Məhkəmə qərarları › İş №1(100)-77/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-77/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-77/2023 30.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 22 fevral 1987-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Şıxzamanlı küçəsi, Yapışdırıcı materiallar küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən, 01 (bir) ədəd sintetik kisədə təmiz çəkisi 3040 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi “VAZ 21063” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində daşıyaraq saxlamış, 18 may 2022-ci il tarixdə, saat 18:30 radələrində Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən “Qoşqar” Şadlıq sarayının yaxınlığında saxlanılaraq, Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulmaqla onun idarə etmiş olduğu “VAZ 21063” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış kçeirilərkən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən, 01 (bir) ədəd sintetik kisədə təmiz çəkisi 3040 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus “VAZ 21063” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən (baqajdan) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “Vaz 21063” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Metal dəmir yığmaqla məşğul olmuşdur. O, özü həm də narkotik vasitələrin aludəçisidir. 18 may 2022-ci il tarixdə idarə etdiyi “VAZ 21063” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonuna gəlmişdir. Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində yerləşən Qoşqar şadlıq Sarayının yaxınlığında polis əməkdaşları idarə etdiyi avtomobili saxladıb onu Polis Şöbəsinə aparmışlar. Orada polis əməkdaşları onun narkotik vasitə istifadə etdiyini deyərək, ona narkotik vasitə istifadə edən tanışlarının adını verməyi və həmin şəxslərin tutulmasında onlara kgmək etmələrini demişlər. Polis əməkdaşlarına narkotik vasitə istifadə edən tanışlarının tanımadığını və onların tutulmasında polisə kbmək edə bilməyəcəyini demişdir. Bundan sonra ona hədə-qorxu gəlinmiş və avtomobilinə narkotik vasitə qoyulacağını və özünün tutulacağını demişlər. Məcbur olub polis əməkdaşlarının dedikləri ilə razı olmuş və onun avtomobilinə kisədə qurudulmuş narkotik vasinə marixuana qoymuşlar. O da polis əməkdaşları ilə birlikdə Samux RPŞ-nin inzibati binasında dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Üzərindən heç bir şey aşkar olunmamış, sonra avtomobilin yük yerində olan torbadakı nəşəni, yəni marixuananı təqdim etmişdir. Avtomobilinə baxış zamanı əlavə heç bir qanunsuz əşya tapılmamışdır. Avtomobilindən aşkar olunmuş marixuana çəkilmiş və 3 kq olmuşdur. Sorğu zamanı ona polis əməkdaşlarının dedikləri kimi narkotik vasitə olan qurudulmuş marixuananı təxminən bir il əvvəl, 2021-ci ilin yay aylarında Şəmkir rayonu ərazisində Kür çayının sahilində istirahət edən zaman sahibsiz bir ərazidə yabanı halda bitmiş çətənə kollarını görüb özü istifadəsi üçün yığdığını, kiməsə satmaq fikri və niyyəti olmadığını demişdir. Sonra istintaq zamanı da qorxusundan həqiqət barədə ifadə verməmiş bu barədə vəkilinə də deməmişdir. O heç kimə narkotik vasitə satmamış və belə məqsədi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 may 2022-ci il tarixdə Gəncə şəhəri, Şıxzamanlı küçəsi, Yapışdırıcı materiallar küçəsi, ev 9, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 18 may 2022-ci il tarixdə saat 18:30 radələrində Samux Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 ilə birlikdə Samux rayon Nəbiağalı qəsəbəsinə gedilmiş, Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən “Qoşqar” Şadlıq sarayının yaxınlığında özünə məxsus və onun idarə etmiş olduğu “VAZ 2106” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmiş və ona onlarla getməyi təklif etmişlər, Təqsirləndirilən şəxs də heç bir etiraz etmədiyindən, onlar Təqsirləndirilən şəxslə birlikdə Samux Rayon Polis Şöbəsinin inzibati binasına gəlmiş və raportla rəhbərliyə məruzə edildikdən sonra inzibati binada Samux RPŞ-nin təhqiqatçısı, polis kapitanı Murad Balakişiyev tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun bədənində, paltarlarında, əşyalarında və ya idarə etdiyi avtomobilində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşyanın olmadığını, ancaq idarə etmiş olduğu avtomobilin yük yerində narkotik vasitə hesab edilən marixuananın olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərində, paltarlarında və bədənində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Vaz 2106” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün ərizə alınmış və Təqsirləndirilən şəxs ona məxsus avtomobilə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Avtomobilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, avtomobildə qanunla qadağan olunmuş maddənin, əşyanın, predmetin olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etmiş olduğu “Vaz 2106” markalı avtomobilin yük yerini açaraq yük yerində olan 1(bir) ədəd ağ rəngli torbanı təqdim etmişdir. Torbanın içərisində nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs nəşə olduğunu, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Avtomobilə baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi torba açılan zaman spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan marixuanaya oxşar kütlə olması müəyyən olunmuş və həmin kütlə elektron əl tərəzisində çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 3.095 kq olmaqla AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə olan marixuana olduğunu, bir il əvvəl Şəmkir rayonu ərazisində Kür çayının sahilindən sahibsiz ərazidən topladığını, özünün istifadəsi üçün saxlayıb qurutduğunu bildirmişdir. Həmin narkotik vasitəni sakit və təhlükəsiz yerdə saxlamaq və az-az istifadə etmək üçün Samux rayonu ərazisinə gətirdiyini demişdir. Avtomobilə baxış zamanı avtomobildən başqa heç bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və istifadəcisi barədə əməliyyat məlumatı olmuşdur. Onun məhkəmə iclasında göstərdiklərinin həqiqətə uyğun olmadığını, ona heç bir hədə-qorxu gəlinmədiyini, narkotik vasitə istifadə edən tanışlarının tutulmasında polisə kömək etməsinin tələb edilmədiyini bildirmişdir. Onun avtomobilinə narkotik vasitə qoyulmamış, narkotik vasitə onun özünə məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs ilə 2016-cı il tarixdə ailə həyatı qurmuş, rəsmi nikah yoxdur, evlilik dövründə iki övladı Damla və Yağmur olmuşdur. Nicatın özünə məxsus “VAZ 2106” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobillə Nicat müxtəlif rayon və kəndlərə gedərək dəmir yığımı ilə məşğul olmuşdur. Nicat narkotik vasitə olan nəşə istifadəçisidir. 18 may 2022-ci il tarixdə Nicat Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmasını sonradan bilmişdir. Təqsirləndirilən şəxs çətənə kolları yığıb evə gətirməmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir «Avtomobilə baxış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı **-HZ-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin yük yerindən bir ədəd ğ rəngli torba çıxmışdır. Təqsirləndirilən şəxs həmin torbanın içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir.Həmin kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 3,095 kq gəldi. Bundan sonra həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalamışdır. Materialların bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/583 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs.” Sözlər və imzalar olan sintetik kisədəki, təmiz çəkisi 3040 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. Samux rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi barədə məlumat almaq mümkün olmamışdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 399/133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir:-Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir - Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə adi psixi emosional halda olmuşdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 910 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Şıxzamanlı qəsəbəsi inzibati ərazi dairəsi üzrə namyəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şıxzamanlı küçəsi, Yapışdırıcı materiallar küçəsi, ev 9, mənzil 4-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İV № 434540 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. AZ-İV № 434540 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 may 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 170.1-ci maddələri ilə təqsirli bilinib 04 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalmış 3039,8 qram narkotik vasitə olan qurudulmuş marixuana Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Eləcə də üç ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “Vaz 21063” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Metal dəmir-dümür yığmaqla məşğul olurmuş. O, özü həm də narkotik vasitələrin aludəçisidir. Mütəmadi olaraq narkotik vasitələr qəbul edirmiş. Təxminən bir il əvvəl, 2021-ci ilin yay aylarında o, Şəmkir rayonu ərazisində Kür çayının sahilində istirahət edən zaman sahibsiz bir ərazidə yabanı halda bitmiş çətənə kollarını görmüş, həmin vaxt onlar yaş halda imişlər. O, özü istifadəçi olduğundan nəşəni, yəni çətənə kollarını yığıb qurutmaq üçün Gəncə şəhərində yaşadığı evə aparmışdır. Evdə qurutduqdan sonra özünə məxsus avtomobildə gizlətmişdir. Sonra həmin nəşəni Samux rayonu ərazisində sakit və kimsəsiz bir yerdə gizlədərək bəzi vaxtlarda istifadə etməyi düşünmüşdür. Bu səbəblə daimi istifadəsində olan “VAZ 21063” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonuna gəlmişdir. Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində yerləşən Qoşqar şadlıq Sarayının yaxınlığında polis əməkdaşları idarə etdiyi avtomobili saxlamağı üçün işarə vermişdirlər. O, avtomobili saxlamışdır. Avtomobili saxlayandan sonra həmin şəxslər ona özlərini təqdim edərək idarə etdiyi avtomobildə narkotik vasitənin daşımağı barədə məlumatlarının olduqlarını və onlarla birlikdə Samux Rayon Polis Şöbəsinə getməyini xahiş etmişdirlər. O da polis əməkdaşları ilə birlikdə Samux RPŞ-nin inzibati binasına gəlmiş və həmin vaxt narkotik vasitələrin istifadəsində, gəzdirilməsində, saxlanmasında və daşınmasında şübhəli olduğunu yenə bildirərək dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O da artıq qanundan qaçışın olmadığını görüb, üzərində narkotik vasitənin olmadığını, lakin avtomobilin yük yerində nəşənin olduğunu etiraf etmişdir. Onun razılığıyla istifadəsində olan avtomobilə baxış keçirilmiş və o, özü avtomobilin yük yerində olan torbadakı nəşəni, yəni marixuananı təqdim etmişdir. Avtomobilinə baxış zamanı əlavə heç bir qanunsuz əşya tapılmamışdır. Avtomobilində saxladığı nəşə çəkilmiş və 3.095 ( üç tam mində doxsan beş) kq olmuşdur. Əməlini səmimi olaraq etiraf etmişdir. O göstərmişdir ki, 18 may 2022-ci il tarixdə saat 19 radələrində Samux RPŞ-nin əməkdaşları tərəfindən idarə etdiyi “Vaz 21063” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilib götürülmüş təmiz çəkisi 3040 qram narkotik vasitə olan qurudulmuş marixuananı təxminən bir il əvvəl, 2021-ci ilin yay aylarında Şəmkir rayonu ərazisində Kür çayının sahilində istirahət edən zaman sahibsiz bir ərazidə yabanı halda bitmiş çətənə kollarını görüb özü istifadəsi üçün yığmışdır. Hal-hazırda onda heç yerdə narkotik vasitə yoxdur, onun kiməsə satmaq fikri və niyyəti olmamışdır. Bunu heç kəs bilmirmiş, daha heç kəsin də bundan xəbəri olmamışdır. O heç kimə narkotik vasitə satmamış və belə məqsədi olmamışdır.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Samux Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3039,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X8 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də üç ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 18 may 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Samux Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3039,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X8 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də üç ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar