-nin rəisinə ünvanlanmış 16 iyul 2021-ci il tarixli raportdan (səh. 4) görünür ki, Gəncə şəhəri, Bayan küçəsində yaşayan “Mişa” ləqəbli şəxsin narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Gəncə şəhər Baş polis idarəsinə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Gəncə şəhər, Nizami rayonu, Bayan küçəsi, döngə 5, ev 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq narkotik vasitələr istifadə etməkdə və qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olan Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Həmçinin raportdan müəyyən olunur ki, Xanlar Məmmədov tərəfindən raport imzalandıqdan sonra ad və soyadın altındakı 16 iyul 2021-ci il tarixindəki “16” tarixinin “6” rəqəminin və raportun yuxarı sol küncündəki 16 iyul 2021-ci il tarixindəki “16” tarixinin “6” rəqəminin pozularaq düzəliş edilməklə yazıldığı müəyyən olunmuşdur. Qeyd edilmiş raport Gəncə ŞBPİ-nə xx.xx.2021-ci il tarixdə daxil olmuş və raportun yuxarı sağ küncünə daxil olma barədə möhür vurulmaqla 120-21679-1121 nömrəsi və daxil olduğu tarix kimi xx.xx.2021-ci il tarixi qeyd edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev tərəfindən raporta əlavə edilmiş dərkənardan (səh. 3) görünür ki, daxil olmuş raportun icra edilməsi Niyaməddin Qasımov və Xanlar Məmmədova həvalə edilmiş, dərkənarın nömrəsi 120-21679-1121, tarixi isə xx.xx.2021-ci il kimi qeyd edilmişdir. Bundan sonra 16 iyul 2021-ci il tarixdə “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs yeri müəyyən edilərək onun üzərinə və zərurət yarandığı halda yaşadığı mənzilə baxış keçirilməsi qərara alınmışdır. Bundan sonra isə Gəncə ŞBPİ CAİ-nin rəisi Xanlar Məmmədov tərəfindən Gəncə ŞBPİ-nin rəisinə ünvanlanmış 16 iyul 2021-ci il tarixli raportdan (səh. 7) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Bayrağı küçəsilə Elşən İsmayılov küçəsinin kəsişməsində müəyyən edilərək əməliyyat məlumatının yoxlanılması məqsədilə Gəncə ŞBPİ-nə dəvət olunmuş, üzərinə baxış keçirilməsilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. 16 iyul 2021-ci il tarixdə isə şübhəli şəxs qismində tutulmuş, həmin gün saat 14.55dən saat 15.25-dək üzərində şəxsi axtarış aparılmışdır. Göründüyü kimi narkotik vasitələr istifadə etməkdə və qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olan Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə 16 iyul 2021-ci il tarixli raport Gəncə ŞBPİ-nə 17 iyul 2021-ci il tarixdə daxil olaraq Baş Polis İdarəsinin rəisi tərəfindən də həmin tarixdə, yəni 17 iyul 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilsə də yuxarıda sadalanan bütün prosessual hərəkətlər 16 iyul 2021-ci il tarixdə, yəni Gəncə şəhər Baş Polis İdarəsinin rəisi tərəfindən razılıq verilənədək həyata keçirilmişdir. Həmçinin “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarda Təqsirləndirilən şəxs yeri müəyyən edilərək onun üzərinə və zərurət yarandığı halda yaşadığı mənzilə baxış keçirilməsi qərara alınsa da, yalnız onun üzərinə baxış keçirilmiş, lakin yaşadığı mənzilə baxış keçirilməsi təmin edilməmişdir. Qeyd edilən hallar da Təqsirləndirilən şəxslə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirinin pozuntularla aparıldığını təsbit etmişdir. Göstərilənlərə əsasən məhkəmə “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı, həmin qərar əsasında tərtib edilmiş “Şəxsi axtarış və götürmə haqqında” protokolu mötəbər sübut kimi qəbul etmir. Bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsindən müəyyən olunmuşdur ki, o, içərisində narkotik vasitə olan kibrit qutusunu xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Müseyib Bağırov küçəsində, Gəncə çayının sağ sahilində yerdən tapmış və həmin kibrit qutusunu götürüb içərisinə baxan zaman içərisindəki kütlənin narkotik vasitə sayılan heroin olduğunu bilmiş və şəxsi istifadəsi üçün götürmüşdür. Həmin gün tapdığı heroindən bir az siqaretə qataraq çəkmiş, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai araşdırma orqanı tərəfindən sübut kimi qəbul olunmuş Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən göründüyü kimi onun narkotik vasitəni tapmasından heç bir gün keçməmiş polis əməkdaşlarına bu barədə əməliyyat məlumatı daxil olmaqla onun saxlanılması təmin edilmişdir ki, məhkəmə bu hissədə də həmin ifadəni inandırıcı ifadə kimi qəbul etmir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığından müəyyən olunur ki, əməliyyat tapşırığı Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi Xanlar Məmmədova ünvanlansa da, cavab məktubu Kəpəz RPİ-nin rəisi, polis polkovnik leytenantı Knyaz Həsənov tərəfindən verilmişdir. Məhkəmə istintaqı zamanı xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu (səh. 109) tədqiq edilərkən müəyyən edilmişdir ki, Kəpəz RPİ-nin rəisi, polis polkovnik leytenantı Knyaz Həsənov deyil, Nəvai Qasımov olmuş, Knyaz Həsənov isə Nizami rayon polis idarəsinin rəisi olmuşdur. Həmçinin qeyd edilən əməliyyat tapşırığına cavab məktubunda Knyaz Həsənovun ad və soyadı üzərində olan imza da onun imzasına bənzədilmişdir. Göründüyü kimi Gəncə şəhər Nizami rayon polis idarəsinin rəisi Knyaz Həsənov tərəfindən verilməli olan əməliyyat tapşırığına cavab məktubu Kəpəz RPİ-nin blankında tərtib olunmaqla Kəpəz RPİ-nin rəisi adından imzalanmış, lakin rəis kimi Knyaz Həsənov göstərilmiş, icra edilmiş imza isə onun imzasına bənzədilmişdir. Məhkəmə istintaqı zamanı qeyd edilən ziddiyyətlə bağlı müvafiq sorğular verilmişdir. Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsi tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 27 aprel 2022-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış əməliyyat tapşırığına cavab məktubu icraçı tərəfindən mexaniki olaraq səhvən Kəpəz rayon Polis İdarəsinin blankında yazılmış və məktubun sonunda “Nizami rayon polis idarəsi” əvəzinə “Kəpəz rayon polis idarəsi” sözləri yazılmışdır. Odur ki, məktubun Nizami rayon polis idarəsi tərəfindən göndərilməsinin nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən məktub əməliyyat-axtarış tədbirlərinin real olaraq keçirilmədiyini, formal olaraq tərtib olunduğunu, tərtib olunarkən belə pozuntularla icra edildiyini təsbit etdiyindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 120-28630-1221 nömrəli və xx.xx.2022-ci il tarixli 121-11986-1221 nömrəli məktublar mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə BPİ-nin əməkdaşları Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması, saxlanıldıqdan sonra üzərindən narkotik vasitənin aşakar edilməsi ilə bağlı verdikləri ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, onlar iş üzrə maraqlı şəxslər olduqlarından verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir və həmin ifadələr iş üzrə sübut kimi qəbul edilməməlidir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” səbəbindən ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs arvadı X1 ərizə ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək ölmüş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini həyata keçirmək istəyini bildirərək iş üzrə onun hüquqi varisi qismində tanınmasını xahiş etmiş, ifadəsində isə Təqsirləndirilən şəxs verilmiş ittihamla təqsirli olmadığını bildirib onun barəsində bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3,517 qram olan narkotik vasitə heroinin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək Gəncə şəhər BPİ-də, 1 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökmetdi: Ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3,517 qram olan narkotik vasitə heroinin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək Gəncə şəhər BPİ-də, 1 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinə izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-77/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-77/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver